Dünya siyasətində qlobal idarəetmə, əsasən, beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirilir. Beynəlxalq təşkilatların yaranması beynəlxalq münasibətlər sisteminin təkamülündə bu sistemin fəaliyyətini daha da optimallaşdıran, onun funksional keyfiyyətlərini artıran zəruri bir mərhələdir. Son iki yüz ildə siyasi, hüquqi və etik-fəlsəfi fikrin beynəlxalq həyatı vahid bir sosium-məkan kimi formalaşdırmaq və dövlətlərarası münasibətləri məhz bu məkan içərisində qurmaq ideyası beynəlxalq təşkilatları meydana çıxaran əsas səbəb olmuşdur.
Dünyanın etik-mədəni inkişafının nəticəsi olan mütərəqqi universalist ideyalar beynəlxalq təşkilatların humanizm konsepsiyasında üzviləşərək məhz burada rasional praktikanın əsasını yaradırlar. Bəşəriyyətin ümumi siyasi maraqlarını ifadə edən beynəlxalq təşkilatların bu tendensiyada təşəkkülü perspektivi onun iki ifrat tərəfə istiqamətləndirilməsinin qarşısını alır. Əslində, eyni məqsədin iki alternativ layihəsi kimi düşünülən həmin ifrat təmayüllər aşağıdakılardır:
1. Beynəlxalq təşkilatların inkişafının nəticəsi olaraq ümumdünya dövlətinin yaradılması utopiyası;
2. Beynəlxalq təşkilatları yalnız nominal mövqedə saxlayaraq, onların vasitəsilə planet hegemonunun öz iradəsini həyata keçirməsi.
Lakin beynəlxalq təşkilatların struktur təsisatlanması prosesi elə bir qanunauyğun istiqamətdə gedir ki, dünya dövlətləri və xalqlarının getdikcə artan inkişaf səviyyəsinin və ümumi iradəsinin ziddinə olaraq, nə “ümumdünya imperiyası” şəklində qlobal dövlət yaratmaq, nə də beynəlxalq təşkilatları bir dövlətin maraqları çərçivəsinə sığdırmaq mümkündür. Müasir dünya inkişafının ona geniş perspektiv açan ən mühüm reallıqlarından biri beynəlxalq təşkilatlar – beynəlxalq münasibətlər – beynəlxalq hüquq arasında bağlılığın kifayət qədər səmərəli variantlarının tapılmasına yönələn təşəbbüslərin həyata keçirilməsidir. Qlobal idarəetmənin effekti bu bağlılığın hansı səviyyədə təmin olunmasından asılıdır. Qlobal idarəetmə beynəlxalq münasibətlərin təşkili mexanizmi olaraq, beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərməyi və həmin normaları yeni beynəlxalq şəraitə uyğun şəkildə daim təkmilləşdirməyi beynəlxalq həyatın əsas prinsipi kimi qəbul edir. Yəni beynəlxalq təşkilatlar qlobal idarəetmənin getdikcə təkmilləşən mexanizmləri ilə suveren dövlətlər arasındakı qarşılıqlı münasibətləri məhz beynəlxalq hüquq qaydalarına müvafiq olaraq tənzimləyir. Bir çox beynəlxalq təşkilatlar müəyyən beynəlxalq hüquq və öhdəliklərə malikdirlər və öz hərəkətlərinə görə beynəlxalq hüququn müvafiq məsuliyyətlərini daşıyırlar.
