Subyektlərarası (insanlar, dövlətlər, təşkilatlar və s.) münasibətlərin zəruri səviyyədə və miqyasda qanunla tənzimlənməsi, o cümlədən beynəlxalq hüququn təsbiti mahiyyətcə humanitar aktdır. Çünki bu fəaliyyətin başlanğıc stimulu və son məqsədi qarşılıqlı münasibətlər sistemini bütövlüyündə dərk etmək və burada müvafiq qaydaları yaratmaq və beləliklə, dünya dövlətləri və xalqlarının birliyini daha optimal hüquqi, siyasi və humanitar səviyyədə təşkil etməkdir. Beynəlxalq hüququn üç əsas istiqamətində bu məqsədlərin vəhdəti prinsipial yer tutur:
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində öz əksini tapmış bu prinsiplər subyektiv mülahizələrin məhsulu deyil, bəşəriyyətin bütün tarixi həyatının təcrübəsindən, həmin təcrübəyə əsaslanan siyasətçi, filosof və hüquqşünasların fikirlərinin sintez-nəticəsi olaraq ərsəyə gəlmişdir. Beynəlxalq hüququn ideya-nəzəri əsaslarının formalaşmasında bütün humanitar fəaliyyətlərin praktikası, habelə, siyasi fəlsəfə, əxlaq fəlsəfəsi və xüsusilə hüquq fəlsəfəsinin ayrı-ayrılıqda və konvergent inkişafı mühüm rol oynamışdır. Çünki “beynəlxalq hüquq təkcə hüquqi deyil, həm də mühüm siyasi və əxlaqi faktordur. Dövlətin beynəlxalq hüquqa əsaslanan xarici siyasət fəaliyyəti təkcə hüquqi deyil, eyni zamanda, siyasi və əxlaqi üstünlüklərə malik olanda real güc əldə edir” [1, s.258].
Qanunauyğundur ki, fəlsəfi və siyasi baxışların meydana gəldiyi ən qədim zamanlardan onlarda subyektlərarası (eyni zamanda dövlətlərarası) münasibətlərin hüquqi və humanitar anlamda birgə dəyərləndirilməsi və bu sintez-dəyərləndirmənin müəyyən qanunlarda əks etdirilməsi təcrübəsi də meydana gəlmişdir. Qanun, əsasən, sosial münasibətlərin ədalətlilik məntiqinə söykəndikdə hüquqi determinasiya əldə etmişdir.
Roma natiqi və dövlət xadimi Mark Tulliy Siseron e.ə. I əsrin ortalarında Roma imperiyasındakı siyasi münasibətlərin hüquqi tənzimlənməsinin əsaslarını stoisizm və “təbii hüquq” ideyaları mövqeyindən irəli sürmüşdür. Siseron “beynəlxalq arenada siyasət üçün ədalətliliyin əhəmiyyətini” göstərərək, siyasi-hüquqi biliklərin imperiya mərkəzindən hər yerə yayılmasını təşviq edir və imperiyanın “normativ mülahizələrə, əxlaqi mülahizələrə uyğun gələn Roma modelini” təqdim edir [9, s.36-38]. Roma hüquqşünası Qay bizim eranın 165-ci ilində yazdığı “Təsisatlar” (“İnstitutes”) traktatında dövlətdaxili, milli hüququ (“ius civile”) dövlətlər, millətlər hüququndan (“ius centium”) fərqləndirir və sonuncunu – “bütün bəşəriyyət tərəfindən riayət edilən qanun” adlandırır: “Beləliklə, Roma xalqı yarı özünün xüsusi qanunlarına, yarı bəşəriyyətin ümumi qanunlarına əməl edir” [18, s.181].
