Sivilizasiyanın ən qədim dövrlərindən indiyədək yer üzündə yaşayan, insan genomunun daşıyıcısı olan varlığın noosfer sistemi – bəşəriyyət adlanır. “Bəşəriyyət” və “insanlıq” sinonim anlayışlar kimi işlənsə də, ikinci anlayış daha çox bəşəriyyətin mənəvi-əxlaqi substansiyasına varılarkən işlədilir. Yəni “insanlıq” – “bəşəriyyətin” daha yüksək fəzilətlərə sahib olduğu durumu bildirir. “İnsanilik” isə humanist mənəviyyatın özünü təzahür etdirdiyi daha ali bir səviyyədir. Humanitar mədəniyyətin və onun ideasional nüvəsini təşkil edən dünyagörüşünün ən yüksək məramı – bəşəriyyəti insanlıq mərtəbəsinə qaldırmaq, insanlıqda insaniliyi onun sosial-mənəvi həyatının mahiyyətinə çevirməkdir. Real praktikada isə “bəşəriyyət” bu incəlikləri də özündə ehtiva edən universal bir anlayış kimi öz semantikasının genişliyinə (hətta müəyyən qədər yayğınlığına) malikdir.
Yer noosfer sivilizasiyasının təkamülü prosesində bəşəriyyətin tarixi həyatı özünün getdikcə daha mürəkkəb və dinamik quruluşda sosiallaşması fazalarından keçərək, müasir beynəlxalq sistemin strukturlaşmasına doğru inkişaf etmiş, hazırkı mərhələdə “qlobal vətəndaş cəmiyyəti” ideyasını və praktikasını meydana gətirmişdir. Qlobal vətəndaş cəmiyyəti – öz fəaliyyət məqsədəuyğunluğunu və getdikcə daha mükəmməl təsisatlanma zərurətini dərk edən bəşəriyyətin təşkil olunmuş meqasosial sistemidir.
Əsrlər boyu fəal düşüncəli və əməlpərvər insanlar özlərinin mənsub olduqları cəmiyyətin, dövlətin, sosial, dini, hüquqi, siyasi və s. təsisatların mühafizəkar qəliblərdən qurtulub daha əlverişli formada qurulması üçün səylər göstərmiş, sonra da fərdi səylərinin təşkilatlanmasına çalışmışlar. Məsələn, fəlakətə düçar edilmiş insanın buna görə onu fəlakətə düçar edəndən intiqam almasını – ədalətin təmin olunmasında ən primitiv və kortəbii akt kimi qəbul edən ictimai şüur müvafiq qanunların yaradılmasına necə ehtiyac duyurdusa, daha geniş sosial müstəvidə subyektlərarası münasibətlərin nizamlanmasında xaosa, ədalətsizliyə, hüquqsuzluğa qarşı mübarizənin də müvafiq vasitə və sistemlərinin yaradılmasına zərurəti dərk edirdi. Həm özünün, həm də başqalarının mənafeyini birgə qorumaq – siyasi, hüquqi və etik fəaliyyətlərin konsentrasiyasını tələb edirdi. Məhz buna görə siyasət, hüquq və əxlaq fəlsəfəsində bu tələbin yüksək ictimai anlamda dərk edilməsi – cəmiyyətin özünütəşkilinin əsas humanitar problemi kimi qarşıya çıxırdı. Müxtəlif tarixi epoxalardakı dini, fəlsəfi, ictimai hərəkatlar, təriqətlər (məsələn, Cənub-Şərqi Asiyada daos, İslam Şərqində sufilik, Avropada maarifçilik hərəkatları və s.) heç bir etnosiyasi sərhəd tanımadan, öz düşüncə və islahat coğrafiyasını yaradırdılar. Həm də nəzərə almaq lazımdır ki, Şərq və Qərb sivilizasiyaları keçdikləri tarixi təkamülün fərqli səciyyəsinə görə, onların birincisi ədalətsizliyə qarşı sosial mübarizənin daha çox mənəviyyat tərəfini, ikincisi isə daha çox ictimai-siyasi maraqların hüquqi müstəvidə təmin olunması tərəfini düşünürdülər. Yəqin bu səbəbdən Qərb dünyasında vətəndaş hüquqları ideyasının həm milli dövlət, həm də beynəlxalq səviyyədə təsbit olunması təşəbbüsləri öz bəhrəsini verdi və vətəndaş cəmiyyətinin təşkilatlanması prosesi bu regiondan başlayaraq dönməz xarakter aldı.
