XVIII əsrin əvvəllərində rusların Şimal müharibəsində qələbəsi, cənubda isə Qızıl Ordanın parçalanması Avrasiyanı böyük savaş meydanına çıxardı. 1721-ci ildə özünü imperiya dövləti elan edən Rusiya bütün istiqamətlərdə türk dövlətləri və imperiyalarının zəifləməsindən məharətlə istifadə etdi. Rusiya imperiyası Qara dəniz və Xəzər dənizi boyunca Avrasiyanın bütün strateji cinahını ələ keçirdikdən sonra Qafqazın “içərisindən” İrana, Mərkəzi Asiyanın “içərisindən” isə Çinə doğru genişləndi. Artıq 1905-ci ildə Rusiya imperiyasının ərazisi – tarixdə Türk-Monqol və Britaniya imperiyalarından sonra ən böyük miqyasa çatırdı. Onun 22,5 milyon kv.km-lik ərazisi şimalda Şimal Buzlu okeanından cənubda Qara dənizə, qərbdə Baltik dənizindən şərqdə Sakit okeana qədər uzanırdı. Beləliklə, türklərin Avrasiyada tarixi-siyasi özünütəşkili prosesində “uğursuzluq zolağına” düşməsi bütövlükdə həmin dövrdə Avrasiyadakı tarixi-geopolitik transformasiyada slavyanları – konkret olaraq, rusları önə çıxardı. Avrasiyada türk geopolitik sisteminin tarixi inkişafını təqribən 200 il tənəzzüldə və gərginlikdə saxlayan proseslər də məhz bu dövrdən başlayır. Türklərin zəifləməsi ilə rusların güclənməsinin üst-üstə düşdüyü bu tarixi proses – Avrasiyanın geopolitik balansını türklərin və bütün asiyalıların ziyanına, rusların isə xeyirinə dəyişdi. Avrasiyanın dominant imperiyası olmağa başlayan Rusiya nəinki bu kontinentin böyük bir hissəsini ələ keçirdi, həm də Türkiyədən başqa, tutduğu bütün ərazilərdə türk dövlətlərinin müstəqilliyinə son qoyaraq, əhalisini Rusiya təbəəsinə çevirdi. Daha sonra Rusiyada siyasi-ideoloji sistemin dəyişməsi – Sovet Sosialist Respublikaları İttifaqının yaranması bu dövləti nəinki Avrasiyada, bütün dünyada supergüc olaraq tanıtdırdı və ikiqütblü beynəlxalq sistemin bir qütbünü məhz bu nəhəng unitar dövlət təşkil etdi.
Lakin 70 il mövcud olduğu müddətdə Sovet İttifaqı həm ölkədaxili milli siyasətdə, həm də beynəlxalq siyasətdə buraxdığı köklü səhvlərin ucbatından “dinozavr nəhəngliyinin” tarazlığını saxlaya bilmədi və dağıldı. Dağılarkən, ondan qopan on dörd müttəfiq respublikanın beşi türk respublikası idi. Böyük dövlətçilik ənənələri olan bu respublikalar sürətlə və qətiyyətlə milli quruculuğa başladılar. SSRİ-nin süqutu ilə Avrasiya geopolitikasının yenidən, daha rasional əsaslarda formalaşması zərurəti meydana çıxdı. Bax belə bir tarixi dönəmdə, imperiya iddialarından əl çəkə bilməyən Rusiya Federasiyasında həmin imperiyanın təşəkkülündə mühüm rol oynamış və onun əsas siyasi-ideoloji dayaqlarından olmuş avrasiyaçılıq yenidən zühur etməyə başladı. Amma neo-avrasiyaçılıq nə qədər təzə qiyafədə görünməyə çalışsa da, klassik avrasiyaçılıqdan mahiyyətcə fərqlənmir.
Klassik avrasiyaçılıq – Rusiyanın Avrasiya hegemonluğunu əsaslandırmağa çalışan doktrinadır. Rus avrasiyaçılığı – rus fundamentalizminin siyasi-ideoloji sistemidir. Əsasən, panslavizm və slavyanofil baxışlar üzərində qərarlaşan, lakin sonradan onu fəlsəfi-kulturoloji müstəvidə dərinləşdirən və ideolojiləşdirən avrasiyaçılıq Rusiya imperiyasının Avropa və Asiya siyasətindəki ziddiyyəti aradan qaldırmaq, Avropameylli və Asiyameylli rus cəmiyyətinin dixotomiyasındakı “çatı” birləşdirmək və nəhayət, Rusiyanın Avropadan çox, Asiya dövləti olması mövqeyini əsaslandırmaq üçün xeyli çalışıb, indiyə qədər davam edən sürəkli diskussiyaları meydana gətirib. Buna görə, fikir ayrılıqlarının burulğanında doğulan avrasiyaçılıq öz təkamülünü də bu imperiyanın tarixi kimi ziddiyyətli və ağrılı keçirib.
