Qlobal siyasət və onun humanitar əsaslarının öyrənilməsi insan inkişafını dünya siyasətinin balansyaradıcı amili kimi müəyyən edən paradiqmaya xüsusi diqqət yetirilməsini tələb edir. Çünki beynəlxalq sistemin inkişafı onun nüvəsini təşkil edən insan inkişafı olmadan mümkün deyil. Lakin insan inkişafı siyasətinin aparılması sahəsində bu gün nə qədər böyük uğurlar qazanılsa da, BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı İndeksinə görə dünyada vəziyyət kifayət qədər problematik olaraq qalır. BMT-nin İnkişaf Proqramının Hesabatında əsas nəticə belə ümumiləşdirilir ki, “insan inkişafı münasibətləri baxımından dövlətlər arasındakı məsafə hələ xeyli böyükdür, gəlirinə və həyat imkanlarına görə onların qeyri-bərabərliyi dərinləşməkdədir” [11, s.3]. Bu Hesabatların hazırlanmasının iyirmi illik təcrübəsi də göstərir ki, onların başlıca məqsədi “siyasi azadlıq və siyasi səlahiyyətlərdən davamlı inkişaf və insan təhlükəsizliyinə qədər insan inkişafının böhranlı aspektlərini əhatə etmək, həmin problemləri həll etmək istiqamətində tədqiqat və texnologiyaların daha geniş fəaliyyət meydanını açmaqdır” [10]. BMT-nin 2011-ci il İnsan İnkişafı Hesabatında da “davamlılıq və bərabərlik: hamı üçün daha yaxşı gələcək” tezisi əsas götürülür və vurğulanır ki, insan inkişafı sahəsində sabitliyi müəyyən qədər saxlamaq olsa da, “dünyanın çətin durumda yaşayan əksər xalqları hələ də ən çox ekoloji deqradasiyadan, siyasi hakimiyyətin disproporsionallığından əziyyət çəkirlər, bunlar da dünya birliyi üçün zəruri olan qlobal siyasət dəyişiklikləri aparmağı daha da çətinləşdirir” [9]. Ona görə də mütəxəssislər insan inkişafı indeksində bir sıra göstəricilər üzrə irəliləyiş faktlarına baxmayaraq dünya üzrə maddi və humanitar durumun qeyri-qənaətbəxşliyinin səbəbləri aydınlaşdırmağa çalışırlar [2].
Problemə münasibətin fundamental istiqamətində isə insan inkişafı indeksinin yalnız kəmiyyət göstəriciləri deyil, həm də keyfiyyət göstəriciləri diqqət mərkəzinə gətirilir [3, s.53, 193-194, 382, 399 ]. Biz də həmin istiqamətdə problemin daha dərin köklərinə varmağa kömək edən aspektlər üzərində dayanmağı vacib və məntiqli hesab edirik. Bu mövqe qlobal siyasətdə antropoloji planın aktuallaşdırılmasına yeni humanitar dünyagörüşü modeli əsasında yanaşmanı meydana gətirir.
Qlobal siyasətdə insan inkişafına həmin modeldə etik-fəlsəfi yanaşmanın əsas konseptual cizgilərini müəyyənləşdirməyə kömək edən real tarixi-transformativ mənzərəni belə xarakterizə etmək olar:
İdarəetmə texnologiyalarını daim təkmilləşdirməyə çalışan siyasət, təbii ki, tarixən fəlsəfə və etikanın insan və onun inkişafı ilə bağlı konsepsiyalarını yalnız öz məqsəd və prinsiplərinə uyğunluq dərəcəsində mənimsəmişdir. Müəyyən inkişaf dövrlərində bu konsepsiyalar siyasətin nəzəriyyəsinə daha çox təsir etsə də, onun praktikasına təsirsiz ötüşmüşdür. Lakin elə həlledici tarixi situasiyalar olmuşdur ki, siyasət öz məqsədlərinin başlıca məramını – dövrünün mütərəqqi etik-fəlsəfi cərəyanları ilə səsləşməkdə görmüşdür. Maarifçiliyin insan və cəmiyyət quruculuğu ilə bağlı irəli sürdüyü doktrinanın Avropanın siyasi təkamülündəki və Amerika Birləşmiş Ştatlarının bir demokratik dövlət olaraq təsisatlanmasındakı rolunu buna misal göstərmək olar. İyirminci əsr etik-fəlsəfi humanizmi də ən yeni dövrümüzün siyasətinə məhz bu cür pozitiv təsir göstərmiş, insanın hüquq və azadlıqları ideyası beynəlxalq siyasətin platformasında hazırkı önəmli yerini tutmuşdur. Dünyanın, eləcə də siyasətin ideasional inkişafında əhəmiyyətli dönüş yaratmağa qadir olan elə etik-fəlsəfi konsepsiyalar da vardır ki, onlar müəyyən zaman keçdikdən sonra dərk olunur və tətbiqinə zərurəti meydana çıxarır. Məsələn, İmmanuil Kantın fəlsəfi sistemində əxlaq-məramlı dünya quruculuğu və “ümumdünya vətəndaşlığına” doğru hərəkətin labüdlüyü ideyası [6, s.280-310] yalnız iyirminci əsrdə – bu ideyanın reallaşması üçün etik-siyasi məkanın təşəkkülü prosesində əsl dəyərini aldı.
