Seçim və məsuliyyət
Bizim uğurlarımız insanların, Azərbaycan xalqının dəstəyi və birbaşa iştirakı olmadan mümkün deyil... Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Insan həmişə seçim qarşısındadır. Ona həyat bəxş edən valideynləri istisna olmaqla həyatı boyu qarşılaşdığı hər şeyi seçməyə məhkum olan insan övladı özünü azacıq da olsa idarə etmək və ətrafına azacıq da olsa təsir etmək iradəsini hiss etdiyi andan seçir. Yerişini- yürüşünü, gəzişini-gülüşünü, yeməyini–geyməyini, məsləkdaşını-rəqibini, dostunu-düşmənini seçir insan. Beləcə ömür boyu seçə-seçə yaşamaq vərdişi hər bir şəxsin daxili tələbatına çevrilməklə mənəvi dəyər statusu alır. Müasir insan həyatının ən zəruri keyfiyyətlərindən olan Seçim insanın fikir, hiss, ifadə azadlığının və son nəticədə ümumbəşəri dəyərlərin ölçü meyarına çevrilmişdir. Artıq hər bir fərdin seçimi təkcə öz fərdi həyatının deyil, həm də içində bulunduğu toplumun maraqları baxımından həyati əhəmiyyət kəsb edir. Yer üzünün bütün insan toplumları üçün Seçim müqəddəs bir borca – vətəndaşlıq vəzifəsinə çevrilir. Hər bir vəzifə öz funksional məzmununa müvafiq şəkildə məsuliyyət yaratdığı kimi vətəndaşlıq vəzifəsi olan Seçim də vətəndaşlıq məsuliyyəti tələb edir. Söhbət siyasi seçimlərdən gedəndə isə bu məsuliyyət fərdilikdən, subyektivlikdən çıxaraq özünün ən yüksək pilləsinə - milli və qlobal məsuliyyət mərtəbəsinə yüksəlir.
Artıq yüz ilə yaxındır ki, Azərbaycan cəmiyyəti hər bir vətəndaşına seçmək və seçilmək hüququnu tanıyıb. Bu gün dünyanın ən çox inkişaf etmiş bəzi ölkələrindən daha əvvəl ölkəmizdə istisnasız olaraq cəmiyyətin bütün üzvlərinə və o cümlədən qadınlara seçki hüququnun verilməsi ümumbəşəri dəyərlərin Azərbaycan cəmiyyətində çoxdan yer aldığını və möhkəmləndiyini göstərən qürurverici bir həqiqətdir. Indiyədək çox seçimlər etmişik. Uğurlusu da olub, uğursuzu da. Bu gün də ölkəmiz seçim ərəfəsindədir. Növbəti beş ildə Azərbaycanı dünya siyasətinin labirintlərində məharətlə irəliyə aparacaq, vətəndaş rifahını onun layiq olduğu yaşam səviyyəsinə yüksəldəcək bir ölkə başçısının seçimi qarşısındayıq. Deməli, cəmiyyətin hər bir üzvü üçün məsuliyyətin ən yüksək dərki və vicdanın tələbi ilə qərar qəbul etmək anıdır. Belə bir anda millətimizin gələcəyi naminə dönüb geriyə baxmaq, qazandıqlarımızla itirdiklərimizi tərəziyə qoymaqla milli maraqlarımıza ümummilli təəssübkeşlik aynasından baxaraq edilən seçim vətəndaş məsuliyyətinin ən parlaq göstəricisi olur. Bu məsuliyyəti qavramaq üçünsə bizi yenidən müstəqilliyə qovuşduran 3-cü respublikamızın qısa tarixinə nəzər salmaq, bu qısa müddət ərzində milli inkişaf kompasımızın həyəcanlı titrəyişlərini izləmək kifayətdir.
