On doqquzuncu əsrin əvvəllərindən iyirminci əsrin əvvəllərinə qədər təqribən yüz illik bir zaman kəsimini türk dünyasının sosial-siyasi cəhətdən tənəzzülü, lakin həmin dövrün ikinci yarısından milli ideologiyasının yüksəlişi dövrü hesab etmək olar. Nə qədər paradoksal olsa da, tənəzzül prosesində tərəqqinin yetişməsi elə türk xarakterinin özəlliyindən irəli gəlir. Dövlət və imperiyaları süquta uğradıqca, daha güclü dövlət və imperiyaların tərkibinə qatıldıqca, türklər nə qədər böyük itkiyə məruz qaldıqlarının faciəsini anlayır və yenidən özlərini toparlamaq üçün çarə və vasitələr axtarırlar. Türk mənəviyyatının dərinliyindəki bağımsızlıq və öz müstəqil dövlətinə sahib olmaq duyğusu onu heç zaman tərk etmir və yenidən milli müstəqillik uğrunda mübarizələrə səsləyir. Artıq XX əsrin başlanğıcından türk dünyası öz müstəqil dövlətlərini yaratmaq və həmin dövlətlərin birliyinə nail olmaq kimi milli-tarixi ideologiyanın dayaqlarını formalaşdırma ərəfəsində idi. Lakin on doqquzuncu əsrdə başı daşdan-daşa dəymiş türk xalqlarının bu mərhələyə qədəm qoymasına hələ xeyli vardı...
Türk dövlətləri və imperiyalarının getdikcə parçalanması prosesi labüd olaraq onları başqa dövlətlərin monopoliyası və ilhaqına məruz vəziyyətə gətirmişdi. Sərt monarxiya qanunları üzərində qərarlaşan unitar dövlət sisteminin dağılması o sistemin daxilindəki milli seqmenti də dağıdır və həm aparıcı-birləşdirici etnos, həm də bu etnosun ətrafında konsolidasiya tapmış digər etnoslar “öz evinin ağası olmaq məntiqindən” çıxış edərək, fraqmentallaşırdı.
Təqribən, Azərbaycanın xanlıqlara bölünməsi kimi katastrofik ssenari, demək olar ki, Avrasiyada uzun əsrlər dominant rol oynamış türk dövlətləri və imperiyalarının faciəvi aqibətində yaşanılmışdır. Türk xalqlarının yaşadığı bu regionun böyük bir hissəsi Rusiyanın imperiya dövlətinə çevrildiyi vaxtdan (1721-ci il) tədriclə onun tərəfindən xırda-xırda bölünərək udulmuşdur. Digər hissələr Çin, Monqolustan, Əfqanıstan, İran ərazisində, ərəb və Balkan ölkələrində, qismən də Hindistan, Pakistan, Yunanıstan və Finlandiyada qalmışdır. Türkçülüyün böyük ideoloqu Əhməd bəy Ağaoğlunun qeyd etdiyi kimi, bu parçalanma və xırdalanma vaxtlarında türk dünyası o qədər sönükləşmişdi ki, bu superetnosun böyük əksəriyyəti “türk” adını yaddan çıxarıb, öz milliyyətini “müsəlman” kimi nişan verirdi [1, s.328-332]. Halbuki hətta onların düşmənləri (məsələn, ermənilər) onlara “türk” deyirdi. Rusiya imperiyasında isə Türk adını birdəfəlik yaddan çıxartmaq, bu hədəfdən düşüncəni yayındırmaq üçün, türk xalqlarının hər hansı birinin adını (məsələn, tatar, hətta tamamilə yanlış olaraq – monqol...) işlətməyi zəruri bilmiş və ümumi anlayış kimi “müsəlman” sözünü dövriyyəyə buraxmışdılar. Özü də həmişə “müsəlman” sözünə bu aksenti verirdilər ki, guya bu anlayışın çətiri altına girənlər, özlərini və dünyanı irəli aparan mütərəqqi fəaliyyətlərdən uzaq, yalnız itaət etməyə gücü çatan geri qalmış, məzlum xalqlar və qövmlərdir.
Lakin dünyada, eləcə də Rusiyada baş verən bir sıra demokratik hərəkatlar, elə islam dünyasının özündəki milli müqavimət çağırışları hər xalqın özünü beynəlxalq aləmin siyasi subyekti kimi dərk etməsinə yol açmışdı. Bolşevik inqilabı Rusiyanı çalxaladığı vaxtda isə başqa xalqlar kimi türk millətlərinin də müstəqilləşmək imkanları reallaşmış, lakin çox keçmədən Rusiyanın yeni işğalçılıq fəaliyyətləri və beynəlxalq qüvvələrin o zamankı “bölücülük” siyasəti nəticəsində suverenləşmə prosesini başa çatdırmaq mümkün olmamışdı.
