“Avropa” və “Asiya” kimi tarixi-coğrafi dixotomiyasından, siyasi-mədəni qütbləşməsindən sonra, nəhayət, özünün təbii ölçülərində və bütövlüyündə dərk edilən Avrasiya planetin dörd su okeanı arasında yerləşən ən böyük quru ərazisi olsa da, dünyanın ən coşqun siyasət okeanını xatırladır. Əzəmətli imperiyaların, passionar etnosların səltənəti, bir tərəfdən, qocalan xalqların, digər tərəfdən isə yeni doğulan millətlərin vətəni olan Avrasiya şərqinin qərbini, qərbinin isə şərqini bitməz bir ehtirasla görməyə can atdığı sonsuzluğa bənzəyir. Avrasiya - tarix boyu davamlı olaraq dəyişən sərhədləri ilə, siyasi rəngləri və çalarları daim təzələnən palitrası ilə müharibə və sivilizasiyaların, qan və idrakın, qılınc və qələmin bir-birinə göz açmağa imkan vermədiyi bir meydandır.
Avrasiya. Avropasında Asiyanı, Asiyasında Avropanı axtaran romantik. Nəhayət, Avropasının Asiyasız, Asiyasının Avropasız yaşamasının mümkün olmadığını anlayan realist!
Taleyinə tarixdə və siyasətdə baş vermiş ən önəmli hadisələr, həlledici dönüşlər yazılan Avrasiya həmin proseslərin dramatizmində elə bir təcrübə qazanıb ki, artıq onun bundan sonrakı inkişafını təsadüflərin ixtiyarına verməmək kimi güclü bir məntiq bu taleyin üfüqlərində apaydın görünür!
Tarixi-siyasi proseslərin kəsişmə və düyünlənmə nöqtəsini təşkil etdiyindən geopolitikanın əsas paradiqmasına görə, Avrasiya – planetin “içtorpağı” (“Heartland”) və “tarixin coğrafi özəyi” (“The Geographical Pivot of History”) adlandırılır [9, s.431-436]. Bu ideyanın müəllifi həm də geopolitikanın banisi olan Halford Makkinderdir. Geopolitika isə öz missiyasına – Avrasiyanı beynəlxalq siyasətin mərkəzinə gətirməklə başlayır. XX əsrin başlanğıcında (1904-cü il) Halford Makkinder öz nəzəriyyəsinin substansial ideyasını belə formullaşdırır: “Avrasiyanı idarə edən – dünyanı idarə edir” [9, s.448]. Buna görə də beynəlxalq siyasətin hegemonları yüz ildən çoxdur ki, elə həmin nəzəriyyənin imperativlərinə uyğun olaraq, “dünyanı idarə etmək” üçün “Avrasiyanı idarə etmək” planı üzərində düşünür və addımlar atırlar.
Avrasiya geosiyasətinin tarixi və müasir inkişafı isə elə bir realist mənzərəni və praqmatik münasibəti göz önünə gətirir ki, burada “kənar oyunçuların” Avrasiyanın “qəlbinə” girməsi və onun “mərkəzindən” dünya idarəçiliyinə iddia etməsi hədsiz dərəcədə süni və məntiqsiz görünür. Bütün tarixi təkamülü, bugünkü siyasi strukturlaşma vəziyyəti və gələcək inkişaf perspektivləri ilə Avrasiya geopolitikası belə bir özünütəsdiq zərurətini yaşayır ki, bu kontinent – avrasiyalıların yalnız öz milli-siyasi iradəsi ilə və qlobal inteqrasiyanın təbii dinamikası ilə quruluş alaraq idarə olunmalıdır. Avrasiya geopolitikasının “yerli aktorları” “gəlmə aktorların” diktəsi altına düşməməlidir. Müasir Avrasiyanın əsil məntiqi reallığı da elə bundan ibarətdir.
Bəs Avrasiya geopolitikasının tarixi və müasir inkişafında konsentrasiyayaradıcı əsas qüvvə hansıdır ? Avrasiyanın tarixi və hazırkı etnik-siyasi coğrafiyasını, buradakı dövlətlərin təkamül prosesini əks etdirən xəritələrə diqqətlə baxdıqda aydın görünür ki, türkmənşəli toponimlər geniş Avrasiya məkanında səmadakı ulduz kimi səpələnib. Avrasiya tarixinin hansı dönüşyaradıcı hadisəsinə baxılsa, orada türklüyün izləri görünəcəkdir.