1991-cı ilin martında keçirilmiş qondarma referendumdan sonra azadlıq coşqusu ilə çağlayan bütöv bir xalqın adından onun müstəmləkə girdabında qalmaq istədiyini bəyan etməklə uğursuz və utandırıcı bir seçim etmiş kommunist iqtidarı qısa bir zamanda xalqın qəzəb və nifrət tufanının küləyində sovrulub getdi. 18 oktyabr 1991-ci ildə isə regionda yaranmış əlverişli siyasi vəziyyət xalqın müstəqilliyə qovuşması üçün tarixi şans yaratdı və xalq bu imkandan layiqincə yararlanıb özünün dövlət müstəqilliyini bərpa etdi. Uzun illərin mənəvi iztirabından, siyasi saxtakarlığından yenicə qurtulmuş xalq azadlıq eyforiyasında boğulurkən onun iradəsinə sahiblənən yeni iqtidar qısa bir müddətdə özünün siyasi səriştəsizliyini və məsuliyyətsizliyini büruzə verdi. Çox sürməyən sadəlövh ümumxalq xoşbəxtliyi öz yerini ümumxalq məyusluğuna və daha sonra ümumxalq etirazına verdi. Xalq və millət qarşısında yenicə əldə etmiş olduğu iqtidar məsuliyyətini dərk etməyən, milləti sonu görünməyən fəlakətə sürükləyən iqtidar yenə də xalqın qəzəbi və nifrəti qarşısında tab gətirə bilməyib siyasi səhnəni biabırçılıqla tərk etdi. Nəhayət, 1993-cü ildə xalq ən doğru seçimini etdi – onilliklərin sınağından çıxmış, el üçün öz ürəyini çıxarıb məşələ çevirmiş, öz xalqını qarışıq dünyanın qaranlıq dolanbaclarından keçirib işıqlı bir yola çıxarmağa qadir olan fədakar övladını – Heydər Əliyevi köməyə səslədi. Haqq səsi boğulan və dünyanın heç bir yerində eşidilməyən, doğma yurdundan, isti ocağından qovulan, vətəninə, torpağına təcavüz olunan, milli mənliyi tapdanan millət ümumxalq ərkyanalığı və yekdilliyi ilə özünün ən etibarlı oğlundan onu bu bəlalardan qurtarmağı tələb etdi. Xalqın taleyinə və tələbinə biganə qala bilməyən Heydər Əliyev həyatının qalan hissəsini də öz xalqına həsr etməyə qərar verdi. Beləliklə, demokratik dövlətçilik təcrübəsinin və ənənəsinin az olmasına baxmayaraq, müstəqilliyimizin ilk illərində baş verən ictimai-siyasi hadisələrdən düzgün nəticə çıxaran xalq obyektiv seçim etməyə müvəffəq oldu. Məhz həmin dövrdən hakimiyyət qollarının, özünüidarəetmə ənənəsinin əsasının qoyulmasına xidmət edən bütün seçkilər xalqımızın ictimai-siyasi həyatının əsas hadisəsinə çevrildi.
Üzləşdiyi ağır tarixi sınaqlardan Heydər Əliyev kimi müdrik bir şəxsiyyətin öndərliyi ilə üzüağ çıxan Azərbaycan xalqı seçimində yanılmayaraq müstəqil dövlət quruculuğunun Heydər Əliyevlə başlayan şərəfli yoluna qədəm qoydu. Sözlə ifadəsi sadə görünən, lakin enişli-yoxuşlu yollardan və siyasi təlatümlərdən keçərək bu günün mənzərəsini yaratmaq heç də asan olmadı. Ilk növbədə günbəgün daha böyük itkilər və daha böyük sarsıntılar gətirən müharibəyə son qoymaqla ölkənin tarixi taleyində dönüş yaradan Heydər Əliyev qısa bir zamanda ortaya qoyduğu uğurlu enerji strategiyası ilə ölkəmizi yeni bir yola – Yeni Azərbaycanın şərəfli quruculuq yoluna çıxara bildi. Məhz bu strategiyanın həyata keçirilməsi sayəsində ölkəmizin güclü