Çoxsaylı yazılarda Bəxtiyar Vahabzadənin adı qarşısında müxtəlif epitetlər işlənir: şair Bəxtiyar, alim Bəxtiyar, filosof Bəxtiyar, müəllim Bəxtiyar və s. Düşünürəm ki, şairlik onun təbiətindən və kövrəkliyindən irəli gələn bir xüsusiyyət kimi öz düşüncələrini, həyata baxışını, hadisələrə münasibətini izhar etmək, həmsöhbətinə çatdırmaq üsuludur. Əsərlərində sətir-sətir nizama düzülüb oxucunun qəlbinə və beyninə hakim kəsilən düşüncələri isə Bəxtiyar Vahabzadəni başqa bir keyfiyyətdə - söz sənətinin mahir ustadı kimi tanıtdırır. 60 illik yorulmaz fəaliyyəti ərzində özünün hərtərəfli və çoxcəhətli yaradıcılığı ilə o həm lirik şair, həm ləyaqətli bir vətəndaş, həm dünya sirrlərinin dərinliyinə baş vuraraq onları açmağa qadir olan tədqiqatçı alim, həm də fırlanan dünyada İnsanlığın səadət və xoşbəxtlik axtarışında getdiyi dolanbac yollara isıq salan bir filosof kimi gözlərimiz önündə canlanır.
Ayrı-ayrılıqda bunların hər birini şair Bəxtiyara şamil etmək olar. Bu cəhətləri birləşdirəndə isə qarşımızda sözünün qüdrəti ilə, zəkasının itiliyi ilə, düşüncələrinin bəşəriliyi ilə şairi də, alimi də, filosofları da heyran qoya bilən möhtəşəm bir möcüzə ilə rastlaşırıq. Bu möcüzənin adı - Bəxtiyar Vahabzadə fenomenidir.
Bəxtiyar Vahabzadə də tarixdə az-az rast gəlinən fenomenal şəxsiyyətlər kimi adi bir ailədə, adi bir uşaq kimi dünyaya göz açsa da, adi bir həyat yaşamadı. O, yaşadığı həyata, böyüdüyü cəmiyyətə, onu əhatə edən toplumun dəyərlərinə baxdı, bütün bunları idrakının süzgəcindən keçirdi, çox şeylərin dərrakəyə və məntiqə uyğun olmadığını görüncə susa bilmədi və o andan başlayaraq özünün yox, öz xalqının və bütün türk dünyasının düşüncələri və qayğıları ilə yaşadı. Bu haqda o özü yazırdı.
Qəribə dünyadır, bəzən baş yarır
Ayağın dəstəyi taxta çəliklər
Bəzən qul sahibi qula yalvarır
Dünyanı fırladır qəribəliklər
Dünya çalxalanır yenə dəniz tək
Bu böyük dünyanın dərdini çəkmək
Bizəmi qalıbdır, Vallah nə deyim,
Sənə yox, mənəsə qalıb neyləyim
Özünün dediyi kimi, o bu dünyanın qəribəliklərini anlamağa , onların səbəbini tapıb düzgün səmtə yönəltməyə çalışdı və beləcə bütün ömrünü ədalət və həqiqət uğrunda mübarizəyə həsr etdi. Bu mübarizə isə əbədidir və bu yolu seçənlər üçün şəxsi həyatla mübarizə arasında eynilik, bərabərlik işarəsi olur. Belə həyat sakit, qayğısız ötüşmür, daimi çarpışmalarda, fikirlərin, düşüncələrin nüfuz edə biləcəyi sonsuz axtarışlarda, təəssüf və təəccüb dolu giley-güzarda və eyni zamanda xalqa, millətə və bəşəriyyətə qətiyyət və cəsarət dolu çağırışlarda keçir. Bu qətiyyəti və cəsarəti bütün həyatı boyu Bəxtiyar Vahabzadənin hərtərəfli fəaliyyətində və şəxsi nümunəsində izləmək mümkündür. Azərbaycan ədəbi tənqidinin ən görkəmli nümayəndələrindən biri, həmyerlimiz Yaşar Qarayevin dediyi kimi, Bəxtiyar Vahabzadə – “şəxsiyyəti öz