Dövlətlərin beynəlxalq qanunlar çərçivəsində fəaliyyətini tənzimləyən prinsiplərin yaradılması problemi üzərində əsaslı axtarışlar XVII əsrin ortalarında Avropada meydana çıxır. Huqo Qrotsi, Tomas Hobbs və Pufendorfun həmin problemə xüsusi yanaşmaları vardır. Onlar bu qanunların mahiyyətini izah etməklə yanaşı, həm də “dövlətlərin qarşılıqlı münasibətlərində hüquqi və əxlaqi normaların necə ola biləcəyi” xüsusunda fikir yürüdürlər [9, s.34]. H. Qrotsiyə görə, beynəlxalq hüquq – “təbii hüquq” olmaqla bərabər, eyni zamanda, “iradə hüququ”dur (“jus voluntarium”). Birincini – “sağlam zəka”, ikincini – iradə (Allahın və xalqların ümumi iradəsi) təyin edir. Hüququn bu formaları sonradan Avropa ənənəsində “təbii (yaxud zəruri) hüquq” və xalqların birgə razılığı əsasında müəyyən edilən “pozitiv hüquq” adlandırılaraq inkişaf etdirilir. H.Qrotsi, T.Hobbs və Pufendorf, daha sonra isə D. Yum, A.Smit və Bentam Makiavellinin respublikaçılıq ənənəsində bir dövlətin maraqlarının üstün tutulmasını (“ragione di stato”) inkar etməklə, hər hansı bir dövlətin “xalqlar həmrəyliyinə” (“salus populi”) qoşulması nəticəsində onu gücləndirmək ideyasını dəstəkləyirlər. Bu tendensiya XVIII əsrdə də inkişaf etdirilərək Vattelin “Millətlər qanunu” əsərinin platforması kimi meydana çıxır. Beynəlxalq hüququn ideya-nəzəri əsaslarını müxtəlif aspektlərdən işləyən Soares, Qrotsi, Hobbs, Pufendorf, Yum, Smit, Bentam, Vattel, Lokk, Martens kimi mütəfəkkirlərin yaradıcılığında onların humanist dünyagörüşü prinsipial mövqe kimi özünü açıq şəkildə göstərir.
Beynəlxalq hüququn humanitar ölçülərini təyin edən və onun bütün sonrakı qanun yaradıcılığı prosesinə əhəmiyyətli şəkildə təsir göstərən klassik müddəalarını İmmanuil Kant irəli sürmüşdür. Kant beynəlxalq təhlükəsizliyi və dövlətlər arasındakı münaqişələri “insan təbiəti xeyirə qadir deyil” iddialarında olan, sülhü birdəfəlik dəfn edən “pis hüquq müvəkkillərinin”, “siyasi moralistlərin” və “moralist siyasətçilərin” yanlış bələdçiliyinin nəticəsi kimi şərh edir [15, c.8, s.357, 373]. Kantın əsaslandırmasına görə, insan təbiətinin düzgün dərk edilməsi “əxlaqi mühakimənin və əxlaqi prinsiplərin” məntiqi açarı olan “əxlaq metafizikasını” tələb edir. Məhz əxlaq metafizikasının təməlində insan azadlığının dərk olunması dayanır: azadlıq da praktiki zəkanın postulatları və məqsədəyönlülüyü ilə şərtlənir [13, c.5, s.132].
Kantın “əbədi sülhə doğru” hərəkət (“toward perpetual pease”) konsepsiyasına görə, beynəlxalq hüquq insanları və dövlətləri daim bir-birinə yaxınlaşdıran qanunların inkişafı prosesidir ki, məhz bu proses “dünya vətəndaşlığına, insanların ümumdünya hüquqlarının” dərk edilməsinə imkan yaradır [15, c.8, s.346-360]. Kant “sülhpərvər ümumdünya federasiyasının təşəkkülünün ilkin hüquqi şərtlərini əxlaqi şüur və məsuliyyətlə” birgə irəli sürür. Alman filosofuna görə, “əbədi sülhə doğru” hərəkət – həm də “böyük əxlaqa doğru” hərəkətdir, “ümumbəşəriliyin əxlaqi təməlinin” [14, c.7, s.92-93] genişlənməkdə davam etməsidir. Dünya dövlətlərini və xalqlarını birləşdirən və dost edən humanist əxlaq onları ayıran və düşmən edən əxlaqdan qat-qat güclü və məntiqidir. Beynəlxalq hüquq da məhz bu məntiqə əsaslanmalıdır.