enerji infrastrukturu təşəkkül tapdı və onun qlobal inteqrasiya əhəmiyyətli arteriyaları yaradıldı. Nəticədə ölkəyə sabit maliyyə axını təmin edildi, ölkənin valyuta ehtiyatları dəfələrlə yüksəldi, çoxsaylı sosial-iqtisadi proqramların icrasına başlandı. Sonrakı illərdə də Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ilkin və başlıca səbəbi məhz Heydər Əliyev siyasətinin təntənəsi olan uğurlu enerji strategiyası oldu. Bütün bunlarla yanaşı ölkəni informasiya blokadasından çıxarmaq, regionda baş verən proseslərin əsl mahiyyətini dünya birliyinə çatdırmaq və anlatmaq, işğalın nəticələrini aradan qaldırmaq, xalqını əbədi səadətə çatdırmaq qayğıları Heydər Əliyevi son nəfəsinədək tərk etmədi. Məhz xalqla birgə nəfəs alması, onun müstəqilliyini əbədi və sarsılmaz etmək uğrunda son nəfəsinədək göstərdiyi çabalar Heydər Əliyevi xalqın Ümummilli Liderinə çevirdi. Öz tarixinə hörmətlə, öz xilaskarına ümumxalq məhəbbəti və minnətdarlığı ilə yanaşan xalq Heydər Əliyev ideallarına sədaqətini 2003-cü il secimlərində nümayiş etdirdi. Xalq Heydər Əliyev kursunu uğurla davam etdirmək iqtidarında olan yeni liderini – İlham Heydər oğlu Əliyevi özünə rəhbər seçdi. Həmin dövrdə İlham Əliyevi uğurlu seçim kimi fərqləndirən başlıca şərtlərdən biri onun müstəsna tarixi şəraitdə yetkin bir siyasətçi kimi yetirməsi idi. Əvvəlki dövrdə çalışdığı rəhbər vəzifələrdə özünü doğrultması, ən başlıcası isə Heydər Əliyev dühasından bəhrələnərək novator siyasətçi kimi yetişmək imkanlarını səfərbər etməsi onu qısa bir zamanda Azərbaycanın siyasi səhnəsində önə çıxarmışdı. 2003-cü ildə prezident səlahiyyətlərinin icrasına başladığı zaman qarşısına qoyduğu ən böyük hədəflərdən biri kimi yeni iş yerlərinin açılması ölkənin ən böyük sosial bəlası olan işsizlik probleminin həll olunmasına şərait yaratdı. O dövrdən etibarən bu günə qədər həyata keçirilmiş uğurlu sosial-iqtisadi proqramlarla, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi yolu ilə bir milyondan çox yeni iş yerləri yaradıldı. Bu siyasətin ardıcıllığı və dönməzliyi ölkədə yoxsulluq səviyyəsinin azaldılmasına və əhalinin sosial rifah səviyyəsinin yüksəlişinə səbəb oldu. Çala-çuxurlu yolların, sınıq-salxaq körpülərin, divarları ovulub tökülmüş yaşayış binalarının, məktəblərin, xəstəxanaların, təsərrüfat, istehsal və xidmət obyektlərinin abadlaşdırılması, bütövlükdə, yeni ölkə quruculuğuna start verilməsi, ölkənin simasının kökündən dəyişilməsi möcüzə təəssüratı yaratsa da bütün bunlar xalqın gözü qarşısında baş verdi. Bu İntibah Azərbaycan dövlətinin və vətəndaşıının birgə səyi nəticəsində baş tutdu. Bu İntibahın əsasında Azərbaycan liderinin – İlham Əliyevin yaradıcı zəkası, Azərbaycan vətəndaşının isə qurucu əməyi dayandı. Bu gün “dünyaya günəş kimi doğan Azərbaycan” (Heydər Əliyev) məhz Lider – Vətəndaş vəhdətinin nəticəsi oldu. Azərbaycanda xalq və hakimiyyət vəhdətinin yeni, daha məhsuldar epoxası da məhz bu dövrdən başlayır.