İnsanla bağlı fəlsəfi-etik ideyaların siyasətdə konvergensiya tapması individual müstəvidən daha çox sosial müstəvidə baş verir. Siyasətin spesifikasına görə, o, insan problemi ilə birbaşa deyil, dolayısı ilə, özü də sosial-siyasi münasibətlər çevrəsində məşğul olur. Tarixən siyasətin texnologiyaları insan başlanğıcı yox, cəmiyyət başlanğıcı üzərində qurulduğundan, o, ümuminin içərisində xüsusini görməyə o qədər də əhəmiyyət verməmişdir. Siyasət irəli hərəkət etmək üçün insana deyil, xalqa (qlobal siyasətdə beynəlxalq ictimaiyyətə) arxalanmışdır. İnsanı deyil, böyük xalq kütlələrini dövlət quruculuğuna, inqilablara, müharibələrə və digər əhəmiyyətli sanılan fəaliyyətlərə səfərbər edən, insana – məqsəd deyil, vasitə kimi baxan siyasət bununla da sosial-siyasi dəyişiklik və yeniləşmələrdə insan faktorunu kifayət qədər arxa plana keçirmişdir (totalitar rejimlərdə ekstremal dərəcədə). Lakin dərindən nəzərə alınmamışdır ki, hər hansı sosial sistemin nüvəsi – insan, bu sistemdə hər hansı bir struktur dəyişikliyin determinantı – yenə insandır. İnsan isə kütlə içərisində görünməz olan mücərrəd bir canlı deyil, özünəməxsus daxili dünyası olan, idrak və mənəviyyat sahibi olan varlıq, ölkəsində və dünyada baş verən hadisələrə öz münasibətini formalaşdıran və reaksiya verən, siyasətin dünyada nə etdiyini izləyib nəticə çıxara bilən şəxsiyyətdir. İnsan dünyanın siyasət planına kor-koranə itaət etmir, onu götür-qoy edir, üzərində axtarış aparır, lazım gəldikdə onunla qarşıdurmaya da gedir. Mahiyyətcə doğru olan, lakin həmişə ifrata vardırılan belə bir fikrə əsaslanmışlar ki, siyasətin əsas problemi – dövlət və dövlətlərin öz aralarındakı münasibətlər, daxili və xarici məsələlərdir. Amma bunun qədər önəmli olan digər fikri də inkişaf etdirmək zəruridir ki, siyasət və insan – onun ən başlıca problemləri sırasında yer almalıdır. Əlbəttə, siyasəti yaradanlar da insanlardır. Ona görə də onlarla – idarə edənlərlə onların “obyekti” – idarə olunan insanlar arasında kəskin fərq qoymaq və dünyanın sosial-siyasi orqanizminə belə bir quruluş vermək qeyri-humanist yanaşmanın təzahürüdür.
