Klassik türk siyasi-ideoloji mədəniyyətinin böyük ənənələri üzərində yetişən Türkçülük ideologiyası onun haqqında ən müxtəlif mövqelərdən hədəflənən birtərəfli və yanlış yanaşmalara rəğmən, ümumtürk humanitar siyasətinin təməl məfkurə platformasını təşkil edərək, həmin məqsədləri həyata keçirə bilən fəaliyyətlərin aydın perspektivli ideya başlanğıcını özündə birləşdirir. Klassik türkçülük çox ağır zamanlarda doğulmuşdur : türk millətlərinin böyük əksəriyyəti imperiyaların caynağında idi. Amma o, belə çətin problemlərin qarşısında yenilmədən mübarizə aparmış, türk dünyasının müstəqilləşməsi və birləşməsi ideyalarını gerçəkləşdirəcək tarixi şəraitin yaradılmasında misilsiz rol oynamışdı. Klassik türkçülüyün estafetinə yiyələnmiş müasir türkçülük bu gün – yeni tarixi situasiyada Türk Dövlətləri Birliyinin yaradılması prosesinin ideoloji əsasıdır. Dövrümüzdə cərəyan edən siyasi proseslər də kifayət qədər mürəkkəbdir və müstəqil türk dövlətlərinin inteqrasiya meyllərini əngəlləyəcək amillər yetərincə çoxdur. Belə ziddiyyətli məqamda, destruktiv qüvvələrin mövcudluğu şəraitində yekdil və sarsılmaz siyasi-ideoloji mövqeyin təşəkkülü həlledici əhəmiyyət daşıyır. Ona görə də hazırda türkçülüyün – bütöv ideoloji məfkurə sistemi kimi təkmilləşməsi zərurəti yaşanılır. Məhz indiyədək qazanılmış təcrübə zəminində türk dövlətləri arasında müttəfiqləşmənin konseptual ideologiyası həyata keçirilə bilər. Elə buradaca fikrimizin yanlış yozulmaması üçün qeyd edirik ki, müasir türkçülük ideologiyasının əsas məqsədi –türk dövlətlərinin müstəqilliyinə zərrə qədər xələl gətirməyən, zəruri inteqrasiyanı hansısa bir fövqəldövlət quruluşuna aparmayan, hətta onları konfederasiya şəklinə salmağı planlaşdırmayan, yalnız beynəlxalq sistemin suveren subyektlərinin müttəfiqləşməsi kimi bir statusa əsaslanan birliyini yaratmaqdır (Avropa İttifaqı nümunəsində və statusunda). Türkçülük – suveren türk dövlətlərinin milli ideologiyalarının (məsələn, ölkəmizdə azərbaycançılığın) qətiyyən ziddinə deyil, əksinə, onların başlıca birlik amallarını özündə ehtiva edən inteqral ideologiyadır.
Türk dövlətləri arasında müttəfiqləşmənin konseptual ideologiyasının əsas vəzifələri – (1) ümumtürk dövlətçiliyinin tarixi-fundamental dəyərlərindən və prinsiplərindən çıxış etməkdən, (2) müstəqil türk respublikalarında milli ideologiyaları inkişaf etdirməkdən, (3) bu respublikalarda Birliyə münasibəti və onun təşəkkülünə doğru fəaliyyətləri öyrənmək və stimullaşdırmaqdan, (4) siyasi hakimiyyətlərin universal humanitar-ideoloji platformasını hazırlamaqdan, (5) dövlətlərarası konsolidasiyanı möhkəmləndirməklə yanaşı, xarici ideoloji təxribatlara qarşı sistemli və dayanıqlı mübarizəni birgə təşkil etməkdən, (6) beynəlxalq səviyyədə, xüsusilə türk topluluqları və diaspor təşkilatları arasında ideoloji həmrəyliyə nail olmaqdan və türkçülük dünyagörüşünü praqmatik məcraya yönəltməkdən (7) və bu təməl üzərində, beynəlxalq ictimaiyyəti Türk Dövlətləri Birliyinin yaradılması proseslərinə hazırlamaqdan, dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən türksoylu dövlət və cəmiyyətlərin müttəfiqliyinə dəstək qazandırmaqdan, onu əngəlləyə bilən cəhdləri və təhlükələri neytrallaşdırmaqdan, dünyaya yeni bir güclü siyasi birliyin doğuluşu ilə qlobal transformasiyanı həyata keçirməkdən ibarətdir.