Beş illik ilk prezidentlik dövründə ona etimad göstərmiş xalqın gözləntilərini layiqincə doğrultması İlham Əliyevə 2008-ci il seçkilərində daha inamlı qələbə qazandırdı. İkinci prezidentlik dövründə İlham Əliyev Ulu öndərin siyasi kursuna sadiq qalmaqla bərabər, həm də onu yeni keyfiyyətlərlə zənginləşdirmək, heç kimin proqnozlaşdıra bilmədiyi bir novatorluqla davam etdirmək, müasir dünyanın siyasi mədəniyyətində “öz üslubunu” yaratmaq bacarığını ortaya qoydu. İqtisadi böhranın bütün dünyanı çulğadığı bir zamanda milli dövlətimizin tərəqqiyə qovuşması, ölkə miqyasında bu inkişaf tendensiyanının davamlılığı Azərbaycanı beynəlxalq arenada önəmli bir dövlətə - qlobal siyasətdə söz sahibinə çevirdi. Azərbaycanın orta və uzunmüddətli inkişafının prioritet istiqamətləri və bu strategiyanın uğurlu icra mexanizmləri müəyyən edildi. Regionların sosial-iqtisadi inkişafına vüsət verən proqramlar, əhalinin həyat səviyyəsinin yüksəlidlməsinə, təhsilin, səhiyyənin, elmin tərəqqisinə hesablanmış fəaliyyət istiqamətləri bir-birini tamamlamaqla ölkəmizdə bir milyondan çox iş yerinin açılmasına və yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə şərait yaratdı. İnsan amili dövlət siyasətinin ana xəttini təşkil etməyə başladı. On il ərzində ölkəmizdə ümumdaxili məhsulun həcmi 3 dəfədən çox, dövlət büdcəsi isə təqribən 20 dəfəyədək artdı, sənaye və kənd təsərrüfatında müşahidə olunan yüksəliş yürüdülən sistemli sosial-iqtisadi siyasətin uğurlu olduğunu təsdiq etdi. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar, dayanıqlı iqtisadi inkişaf onun beynəlxalq arenada yeni model dövlət kimi özünəməxsus yer tutmasına səbəb oldu. Dünyanın aparıcı informasiya vasitələri ölkəmizdə baş tutan bənzərsiz tərəqqi tendensiyasını ən maraqlı detalları ilə önə çəkərək Azərbaycan haqqında ətraflı məlumatlar yaymağa başladı. Azərbaycanın qısa zaman kəsiyində dünyanın sürətlə inkişaf edən ölkələri sırasına daxil olması, ümumdaxili məhsulun, sənaye istehsalının dəfələrlə artımı, enerji gəlirlərinin ölkənin çoxşaxəli inkişafına yönəldilməsi, insan kapitalının dövlətin prioritet siyasət xəttinə çevrilməsi Azərbaycanı yeni tipli dövlət kimi bütün dünyaya tanıtdı.
Bu dövrdə Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar onu beynəlxalq siyasi sistemin ən fəal subyektlərindən birinə çevirdi. Azərbaycan özünün və daxil olduğu regionun təhlükəsizlik maraqlarını qoruya bilmək, cürbəcür təhdid və avantüraları zərərsizləşdirmək bacarığını nümayiş etdirdi və nəticədə dünya birliyində etibarlı tərəfdaş nüfuzu qazanmış Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilərək dünyanın idarə olunmasında bilavasitə iştirak edən bir dövlətə çevrildi. Həm birinci, həm də ikinci prezidentliyi dövründə ölkəmiz üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlər İlham Əliyev siyasətinin prioritet istiqamətini təşkil etdi. Avropa Şurası, Avropa Parlamenti kimi mötəbər təşkilatlar tərəfindən Ermənistanın təcavüzkar dövlət kimi tanınması, bir çox dövlətlər tərəfindən Xocalı faciəsinin soyqırım faktı kimi qəbul edilməsi Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan haqlı mövqeyini bir daha təsdiq etmiş oldu. Azərbaycanın bu illər ərzində öz ədalətli mövqeyindən bir addım belə geri çəkilməməsi, Ermənistanın bu problem üzərindən spekulyasiya manevrlərinin sıfıra endirilməsi, böyük iddialarının girovuna çevrilmiş işğalçı-separatçı rejimin beynəlxalq miqyasda küncə sıxışdırılması xarici siyasətimizin qələbəsi oldu. Bu gün Azərbaycanın beynəlxalq mövqeyi tarixində heç zaman olmadığı qədər güclü və sarsılmazdır. Eyni zamanda, regional müstəvidə göstərilən təşəbbüslər, həyata keçirilən iri layihələr Azərbaycanı regionunun lider dövlətinə çevirdi. Dövlət başçısı İlham Əliyevin dəfələrlə və qürurla qeyd etdiyi – “Bu gün Azərbaycanın razılığı olmadan regionda heç bir layihə gerçəkləşə bilməz” yanaşması bu günümüzün reallığı, ölkəmizin regional və beynəlxalq miqyasda artan nüfuzunun və möhkəmlənən mövqeyinin əyani təzahürü oldu.