“Qlobal vətəndaş cəmiyyətinin tarixi trayektoriyasının”, əsasən, aşağıdakı mərhələlərdən keçdiyi müəyyən edilir:
1. 1775 – 1918-ci illər: bir sıra müstəmləkə ölkələrində köləliyi ləğvetmə, səsvermə və əmək hüququnun təmin olunması məqsədlərində birləşmiş hərəkatların yaranması;
2. 1918 – 1945-ci illər: ilk qeyri-hökumət təşkilatlarının təsis olunması, ticari və humanitar problemlər üzrə onların hökumətlərlə əlaqələr yaratması;
3. 1945 – 1960-cı illər: BMT sistemində təşkil olunan beynəlxalq qeyri-hökumət təşkilatlarının rəsmiləşdirilməsi;
4. 1960 – 1980-ci illər: inkişaf və humanitar yardım şəbəkələrinin genişlənməsi;
5. 1990-cı illərdən – indiyədək: beynəlxalq vətəndaş cəmiyyətləri təşkilatlarında kompleks fəaliyyətlər üzrə məsuliyyətin əhəmiyyətli dərəcədə artması [8, s.112].
İdeya və fəaliyyət sferası bu gün beynəlxalq siyasi, mədəni, intellektual həyatı bütünlüklə əhatə edən vətəndaş cəmiyyəti hal-hazırda demək olar ki, inqilabi dəyişiklikləri həyata keçirir. O artıq bir dövlətin daxilində bütün problemlərə vətəndaş həssaslığını, ictimai məsuliyyətliliyi şərtləndirən hadisə deyil, dövlətlərarası münasibətlərdə, bütövlükdə beynəlxalq həyatda meqasosial fəallığı stimullaşdıran fenomendir. Ayrıca bir dövlət çərçivəsindən beynəlxalq sferaya doğru sürətlə böyüməkdə olan vətəndaş cəmiyyəti sözün həqiqi mənasında qlobal miqyas əldə edərək, onun ən kəskin, həm də bəşəriyyətin qarşısına yeni çıxan problemləri ilə üzbəüz dayanır. Dövlətlərin siyasi maraqları qarşısına bəşəriyyətin insani maraqlarını çıxarır və sonuncunun mövqeyində duraraq, bütün hallarda insanı və onun hüquqlarını müdafiə edir. Bu aktda vətəndaş cəmiyyətinin əsas arqumenti də budur: dövlət və bütün digər siyasi təsisatlar insanın sağlam təbiət və cəmiyyət mühitində yaşamasını təmin edən vasitələrdir. İnsan – mahiyyət, dövlət – formadır. Forma mahiyyəti deyil, mahiyyət formanı müəyyənləşdirir və idarə edir. Dövlət – insani olduqca, özünün əhəmiyyətlilik dərəcəsini artırır. Dövlətin beynəlxalq sistemə proyeksiyası modelində də eyni imperativlər qüvvədə qalır.
Özünün məqsəd və vəzifələrini bu qədər dəqiqləşdirmiş qlobal vətəndaş cəmiyyətini humanitar dünyagörüşünün sosial-siyasi həyatda təcəssümü hesab etmək olar. Humanitar dünyagörüşünün sivilizasiya tarixinin inkişafında cilaladığı klassik ideyaları, əsasən, bu məqsədlər üzərində qurulmuşdu: insanlar, cəmiyyətlər və dövlətlər arasında humanistik münasibətlərin bərqərar olmasını öz prioritetinə çevirən sosial dünyagörüşünün formalaşması; eqalitar mövqeyi bütün səviyyələrdə müdafiə edən vətəndaş fəallığının yaradılması; yaşadıqları dövlətdən asılı olmayaraq, insanların bir-birinə dəstək və yardımını mümkün edən humanitar vasitələrin əldə edilməsi; siyasi fəaliyyətin beynəlxalq münasibətləri humanistləşdirməsi. Qlobal vətəndaş cəmiyyətinin inkişafı prosesində bu məqsədlərin həyata keçirilməsi üçün humanitar fəaliyyət texnologiyaları yaranır və təkmilləşir. Əgər qlobal vətəndaş cəmiyyətinin məzmununu humanitar dünyagörüşünün immanent ideyaları təşkil edirsə, forma müəyyənliyi, əsasən, qeyri-hökumət təşkilatlarında təsisatlanma mexanizmlərində meydana çıxır.
