Türk dünyasının beynəlxalq birlik daxilində inkişaf trayektoriyalarını təyin edən qənaətlər irəli sürüldükcə, həmin kontekstdə türk dövlətlərinin hazırkı və gözlənilən geostrateji mövqelərinə, başqa dövlətlərin Avrasiyanın mərkəz zolağında türk dövlətlərinin getdikcə yaxınlaşması və özünün geopolitik sistem müəyyənliyini meydana gətirməsi prosesinə münasibətinə aydınlıq gətirildikcə, Türk Dövlətləri Birliyinin strategiyası üzrə başlıca məqsədlərin uzlaşdırılması daha böyük aktuallığı ilə qarsıya çıxır.
Ümumtürk siyasətinin getdikcə Avrasiyada öncinaha çıxmasını şərtləndirən prosesləri dərk etmək və həmin siyasətin strateji xətlərini əsaslandırmaq baxımından, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun öz ölkəsində 12 il müddətində 78 dəfə nəşr olunmuş, bir çox əcnəbi dillərə tərcümə edilmiş “Strateji dərinlik” adlı əsəri xüsusi yer tutur.
Əhməd Davudoğlu çox geniş və mürəkkəb problemləri vahid bir kontekstdə təhlilə alan bu tədqiqatında Soyuq Müharibədən sonra, xüsusilə çağımızda beynəlxalq və regional siyasətin, eləcə də, Türkiyənin milli siyasətinin, əsasən, Avrasiyada və onun türk dünyasını əhatə edən mərkəz bölgəsində hansı “strateji dərinlikləri” necə əldə etməsi gerçəkliyini araşdırır; Türkiyənin beynəlxalq mövqeyini onun yürütdüyü çoxistiqamətli aktiv siyasətin məqsədləri, motivləri və nəticələri əsasında müəyyənləşdirməyə çalışır; qlobal güclərin və digər səviyyəli siyasi subyektlərin Avrasiyadakı maraqlarını əks etdirən strategiyalarının yaratdığı mürəkkəb konfiqurasiya vəziyyətlərini təhlil edir; türk milli siyasətinin “Avrasiya labirintlərində” necə hərəkət etdiyini və etməli olduğunu göstərir.
Türk strateqi Mərkəzi Avrasiyanı həm “içəridən”, həm də “dışarıdan” görməyə çalışır: çünki həqiqətən də, burada planetin ən böyük ərazisi olan həmin bölgənin öz dövlətləri (əsasən, türk dövlətləri) ilə ona sahib olmaq iddiasında olan qlobal güclər arasında ziddiyyətli məqamlar kifayət qədərdir. Burada “beynəlxalq güclər tarazlığı” ilə “regional güclər tarazlığı” ümumi bir “tarazsızlıq” yaradır. Beynəlxalq sistemi daim gərginlikdə saxlayan bu prosesi idarə etmək heç də asan deyil. Həm də nəzərə almaq lazımdır ki, belə bir “qlobal idarəçiliyə” iddialılar çoxdur və güclüdür. Ona görə də Soyuq Müharibədən sonrakı dönəmdə – müasir dövrümüzdə Mərkəzi Avrasiya regionu, başlıca olaraq, Türk Geopolitik Regionu (TGR) beynəlxalq güclərlə regional güclər arasındakı münasibətlərin tarazlaşma və toqquşma reallığına uyğun olaraq öz strategiyasını, bu strategiyanın istiqamət və parametrlərini müəyyən etmək zərurətini yaşayır. Müəllif doğru olaraq göstərir ki, Asiya daxilində ortaya çıxan bu tarazlaşma və toqquşma reallığı Orta Asiya ölkələrinin xarici siyasətinə təsirsiz ötüşmür. Demoqrafik, iqtisadi və siyasi səbəblərlə şərtlənən – Çin, Hindistan və Rusiyadan gözlənilən təkyönlü və koordinasiyalı təzyiq qarşısında “dirənmə gücü zəif olan Orta Asiya ölkələri bu divlər arasında” özlərinin sahib olduğu həyat çevrəsini qorumaq zorundadırlar. Beynəlxalq güclər tarazlığının indi Mərkəzi Avrasiya regionunda formalaşdırdığı geopolitik situasiya və ona müvafiq olaraq milli və regional strategiyaları uzlaşdıran universal mövqelər, eyni zamanda bu situasiyaya və mövqelərə təsir göstərən çeşidli və təzadlı amillər müəllifin şərhində belə bir mənzərəni göz önünə gətirir: “Soyuq Müharibə davam etdiyi müddətdə ikiqütblü düzən içində Şərq Blokunun Asiya mehvərini meydana gətirən Orta Asiya, Soyuq Müharibədən sonrakı dönəmdə ortaya çıxan geopolitik boşluq çərçivəsində qlobal, kontinental və regional strategiyanı irəlilədən bütün aktorların maraq çevrəsinə daxil olmuşdur. Bu maraq ümumilikdə Asiyanın yaranmağa başlayan güclər tarazlığı parametrlərinin Orta Asiyadakı strateji biçimlənmə nəticələrini doğurmaqdadır. Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, İngiltərə, Rusiya, Çin və Yaponiya kimi qlobal miqyaslı strateji inkişaf gücünə malik aktorlar, Türkiyə, Hindistan, Pakistan, İran, hətta Ukrayna və Koreya kimi regional güclər və Özbəkistan, Qazaxıstan, Azərbaycan, Türkmənistan, Qırğızıstan və Tacikistan kimi bölgəiçi güclər arasındakı vertikal və horizontal bağlılığı olan ittifaq biçimləri bu güclər tarazlığı parametrlərinin getdikcə qarışıq və həssas xarakter daşımasına yol açmaqdadır.