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyanın ötən onillikdə də uğurla həyata keçirilməsi Azərbaycanın əldə etdiyi iqtisadi uğurların başlıca səbəbi oldu və bu prosesdə ölkəmizin güclü enerji infrastrukturu təşəkkül tapdı və onun qlobal əhəmiyyəti daha da artdı. Nəticədə, ölkəyə sabit maliyyə axını təmin edildi, ölkənin valyuta ehtiyatları dəfələrlə yüksəldi, çoxsaylı sosial-iqtisadi proqramların icrası təmin edildi. İkinci prezidentlik müddəti üçün qarşıya qoyulan əsas hədəflərdən biri - qaçqın düşərgələrinin ləğv edilməsi, onlar üçün müasir tipli qəsəbə və şəhərçiklərin salınması, onların iş yerləri ilə təmin olunması uğurla həyata keçirildi. Bununla bərabər, ölkə iqtisadiyyatının enerji amilindən asılılığının azaldılması da hər zaman İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin mərkəzində dayandı. Ümumdaxili məhsulun həcmində qeyri-neft sektorunun xüsusi çəkisi dəfələrlə artırıldı, çoxşaxəli inkişaf strategiyasının tətbiqinə başlanıldı. Qeyri-neft sektorunun sabit və davamlı inkişafı hesabına yaxın gələcəkdə ümumdaxili məhsulun iki dəfəyədək artırılmasını, innovativ və bilikyönlü iqtisadiyyatın inkişaf etdirilməsini əsas hədəflərdən biri olaraq müəyyən edən “Azərbaycan 2020: Gələcyə baxış” İnkişaf Konsepsiyası qəbul olundu və onun icrasına başlanıldı. Bu dövrdə ölkəmizə şərəf və rəğbət qazandıran ən böyük hadisələrdən biri də Azərbaycanın ilk süni peykinin – “AzərSpace”in fəzaya qaldırılması və onun kosmik sənayeyə sahib olan azsaylı ölkələrin sırasında yer alması oldu. Gənc bir dövlət olan Azərbaycanın kosmik ölkələr ailəsinə qatılması hər bir vətəndaşın öz dövləti ilə fəxr etməsinə, qürur hissi keçirməsinə şərait yaratdı.
Son 5 il ərzində Azərbaycan təkcə iqtisadi inkişafı ilə deyil, bu inkişafla tarazlı şəkildə həyata keçirilən idarəetmə qurumlarının restrukturizasiyası, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması baxımından da digər dövlətlər üçün müsbət nümunəyə çevrilməkdədir. Elektron hökumətin formalaşdırılması tədbirləri çərçivəsində vətəndaşlara göstərilən əksər xidmətlərin vətəndaş – məmur qarşılaşması olmadan elektron formada həyata keçirilməsi, ASAN Xidmət şəbəkəsinin respublika miqyasında qurulması istiqamətində görülən tədbirlər İlham Əliyevin öz vətəndaşına dünya standartlarına uyğun yüksək keyfiyyətli xidmətlərin göstərilməsində qərarlı olduğunu göstərir.
Bütün bu uğurların kökündə 2003 və 2008-ci il seçimlərində xalqın etimadını qazanmış və onu layiqincə doğrultmuş İlham Əliyevin modernist baxışları, principial siyasi mövqeyi, öz xalqına və xalqın ümummilli Liderinin siyasi kursuna sadiqliyi və nəhayət, onun gərgin əməyi dayanır. Bu gün prezident olmaga iddialı şəxslərin siyahısında yer alan Ilham Əliyev bütün məziyyətləri ilə başqalarından fərqlənən, eyni zamanda öz təvazökarlığı ilə ən çox diqqəti cəlb edən və seçicilər tərəfindən xüsusi rəğbətlə qarşılanan bir namizəddir. Bu məqamda bir vətəndaş və bir siyasətçi kimi İlham Əliyev şəxsiyyətini opponentlərindən fərqləndirən özəlliklərə nəzər salmaq yerinə düşərdi.