Reallıqda rus imperiyasının varisi kimi təşəkkül tapan Sovet İttifaqı öz siyasi statusuna və ideologiyasına uyğun olaraq, respublikaların birliyi şəklində quruldu. Lakin bu dövlətin hətta kommunizm kimi insanların, siniflərin və xalqların bərabərliyini şüar edən ideologiyası da digərləri ilə birgə türk xalqlarına da əsil müstəqilliyi vermədi. Ancaq bununla belə, Rusiya imperiyasının Sovet Sosialist Respublikaları İttifaqına “transformasiyası” həmin xalqların taleyində onları gələcək müstəqilliklərinə qovuşduracaq proseslərin başlanğıcını qoymaq baxımından irəliyə doğru bir addım idi. Yetmiş illik Sovet dönəmində türkəsilli respublikalar – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan yeni dövr üçün müəyyən milli dövlətçilik təcrübəsini topladılar, milli dil və mədəniyyətlərini inkişaf etdirməkdən ötrü zəruri bazanı formalaşdıra bildilər. Sovet dövlətinin siyasi idarəetmə sistemində Heydər Əliyev, Dinmühəmməd Kunayev, Şərəf Rəşidov, Nursultan Nazarbayev, Şıxəli Qurbanov və s. kimi türkəsilli rəhbərlər yetişdi.
Türk Sovet respublikalarının iqtisadiyyatı, təbii ki, İttifaq dövlətinin vahid iqtisadiyyatının bir hissəsi olaraq, lakin özünəməxsus infrastrukturu olan sahələr kimi formalaşdı. Azərbaycan, qazax, özbək, qırğız, türkmən, tatar və sair türksoylu dillərdə dünya mədəniyyətinə töhfə ola biləcək əsərlər yarandı. Sovet İttifaqının türk respublikaları arasındakı isti münasibətlər bu dövlətin şüarlandırılmış humanist milli siyasətinin vəd etdiyi bütün mümkün imkanlar daxilində özünə bünövrə yaratdı. Belə bir zəmin sonradan onların müstəqillik dövründəki doğma münasibətlərinin yaranmasında vacib şərtlərdən biri oldu. Buna görə də SSRİ kimi nəhəng bir dövlət-imperiyanın dağılması prosesində türkdilli müttəfiq respublikaların hər biri müstəqil dövlət olaraq ondan qopa bildilər! Əgər SSRİ dövlətinin siyasi-inzibati quruluşu formalaşdırılanda, digər türksoylu xalqlar da (tatar, çuvaş, başkır, yakut, kumık, uyğur, qaqauz, tuva, qaraçay, xakas, balkar, altay, noqay, şor və karaimlər...) respublika statusunda bu ittifaq dövlətində yer alsaydılar, təbii ki, onlar da 8 dekabr 1991-ci il Belovejsk müqaviləsinə əsasən suverenlik hüququ qazanacaqdılar. Buna baxmayaraq, gələcəkdə belə bir prosesin mümkünlüyünü isə tarix heç zaman istisna etmir... Bir amili də unutmayaq ki, hal-hazırda Rusiyanın tərkibində müəyyən muxtariyyət statusunda yaşayan türksoylu xalqların bir çoxunun sayı bir sıra Avropa dövlətləri ilə müqayisədə daha artıq, ərazisi isə daha genişdir. Ümumən, Rusiya Federasiyasında yaşayan türkəsilli xalqların ərazisi rusların yaşadığı tarixi ərazilərdən daha böyükdür və haradasa Avropa İttifaqının ərazisi ilə müqayisə edilə biləcək hüdudlara malikdir.
Dünya türklərinin kompakt durumunu və onların səpələnmiş vəziyyətini əks etdirən fundamental bir toplu – “Dünyanın türk xalqları” (“The Turkic Peoples of the World”) kitabı da bu superetnosun necə böyük coğrafiyada yaşadığını, türk dövlətləri, qeyri-dövlət toplumları və diasporunun planetar bir miqyasa malik olduğunu əyani şəkildə sərgiləyir [14].
