Türk birliyi ideyasını tarixdə ilk dəfə olaraq dövlət siyasəti səviyyəsində və yazılı material-sənədlər şəklində irəli sürən, əsaslandıran və təsdiq edən Orhon abidələri ümumən türk mədəniyyətinin inkişafında, xüsusilə onun siyasi təməllərinin yaradılmasında misilsiz əhəmiyyət kəsb edir. Danimarkalı hərbçi-alim V.Tomsen tərəfindən XIX əsrin doxsanıncı illərində, indiki Monqolustan ərazisində – Orhon-Yenisey həndəvərində tapılaraq, əski türkcə (göytürkcə) olduğu sübuta yetirilmiş Orhon abidələri (ayrı-ayrı araşdırmalarda “Orhon-Yenisey abidələri”, “Orhun yazıları”, “Ötükən Türk Kitabələri”, “Türk runi[k] yazıları” adlandırılır) 680-745-ci illər arasında Göy Türk imperiyasının qızıl çağında məhz türklərin öz orijinal əlifbaları (runi hərfləri) ilə tərtib edilmişdir. Təqribən 200 il (552-745-ci illər) səltənət sürmüş və bu müddətdə Avrasiyanın hegemon dövləti olmuş Göy Türk imperiyası, təbii ki, kontinentdə öz üstünlüyünü saxlamaq üçün o çağın beynəlxalq münasibətlərində milli siyasət yeritməli, milli ideologiya hazırlamalı və şüurlu şəkildə bu siyasət və ideologiyanı ictimailəşdirməli idi. Başlıca olaraq bu məqsədlə qəbirüstü qranit abidələrə həkk olunmuş Orhon yazıları türk birliyi ideyasını o dövrün bütün mümkün ideoloji vasitələri, təsirli siyasi maneraları, milli düşüncəyə ünvanlanan çağırışları ilə təqdim edir. Ötən onilliklərdə daha çox tarixi-linqvistik baxımdan diqqəti cəlb edən Orhon abidələri bu gün əsas etibarilə türk sivilizasiyasının və bu sivilizasiyanın özəyini təşkil edən milli, hərbi, siyasi və mədəni təşkilatlamanın mahiyyətini özündə ehtiva etdiyinə görə diqqət mərkəzindədir. Beləliklə, Orhon abidələrini xüsusilə türk dünyasının siyasi-mədəni taleyi üçün aktuallaşdıran kardinal zərurət odur ki, bu yazılar – (1) adında “türk” etnonimini daşıyan ilk dövlətin – Göy Türk imperiyasının tarixi sənədlər külliyyatıdır; (2) bütün müasir türk dillərinin əcdadı sayılan ulu türkcədə – göytürkcədədir; (3) birbaşa türk milləti və dövlətçiliyinin etnogenezisinə, türk sivilizasiyasının, siyasi mədəniyyətinin Avrasiyadakı tarixi təkamülünə aydınlıq gətirən ilk başlıca qaynaqdır; (4) erkən orta əsrlərdə türk etnosiyasi sisteminin inkişafı nəticəsində meydana çıxmış bir dövlətin (Göy Türk) böyük imperiyaya çevrilməsi situasiyasında Avrasiya dövlətlərinin hərbi, siyasi və diplomatik münasibətlərində onun öz milli mənafelərini və geopolitik tarazlığı hədəfləyən konkret siyasətinin faktıdır; (5) türk dünyasının birliyini yaratmaq ideallarına xidmət edən bütün tarixi-klassik ideologiyalarımızın sələfidir.
Orhon türk yazılarını ayrıca tədqiqat əsərində müfəssəl şəkildə araşdırmış Əli Öztürk bu qənaətində haqlıdır: “Tariximizdə ilk dəfə “türk” ismi ilə dövlət quraraq, bunu iftixarla bildirən göytürklər milli bütünlüklərini davam etdirmək üçün mücadiləni özlərinə məfkurə seçmiş, bizə bu məfkurənin yazılı sənədlərini, Göytürk tarixini xülasə biçimində anladan kitabələrin içyapısında vermişlər. Bu kitabələr dərin qatları ilə o zamankı türk cəmiyyətini çeşidli yönlərdən bugünkü nəslə tanıtmaqdadır. O zamankı cəmiyyətdə yaşayanların və xüsusilə Kağanlıq məqamında oturanların təqib etdikləri milli siyasət – bugünkü nəsillərə işıq tutacaq gücdə işlənmişdir. Ölkənin və millətin bir çox məsələlərini, uzaq-yaxın təhlükələri, milli bütünlüyü sarsıdacaq xətalı davranışları içdən gələn bir səmimiyyətlə, çox zaman üzüntü ilə dilə gətirən Bilgə Kagan və Bilgə Tonyukuk hazırladıqları kitabələrdə millət olmanın fəlsəfəsini yaratmışlar” [4, s.93].
Bu gün dünya tarixşünaslığının əlində Göy Türk imperiyasına dair, əsasən, iki qaynaq vardır: Orhon abidələri və Çin salnamələri. Dövrün hadisələrini təsvir etmək baxımından onların analogiyası bir-birindəki faktları, demək olar ki, təsdiq edir [7, s.80-85]. Yəni Orhon abidələri erkən orta əsrlərin real tarixi mənzərəsini təsəvvür etmək baxımından da müstəsna dəyərə malikdir.