Rusiya imperiyasının təşəkkül prosesini nəzərdən keçirən görkəmli rus filosofu Nikolay Berdyayev daim Avropa ilə Asiya arasında tərəddüd edən Rusiyanın bu “ikitirəliyini” Rusiya və rus xalqı üçün xarakterik olan və Pyotr islahatlarında da həmin xarakterin təzahürü kimi meydana çıxan “dualizmlə” bağlayır [2, s.18]. Rusiyanın “özünüaxtarışına” aydınlıq gətirmək istəyən Pyotr Çaadayev 1829-cu ildə yazırdı: “Biz bəşəriyyətin böyük ailələrindən heç birinə mənsub deyilik. Biz nə Şərqik, nə də Qərb. Onların heç bir ənənələrinə də sahib deyilik” [12, s.508]. XIX əsrin son çərəyində – artıq Rusiya imperiyasının Avrasiyanın hegemonuna çevrildiyi bir vaxtda isə böyük rus mütəfəkkiri Fyodr Dostoyevski rus kimliyinin polemikalarına belə bir kəskin mülahizə ilə qoşulmuşdu: “Biz Avropada tatar, Asiyada isə avropalıyıq” [4, s.509]. Elə bu etirafın özü təsdiq edir ki, slavyanların deyimincə avropalıların da “tatar” adlandırdığı etnos – yəni türklər o zamanadək hələ də Avrasiyanın mahiyyəti kimi qavranılırdı. Buna görə də XIX əsrin ikinci yarısından başlayaraq, Rusiya intellektualları və ideoloqları düşünürdülər ki, özünü Avropa və ya Asiya dövləti kimi təsbit etməyin dilemması qarşısında qalmış bu imperiya, əvvəl-axır öz geopolitik “statusuna” uyğun şəkildə “əyninə biçilmiş” “avrasiyaçılıq donunu” geyinməlidir.
Sonralar Vladimir İliç Leninin də istehza ilə deyəcəyi kimi, “Avropanın atdığı köhnə şlyapaları başına qoyan” Rusiya, həqiqətən də, elə Pyotr zamanından Avropasayaq olmağa can atır, bütün maneralarında – siyasətdən mədəniyyətədək – Avropanı yamsılamağa çalışırdı. Lakin Rusiya qərbçiliyi ilə şərqçiliyinin ideya mübarizəsində bu dövlətin hegemonlaşması prosesinə uyğun olaraq, onun özünütəsdiqi, təbii olaraq, geopolitik “ağırlığına” görə getdikcə şərqçiliyi (asiyaçılığı) üstünləşdirirdi. Panslavistlər ümumiyyətlə, slavyan dünyasının özünəməxsusluğu ideyasından çıxış edərək, getdikcə Avropanı inkar mövqeyi tuturdular. Panslavizmin xüsusi nəzəriyyəsini irəli sürmüş Nikolay Danilevski 1862-ci ildə yazdığı “Rusiya və Avropa” adlı əsərində artıq öz ölkəsinin Avropa ilə münasibətlərində yeni paradiqmadan çıxış etməli olduğunu əsaslandırmağa çalışırdı. Nikolay Danilevski “avropalaşmanı – rus həyatının xəstəliyi” adlandırır və “qərblə mübarizəni rus varlığının yeganə xilas yolu” hesab edirdi [3, s.323, 529]. Nikolay Danilevski etiraf edirdi ki, “Avropa – ari xalqlarına, Asiya isə semit, Turan (türk) və s. xalqlara məxsusdur” [3, s.370]. Müəllif belə bir mövqedən çıxış edir ki, əslində müsəlman və türkləri deyil, slavyanları özünə düşmən sayan Avropa hər zaman çalışır ki, türk dünyasının lideri Türkiyə ilə slavyan dünyasının lideri Rusiyanı toqquşdursun [3, s.400-401]. Nəhayət, N. Danilevskinin mülahizələrində sonradan avrasiyaçılığa ideya təməli olacaq panslavizmin əsas məqsədi belə üzə çıxır: “...Pravoslavlığın mərkəzi, böyük tarixi xatirələrin birləşik nöqtəsi Konstantinopolun (İstanbulun) alınması bütün Şərq ölkələri üzərində Rusiyanın intəhasız üstünlüyünü təmin edərdi”. Konstantinopolu “Çarqrad” (Çar şəhəri) adlandıran rus ideoloqu onu təkcə Rusiyanın deyil, bütün “Ümumslavyan İttifaqının paytaxtı” kimi təsəvvür edir [3, s.467-470].
Əlbəttə, Bizansı həyata qaytarmaq, Konstantinopolu (İstanbulu) slavyan dünyasının mərkəzinə çevirmək – Roma imperiyasını diriltmək qədər sərsəm bir xəyaldır. Məhz o zamanlar Rusiyada imperiya ideologiyası elə bir ifrat həddə varır ki, onlar dünya hegemonluğu uğrunda mübarizədə qərbdə Avropanı, şərqdə və cənubda isə türk dünyasını özlərinin əsas rəqibi kimi görürlər. Məhz bu əsasda qərarlaşan avrasiyaçılıq özünün ideya sələfi olan panslavizmdən fərqli bir şəkildə, Rusiyanın imperiya geopolitikasını (şərqə və cənuba istiqamətlənmə zərurətini) rəhbər tutaraq, Asiya ilə münasibətlərə rus fundamentalizminin yeni ölçüləri ilə yanaşır. Vladimir Lamanski 1892-ci ildə çap olunmuş “Asiya-Avropa materikinin üç dünyası” adlı əsərində ilk dəfə Rusiyanı – Avrasiya dövləti kimi nəzərdən keçirir və bu mövqedən çıxış edir ki, Avropa və Asiya Ural dağları boyunca ayrılan iki qitədən ibarət deyil, əslində, Avropa, Avrasiya və Asiyadan ibarətdir: Rusiya da öz identikliyini “bu üç dünyanı” birləşdirən məkanda tapır. Vladimir Lamanskinin müasiri Konstantin Leontyev bir qədər də irəli gedərək, Rusiyanın bir dövlət kimi gələcəyini Asiya ilə bağlayır. O belə bir mülahizə yürüdür ki, Rusiya Avropadan imtinanı – özünün dayaq nöqtəsi sanmalı və bilməlidir ki, o, “slavyan dünyasından daha çox, Turan dünyasına məxsusdur” [13, s.3]. Deməli, “Turan dünyası” rus düşüncəsində elə Avrasiyanın özünə bərabər tutulan bir məkan kimi qavranılırdı..