Türkiyədə çox geniş elmi diapazonda ərsəyə gəlmiş 20 cildlik “Türklər” adlı ensiklopedik külliyyat çap olunmuşdur [5]. Bu əsər həqiqətən müasir dünya mədəniyyətinin ciddi bir nailiyyətidir. Çünki külliyyat türk dünyasının tarixi təkamülü, şaxələnməsi və yayılması, məskunlaşması və dövlətləşməsi, xüsusilə çağdaş dünyadakı coğrafi-siyasi miqyası və mövqeyi barəsində çox zəngin bir informasiyanı dolğun analitik təhlillərin və proqnozların müşayiəti ilə təqdim edir. Bu külliyyatın türklər haqqında yaratdığı təsəvvür o qədər genişdir ki, həmin informasiya və təsəvvürün müqabilində türklər haqqında elmi ədəbiyyatda qəsdən yayılan bütün təhriflər olduqca cılız və əsassız görünür.
Bu mənbədən bir daha aydın olur ki, türk xalqları həqiqətən Avrasiyanın etnocoğrafiyasının mühüm subyekti olaraq, mövcud ərazi, əhali və iqtisadiyyat potensialı, sosial və siyasi perspektivi ilə özünün səpələnmiş vəziyyətini bütövləşmə durumuna gətirmək üçün bütün imkanlara malikdir. Əgər müasir tarixin hüdudları daxilində XX əsrin son onilliyinə qədər yer üzündə yalnız bircə müstəqil türk dövləti (Türkiyə) var idisə, indi 7 suveren türk dövləti dünyanın siyasi xəritəsində özünə yer alır. Başqa ölkələrin ərazisində kompakt yaşayan, xüsusilə müəyyən muxtariyyət statusuna malik olan türk kökənli xalqlar da Türk Müstəqilliyinin bu ulduzlarına baxıb, özlərini Böyük Türk Dünyasının yeniləşən orbitində, vahid bir hərəkət mehvərində görürlər.
Hazırda dünyada mövcud olan türk dövlətlərinin, qeyri-dövlət quruluşlarının, digər dövlətlərin tərkibindəki türk toplumlarının real mənzərəsini yığcam şəkildə belə təqdim etmək olar:
Türk dünyasının əhalisinə görə birinci və ərazisinə görə ikinci ən böyük dövləti – Türkiyədir. Osmanlı imperiyasının varisi Türkiyə 1923-cü ildən Cümhuriyyət kimi formalaşmışdır. Ərazisi 783 562 kv. km., əhalisi 74 724 269 nəfərdir (Mətndəki statistik rəqəmlər – son rəsmi statistik göstəricilərə əsaslanır – C.F.). Birləşmiş Millətlər Təşkilatının yarandığı vaxtdan (1945) onun üzvüdür. Şimali Atlantika Müqavilə Təşkilatına (NATO) 1952-ci ildən üzv olan Türkiyə bu Alyansda Amerika Birləşmiş Ştatlarından sonra ən böyük hərbi qüvvəyə malikdir. İkinci Dünya müharibəsi və Soyuq müharibə dövründə qlobal siyasi balansın saxlanılmasında mühüm rol oynayan Türkiyə Cümhuriyyəti bu gün dünyada beynəlxalq siyasətin ən fəal yönəticilərindən biri kimi, beynəlxalq sülhün qorunmasına öz töhfələrini verməkdədir. Onun xarici siyasətində – türk dövlətləri birliyinin real təşəkkülü əsas məqsədlərdəndir.
Türkiyə dövlətinin xüsusilə son iyirmi ildə apardığı demokratik islahatlar həm sosial-siyasi sistemin möhkəmlənməsinə, həm də sürətli iqtisadi yüksəlişə yol açmışdır. Onun Azərbaycan başda olmaqla bütün digər türk respublikaları ilə siyasi, iqtisadi, mədəni əlaqələrinin inkişafı bu ölkələrin daxil olduğu regionun beynəlxalq aləmdə önəm və nüfuzunu xeyli artırmışdır. Ölkədə 1980-ci ildən bəri orta iqtisadi artım 6-8% arasında olmuşdur. Türkiyə iqtisadiyyatındakı bu davamlı artım onu dünyanın ən güclü 15 ölkəsi sırasına çıxarmışdır. Ümumdaxili məsulun (ÜDM) illik həcmi 774 milyard 336 milyon dollar, adambaşına həcmi isə 10 362 dollardır [9].
Türkiyənin maliyyə mərkəzi sayılan İstanbul şəhərində 35 milyarder yaşayır (Müqayisə üçün deyək ki, Nyu Yorkda 71, Londonda 36, Honq Konqda 30, Los Angelesdə 24, Bombeydə 20, San Fransiskoda 19, Dallasda 15, Tokioda 15 milyarder vardır). Cümhuriyyətin 2023-cü ilə hesablanan hədəfi – dünyanın 10 ən böyük iqtisadiyyatına malik olan dövlətləri arasında yer almaqdır. Türkiyənin bu hədəfə nail olması real görünür. Çünki hal-hazırda ölkə Asiya və Avropa arasındakı siyasi, iqtisadi, mədəni əməkdaşlığın bütün əsas istiqamətlərini öz üzərindən keçirən dünya əhəmiyyətli geostrateji məkana çevrilməkdədir.