İki göytürk qardaşının – Bumın və İstemi kağanların 552-ci ildə əsasını qoyduğu Göy Türk imperiyası Pekinlə Konstantinopol arasındakı nəhəng coğrafi məkanda siyasi-diplomatik münasibətlər quran qüdrətli Avrasiya türk dövləti idi. Onu türk birliyi yaratmışdı. Bu birliyin azca laxlaması onu həmişə belə məqam üçün fürsət gözləyən Çin dövlətinin əsarəti altına atmışdı (630-680-ci illər). Lakin yarım əsrlik əsarət acısından sonra yenidən türk birliyi özünü tapdı. Göytürklər buna yenə də həmin kağanların nəsil və ideya varisləri İlteriş kağan, Qapğan kağan, Bilgə kağan, Köl tiqin və Tonyukukun sayəsində müyəssər oldular. Onlar Çin hökmranlığına qarşı üsyan və müharibələrlə yenidən öz azadlıqlarını əldə etdilər. Sürətlə toparlanıb Göy Türk dövlətinin sütunlarını təzədən qurdular. Qurtuluşun banisi İlteriş kağan (681-691), Qapğan kağan (691-716) və Bilgə kağanın (716-734) hakimiyyətləri dövründə Göy Türk imperiyası mərhələ-mərhələ öz qüdrətinin zirvəsinə yüksəldi [2, s.77-93]. Onların hökmranlığı çağında heç bir saray çevrilişi baş vermədi, hakimiyyətə yüksəlmiş türk xaqanları bir-birinə və uluslarına tarixə görk olası sədaqət göstərdilər. Bilgə kağanın hakimiyyətinin əsas dövrü bölgədə sülhü təmin etdi. Əsarət zəncirini qırmış və milli hakimiyyətlərini Avrasiya miqyasında bərpa etmiş türk ulusları qəti anladılar ki, əgər onlar bir daha aralarındakı birliyi itirsələr, yenidən o əsarətə məhkum olacaq, yenidən o zəncirin cingiltilərini eşidəcəklər. Ona görə də demək olar: Orhon yazıları – türk azadlığının, türk birliyinin və türk dövlətçiliyinin abidəsidir.
Göy Türk imperiyasının bütün zamanların türkünə Birlik Əhdi sayılan Orhon abidələri (“Orhon trilogiyası”!) – əsasən, “Köl tiqin”, “Bilgə Kağan (xaqan)” və “Tonyukuk” qəbirüstü qranit yazılarından ibarətdir. Lakin onlar sadəcə adı çəkilən qəhrəmanların məzarı üzərində ucaldılan epitafiya yazılmış “başdaşıları” deyildir. Onlar Türkün tarixi taleyini ən yığcam şəkildə əks etdirən, onun fatehlik və birlik amallarını həm semantikası, həm yazılışı, həm də fiziki quruluşu ilə simvollaşdıran möhtəşəm abidələrdir. “Köl tiqin” və “Bilgə Kağan” Göy Türk imperiyasının hökmdarı Bilgə Kağanın oğlu Yolluq tiqin (sonradan o özü də hökmdar olur) tərəfindən, “Tonyukuk” isə baş vəzir Tonyukukun özü tərəfindən yazılmışdır.
“Köl tiqin”i – Göy Türk imperiyasının ən qüdrətli xaqanı Bilgə Kağan öz qardaşı Köl tiqinin ölümündən sonra onun şərəfinə 732-ci ildə ucaltmışdır. Qranit mərmərdən yonulmuş abidənin dörd üzünə göytürkcə mətnlər qazılmışdır. Yalnız bir üzündə çincə mətn də vardır. Abidə üzərindəki bəzi yazılar pozulduğundan, məntiqi rabitə qırılsa da, əsas fikrin nədən ibarət olduğu aydındır. Abidəyə bütün türk boylarının ortaq damğası (gerbi) və Türkün mifik soybaşlanğıcını əks etdirən – qurddan süd əmən uşaq simvolu həkk edilib. “Köl tiqin” – Bilgə Kağanın öz türk millətinə müraciət-monoloqu şəklində tərtib edilib.
Abidənin cənub üzündə oxuyuruq (Mətnlər yeni oxunuşda verilir – C.F.): “Göy Tanrısı tək mən Türk Bilgə Kağan bu çağda taxtda oturdum. Sözümü bütünlüklə eşit. Məndən sonra gələn kiçiklərim, oğullarım, bütün soyum, millətim! Sağımdakı mötəbər bəylər, solumdakı tarkanlar, buyuruq bəyləri, Otuz Tatar, Doqquz Oğuz bəyləri, milləti! Mənim bu sözümü yaxşıca eşit, ağılla dinlə! İrəli, gündoğana (şərqə) qədər, geriyə, gün ortasına (cənuba) qədər, günbatana (qərbə) qədər, yuxarıya, (şimala) qədər uzanan yerlərin bütün millətləri mənə tabedir (Burada imperiya ərazisinin böyüklüyü bildirilir – C.F.). Bunca milləti nizama saldım.