Müasir dövrümüzdə qlobal siyasi həyatın fenomenal xüsusiyyətlərinin öyrənilməsi buradakı pozitiv tendensiyaların perspektivinin beş başlıca amildən asılı olduğunu göstərir:
1. Beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün bütün beynəlxalq subyektlərin siyasi, iqtisadi və humanitar maraqlarının paritet əsaslarının yaradılması;
2. Qlobal vətəndaş cəmiyyətinin bütün istiqamətlərdəki humanitar fəaliyyətinin funksionallaşdırılması;
3. Planetmiqyaslı humanitar mədəniyyətin rasionallaşması prosesində demokratiyanın gücləndirilməsi;
4. İnsan inkişafının – dünya siyasətinin balansyaradıcı amili kimi dərk olunması;
5. Mədəniyyətlər və sivilizasiyalararası dialoji münasibətlərin dövlətlərarası siyasi, iqtisadi və humanitar münasibətlər üçün mənəviyyat təməlini yaratması.
Müasir beynəlxalq siyasi həyatın reallığı bundan ibarətdir ki, bütün bu tendensiyaların uğurlu perspektivini özündə sistemləşdirən əsas hərəkətverici qüvvə – qlobal vətəndaş cəmiyyətidir.
Əlbəttə, beynəlxalq elmi müzakirələrdə, siyasi diskursda bu fikir də kifayət qədər güclüdür ki, qlobal vətəndaş cəmiyyəti – dünya hegemonluğu siyasətini həyata keçirmək istəyən qüvvələrin əlində bir texnoideoloji vasitədir. Lakin qlobal vətəndaş cəmiyyətinin genezisinə, inkişaf tarixinə və məqsədlərindəki humanitar ideyaların intellektual aparatına, əxlaqi məzmununa və prinsipial dəyərlərinə diqqətlə baxdıqda, belə aqnostikanın yanlış olduğunu və həm də məqsədli şəkildə dövriyyəyə buraxıldığını görürük. Heç şübhə yoxdur ki, müəyyən siyasi-ideoloji maraqları qlobal vətəndaş cəmiyyətinin formatına yerləşdirmək cəhdləri göstərilir, hətta onun oriyentasiyasını dəyişmək səviyyəsində müdaxilələr edilir. Ancaq bu gün qlobal vətəndaş cəmiyyətinin bütün dünyada avanqarda çevrilməsi beynəlxalq siyasi həyatda köklü dəyişikliklərin əsasını qoyur və bu proses hətta supergüclərin mühafizəkar idarəetmə və beynəlxalq sistemi illüziyalı manevrlərlə köhnə modeldə saxlama prinsiplərini laxladır.
Qlobal siyasi həyatın inkişafı bilavasitə humanitar mədəniyyətin inkişafı ilə şərtlənir. Hazırda dünyanın mütərəqqi siyasi liderləri, dövlətlərarası münasibətlərin daha optimal variantlarını axtaran yaradıcı siyasi texnoloqlar bu qarşılıqlı şərtlənmə amilinə xüsusi diqqət yetirirlər. Ötən dövrlərdə mühüm siyasi qərarlar bir qayda olaraq məxfi verilir və məxfi saxlanılır, geniş ictimaiyyət onların nəticələrindən gec xəbər tuturdu. İndi isə dünya informasiya məkanında hər bir siyasi addım diqqətlə izlənilir və onun nəticələri qabaqcadan müzakirəyə çıxarılır. Məxfiliyin ən yüksək səviyyədə qorunması belə informasiya sızmasının qarşısını ala bilmir. Bu isə qlobal siyasətdə oyun qaydalarını əhəmiyyətli dərəcədə dəyişir. Bütün hallarda siyasətçilər siyasi əxlaqın prinsiplərinə formal da olsa, əməl etməyə məcbur olurlar. Eyni zamanda informasiya məkanının belə açıq olduğu dünyada öz maraqlarını birtərəfli qaydada diktə etmək getdikcə mümkünsüzləşir. Qlobal vətəndaş cəmiyyətinin strukturları və nümayəndələri isə heç kimə güzəştə getmədən (hətta özlərini təhlükə qarşısına ataraq), beynəlxalq münasibətlərin mövcud qaydalarına xələl gətirən hərəkətləri dərhal üzə çıxarıb, beynəlxalq qınağın hədəfinə çevirirlər. Onların informasiya siyasəti, əsasən, qlobal böhranlar üzərində fokuslaşır. Artıq qlobal vətəndaş cəmiyyəti elə geniş informasiya vasitələri arsenalına və internet əlaqələrinə malikdir ki, dövlətlər belə onunla rəqabətdə çətinlik çəkirlər. Deməli, həm görünən (media), həm də görünməyən (altsiyasət) müstəvidə beynəlxalq siyasi proseslər humanitar mədəniyyətin ölçüləri daxilində istiqamətlənmə reallığını alır.