Siyasətin volyuntarist, ifrat siyasətçilik tendensiyalarına qarşı alternativ vasitələri isə həmişə insan konsepsiyasından çıxış edən humanist mövqelər yaradır. Qlobal siyasi həyatda bu mövqelərin rasionallaşması, müəyyən səviyyədə təşkilatlanması siyasətin diqqətini onun insan başlanğıcına istiqamətləndirir. Məhz bu mövqedən yanaşdıqda qlobal siyasətdə “insani dəyərlərin dərki” konteksti güclənir [4]. Beynəlxalq sosial-siyasi həyatın bu kontekstdə özünütəhlil zərurətinin kifayət qədər dərindən dərk olunmasının nəticəsidir ki, iyirminci əsrin sonu və iyirmi birinci əsrin əvvəllərini əhatə edən iki onillikdə beynəlxalq təşkilatlar tərəfindən insan inkişafı üzrə çoxsaylı proqram-layihələr həyata keçirilir. Lakin mövzunun əvvəlində qeyd etdiyimiz kimi, bunlarda insan inkişafı indeksinin yalnız kəmiyyət göstəricilərinə deyil, həm də keyfiyyət göstəricilərinə diqqət yetirilməsi zərurəti yaşanır. Çünki insan inkişafı indeksi əsasən iqtisadi, siyasi və humanitar durum səviyyələrini paralel və müqayisəli şəkildə təhlil etmə meyarları üzrə hazırlanır, burada dünya birliyinə inteqrasiya, fundamental insan hüquqları və azadlıqları, qlobal vətəndaş cəmiyyəti, demokratikləşmə, gender və siyasi islahatların necə həyata keçirilməsi məsələləri əhatə olunur. Ancaq kifayət qədər qlobal miqyas kəsb edən bu təhlillərdə insan inkişafının daha dərin ontoloji mahiyyətinə varılmır, hər hansı bir sosial-siyasi sfera daxilində insanın müstəqil varlığının substansiyası diqqətdən kənarda qalır. Bu isə qlobal siyasətə imkan verir ki, insana yenə də subyekt kimi deyil, obyekt kimi yanaşmasını davam etdirsin.
Beynəlxalq sosial-siyasi münasibətlərin ümumi mənzərəsi belə təsəvvür yaradır ki, sanki dövlətlər, cəmiyyətlər və insanlar hansısa bir fövqəlsiyasətin hökmü ilə idarə olunur, insan inkişafının ayrı-ayrı ölkələr üzrə qabaqcadan təyin olunmuş səviyyədə müəyyən edilməsi nəzarətdə saxlanılır, disbalans vəziyyəti bilərəkdən dəyişdirilmir. Etik-siyasi münasibətlərin normal qurulmadığı, insan inkişafının formal cəhətlərinə üstünlük verildiyi bu vəziyyət fəlsəfi idrakda özünün adekvat səciyyələndirilməsini alır: “Müasir dünya kəskin surətdə tarazlığını itirib və qaneedici yeni “davranış kodeksi”nin yoxluğundan əziyyət çəkməkdədir; total xarakterli qlobal maliyyə-iqtisadi böhran, onun davamı olaraq dünyada sosial və siyasi gərginliyin artması mövcud vəziyyəti daha da mürəkkəbləşdirməkdədir. Həm ayrıca götürülmüş cəmiyyətlər daxilində, həm də ümumdünya miqyasında görünməmiş qütbləşmə, kəskin təbəqələşmə dərinləşmiş və dərinləşməkdə davam edir. Bu şəraitdə müasir insan “sarsılmış şüur” sindromu ilə yaşamağa vadar olunur, onun sosial özgələşməsi isə qarşısıalınmaz prosesə çevrilir” [1, s.66]. Halbuki bir sıra nəzəri-fəlsəfi sistemləri, xüsusilə praksiologiyanı qlobal siyasi idarəetməyə və insan inkişafı texnologiyalarına üzvi şəkildə tətbiq etməklə – “insan fəaliyyəti vasitəsilə insan varlığının mahiyyətini və təbiətini, şəxsiyyətin özünüifadə və özünütəsdiq xüsusiyyətlərini, onun əqli-ruhi aləmini, maddi və mənəvi istehsala xidmət edən praktikasını, bu praktikanın başqalarının sosiallaşması üçün verdiyi və verə biləcəyi faydanı daha uğurlu öyrənmək olar” [1, s.65]. Bizim də qənaətimizə görə, qlobal siyasətdə əsaslı dönüş o zaman reallaşa bilər ki, o, dünya və insan inkişafının mahiyyətində baş verən dəyişikliklərə, siyasət və insan münasibətlərinin indiyə qədər açılmamış qatlarına və dünyanın siyasi təkamülündə insanın müstəqil fərd kimi yaradıcı potensialını stimullaşdırmağa səmt götürsün. Beynəlxalq siyasi sistemin – idarə olunan yox, özünüidarəedən sistem kimi modifikasiya alması da bu sistemin nüvəsindəki istiqamətverici proseslərə məsuliyyət daşıyan İNSANIN özünün idarə olunan yox, özünüidarəedən varlıq kimi dərk olunması və təyinatlanması ilə şərtlənir.