Müasir araşdırmalarda Kant fəlsəfəsinin, əsasən, iki aspektinə diqqət yönəldilir: (1) Kantın əxlaq metafizikası beynəlxalq hüquq praktikasına hansı dərəcədə uyğun gəlir və bu uyğunluq dərəcəsindən beynəlxalq hüququn humanitar rolu necə görünür; (2) Kantın beynəlxalq hüquq fəlsəfəsinin mahiyyətində dayanan – dünyanın daim genişlənməkdə olan “etik birliyi” ideyası qlobal antropoloji sistemdə gerçəkləşə bilərmi? [10, s.55].
Kantçılığın humanitarizm ənənəsini özünəməxsus şəkildə davam etdirən Con Roulz və Yurgen Habermas klassik alman filosofunun “ümumdünya etik birliyi” ideyasını “siyasi təsisatların yaradılması” ideyasına transformasiya edirlər: “Bu əvəzləmənin vasitələrini, Kantın xaricəyönlü və ya hüquqi azadlıq və daxiləyönlü və ya əxlaqi azadlıq (müstəqillik) adlandırdığı anlayışların daha ümumi münasibətlərini araşdırarkən, Kantın beynəlxalq hüquq fəlsəfəsinin davamçıları daha çox ikinciyə – filosofun insan azadlığının təbiəti ilə bağlı metafizik mövqeyinə qarşı çıxırlar” [10, s.55].
“Beynəlxalq hüququn fəlsəfəsi” fundamental araşdırmalar toplusunu tərtib edən və ona “Ön söz” yazan Samanta Besson və Jon Tasioulas, ümumiyyətlə belə hesab edirlər ki, 1960-cı illərdən beynəlxalq hüquq fəlsəfəsinin inkişafında yeni mərhələ başlayır. Bu da özünü daha çox humanitar yanaşmaların konseptuallaşmasında, antropoloji problemlərin qabardılmasında göstərir: “Beynəlxalq hüququn fəlsəfəsinə artıq xüsusi hüquq elmlərinin bir sahəsi kimi baxılır ki, bu da öz növbəsində beynəlxalq hüququn həm konseptual, həm də normativ məsələlərini əhatə edir” [3, s.2]. Bu istiqamətdə aparılan araşdırmalarda beynəlxalq hüquqi sistem və onun subyektlərinin qarşılıqlı münasibətləri, beynəlxalq hüququn universal legitimliyi, insan hüquqları və demokratiya prinsiplərinin müasir dünyada reallaşma səviyyəsi, beynəlxalq sistemdə suverenlik statusu, beynəlxalq məsuliyyət, beynəlxalq iqtisadi hüquq, beynəlxalq cinayət hüququ, humanitar müdaxilə, beynəlxalq ekoloji hüquq və s. müxtəlif parametrli yanaşmaların təhlil obyektinə çevrilir.