Türk kağanı Ötükən ormanında (Ötükən Göy Türk imperiyasının paytaxtıdır – C.F.) oturubsa (hakimiyyət başındadırsa), onun elində (dövlətində) heç bir sıxıntı olmaz... Şərqə doğru Şandun çölünədək ordu çəkdim, az qaldı ki dənizə çatım. Cənuba doğru Doqquz Ərsinədək ordu çəkdim, az qaldı ki, Tibetə çatım. Qərbə doğru İnci çayını keçərək, Dəmir Qapıyadək ordu çəkdim. Şimala doğru Yir-Bayırku torpağınadək ordu çəkdim. Bunca yerlərədək yürüş etdim. Ötükən ormanından daha yaxşısı yoxmuş. Yurd olacaq, dövlət yaradacaq yer – Ötükənmiş! Bu yerdə oturub (hakimiyyəti idarə edib) Çinlə anlaşdım.
Çin milləti qızılını, gümüşünü, ipəyini sıxıntı çəkmədən verir. Onun sözü dadlı, ipəyi-qumaşı yumşaq imiş. Dadlı sözlə, yumşaq ipək-qumaşla özündən uzaq milləti beləcə tovlayıb özünə yaxınlaşdırırmış. Yaxınlaşdırıb üstünə qonandan sonra, pis əməllərini düşünürmüş. Bilikli insana, cəsur insana dişləri batmaz. Amma bir insan yanılsa, onlara yapışıb millətindən uzaq düşər. Türk milləti, sən də çinlilərin dadlı sözünə, yumşaq ipək-qumaşına aldanıb, öldün... O yerə doğru gedəcəksənsə, türk milləti, öləcəksən! Amma Türk milləti, Ötükəndə otursan, əbədi dövlət qurub oturacaqsan! Türk milləti, tox olacaqsan, acsansa, doymazsan, bir doysan, acmazsan... Yüksəlmiş kağanının sözünə baxmadan, çox yerlər dolandın, gah öldün, gah qaldın. Mən Tanrı buyurduğu üçün, özüm dövlətli olduğum üçün kağan oldum. Kağanlıq səltənətində oturub, ac, yoxsul milləti topladım. Yoxsul milləti varlı etdim. Az milləti çox etdim. Bu sözümdə bir yalan varmı? Türk bəyləri, milləti, eşidin! – Türk millətinin birləşib bir ittifaqda dövlət yaratmasını bu daşlara həkk etdim!..” [3, s.16].
Abidənin şərq üzündə oxuyuruq: “Üstdə mavi göy, altda boz yer qılındıqda, ikisinin arasında insan oğlu yaranmışdır. İnsan oğlunun üzərinə əcdadım Bumın kağan, İstemi kağan hakim olmuşlar. Hakimiyyətlərində türk millətinin dövlətini, qanun-nizamını qurub-düzəltmişlər. Dörd yanımız bütün düşmən imiş. Ordu çəkib dörd yanımızdakı millətləri tamam almış, başlını baş əydirmiş, dizlini diz çökdürmüşlər. Şərqə doğru Kadırkan ormanına qədər, qərbə doğru Dəmir Qapıya qədər yürüş etmişlər. Bu iki məkan arasında təşkilatsız-düzənsiz Göy Türk ulusunu nizama gətirərək, idarə etmişlər. Onlar bilikli kağan imiş, cəsur imişlər. Bəyləri də, milləti də doğru imiş. Onun üçün dövlət qura bilmiş, qanun yapa bilmişlər” [3, s.17].
Mətnin davamında göytürklərin Çin hiyləsinə aldanaraq, hakimiyyəti əldən verdiklərinin faciəsi dilə gətirilir. Türk öz xalqının bu durumuna baxıb inləyir: “Eli (dövləti) olan millət idim, elim (dövlətim) indi hanı? Kağanı olan millət idim, kağanım indi hanı?” Türk oğlu bu düşüncələrlə “Ya ölüm, ya qurtuluş!” deyə mübarizəyə atılır: “Yuxarıda türk Tanrısı türkün müqəddəs yerini, suyunu nişan vermişdir. Türk milləti yox olmasın deyə, millət olsun deyə atam İlteriş kağanı, anam İlbilgə xatunu göyün yuxarısına tutub qaldırmışdır...” Türkün cihadı onu azadlığa çıxarır. İlteriş yabqu qoşunu (seçmə türk ordusu) ilə qırx yeddi dəfə hərbi yürüş edir, iyirmi dəfə müharibə aparır, Tanrının hökmü ilə türk boyları arasında vəhdət yaradıb öz yenilməz ulusunun dövlətini yenidən bərpa edir. Onun azadlıq və hakimiyyət gücünə yetmiş oğlu Bilgə Kağan xalqına bu çətinliklərdən necə qurtulduqlarının gerçəkliyini söyləyir: fərasətsiz dövlət başçılarının, bəsirətsiz kütlənin yanılmalarına barışmaz münasibətini bildirir, türkün tərəqqi və tənəzzül arasındakı çırpıntılarının reallığını açır. Açıq şəkildə bəyan edir ki, tənəzzülün səbəbi – milli birliyin itməsi, tərəqqinin səbəbi – bu birliyin hifz edilməsidir. Bilgə Kağan Vəsiyyətnaməsinin kulminasiya nöqtəsi də milli birliyə çağırışdadır: “Türk Oğuz bəyləri, xalqı, eşidin: Üstdə göy basmasa, altda yer dəlinməsə, türk millətinin elini, dövlətini, törəsini kim pozar?!” [3, s.18].