Buna görə də insan inkişafı probleminə yeni yanaşmalarda elmi-nəzəri cəhətdən daha konseptual, iqtisadi cəhətdən daha rasional, sosial-siyasi cəhətdən daha demokratik, hüquqi cəhətdən daha ədalətli prinsiplərin tətbiqi aktuallaşır. Belə yanaşmaları özündə əks etdirən insan inkişafı nəzəriyyələrində problemin öyrənilməsi üçün üçölçülü meyar tətbiq olunur: (1) sosial-iqtisadi, (2) mədəni və (3) institusional meyarların hər biri insan inkişafının müvafiq aspektini funksionallaşdırmağı nəzərdə tutan ölçünü müəyyən edir. Qanunauyğundur ki, buradakı hər üç səviyyədə insanın fərdiyyəti, özünüifadəsi, seçim və iradə müstəqilliyi, qabiliyyətlərini gerçəkləşdirmə imkanları və üstünlük verdiyi prioritetlər, bir sözlə onun şəxsiyyət potensialının əsas atributları öz əksini tapır. İnsan inkişafı nəzəriyyələrində sosial tərəqqinin ən yüksək səviyyəsi kimi insan inkişafının konseptuallaşdırılması ilə “xalqların başlıca yaşam aspektlərində insan müstəqilliyinin artım dərəcəsinin” bir-birini müvazinətləndirməsi ideyası əsaslandırılır [13, s.280-298]; insan inkişafının üç bir-biri ilə bağlı prosesi – “mümkün sosial-iqtisadi resursları artıran modernləşməni, yeni özünüifadə dəyərləri toplusunu yaradan dəyər dəyişikliklərini və cəmiyyətdə siyasi azadlıqları, vətəndaş azadlıqlarını təhlükəsizləşdirən demokratikləşməni” özündə ehtiva etməsi göstərilir: “Bu mənada insan inkişafı və humanistik cəmiyyətin getdikcə möhkəmlənməsi insana daha geniş təkmilləşdirilmiş seçim imkanları yaradır” [7, s.51]. “Vasitələr sferası, motivlər sferası və norma və hüquqlar sferasına” bağlanan insan inkişafının öz prinsipləri formalaşır [5]. Tədqiqatçılar bir sıra aqnostik baxışların əksinə olaraq sübut edirlər ki, hətta geri qalmış bir ölkədə insan inkişafı siyasətinin düzgün məqsədlərlə və əsaslandırılmış meyarlarla həyata keçirilməsi öz effektini verir. Cənubi Afrika Respublikasının ən radikal irqçilikdən demokratik dövlət quruculuğuna, irqi, sosial və gender bərabərliyinə, fundamental insan hüquqlarına təminat yaradan bir siyasi sistemə transformasiyası və bununla da hər cür diskriminasiyaya son qoyaraq, inkişaf edən normal dövlətə çevrilməsi bu problemlərlə qarşılaşan digər ölkələr üçün keçilmiş və davam etməkdə olan yolun ən yaxşı nümunəsidir.
İnsan inkişafı siyasətinin bu istiqamətdə təkmilləşən praktikası beynəlxalq siyasi həyat və etik mədəniyyətin tərəqqisində başlıca olaraq ona görə böyük əhəmiyyət kəsb edir ki, bu proses ümumən qlobal humanitar siyasəti dünya inkişafının proqram layihələrində leytmotivə çevirir. Yaşadığı sosial-siyasi sistemdən asılı olmayaraq insanın inkişaf hüququ – onun fundamental hüquqları içərisində müstəsna yer tutur. Ona görə də qlobal siyasət, beynəlxalq hüquq və beynəlxalq təşkilatlar insan inkişafı üzrə vahid platformadan çıxış etməlidirlər.