Türk dünyasının tarixi-siyasi mənzərəsində baş verən bir çox dəyişmələrin “təkan nöqtəsi” olan Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ilk və əsas strateji məqsədlərindən biri – türk respublikaları ilə münasibətləri ən yüksək səviyyədə qurmaq və bu prosesi həmin birliyin təntənəsinədək qətiyyətlə davam etdirmək olmuşdur. Şimali və Cənubi (Quzey və Güney) Azərbaycanın tarixi ərazisi birlikdə təxminən Türkiyənin ərazisi qədərincə olsa da, hazırda yalnız müstəqil Azərbaycan Respublikasının (Şimali Azərbaycan) ərazisi barədə bizim dəqiq məlumatımız vardır: 86 600 kv. km. Bu göstəriciyə görə Azərbaycan dünyanın 113-cü, əhalisinin sayına görə isə (9 327 000 nəfər) 83-cü ölkəsidir. İnsan İnkişafı indeksinə görə (0.713) yüksək kateqoriyada – 67-ci yerdə qərarlaşır.
Azərbaycan Respublikası BMT, ATƏT, Avropa Şurası və NATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvü, Müstəqil Dövlətlər Birliyinin üzvü, GUAM-ın əsas təsisçilərindən biridir. Ölkəmiz türk dünyasının birliyinə doğru aparan yolda yaradılmış bütün qurumların qurucu-təşkilatçılarındandır. Ümumiyyətlə, respublikamızın 158 ölkə ilə diplomatik münasibətləri var və o, 38 beynəlxalq təşkilatın üzvüdür. Azərbaycan Respublikası 24 oktyabr 2011-ci ildə BMT Baş Assambleyasında keçirilən səsvermədə 155 dövlətin səsini toplayaraq, 2012-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri seçilmişdir. Ölkəmizin Dağlıq Qarabağ ərazisi və ona bitişik 7 rayonu Ermənistan tərəfindən işğal edilsə də, getdikcə güclənən Azərbaycanın bu problemi həll edəcəyinə xalqımız və beynəlxalq birlik qəti əmindir. Bütün beynəlxalq hüquq normaları Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə əsas verir.
Azərbaycan 2005-ci ildən iqtisadiyyatının inkişaf sürətinə görə dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. Ümumdaxili məsulun (ÜDM) illik həcmi 62 milyard 321 milyon dollar, adambaşına həcmi isə 6 832 dollardır. İqtisadi böhranın qarşısının alındığı 1996-cı ildən ümumi daxili məhsul istehsalı 5,7 dəfə, o cümlədən, sənaye sahələrində 5,5 dəfə, kənd təsərrüfatında təqribən 2 dəfə, tikinti sektorunda 41 dəfə, nəqliyyat xidmətləri sahəsində 4 dəfə, rabitədə 19 dəfə, ticarətdə isə 6 dəfə artmışdır. Dünya iqtisadiyyatını çalxalamış böhrandan Azərbaycan minimum itkilərlə çıxa bilmişdir. Müqayisə üçün demək olar ki, 2009-cu ildəki iqtisadi böhran MDB ölkələrini 6 faiz tənəzzülə uğratdığı halda, bu dövrdə ölkəmizin iqtisadiyyatı təqribən 10 faizlik artıma nail olmuşdur. 14 il ərzində (1996 – 2010) Azərbaycan iqtisadiyyatının inkişafına 55 milyard dollara yaxın xarici investisiya cəlb edilmişdir. Bu yatırım ildən-ilə artaraq 2010-cu ildə maksimal həddə – 8,2 milyard dollara çatmışdır. Ümumiyyətlə, ölkə iqtisadiyyatının inkişafına müstəqillik dövründə 90 milyarda yaxın vəsait yönəldilmişdir. Son 10 il müddətində bank-kredit təşkilatları tərəfindən verilmiş kreditlərin həcmi 20 dəfə artmışdır.