Dünya türklərinin tarixinə geniş nəzər saldıqda görürük ki, əcdadlarımızın qurduğu azman türk dövlət və imperiyaları uzun əsrlər boyu və davamlı şəkildə təkcə türklərin özünü deyil, Avrasiya boyunca bir çox digər millətləri və etnosları vahid siyasi, ideoloji, dini, sivilizasion sistemdə birləşdirməyə qadir olublar. Bu baxımdan bu gün yalnız türk dünyası miqyasında – vahid bir regionun vahid bir etnosu çevrəsində dünya türklərinin bu günün tələblərinə uyğun bir birliyə nail olması mümkünsüz görünmür. Bu gün türklərin siyasi birliyə nail olması üçün mövcud olan əsaslar keçən əsrin ortalarından başlayaraq Avropanın bir İttifaqda birləşməyinə xidmət edən əsaslardan daha çoxdur. Biz onlar kimi bir-birimizə qarşı qanlı müharibələrdən çıxmamışıq. Böyük imperiyadan qopub, müstəqilləşib, bir-birimizin uzanmış əllərini dərhal sıxmışıq. Yaxınlaşmağa, yenidən doğmalığımızın hərarətini hiss etməyə başladığımız zamandan da bəri öz içərimizdən heç bir ciddi maneə ilə qarşılaşmamışıq. Tarixi proseslərin bütün məntiqi bizi birləşməyə doğru aparır. Türk Dövlətləri Birliyinin yaradılmasına doğru getdiyimiz yolun təməl mərhələsində tərəddüd etməyək, ləngiməyək, hələ qarşımıza çoxlu sualların, problemlərin çıxacağına hazır olmaqla yanaşı onu da qeyd etməliyik ki, artıq birliyə doğru birgə hərəkatın “humanitar mərhələsini” əsasən keçmiş, siyasi, iqtisadi və hərbi sahədə müttəfiqliyin isə bəzi özüllərini qoymuşuq. Yəni Türk Dövlətləri Birliyinin onu yaratmağa məsuliyyətli olan siyasi subyektlər tərəfindən tam razılaşdırılmış vahid proqram-layihəsi və onun həyata keçirilməsinin sistemli mexanizmi yoxdur. Hələ müzakirə edilməli, konsensusu tapılmalı çoxlu problemlər qarşıdadır. Zaman isə gözləmir. Görülmüş işlərin praqmatik miqyasını genişləndirməyin və siyasi, iqtisadi və hərbi sahədə müttəfiqliyə doğru fəaliyyətlərin sistemli-konseptual fazasına keçməyin vaxtıdır. Unutmayaq ki, həqiqətən də, – “Böyümək istəməyən millətlər kiçilməyə məhkumdur” [3, s.67].