Bu çərçivədə Orta Asiyanın beynəlxalq mövqeyindəki dəyişmələrə böyük güclərin və regional aktorların göstərdiyi təpkilər üç ana təhlil istiqamətində ələ alına bilir: (1) Qlobal tarazlıq içində Orta Asiya və böyük güclərin strateji baxışları; (2) ümumən Asiyadakı, xüsusən bölgədəki dəyişmələrdən təsirlənə biləcək və həmin dəyişmələri yönləndirə biləcək miqyasda olan regional güclərin strateji baxışları; (3) bölgəiçi aktorların həmin tarazlıqlar qarşısında öz strateji mövqelərini meydan çıxarma cəhdləri” [5, s.468-469]. Avrasiyadakı strateji rəqabətin belə bir dramatizmində türk dövlətlərinin öz mövqeyini birgə qoruması və regionun geopolitik müstəqilliyini yetkin platformaya çevirməsi, inkişafa və müttəfiqliyə qadirliyini sübuta yetirməsi onların tarixi məsuliyyətlərinin başındadır.
Azərbaycan Respublikasının sabiq xarici işlər naziri, hazırda ölkəmizin Polşa Respublikasındakı səfiri Həsən Həsənovun (müəllif təxəllüsü – Həsən Əzizoğlu) “Türklüyümüz” adlı kitabı da türk dünyasının müasir tarixi-siyasi perspektivini dərk etmək baxımından olduqca dəyərlidir. Müəllif bu əsərində bir çox problemlərə aydınlıq gətirməklə yanaşı, “Türkşünaslıq Proqramı” aldandırdığı layihənin tezisləri ilə türkçülüyün humanitar strategiyasının mühüm istiqamətlərini çeşidləyir [2, s.195-205]. Əlbəttə, türk siyasi-humanitar mədəniyyətinin tarixi dəyərlərini mənimsəmədən və bu təməl üzərində onun müasir inkişafını təmin edəcək konstruktiv fəaliyyətlərin ideya-siyasi bazasını yaratmadan, türk dövlətlərinin geopolitik sistem müəyyənliyini özündə ehtiva edən universal strategiyanı təşəkkül etdirmək mümkün deyildir.