Qlobal siyasətdə antropoloji planın aktuallaşması, eyni zamanda, bəşəriyyətin etik-fəlsəfi mədəniyyətinin ərsəyə gətirdiyi mütərəqqi humanist ideyaların müasir nəzəriyyə və təcrübələrlə zənginləşərək, insanın hərtərəfli inkişafını qarşısına məqsəd qoyan fəaliyyətləri gücləndirməsi ilə şərtlənir. İnsan inkişafı konsepsiyasının etik-fəlsəfi təməlini möhkəmləndirə biləcək ideyalara üz tutulması istiqamətində bu məqama xüsusi diqqət yetirmək lazımdır: belə ki, klassik fəlsəfi düşüncə mədəniyyətinin ən parlaq nailiyyətlərindən olan Kamil İnsan konsepsiyası müasirliyin İnkişaf Etmiş İnsan konsepsiyası ilə eyni genealoji əsaslara malikdir. Deməli, qlobal humanitar siyasət insan inkişafı ilə bağlı problemin dərin köklərini araşdırarkən, bəşəriyyətin tarixən belə möhtəşəm idealları bəsləyib bu günümüzə çatdırmasını nəzərə almalı və söykəndiyi ənənələrin ideasional dayaqlarını möhkəmləndirməyi bacarmalıdır.
Qlobal siyasətdə zəruri dəyişikliklərdən, alternativ yanaşma modellərinin yaradılmasından ötrü çalışan beynəlxalq etika özünün əsas nəzəri-metodoloji prinsiplərini məhz bu dayaqlar üzərində qurduğu üçün, bir etik-siyasi münasibətlər praktikası olaraq qlobal siyasətin humanistləşməsi prosesində mühüm rol oynaya bilir. Xüsusilə “beynəlxalq etikada hüquqlar ideyasına” [12, s.250-269] önəm verilməsi siyasət – hüquq – əxlaq koordinatlarında məhz İnsan inkişafı ilə bağlı yeni konvergensiya məqamlarını tapmağa kömək edir.
Qlobal siyasətin etik-fəlsəfi arxitektonikası insan inkişafı platforması üzərində özünə möhkəm dayaqlar yaradır. Çünki fəlsəfə və etikanın İnsan inkişafı ilə bağlı klassik ideyaları – yəni bu inkişafın formal cəhətlərinə yox, substansiyasına diqqət yetirən ideyaları qlobal siyasətin mahiyyətinə gətirilir. “Hüquqlar ideyası ilə insan ləyaqəti ideyasının ayrılmazlığı” [12, s.252] müasir siyasi əxlaqın imperativi kimi təsdiqlənir. Dünya siyasətinin universal planında insan hüquqlarının təsbiti humanitar siyasi dünyagörüşünü məhz tərəqqiyönlü tendensiyalar istiqamətində dərinləşdirir. “Yaxşı nizamlanmış cəmiyyət” (“well-ordered society”) konsepsiyası İnsan inkişafına zəmin yaradan siyasi ədalətin prinsiplərini cilalayır [8, s.8-9]. Etik-siyasi idrakın məntiqi bu ideya üzərində qərarlaşır ki, yalnız azad və əxlaqlı insan özünün və cəmiyyətin yaradıcı potensialını artıra, dünyanın maddi və mənəvi qaynaqlarını inkişaf etdirə bilər. İnsan artıq dərk edir ki, onun bir sosial varlıq olaraq fərdi, milli və beynəlxalq səviyyədə inkişafı nəinki bir-birini şərtləndirir, eyni zamanda, bu bağlılıq üzərində həmin inkişaf səviyyələrinə nisbətdə onun getdikcə miqyaslanan, artan məsuliyyəti formalaşır: “Artıq biz hamımız qlobal siyasətə cəlb olunmuşuq” [14, s.499]. Yəni təkcə professional siyasətçilər deyil, dünya inkişafının məsuliyyətini öz üzərində hiss edən bütün insanlar qlobal siyasi həyatın iştirakçısına, etik-siyasi məkanın, yeni qlobal mədəniyyət düşüncəsinin yaradıcısına çevrilirlər. İnsan özünü siyasət tərəfindən idarə olunan passiv obyekt kimi deyil, siyasəti idarə edən aktiv subyekt kimi dərk edir. İnsan inkişafını öz məramı sayan qlobal vətəndaş cəmiyyəti də beynəlxalq siyasi həyata ciddi pozitiv təsir göstərə bilən şəxsiyyətlərin – kreativ intellektualların fəaliyyəti ilə özünün inteqral istiqamətini təyin edir. Belə bir mövqeyin qazanılmasını konseptuallaşdıran platforma İnsan inkişafını – dünya siyasətinin balansyaradıcı amili kimi müəyyən edən paradiqmanın nə qədər əsaslı olduğunu göstərir.