Bu aforistik ideyanın müəllifi Nəzmi Çora Türk Dövlətləri Birliyi probleminə həsr etdiyi dəyərli kitabında (“Birleşik Türk Devletleri”) bir çox mətləblərlə yanaşı, Birliyə doğru aparan proseslərin siyasi-ideoloji aspektlərini də diqqətlə araşdırır və həlli vacib nəticələrə gəlir. Nəzmi Çora Türk Dövlətləri Birliyinin yaradılması məqsədlərini daşıyan türkçülük ideologiyasına istinad edərək göstərir ki, hər hansı bir millət xarici qüvvələrin orduları və digər maddi gücləri tərəfindən yenilməkdən əvvəl, ideya-mənəvi cəhətdən əsarət altına alınır. Ruhu işğal edilmiş millət hərb meydanında asanlıqla məğlubiyyətə uğradılır. Ona görə də türk millətlərinin ideoloji cəhətdən sarsılmaz mövqeyini yaratmaq lazımdır ki, bu mənəviyyat qalasının bürcləri arasından onlar bütün gələcəyini aydın görsünlər və yenilməz olsunlar : “Türkçülük – bütün türk dövlətlərinin birləşərək, tək bir güc halında hər baxımdan bütün millətlərdən irəli və üstün olması ideologiyasıdır. Milli ideologiyamızın adı – türk birliyidir... Türkçülük – yüksəlmək üçün deyil, yüksəltmək üçündür. Cəmiyyətlər – fədakar insanlarının çoxluğu nisbətində yüksəlir” [3, s.53].
Nəzmi Çora “aşağılıq kompleksindən”, dünyaya, ətrafında baş verən hadisələrə, başlıcası, öz varlığına və gələcəyinə soyuq-indeferent münasibətdən qurtulmaq, yüksək əxlaqi heysiyyətlə milli düşüncəmizi daim cilalayıb saflaşdırmaq, yabançı təsirlərə, “kənardan idxal edilən fikirlərə” uymadan, öz milli ideologiyalarımızın şərtlərindən çıxış etmək, milli məfkurə dəyərlərimizi daim inkişaf etdirmək, modernləşdirmək gərəyinə diqqəti yönəldir. Ümumdünya türk fatehliyinin örnəklərinə istinad edərək, yüksək texnologiyalara, qlobal qapsam gücünə, çevik manevr qabiliyyətlərinə malik yeni türkçülük ideologiyasının imperativlərini irəli sürür : “Millətimizin (müəllif bu ifadə ilə türk millətlərini nəzərdə tutur – C.F.) yaşaması, yüksəlməsi üçün, hər şeydən əvvəl, tək bir Qəlb olaraq çarpmaq, tək ruh, tək səs halında birlik və bərabərlik içində olmağımız lazımdır. Bu gün bir çox fəlakətlərə uğramış olmağımıza rəğmən, yer üzünün ən böyük millətlərindən birisi – Türk Millətidir. Tuna nəhrindən, Balkan dağlarından Çinə qədər büsbütün yalnız türklərə rast gəlməklə, o sondan bu sona yalnız türklərin yurdundan keçilməkdədir. Bu böyük millətin tarixdə görmüş olduğu böyük işlər və gələcəkdə yenidən ortaya çıxaracağı böyük varlıq bu bölgədə gözü olan, türk millətinin güclənməsindən hürkü duyan bir çox yabançı qüvvətləri, yabançı çevrələri əndişələndirməkdədir. Bunun üçün də, onlar türk millətinin güclənməsini, inkişafını əngəlləməkdən ötrü, hər şeydən əvvəl, milli birliyimizi, bütünlüyümüzü pozacaq, parçalayacaq fəsadtörədici qurğuları, fitnəli hərəkətləri xalqımızın içinə, millətimizin arasına yaymağa çalışmaqdadırlar. Türk millətinin inkişafı üçün hər türkün daim birinci planda görməsi vacib olan şərt – birliyin qorunması, bərabərliyin qorunması, bizi parçalayacaq, bir-birimizdən soyudacaq, bizi bir-birimizə qarşı gətirəcək hər qurğunun elbirliyi ilə qarşısına sipərlənmək olmalıdır. Birliyimizə qəsd edən nifaq qurğularının başında bölgəçilik gəlməkdədir. Məzhəbçilik gəlməkdədir. Türk millətinin inkişafı üçün, hər şeydən əvvəl, onun öz Milli Mənliyinə, Milli Varlığına dönməsi lazımdır” [3, s.64]. Nəzmi Çoranın ürəkdən gələn və milli məfkurə düşüncəsinin Göytürk təməlli dərin ənənəsinə söykənən sözləri gerçəyin özüdür.