Klassik avrasiyaçılığın daha sistemli konsepsiyasını knyaz Nikolay Sergeyeviç Trubetskoy irəli sürür: “Rusiyanın tarixinə Qərbdən yox, Şərqdən baxmaq lazımdır” [11]. O, Avrasiyanı burada yaşayan müxtəlif millətlərin yaratdığı seçkin bir sivilizasiya məkanı kimi təqdim edərək, göstərir ki, “təkcə böyük fateh yox, həm də böyük təşkilatçı olan Çingiz xan” hələ 700 il bundan qabaq Avrasiyanın bütövlüyünü təmin edən geopolitik əsasları yaratmışdı: “İndiki (1920-ci illər) tarixi perspektivdə Rusiya və ya SSRİ adlandırılan bu müasir dövlət Çingiz xanın təməlini qoyduğu Böyük Türk-Monqol imperiyasının bir hissəsini təşkil edir... Rusiyanın coğrafi ərazisi bu imperiyanın özək hissəsi ilə üst-üstə düşür”. “Moskva knyazı Qızıl Orda xanının varisi olduğu kimi...” “Avrasiya ərazisindəki rus dövlətçiliyi də Çingiz xan dövlətinin varisi və davamçısıdır”. Nikolay Trubetskoy hətta bu varisliyin genetik əsaslarını da tapır: “Uqor-finlərdə və bütün slavyanlarda olduğu kimi, rusların da damarlarında türk qanı axır. Adətən, bu unudulur ki, bizim qardaşlarımız ( dil və dinə görə yox, qan, xarakter və mədəniyyətə görə) – yalnız slavyanlar deyil, Turanlılardır” [11, s.14, 15-17, 31-36]. Rus ideoloqunun fikrincə, Avrasiya dövləti olan Rusiya o zaman öz tarixi simasını tapacaq ki, böyük Çingiz xanın varisi və davamçısı olduğunu dərk edəcək! Məqsəd aydındır: deməli, Rusiya Avrasiya hegemonu olmaq üçün, hətta torpaqlarını işğal etdiyi türklərlə öz “qan qardaşlığını” da bəyan edir ki, imperiyasının “türk komponenti” ilə bağlı ziddiyyətlərini neytrallaşdırsın.
1917-ci ildən – Rusiya imperiyasının dağıldığı və Sovet İttifaqının qurulduğu dövrdən sonra Rusiya emiqrantları hərəkatı içərisində avrasiyaçılıq xüsusi bir siyasi-ideoloji tendensiya kimi inkişaf etdirilir: 1932-ci ildə xaricdə Avrasiya partiyası təşkilatlanır. Bu partiyanın yaradıcılarından biri Pyotr Savitski avrasiyaçılığı nəzəri istiqamətdə işləyərək, onun siyasi platformasını hazırlayır. Ömrünün sonunadək avrasiyaçılıq ideyalarına sadiq qalan Pyotr Savitski rus geopolitikasının Avrasiya versiyasını təkmilləşdirməklə yanaşı, avrasiyaçılıq hərəkatını nəzəri müstəvidən praktiki fəaliyyət müstəvisinə keçirir. Özünün ideya sələfləri kimi o da Rusiyanın taleyini Asiya ilə bağlayır və rus etnosunun asiyalılardan qazandığı “kontinent hissini” onun Avrasiyadakı dominantlığının şərti hesab edir [10, s.155].
Əlbəttə, Sovet İttifaqı rəsmən kommunizm ideologiyasını rəhbər tutduğundan, burada avrasiyaçılığın üzdə görünməsi üçün şərait yox idi. O, ən yaxşı halda müəyyən ideyaların “sətiraltında” təzahür edə bilirdi. Amma buna rəğmən, Sovet İttifaqının yürütdüyü “örtülü” ekspansiya siyasəti avrasiyaçılıqdan da iddialı və geniş miqyaslı idi. Avrasiyaçılıq açıq-doktrinal şəkildə yalnız Sovet İttifaqı süqut etdikdən sonra yenidən dirçəlməyə başladı ki, bu tendensiya da nəzəri-analitik ədəbiyyatda “neo-avrasiyaçılıq” [13, s.3-6] adlandırılır. Klassik avrasiyaçılıqdan mahiyyətcə fərqlənməyən neo-avrasiyaçılığın kəsb etdiyi yeni keyfiyyət kompleksi, əsasən bundan ibarətdir ki, o, özünü müasir dövrün siyasi reallıqlarına uyğun şəkildə cizgiləndirdiyini düşünür. Amma tarixi situasiyaların müqayisəsində daha ciddi və təhlükəli fərq üzə çıxır: Bu gün müttəfiq respublikaları “əlindən çıxarmış” Rusiya bu “itkiyə” dözmür və öz tarixində ilk dəfə olaraq, həmişə dövlət siyasətinin ətrafında dolanan avrasiyaçılığı, nəhayət, bu siyasətin mərkəzinə gətirmək təşəbbüslərində bulunur.