Müstəqil türk dövlətlərinin milli təhlükəsizlik konsepsiyaları və müvafiq dövr üçün nəzərdə tutulan milli inkişaf strategiyaları praktiki olaraq regional və qlobal əməkdaşlığın perspektivlərini də müəyyən etdiyindən, onlar həm də həmin dövlətlər üçün universal strateji platformanın da modelini ümumi konseptual cizgiləri ilə təsəvvür etməyə imkan verir. Bu mənada, örnək olaraq, “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası” müstəsna əhəmiyyət daşıyır. Həmin Konsepsiyada bəyan edilir ki, Azərbaycan Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlətdir, hazırda xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rol oynamaqdadır. Bu ümumi strategiyanın da başlıca məqsədi Azərbaycan Respublikasının çiçəklənməsi, davamlı inkişafı və əhalinin rifahının təmin edilməsindən, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir; Azərbaycan Respublikası qonşu ölkələrlə hərtərəfli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm verir; bu ölkələrlə münasibətlərdə Azərbaycan Respublikası əsas problemlərin qarşılıqlı şəkildə və beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır; Azərbaycan Respublikası regionda sülhün və sabitliyin bərqərar olması üçün regional əməkdaşlığı əvəzolunmaz amil kimi qiymətləndirir; bu əməkdaşlıq Qara dəniz və Xəzər dənizi regionlarının əhəmiyyətini artıran, Avropanın və bütövlükdə qlobal məkanın enerji təhlükəsizliyinə töhfə verən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərləri və Cənubi Qafqaz qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) kimi üç uğurlu enerji infrastrukturu layihəsi ilə Avropa üçün yeni həyati və təhlükəsiz enerji mənbəyinin əsasını qoyur; geostrateji cəhətdən önəmli olan “Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı” layihəsinin həyata keçirilməsi regional əməkdaşlığın daha da sürətləndirilməsi və genişləndirilməsi istiqamətində mühüm addım olaraq, eyni zamanda, yeni qlobal imkanlar yaradır; Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk dövlət olan və regionda sülh və sabitliyin bərqərar olunmasında müstəsna rol oynayan Türkiyə ilə bütün sahələrdə hərtərəfli münasibətlər son dərəcədə mühümdür; etnik, mədəniyyət və dil baxımından bir-biri ilə sıx bağlı olan ölkələrimiz arasında qarşılıqlı münasibətlər strateji əməkdaşlıq səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Azərbaycan Respublikası və Türkiyənin trans-regional iqtisadi layihələrin gerçəkləşməsinə töhfələri, eləcə də Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldilmiş səyləri iki ölkənin mövqelərinin tam uyğunluğunu və onlar arasında əməkdaşlığın keyfiyyət səviyyəsini nümayiş etdirir.
Bu Konsepsiya Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsasını təşkil edir və dövlətin milli maraqlarının qorunması məqsədi ilə müvafiq dövlət strukturlarının üzərinə xüsusi vəzifələr qoyur və bu kontekstdə onların əlaqələndirilmiş fəaliyyətini zəruri edir [3].
Suveren türk respublikalarının yaxın onilliklər ərzindəki inkişaf perspektivlərini konstruktivləşdirən milli strategiyaları vardır. Qazaxıstan Respublikasının 2012-ci ildə qəbul edilmiş “Qazaxıstanın Strategiyası – 2050” sənədi bu dövlətin yeni siyasi kursunun komponentlərini özündə əks etdirir. Strategiyada böyük ərazisi (dünyada 9-cu) və tükənməz təbii sərvətləri olan Qazaxıstanın bu illər ərzində planetin aparıcı dövlətlərindən birinə çevrilməsi layihələşdirilir; bu dövlətin Mərkəzi Asiyada və onun hüdudlarında regional təhlükəsizliyin məsuliyyətini daşıması və qonşu türkdilli dövlətlərlə birgə yüksək səviyyəli əməkdaşlıq və effektli siyasət platformasının qurulmasında öncül təşəbbüskarlığı bəyan edilir [11]. Özbəkistan, Türkmənistan, Qırğızıstan respublikalarının gələcəkyönlü milli strategiyalarında da siyasi, iqtisadi, mədəni inkişafın optimal səviyyələrinin əldə edilməsi, regional əməkdaşlığın maksimum effektivləşdirilməsi, beynəlxalq sistemin proqressiv siyasi strukturunda qərarlaşma məqsədləri aparıcıdır [9; 10].