Humanizm. Hər şeydən öncə İlham Əliyev humanist - insanpərvər bir siyasətçidir. Demək olar ki, hər bir çıxışında qeyd etdiyi – “Azərbaycanda dövlət siyasətinin təməlində insan amili dayanır” prinsipi İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün layihələrin başlıca humanist ideyasıdır. Dövlətin ali məqsədinin vətəndaşa xidmət etməkdən ibarət olduğunu dəfələrlə vurğulayan İlham Əliyev Prezident olduğu dövrdə ölkənin siyasi, sosial, iqtisadi, mədəni inkişaf proqramlarının da məhz bu prinsipdən çıxış edərək həyata keçirilməsinə təminat yaratmışdır. Bu baxımdan, İlham Əliyev həm ölkəmizdə, həm də beynəlxalq miqyasda dövlət – insan münasibətlərinin yeni platformasını irəli sürən novator siyasətçi kimi diqqəti cəlb edir. Dünyanın bütün dövlət başçıları arasında İlham Əliyev öz xalqı ilə ən çox təmasda olan bir ölkə başçısıdır. Son məqsədi demokratik vətəndaş cəmiyyətini təşəkkül etdirməkdən ibarət olan sosial dövlət quruculuğu, vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsi İlham Əliyev siyasətinin aparıcı xəttidir. Vətəndaş – məmur münasibətlərinə xüsusi həssaslıqla yanaşan ölkə başçısı regionlara hər səfərində dövlət məmurunun əsas vəzifəsinin vətəndaşlara keyfiyyətli xidmət göstərməkdən ibarət olduğunu xatırlatmaqla, vətəndaşların hüquqlarının pozulmasına səbəb ola biləcək hərəkətlərə qarşı sərt və barışmaz mövqeyini ortaya qoyur. Bu, bir daha Prezident İlham Əliyevin seçicilərin ona göstərdiyi etimadı daim uca tutduğunu, dövlət – vətəndaş münasibətlərində qarşılıqlı inam mühitinin daha da möhkəmlənməsində maraqlı olduğunu göstərir.
Fədakarlıq və təvazökarlıq. İlham Əliyev xalq tərəfindən seçilən, xalq üçün seçilən və xalqın firavan gələcəyi üçün yorulmadan çalışan bir siyasətçidir. O. eyni zamanda, əldə olunan bütün uğurları xalqın adına bağlayan təvazökar bir siyasətçidir. “Bizim uğurlarımız insanların, Azərbaycan xalqının dəstəyi və birbaşa iştirakı olmadan mümkün deyil və bir daha demək istəyirəm ki, bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”. 2008-ci ildə yeni seçilmiş Prezidentin andiçmə mərasimində söylədiyi bu fikirlərlə İlham Əliyev özünəməxsus təvazökarlıqla əldə olunmuş uğurların təməlində hakimiyyət komandasının deyil, bütövlükdə Azərbaycan xalqının dayandığını göstərirdi. Faktiki olaraq, hakimiyyət komandası da Azərbaycan xalqının siyasi-intellektual elitasından formalaşdığından prezidentin vurğuladığı dövlət və xalq maraqlarının vəhdəti burada bütün fəaliyyətlərin qaynağında görülür. Bu, həm də ölkə başçısının Ana Yasamıza sadiqliyini nümayiş etdirir, konstitusion əsaslarda Azərbaycanda hakimiyyətin mənbəyinin xalq olduğunu bir daha göstərir.
Çeviklik, cəsarət və qətiyyət. İlham Əliyev dünya birliyinin dialektik inkişaf istiqamətlərini yaxşı bilən, Azərbaycanın xarici və daxili siyasət platformasını optimal tarazlıq müstəvisində zərgər dəqiqliyi ilə müəyyənlişdirən çevik, cəsarətli və qətiyyətli bir siyasətçidir. Yaşadığımız regionda, eləcə də beynəlxalq miqyasda bir göz qırpımında dəyişən situasiya xarici siyasətin daha çevik olmasını və bu siyasətin milli maraqlara adekvat yürüdülməsini tələb edir. İlham Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasəti səciyyələndirən spesifik cəhət də məhz belə bir reallıqda yalnız milli maraqlara əsaslanan tarazlı beynəlxalq münasibətlər xəttini prinsipial şəkildə yeritməsidir. Dövlət maraqlarının ən ali səviyyədə qorunmasına xidmət edən diplomatik korpus şəbəkəsinin genişlənməsi, beynəlxalq və regional təşkilatların Azərbaycanın haqlı mövqeyini qəbul etdikləri qərarlarla dəstəkləməsi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzvlük İlham Əliyevin yürütdüyü xarici siyasətin milli maraqlardan qaynaqlandığını və bu siyasətin daxili siyasətlə harmonik bağlılığını göstərən dəlillərdir. Bu baxımdan, Azərbaycanın ümumtürk inteqrasiya proseslərini və türk dünyasının bütövlüyünü şərtləndirən təşəbbüslərin İdeya Mərkəzinə çevrilməsi də İlham Əliyevin milli-tarixi və milli-mənəvi köklərə bağlı olan cəsarətli bir rəhbər olduğunu göstərir.