Bu gün Rusiyada avrasiyaçılıq prosesi bir-biri ilə bağlılığı aydın görünən dörd istiqamətdə cərəyan edir: (1) elmi-nəzəri, humanitar-kulturoloji konsepsiyalarda; (2) ictimai-siyasi hərəkatların mövqelərində; (3) siyasi partiyaların ideoloji platformalarında; (4) Putinin dövlət siyasətinin aparıcı konturlarında.
Rusiya dövlətinin müasir tarixi-siyasi reallıqda öz geopolitik qüdrətini necə qorumaq və inkişaf etdirmək çətinlikləri “modern” avrasiyaçıların diqqət yönəltdikləri əsas problem kimi qarşıya qoyulur.
Rusiya Federasiyası Elmlər Akademiyası Fəlsəfə İnstitutu Sosial-Fəlsəfi Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksandr Sergeyeviç Panarinin “Dünya tarixinin dövrələnmələrində Rusiya”, “Qlobal siyasi proqnozlaşdırma” və “Qlobailzmə aludəçilik” adlı əsərlərində [8; 6; 7] Rusiya “avrasiyaçılığını” Qərb “atlantizminə” qarşı alternativ, planetar bir ideya kimi qoyur. Məsələni bu cür qoymaqda müəllifin məqsədi Rusiya imperiyasının və SSRİ-nin varisi kimi bugünkü Rusiya dövlətinin yenidən əvvəlcə Avrasiyanın, daha sonra isə bütün planetin dominant siyasi qüvvəsinə çevrilmək iddialarını əsaslandırmaqdır. “Rusiyanın puç olmaqda davam etdiyini” [6, s.78] etiraf edən A.S. Panarin sofistik bir məntiqlə Rusiya üçün qeyri-real bir perspektivdən danışır. O, Rusiyanın yenidən revanş götürməsinə əsaslar yaradan prosesləri belə izah edir: “Bu gün biz üç Avrasiya layihəsinin rəqabətini müşahidə edirik: şimal layihəsi (Rusiya), müsəlman layihəsi (pantürkizm iddiaları ilə bağlı) və Çin layihəsi (Böyük İpək yolunun dirçəlişi ilə bağlı). Son iki layihə Rusiyadan yan keçməklə Atlantik və Sakit okeanı birləşdirmək cəhdi kimi düşünül-müş¬dür… Xarakterikdir ki, hər iki layihə yenə də Xəzərin açıq neft sərvətlərinə istiqamətləndirilmişdir” [6, s.163]. Müəllifin iddiasına görə, yalnız birinci – Avrasiyanın “rus layihəsi” prosesləri idarə edə bilsə, onun uğur qazanması üçün hər cür şans vardır. “Neo-avrasiyaçılığın” Panarin versiyası sanki səhrada tək qalan Rusiyaya müttəfiq axtarır. O, öz dövlətinin dominantlığı ilə yeni qlobal alyansların meydana çıxmasını proqnozlaşdırsa da, [6, s.317], bunun siyasi praqmatikadan nə qədər uzaq olduğu günbəgün daha aydın sezilir: çünki artıq Avrasiya meydanında qlobal rəqabətin “rus layihəsi” ilə tarazlaşmayan daha güclü maraq sferaları formalaşmaqdadır.
Siyasi partiyaların ideoloji platformasında avrasiyaçılığın komponentləşməsi isə açıq şəkildə göstərir ki, bu partiyalar rus cəmiyyətinin mühafizəkar kəsimi, xüsusilə SSRİ xiffəti ilə yaşayan kommunistlər və Rusiyanın fövqəldövlətçilik siyasətinin radikallaşmasına dəstək verən millətçilər, eyni zamanda, polietnik Rusiyanın universalist obrazını təcəssüm etdirən kosmopolitlər arasında populyarlıq qazanmaq üçün bu ideologiyanı instrumentləşdirirlər.