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası analoji sənəd-strategiyalar içərisində diqqətəlayiq yer tutur [1]. Bu Konsepsiya – müasir Azərbaycan dövlətinin tarixində onu tamamilə yeni inkişaf fazasına adladan epoxanın layihəsi statusuna təyinatlanır. Belə ki, Azərbaycan Respublikasının ildən-ilə yüksələn inkişafı yürüdülən dövlət siyasətinin nə qədər düzgün və öncədən bütün detalları ilə düşünülmüş olduğunu təsdiq edən əsas faktdır. Əgər biz müstəqilliyimizin 20 illik təməl fazasının inkişaf dinamikasını qısaca nəzərdən keçirsək, aydınca görərik ki, bu inkişaf bazasında Azərbaycan özünə layiq bir gələcək qurmaqdan ötrü bütün potensialını formalaşdırmış, yeni fazaya keçid üçün hazır vəziyyətə gətirmişdir. Azərbaycan Respublikasının daxili və xarici siyasəti bir-birini tamamlayaraq irəli aparan fəaliyyətlərin konsentrasiyasında möhkəmlənmiş, suveren dövlətimiz beynəlxalq münasibətlər sisteminin güclü seqmentinə, milli iqtisadiyyatımız dünya iqtisadiyyatının ayrılmaz və mütəhərrik parçasına çevrilmişdir. Azərbaycandan start götürən qlobal layihələr planeti vahid siyasi-iqtisadi məkan kimi bütövləşdirəcək prosesləri sürətləndirmişdir. Şərq və Qərb dünyası sivilizasiyalararası dialoqun orqanikasına Azərbaycanda nail olmuş, Böyük Türk Dünyası isə məhz bu məkanda özünün cazibə mərkəzini tapmışdır. Beynəlxalq təhlükəsizlik siyasətinin inkişafında öz yeri və rolu olan Azərbaycana dünya dövlətləri, eləcə də türk dövlətləri arasında yüksək etimad yaranmış, ölkəmiz universal humanist dəyərlərə, demokratiya və fundamental insan hüquqları prinsiplərinə sadiqliyini nümayiş etdirmiş, bununla da yeni nəsil dünya dövlətlərinin prinsipial mövqeyini aşkara çıxaran xəttin üstünlüyünü sübut etmişdir. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycana və dünyaya təqdim etdiyi Yeni Quruculuq Siyasəti – (1) öz xalqına, onun potensial imkanlarına güvənən və bu potensialı bütün gücü ilə inkişaf etdirmək əzmində olan, (2) ölkəmizin və dünyanın inkişaf tendensiyalarını müvaziləşdirən, (3) milli inkişafımızın tarixi, bu günü və gələcəyi arasında bütünlüyü yaradan, (4) inamla getdiyi yolda qətiyyətlilik və dəyişən situasiyalara uyğun fövqəladə manevr qabiliyyətləri nümayiş etdirən, (5) cəmiyyətlə siyasi elitanın ayrılmazlığını təmin edərək, bu birliyi möhkəmləndirəcək siyasi texnologiyaların effektivliyini daim artıran, (6) dünyada gedən aparıcı siyasi, iqtisadi, texnoloji, mədəni-intellektual proseslərin Azərbaycanda konsentrasiyasını mümkün edən, (7) dünyanın siyasi liderləri arasında özünəməxsus keyfiyyətləri ilə rəğbət doğuran, (8) özünə böyük etimad yaratmaqla xalqını firavan gələcəyə apara bilən, onu bəşər sivilizasiyasının gələcək tərəqqisinə qovuşdura biləcək bir rəhbərin gələcəkyönlü praqmatik siyasətidir. Bu siyasət özü daim hərəkətdədir və ən azı yaxın on ilin ən perspektivli siyasəti kimi özünə xalqdan qazandığı güvənci günbəgün artırmaqdadır. Yalnız belə bir siyasət gələcəyə konstruktiv baxa, onu dövlətinin “siyasi gələcəyi” modelində görə bilər. Bu rasional parametrli gələcəyin perspektivində həm də türk dünyasının birliyini təşəkkül etdirəcək proseslərin strateji qanunauyğunluğu açılır.
Suveren türk respublikalarında fəaliyyət göstərən Strateji Araşdırma Mərkəzləri (dövlət və qeyri-dövlət) həmin dövlətlərin milli strategiyalarının hazırlanmasında və tətbiq edilməsində əsas funksional vəzifələri yerinə yetirir [4]. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və ətraf regionda baş verən hadisələri izləmək, analiz etmək, nəticələri nəzəri cəhətdən modelləşdirmək, aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında ölkə rəhbərliyinə və dövlət orqanlarına proqnozlar və tövsiyələr təqdim etməkdir. Mərkəzin yaranma zərurəti – qloballaşma şəraitində dövlət əhəmiyyətli strateji araşdırmaların aparılmasına, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair proqnozların verilməsinə, cəmiyyətdaxili sosial-siyasi durumun təhlil olunmasına, sosioloji sorğuların keçirilməsi və respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsinə, habelə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı informasiya qarşıdurmasında Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mötəbər elmi konsepsiyaya əsaslanan genişmiqyaslı proqramların həyata keçirilməsinə duyulan ehtiyacdan irəli gəlib. Mərkəz öz fəaliyyətində dövlətimizin müvafiq qanunlarını rəhbər tutaraq, daxili və xarici siyasətin ən mühüm inkişaf istiqamətlərini öyrənir, dünyada cərəyan edən geosiyasi prosesləri, beynəlxalq siyasəti izləyib təhlil edir, gələcək inkişaf tendensiyalarına dair proqnozlar verir, geosiyasi proseslərə təsir göstərə bilən faktorlar üzərində tədqiqatlar aparır. Bütün bu işlər əsasında Azərbaycanın dövlət maraqlarına, milli təhlükəsizliyinə uyğun, həmin tələblərə cavab verən müxtəlif proqramlar, konsepsiyalar, doktrinalar hazırlayır.