Azərbaycanda hasil olunan neftin və təbii qazın dünya bazarlarına nəql olunması üçün Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri istifadəyə verildikdən, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji layihələri həyata keçirildikdən sonra bu kəmərlərlə 150 milyon ton neft, 17 milyard kub-metrə yaxın qaz ixrac edilmiş, bununla yanaşı, həmin kəmərlərin tranzit fazası işə düşmüş, buradan daha iki qardaş ölkənin – Türkmənistan və Qazaxıstanın da nefti nəql edilmişdir [4; 3]. Bəşər sivilizasiyasının möhtəşəm tarixi nailiyyətlərindən olan “İpək yolu” ideyası yenidən aktuallaşaraq müasir dünyamızın böyük tranzit layihələrindən biri kimi, başlıca məqsədlərində isə türk dövlətləri birliyinin strateji platforması kimi fəaliyyətə başlamışdır.
Mərkəzi Asiyanın ən qədim türk dövlətlərindən biri olan Qazaxıstan Respublikası əsasən Qızıl Orda imperiyası, Noqay xanlığı və Kazak xanlığının tarixi coğrafiyasında təşəkkül tapmış, Saka, Hun, Göy Türk, Qıpçaq, Qaraxanlı kimi dövlətlərin vətəni, qıpçaq, oğuz, karluk kimi türk boylarının beşiyi olmuşdur. Qazaxıstan 2 727 300 kv. km. ərazisi ilə dünyanın ən böyük doqquzuncu ölkəsidir. Bu – təqribən, Şərqi Avropanın ümumi ərazisinə bərabərdir. Qazaxıstan, eyni zamanda, islam ölkələri və türk dövlətləri arasında da ərazisinə görə onların ən böyüyü, təbii sərvətlərinə görə ən zənginidir. Əhalisi 16 638 000 nəfərdir. Ümumdaxili məsulun (ÜDM) illik həcmi 178 milyard 312 milyon dollar, adambaşına 10 694 dollardır. Qazaxıstanda 2009-cu ilin əvvəlinə neftin sübut edilmiş ehtiyatlarının həcmi 39,6 milyard barrel və ya 6,5 milyard ton təşkil edir, bu da ümumi dünya ehtiyatlarının 3,2%-i deməkdir. Qazaxıstan hökuməti 2011-ci ildə neft hasilatını 100 milyon tona, 2015-ci ildə isə 150 milyon tona qədər artırmağı planlaşdırır. 2009-cu ilin əvvəlinə olan məlumata görə Qazaxıstanın aşkar edilmiş təbii qaz ehtiyatları 1,82 trilyon m³ təşkil edir ki, bu da dünya ehtiyatlarının 1,7%-nə bərabərdir. Qazaxıstan müstəqillik illərində neft-qaz sənayesindən çox böyük gəlirlər əldə edir və bunun nəticəsində o, Asiyada ən yüksək həyat səviyyəsinə malik olan ölkələrdən birinə çevrilməkdədir. [7].
Qazaxıstan Respublikasının xarici siyasət strategiyası Mərkəzi Asiyada inkişaf edən dövlətlərin əməkdaşlıq münasibətlərini optimallaşdırmağa və bu istiqamətdə türk birliyini təmsil edən ölkələrin sıx əlaqələrini prioritet səviyyəyə qaldırmağa yönəldilmişdir.
Qədim türk dövlətlərinin və türksoylu özbək, türkmən və qırğızların Mərkəzi Asiyada tarixi təkamülü nəticəsində, əsasən, sabit ərazi hüdudlarında formalaşmış Özbəkistan, Türkmənistan və Qırğızıstan tarix boyu bu böyük və dinamik regionun Şərq və Qərb bölgələrini bir-biri ilə təmasda saxlayan ölkələr olmuşlar.
Özbək xanlığı (və ya Şeybanilər dövləti) 1468-ci ildə Teymurilər tərəfindən ləğv edilsə də, 1500-cü ildə (Azərbaycan Səfəvi dövləti ilə eyni vaxtda) yenidən qurulmuşdur. Sonradan elə Azərbaycanda olduğu kimi xanlıqlara (Buxara, Xivə və Kokand xanlıqlarına) parçalanan Özbəkistan XIX əsrin əvvəllərində Rusiya imperiyasına qatılmışdır. Təkcə Buxara əmirliyi adlanan dövlət 1920-ci ilə qədər öz mövcudluğunu saxlamışdır. Özbəkistan yalnız 1924-cü ildə – çox ciddi milli müqavimət hərəkatının yatırılmasından sonra SSRİ-yə birləşdirilmişdir. Sovet İttifaqının tərkibində olarkən, Özbəkistan nəinki bu ölkədə, eləcə də dünyada geniş pambıqçılıq təsərrüfatına malik aqrar respublika kimi tanınırdı. 1991-ci ilin 31 avqustunda öz müstəqilliyini elan edən Özbəkistan Respublikası özünün siyasi, sosial, iqtisadi və mədəni potensialını dövlət quruculuğu işlərində səfərbər edərək inkişaf etməkdədir.