Müasir dünyanın qlobal problemləri arasında sıx bağlılıq vəziyyətinin əmələ gəlməsi qlobal siyasət, beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahələrinin də humanitar elmlər sistemi ilə bağlı konvergent inkişafını şərtləndirir. Bu zaman planetar şüurun inteqrasiyayaradıcı bir “mərkəzi” kimi, təbii ki, həmin humanitar sistemdə fəlsəfə xüsusi bir rola malik olur. Çünki fəlsəfə o universal metodologiyaya malik olan yeganə sahədir ki, qlobal siyasət – beynəlxalq münasibətlər – beynəlxalq hüquq üçölçülüyündə konseptual-nəzəri yanaşmanı mümkün edir. Fəlsəfənin isə arqumentlərini möhkəmləndirən, ona insan mənəviyyatının fundamental əxlaq dəyərləri arsenalından meydan açan, humanitarizm ideyasını inkişaf etdirən – etikadır. Lakin burada onların qarşılıqlı münasibətlərinin spesifik konfiqurasiyası yaranır: belə ki, humanitar əxlaq – hüquqa (sonra da beynəlxalq hüquqa), hüquq da – siyasətə (sonra da qlobal siyasətə) təsir edir, sonrakı iki başlanğıcdan əxlaqa qayıdan təsir artıq fəlsəfi refleksiya ilə güclənmiş, hüquq və siyasət praktikasından bəhrələnmiş əxlaq fəlsəfəsinin humanist mövqeyini yaradır. Qarşılıqlı nüfuzetmənin bu qanunauyğun prosesi beynəlxalq həyatın universal dərkində humanistik konseptualizm və antropoloji realizm tendensiyasını gücləndirir. Təqribən son əlli ildə dünyanın bir sıra filosof, hüquqşünas, etik, sosioloq və siyasətçisinin qlobal siyasət – beynəlxalq münasibətlər – beynəlxalq hüquq üçölçülüyü üzrə birləşən axtarış səyləri nəticəsində beynəlxalq həyatın mürəkkəb və aktual problemlərinə xeyli aydınlıq gətirilmiş, siyasi fəlsəfə, hüquq fəlsəfəsi, etik fəlsəfə, siyasi etika və beynəlxalq münasibətlərin etikası, fəlsəfəsi və sosiologiyasının əlverişli koordinatları tapılmış, spesifik metodoloji istiqamətləri müəyyənləşmiş və zəngin termin-anlayış arsenalı formalaşmış, nəticədə, nəinki humanitar elmlər sahəsi, bütünlüklə bəşəriyyətin humanitar mədəniyyət sferası əhəmiyyətli transformasiyaya uğramışdır. Beynəlxalq hüququn xüsusilə humanitar istiqamətli nəzəriyyələrinə bu axtarışların ideya-konseptual baxımdan təsir göstərməsi faktı hətta beynəlxalq hüquqa dair spesifik materiallarda da qeyd olunur [5, s.176-181].
Beynəlxalq həyatda humanitar siyasi əxlaq mövzusuna bu qədər geniş maraq göstərilməsinin, əxlaq fəlsəfəsinin də öz növbəsində beynəlxalq münasibətlərin siyasi və hüquqi problemlərinə bu qədər diqqət ayırmasının səbəblərini Con Roulz mədəniyyət düşüncəsindəki tarixi ənənənin dərin kökləri ilə bağlayır [11, s.8-11]. Qeyd edək ki, qlobal siyasət və beynəlxalq hüququn humanitar aspektlərinin öyrənilməsi prosesinə ciddi təsir göstərən müasir siyasət nəzəriyyəçilərindən biri məhz Con Roulzdur. Onun xüsusilə sonrakı araşdırmalara geniş vüsət verən iki əsəri – “Ədalət nəzəriyyəsi” və “Xalqların hüququ” əsərləri Kant ənənəsi (“Əbədi sülh”) və siyasi liberalizm konsepsiyası əsasında yeni humanitar dünyagörüşünün müddəalarını təqdim edir. Əxlaqi dəyərləri beynəlxalq münasibətlər sisteminin təməlinə gətirən” bu konsepsiyaya görə, liberal əxlaq subyektiv-individual sferadan obyektiv-universal sferaya doğru genişləndikcə, əsl mahiyyətini dəyişmədən, daha dolğun və dəyərli keyfiyyətlər alır: “Liberal cəmiyyətdə vətəndaşın digər şəxslərin ümumi dini, fəlsəfi və əxlaqi görüşlərinə ehtiramı məntiqəmüvafiq ədalət konsepsiyasına uyğun hərəkət olduğu kimi, bütövlükdə həmin liberal cəmiyyətin