TÜRKSAM – Türkiyə Respublikasının Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzi hazırda dünyanın ən aparıcı analoji qurumlarından biridir. O, Türkiyə dövlətinin milli təhlükəsizliyinə, daxili siyasət istiqamətlərinə, regional və qlobal çevrədəki xarici siyasət fəaliyyətlərinə analitik təhlil bazası yarada bilən elmi-nəzəri platformanı hazırlayır. Bu məqsədlə, siyasi, iqtisadi, texnoloji, hərbi, dini, sosioloji və kulturoloji prosesləri yaxından izləyərək, müvafiq qurumlara yardımçı ola biləcək əsaslandırılmış konseptləri, öncəgörümləri təqdim edir [8]. TASAM – Türk Asiya Strateji Araşdırmalar Mərkəzi və TURANSAM – Turan Strateji Araşdırmalar Mərkəzi də çox geniş miqyasda tədqiqatlar apararaq, türk dünyasının qarşılaşdığı problemlərə dair dəyərli çalışmalar ortaya qoyur. İndiyə qədər türk regionu dövlətlərinin müasir tarixi, siyasəti, mədəniyyəti, habelə, onların beynəlxalq sistemdə mövqeyi və strateji hədəfləri xüsusunda çoxsaylı araşdırmalar bu Mərkəzlərin fəaliyyəti nəticəsində ərsəyə gəlmişdir [6;7].
Bütün bu fəaliyyətlərin konsentrasiyası, milli strategiyaların rasional əsaslarda və kardinal hədəflər üzrə uzlaşdırlması suveren türk dövlətlərinin müttəfiqliyi bazasında onların ümumi strategiyasının başlıca məqsədlərini modelləşdirməyə imkan verən aşağıdakı qənaətləri meydana gətirir:
Türk milli dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası
Açar sözlər: beynəlxalq siyasət, strategiya,Türk Dövlətləri Birliyi,ümumtürk siyasi sistemi.
1. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası // www.president.az/files/future_az.pdf 2. Əzizoğlu H. Türklüyümüz. Bakı: AzATaM, 2007 3. http://www.iom.az/legislation/files/NationalSecurityConcept-Azeri.pdf 4. http://www.sam.gov.az/ 5. Davutoğlu A. Stratejik Derinlik: Türkiye’nin Uluslararası Konumu. İstanbul: Küre Yayınları, 2012 6. http://www.tasam.org/ 7. http://www.turansam.org/ 8. http://www.turksam.org/tr/ 9. http://www.turkmenembassy.ru/?q=node/253 10. Алмазбек Атамбаев презентовал Стратегию устойчивого развития Киргизии до 2017 года // http://www.news-asia.ru/view/ks/ politics/3952 11. Стратегия Казахстана – 2050 // http://newscentralasia.net/
Стратегия Союза Тюркских Государств:согласование основных целей
Ключевые слова: международная политика, стратегия, Союз Тюркских Государств, общетюркская политическая система.
Согласование основных целей по стратегии Союза Тюркских Государств в настоящее время приобретает особую актуальность. Современные тюркские государства, установив точку совмещения национальных и общечеловеческих интересов, стратегических целей на такой платформе, именно с этой интегральной точки определяют приоритеты общетюркской политической системы. В соответствии с трансформацией международной политики и конъюнктурой меняющихся условий они определяют параметры единой политической стратегии и направления движения. На базе альянса независимых тюркских государств возникают и все более возрастают возможности влияния на международную политику с их собственных конвергентных позиций.
Strategy of the Union of Turkic States: Congruence of Chief Purposes
Key words: international politics, strategie, the Union of Turkic States, common Turkic political system
At present, congruence of chief purposes on the strategy of the Union of the Turkic States is of great importance. On this platform, finding the agreement point of the national and universal interests, and strategic purposes, the Turkic states identify the priorities of the common Turkic political system from this integral point. These states determine the parameters and activity directions of the single political strategy according to the transformation of international policy and conjuncture of changing trends. On the basis of alliance of the sovereign Turkic states, their influence in international policy arises and gradually increases from their convergent position.