Beynəlxalq siyasətin ümumi polifoniyası beynəlxalq təşkilatların getdikcə genişlənən fəaliyyəti spektrində yaradılır. Bu siyasətdə birtərəfli və subyektiv ambisiyaların baş qaldırması həmin təşkilatların fəal mövqeyi qarşısında qeyri-mümkün olur və ya olmalıdır. Bu mövqe möhkəmləndikcə, onların siyasi, hüquqi və əxlaqi statusuna bəşəriyyət tərəfindən ehtiram və etimad da yüksəlir. Beləliklə (a) beynəlxalq təşkilatların əhatə və nüfuz dairəsinin genişlənməsi, (b) beynəlxalq münasibətlərin dərinləşməsi və (c) beynəlxalq hüququn daha yüksək səviyyədə funksionallaşması bir-birini şərtləndirən üç kardinal proses kimi beynəlxalq sistemin inkişafının və qlobal idarəetmə texnologiyalarının səmərəliliyinin qarantı olur. Dövlətlər arasında tarixən mövcud olmuş münasibətlər daha çox müştərək mənafe ortaqlığı əsasında qurularaq onların müttəfiqləşməsinə və bloklaşmasına yol açırdı. Bu gün isə qlobal təsisatlanmanın başqa siyasi və hüquqi praktikası uğurla sınaqdan keçirilir. Dövlətlər beynəlxalq təşkilatlarda birləşir və öz milli mənafelərini bu təşkilatlar vasitəsilə daha effektli şəkildə qorumaq və ifadə etmək imkanları qazanırlar. Beynəlxalq hüququn geniş meydan verdiyi bu proses dövlətlərin birtərəfli qaydada bloklaşmasına və nəticədə, hərbi-siyasi güc mərkəzinə çevrilərək (məsələn, Birinci və İkinci Dünya müharibəsi öncəsi olduğu kimi), beynəlxalq nizamı pozması və sülhə təhlükə törətməsinə imkan vermir. Beynəlxalq təşkilatlar qarşılıqlı münasibətlərin yaratdığı imkanı nizam və sülhyaradıcı humanist təşəbbüslərin, qlobal əməkdaşlığın üzünə açır. Beynəlxalq münasibətlərin üzərində deyil, bu münasibətlərin ümumi sistemində qərarlaşan beynəlxalq təşkilatlar qlobal siyasi-etik özünütəşkil mədəniyyətinin yüksək forması kimi suveren dövlətlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq və tərəfdaşlığın qarşılıqlı faydalanmaya əsaslanan geniş perspektivində çevik fəaliyyəti mümkün edir. Beynəlxalq təşkilatlar qlobal münasibətlərin dinamikasını dərk etməyə və onu proqramlaşdırmağa, həmin münasibətlərin daha təkmil qurulmasını vasitələndirməyə çalışır. Bu gün planetin hər bir sosial subyekti – o istər ayrıca bir fərd, istərsə də qrup, şirkət, Transmilli Korporasiya və ya dövlət olsun – özünü beynəlxalq münasibətlərin təşkilatlanmış çərçivəsində görür. Hazırda beynəlxalq təşkilatların yaratdığı geniş əməkdaşlıq sferasında hər bir insanın məqsədəuyğun bildiyi bir formada dünyanın insanları və qurumları ilə əlaqələr yaratmağa, hər bir dövlətin dünyanın bütün dövlətləri ilə münasibətlər qurmağa imkanları vardır. Bu, dünya tarixində indiyədək görünməmiş bir situasiyadır. Belə bir şəraitdə, sadəcə olaraq, marginallaşmaq və qloballaşmamaq mümkün deyil. Əslində, qlobal siyasət dünya tarixinin bu unikal situasiyasını düzgün qiymətləndirsə və onu istiqamətləndirsə, beynəlxalq sistemin həyatında onu tamamilə yeni quruluşda təşkil edəcək, yeni fazaya keçidi şərtləndirəcək əhəmiyyətli islahatları məhz özünə etimad doğuran təşkilatlar vasitəsilə həyata keçirə bilər. Buna görə də beynəlxalq siyasətin demokratikləşməsi prosesini davam etdirən ardıcıl mövqe beynəlxalq təşkilatları dünyanı mütərəqqi istiqamətə dəyişdirəcək çox güclü bir hərəkat kimi irəli aparır.