özünün digər cəmiyyətlərin ümumi dini, fəlsəfi və əxlaqi görüşlərinə hörmət etməsi də müvafiq siyasi və sosial təsisatlanmanı tələb edir. Bu bir xalqın digər xalqların təməl hüquqlarına ehtiramını rəhbər tutan şərtləri meydana gətirir” [12, s.94]. Beynəlxalq həyatda ədalətlilik və humanitarizm prinsiplərinin rəhbər tutulması Con Roulz tərəfindən dünya xalqları arasındakı münasibətləri daha mükəmməl hüquqi sistemdə dərk və inkişaf etdirməyə kömək edəcək akt kimi dəyərləndirilir: “Mən inanıram ki, azad və demokratik xalqlar arasındakı ədalətlilik prinsipləri xalqların artıq çoxdan qəbul olunmuş müəyyən məlum hüquqlarını ehtiva edən prinsiplər sırasına daxil ediləcəkdir. Bunlar aşağıdakılardır:
İmmanuil Kantın bəzi müddəalarını tənqid etsə də, Con Roulzla bərabər, əsasən, kantçılığın fəlsəfi ənənələri təməlində müasir beynəlxalq hüquq problemlərini geniş intellektual müzakirə meydanına çəkən nüfuzlu filosoflardan biri də Yurgen Habermasdır. Y. Habermas XX əsrdə baş vermiş iki dünya müharibəsindən sonra beynəlxalq hüququn inkişafında yeni dövrün başlandığını bildirərək, bu yeni epoxanın qlobal siyasi iradəsi kimi “beynəlxalq hüququn konstitusiyalaşdırılması şanslarını” arayır, bu problemlə bağlı B.Fasbenderin [7, s.529-619] və digər həmfikirlərinin mövqeyini bölüşərək yazır: “Kant özünün “ümumdünya vətəndaşlığı durumu” layihəsi ilə beynəlxalq hüququn yalnız bir dövlət oriyentasiyasındakı hüdudlarından kənara çıxmağa imkan verən həlledici addımı atdı. Bununla da beynəlxalq hüquq sadəcə bir hüquq sahəsi olmaqdan daha böyük məna kəsb etdi. İki dünya müharibəsindən sonra konstitusiyalaşdırılmağa başlayan beynəlxalq hüquq real şəkildə Kantın təyin etdiyi “ümumdünya vətəndaşlığı durumu” istiqamətində inkişaf etdi və beynəlxalq praktika, konstitusiya və təşkilatlarda institutlaşmış formalar aldı” [2, s.103]. Y. Habermas dünyanın ikiqütblülüyündən birqütblülüyünə doğru hərəkətinin yaratdığı, ABŞ-ın dominantlığı ilə səciyyələnən indiki situasiyada dünya birliyinin proqressiv-konvergent inkişafı üçün yalnız bir alternativ perspektivin qaldığını güman edir: Milli dövlətlərin tədricən “dünya birliyinin postmilli konstelyasiyasına (bürclər vəziyyətində dayanma)” keçidini şərtləndirən beynəlxalq sistemin formalaşması. Bu prosesi qüvvətləndirən başlıca iradə aktı isə – “dünya siyasətinin etikləşdirilməsi”, humanitarlaşmasıdır [2, s.104]. Buna görə də, filosofun fikrinsə, klassik beynəlxalq hüququn bir sıra müddəalarının təkmilləşdirilməsi, xüsusilə, beynəlxalq həyatda disbalans yaradan təhlükəli fövqəldövlətçilik iddialarının qarşısını ala biləcək prinsiplərin hazırlanması, “beynəlxalq hüququn konstitusiyalaşdırılması prosesinin dünya siyasətində liberal etikanın mövqeyinin gücləndirilməsi ilə başa çatdırılması” zəruridir [2, s.136-171].
Bir çox alimlər hüququn səlahiyyət gücünü beynəlxalq qanunlar və humanist əxlaq arasındakı bağlılığın möhkəmliyində görürlər. Feliks Kohen qeyd edir ki, leqal qaydaların yalnız elm və məntiqdən əxz edilməsi qənaətlərinin əksinə olaraq, “qanunlar faktiki etiraf edilən əxlaqi təməldən heç zaman məhrum olmamışlar” [4, s.27]. Çarlz de Fisçer də leqal və etik kateqoriyaların fərqli olduğunu mütləqləşdirməməyi məqsədəuyğun sayır və göstərir ki, “qanunlar başlıca əxlaqi anlayışlardan ayrı tutulmamalıdır, çünki bütün normativ fənlər eyni ümumi kökə – humanitariyaya bağlıdırlar” [16, s.58].