Avrasiyaçılığı Rusiyada ictimai-siyasi hərəkatların mövqeyinə çıxaran Aleksandr Duqin “doktrinal Avrasiya platformasının əsas prinsiplərini” özünün “Avrasiya baxışı” kitabında irəli sürmüşdür. Ümumiyyətlə, Aleksandr Duqinin ictimai-siyasi fəaliyyəti (hazırda o, Rusiya Federasiyasının Dövlət Duması yanında Ekspert Şurasının üzvüdür) Rusiyanın keçmiş Sovet respublikaları ilə yeni inteqrasiyası şəraitində onun “Avrasiya fövqəldövləti” statusunu bərpa etməsinə yönəlmişdir. Müəllifin adını çəkdiyimiz kitabı da “Avrasiya” Ümumrusiya Siyasi İctimai Hərəkatının fəaliyyət proqramının əsas müddəalarından ibarətdir. Neo-avrasiyaçılığın ideoloqu Aleksandr Duqinin təqdim etdiyi platformanın özək paradiqmalarını yığcam formada belə modelləşdirmək olar: Neo-avrasiyaçılıq klassik avrasiyaçılığın ideoloji bazası üzərində formalaşır. Klassik Avrasiyaçılığın əsas tezisi bundan ibarət idi ki, “Qərb – bəşəriyyətin ziddinədir” [5, s.6]. Ona görə də Qərbi imitasiya edən heç bir xalq və heç bir dövlət öz yolunu müəyyən edə bilməyib. Daim onun yedəyində gedib, təsiri altında olub. Rusiyada da qərbmeylli siyasət onun tənəzzülünə, qazandıqlarını itirməsinə səbəb olub. “Müasir Rusiyadakı ideya böhranı” da məhz bundan qaynaqlanır. Hazırda isə qərbçilik – qlobalizm modelində təzahür edir. Ona görə də bu təhlükəyə qarşı dünyada bir dirəniş var: Müəllifin fikrincə, qlobalizm şəklində birqütblü dünya modelinə alternativ ola bilən yeganə bir dünyagörüşü mənbəyi vardır ki, bu da – avrasiyaçılıqdır. Avrasiyaçılıq hərəkatının prioritetləri – “Avrasiya federalizmi” ideyasını gücləndirməklə, MDB əsasında “Avrasiya İttifaqını” yaratmaq, MDB-nin daxili məkanının strateji inteqrasiyasını Moskva – Tehran – Dehli – Pekin istiqamətində genişləndirərək, “müttəfiq dövlətlər oxunu” reallaşdırmaqdır [5, s.14-15]. Tarixən olduğu kimi, bu gün də “velikoruslar” – slavyan, türk və fin-uqor etnoslarının “çarpazlaşmasından” yaranan unikal şəraitdə “vahid xalqın formalaşmasını” təmin etməyə qadirdir. “Həm dünyagörüşü, həm fəlsəfə, həm geopolitik layihə, həm iqtisadi nəzəriyyə, həm mənəvi hərəkat, həm də siyasi qüvvələrin geniş spektrinin konsolidasiya nüvəsi” ola bilən avrasiyaçılıq öz qüdrətinə inanaraq bəyan edir ki, “Avrasiya – bir planetdir” [5, s.34-35].
Ancaq Aleksandr Duqin öz “layihəsində” Rusiya imperiyası, Sovet İttifaqı və MDB praktikasından da geri gedərək, Avrasiya məkanında doğulacaq “Avrasiya İttifaqını” – suveren dövlətlərin müttəfiqliyi şəklində yox, indiki Rusiya Federasiyasının quruluşunda – federativ əsaslarda birləşmiş unitar dövlət formasında görür [5, s.62-69]. O, idealist bir arxayınlıqla, “Avrasiya Ümumi Evi” layihəsini irəli sürür və bu “evə” Asiyanın digər dövlətlərini – Monqolustan, Çin, Yaponiya, İran, Əfqanıstan və Hindistanı da “dəvət edir” [5, s.70-76]. Gördüyü işin “ümumdünya əhəmiyyətinə” sidq-ürəkdən inanan cənab Duqin “Avrasiya” Ümumrusiya Siyasi İctimai Hərəkatının Nizamnaməsini kitabının son səhifələrinə yerləşdirir ki, avrasiyalılar bunu oxusun və təşkilata üzv olsunlar. Təsadüfi deyil ki, bu iddiaların panteonunda rus ideoloqu ölkəsindəki avrasiyaçılıq tendensiyasını gətirib dövlət siyasətinə “uzlaşdırır”: müəllif qeyd edir ki, “Avrasiyaçılar Prezident V.V.Putinin Rusiya dövlətçiliyini möhkəmləndirmə, Rusiya hakimiyyətinin geopolitik qüdrətini dirçəltmə kursunu ümidlə qəbul edirlər” [5, s.88].
Artıq avrasiyaçılıq – Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində aparılan siyasi kursdur: Müstəqil Dövlətlər Birliyi ilə kifayətlənməyən, çox ehtimal ki, buradakı formal birliyə o qədər də bel bağlamayan və onun perspektivinə o qədər də inanmayan Rusiya “Avrasiya İttifaqını” reallaşdırmaq uğrunda ciddi fəaliyyətə başlamışdır [1]. 12 noyabr 2011-ci ildə Avrasiya İttifaqının (AAİ) yaradılması haqqında Bəyannaməni Rusiya, Belarusiya, Qazaxıstan imzalamış, Qırğızıstan və Tacikistanın bu İttifaqın üzvlüyünə namizədliyi təsdiq edilmişdir. Avrasiya İttifaqı – Azad Ticarət Zonası, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı, Vahid İqtisadi Məkan, Avrasiya İqtisadi İttifaqı və s. kimi inteqrasiya mərhələləri ilə strukturlaşmalıdır. Bu İttifaq kifayət qədər “cazibədardır”: Belə ki, layihəçilərinin fikrincə, bu arzu baş tutsa, Avrasiya İttifaqının ərazisi dünyada birinci – 20 030 748 kv.km., əhalisi dünyada yeddinci – 169 315 689 nəfər, ümumdaxili məhsulun (ÜDM) həcmi dünyada altıncı – 2.720 trilyon dollar olacaqdır. Layihə müəlliflərinin fikrincə, “öz müstəqilliklərini elan etmiş post-sovet dövlətləri (?!) – Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Dağlıq Qarabağ Respublikası” da [1], Avrasiya İttifaqına üzv qəbul oluna bilərlər. Rus ideoloqları unudurlar ki, BMT-nin üzvü olan suveren dövlətin separatçılığa yuvarladılmış bir parçasını Avrasiya İttifaqına təhrik etmək beynəlxalq hüququn kobud şəkildə pozulması aktıdır.