Buna görə də bizim əsaslandırmağa çalışdığımız paradiqma ondan ibarətdir ki, Avrasiya – yalnız türk dünyası ilə özünün geopolitik bütövlüyünü qazanır. Asiya və Avropa – türklərin qovuşdurduğu və orqanikləşdirdiyi fərqli sivilizasiya “komponentləri” olaraq, vahid sivilizasiya meqasistemində özlərinin qarşılıqlı münasibətlərini qururlar. Əgər Avrasiya – Avropa (Qərbi və Şərqi Avropa), Yaxın və Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya “bloklarından” ibarətdirsə, onların da ortaq geopolitik məkanını məhz türk dövlətləri yaradır. Türk dövlətlərindən başqa heç bir siyasi sistem həmin regionların geopolitik koordinasiyasını yaratmaq reallığında, imkanında və funksiyasında deyil. Təbii-coğrafi amillərlə şərtlənən və heç kimin şərik ola bilməyəcəyi bu reallığı, imkanı və funksiyanı türk dövlətləri uzun tarixi-siyasi proseslərin nəticəsi olaraq əldə etmişlər. Avrasiyanın tarixi geopolitikası bilavasitə həmin proseslərin kardinal istiqamətindən – yəni Asiya ilə Avropa arasındakı münasibətlərin tarixi transformasiyasından və burada türk dövlətlərinin rolundan həlledici dərəcədə asılı olmuşdur.
Əlbəttə, elmin gəldiyi qənaətlərə görə, tarixəqədərki və erkən tarixi dövrlərdə antropogen zonanın böyümə arealı (insanların yeni-yeni ərazilərə köçərək məskunlaşması) Afrikadan Asiyaya, Asiyadan Avropaya doğru istiqamətləndiyindən, sivilizasiyanın varisliyi baxımından, Avropanı Asiyanın “davamı” hesab etmək olar. Ancaq bu “varisliyin” təkamülü antik Asiya dövlətləri (Əhəməni və Hun-türk imperiyaları) ilə antik Avropa dövlətləri (yunan şəhər-polisləri, Ellada, Makedoniya və Roma imperiyaları) arasındakı aramsız olaraq davam etmiş müharibələrlə müşayiət olunmuşdur. Asiya – Avropa hərbi-siyasi münasibətlərinin cənub istiqamətində yunanlar farslarla, şimal istiqamətində isə romalılar hun-türklərlə və Şərqi avropalılarla toqquşmuşlar. Bu ziddiyyətlər sivilizasiya düşüncəsində dərin iz buraxmış və ilk dəfə olaraq, avropalılar asiyalıları başlıca geopolitik qarşıdurmanın obyekti kimi fərqləndirmişlər: “mədəni-tarixi konsepsiya ilk dəfə Avropanı Asiyaya qarşı qoyan Herodot (e.ə. V əsr) tərəfindən bəyan edilmişdir” [1, s.150]. Daha sonra antik yunan filosofu, Şərq-İslam mədəniyyətinə də böyük təsir göstərmiş Aristotel (e.ə. IV əsr) “azad yunan ruhunu Asiyanın kölə psixologiyasına” qarşı qoymuş və ondan bu təlimi mənimsəyən Makedoniyalı İsgəndər Avropadan Asiyaya doğru (Hindistanın sərhədlərinə qədər) işğalçılıq yürüşlərinə (e.ə. 334-326-cı illər) başlamışdır. Asiyanın Avropaya bu miqyasda hərbi cavabını təqribən 700 il sonra (b.e. 451-453-cü illər) hun-türklər vermişlər. Onlar hətta Makedoniyalı İsgəndərin edə bilmədiklərini etmişlər – Qərbi Hun-türk imperiyası Romanı, Şərqi Hun-türk imperiyası isə Çin və Hindistanı (b.e. V əsrin sonu – VI əsrin əvvəlləri) ələ keçirmişdir. Hun-türklər Avrasiyanın Sakit okeana doğru istiqamətində Çin imperiyasını, Atlantik okeana doğru istiqamətində isə Roma imperiyasını əzərək və deməli, bununla da, Avrasiyada mütləq hökmranlıq iddialarına son qoyaraq, bu intəhasız məkanın “içtorpağının” (“heartland”) məhz asiyalılara və onların ən mübariz etnosu olan türklərə məxsus olduğunu isbat etmişlər.