Bu mövqeyin əsas konsepsiyası – etik humanizmdir. Etik humanizm – qlobal vətəndaş cəmiyyətinin həyat fəlsəfəsidir. Beynəlxalq təşkilatlar – qlobal vətəndaş cəmiyyətinin öz fəaliyyətini reallaşdırdığı ən optimal sahə, daha dəqiq desək, onun mövcudluq formasıdır. Bir ölkə daxilində dövlət və vətəndaş münasibətlərinin inkişafı nə qədər zəruridirsə, beynəlxalq aləmdə də beynəlxalq təşkilatlar və qlobal vətəndaş cəmiyyəti münasibətlərinin inkişafı bir o qədər zəruridir. Bu proses qanunauyğun şəkildə həm hər hansı bir dövlətin daxilində, həm də beynəlxalq həyatda etik münasibətləri dərinləşdirir.
Beynəlxalq təşkilatlar sivilizasiyalararası dialoqun aparılmasında, ortaq-universal dəyərlərin yaradılması prosesində, elmi-texniki, mədəni-intellektual həyatın bütün sahələrində mübadilə mədəniyyətinin yüksəlməsində olduqca gərəkli missiyanı həyata keçirirlər. Onlar müasir dövrümüzdə dünya xalqlarının qarşılıqlı təmasının, bəşəriyyətin özünü vahid bir sivilizasiya və mənəviyyat məkanında hiss etməsinin, planetar şüur aktının gerçəkləşməsinin başlıca determinantıdır. Dünyada qlobal vətəndaş cəmiyyətinin formalaşmasının əsas texnologiyası olan beynəlxalq təşkilatlar sanki dövlətlərlə rəqabətə girir, onların etmədiklərini edir, beynəlxalq həyatı canlandırmaq üçün yeni forma və modellər axtarır, ideyalar irəli sürür, dövlətləri qarşılıqlı münasibətləri daha da inkişaf etdirməyə təşviq edir və bu prosesdə – “birləşdirici həlqə” funksiyasını yerinə yetirməkdə böyük fəallıq göstərirlər.
Beynəlxalq həyatın mühüm yaradıcı komponentinə çevrilən, modernləşdirici missiyasında ardıcıl olan beynəlxalq təşkilatların ildən-ilə sayı artır, əhatə dairəsi böyüyür, beynəlxalq arenada etimad balansı yüksəlir. Təqribən son yüz ildə – 1909-cu ildən 2005-ci ilədək onların sayı aşağıdakı yüksələn və yüksəldikcə də intensivləşən xətt üzrə artmışdır: 1909-cu il – 176; 1954-cü il – 997; 1962-ci il – 1324; 1970-ci il – 1993; 1981-ci il – 4263; 1992-ci il – 4696; 2000-ci il – 5936; 2005-ci il – 7306 [8, s.117].
Hazırda beynəlxalq təşkilatların da daxil olduğu qlobal sistemin siyasi aktorları, əsasən, beş kateqoriya üzrə qruplaşdırılır:
1. BMT-nin 192 üzvünün də daxil olduğu təqribən 200 hökumət təşkilatı;
2. 77.200 Transmilli Korporasiya (TMK) və onların 800.000 törəmə şirkəti;
3. Bir ölkəyə məxsus, lakin mühüm transmilli fəaliyyət göstərən 10.000 qeyri-hökumət təşkilatı (QHT);
4. BMT, NATO, Avropa İttifaqı (Aİ) kimi 246 dövlətlərarası təşkilat (DAT);
5. 7.300 beynəlxalq qeyri-hökumət təşkilatı (QHT) [6, s.196].