Avrasiya İttifaqı – vahid siyasi, iqtisadi, hərbi və gömrük məkanında müttəfiqləşən suveren dövlətlərin konfederativ ittifaqı kimi nəzərdə tutulub. Burada açıq şəkildə o da bildirilir ki, “Sovet İttifaqının Avrasiya İttifaqına, kommunizm ideologiyasının isə Avrasiya ideologiyasına” çevrilməsi prosesi özü belə bir İttifaqı zəruriləşdirir. Avrasiya İttifaqı layihəsinin dövlət səviyyəsində müəllifləri – Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir. Putinin hələ baş nazir olarkən, 2011-ci ilin payızında “Avrasiya üçün yeni inteqrasiya layihəsi – bu gün doğulan gələcək” [9] adlı məqaləsinin çap edilməsindən 40 gün sonra Avrasiya İttifaqının (AAİ) yaradılması haqqında Bəyannamə imzalanmışdır. Rusiya dövlətinin başçısı Vladimir Putin düşünür ki, Avrasiya geopolitikasında tarixi addım olacaq bu İttifaqın təşəkkülü ilə “müasir dünyanın qütblərindən birini təmsil edəcək” qüvvə formalaşacaqdır [9]. 2015-ci ilə qədər (bu dövrədək “millətlərüstü” Avrasiya Parlamenti də təsis ediləcəkdir) tam reallaşması nəzərdə tutulan Avrasiya İttifaqı sonrakı mərhələlərdə – daha geniş, qlobal inteqrasiya planında Çin, Hindistan, İran və hətta Avropa ölkələrinin də daxil olduğu “Böyük Avrasiya İttifaqına” çevriləcəkdir!.. Doğrudanmı, müasir beynəlxalq siyasət Rusiyanın bu iddialarla əsaslanan dünya hegemonluğuna yol verə bilər?!
Göründüyü kimi, klassik və yeni avrasiyaçılığı təmsil edən rus ideoloqlarından Nikolay Trubetskoy, Vladimir Lamanski, Konstantin Leontyev, Pyotr Savitski, Aleksandr Panarin, Aleksandr Duqin və eyni zamanda, Avrasiya İttifaqı layihəçilərinin fikir və mövqelərini ümumi bir planda nəzərdən keçirdikdə aydınlaşır ki, Rusiyanın imperiya siyasətinə haqq qazandırmağa çalışan neo-avrasiyaçılıq platforması da klassik avrasiyaçılıq kimi aşkar yanılmalardan, ifratçılıqdan və qeyri-konstruktivlikdən qurtula bilməmişdir. Hətta ən məharətli sofistika belə bu qüsurları malalaya bilmir. Çünki imperiya ideologiyası kimi doktrinalaşan avrasiyaçılıq – ilk növbədə Avrasiya xalqları üzərində birmənalı olaraq Rusiya hökmranlığını təsdiq edən siyasətin davamıdır.
Avrasiyaçılar lap əvvəldən bu həqiqəti görürdülər ki, onların ciddi-cəhdlə müdafiə etdikləri mövqe Avrasiya məkanında qəbul edilməyəcək. Çünki Rusiya nəinki digər xalqlara, hətta eyni soykökə malik olduğu slavyan xalqlarına qarşı həmişə ədalətsizlik nümayiş etdirib: onların müstəqil dövlətlərinin yaranıb inkişaf etməsinə əngəl törədib. Hətta böyük dövlətçilik ənənəsi olan Ukrayna və Polşanı həmişə əzməyə çalışıb. Ona görə də rus panslavizmi həmişə xəyal olaraq qalıb. Panslavizm də, avrasiyaçılıq da hər zaman Rusiya imperiyasının ideoloji aləti kimi istifadə olunub.