Özbəkistan Respublikasının ərazisi dünyanın 56-cı dövləti kimi 447 400 kv. km. əraziyə malikdir, əhalisi isə dünyanın 45-ci dövləti kimi 29 559 100 nəfərdir. Ümumdaxili məsulun (ÜDM) illik həcmi 45 milyard 353 milyon dollar, adambaşına 1 572 dollardır [11]. Milli iqtisadiyyatın inkişafı üçün bu türk respublikasında zəruri tədbirlər həyata keçirilməkdədir.
Türk superetnosunun Azərbaycan və Türkiyə türkləri ilə bir yerdə böyük oğuz boyuna aid olan türkmənlər XIII əsrdə Səlcuq dövlətinin tərkibində, XVI əsrdə isə özbəklərlə birlikdə Xivə və Buxara xanlıqlarının tabeçiliyində yaşamış, 1921-ci ildə böyük Türküstanın bir hissəsini təşkil etmişlər. XX əsrin əvvəllərində Orta Asiyanın digər türksoylu xalqları kimi SSRİ-nin tərkibinə qatılmışlar. 1991-ci ildə müstəqilliyini elan edən Türkmənistan böyük karbohidrogen yataqlarına sahib bir respublika olaraq öz təbii sərvətlərini milli inkişafın məqsədlərinə yönəltməyə çalışır. Xəzər dənizindəki bəzi yataqlar üzrə Azərbaycan və Türkmənistan arasında müəyyən problemlər yaşanılsa da, heç şübhəsiz ki, Xəzər dənizinin statusunun dəqiq müəyyənləşməsi çərçivəsində bu anlaşılmazlığa da son qoyulacaqdır. Hazırda isə Xəzər marşrutu üzrə boru kəmərlərinin salınması və iqtisadi kommunikasiya xətlərinin daha da genişləndirilməsi zərurəti iki qardaş türk respublikası arasında bütün münasibətlərin yüksək səviyyəsini normativləşdirir.
Türkmənistan Respublikasının ərazisi 491 210 kv. km., əhalisi 5 125 693 nəfərdir. Ümumdaxili məsulun (ÜDM) illik həcmi 25 milyard 742 milyon dollar, adambaşına - 4 658 dollardır. Türkmənistan Respublikası Parlamentinin 14 avqust 2003-cü il Qərarına əsasən, 2030-cu ilə qədər elektrik, təbii qaz, su və duz ölkə vətəndaşları üçün subsidiyalaşdırılmışdır [10]. Zəngin qaz və neft ehtiyatlarına malik olan Türkmənistan Respublikası bu ehtiyatların ən əlverişli marşrutlar üzrə xarici ölkələrə nəqli üçün fəal diplomatiya yeridir.
Türk dövlətlərinin hələ erkən təşəkkülündə iştirak edən qırğızlar türk superetnosunun inkişafında özünəməxsus rol oynamış, müxtəlif türk imperiya və dövlətlərinin hüdudlarında yaşamış, yalnız 1876-cı ildə, Çinə qədərki Mərkəzi Asiya dövlətlərinin sonuncusu olaraq Rusiya imperiyasına birləşdirilmiş, 1936-cı ildə isə müttəfiq respublika statusunda SSRİ-nin tərkibinə qatılmışlar. 1991-ci il 31 avqustda müstəqillik qazanan Qırğızıstan Respublikasının ərazisi 199 900 kv. km., əhalsisi 5 362 800 nəfərdir. Ümumdaxili məsulun (ÜDM) illik həcmi 5 milyard 920 milyon dollar, adambaşına həcmi isə 1 070 dollardır [8].
Əsasən, kənd təsərrüfatı ölkəsi olsa da, Qırğızıstanda sənayeni (xüsusilə daş kömür, qızıl, uran yaraqları, hidroelektrik enerji istehsalı və metallurgiya üzrə) inkişaf etdirmək üçün də kifayət qədər potensial vardır. Bu gün Qırğızıstan Respublikası 2005-ci ildən başlayan və bir neçə il davam edən daxili siyasi böhranın nəticələrini aradan qaldırmaqda, dövlət müstəqilliyinin dayaqlarını möhkəmləndirmək istiqamətində ümummilli səyləri səfərbər etməkdədir.
Türk xalqlarının sayca böyük əksəriyyəti – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası kimi müstəqil dövlətlərə malikdirlərsə, etnik rəngarəngliyinə görə daha böyük əksəriyyəti digər dövlətlərin tərkibində müxtəlif səviyyəli muxtariyyət statusuna malik olaraq yaşayırlar.