Göründüyü kimi, beynəlxalq təşkilatlar funksiyasından asılı olaraq dövlət sistemi ilə beynəlxalq sistemin uzlaşmasında və qlobal idarəetmə fəaliyyətinin qurulmasında həlledici rolu bölüşürlər. Onlar müasir dünyanın ayrı-ayrı problemləri üzrə öz funksiyasını təyin edir və bu istiqamətdən beynəlxalq həyatın iştirakçısına və hərəkətverici qüvvəsinə çevrilirlər. Hazırda fəal qeyri-hökumət təşkilatlarının 104-ü ətraf mühit, 63-ü insan hüquqları, 80-i qadın, 96-sı inkişaf problemləri üzrə fəaliyyət göstərirlər. Müasir beynəlxalq həyatın və münasibətlər sisteminin inkişafında mühüm rol oynayan [1, s.147-155], ən yeni dövrün qlobal siyasətini formalaşdıraraq irəli aparan dövlətlərarası beynəlxalq təşkilatların ümumi panoramına nəzər saldıqda, qlobal təsisatlanmanın hansı vəzifələrlə hansı istiqamətə doğru hərəkət etdiyini təxmin etmək mümkündür.
Dünyanın özək (əsas) dövlətlərarası beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatı (BMT) 1945-ci ildə ABŞ-ın San Fransisko şəhərində 50 dövlətin nümayəndəsinin iştirakı ilə keçirilən Konfransda öz Nizamnaməsini irəli sürmüş, həmin ilin 24 oktyabrından Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, ABŞ və digər dövlətlərin rəsmilərinin imzaladığı BMT Nizamnaməsinin təsdiqi ilə fəaliyyətə başlamışdır. Baş Qərargahı Nyu-Yorkda yerləşən BMT ayrı-ayrı funksiyaları koordinasiyalı şəkildə yerinə yetirən 112 təşkilatdaxili qurumdan ibarətdir. Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və onun Katibliyi BMT-nin əsas orqanlarıdır. “BMT ailəsinə” daxil olan dövlətlər onun büdcəsini formalaşdırır. Üzv dövlətlərin nümayəndələrindən təşkil olunmuş 8.900 nəfərdən ibarət Katiblik Heyəti və Baş Katib öz fəaliyyətlərinə görə yalnız BMT qarşısında məsuldurlar və hər hansı bir dövlətdən təlimat almamağa və o təlimata uyğun hərəkət etməməyə and içirlər. BMT-nin həyata keçirməyi qarşısına məqsəd qoyduğu funksiyalar insanların ayrı-ayrı dövlətlərin vətəndaşı olmasına baxmayaraq, onların ümumbəşəri maraqlar çərçivəsində birgəyaşayışını və birgə fəaliyyət göstərməsini mümkün edən universal etik məramı daşıyır. Bu məram BMT Nizamnaməsinin bütün maddələrində, xüsusilə onun Preambulasında özünün tam aydınlığı ilə görünür:
“Biz, Birləşmiş Millətlərin xalqları, gələcək nəsilləri, həyatımızda iki dəfə bizə ağlasığmaz bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək və fundamental insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların, böyük və kiçik millətlərin hüquq bərabərliyinə inamı yenidən təsdiq etmək və ədalətin və beynəlxalq hüququn digər qaynaqlarından irəli gələn öhdəliklərə hörmətin bərqərar ola bildiyi şəraiti yaratmaq və sosial tərəqqiyə və daha artıq azadlıq şəraitində yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yardım göstərmək və bu məqsədlərlə, mehriban qonşular kimi dözümlülük nümayiş etdirmək və birlikdə, bir-birimizlə dinc yaşamaq və beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün öz gücümüzü birləşdirmək və prinsiplər qəbul etmək və vasitələr müəyyənləşdirməklə, silahlı qüvvələrin ümumi mənafedən başqa ayrı bir halda tətbiq olunmamasını təmin etmək və bütün xalqların iqtisadi və sosial tərəqqisinə yardım göstərmək üçün beynəlxalq mexanizmdən istifadə etmək əzmində olaraq,bu məqsədlərə nail olmaq üçün öz səylərimizi birləşdirmək qərarına gəldik” [3, s.2-3].