Avrasiyanın Qərbi Avropa hissəsinin Rusiyaya münasibəti isə həmişə daha yüksək sivilizasiya mövqeyinin təzahürüdür. Qərb Rusiyanı özünə tay etmək üçün heç cür əsaslar tapa bilmir və ya tapmaq istəmir. Avrasiyanın Şərq hissəsi də (başlıca olaraq, Mərkəzi Asiya) Rusiyanın mədəsində asanlıqla həzm olunmaq istəmir. Ona görə də Rusiyaya Asiya müqaviməti elə Avropa müqaviməti qədər sərt olub və olacaq. Beləliklə, Rusiyanın həm Avropa, həm də Asiya tərəfindən itələnməsi onun geopolitikasında və geosivilizasiyasında həmişə tərəddüdlər və şaşqınlıqlar yaradır. Rusiyanın avrasiyaçı intellektualları Rusiyanın daha sıx və kompakt Avropa məkanından hiddətlə itələndiyini görüb, daha seyrək və qeyri-kompakt Asiya məkanında möhkəmlənməsindən başqa çarə tapmırlar. Avropadan üz döndərməyə və Asiyaya sığınmağa məcbur olan avrasiyaçılar geopolitik dayağı Asiya tərəfə çəkirlər. Amma baxıb görürlər ki, Asiyanın onlara yaxın olan hissəsi türk sivilizasiyasının məskənidir. O türklərin ki, uzun əsrlər (ən çox Qızıl Orda zamanında) slavyan torpaqlarında dövlətlər qurub, etnogenezin inkişafı prosesində fəal iştirak ediblər. Bu səbəbdən, avrasiyaçılar türk dünyası ilə Asiya dünyası arasında az qala bərabərlik işarəsi qoyurlar. Onlar yaxşı bilir ki, türk dünyasını fəth etmək – Asiya dünyasını fəth etmək deməkdir [13, s.171-201; 202-204]. Həqiqətən də, Avrasiyanın geopolitik tarixinin əsas müəllifi türklərdir.
Rusiyanınsa Avrasiya dominantlığının zirvə çağı – İkinci Dünya müharibəsinin sonundan səksəninci illərə qədər (təqribən 40 il) sürmüşdür: o, Avropada gücü çatdığı ölkələrin siyasi rejimlərini dəyişib, özünə “peyk dövlətlər” yaratdı, hətta Almaniya kimi nəhəng dövləti iki yerə parçaladı. Asiyanın Sakit okean dalğalarının çırpıldığı Kuril adaları üzərindən irəliləyib, Yaponiyanın sinəsinə dirəndi. Çin də daxil olmaqla, bir çox Uzaq Şərqi Asiya ölkələrini (onların bəzilərinin yarısını) Şərqi Avropadakı kimi özünün “sosialist düşərgəsinə” qatdı. Mahiyyətcə diktatura rejimli SSRİ bu minvalla ikiqütblü dünya modelində bir qütbün dominant dövləti oldu. Ona görə də “Pyotr islahatlarına” bənzəyən zorakı siyasi kursu beynəlxalq həyata da tətbiq etməkdən başqa bir praqmatik təcrübəni yetişdirməyən bu dövlət dağılar-dağılmaz sürətlə dezinteqrasiya prosesləri başladı: məcburən Sovet İttifaqında müttəfiqləşdirilmiş respublikalar da, “sadiq sosialist düşərgəsini” təmsil edən ölkələr də ondan inadla uzaqlaşıb, tarixi-siyasi məntiqin çoxdan tələb etdiyi dünya quruculuğu prosesinə qoşuldular.
İndi artıq həmin zaman deyil: müstəqil dövlətləri, eyni zamanda, Avrasiyanın suveren türk respublikalarını heç nə ilə tovlayıb Avrasiya İttifaqı “toruna” salmaq olmaz. Rusiya da artıq əvvəlki qüdrətində deyil ki, bu aktı zorla həyata keçirsin. Rus siyasi analitiki, Moskva Karneqi Mərkəzinin direktoru Dmitri Trenin Rusiyanın müasir beynəlxalq həyatda oynadığı real rolun nədən ibarət olması probleminə həsr etdiyi tədqiqatlarında (“Post-imperium: Avrasiya tarixi”, “Avrasiyanın sonu: Rusiya geopolitika və qloballaşma sərhədlərində”) bu dövlətin neo-ekspansionist siyasətinin uğursuz perspektivini bütün aydınlığı və gerçəkliyi ilə göstərir: “XXI əsrin Rusiyası köhnə Rusiyadan köklü şəkildə fərqlənir. Kommunizmin dağılması ideologiya və dəyərlərin azadlığı erasına müjdə verir... Rusiyanın beş yüz illik (məncə, üç yüz illik – C.F.) imperiya tarixi sönür və onun fövqəldövlət iddiaları getdikcə səngiyir. İndi Rusiya çölündə genişlənməkdən daha çox, içində daralmağa doğru gedir” [15, s.9]. Bundan sonra Rusiyanın yenidən “imperiyalaşması” qeydi-mümkündür. Çünki beynəlxalq siyasi şərait “milli dövlətləri yetişdirir və onlara söykənir” [15, s.13]. Dmitri Trenin Avrasiya geopolitikasının tarixi reallıqlarını və hazırkı vəziyyətini təhlil edərək bu nəticəyə gəlir ki, bu məkanı “ruslaşdırmaq” istəyən avrasiyaçılar lap əvvəldən düzgün strategiya seçməyiblər: onlar mütləq bir inkarçılıq yolunda yönlərini Avropadan Asiyaya çevirməklə tarixi səhvə yol veriblər. Halbuki “Rusiya fundamental şəkildə Avrasiya ölkəsi yox, Avropa ölkəsidir”. Bu səbəbdən, Rusiyanın Avropa perspektivi ona daha əlverişli imkanlar açardı: o, Qərb sivilizasiyasının bir parçası olardı. Sonsuz Asiya torpaqlarında isə Rusiya itib-batdı və özünü tapa bilmədi. İndiki tarixi situasiyada isə “Rusiyanın Avrasiyada cazibə mərkəzi yaratma rolu sona çatıb”. “Avrasiyaçılıq artıq ölüdür və o, nə Avropada, nə də Asiyada Rusiyanın mövqeyini gücləndirmək iqtidarında deyildir” [16, s. 94-99, 138-147].