Avrasiyanın sivilizasiya qanunlarına əsaslanan və bu kontinentdə Asiya ilə Avropanın bütün istiqamətlər üzrə münasibətlərini açan əsil geopolitik tarixi isə Göy Türk imperiyasının təşəkkülü ilə başlayır. Eramızın VI əsrindən etibarən, Göy Türk imperiyası şərq istiqamətində Çin, cənub istiqamətində İran və Hindistan, qərb istiqamətində isə Bizans (Şərqi Roma imperiyası) arasında Avrasiya tarixində ilk dəfə Mərkəzi Asiya nüvəsinə əsaslanan ən böyük geopolitik məkanın hüdudlarını müəyyən etmişdir. “Dünya tarixində Mərkəzi Asiya” monoqrafiyasının müəllifi P.B.Qoldenin qeyd etdiyi kimi, “Türk (Göy Türk) imperiyası Avropanı Şərqi Asiya ilə birbaşa bağlayan ilk trans-Avrasiya dövləti olmuşdur” [8, s.37]. Asiya ilə Avropa arasında yüz illər boyu hərəkətdə olan türklərin yerdəyişməsindən asılı olaraq, həmin geopolitik məkanın ağırlıq mərkəzi zaman-zaman şərqdən qərbə, qərbdən şərqə doğru dəyişsə də, bu prosesin dəyişməyən, lakin daim təkamül edib yeniləşən siyasi dayağı məhz türklərin qurduğu dövlətlər və imperiyalar olmuşdur.
Lev Qumilyovun fikrincə, Asiya ilə Avropanı birləşdirən geopolitik məkanın açılması və bütövləşməsi prosesində “Qafqaz səddinin” aşılması üçün hətta VII əsrdə bu regionda bir çox dövlətlərin və xalqların iştirak etdiyi, lakin sonda türklərin qələbə çaldığı “dünya müharibəsi” baş verir [3, s.216-234]. Ötən zamanlarda hun-türklər, xəzərlər və qıpçaqlardan sonra türklər Qafqaz uğrunda mübarizənin sonrakı əsrlərdə də davam edən dramatik proseslərinə qoşulurlar. Yeri gəlmişkən, türklər ilk dəfə Kür və Araz çayları boyunca tutduqları ərazilərdə – Ağvanda (Albaniyada) vergi sistemi tətbiq etmişdilər. Ümumiyyətlə, türklərin getdikcə möhkəmləndiyi Xəzərətrafı region bu dövrlərdən başlayaraq, Asiya – Avropa münasibətlərində mühüm geopolitik kəsişmə nöqtələrindən birinə çevrilmişdir. Türk sivilizasiyasının siyasi passionarlığı qərbə doğru genişlənmə prosesində daha qüvvətli və qətiyyətli olur [2].