Şübhə yoxdur ki, BMT insan ləyaqətinin və mənəviyyatının ucalığına qlobal siyasətdə və ümumiyyətlə, beynəlxalq praktikada böyük ehtiram yaradan bir fenomen olaraq, yarandığı vaxtdan bəri dünya inkişafında və xüsusilə onun humanitar sferasının tərəqqisində əvəzsiz rol oynamışdır. Bütün bəşəriyyəti bu və ya digər formada özünə birləşdirməkdə davam edən və bununla da dünya tarixində indiyədək misli görünməmiş bir missiyanı yerinə yetirən BMT-nin institusional islahatlar keçirməsi, özünün konseptual-humanist ideyalarını və strategiyasını cilalaması, proqram-layihələrini universallaşdırması, beynəlxalq sülhün və təhlükəsizliyin təminatında daha ardıcıl və qətiyyətli siyasət yeritməsi bir zərurət olaraq qarşıya çıxır. Birləşmiş Millətlər Təşkilatı onun Nizamnaməsinə əməl etməklə və digər beynəlxalq-hüquqi bəyannamələrlə bağlı öhdəlikləri öz üzərinə götürən bütün dövlətlərin üzünə açıqdır. Belə bir vəziyyət isə imkan verir ki, demokratik dövlətlərlə yanaşı, həm də totalitar, avtoritar və despotik dövlətlər də BMT-yə üzv ola bilsin. İnsan hüquqlarının pozulduğu sonuncu tip dövlətlər, aydın məsələdir ki, dünyada demokratikləşmə prosesini ləngidir və ya psevdo-demokratiya görüntüsü ilə onun istiqamətini təhrif edir. Bu isə BMT-yə üzv dövlətlərin “pilləli legitimliyi” məsələsinə diqqəti artırır [2, s.98]. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaqdan ibarət olan BMT aşağıdan mühafizəkar avtoritarizm və yuxarıdan qlobal imperializm ambisiyaları ilə beynəlxalq siyasəti azdıran və təhlükəlilik riskini artıran tendensiyaları dəf etməkdə daha güclü olmalıdır. BMT-nin öz funksiyalarını yerinə yetirməsində və daha yeni və zəruri funksiyalara yiyələnməsində də ciddi problemlər vardır ki, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı onların öhdəsindən gəlməyi bacarmalıdır.
Avropa milli dövlətlərinin inteqrasiyasının və siyasi təkamülünün nəticəsi olaraq meydana çıxan Avropa İttifaqı (Aİ) dünyanın demokratikləşməsi prosesinin mühüm mərhələsi kimi böyük tarixi əhəmiyyət daşıyır.
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) özündə 148 dövləti birləşdirir və dünya ticarətinin 97 faizi bu təşkilata üzv dövlətlərin payına düşür. ÜTT ticarət müqavilələri bağlayır, ticarət danışıqları üzrə forumlar təşkil edir, milli ticarət siyasətlərinin monitorinqini aparır, inkişaf etməkdə olan ölkələrə texniki yardımı və treninqləri həyata keçirir, başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq qurur [7, s.49-65].
184 üzvü olan Dünya Bankı, 184 üzvü olan Beynəlxalq Valyuta Fondu, 62 üzvü olan Avropa Yenidənqurma və İnkişaf Bankı, eyni zamanda, sayı 78 minə yaxınlaşan Transmilli Korporasiyalar (TMK-lar) dünya iqtisadiyyatının inkişafında, dünya kapitalının idarə olunmasında, qlobal investisiya mühitinin yaradılmasında özünəməxsus funksiyaya malikdirlər. TMK-lar tərəfindən həyata keçirilən iqtisadi siyasət nəticəsində onların birbaşa xarici investisiyasının həcmi 1970-ci ildən 2000-ci ilədək 12 milyard dollardan 1 trilyon 300 milyard dollara qədər artmışdır [8, s.119]. Hazırda dünyanın ən güclü iqtisadi subyektləri sırasında TMK-lar hətta bir sıra dünya dövlətlərini qabaqlayırlar [12, s.90]. Sıralarında milyonlarla insanın çalışdığı bu Transmilli Korporasiyalar dünyada yeni bir əmək mühitini, iqtisadi-mədəni münasibətlərin yeni sistemini, qlobal əməkdaşlığın yeni formalarını yaradır.