Lakin Nəzmi Çoranın dünya türklüyünə böyük töhfə olan bu əsərində təəssüf doğuracaq bir məqam var ki, onu da dilə gətirməliyik. Çünki əgər biz doğmayıqsa, ən acı həqiqəti belə ört-basdır etmədən bir-birimizə açıq deməyi bacarmalıyıq : “Birleşik Türk Devletleri” adlanan kitabın kötüyündə həmin ad bu şəkildə təqdim olunur : “Türkiye Birleşik Devletleri”. Bu anlayışlar arasında ciddi fərq var. Hamı – dünya türkləri də, başqaları da yaxşı bilir ki, türk dövlətlərindən birinin dominantlığı ilə yaradılan birliyi digərləri qəbul etməyəcəklər. Türkiyə – Türk Dövlətləri Birliyinin yaradılmasında, dünya türklüyünün ən çətin zamanlarda hifz edilməsində nə qədər böyük rol oynasa da, yaranacaq bu Birliyin – “Türkiye Birleşik Devletleri” adlandırılmasına türk respublikalarının heç biri razı olmayacaq. Həmişə ölçülü-biçili addım atan, türk dünyasına və beynəlxalq aləmə münasibətdə konstruktiv siyasəti rəhbər tutan, subyektiv və yanlış hərəkətlərə yol verməyən Türkiyə özü də buna getməz. Türkiyənin rəsmi siyasətində türk dünyasının birləşməsinin çox aydın, praqmatik meyarları və prinsipləri var. Ona görə də belə ifrat baxışlardan çəkinmək lazımdır. Türk respublikalarının müttəfiqləşməsi prosesini pozacaq labirintli siyasi-ideoloji oyunların quraşdırıldığı bəllidir. Belə olduğu halda, Türkiyəni “Birleşik Devletlerin” “mərkəzinə” gətirməklə, düşmənlərimizin bundan sui-istifadə etməsinə bəhanə vermək lazım deyil. Onsuz da, Qərb (ümumən, qeyri-türk) analitikləri müasir Türkiyə dövlətinin xarici siyasətindəki türk dünyasına, hətta islam ölkələrindəki böhranların aradan qaldırılmasına yönəli təşəbbüslərini təhlil edərkən, çox zaman bunu “Osmanlı imperiyasının yenidən dirçəldilməsi”, “Yeni-Osmançılıq” (“Neo-Ottomanism”) mövqeyinin təzahürü kimi yozurlar [13]. Deməli, beynəlxalq birlikdə indidən elə dürüst yanaşmanın formalaşmasına çalışmalıyıq ki, Türk Dövlətləri Birliyinin yaradılmasına yalnız Türkiyənin deyil, real həqiqətə uyğun olaraq – bütün türk dövlətlərinin birgə iradəsinin təzahürü kimi baxılsın, praktiki şəkildə bu Birliyin strukturlaşması prosesinin beynəlxalq hüququn prinsipləri çərçivəsində baş verdiyinə inam yaransın.