Qlobal vətəndaş cəmiyyətinin əsas determinantı olan qloballaşma özü dialektik əks-təsirlə bu hərəkatın yönəliş məntiqinə uyğun modifikasiyalar əldə edir, bu və ya digər səviyyədə onun layihələri üzrə yeni istiqamətlər qazanır. Çünki qlobal vətəndaş cəmiyyətinin rasional layihələri üçün qloballaşmanın stixiya deyil, qanunauyğunluq təbiətindən çıxış etmək və ona əsaslanmaq önəmlidir. P.Singer doğru müşahidə etmişdir: “Qloballaşma erasından necə keçməyimiz bizim yaşadığımız bu vahid dünyaya sadiqlik ideyasına etik cəhətdən necə məsuliyyət daşımağımızdan asılı olacaqdır” [9, s.13]. Qlobal vətəndaş cəmiyyətinin əsas humanist konsepsiyası, təxminən, bu müdrik yanaşma motivində qurulmuşdur. “Aşağıdan qloballaşma” kimi dəyərləndirilən qlobal vətəndaş cəmiyyəti [7, s.139-142] beynəlxalq siyasi həyatın elə bir rasional formada quruluş almasında qərarlıdır ki, burada humanitar mədəniyyət qarşılıqlı münasibətlərin fundamentini təşkil edir, dünyanın inkişafına təkcə dominantlar, liderlər deyil, bütün milli dövlətlərdə təşkilatlanaraq beynəlxalq arenaya çıxan və burada birləşərək fəal vətəndaş mövqeyini ortaya qoyan, qlobal ədalətsizliyə qarşı “müqavimət məkanını” [7, s.144-150] yaradan insanlar məsul olur. Qloballaşan dünya – ayrı-ayrı siyasi, iqtisadi, hərbi, ideoloji, dini maraqların toqquşma meydanı kimi daralan, geopolitik ərazilərə parçalanan, təbii ehtiyatları tükəndirilən dünya deyil, əksinə, qarşılıqlı əməkdaşlıq meydanı kimi genişlənən, geopolitik maraqların konsensusu yaradılan, təbii-intellektual ehtiyatlarının fasiləsiz artımı təmin olunan dünya modelində proyeksiya alaraq bütün bəşəriyyətin məsuliyyət daşıdığı insan planeti olur. Bəşəriyyətin humanitar mədəniyyəti onun siyasi mədəniyyətinin rasional parametrlərini müəyyən edən ölçülər alır. Dünyanın mövcud ictimai-siyasi oriyentasiyalarına belə bir forma və məzmun vermək iradəsini nümayiş etdirən, sosial-siyasi mədəniyyətin vətəndaşlıq planını tarixdə indiyədək görünməmiş bir səviyyədə fəallaşdıran qlobal vətəndaş cəmiyyətinin bu humanist ideologiyası öz qaynaqlarında İmmanuil Kantın mütərəqqi kosmopolitanizm ideyalarını da sintez edərək, fəlsəfi-konseptual mövqeyini möhkəmləndirir. İ.Kant “kosmopolitan cəmiyyətin reallaşması” üfüqlərini, “kosmopolitan beynəlxalq institutların” təsis edilməsi zərurətini qabaqcadan görür və bu prosesi dünya birliyinin (“etik kosmopolis”) təşəkkül şərti kimi dəyərləndirirdi [6]. İ.Kantın bu açar ideyası – (“etik kosmopolis” ) - qlobal humanitar-siyasi mədəniyyəti daha da inkişaf etdirmək üçün qlobal vətəndaş cəmiyyətinə, eyni zamanda, onun problemlərinin öyrənilməsinə yönəlmiş elmi axtarışlara, “qlobal vətəndaşlıq” diskursuna güclü stimul və nəzəri baza verir.