Sabitlik və Həmrəylik. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan sabitliyin, davamlı iqtisadi inkişafın təmin olunduğu, dövlət siyasətinin mərkəzində vətəndaş marağının dayandığı bir ölkəyə çevrilmişdir. Bu gerçəkliyi görməmək mümkün deyil. Bu gün Xalq-Hakimiyyət konfiqurasiyasının bir tərəfində – vətəndaşı üçün layiqli həyat səviyyəsini təmin etməyi başlıca hədəf kimi müəyyən edən İlham Əliyev şəxsiyyəti, digər tərfində isə əvvəlki seçkilərdə İlham Əliyevə göstərdiyi etimadın bəhrəsini real şəkildə hiss edən, onu yenidən öz lideri kimi görmək arzusunda olan Azərbaycan vətəndaşı dayanır. Azərbaycan seçicisinin ölkə başçısına, ölkə başçısının Azərbaycan seçicisinə olan güvəncini sarsılmaz edən də bu tərəflər arasındakı qarşılıqlı inamdır. Bütün ölkələr üçün ideal sayılan bu Vəhdət Azərbaycan nümunəsində artıq reallığa çevrilib. Azərbaycanın çağdaş mənzərəsi məhz bunu göstərir. Xalqın etimadını, sevgisini qazanmaq, bu etimad və sevgini daim qoruyaraq onu ümumxalq dəstəyinə - Sosial Dayağa çevirmək hər siyasətçiyə müyəssər olmur. ! Bu dayağın kifayət qədər möhkəm olması bu gün Azərbaycanı vətəndaş həmrəyliyinin rəmzinə, dünyada sabitlik məkanına çevirib. Sabitlik olmadansa, davamlı inkişafa nail olmağın mümkünsüzlüyü yaxın keçmişdə bir parası iqtidarda olmuş hazırkı müxalifətin acı təcrübəsindən bəllidir. Bu mənada, İlham Əliyev ölkə başçısı olaraq layiq olduğu xalq rəğbətini və sevgisini Xəzər genişliyində və Kür gurluğunda hiss etməkdədir. Xalqdan aldığı bu müsbət enerji və dəstək onu öz xalqı ilə birgə yeni zirvələr fəth etməyə ruhlandırmaqdadır. Sosial dayağı Xalq olan İqtidarın hakimiyyətdə qalması isə labüddür.
Bu gün çoxşaxəli inkişaf strategiyasının uğurla həyata keçirildiyi Azərbaycanda sabitlik onun əsas sərvəti və tərəqqisinin kökündə dayanan başlıca amildir. Azərbaycan seçicisi üçün əldə olunmuş uğurların davamlılığı, tərəqqi yolunun, sabitliyin dönməz xarakter daşıması daha çəkicidir. Burada özünün zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı dünya birliyinin aparıcı subyektinə çevirən İlham Əliyevin siyasi opponentlərlə müqayisədə mütləq üstünlüyü dərhal nəzərə çarpır və bu fərq hər bir Azərbaycan vətəndaşının seçimində həlledici olur.