Rusiya Federasiyasında – Tatarıstan Respublikası (ərazi 63 000 kv. km., əhali 4 milyon nəfərə yaxın), Başkırdıstan Respublikası (ərazisi 143 000 kv. km., əhalisi 4 milyon 120 000 nəfər) Çuvaş Respublikası (ərazisi 183 000 kv. km., əhalisi 1 milyon 400 000 nəfər), Xakasiya Respublikası (ərazisi 61 900 kv. km., əhalisi 580 000 nəfər), Yakutiya (Saxa) Respublikası (ərazisi 3 milyon 103 200 kv. km., əhalisi 1 milyona yaxın), Altay Respublikası (ərazisi 92 600 kv. km., əhalisi 205 000 nəfər), Tuva Respublikası (ərazisi 170 500 kv. km., əhalisi 320 000 nəfər), Krım Muxtar Respublikası (ərazisi 26 081 kv. km., əhalisi 2 milyona yaxın) [6] mövcuddur. Eyni zamanda Rusiyanın digər respublika və vilayətləri də (xüsusilə Şimali Qafqaz və Dağıstan, Çin və Monqolustana yaxın ərazilər) türkəsilli xalqların – tatar, başkır, çuvaş, xakas, yakut, altay, tuva, Krım tatarları, uyğur, qaqauz, qaraçay, balkar, noqay, kumık, şor və karaimlərin ... vətənidir.
Həm çar Rusiyasında, həm də SSRİ-də milli-inzibati ərazi vahidlərinin müəyyənləşdirilməsi zamanı əhalinin daimi yaşayış yerlərinin dəyişdirilməsi baş vermiş, xüsusilə Stalin repressiyası dövründə türkəsilli xalqlar ən dəhşətli ədalətsizliklərə məruz qoyulmuş, milli hüquqları amansız şəkildə pozulmuşdur. Məsələn, Krım tatarları Sibirə, Kazanın türk-tatarları Mancuriyaya [2, s.11-12], Azərbaycan türkləri Ermənistan ərazisindən Orta Asiya bölgələrinə dağınıq halda köçürülmüşlər. Həm İmperiya, həm də Sovet dönəmində rusların apardığı bu millətçilik siyasətinin başlıca məqsədi bundan ibarət idi ki, türk kökənli xalqların etnocoğrafiyası kompakt yaşayış vəziyyətindən, vahid quruluşa malik sistemdən çıxarılsın. Amma onlar nə qədər çalışsalar da, buna nail olmadılar: Avrasiyanın türk etnosistemi, bütün təzyiq və zorakılıqlara baxmayaraq, öz bütövlüyünü qoruyub saxlaya bildi. Hətta bu gün digər Şərq və Şərqi Avropa dövlətlərinin ərazisində yaşayan türkəsillilər də milli seçkinliyini nə qədər çətin olsa da, hifz edə bilirlər.
Uzaq və Yaxın Şərq koordinatlarında əhalisinin say çoxluğuna və milli-mədəni tarixinin dərinliyinə görə seçilən iki türk milləti də var: Çində uyğurlar, İranda azərbaycanlılar. Mərkəzi Asiyanın bir çox dövlətlərinə səpələnmiş uyğurların tarixi vətəni – vaxtilə Çin üzərində də dominantlığa malik olan Uyğur imperiyasıdır. İndi həmin böyük region – Şimali Çin ərazisi sayılır. Çinin 1 milyon 660 001 kv. km.-lik Sincan (Çincə – Xinjuan) Uyğur Muxtar Vilayətində 21milyon 813 334 nəfər (əhalinin sayına görə dünyada iyirmi beşinci yerdə) uyğur yaşayır [12].
Təqribən XI əsrdən XIX əsrədək İranın tarixində həlledici etnik-siyasi dominant olan azərbaycanlıların sayı hazırda ölkənin 80 milyonluq əhalisinin ən azı dörddə birini təşkil edir. Milli-coğrafi bütövlüyü pozmaq məqsədi ilə İranın hüdudlarındakı qədim Azərbaycan torpaqları (Rusiyadakı kimi) iki hissəyə – Şərqi və Qərbi Azərbaycana bölünmüş [13], həmin torpaqların qalan hissələri isə İranın digər ostanlarına (vilayətlərinə) “paylanmışdır”. Həm Çində yaşayan uyğurların, həm də İranda yaşayan azərbaycanlıların milli müstəqillik hərəkatları tarixən həmişə susdurulsa da, yenidən oyanmaq üçün daim özündə qüvvə tapmışdır.