Bu gün bir ölkəyə məxsus, lakin mühüm transmilli fəaliyyət göstərən 10000 qeyri-hökumət təşkilatının və 7300 beynəlxalq qeyri-hökumət təşkilatının böyük əksəriyyəti ya birbaşa, ya da dolayısı ilə qlobal vətəndaş cəmiyyətinin qarşıya qoyduğu vəzifələri və funksiyaları yerinə yetirir. Qeyd edək ki, təkcə Dünya Bankı üçüncü minilliyin ilk ilində qlobal inkişaf yardımı üçün nəzərdə tutulan vəsaitin 15 faizini yalnız müvafiq qeyri-hökumət təşkilatlarının vasitəsilə həyata keçirmişdir. Beynəlxalq qeyri-hökumət təşkilatları, ümumiyyətlə, dövlətlər və maliiyyə qurumları arasında ən münasib əməkdaşlıq forması kimi təyinatlanmaqdadır.
“Sosial hərəkatlar arasında medium (vasitəçi)” rolunu oynayan qlobal vətəndaş cəmiyyətinin şəbəkələnmiş təşkilatları sanki yaxın kosmosdan planeti müşahidə edən orbital stansiya kimi, lakin tamamilə başqa məram və funksiya ilə dünyada baş verən bütün sosial-siyasi hadisələri, bütün münasibətlərin trayektoriyasını izləyərək onlara dərhal reaksiya verir və qısa bir zamanda onların ətrafında beynəlxalq birliyin rəyini formalaşdırmağa nail olur. Çoxfunksiyalılıq missiyasını həyata keçirməkdə artıq xeyli təcrübə qazanmış qlobal vətəndaş cəmiyyəti indi “dövlətlər və iqtisadiyyatlar arasında müstəqilliyini” möhkəmləndirən “üçüncü bölmə” hesab edilir [7, s.150], müasir dünyanın meqasosial sistemində qlobal idarəetmənin üç mühüm dayağından biri (siyasi, iqtisadi dayaqlarla yanaşı sosial dayaq) sayılır. Dövlətlər, cəmiyyətlər və onların strukturları arasında qlobal inteqrasiya siyasətini daha təbii və uyar formalarda həyata keçirdiyinə, planetar subyektlərin konsentrasiya məkanını təbii şəkildə yaratdığına görə, o, bir çox təhlillərdə “transmilli vətəndaş cəmiyyəti” adlanır: “Transmilli vətəndaş cəmiyyətinin konsepsiyası nəinki təkcə qlobal – lokal bölgüsünü ötüb keçir, o, eyni zamanda, həm institutları və həm də müstəqil vətəndaş qruplarını özündə birləşdirir. Bu konsepsiya bir siyasi layihə olaraq, həm güc sahibi olan subyektlərə, həm də müstəqil vətəndaşlara münasibdir. Bu konsepsiya müstəqil düşüncəli vətəndaşlara ona görə yarayır ki, lokal fəaliyyətləri milli sərhədləri keçərək şəbəkələndirmək olur, güc sahiblərinə isə ona görə yarayır ki, siyasi əxlaq və maliyyə dəstəyi ilə ədaləti və vətəndaşlıq dəyərlərini rəhbər tutan subyektlərin etibarını qazanmağa kömək edir” [5, s.210].
Qlobal vətəndaş cəmiyyəti liberalizm mövqeyini gücləndirməklə, artıq köhnəlmiş, inkişafa əngəl törədən mühafizəkar sistemlərin bütün çərçivələrini tədricən dağıdaraq, bütün dünyada insanların azad fəaliyyətinə, əməkdaşlıq təşəbbüslərinə, novatorluq səylərinə geniş meydan açır. Bu proseslərin ümumi dalğasında bəzən müəyyən ifratavarmalar, yanlış meyllənmələr olsa da, ümumdünya vətəndaş hərəkatının yaratdığı bu qarşısıalınmaz tendensiyada ən mütərəqqi cəhət ondan ibarətdir ki, qlobal sosial-siyasi həyatın bütünlüklə demokratiya modelinə transformasiyasının labüdlüyü şübhəedilməz olmuşdur. Qlobal vətəndaş cəmiyyətinin dəstəklədiyi liberal demokratizm müasir tərəqqipərvər dünyagörüşünün əsas konsepsiyası kimi özünü təsdiq edir: “Qlobal vətəndaş cəmiyyəti ideyasının özü daha demokratik qlobal siyasi arxitekturanın yaradılması ideallarına lap yaxından bağlanır” [8, s.112]. Qlobal vətəndaş cəmiyyətinin səyləri nəticəsində demokratiya beynəlxalq siyasətin nəzəri-formal müstəvisindən reallaşma müstəvisinə daha təminatlı keçir. Qlobal vətəndaş cəmiyyəti beynəlxalq həyatın bütün aktorlarını əvəzləyən unitar aktor missiyasında deyil, özünün tutduğu zəruri mövqe ilə qlobal demokratik idarəetmənin vacib funksionallığını əldə edir.