Bilgə Kağan Göy Türk dövlətinin qurulmasında onunla çiyin-çiyinə vuruşmuş kiçik qardaşı Köl tiqinin qəhrəmanlıqlarını öz şücaətlərindən daha artıq vəsf edir. Qardaşının ölümünə “görər gözüm görməz oldu, bilər ağlım bilməz oldu” deyərək, yana-yana ağı söyləyir. Onun yasına Çindən Bizansa qədər ayrı-ayrı dövlətlərdən gələn nümayəndələri xatırladır. Bilgə Kağan qardaşı Köl tiqinin alp-ərən obrazını yaradır. Həqiqətən də bu tarixi faktdır ki, Köl tiqin sədaqətlə Göytürk millətinə və dövlətinə canını fəda edərək xidmət göstərmişdir: “Köl tiqində mənsəb hərisliyi, taxt-tac sahibi olmaq ehtirası yoxdur. Onun ən böyük idealı türkün – millət olması, yaxın əcdadından qalmış Göy Türkün dövlətçilik qüdrətinin yenilməzliyi idi. O, bu yolda qılınc çalırdı. Daha fərqi yox idi ki, o, bu qılıncı xaqan kimi, hökmdar kimi çalır, yoxsa bir döyüşçü kimi, bir sərkərdə kimi” [1, s.105]. Burada dövlətçilik düşüncəsinin mahiyyətini əski göytürkcədə təqdim etdiyimiz bir fikir olduqca dəqiq ifadə edir: “Mən biriki budunığ ot, sub kılmadım” – “Mən bir olan milləti od və su eləmədim”. İdeyanın iç semantikası isə kifayət qədər dərindir: od və su yaradılışın iki əsas qüvvəsi kimi həm də ziddiyyətdədir, su ilə od söndürülür, odla su qurudulur, deməli, xaqan ulusunu od və su kimi ayırmır, bütövü bölmür, bölünmüşü bütöv edir.
“Köl tiqin” abidəsinin qərb üzündəki Çincə hissəsini Tanq imperatoru Hiuan Tsonqun qardaşı oğlu, ordu başçısı Çanq Sengün yazmışdır. Mətn qonşu ölkənin yüksək diplomatik səviyyədə ifadə olunan dostluq münasibətlərinin ifadəsidir. Diqqət çəkən faktdır ki, türkcə və Çincə mətnlər bəzi məqamlarına görə tamamilə ziddiyyət təşkil edir. Çincə mətn, qeyd etdiyimiz kimi, mehriban qonşuluq münasibətlərinə köklənibsə, türkcə mətndə Cinin türk dövlətinə qarşı hiyləgər və dağıdıcı münasibəti açıq şəkildə bəyan edilib. Əlbəttə, Bilgə Kağan Çincə yazılan mətnin quruluşuna tam bələd idi. Çünki abidə onun ideyasının bəhrəsidir. Lakin, görünür, o, bilərəkdən, həm də görk olsun deyə, bu mətnlər arasındakı fərqi saxlayır. Yəni türk həmişə ayıq olsun ki, Çin siyasəti və diplomatiyası hətta belə mehriban münasibətlər gedişində də öz gizli niyyətlərini həyata keçirə bilər. Sonrakı tarixi proseslər də göstərir ki, Bilgə Kağan həqiqətən haqlı imiş... Bilgə Kağanın ölümündən sonra, onun oğlu və bu mətnlərin yazarı Yolluq tiqin Kağanlığın yekdil rəyi ilə hökmdarlığa yiyələnir. Onun da ölümü səbəbilə, oğlu – Tenqri xan titulu qazanmış Bilgə Kutluq xan hakimiyyətə gəlir və Çinə öz səfirini göndərir [5, s.364]. Cəmi 6 il keçdikdən sonra – 745-ci ildə türksoylu uyğurlar Çinlə ittifaqa girərək Şərqi Göy Türk imperiyasına son qoyur və öz Kağanlıqlarını yaradırlar [4, s.19]. Sonrakı yüzilliklərdə getdikcə milli dövlətçilik ənənəsini və ideologiyalarını puça çıxarmış və “köhnə müttəfiqləri” Çinin amansız basqılarına məruz qalmış Uyğur imperiyası çökür... Hazırda 22 milyon əhalisi olan Uyğur (Xinjuan) Muxtar Vilayəti Çin dövlətinin bir hissəsidir. Yalnız Qərbi Göy Türk imperiyasından doğulan sonrakı yüzilliklərin türk dövlətləri öz dövlətçilik ənənələrini Anadoluya qədər daşıyaraq, Avrasiyanın böyük türk imperiyalarını yaradan təməl olaraq qaldılar...