Türk dünyasının geopolitik məkanı geniş olduğu və kifayət qədər fərqli amillərlə təkamülə uğradığı üçün, burada tarixən formalaşan milli siyasi-ideoloji sistemlərin də müəyyən fərqli xüsusiyyətləri, təbii olaraq, yaranıb. Tarixi inkişaf prosesinin qanunauyğunluğuna müvafiq şəkildə bu geopolitik məkanın Şərq və Qərb cinahları formalaşıb : Türk dünyasının Şərq geopolitik məkanı Monqolustandan Xəzər dənizinə qədər uzanan bir ərazini – hazırda, əsasən Mərkəzi Asiya adlanan Türküstanı, türk dünyasının Qərb geopolitik məkanı isə Xəzər dənizindən Balkanlaradək genişlənən ərazini əhatə edir. Bu gün hər iki cinahda Türk Dövlətləri Birliyini yaratmağa iradə vardır və güclüdür, ancaq etiraf edək ki, yetərincə adekvat deyil. Bəzi fərqli yanaşmaların, tərəddüd məqamlarının olduğunu, hətta digər inteqrasiya proseslərinə qoşulmağa meylliliyi də dana bilmərik. Türk dünyasını birləşdirməyə doğru aparan inteqrasiya layihələrində, müştərək tədbirlərdə, xüsusilə birgə təşkilatlanma proseslərinin mühüm mərhələlərində bəzən hansısa türk respublikasının iştirak etmədiyini görürük. Məsələn, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2012-ci ilin avqustunda Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən İkinci Zirvə Görüşündə [1] türk dövlətlərinin inteqrasiyası istiqamətində çox mühüm addım atıldı : türk ölkələrinin vahid bayrağı qəbul olundu. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan etdi ki, bayraq dörd türk respublikasının – Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin və Azərbaycanın dövlət bayrağındakı elementləri özündə əks etdirir. Ancaq təəssüf ki, Türkmənistan və Özbəkistan belə bir tarixi olayın iştirakçısı və tərəfdaşı olmadılar. Deməli, bu iki türk dövlətinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulmasından sonra vahid türk bayrağının qəbul olunmasına bir də baxmaq lazım gələcək.
Türk Dövlətləri Birliyinin yaradılması prosesində iştirak edən türk respublikaları regional və beynəlxalq inteqrasiya hadisələrinə özlərinin aydın və dəqiq münasibətlərini bildirməlidirlər. Əgər Türk Dövlətləri Birliyinin yaradılması bizim kardinal məqsədimizdirsə, onda bu prosesi pozacaq və ya qeyri-müəyyən vaxta ləngidəcək digər müttəfiqləşmə layihələrinə qoşulmaqla özümüzü çaşdırmamalıyıq. Əlbəttə, hər bir dövlət suveren hüquqlara sahibdir və dövlətlərarası münasibətlərdə özünün müstəqil milli siyasətindən çıxış edir. Ancaq Türk Dövlətləri Birliyi – Avrasiya türk regionunun (ATR) taleyi və gələcəyi deməkdirsə, ona münasibət birmənalı olmalıdır. Türk dünyasının Şərq və Qərb geopolitik cinahları (Mərkəzi Asiya [Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan] – Qafqaz və Kiçik Asiya [Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Respublikası]) eyni siyasi platformadan çıxış etməyi bacarmalıdırlar. Praktiki baxımdan yanaşsaq görərik ki, türk dünyasının Şərq geopolitik cinahında – Mərkəzi Asiya türk respublikalarının mövqeləri bir-birinə xeyli yaxındır. Türk dünyasının Qərb geopolitik cinahında da Azərbaycan və Türkiyə Birlik probleminə və onun perspektivinə yanaşmada, demək olar ki, eyni mövqedən çıxış edirlər. Deməli, bu dixotomiyanın ümumi mövqelərinin konsensusu – Birliyin taleyi üçün həlledici əhəmiyyət kəsb edir. Türk dövlətləri arasında müttəfiqləşmənin konseptual ideologiyası məhz bu həssas nöqtəyə diqqətini cəmləməlidir.