Avrasiya geopolitikasının dinamik inkişafına əsaslı təsir göstərən amillərdən biri də bundan ibarətdir ki, türklər imperiya quruculuğunda siyasi təşkilatlanmanın çox nizamlı və mütəşəkkil bir ənənəsinə sadiq qalmışlar: onlar etnosiyasi sistemin böyümə xarakterinə uyğun olaraq, idarəetmənin iyerarxik quruluşunu həm vertikal, həm də horizontal istiqamətdə dərinləşdirmişlər. Geopolitik məkan üzərində türklərin nüfuzu artıqca, onlar bu məkanı nəzarətdə saxlaya biləcək siyasi hakimiyyəti “bölməkdən” qorxmamışlar: “hissələr” birləşib bir “siyasi tamı” yaradır. Bu, həmin dövrlərin əsil sinergetik qanunauyğunluğu və ondan baş çıxarmaq demək idi. Belə bir qanunauyğunluğa əməl etdikləri üçün türklər hələ “Hun Epoxasından” başlayaraq, hakimiyyətlərini “doğu” (şərq) və “batı” (qərb) cinahlarına bölərək, səmərəli idarəetmə sistemini tətbiq etmişlər: Şərqi Hun-türk imperiyası və Qərbi Hun-türk imperiyası; Şərqi Göy Türk imperiyası və Qərbi Göy Türk imperiyası; Şərqi Türküstan və Qərbi Türküstan. Avrasiyanın “içtorpağını” onun bütün ətraf regionları ilə çevrələyən bu azman geopolitik məkanı - Asiyanın şərqindən Balkanlaradək uzanan ərazini türklər özlərinin çox qədim və doğma sözləri ilə “il” (el) adlandırırdılar. Etimologiyasına görə, il və ulus bir kökdən olub həm “ulus (millət)”, həm də “dövlət” anlayışlarına qədər geniş semantik mənanı qapsayır. Çinlilərin uzun müddət yaddaşlarından silinmir ki, “VII-IX əsrlərdə şimal-qərbdə onların çox güclü qonşuları – hunlar və uyğurlara qohum olan türklər” yaşamışlar [5, s.32]. Hind-avropalıların İran qanadına mənsub etnoslarının yaşadıqları məkan – İran, türklərin yaşadıqları məkansa – Turan adlandırıldığı zamandan Avrasiyanın cənuba doğru uzanan ərazisi özünəməxsus geopolitik təzad məzmunu alır. Türklər İran – Turan səddini də yarıb keçərək, artıq Avrasiyanın çoxmillətli və çoxsivilizasiyalı regionlarını ta Avstriya, Almaniya və İtaliyaya qədər tuturlar. Özəlliklə, “I-XII əsrlərdə Avrasiyanın etnomədəni sisteminin dinamikası” [4, s.788] burada baş verən geopolitik proseslərin istiqamətini türklərin passionar dalğası ilə daimi olaraq Avropaya doğru yönəldir. Şərqi Avropaya doğru hərəkət edən türklər bir neçə yüz il müddətinə slavyan xalqlarını – velikorusları, belarusları, ukraynalıları da hərəkətə gətirərək, bu regionu daha fəal etnosiyasi proseslərə qoşurlar.
Ümumiyyətlə, türk geopolitikasının təqribən iki min il davam edən inkişaf dinamikasında diqqəti cəlb edən cəhət bundan ibarətdir ki, türklərin tarixi-geopolitik dixotomiyasının və həmin budaqlanma üzrə özünütəşkilinin nəticəsi olaraq təşəkkül tapan Şərqi Türküstan və Qərbi Türküstan türk etnosiyasi sisteminin iki mühüm qolu kimi formalaşır: Şərqi Türküstan – Mərkəzi Asiya türk dövlətlərinin geopolitik zolağını, Qərbi Türküstan isə – getdikcə Avropaya doğru istiqamətlənən Qərbi Asiya türk dövlətlərinin geopolitik zolağını yaradır. Lakin türk dövlətləri hər iki istiqamətdə özləri və qonşuları arasında nə qədər müxtəlif konfiqurasiya vəziyyətləri yaratsalar da, Türk Elinin Bütövlüyü etnogenetik yaddaşın təməlində dayanmaqda davam edir. Türk dixotomiyasının qərb istiqaməti – Avropa ölkələri ilə, şərq istiqaməti isə – cənub-şərqi Asiya dövlətləri ilə münasibətlərdə fəallıq nümayiş etdirirlər. Klassik Asiya imperiyalarından heç birinin – nə Çinin, nə Hindistanın, nə İranın, nə Ərəbistanın edə bilmədiklərini məhz türklər edir: onlar Asiya – Avropa münasibətlərində birincinin geopolitik üstünlüyünə əsaslanan siyasi düzəni ta yeni zamanlara qədər qoruyub saxlaya bilirlər. Bu proses Osmanlı imperiyası ilə öz inkişafının zirvəsinə çatır. “Qlobal siyasət” adlı irihəcmli əsərin müəllifləri C.Edkins və M.Zehfus da göstərirlər ki, “Osmanlı imperiyası XVII əsrdə modern siyasi sistemlərin formalaşmasından sonra Avropa hakimiyyətləri ilə interaksiyaya girən ilk müsəlman dövləti olur” [7, s.101].