Qlobal vətəndaş cəmiyyəti təşkilatlarının paradoksal xüsusiyyəti isə bundan ibarətdir ki, onlar bir tərəfdən hökumətlərlə birlikdə işləyir, digər tərəfdən özlərinin müstəqil siyasətini həyata keçirirlər. Bu onlara imkan verir ki, beynəlxalq siyasi həyatın bütün səviyyələrində sərbəst manevr edə bilsinlər. Onlar eyni zamanda həm qloballaşma layihələrinin yaradıcısı, həm də anti-qloballaşma hərəkatlarının təşkilatçısıdırlar. Onlar həm dövlətlərin mahiyyətcə proqressiv xarakter daşıyan rəsmi siyasi aksiyalarına qoşulur, dövlətlərarası əməkdaşlığın vasitəçisi olur, həm beynəlxalq humanitar aksiyaları, sülhyaradıcı missiyaları həyata keçirir, insan hüquqlarının müdafiəçisi rolunda çıxış edir, həm də dünyada siyasi-iqtisadi münasibətlərin ən mürəkkəb həlqələrinə özlərini daxil edir, yeni dünya nizamı siyasətinin həyata keçirilməsində fəal iştirak edirlər. Hazırda bu siyasətin əsas strateji konsepsiyaları həmin təşkilatların yüksək professional səviyyəsində yaradılır və müzakirəyə çıxarılır.
Müasir dövrümüzdə qlobal vətəndaş cəmiyyətinin problemləri ictimai-siyasi və humanitar elmlərdə geniş spektrdə öyrənilir, onun inkişaf perspektivləri proqnozlaşdırılır ki, bu da beynəlxalq həyatda humanitar-siyasi mədəniyyətin yüksəlməsini göstərən bir faktdır. Qanunauyğundur ki, qlobal vətəndaş cəmiyyətinin funksional mahiyyəti, struktur təbiəti və beynəlxalq həyatın digər mühüm tendensiyaları ilə bağlılığı, daxilində və ətrafında hansı ideologiyaları və mənəvi atmosferi formalaşdırması məsələləri araşdırılarkən, o, müasir etika, etik praktika, humanitarist nəzəriyyə və konsepsiyalar kontekstinə gətirilərək tədqiqat predmetinə çevrilir [2]. Bu istiqamətdə hazırlanmış akademik tədqiqatlardan biri “Qlobal etika və vətəndaş cəmiyyəti” toplusudur ki, oraya daxil edilmiş məqalələrə biz yeri gəldikcə istinad etmişik. Toplu bütövlükdə qlobal vətəndaş cəmiyyətini öncinaha gətirən şərtlərlə qlobal etikanı aktuallaşdıran şərtlərin bağlılığını müasir dövrümüzün inkişaf qanunauyğunluqlarından biri, eyni zamanda, qlobal böhranların yaratdığı problemlərə müasir bəşəriyyətin kongenial refleksiyası kimi anladır. Təqdir olunan həmin bağlılıq müstəvisində bəşəriyyətin vəhdəti (“global compact”) və bu vəhdətin humanitar fəaliyyət forması – “beynəlxalq korporativ vətəndaşlıq” (“international corporate citizenship”) ideyası [10, s.108-118] qlobal sosial-siyasi nizamın və vətəndaş cəmiyyəti arxitekturasının təməlinə qoyulur.