Beynəlxalq hüququn humanitar aspektlərinin 1960-cı illərdə Qərbdə yeni istiqamətdə öyrənilməsinə ilk təşəbbüs göstərənlərdən moralist filosof H.L.Hart qanun və humanitar əxlaq arasındakı münasibətlərin yeni formalarının tapılmasına çalışır və bunu onunla əsaslandırır ki, “qanunun inkişafı bütün zamanlarda və yerlərdə müəyyən sosial qrupların konvensional əxlaqından və ideallarından, eyni zamanda, özünün əxlaqi baxışlarını ictimai miqyaslarda təsdiq edə bilən insanların mütərəqqi etik tənqidinin müxtəlif formalarından əhəmiyyətli dərəcədə təsirlər almışdır” [8, s.181]. H.L.Hartın kitabının bir fəsli də bütövlükdə “İctimai əxlaq və beynəlxalq hüquq” probleminə həsr olunmuşdur. Həmin problem xüsusi tədqiqatın mövzusu kimi A. Donaqanın “Əxlaq nəzəriyyəsi” [6] monoqrafiyasında geniş araşdırılmışdır. Siyasət – humanitar əxlaq – hüquq koordinatlarında fəlsəfi düşüncələrin reflektiv əksini M.Valzerin “Siyasi fəaliyyət: Çirkli əllər problemi” məqaləsində görürük. M.Valzer bu üç sahənin hər birində baş verən aşınmanın o birilərinə dərhal təsir etməsinin, “siyasət və hüquq arasındakı ayrıntıdan” sui-istifadənin zərərini bəlli edir [17, s.236].
Göründüyü kimi, beynəlxalq siyasi-hüquqi sistemin daha da təkmilləşdirilməsi zərurəti qlobal siyasətdə hüquqi və humanitar statusun daha optimal korrelyasiyasını tələb edir. Əgər beynəlxalq hüquq dövlətlər arasındakı münasibətlərin müəyyən qaydalar və öhdəliklər çərçivəsində nizamlanmasını həyata keçirirsə, beynəlxalq leqal tənzimləmə hüququn qlobal sisteminə doğru inkişaf edirsə, onda qeyd etdiyimiz məsələ də spesifik bir problem kimi aktuallaşır.
Гуманитарные аспекты международного права
Возникновение обстоятельства тесной взаимозависимости между глобальными проблемами современности обуславливает конвергентное развитие трех взаимосвязанных сфер – глобальной политики, международных отношений и международного права. В это время гуманистическая философия как порождающий интеграцию “центр” планетарно-гуманитарного сознания, естественно, играет особую роль. Потому что эта философия является единственной областью, обладающей той универсальной методологией, которая делает возможным концептуально-теоретический подход в трехмерности "глобальная политика – международные отношения – международное право". А тем, что усиливает аргументы гуманистической философии, включает в поле ее деятельности арсенал фундаментальных нравственных ценностей человеческой духовности, является этика. Процесс формирования единой политико-правовой системы человечества происходит не вне сферы гуманитарной культуры, а включает в свою сущность ее философию, квинтэссенцию ее основных принципов.
Humanitarian Aspects of the International Law
Emergence of close connection status among global problems of the modern world conditions convergent development of three mutually related spheres – global politics, international relations and international law. In this case, humanistic philosophy has a special role as a “center” of integration-building of planetary consciousness. As philosophy is the only field which possesses universal methodology it allows conceptual-theoretical approach in global politics – international relations – international law areas. Humanistic ethics is vital in strengthening the arguments of philosophy, providing large space to this field from the arsenal of fundamental values of human morality. The process of formation of single political-juridical system of humanity can’t happen beyond the sphere of humanitarian culture, it is the process which embraces its philosophy and quintessence of its principles.