Həmin paradiqmanın kardinal arqumenti – İnsan inkişafı siyasətinin beynəlxalq təhlükəsizlik siyasəti ilə sıx bağlı olmasıdır. Dünyanın siyasi problemlərinin analitikası artıq çoxdan bu həqiqəti sübut etmişdir ki, qlobal siyasi, iqtisadi, sivilizasion, texnoloji, ekoloji və s. böhranların əsas səbəbi – beynəlxalq sistemi təşkil edən subyektlərin insan, cəmiyyət və dövlət səviyyəsindəki mövcud inkişaf fərqləridir. Ona görə də balansyaradıcı məqsədləri güdən qlobal siyasət və onun dəstəklədiyi beynəlxalq təşkilatlar, qlobal vətəndaş cəmiyyəti strukturları bütün vasitələrlə çalışırlar ki, dünya inkişafı və onun da ən mühüm humanitar xətti kimi İnsan inkişafı yüksələn tendensiyada və planetar miqyasda davam etsin. Çünki inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə insan inkişafının səviyyələri tamamilə fərqlidir. Bu fərq dünya siyasəti üçün ziddiyyət, konflikt, qarşıdurma, müharibə, idarəolunmaz miqrasiya axını, epidemiya və s. böhranmənşəli hadisələr deməkdir. İnkişafın qeyri-bərabərliyi dünyanın balanslı tərəqqisini ləngidən, qlobal riski artıran, eyni zamanda, planetar siyasi hegemonluq iddialarına fürsət verən (çünki neoimperializm zəif inkişaf etmiş ölkələrə hələ də istismar obyekti və ucuz işçi qüvvəsi məkanı kimi baxır) ən ciddi amillərdir. Müasir dünyanın hazırkı yüksək inkişaf səviyyələri və nailiyyətləri fonunda aclıq, yoxsulluq, hətta köləlik faktları beynəlxalq sistemin mövcudluğu üçün potensial təhlükə mənbəyidir. Beynəlxalq sosial-siyasi həyatın birgəyaşayış prinsiplərinə və qlobal etik mədəniyyətin getdikcə yüksələn normalarına sığmayan bu durumun aradan qaldırılmasından ötrü beynəlxalq təşəbbüslərin səfərbər edilməsi gərəkdir.
Dünyanın ayrı-ayrı ərazilərində inkişaf etmiş dövlətlər vardır, lakin Avropa dünyanın yeganə ərazisidir ki, burada inkişaf etmiş dövlətlər özlərinin məhz həmin inkişaf səviyyəsinə uyğun birliyini – Avropa İttifaqını yaratmışlar. Avropa İttifaqının dövlətlərində isə İnsan inkişafının ən yüksək indeks göstəriciləri qeydə alınır. Avropadaxili münaqişələri istisna edən siyasi qanunlara da bu regionda ciddi əməl edildiyindən, burada təhlükəsizlik planetin hər yerində olduğundan daha zəmanətlidir. Xüsusilə xarici təhlükələrə qarşı Avropanın kifayət qədər möhkəm təhlükəsizlik sistemi formalaşmışdır. Onun vətəndaş cəmiyyəti institutları da təkcə bu regionun deyil, bütün dünyanın siyasi inkişafına dəstək və stimul verən fəaliyyətləri koordinasiya edirlər. Eyni zamanda, demokratiyanın inkişaf göstəricilərinə görə, Avropa İttifaqının milli dövlətləri Qərb sivilizasiyasının örnək timsalını yaradırlar. Beynəlxalq sistemi möhkəmləndirən bu keyfiyyətlərinə görə də bütün ətraf region Avropa Birliyinə inteqrasiyaya can atır. Bu o deməkdir ki, (1) İnsan inkişafı, (2) qlobal vətəndaş cəmiyyətinin təsisatlanması, (3) demokratiyanın tərəqqisi, (4) təhlükəsizlik siyasətinə zəmanət və (5) sosial-siyasi mədəniyyətin inkişafı bir-birini şərtləndirən amillərdir.
İnsan inkişafı siyasətində onun mövcud problemlərinin həllinə kömək edən, bizim üzərində dayandığımız yeni yanaşmaların, vasitə və texnologiyaların aktuallaşdırılması, inkişafın formal deyil, substansial səviyyəsində və universal dəyərliliyində baş verməsinə təminat yaradan Humanitar Əsaslı fəaliyyət və metodologiyaların hərəkətə gətirilməsi dünyanın tarazlaşdırılmış strukturunun dinamikasına nail olmaq üçün ən vacib mərhələlərdir.