Ancaq hələ XVI əsrdə Avrasiyanın “geopolitik üçbucağı” – Osmanlı, Səfəvi və Moğol imperiyaları hər birisi öz maraqlarına uyğun Avropa siyasətini aparırdı. Bəlkə də gələcəkdə bu imperiyaların süqutunu şərtləndirən amillərdən biri də həmin fərqli siyasətlərin bir-biri ilə uzlaşdırılmaması olacaqdı. Avropa dövlətləri bundan məharətlə istifadə edib, Asiyanı parçalamaq və udmaq planlarını (“Divide et empire!” siyasəti) həyata keçirə biləcəkdilər. Lakin hələ dünyanın o zamanı idi ki, Avrasiyanın “geopolitik üçbucağı” Asiya – Avropa münasibətlərində diktə edən tərəf idi. Türk imperiyalarının universal mahiyyəti həmin münasibətlərdə sivilizasiya dəyərlərini kifayət qədər inkişaf etdirməyə imkan verirdi. Avropalılar artıq kifayət qədər Asiya dünyasına bələd olur, həm də yəqin ki, onun zəif cəhətlərini öyrənirdilər. Uzun əsrlər boyu türk imperiyalarının nəzarətində olan Böyük İpək yolu vasitəsilə yaradılmış trans-Avrasiya əlaqələri Asiya və Avropa sivilizasiyalarının interaksiyasını o zamanlar üçün ən yüksək həddə çatdırmışdı. Türklərin görüşdürdüyü Asiya və Avropa dünyalarının müasir qloballaşma epoxasına üvertüra ola biləcək interaktiv mədəni mühiti yaranır və genişlənirdi. Türk imperiyaları ortaq dəyəryaratma və dəyərpaylaşma üçün Asiya və Avropa sivilizasiyalarına geniş imkanlar açmışdı. Bu imperiyalarda nəinki iki monoteist din – islam və xristianlıq (onların bütün təriqət və məzhəbləri ilə birlikdə), həm də antik zamanlardan qalmış zərdüştlük, daosizm, nestorianlıq və çox geniş miqyasda buddizm bəşəriyyətin universal həyatının özünəməxsus dini-mədəni sferaları kimi yaşaya və inkişaf edə bilirdi. Burada dinin ən ibtidai formalarından olan şamanizm də saxlanılır, ən ali forması kimi ilahiyyat da tərəqqi edirdi. Və əsas bu idi ki, türklər islamın digər dinlər üzərində mütləq üstünlüyünə, islamı qəbul etmiş millətlərin digər xalqlar üzərində üstünlüyünə təminat yaradan heç bir doktrinanı heç bir zaman rəhbər tutmamışdılar!
Türk dünyasının bir parçası kimi Azərbaycanda isə bu gün də ənənələri davam edən sivilizasiya universallığı və dini tolerantlıq ölkəmizin Qafqazın indikindən qat-qat böyük ərazisinə malik olduğu zamanlarda, Şərq – Qərb interaksiyası mühitində daha optimal səviyyədə idi.