Məlumdur ki, bu gün özünü Avrasiyanın hegemonu hesab edən Rusiya Federasiyası bütün vasitələrlə post-sovet məkanı dövlətlərini Müstəqil Dövlətlər Birliyindən (MDB) kənara buraxmamağa və mahiyyətcə ondan heç də fərqlənməyən Avrasiya İttifaqına (AAİ) cəlb etməyə çalışır. MDB məhz SSRİ dağılan günü – 1991-ci ilin 8 dekabrında Belovejsk Müqaviləsi ilə yaradılıb. Hazırda Ukrayna, Gürcüstan və Baltikyanı dövlətlərdən başqa bütün post-sovet (eyni zamanda, türk) respublikaları MDB-yə üzvdür. Avrasiya İttifaqı (AAİ) isə 12 noyabr 2011-ci ildə Rusiya, Belarusiya, Qazaxıstan arasında imzalamış Bəyannamə əsasında formalaşmağa başlamış, sonradan Qırğızıstan, Tacikistan və Ermənistanın da bu İttifaqın üzvlüyünə namizədliyi təsdiq edilmişdir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2012-ci ilin 23 mayında Astana İqtisadi Forumunda Avrasiya İttifaqının gələcəyinə ümidlə bəyan etdi ki, “biz 2015-ci ilədək Avrasiya İqtisadi İttifaqını yarada biləcəyik” [11]. “Avrasiya İttifaqını – dünya inteqrasiya birliklərinin perspektivində” görən Nursultan Nazarbayev, eyni zamanda, mötəbər sammitlərdə türksoylu millətlər və dövlətlər arasında birliyi yaratmaq və möhkəmləndirməyə dair dolğun və qətiyyətli bəyanatları ilə çıxış edir. Türkiyə Cümhuriyyətinin o zamankı Baş naziri Rəcəb Tayyub Ərdoğan da 2013-cü ilin fevralında Türkiyə – Avropa İttifaqı İqtisadi Məşvərət Komitəsindəki çıxışında “Biz Avropa İttifaqına yük olmağa deyil, Avropa İttifaqından yük almağa gəlirik” – söyləyir və “Türkiyənin Avropa İttifaqına üzvlük məsələsində qərarlı olduğunu” bəyan edir [4]. Rəcəb Tayyub Ərdoğan, eyni zamanda, türk dünyasında inteqrasiyanı Birliyə doğru dərinləşdirən ən nüfuzlu siyasətçilərdəndir. Dilemma da elə bu zaman meydana çıxır : Türk dünyasının iki ən böyük dövlətinin – Türkiyənin və Qazaxıstanın türk respublikaları arasında əməkdaşlıq və müttəfiqliyə böyük əhəmiyyət verdikləri halda, hətta bu prosesin önündə getdikləri halda, onların özünü müvafiq olaraq Avropa İttifaqının və Avrasiya İttifaqının tərkibində görmələrini nə ilə izah etmək olar ?! Türkiyənin Avropa İttifaqına daxil olduğu, Qazaxıstanınsa özü ilə birlikdə bütün Mərkəzi Asiya türk respublikalarını (eyni zamanda, Qafqaz regionunu) Rusiyanın mütləq himayəsi altında olan Avrasiya İttifaqına çəkməyə çalışdığı təqdirdə, Türk Dövlətləri Birliyi ideyasının gerçəkləşməsi mümkündürmü ?! Burada üstünlük verilməli olan istiqamət bu başdan, tərəddüdsüz seçilməlidir. Axı, Avropa İttifaqı nə qədər cazibədar və qüdrətli olsa da, Avrasiya İttifaqı modelində birlik formalaşdırmaq nə qədər asan olsa da, onların heç biri, Böyük Türk Tarixinin sübhündən doğulan Türk Dövlətləri Birliyini əvəz edə bilməz. Türk Dövlətləri Birliyinin reallaşması prosesinin indiki qaynar olduğu qədər də kövrək mərhələsində bu tarixi missiyanı təsadüflərin, ayrı-ayrı istiqamətə yönəlmələrin ixtiyarına buraxmaq olmaz. Bu mərhələdə dezinteqrasiya və qeyri-müəyyənlik halları – Avrasiyanın müasir türk tarixini yenidən digər supergüclərin dominantlığı altına vermək deməkdir.