yaradıcılığında qabarıq təzahür edən” bir şairdir. Doğrudan da Bəxtiyar Vahabzadə şəxsiyyətini tanıtmağa lüzum yoxdur və yüz illər də keçsə, kiminsə onu tanıtmağına ehtiyac olmayacaq. Çünki onun kimliyi bütün cizgiləri ilə kiminsə təsvir edə biləcəyindən daha mükəmməl şəkildə onun əsərlərində öz əksini tapmışdır. Bəxtiyar Vahabzadə əsərlərində təsvir olunan kədər və sevinc, həqiqət və yalan, tarix və gələcək, qürur və məyusluq – ümumiyyətlə, Bəxtiyar Vahabzadənin Xeyir və Şər dəyərləndirmələri onun bir insan ömrünə sığmayan mənəvi iztirablarının, vətəndaş mövqeyinin, şəxsiyyət keyfiyyətlərinin açıq-aydın göstəriciləridir. Bütün yaradıcılığında Bəxtiyar Vahabzadə sadəcə gördüklərini təsvir etmir, təsvir etdiyi hadisə və əşyaların zahiri dəyərləri ilə daxili dəyərləri arasında müqayisələr aparır, əbədi olan, müqəddəs tutulmalı olan dəyərləri üzə çıxarır. O, öz əsərlərində hadisələrin mahiyyətinə, mənəvi dərinliklərinə vararaq adi vətəndaşın görə və duya bilmədiyi ən qiymətli məfhumu tapıb oxucunun diqqətinə çox sadə bir xalq dilində çatdırır. Belə məqamlarda Bəxtiyar Vahabzadə söz sənətinin azərbaycan ədəbiyyatı tarixində misli görünməmiş ən mahir söz ustadı səviyyəsinə yüksəlir. Bəxtiyar Vahabzadənin ən dərin hikmətləri ən lakonik şəkildə, ən sadə adamın belə başa düşəcəyi tərzdə ifadə etmək məharətini Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimov belə təsvir etmişdir. “O sözü elə gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevinc və mənəvi estetik ləzzət duyursan”. Bəli, doğrudan da hər birimiz bəzən şüurumuzla dərk edib təxəyyülümüzdə canlandırmağa çalışdığımız, lakin sözlə ifadə edə bilmədiyimiz bütün hiss və həyəcanlarımızın ana dilində ən uğurlu sözlərlə ifadə olunmasını ilk dəfə məhz Bəxtiyar Vahabzadə əsərlərində tapa bilirik. Bəxtiyar Vahabzadənin bütün yaradiciliğı milli-mənəvi bütövlüyün və əxlaqi-humanist dəyərlərin təbliğindən yoğrulmuşdur.
“Vətən daşı olmayandan, Olmaz ölkə vətəndaşı” - deyən şair bütün ömrü boyu dil, millət, vətən uğrunda mübarizənin önündə durur. Xalqın haqq işi uğrunda mübarizliyi onu şairlik çərçivəsindən çıxarır və o, bu dəfə bütün əzəməti ilə ən yüksək əxlaqi dəyərləri özündə təcəssüm etdirən Vətəndaş kimi qarşımızda canlanır. Təzyiq və təqiblərdən qorxmayaraq, irad və kinayələrə məhəl qoymadan həqiqəti bütün çılpaqlığı ilə üzə çıxaran Bəxtiyar Vahabzadə özünün yox, bütöv bir millətin azadlığını tələb edir, məkrli siyasətin qurbanı olaraq ikiyə bölünmüş Vətənin bütövlüyünə çağırır. Dünyanı “quru bir səs” adlandıran Bəxtiyar Vahabzadə həyata görə qəm çəkməməyi tövsiyyə edir, bir fərdin həyatından qat-qat üstün olan bir varlığa – Vətənə səcdə etməyə səsləyir.
Dünya quru bir səs,
Qəm çəkməyə dəyməz.
Yüz-yüz itən olsun,
Min-min də bitən var.
Şükr eyləyəlim ki,
Bizlərdən həm əvvəl,
Həm sonra Vətən var.