Bir çox Avropa müəlliflərindən fərqli olaraq, türk tarixinə, onun yaratdığı sivilizasiyanın möhtəşəmliyinə, türk öndərlərinin, xüsusilə Mustafa Kamal Atatürkün ümumdünya tarixindəki roluna həssaslıqla yanaşaraq böyük önəm verən görkəmli ingilis mütəfəkkiri Arnold Toynbi “klassik türk epoxasının” mahiyyətini dövrün ümumi mənzərəsi fonunda, həm də metaforik-müqayisəli tərzdə açaraq yazır: “İnsan üçün çöl praktiki olaraq dənizdir, fəqət quru torpağın dənizi. O torpağın ki, elə lap xristianlıq erasının XV əsrinədək sahilsiz şor dənizdən daha çox ünsiyyət üçün yararlı idi. Bu susuz dənizin – çölün quruda “üzən” öz gəmiləri, öz limanları vardı. Çölün avarlı qayıqları – dəvələr, yelkənli gəmiləri – atlar, limanları – karvansaralar, aralıq limanları – vadilər, son məntəqələri – qum “dalğaları” çırpılan sahil-səhralardı... Okean dalğalarını şırımlayıb keçən yelkənli gəmilərin əvəzinə, burada düzənləri şırımlayıb süzən atlar ən müxtəlif məsafələrə hərəkətin əsas vasitəsi idi. 1500-cü ilə qədər dünyada mövcud olan sivilizasiyalar onun vasitəsilə bir-birinə əlaqə tapır və bu əlaqələri möhkəmləndirməyə çalışırdılar. Bax, belə bir dünyada Baburun Fərqanəsi dünyanın mərkəzi idi. Babur ata yurdu Fərqanədən hərbi yürüşlərə başladığı 22 il müddətinə Hindistanı fəth etmiş və Böyük Moğol imperiyasının əsasını qoymuşdu. Babur zamanında millətlər ailəsini birləşdirən soy isə türklər idi... Xristianlıq erasının IV əsrindən – sonuncu hind-avropalıların bu çöllərdən qovulduğu dövrlərdən başlayaraq, ta Kiçik Asiya, İran və Hindistanda türk səltənətlərinin - Osmanlı, Səfəvi və Moğol imperiyalarının tənəzzülünə şahidlik edən XVII əsrə qədər türkdilli xalqlar, həqiqətən də, Asiya qövsünün məhək daşı idilər. Quru ərazilərin müxtəlif sivilizasiyaları birləşdirən bu on iki əsrlik əlaqəsi türklərin çöl qüdrətinin nəzarəti altında idi. Və türklər özlərinin bu mərkəzi mövqeyindən... şərqə və qərbə, şimala və cənuba, Mancuriya və Əlcəzairə, Ukrayna və Dekana yürüşlər edirdilər” [6, s.72-73].
Arnold Toynbinin diqqət yönəltdiyi tarixi prosesin əhəmiyyəti həm də bundadır ki, məhz həmin tarixi yaddaşa və ənənəyə əsaslanaraq, milli-mənəvi ruhu dirçəltməyə özlərində qüvvə tapan türklər XIX əsrin sonu – XX əsrin əvvəllərində bütün asiyalılarla birlikdə keçirdikləri böhranı aradan qaldırmağın yollarını onların hamısından öncə dərk etdilər və onların öncinahında gedərək Asiyanın özünütəsdiq hərəkatına başladılar. Asiyanın özünütəsdiq hərəkatının içində ən güclü istiqamət, həm də Asiya və Avropa sivilizasiyalarının ən müasir dəyərlərinə söykənən istiqamət məhz türklərin hərəkatı – türkçülük idi. Türklər bu tendensiya ilə bir daha sübut etdilər ki, onlar dar millətçilik çevrəsində qalan insanlar deyil, müstəqil Asiya, eləcə də türk dövlətlərinin yaranması ilə Asiya –Avropa münasibətlərində ədalətli balansı yaratmağa və davam etdirməyə çalışır, Avropa dəyərlərinin Asiya – türk cəmiyyətlərinə orqanik sintezindən qətiyyən çəkinmir, Avropanın da zəngin Asiya mədəniyyətlərindən üstün dəyərləri mənimsəməsinə heç bir əngəl törətmirdilər.
XX əsrin sonlarında dünyada baş verən və bilavasitə müstəqil türk dövlətlərinin yaranması ilə nəticələnən siyasi hadisələrin inkişaf məntiqi də göstərdi ki, Asiya – Avropa münasibətlərinin “türk layihəsi” müasirliyin bütün keyfiyyətlərini, universallaşmanın bütün müsbət cəhətlərini, qloballaşmanın həm Asiya, həm də Avropa dövlətlərinə fayda gətirəcək istiqamətlərini özündə ehtiva edən bir tendensiyadır.