Belə bir sarsılmaz ənənənin məhək daşı, yazılı kodeksi – “Köl tiqin” abidəsinin analitik təhlili buradakı çox dərin mənaları üzə çıxarır:
Türk dövlətinin başçısı – Bilgə Kağan nəinki birköklü türk uluslarını, boylarını bir-birindən ayırmır, onların arasında heç bir fərq qoymur, heç özünü də onlardan ayırmır, xanədanlıqla toplum arasında da heç bir fərq qoymur, bütün millətə müraciətində ayrı-ayrı dövlətləri, xalqları zorla bir hökmdarlığa tabe etdirmiş İmperator kimi yox, yalnız öz doğma xalqı ilə onların seçilmiş Başçısı kimi, böyük vəhdətin dilində, böyük vəhdətin məntiqi ilə danışır, – sanki öz qəlbi ilə danışır. Bilgə Kağan nəinki özü ilə xalqını ayırmır, həm də xalqı ilə yurdunu – bu dövlətin yarandığı təbiət dünyasını vəhdətdə görür. Açıq etiraf edir ki, məmləkətini nə qədər genişləndirsə də, ana Vətənindən doğma olan bir yer yoxdur: “Yurd olacaq, dövlət yaradacaq yer – Ötükənmiş!” Göytürkün düşüncə qatında Dövlət – Ulus – Təbiət beləcə birləşir, doğmalaşır. Bu düşüncə məhz həmin təməl üzərində yetişdiyindən, xaosyaradıcı deyil, harmoniyayaradıcı başlanğıca malikdir: “Bunca milləti nizama saldım”.
Eyni zamanda, mifik dünyagörüşünün dərin laylarını özündə yaşadan “Köl tiqin” abidəsində xalqın soybaşlanğıcı və onun dövlətinin mənşəyi insanlığın yaradılışına qədər qədimləşdirilir. Bilgə Kağan elə düşünür ki, sanki dünya yaranandan elə ilk doğulan insan oğlu türkmüş və onun da üzərində Bilgə Kağanın “əcdadı Bumın kağan, İstemi kağan hakim olmuşlar.” Ancaq bu mifoloji kontekst məntdəki real hadisələrin məntiqini pozmur. Göytürk dövlətinin addım-addım irəliləyib böyüməsi hadisələri iftixarla abidəyə həkk olunur.
“Çinlə anlaşan” Göy Türk imperiyası yaxşı bilir ki, Çinin “ipək sivilizasiyasının” yumşaqlığına, həlim diplomatiyasına, var-dövlətinin parıltısına aldanmaq olmaz. Ona görə də Bilgə Kağan hakimiyyətə təkcə siyasi bacarığı, özünün və qardaşı Köl tiqin kimi alp-ərənlərin qəhrəmanlığı ilə deyil, həm də var-dövləti ilə gəlir, “yoxsul milləti varlı etdim” – deyir. Ac millətin deyil, varlı millətin hakimiyyəti saxlaya biləcəyi həqiqətini bəyan edir və məhz bu əsaslarda “türk millətinin birləşib bir ittifaqda dövlət yaratması” mümkünlüyünü siyasi reallıq sayır. Həm də siyasi reallıq budur ki, “qanun-nizamını yaratdığın ulusal dövləti” gərək “dörd yanın düşmənlərindən” qoruya biləsən”. Bilgə Kağan siyasi hakimiyyətin monolitliyi üçün vacib ola bir şərti də önə çəkir: gərək dövlətin “bəyləri də, milləti də doğru” olsun! Qurulan dövlət – “qanunlar üzərində” təşkil edilsin! Örnək budur: Göytürk dövlətinin patriarxları “dövlət qura bilmiş, qanun yapa bilmişlər”.
Mətndəki bir “daş sətir” həm dil, həm də ideologiya baxımından yetərincə ibrətli və informativdir: ulu göytürklər “başlını baş əydirmiş, dizlini diz çökdürmüşlər” (Bu ifadə digər Orhon abidələrində də ayrı-ayrı kontekstlərdə, lakin eyni məna tutumunda işlədilir). Bu frazeoloji deyimin iç semantikası belədir: Ağıl – başda, güc – dizdə olur. Yəni hakimiyyəti Ağıl və Gücün ittifaqında yaradıb möhkəmləndirmək, başdakı ağıl, dizdəki güclə düşmənə üstün gəlmək – “başlını baş əydirmək, dizlini diz çökdürmək” olar!
Ulu türk yaratdığı hakimiyyətin sarsılmazlığına hədsiz inanandır. Onun dərin inamına görə... “üstdə göy basmasa, altda yer dəlinməsə, türk millətinin elini, dövlətini, törəsini kim pozar?!”. Bilgə Kağan öz türk millətinə bu ideyanı – qranitləşmiş əqidəni təlqin edir ki, üstdə göyün basılması, altda yerin dəlinməsi mümkün olmadığı kimi, birləşmiş türk uluslarının ittifaqı üzərində qərar tutan dövlətin möhkəm sütunlarını heç kim çökdürə bilməz!”
“Orhon trilogiyasının” ikinci monumenti – “Bilgə Kağan” abidəsi, öncə qeyd etdiyimiz kimi, Bilgə Kağanın oğlu, artıq hökmdar taxtına sahib olmuş Yolluq tiqin tərəfindən 735-ci ildə yazılmışdır. Bu abidə də “Köl tiqin” kimi Bilgə Kağanın xalqına monoloq-müraciəti üslubundadır. Fikir və məntiq ardıcıllığına görə də bir xeyli məqamlarda “Köl tiqin”lə üst-üstə düşür. Sanki Bilgə Kağan eyni müraciətini ayrı-ayrı situasiyalarda, yeni söz və üslub kompozisiyasında, bir qədər fərqli variasiyada təqdim edir. Hiss olunur ki, Göy Türk imperiyasının yeni hökmdarı Yolluq tiqin Kağan atası Bilgə Kağanın vəsiyyətini ilk mətnə uyğun olaraq, burada kanonik formaya salmışdır. Əlbəttə, bu qranit abidə yazısındakı qazıqların çox korlanması, mətnin ayrı-ayrı yerlərində xeyli sözlərin oxuna bilməməsi – onun ümumi məzmununun anlaşılmasını çətinləşdirir. Lakin abidəyə həkk olunmuş Göy Türk imperiyasının doktrinası kifayət qədər aydındır: gərək türk milləti qoymaya ki, “ayağı burxulsun”, yadlara şirnikib, kökünü unutsun, səntirləyib “düz yolundan, doğru sözündən dönsün”, heç zaman unutmasın ki, çətinliklə əldə olunmuş göytürk milli hakimiyyəti türk uluslarının birliyi üzərində qərar tutub. Çalış, vuruş, bu birliyi qoru!