Vətəndaş cəmiyyətinin beynəlxalq səviyyədə strukturlaşması zərurətini humanitarist əxlaq kontekstində araşdıran M.R. Amstutz belə bir mühüm qənaətə gəlir ki, dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin əsas problemi – qlobal siyasəti total güc subyektlərinin deyil, beynəlxalq birliyin siyasətinə çevirməkdən, beynəlxalq etikanı beynəlxalq münasibətlərin mərkəzinə gətirməkdən, beynəlxalq hüququn təkmilləşdirilməsi və onun normalarına əməl edilməsi prosesini daimi monitorinqdə saxlamaqla bu hüququn pozulması faktlarına qarşı beynəlxalq təşəbbüsləri daha fəal şəkildə birləşdirməkdən və “beynəlxalq sistemin özünün legitimliyini – mövcud qlobal nizamın metaetikası” səviyyəsinə qaldırmaqdan ibarətdir [1, s.217-239]. Beynəlxalq ədalətin müdafiəsi güclü bir hərəkat kimi qlobal vətəndaş cəmiyyətinin sosial-siyasi platformasında ümumbəşəri humanizmə sadiqliyi təsdiq edir və bu tendensiya öz ətrafında daha geniş intellektual-mənəvi müdafiə sistemini formalaşdırır.
Mervin Frost “Konstitutiv insan hüquqları: qlobal vətəndaş cəmiyyəti və demokratik dövlətlər cəmiyyəti” [3] və “Qlobal etika. Anarxiya, azadlıq və beynəlxalq münasibətlər” [4] adlı kitablarında qlobal siyasətdə və beynəlxalq münasibətlərdə humanitarist etikanı əsas paradiqmaya çevirən konstitutiv nəzəriyyədən – “beynəlxalq məsələlərə etik-mərkəzli yanaşmadan” çıxış edərək, qlobal vətəndaş cəmiyyətinin inkişafına dair dəyərli müddəalar irəli sürür. Alim göstərir ki, “qlobal vətəndaş cəmiyyəti bir-birinin ilk nəsil hüquqlarına (“first-generation rights”) sahib olduğunu dərk edən insanların cəmiyyətidir” [4, s.160]. Onun fikrincə, mövcud insan hüquqları öz inkişafının başlanğıc mərhələsindədir, buna görə də onları “ilk nəsil fundamental insan hüquqları” hesab etmək gərəkdir. Deməli, qlobal vətəndaş cəmiyyəti də təkamülünün ilk fazasını yaşayan insan hüquqları uğrunda mübarizə apardığı üçün onun qarşısında hələ bu prosesi inkişaf etdirməyin çətin vəzifələri dayanır. Qlobal vətəndaş cəmiyyəti dərk etməlidir ki, o, “anarxik beynəlxalq sistemdə” və bu sistemin ciddi düzəlişlərə və təkmilləşməyə ehtiyac olan qanunları çərçivəsində fəaliyyət göstərir. “Qlobal vətəndaş cəmiyyətinin mövcudluğunun özəyi – onun insan hüquqlarının dilində danışmasıdır”. O, əsasən, bu məntiqlə “qlobal siyasi həyatın praktikasında etikanın təməlini qoyur” [4, s.73]. Lakin əsas çətinlik də elə bu zaman qarşıya çıxır: bu halda “fərdin hüquqları dövlətin hüquqları ilə üz-üzə” dayanır. Beynəlxalq sistemin iki mühüm subyekti – insan və dövlət – öz mövqeləri uğrunda mübarizə aparsalar da, bu sistemdə özlərinin yaratdıqları ziddiyyətin həll olunması naminə konsensusa girməyə məcbur olurlar: “İnsanlar eyni vaxtda həm qlobal vətəndaş cəmiyyətində iştirak edən, həm də suveren dövlətlər birliyində yaşayan subyektlər kimi yer alır. Birincisində onlar mülki vətəndaş (“civilians”) statusuna, ilk nəsil fundamental insan hüquqlarına sahibdir; ikincisində onlar suveren dövlətlərin hüquqi vətəndaşlarıdır (“citizens”). Mürəkkəb problemlər də onların bu ikili vəziyyətdə olmasından doğur. Bu problemlərlə məşğul olmaq müasir beynəlxalq siyasətin məğzini təşkil edir” [4, s.96]. Məsələn, fundamental insan hüquqlarına malik olan miqrantlar daxil olduqları ölkələrin müvafiq qanunları, həm də onların yerli vətəndaşlarının müvafiq hüquqları ilə toqquşma vəziyyətində olurlar. Beynəlxalq hüquqda hələ bu məsələ tam şəkildə həll olunmamış qalır. Miqrant axını ilə qarşılaşan inkişaf etmiş demokratik ölkələr bu prosesin qarşısını almaq üçün, təbii ki, zəruri hüquqi normativlər qəbul etməli olurlar. Buna görə də qlobal vətəndaş cəmiyyəti institutları, ümumiyyətlə, insan hüquqları ilə vətəndaş hüquqları arasındakı