Heç şübhə yoxdur ki, Rusiyanın post-imperiya siyasətində yeni revanşları daha ağır nəticələr doğura bilər: onun istər mülayim, istərsə də zorakı manipulyasiyaları artıq müstəqilliyində ən zəruri, çətin və böhranlı mərhələləri keçmiş dövlətləri bir qədər də Rusiyadan uzaqlaşdırar. “İtirmələri” ucbatından Rusiyanın getdikcə aqressivləşməsi isə onu “iriölçülü”, “quduzlaşmış” Şimali Koreyaya çevirə bilər. Və nəhayət, qaçılmaz olan dezinteqrasiya prosesləri bu dəfə yeni fazasında – onun öz içərisindən başlaya bilər. Ona görə də, Rusiya “neo-avrasiyaçılığın” illüziyalarında özünü aldadıb, gah “Slavyan İttifaqı”, gah da “Avrasiya İttifaqı” konstruksiyalarına ləngərlənməməlidir. Onsuz da ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiyanın “yeni ittifaq” və “federasiyalarla” şişməyinə heç bir ehtiyac yoxdur. Onun öz nəhəng ərazisində həll etməli olduğu çoxlu problemləri var. Buna görə də Rusiya – Avropada Avropanın, Asiyada isə Asiyanın dominantı olmaq iddialarına son qoymalıdır. Çünki Rusiyanın özündən başqa Avropa və Asiyanın heç bir dövlətinin bu iddialarla razılaşmayacağı öncədən bəllidir. Müasir Rusiya, nəhayət ki, Avrasiyada normal dövlətlərarası münasibətlərin əməkdaşlıq prosesində öz missiyasını görməli və bu əməkdaşlığın inkişafına öz töhfələrini verməlidir.
Ədəbiyyat
1. http://ru.wikipedia.org/wiki/Евразийский_Союз
2. Бердяев Н. Самопознание. Русская идея. М.: Астрель, АСТ, 2011
3. Данилевский Н. Россия и Европа. М.: ТЕРРА – Книжный клуб, 2008
4. Достоевский Ф. Собрание сочинений в XV тт., т.XIV. М.: Наука, 1995
5. Дугин А. Евразийский взгляд. Основные принципы доктринальный евразийской платформы. М.: Арктогея-центр, 2002
6. Панарин А.С. Глобальное политическое прогнозирование. М.: Алго¬ритм, 2000
7. Панарин А.С. Искушение глобализмом. М.: Алгоритм, 2000
8. Панарин А.С. Россия в циклах мировой истории. М.: МГУ, 1999
9. Путин В.В. Новый интеграционный проект для Евразии – будущее, которое рождается сегодня // «Известия», 03.10.2011
10. Савицкий П. Н. Континент Евразия. М.: Аграф, 1997
11. Трубецкой Н.С. Наследие Чингиз хана. М.: Эксмо, 2007
12. Чаадаев П.А. Сочинения. М.: Правда, 1989
13. Laruelle M. Russian Eurasianism: An Ideology of Empire. Baltimore: The Johns Hopkins University Press, 2012
14. Sengupta A. Heartlands of Eurasia: The Geopolitics of Political Space. Lexington Books, 2009
15. Trenin D. Post-Imperium: A Eurasian Story. Moscow: Carnegie Endowment for International Peace, 2011
16. Trenin D. The End of Eurasia: Russia on the Border between Geopolitics and Globalization. Moscow: Carnegie Moscow Centre, 2001
Русское евразийство
Исследование посвящено изучению классического евразийства и сформировавшегося на его идеологической базе нео-евразийства. В работе проводится критический анализ произведений таких русских идеологов, представляющих евразийство, как Н. Данилевский, Н. Трубецкой, В. Ламанский, П. Савицкий, А. Панарин и А. Дугин. Русское евразийство – доктрина, пытающаяся обосновать гегемонию России в Евразии, определяется как политико-идеологическая система русского фундаментализма. Показывается, что платформа евразийства, старающаяся оправдать имперскую политику России, изначально была односторонней и не смогла освободиться от явных заблуждений и ныне. Тем не менее, Россия как евразийское государство, отказавшись от претензий быть доминантом Европы – в Европе, также доминантом Азии – в Азии, может получить возможность более конструктивного участия в процессе сотрудничества в рамках межгосударственных отношений в регионе.
Russian Eurasianism
The paper deeply explores the Eurasianism and the neo-Eurasianism, which is formed in its ideological basis. Works of Russian ideologists representing the Eurasianism idea, such as N.Danilevsky, N.Trubetzkoy, V.Lamanski, P.Savitsky, A.Panarin and A.Dugin are critically analyzed. Russian Eurasianism is identified as a doctrine trying to prove the Eurasian hegemony of Russia and as a politico-ideological system of Russian fundamentalism. It is implied that Eurasianistic platform has been unilateral from its earliest emergence striving for justifying the imperial politics of Russia and had not been able to escape from its partiality. However, Russia as a Eurasian state could gain an opportunity of favorable participation in the process of partnership among states in this region by relinquishing its claims to be an absolute dominant power both of Europe in Europe and of Asia in Asia.