İbrətamizdir ki, professor Tofiq Hacıyevin dəqiq şərh verdiyi kimi, “Bilgə Kağan” abidəsində də “Bilgənin hökmdar və bahadır ucalığı dərinlikdədir, o, aysberq timsalındadır və onu üzə bütöv çıxarmaq üçün burada dolayı müqayisələrə yer verilir. Aydın olur ki, Bilgə, əslində, daha uca olduğu üçün və kiçik qardaşını çiyninə aldığı üçün Köl tiqin belə daha yüksək görünür. Əslində, Bilgə Kağan öz timsalında sərkərdəliyin və müdrikliyin bütövlüyünü nümayiş etdirir. O, bu trilogiyada – hökmdarlığın, qəhrəmanlığın və müdrikliyin zirvəsidir” [1, s.113].
“Orhon trilogiyasının” üçüncü monumenti – “Tonyukuk” abidəsidir. Hazırlandığı tarix 720-725-ci illərə, ucaldıldığı tarix isə 732-734-cü illərə aid edilir. O biri türk yazılı abidələrindən fərqli olaraq, “Tonyukuk” dağıntıya, demək olar ki, məruz qalmamış, bütöv bir sənəd – tarixin daş yaddaşı kimi monumental görkəmini saxlamışdır. Qranit mərmər üzərinə həkk edəni – Bilgə Tonyukukdur. Bilgə Tonyukuk Göy Türk imperiyasının üç böyük kağanına – İlteriş kağan, Qapğan kağan və Bilgə kağana baş vəzirlik (müşavirlik) etmiş, yeri gəlincə, orduya sərkərdəlik etmişdir. O, zamanımıza qədərki türk tarixində türkçülük ideyasını həm praktiki siyasət kimi həyata keçirən, həm də onu ideoloji doktrinaya çevirən İlk Türk İdeoloqudur. Onun kağanlara bərabər şəxsiyyət olmasına dəlalət edən fakt odur ki, yazdığı kitabənin ilk cümləsini özü ilə başlayır: “Mən Bilgə Tonyukuk Çin ölkəsində doğuldum. O zaman ki, türk milləti Çinin hakimiyyəti altında idi” [3, s.125].
Bilgə Tonyukuku, sözün əsil mənasında, XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiyada, Avropada təhsil alıb vətənlərinə dönən və burada milli mücadiləyə başlayan türk maarifçiliyi və müstəqilliyi hərəkatının öndərlərinin sələfi hesab etmək olar. O, özünün şəhadət verdiyi kimi, Çində, xalqının Çinə tabe olduğu bir vaxtda doğulmuş, Çincə öyrənmiş, Çin xalqının xarakterinə, mədəniyyətinin mahiyyətinə, bu dövlətin türk xalqı və türk torpaqlarına necə münasibət bəslədiyinə, həmin münasibətdə gizlənmiş taktiki və strateji məqsədlərə bələd olmuş və bütün bunlara qarşı aydın bir mübarizə ideyası ilə öz türk yurduna qayıtmış, Çinə qarşı üsyan və müharibə edən alp-ərənlərin sırasına qoşulmuş, ağır sınaqlardan keçərək, Göy Türk imperiyasının idarəçiliyi məqamına yüksəlmişdir. Əslində, o, öz dövlətinin təşəkkül və tərəqqi məqsədlərini praktiki olaraq həyata keçirən bir siyasətçi-strateqdir. “Tonyukuk” abidəsi də məhz bu miqyaslı düşüncəyə və dərin təcrübəyə malik dövlət adamının – Bilgə Tonyukukun əlindəki tişə ilə, əski türkcədə yazılmışdır.
“Orhon trilogiyasının” bu sonuncu abidəsində də, əvvəlkilərdə olduğu kimi, göytürk dövlətinin yüksəlişi, enişi və yenidən yüksəlişinin dramatik tarixi və hadisələri türkün qələbəsinə doğru aparan uzaqgörən siyasətin yeridilməsi əks etdirilir. Türk hər zaman döyüşür. Lakin bu döyüş o zaman qalibiyyətlə nəticələnir ki, mübarizə sıralarında bütün türk ulusları, boyları iştirak edir, həmin siyasət o zaman bəhrə verir ki, bütün türk ulusları və boylarının birgə milli iradəsini özündə daşıyır: “Gələcək Göy Türk demokratiyasının əsasını, müdrikliklə cəsarətin vəhdətini Tonyukukun ağlı əks etdirir” [1, s.115]. Bu abidə-sənəddə çox müfəssəl cizgilərlə Göy Türk imperiyasının başlanğıc zamandakı tarixindən Tonyukukun sağlığına qədərki dövrdən, bu dövrün bütün dramatik hadisələrindən, türklərin ayrılıb birləşmə çağlarından, onların apardıqları qanlı müharibələrdən, hətta bu müharibələrin görk olası tarixi epizodlarından, türk birliyi ideyasının həm də silahla qorunmasından, müxtəlif türksoylu xalqları Göy Türk imperiyasının daxilində birləşdirmək üçün İlteriş, Qapğan və Bilgə kağanların yürütdüyü yenilməz siyasətdən, bu siyasətdə türk ulusları arasındakı bərabərlik şərtinin rəhbər tutulmasından, həmin siyasətin yeridilməsində silahdaşların bir-birilərinə və ali ideyaya sədaqətli qalmasından, türk öndərlərinin mübarizlik və fədakarlıqda öz xalqına örnək olmasından ehtiraslı bir dil və sərrast məntiqlə danışılır.