Söz və Əməl. Yüksək xarizmaya, rəğbətdoğurucu şəxsi keyfiyyətlərə, üç dildə natiqlik məharətinə, əsaslı mövqeyin optimal təzahür maneralarına malik olan İlham Əliyev Azərbaycanın bir ucqar kəndində də, beynəlxalq tədbirlərin keçirildiyi yüksək tribunalarda da eyni səviyyədə yüksək məntiq və inandırıcılıq səriştəsi ilə çıxış edir. Onun çıxışları məntiqli və inandırıcıdır. Çünki onun dediyi Sözün arxasında Əməli dayanır. Prezidentliyi dövründə İlham Əliyev bir ölkə başçısının öz dövləti və xalqı üçün edə biləcəyindən daha artığını edə bilməyin mümkün olduğunu artıq öz əməlləri ilə sübut etmişdir. Malik olduğu bütün müsbət məziyyətlərini, proseslərə rasional yanaşma qabilyyətini dövlətin daxili və xarici siyasət strategiyasına məharətlə hopduran İlham Əliyev XXI əsrin çağdaş ruhu ilə səsləşən müasir Azərbaycanı yaratmaqdadır. Bu prosesdə isə heç nə təsadüfən baş vermir, ölkənin siyasi, ictimai, iqtisadi, mədəni həyatını yönəldən proseslər onun daxili inkişaf məntiqindən, qabaqcadan ölçülüb-biçilmiş layihələrin, proqramlaşdırılmış fəaliyyətlərin ardıcıllığından irəli gəlir. Belə yaradıcı bir fəaliyyətin nəticəsində Azərbaycan kəndi tarixin heç bir zamanında görmədiyi təhsil, mədəniyyət və istehsal obyektlərinə sahib olur. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən kənd əhalisinin verdiyi sözü əməli işi ilə tamamlayan bir namizədi səmimiyyətlə dəstəkləyəcəkləri qətiyyən şübhə doğurmur. Səhiyyə sisteminin təkmilləşdirilməsi, maddi-təchizat və tibbi xidmət potensialının dünya standartları səviyyəsinə çatdırılması istiqamətində davamlı siyasətin aparılması Azərbaycan həkiminin seçim etməsində əsas meyar olacaqdır. Kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş proqram və layihələrin uğurlu icrası, sahibkarlığa dövlət dəstəyinin yüksələn xətlə davam etməsi, əlverişli iş mühitinin yaradılması Azərbaycan sahibkarının seçimində həlledici amildir. Əmək şəraitinin yaxşılaşdırılması, yeni-yeni iş yerlərinin açılması kənddə və şəhərdə yaşayan zəhmətkeş insanların verilən sözə etimadını daim artırmaqdadır. Dövlət qayğısını hər zaman hiss edən, yaşayış tərzi daim yaxşılığa doğru dəyişməkdə olan Azərbaycan təqaüdçüsü öz seçimində sosial rifaha işıq yandıran namizədi tərəddüd etmədən dəstəkləyəcək. Təhsil sistemində keyfiyyət dəyişikliklərinə hədəflənmiş, təhsil infrastrukturunun, onun maddi-texniki bazasının gücləndirilməsi, müəllim və tələbə heyətinin sosial rifahının yüksəldilməsi məqsədi daşıyan, mədəniyyət və incəsənət sahəsini intibaha çatdıran siyasət kursu Azərbaycanda yaradıcı insanların, müəllim və tələbələrin seçimində məhz İlham Əliyevə üstünlük qazandıracaqdır. Ölkədə sabitliyin, əmin-amanlığın bərqərar edilməsi, mili təhlükəsizliyə yönəlmiş təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınmasına yönəlmiş çevik təhlükəsizlik siyasətinin aparılması, milli ordu quruculuğunun diqqət mərkəzində dayanması Azərbaycanın dövlət, hüquq-mühafizə orqanları əməkdaşlarının, hərbçilərinin seçimində İlham Əliyevə prioritet qazandıracaqdır.
Sadaladığım bütün amillər seçildiyi gündən xalqın etimadını doğruldan İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın qazandığı uğurların işığında öz dolğunluğu və möhtəşəmliyi ilə görünür. Beynəlxalq təşkilatların da artıq qeyd etdiyi kimi, seçkiqabağı dövrdə namizədlərin qeydə alınması prosesinin tam şəffaf keçməsi, təbliğat və təşviqat üçün bütün namizədlərə bərabər şəraitin yaradılması və ən baçlıcası, xalqın malik olduğu seçim təcrübəsi və məsuliyyəti Azərbaycandakı növbəti prezident seçkilərinin tam demokratik şəraitdə keçəcəyinə heç bir şübhə yeri qoymur. İlham Əliyevi siyasi mübarizə meydanında alternativsiz liderə çevirən amillərdən biri də elə mövcud demokratik mühitdir. Məhz belə bir durumda prezident iddiasında olan namizədlər xalqla açıq təmasa girib öz platformalarını bəyan edərkən İlham Əliyevin şəriksiz liderliyi faktı üzə çıxır. Təməlində Azərbaycan xalqının milli maraqlarının, maddi və mənəvi yüksəlişinin, davamlı və tarazlı inkişafının, “Güclü Xalq – Güclü Dövlət” ideallarının dayandığı siyasətin qalib gələcəyinə dərin inam hissi ilə,
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
Fəlsəfə doktoru