Humanitar sahədə fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatları etik-humanist münasibətləri qlobal miqyasda inkişaf etdirir, xüsusilə yardıma ehtiyacı olan dövlətlərin və xalqların taleyində əhəmiyyətli rol oynayan missiyanı həyata keçirirlər.
Qlobal idarəetmə siyasətinin tərkib hissəsi olan tənzimləmə (və ya nizamlama, qaydayaratma) beynəlxalq təşkilatların fəaliyyətində əsas funksiyalardan sayılır. Çünki beynəlxalq sistem qanunauyğun şəkildə sabitləşməyə meylli bir fenomen olmaqla yanaşı, həm də daim hərəkətdə olan dinamik prosesdir. Qlobal dəyişikliklərin mahiyyətini və transformasiya xarakterini bilmədən onları idarə etmək və tənzimləmək mümkün deyil. Bu prosesi mümkün vəziyyətə gətirmək məqsədilə 1995-ci ildə yaradılmış Qlobal İdarəetmə Komissiyası qlobal tənzimləmənin struktur təsisatlanması prosesində mühüm addım atdı. Komissiya bəyan etdi ki, dünyada baş verən qlobal dəyişiklikləri beynəlxalq əməkdaşlıq modelində nizamlamaq üçün beynəlxalq təşəbbüsləri təşkilatlandırma prosesi davam etdirilməlidir. O, idarəetməni “fərdlərin və təsisatların öz ümumi işlərini birgə qurmaqdan ötrü mövcud olan çoxlu yolların cəm edilməsi kimi” xarakterizə etdi: “Bu o davamlı prosesdir ki, onun vasitəsilə toqquşan və müxtəlifləşən maraqlar bir araya gətirilə bilər və əməkdaşlıq aktına başladıla bilər. Bu elə bir rəsmi və qeyri-rəsmi tənzimləmədir ki, xalqları və təşkilatları onların maraqları çərçivəsində razılığa gətirir” [4, s.2].
Qlobal tənzimləmənin struktur təsisatlanması zərurəti beynəlxalq təşkilatların həm genezisindədir, həm də onların fəaliyyətinin optimallaşdırılmasında özünü göstərir. Yəni onları meydana çıxaran səbəb və izlənilən məqsəd bağlılığı fəaliyyətlərinin tipologiyasını da müəyyən edir. Bu gün beynəlxalq siyasəti hərəkətə gətirən əsas stimullar dövlətlərarası beynəlxalq təşkilatlardan qaynaqlanır və başlıca idarəetmə mexanizmləri onların vasitəsilə hazırlanır. Dövlətlərarası beynəlxalq təşkilatların kardinal funksiyaları aşağıdakı kimi müəyyənləşdirilir:
1. İnformasiya funksiyası – faktların toplanması, analiz edilməsi və yayılması;
2. Forum funksiyası – baxışların və qərar qəbul etmə təcrübəsinin mübadiləsi üzrə müvafiq tədbirlərin keçirilməsi;
3. Normativ funksiya – davranış standartlarının müəyyən edilməsi;
4. Qaydayaratma funksiyası – müqavilələrin leqal bağlanma praktikasının layihələşdirilməsi;
5. Qaydalara əməl edilməsinə nəzarət funksiyası – tənzimləmə monitorinqinin aparılması, disputların keçirilməsi, zəruri ölçülərin götürülməsi [5, s.7].