İyirmi birinci əsr isə dünya xalqlarının, o sıradan türk dünyasının həyatını müsbət istiqamətə hərəkət etdirəcək bir yöndə öz perspektivlərini açır. Dünyanın ən müxtəlif ölkələrində yaşayan milyonlarla türksoylu insan – Böyük Türk Diasporu da öz tarixi yaddaşı ilə türk dünyasının bütövləşməsi amalları uğrunda qlobal fəaliyyətə qoşulmaqdadır.
Hazırda Koreya və Monqolustandan Balkan ölkələrinədək həm müstəqil dövlətlərini, həm muxtar dövlət quruluşlarını yaratmış millətlər olaraq, həm də kompakt toplumlar olaraq yaşayan türklər öz aralarındakı dərin bağlılığın hərarətini bütün qəlbləri ilə hiss edirlər. Onlar hiss edirlər ki, son iki yüz ilin tarixi-siyasi çaxnaşmalarında nə qədər bir-birilərindən uzaq düşsələr də, ayrı-ayrı regionlarda dövlət və qeyri-dövlət quruluşlarında məskunlaşsalar da, dünyanın hər yerinə səpələnsələr də, yenə ürəkləri, amalları və başlıcası Gələcəkləri birdir. Səpələnmişlərin bütövləşməsi – onların tarixi taleyidir. Dünya türkləri aydın şəkildə dərk edirlər ki, ən qədim zamanlarda olduğu kimi, bu gün də Avrasiyanın yaradıcı qüvvəsi, etnosiyasi və etnokulturoloji rəngarəngliyə malik olduqları qədər də bütövləşmə imkanlarına malik olan superetnosu məhz onlar – türklərdir!
1. Ağaoğlu Ə. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2007
2. Matsunaga A. Ayaz İshaki və Uzaq Şərqdəki Tatar Türkləri. Bakı: Sabah, 2004
3. www.president.az /articles/3397
4. www.president.az/articles/3327
5. Türkler: 20 ciltde, Ankara: Yeni Türkiye Yayınları, 2002
6. http://ru.wikipedia.org/wiki/Россия
7. http://en.wikipedia.org/wiki/ Kazakhstan
8. http://en.wikipedia.org/wiki/ Kirgizstan
9. http://en.wikipedia.org/wiki/Turkey
10. http://en.wikipedia.org/wiki/Turkmenistan
11. http://en.wikipedia.org/wiki/Uzbekistan
12. http://en.wikipedia.org/wiki/Xinjiang_Uyghur_Autonomous_Region
13. http://tr.wikipedia.org/wiki/Iran
14. The Turkic Peoples of the World. Ed. by Bainbridge M. London and New York: Kenan Paul International, 1993
Этническая и политическая география тюркского мира
Ключевые слова: тюрки, тюркский мир, тюркское единство, интеграция
Тюркский мир, постоянно расчленяемый в последние два столетия империалистическими государствами, после распада Советского Союза вступил в новый этап своей исторической жизни. Анализируя основные тенденции этого процесса радикальной трансформации, автор показывает значение движения за независимость тюркских народов. В статье дается полное представление о тюркском мире, активно включившимся со своими семью суверенными государствами в глобальные интеграционные процессы, несмотря на то, что его этническая географии во много раз больше его политической географии. Относительно каждой независимой тюркской республики – Азербайджана, Турции, Казахстана, Узбекистана, Туркменистана, Кыргызстана, Турецкой Республики Северного Кипра и их современного уровня развития, а также о тюркских общинах, обществах, проживающих на территории других государств в том или ином статусе, связно излагается необходимая информация. Уделяется особое внимание потенциалу консолидации тюрков всего мира в новое историческое время.
The Ethnic and Political Geography of the Turkic World
Key words: turks, turkic world, turkic unity, integration
The Turkic world exposed to disintegration by the imperialist states in the last two centuries has started new stage of its historical life after the collapse of the Soviet Union. Analyzing the main tendencies of this fundamental transformation process, the author mentions the importance of independence movement of the Turkic people. The article creates thorough imagination on the Turkic world, which actively joins the global integration processes with its seven sovereign states, although its boundaries of ethnic space is far larger than that of its political space. Vital information is provided on each of sovereign Turkic states – Azerbaijan, Turkey, Kazakhstan, Uzbekistan, Turkmenistan, Kyrgyzstan, Turkish Republic of Northern Cyprus and on the development levels of these states in mostly in a connected way. Potential of integration of whole Turks in the new historical period is deeply explored.