Bu gün Avrasiya geopolitikasını suveren türk dövlətləri olmadan təsəvvür etmək mümkün deyil. Avrasiyada türk dövlətlərinin uzlaşan geopolitik hərəkətləri kifayət qədər güclü və səlahiyyətlidir. Onların birgə səylərində ifadə olunan məqsədləri – həqiqətən də, Asiya – Avropa münasibətlərinə yeni nəfəs verməkdən, hazırkı əlaqələri daha miqyaslı və hərtərəfli şəkildə inkişaf etdirməkdən ibarətdir. XXI əsr türk dövlətlərinin dünya siyasətində artan rolu da imkan verir ki, onlar Avrasiya qurşağındakı təbii-coğrafi, tarixi-siyasi amillərlə motivləşərək uzlaşan geopolitik mövqelərindən maksimum yararlana bilsinlər.
Asiya – Avropa münasibətlərində stimullaşdırıcı türk geopolitikasının coğrafi koordinatlarla əks olunan ümumi mənzərəsi təqribən belədir: Avrasiya qurşağında yerləşən müstəqil türk dövlətləri dünya xəritəsində səpələnmiş halda deyil, bir yerdədir, onlar bir-birinə quru və dəniz üzərindən dövlət sərhədləri ilə bağlanırlar. Başqa dövlətlərin ərazisində yaşayan türksoylu xalqlar da müəyyən siyasi statuslarla həmin sərhədlər boyunca, kompakt halda yaşayırlar. Türk dövlətlərinin siyasi coğrafiyasından da geniş olan türksoyluların etnik coğrafiyası sanki onların sərhədlərini daha möhkəm edir və real siyasi məqamında öz iradəsini göstərmək şanslarını saxlayır. Ərazisinə görə, dünyanın ən böyük doqquzuncu ölkəsi (təqribən, Şərqi Avropanın ümumi ərazisinə bərabər) Qazaxıstan Respublikası ilə Mərkəzi Asiyanın ilk türk dövləti başlayır. Qazaxıstan şimaldan və qərbdən Rusiya Federasiyası ilə, şərqdən Çinlə, cənubdan Qırğızıstan, Özbəkistan və Türkmənistanla həmsərhəddir. Qırğızıstan Respublikası iki türk dövləti ilə – şimaldan Qazaxıstan və qərbdən Özbəkistanla, cənub-qərbdən Tacikistan və cənub-şərqdən Çinlə həmsərhəddir. Orta Asiyanın mərkəzində yerləşən Özbəkistan Respublikası şərqdən Qırğızıstan, şimal-şərqdən və şimal-qərbdən Qazaxıstan, cənub-qərbdən Türkmənistan, cənubdan Əfqanıstan, cənub-şərqdən Tacikistanla həmsərhəddir. Türkmənistan Respublikası cənubdan Əfqanıstan və İranla, şimaldan Qazaxıstan və Özbəkistanla, Xəzər dənizi boyunca isə Azərbaycanla həmsərhəddir. Deməli, Qazaxıstan, Özbəkistan və Türkmənistanın həmsərhəd olduğu beş dövlətdən üçü türk respublikasıdır. Azərbaycan Respublikası şimaldan Rusiya və Gürcüstan, qərbdən Türkiyə və Ermənistan, cənubdan İran, şərqdən – Xəzər dənizi boyunca Türkmənistanla həmsərhəddir. Türkiyə Respublikası şərqdən Azərbaycan, Ermənistan və Gürcüstanla, cənubdan İraq və Suriya ilə, qərbdən Yunanıstan və Bolqarıstanla, Qara dəniz boyunca Rusiya ilə həmsərhəddir. Türkiyənin sərhədlərini Atlantik okeana çıxışı olan dörd dəniz – Qara dəniz, Aralıq dənizi, Egey dənizi və Mərmərə dənizi yuyur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, türk dövlətlərinin sərhədlərinin çevrəsində, öncə qeyd etdiyimiz kimi, Çindən Bolqarıstana qədər milyonlarla kv.km. ərazidə digər türksoylu xalqlar yaşayır. Belə bir coğrafi koordinatlarda türk dünyasının bütövlüyü və onun Avrasiyanın Mərkəzi Xəttini yaratması aydınca görünür.