-deməklə Bəxtiyar Vahabzadə fərdin müvəqqətilik, Vətənin isə əbədilik ideyasını beləcə qətiyyətlə insanların şüuruna kökləyir, onları öz həyatını fərd kimi yaşamağa yox, əsl Vətəndaş kimi yaşamağa səsləyir.Bizi əhatə edən aləmdə hər nə varsa şairi dərindən düşündürür. Vətəndaş olmağını arzuladığı hər bir fərdin özəl həyatında baş verən ictimai hadisələr də şairin diqqətindən kənarda qalmır. Sağlam cəmiyyətin formalaşması üçün sağlam ailənin və bir ailə içində mənəvi-əxlaqi cəhətdən sağlam mühitin yaranmasını vacib sayır. Bunu “Atılmışlar” poemasında insan həyatındakı harmoniyanın pozulmasını əks etdirən faciəvi səhnələr şəklində diqqətə çatdırır. Bu harmoniyanın pozulmasında övlad hissiyyatı – valideyn borcu və bu iki məfhumdan doğan məsuliyyət və fədakarlıq hissi bir ailə miqyasından çıxarılaraq bütövlükdə cəmiyyətin sağlamlaşması üçün onun hər bir üzvünün əxz etməli olduğu yüksək əxlaqi dəyərlər kimi qiymətləndirir.
Bəxtiyar Vahabzadənin İnsan və Zaman kontekstindəki düşüncələrində bütün mənəvi-əxlaqi dəyərləri əxz etmiş Vətəndaş anlayışı artıq bir ölkənin çərçivəsinə sığmır. O bir ölkənin ləyaqətli vətəndaşı olmağın özünü Dünya vətəndaşlığına qovuşmaq kimi görür. Bu halda Bəxtiyar Vahabzadə özü də bir xalqın, bir millətin nümayəndəsi olmaq missiyasından çıxır, bəşəriyyətin birlikdə fəth etməli olduğu ədalət və səadət axtarışlarında çarpışan Bəşər övladına çevrilir. Dünyada hər bir insanın adi məişət həyatından tutmuş fövqəl-dövlətlərin ideologiya və siyasət toqquşmalarına qədər hər bir epizodda ədalətin yerini axtarır, insanları və bütövlükdə insanlığı səadətə qovuşdura bilməyin yalnız humanist və etik-mənəvi əsaslar üzərində mümkünlüyü qənaətinə gəlir. Hələ 60-cı illərin ortalarında qələmə aldığı “Təzadlar” poemasında qoyulan bəşəri problemlər bu gün də dünyanın gündəmində həll olunmadan qalmaqdadır. Bu əsərində Bəxtiyar Vahabzadə durmadan silahlanan, millətlərə sadə həyat yaşamağa belə imkan verməyən qlobal güc mərkəzlərinin elmi-texniki nailiyyətlərin səmərəsini hərb işinə yönəltməsini, dirçəlməkdə olan xalqların azadlıq və müstəqillik ideallarını boğmağa çalışmasını, irq-dini ayrı-seçkiliyi ümumbəşəri tərəqqiyə böyük zərbə kimi ifşa edir. Dünyanın vahid bir tam kimi təşəkkül tapmasına mane olan siyasəti tənqid edən Bəxtiyar Vahabzadə təkcə öz xalqının deyil, bütün dünyanın gələcəyi üçün narahatlığını dilə gətirir.
Bəxtiyar Vahabzadə yaradıcıləğı o qədər dərindir ki, onun bu və ya digər tərəfini seçib qabartmaqla, biz onu əhatə etmək iqtidarında deyilik. Bu əsərlərdə təkcə Bəxtiyar Vahabzadə kimliyi yox, həm də bütün Azərbaycanın və bütün türklüyün tarixi yaşayır. Onun “Dar ağacı”, “Özümüzü kəsən qılınc” kimi şedevr əsərlərində Bəxtiyar Vahabzadə 15 əsr əvvəldən başlayaraq bü günə qədər türk tarixinin ən önəmli səhifələrini ədəbi-bədii vasitələrlə təsvir edir. Müasir dünya türklüyünə səslənir, tariximizin ən faciəli anlarını öyrənib ondan ibrət götürməyə, birliyə və səfərbərliyə çağırır.