Abidə belə bir ibrətamiz sonluqla bitir: “İlteriş Kağan qazanmasaydı, mən özüm qazanmasaydım (Yəni: biz eyni məqsədlə vuruşub, qələbə əldə etməsə idik – C.F.), el də (dövlət də), millət də yox olacaqdı. İlteriş Kağan qazandığı üçün, mən özüm qazandığım üçün, el də el oldu, millət də millət oldu... İlteriş Kağan və mən Bilgə Tonyukuk qazandığımız üçün Qapğan Kağan türk millətinin yürütdüyü bu ... (Mətnin bu hissəsi pozulub – C.F.). Türk Bilgə Kağanı Türk Millətini – Oğuz millətini bəsləyib oturur (Yəni: öz hakimiyyətini sürür – C.F.)”. Mətnin bu son akkordunun başlıca ideyası bundan ibarətdir ki, əgər türk öndərlərinin mübariz iradəsi həyata keçməsəydi, türk soylarının birliyi, ittifaqı da olmayacaqdı, bu ittifaq dövlətə çevrilməyəcəkdi. Amma bu iradə özünü doğrultduğundan, Türk Millətinin Birliyi yaşadı, irəlilədi, öz əzəli haqqına – hakimiyyətə yüksəldi!
Orhon abidələrinin (“Köl tiqin”, “Bilgə Kağan” və “Tonyukuk”) bütün mənalarda vəhdəti, əsasən də, ideya məqsədyönlülüyünə görə bir-birini izləməsi, getdikcə daha qətiyyətli şəkildə öz məramını diktə etməsi göz qabağındadır. Əlbəttə, bu təsadüfi deyil. Axı, əski türklər irili-xırdalı qonşu dövlət və millətlərlə yalnız davamlı savaş-barış şəraitində deyil, həm də onlarla gərgin sivilizasiya münasibətlərində yaşayırdılar. Onlar hətta instinktiv olaraq hiss edirdilər ki, başqa mədəniyyət və sivilizasiyaların təsirinə qapılmaq – özünü yox etmək deməkdir. Ona görə də türk bilgələri (müdrikləri) bu ulu soyun öz kökü üzərində sivilizasiya dəyərlərini yaratmasına bunca önəm verirdilər. Lev Qumilyov bu səbəb nöqteyi-nəzərindən düzgün mülahizə yürüdür ki, türklərin “qüdrətli üçlüyünün” – Bilgə Kağan, Köl tiqin və Tonyukukun əsas vəzifəsi təkcə Türk Kağanlığını Çin (Tan) imperiyasının təcavüzündən qorumaq yox, həm də Çin sivilizasiyasının güclü təsiri altına düşməyə qoymamaqdan ibarət idi [5, s.352, 376]. Unutmayaq: Bilgə Tonyukuk özü etiraf edir ki, Tabğaç (Çin) mədəniyyətinin təsiri altında tərbiyə alıb. Ancaq dərhal anlayır ki, bu, təhlükəlidir. Onu Türk Kağanı yanına dəvət edir. O da çoxdan üzərində düşündüyü dəvəti qəbul edib, Kağanın yanına gəlir (“çölü şəhərdən üstün tutur!”), müstəqillik hərəkatına qoşulur [6, s.64-65], öncə vurğuladığımız kimi, bu hərəkatın əvvəlcə öndərlərindən birinə, sonra baş ideoloquna çevrilir.