Ona görə də Avrasiyanın inkişaf perspektivlərini düşünən Qərb strateqləri və türk dünyasının siyasi liderləri Sakit okeanla Atlantik okeanı birləşdirəcək qlobal kommunikasiya sistemlərinin əsas istiqamətini bu regionda mütləq dominantlıq iddiasında olmayan, beynəlxalq sülh və əməkdaşlığa zəmanət yaradan türk dövlətlərinin ərazisi üzərindən planlaşdırırlar. Artıq əhəmiyyətli hissəsi həyata keçmiş bu layihələrin genişləndirilərək optimal gücünə çatdırılması Asiya – Avropa münasibətlərini tamamilə yeni məcraya salacaqdır. Həmin münasibətlərin inkişafı üçün türk dövlətləri birliyinin verdiyi geopolitik və geostrateji imkanlar isə əvəzsizdir. Beləliklə, tarixən olduğu kimi, bu gün də Asiya ilə Avropanı birləşdirən əsas geopolitik qüvvə – türklər və onların dövlətləridir. Trans-Avrasiya kommunikasiya layihələrinin (neft, qaz, nəqliyyat və s.) həyata keçirilməsi isə türk dövlətləri birliyinin möhkəmlənməsi prosesinə əsaslar yaradan fəaliyyətlər kimi mühüm əhəmiyyətə malikdir. Türk dövlətlərinin Avrasiya məkanında özləri və qonşuları ilə yaratdığı geopolitik konfiqurasiyanın əlverişliliyi və Asiya – Avropa münasibətləri müstəvisində onların oynadığı rolun müstəsnalığı beynəlxalq siyasi, iqtisadi və mədəni sistemin də möhkəmlənməsinə, beynəlxalq həyatın inkişafına əvəzsiz töhfə və etibarlı təminat verir.
Ədəbiyyat
РОЛЬ ТЮРКОВ В РАЗВИТИИ ОТНОШЕНЙ
МЕЖДУ ЕВРОПОЙ И АЗИЕЙ.
Джаваншир Эйюб Фейзиев
РЕЗЮМЕ
Парадигма, которую автор старался обосновать в исследовании, заключается в следующем: исторически и сегодня Евразия обрела свою геополитическую целостность только через тюркский мир. Азия и Европа как иноцивилизационные «компоненты», которые тюрки соединили и придали им органичность, смогли в единой мега системе цивилизации выстроить свои отношения. Если Евразия состоит из таких "блоков", как Европа (Западная и Восточная Европа), Ближний и Средний Восток, Кавказ, Центральная Азия, Юго-Восточная Азия, то и их общее геополитическое пространство образуют тюркские государства. Кроме тюркских государств, ни одна политическая система ни реально, ни потенциально и ни функционально не в состоянии образовать геополитическую скоординированность данных регионов. Эти реальность, потенцию и функцию, которые обусловлены природно-географическими факторами и не могут быть осуществляемы в партнерстве с другими, тюркские государства приобрели в результате длительных историко-политических процессов. Историческая геополитика Евразии в решающей степени зависела непосредственно от кардинального направления этих процессов, то есть от исторической трансформации взаимоотношений между Азией и Европой и роли в этом тюркских государств.
THE ROLE OF TURKS IN RELATIONS BETWEEN EUROPE AND ASIA
Javanshir Eyyub Feyziyev
SUMMARY
The author tries to assert the following paradigm in his research: Eurasia historically and today has gained its geopolitical integrity only with the Turkic world. Asia and Europe – as the different civilization “components” united by Turks managed to establish their relations in the single civilization megasystem. If Eurasia consists of the Europe (Western and Eastern Europe), Near and Middle East, Caucasus, Central Asia “blocs”, their common geopolitical space are also set up by Turkic states. No other political system has any potential and opportunity to establish geopolitical coordination of these regions other than the Turkic states. In the light of natural-geographical factors, the Turkic states have gained this potential and opportunity as result of long historico-political processes, which no other force will be able to be a core participant in this course. Historical geopolitics of Eurasia exactly depended on the cardinal direction of these processes – i.e. on the historical transformation of relations between Asia and Europe and the role of the Turkic states in these processes.
Açar sözlər: Avrasiya, qloballaşma, müasir siyasət, türk birliyi, Türk Dövlətləri Birliyi. Ключевые слова: Евразия, глобализация,современная политика, тюркское единство, Союз Тюркских Государств. Key words: Eurasia, globalization, contemporary politics, turkic unity, Union of Turkic States