Eyni zamanda qeyd etməliyik ki, qloballaşmanın yaratdığı yeni beynəlxalq situasiyada qlobal idarəetmənin təşkilindəki bir sıra çatışmazlıqlar da diqqətdən yayınmır. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqlits bu çatışmazlıqları doğuran əsas səbəbi qlobal tənzimləmə siyasətinin yeridilməsi prosesində sənaye cəhətdən inkişaf etmiş dövlətlərin yalnız öz maraqlarından çıxış etməsi ilə əlaqələndirir: “Təəccüblü deyil ki, onlar qloballaşmanın konturlarını öz maraqlarının çərçivəsində formalaşdırırlar. Onlar qaydaların ədalətli nizamlanmasını yaratmağın yollarını axtarmırlar, halbuki belə nizam qaydaları dünyanın ən kasıb ölkələrində də rifahın yaradılmasına kömək edərdi” [9, s.3]. C.Stiqlits “qlobal ədalətə doğru növbəti addımların” məhz dünya iqtisadiyyatının inkişafı ilə qlobal humanitar siyasəti öz fəaliyyəti və prinsiplərində uzlaşdıra bilən müvafiq təsisatlanma istiqamətində atılmalı olduğunu göstərir.
Qlobal tənzimləmə siyasətinə həsr olunmuş akademik araşdırmalar toplusunda da əsas elmi müzakirə obyekti bu siyasətin necə aparılması, “nizamlayıcı standartların yaradılması”, “əxlaqi riskin azaldılması”, “qlobal maliyyə idarəetməsinin” təşkili, “idarəetmə üçlüyündə dövlət, qeyri-hökumət təşkilatları və şirkətlər arasında” münasibətlərin necə qurulması, “təməl insan hüquqlarının pozulmasına dair yeni nizamlayıcı modellərin tətbiqi”, “transmilli qeyri-hökumət idarəetməsinin xarakteri”, “Ümumdünya Ticarət Təşkilatında (ÜTT) hüquqi liberallaşmanın yüksəlişi”, “iqtisadi inteqrasiya ilə qlobal idarəetmənin bağlılığı”, “qlobal idarəetmənin alternativ modelləşdirilməsi”, siyasi və iqtisadi modellərin koordinasiyası və bu prosesdə “dövlətlərüstü, iyerarxik və şəbəkəli qlobal idarəetmənin” qurulması, milli (dövlətdaxili) təsisatlar və dövlətlərarası beynəlxalq təşkilatlar arasında qlobal idarəetmənin uzlaşdırılması və daha geniş spektrdə qlobal tənzimləmənin struktur təsisatlanması məsələləridir [10].
Qlobal idarəetmə prosesində beynəlxalq təşkilatların və digər qlobal aktorların fəaliyyətləri və bir-birinə münasibətləri həm üfüqi, həm də şaquli istiqamətdə elə bir qanunauyğun nizamda qurulmalıdır ki, onlar öz vəzifələrini həyata keçirərkən, burada anarxiya və sistemsizlik baş verməsin, həmin vəzifələrin icrası baş məqsədlər üzərində konsentrasiya ola bilsin. Bu tələb xüsusilə beynəlxalq və regional təşkilatların əlaqələndirilməsi məsələsində daha önəmlidir. Beynəlxalq təşkilatların fəaliyyəti elə əlaqələndirilməlidir ki, bu proses beynəlxalq rejimin qaydaları ilə də uzlaşsın. Yəni qlobal idarəetmə sisteminin beynəlxalq təşkilatlanma formalarındakı özünütəşkil prinsipləri müasir dünya inkişafının məntiqinə, onun mürəkkəbləşdikcə özünü daha aydın və sistemli dərketmə şərtlərinə uyğun gəlsin. T.Veiss doğru qeyd edir ki, “indi bizim köhnə dəbli arxitekturaya malik təşkilatları təzələməyə və iyirmi birinci əsrə öz yaradıcı kodlarımızı vermək üçün beynəlxalq təsisatların yeni nəslinə ehtiyacımız vardır” [11, s.256]. Beynəlxalq təşkilatlarda etik münasibətin rasionallaşması, elmi analitikanın dərinləşməsi perspektivində bəşəriyyətin birgəyaşayış təcrübəsinin daha mükəmməl şəkildə ümumiləşdirilməsi mümkündür. M.P.Karns və K.A.Mingst “Beynəlxalq təşkilatlar: Qlobal idarəetmə siyasəti və prosesləri” adlı fundamental tədqiqatlarını bu fikirlə tamamlayırlar: “Ədalət və düzgünlük