Onsuz da əski türklərə Çin sivilizasiyasının daha “yumşaq” təlimləri – buddizm və daosizm yaramırdı. Onların etnopsixologiyası çöl sivilizasiyasının sərt qanunları üzərində formalaşmışdı. Onlara güclü olmaq, dözümlü olmaq lazım idi. Ona görə də əski türklərin ulusal heysiyyəti Çin sivilizasiyasının bütün basqılarına sinə gərirdi. Tarix də göstərir ki, onlar özlərinə yad olan təlim və təriqətləri heç zaman qəbul etmədilər. Nə “ipəyə”, nə “ideologiyaya” aldandılar. Bu reallıqları nəzərə alan Lev Qumilyov belə bir postulatdan çıxış edir: “Türk Kağanlığının rəsmi ideologiyası iki prinsipə əsaslanırdı: Çin mədəniyyətinin inkarı və qonşuları üzərində öz üstünlüyünün dərki” [5, s.375]. Əslində, “Çin mədəniyyətinin inkarı” – əski türklərin öz mədəniyyətinin təsdiqi, “qonşular üzərində üstünlük” isə – imperiya qanunlarının təsbiti demək idi. Lev Qumilyovun fikrincə, başqa mədəniyyətin qınına girib rahatlanmağın türklər tərəfindən qətiyyətlə rədd edilməsi həmin həlledici tarixi dövr üçün olduqca mühüm bir həqiqəti açır: “Bu, təkcə iki dövlətin mübarizəsi deyildi, iki dünyagörüşünün, iki dünyaduyumunun mübarizəsi idi. Böyük Çöl öz manifesti ilə (Orhon türk yazılı abidələri nəzərdə tutulur – C.F) Çin olmamaq, özü olaraq qalmaq hüququnu bəyan edirdi... Daxilən monolit olan Türk eli (dövləti) öz banilərinin ideyasına görə digər qəbilələr üzərində hökmranlıq etməyi bacarmalıydı. Tonyukuk da öz xidməti olaraq bildirir ki, ö, bütün həyatını bu məqsədə tapındırdı və türk xalqını yüksəltdi” [5, s.376].
“Orhon trilogiyası” təkcə siyasi-ideoloji məqsədyönlülük baxımdan deyil, həm də tarixi-etnoqrafik sənədlilik baxımından müstəsna dəyərə malikdir. Bu monumental abidələr əski türklər haqqında o çağın hər hansı Çin mənbəyindən qat-qat artıq və dolğun bilgi verir, daha zəngin informasiya yükünü daşıyır. Çin mənbələri yalnız xronologiyadırsa, bu türk qaynaqları – canlı həyatın, yaşanmış tarixin icmal-panoramıdır. Ona görə də bir çox araşdırıcılar onları tarixi qəhrəmanlıq eposu hesab edir. Orhon türk yazılı abidələrinin belə bir cəhəti istisna edilə bilməz. Həmin abidələrlə elə ilk “ünsiyyət” dərhal o fikri doğurur ki, “Oğuz Kağan” və “Kitabi-Dədə Qorqud” kimi epik dastanlar ruhən Orhon türk yazılı abidələrinin bətnindən doğulub.
Göy Türk imperiyasının bu tarixi sənədlər külliyyatı, nəhayət, ona görə epoxal əhəmiyyət daşıyır ki, burada çox həssas zaman duyğusu var. Daim hərəkətdə olan zamanda insan, dövlət və cəmiyyət donuq halda qala bilməz. Əski türklər sanki “donmuş tarixin” özünü hərəkətə gətirir, onun geniş meydanını Avrasiyada okean kimi dalğalanan türk dünyasının üzünə açır. Türk dünyası bu ucsuz-bucaqsız məkanda birləşir, ayrılır, yenidən birləşir. Milli özünüdərketmənin mükəmməl proqramında birlik sisteminə çatanadək, vurnuxur, özünü axtarır... Orhon abidələri onun bu axtarışda özünü tapdığı məqamdır. Ona görə “Orhon trilogiyası”nda türk öz varlığına – tarixi taleyinə heç bir güzəştə getmədən, yanılmalarını, sapıntılarını ört-basdır etmədən, realistcəsinə nəzər salır, eniş və yüksəlişlərinin kökünə varır, içində bulunduğu çağının obyektiv mənzərəsini yaradır, gələcəyinin perspektivinə uzaqgörənliklə baxa bilir.
Ədəbiyyat
Орхонские письменные памятники:
образцы реализма и дальновидности
Орхонские письменные памятники (680-745-гг.) имеют следующее чрезвычайно большое значение в развитии тюркской культуры, особенно в создании ее политических основ: эти памятники (1) являются полным собранием исторических документов Гёк Тюркской империи – первого государства с этнонимом "тюрк" в своем названии; (2) написаны на гёктюркском – пратюркском языке, считающимся праязыком всех современных тюркских языков; (3) являются первым основным источником, пролившим свет непосредственно на этногенез тюркской нации и государственности, на историческую эволюцию тюркской цивилизации, политической культуры в Евразии; (4) является фактом конкретной политики государства (Гёк Тюрк), возникшего в результате развития тюркской этнополитической системы в раннем средневековье, направленной на соблюдение им геополитического баланса и своих собственных национальных интересов в военных, политических и дипломатических отношениях с государствами Евразии в ситуации его превращения в великую империю; (5) является предтечей всех наших историко-классических идеологий, служащих идеалам создания единства тюркского мира.
The Orkhon Inscriptions:
Pattern of Realism and Prescience
The Orkhon inscriptions (680-745 A.D) have the following considerable importance in development of the Turkic culture and especially in establishment of its political foundations: These script monuments – (1) are a set of historical documents of Göktürk Empire [Turkic Khaganate], which expresses “Turkic” ethnonym in its name as a first state; (2) are in the most ancient Turkic language, which is progenitor of all the modern Turkic languages; (3) is the main source bringing greater clarity to the ethno-genesis of Turkic nation and statehood and to the historical evolution of Turkic civilization and its political culture in Eurasia; (4) is the fact of concrete politics of Göktürk Empire targeting its national interests and geopolitical balance in military, political and diplomatic relations with other Eurasian states by becoming an empire state, emerged as a result of the development of Turkic ethno-political system in the early middle ages (5) is the predecessor of all our historico-classical ideologies, those serve to the ideals of establishment of the union of Turkic world.