Nəhayət , Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə, dünyagörüşü və məntiqi qənaətləri ilə poeziyanı fəlsəfəyə, fəlsəfəni isə poeziyaya unikal şəkildə sintez etməyə nail olmuş bir filosofdur. Onun fəlsəfəsi mücərrəd deyil , utopik və mifik anlayışlardan uzaq olub, İnsan üçün daha konkret olan universal dəyərlərə söykənən həyati bir fəlsəfədir. Səadət, ləyaqət, şərəf, vicdan və sair fəlsəfi kateqoriyaları bəşəri təkamülün ən yüksək əxlaqi dəyərləri kimi təqdim edən Bəxtiyar Vahabzadə İnsanlığın xoşbəxt gələcəyinin də məhz bu dəyərlər əsasında təşəkkül tapacağına əminliyini ifadə edir. Bu baxış əxlaqın siyasətlə ziddiyyət təşkil etməsi kimi qeyri-rasional bir tezisə əsaslanan müasir dünya idarəçiliyinə müxalif bir baxışdır. Lakin bu fikir heç də şair təxəyyülünün yox, çağdaş qlobal siyasətin dalana dirəndiyini aydın görə bilən və bu dalandan dünyanın çıxması yollarını arayan bir filosofun – Bəxtiyar Vahabzadənin təfəkkürünün məhsuludur. Bəxtiyar Vahabzadənin hər bir yazısı özündə fəlsəfi yük daşıyır. “Hara gedir bu dünya”, “Qürub düşüncələri”, “Köklər-budaqlar” kimi əsərləri isə dünyanın suallarına cavablar axtaran, bir müddət idealizmlə materializm arasında tərəddüd edən və nəhayət öz həqiqətlərini tapan yetkin bir mütəfəkkirin dünyaya aristokratik baxışıdır.
Beləliklə, Bəxtiyar Vahabzadə Azərbaycanın dahi zəka sahibləri Nizami və Nəsiminin fəlsəfi görüşlərini üzvi surətdə sintezləşdirərək bütövlükdə Azərbaycan fəlsəfi fikrini daha yüksəklərə qaldırmağa nail olmuş bir filosofdur. Sözün qüdrətini dərk edərək ona heyranlığını vəsf edən Füzulidən ilham alan Bəxtiyar Vahabzadə öz yaradıcılığında sözü ən qüdrətli vasitəyə çevirə bilməyin misilsiz nümunələrini yaratmağa nail olmuş bir şairdir. Və nəhayət, ağrılı-acılı həyatının bütün təcrübəsi ilə daim zənginləşən Bəxtiyar Vahabzadə bütün məziyyətləri ilə Dədə Qorqud müdrikliyinə qovuşmuş ulu bir şəxsiyyət kimi Azərbaycan xalqının əbədi mənəvi sərvətidir.
Bəxtiyar Vahabzadə şəxsiyyəti İnsanın özünü ona ayrılmış qısa həyatdan çox-çox daha uzun yaşatmağa qadir olduğunu, insan varlığının ölməzliyə və əbədiyyətə qədər yüksələ bildyini əyani olaraq göstərən bir fenomendir. O öz həyatı ilə bunun mümkünlüyünü göstərdi. Bu o zaman mümkün olur ki, Yer üzündə həyata gəlmiş insanlardan bəziləri təbiətin onlara havayı verdiyi həyatı havayı yaşamağa gəlmirlər. Onlar tarixin bütöv bir mərhələsində insanların yaşam dəyərini anlamağa və anlatmağa və beləliklə, içərisində dünyaya göz açdıqları cəmiyyəti ən yüksək dəyərlər əsasında yaşatmaq üçün həyata gəlirlər. Bunlar tale tərəfindən seçilmişlərdir. Məhz bu seçilmişlər Yer üzünün əşrəfi sayılan İnsan-ın ölməzlik və əbədiyyət simvollarıdır. Bəxtiyar Vahabzadə də Şəkinin, Azərbaycanın, bütün türk dünyasının deyil, Yer üzünün seçilmişlərindəndir. Ona görə də O ölməz və əbədidir.