nöqteyi-nəzərindən baxsaq, görərik ki, qlobal idarəetmə təkcə problemlərə münasibətdə effektiv olmaq üçün deyil, həm də qeyri-bərabərliyi minimuma endirmək, insanlardan ötrü məsuliyyətli olmaq, günahsızları, binəsibləri müdafiə etmək, insanların iqtisadi və sosial tələbatlarını yetərincə tam ödəmək üçün gərəkdir. Qlobal idarəetmənin təsisatları indi elə bir təkamüldədir ki, onun təməlləri iki yüz ildən də çox bir zaman öncəsi qoyulmuşdur. Legitimlik, məsuliyyətlilik və effektivlik zərurəti onların bərabərliyə, ədalətliliyə, doğruluğa olan ehtiyacı ilə bir yerdə daha sonrakı zamanlarda iştirakçıların getdikcə böyüyən şəbəkələri arasında gələcək mübarizəni də tələb edir” [5, s.552].
Göründüyü kimi, qlobal idarəetmənin beynəlxalq təsisatlarının daha da təkmilləşdirilməsi, qlobal tənzimləmənin bu qurumlar vasitəsilə aparılmasının effektivliyi və bütün bunlara beynəlxalq həyatda etik münasibətlərin əsaslı formalaşdırılması ilə nail olmağın mümkünlüyü ideyası müasir dünyada dramatik proseslərin cərəyan etdiyi indiki zamanda böyük aktuallıq kəsb edir.
Açar sözlər: qlobal siyasət, global idarəetmə, beynəlxalq təşkilatlar, beynəlxalq münasibətlər, integrasiya. Ключевые слова: глобальная политика, глобальное управление, международные организации, международные отношения,глобальная интеграция Key-words: global politics, global governance, international organizations, international relations, global integration.
Фейзиев Джаваншир Эйюб оглы,
Депутат Милли Меджлиса Азербайджанской Республики,
Доктор философии.
Международные организации:
структурное учреждение глобального регулирования
В статье рассматривается общая полифония международной политики, продолжающей совершенствоваться в спектре все более расширяющейся деятельности международной организации. Автор приходит к выводу, что активная позиция данных организаций постепенно делает невозможной проявление односторонних и субъективных амбиций в этой политике: по мере укрепления этой позиции растет также уважение и доверие человечества к их политическому, правовому, гуманитарному статусу. Таким образом: (a) расширение сферы охвата и влияния международных организаций, (б) углубление международных отношений и (в) функционирование международного права на более высоком уровне как три кардинальных взаимообуславливающих процесса становятся гарантами всевозрастающей эффективности развития международной системы и технологий глобального управления.
Javanshir Feyziyev,
Member of Parliament of Azerbaijan Republic, PhD
International Organizations:
Structural Formation of Global Regulation
The article looks through general polyphony of international politics improving in the spectrum of gradually expanding activity of international organizations. It becomes clear that rising of unilateral and subjective ambitions in this politics is becoming impossible as a result of active position of these organizations: As this position strengthens, respect and confidence to their political, juridical and moral status by the humanity raises. Thus, as three cardinal processes conditioning one another (a) enlargement of scope and influence of international organizations, (b) deepening of international relations and (c) functionalization of international law at a higher level guarantees the development of international system and effectiveness of global governance technologies.