bu dilemmanın həll olunmasında, beynəlxalq miqrasiya siyasətinin humanist və ədalətli mövqedən aparılmasında daha çox səy göstərməlidirlər. Mervin Frostun araşdırmalarının orijinallığı bundadır ki, o, qlobal vətəndaş cəmiyyəti ideyasına daim yaradıcı kontekstdə yanaşır, onunla beynəlxalq münasibətlər siyasəti arasındakı böhranlı məqamlara diqqəti artırır. Doğrudan da, universal insan hüquqları ilə dövlətdaxili vətəndaşlıq hüquqları arasında harmoniyanın yaradılması beynəlxalq siyasi həyatda kardinal bir problemin həll edilməsi, müasir humanitar-siyasi mədəniyyətin tərəqqisi demək olardı.
Qlobal vətəndaş cəmiyyətinin ilk rüşeym-birlikləri yüz illər öncə müstəmləkə ölkələrində köləliyə qarşı mübarizə aparırdısa, indi o özünün təşkilatlanmış güclü arsenalı ilə planet miqyasında universal insan hüquqları uğrunda mübarizə aparır, beynəlxalq ədalətin müdafiəsinə transmilli-meqasosial qüvvəni formalaşdırır, beynəlxalq siyasi həyatda radikal dəyişikliklərə istiqamət verir, bəşəriyyətin humanitar-siyasi mədəniyyətini yaradıcı ideyalarla zənginləşdirir, dünya dövlətlərini və xalqlarını öz problemlərini həll etmək üçün qlobal polemika meydanında görüşdürür, ən çətin məsələlərin həllinə konsensus açarı tapmağa çalışır. İdeasional planda humanitar dünyagörüşünün zəmanəmiz üçün çox zəruri olan paradiqmalarını, fəaliyyət planında müstəqil-yaradıcı təşəbbüsləri özündə birləşdirən qlobal vətəndaş cəmiyyətinin davamlı şəkildə topladığı elmi-intellektual potensial və kifayət qədər zəngin təcrübə ilə müasir beynəlxalq sistemin bundan sonrakı inkişafında daha geniş imkanlara və perspektivə malik olacağı şübhəsizdir.
Воплощение гуманитарного мировоззрения в социально-политической жизни: глобальное гражданское общество
В настоящее время глобальное гражданское общество со своим организационно-структурированным мощным арсеналом (a) ведет борьбу за универсальные права человека в планетарном масштабе; (b) формирует в защиту международной справедливости транснационально-мегасоциальные силы; (c) придает направление радикальным изменениям в международной политической жизни; (d) обогащает гуманитарно-политическую культуру человечества творческими идеями; (e) организует встречи государств и народов мира на глобальной арене полемики для решения ими своих проблем, стремится к достижению консенсуса в решении сложнейших вопросов. Глобальное гражданское общество, интегрирующее в себе ценности философии гуманизма и политической этики в идеациональном плане и независимо-творческие инициативы – в деятельном плане, благодаря накопленному в течение длительного времени научно-интеллектуальному потенциалу и достаточно богатому опыту обеспечивает более широкие возможности и перспективы дальнейшего развития современной международной системы.
Expression of the Humanistic Worldview in Socio-Political Life: Global Civil Society
In the modern period, global civil society (a) struggles for human rights on a global scale; (b) forms transnational-megasocial power for the protection of international justice; (c) directs the radical changes in international political life; (d) enriches humanistic-political culture of humanity with creative ideas; (e) brings world’s states and nations to the same ground for the solution of problems, tries to find consensus for the solution of difficult issues with its strongly organized arsenal. Global civil society integrating the values of humanistic philosophy and political ethics in ideational plan and independent-creative initiatives in action plan ensures further development of the modern international system with more opportunities and perspectives with its scientific-intellectual potential and sufficiently rich experience.