1. Abbasov Ə.F. Fəlsəfə və müasirlik / Müasir fəlsəfə və Azərbaycan: tarix, nəzəriyyə və tədris. Bakı: Elm, 2011, s.57-70
2. Hüseynov S. Davamlı insan inkişafının strateji istiqamətləri. Bakı: Adilğolu, 2003
3. Crocker D.A. Ethics of Global Development. Agency, Capability, and Deliberative Democracy. Cambridge University Press, 2009
4. Human Values and Global Governance. Studies in Development, Security and Culture. Ed. by Hettne B. In 2 vol., Vol.2. Palgrave Macmillan, 2008
5. Inglehart R., Welzel C. Modernization, Cultural Change and Democracy: The Human Development Sequence. Cambridge University Press, 2005
6. Kant I. Groundwork of the Metaphysics of Morals / Ethics. History, Theory, and Contemporary Issues. Ed. by Cahn S.M., Markie P. New York, Oxford: Oxford University Press, 2009, p. 280-318
7. Pettersson Th. Human Values and Civic Education. Adolescent Orientations towards Gender Equality and Good Citizenship / Human Values and Global Governance. Studies in Development, Security and Culture. Ed. by Hettne B. In 2 vol., Vol.2. Palgrave Macmillan, 2008, p.50-74
8. Rawls J. Justice as Fairness: a Restatement. Cambridge MA: Harvard University Press, 2002
9. Sustainability and Equity: A Better Future for All / http://hdr.undp.org/en/reports/global /hdr2011
10. The Real Wealth of Nations: Pathways to Human Development / http://hdr.undp.org/en/ reports/ global/hdr2010
11. UNDP, Human Development Report. UN: 2005
12. Vincent R.J. The Idea of Rights in International Ethics / Traditions of International Ethics. Ed. by Nardin T., Mapel D.R. Cambridge University Press, 2002, p.250-269
13. Welzel C. Effective Democracy, Mass Culture, and Quality of Elite: the Human Development Perspective // International Journal of Comparative Sociology, 2002, No.43, p.280-298
14. Zehfuss M. Conclusion: What can We do to Change the World? / Global Politics. A New Introduction. Ed. by Edkins J., Zehfuss M. London, New York: Routledge, 2009, p.483-501
Açar sözlər: Qlobal siyasət, insan inkişafı, qlobal vətəndaş cəmiyyəti, gender bərabərliyi, beynəlxalq etika, beynəlxalq təhlükəsizlik
Человеческое развитие как уравновешивающий фактор мировой политики
В эпоху глобализации не только профессиональные политики, но и все те люди, которые чувствуют на себе ответственность за мировое развитие, становятся участниками глобальной политической жизни, творцами политико-гуманитарного пространства, нового сознания планетарной культуры. Человек осознает себя не пассивным объектом, управляемым политикой, а активным субъектом, управляющим политикой. Глобальное гражданское общество, считающее своей целью человеческое развитие, также определяет свое интегральное направление благодаря деятельности креативных интеллектуалов – лиц, способных оказывать серьезное позитивное влияние на международную политическую жизнь. Платформа, концептуализирующая завоевание такого положения, показывает, насколько основательной является парадигма, определяющая человеческое развитие как уравновешивающий фактор мировой политики. Кардинальным аргументом данной парадигмы является тесная связь политики человеческого развития с политикой международной безопасности.
Ключевые слова: Глобальная политика, человеческое развитие, глобальное гражданское общество, гендерное равенство, международная этика, международная безопасность.
Human Development as a Balance-Creating Factor of World Politics
Not only professional politicians but also all people who feel responsibility on the world development become the participants of the global political life, the creator of the politico-humanistic space, and the new planetary culture thought. Person understands him/herself as an active subject managing the politics, but not as a passive subject managed by the politics. Global civil society considering the human development as its major aim identifies its integral direction with the activities of personality – creative intellectuals who positively influence on international political life. The platform conceptualizing the obtainment of such attitude shows how much the paradigm which identifies human development as a balance-creative factor of world politics reasonable is. Cardinal argument of this paradigm is close relationship of human development politics with international security politics.
Key words: Global politics, human developpment, global civil society, gender equality, international ethics, international security