Türk Dövlətləri Birliyi – Avropa İttifaqı və Avrasiya İttifaqı perspektivlərindən daha çətin başa gələcək, ona doğru gedən yol daha mürəkkəb və dramatik olacaq, çoxlu problemlərin həllini tələb edəcək, böyük güclərlə üz-üzə dayanmalı, onların müqavimətini qırmalı olacaq, böyük mübarizələrə meydan açmalı olacaq, ancaq heç şübhə yoxdur ki, daha etibarlı, daha gələcəkli, daha sağlam olacaq. Və ən əsası odur ki, Bizim öz Birliyimiz olacaq ! Ona görə də Türk Dövlətləri Birliyi uğrunda mübarizəni mətin əqidə ilə aparmaq gərəkdir. Türk dövlətləri arasında indiyə qədər davam edib möhkəmlənmiş münasibətləri daha da inkişaf etdirmək, bütün maneələrin səmtini dəqiq müəyyən edərək, çətinliklərdən qorxmadan, qətiyyətlə irəli getmək gərəkdir. Bizi Türk Dövlətləri Birliyinə doğru aparan siyasəti daim cilalamaq, ideoloji mövqelərimizi bərkitmək, hər yeni tarixi situasiyanın reallıqlarına uyğun mükəmməl elmi-humanitar konsepsiyalarla çıxış etmək, yeni siyasi-ideoloji texnologiyaları hərəkətə gətirmək zəruridir.
Dünyanın bir və ya bir neçə mərkəzdən idarə edilməsinin – hegemonist qlobal idarəetmənin hərbi qüvvə ilə yanaşı başlıca vasitəsi planetdə ideologiya dominantlığına qadir olmaqdır. Belə bir üstünlüyə yetmək üçün hətta müasir dünyada ümumiyyətlə “ideologiyalardan imtina edilməsi” kimi kontr-siyasət planları hazırlanır. Əsas arqument də bu gətirilir ki, guya dünyada sivilizasiyalararası münasibətlərin gərginləşməsi ideologiyalararası münasibətlərdə qarşıdurmanı arxa plana keçirib [15, s.53, 125-222]. Bu yanaşmanın yaradıcılarından biri, Amerika millətçiliyinin ideologiyasını əsaslandırmağa çalışan ABŞ strateqi S.P. Hantinqton yazır : “Asiya – sivilizasiyaların qaynar qazanıdır” [15, s.53, 219], yəni Asiya sivilizasiyaları arasında amansız mübarizə gedir. Əgər belədirsə, əslində, mahiyyətcə bu o deməkdir ki, Asiya (və ya başqa bir kontinent) – müxtəlif sivilizasiyalara mənsub dövlətlərin milli ideologiyalarının “qaynar qazanıdır”. İdeologiyalar – milli maraqlar üzərində yüksəlir. Millətin iradəsi və onun milli varlıq kompleksi – onun ideologiyasında ifadə olunur [14, s.57-73]. Milli dövlətlərin hər hansı bir beynəlxalq birliyə inteqrasiyası prosesində də onların ideologiyaları qətiyyən zəifləmir, itmir, əksinə, daha da aktivləşir və daha da çevik olmaq qabiliyyətləri əldə edir.
Çoxsivilizasiyalı, çoxqütblü dünya sistemində milli maraq ideologiyalarının böyük rəqabət meydanı açılır ki, türk dövlətlərinin müttəfiqləşmə prosesi özünü bu çarpaz tendensiyaların müxtəlif fiqurlaşma reallığından kənarda təsəvvür edə bilməz. Müttəfiqləşmənin siyasi ideologiyası həm də müasirliyin o keyfiyyətlərini ehtiva etməlidir ki, demokratik dünya bu prosesin mütərəqqi xarakter daşımasından özünün də faydalanacağına əmin olsun. Gənc türk respublikaları yetkin demokratik sistemlərlə yanaşı dayanmağın və onlarla bərabərhüquqlu əməkdaşlığın pozitiv mövqelərini nümayiş etdirə bilsinlər. Onlar Avropa demokratiyası ilə Asiya demokratiyasının sintez məqamlarını üzə çıxara bilsinlər. Bu asan məsələ deyil. Çünki hələ də Asiyanın “patriarxal cəmiyyətlər” modelində qavranılması gerçəkliyi var. Buna görə də demokratik Türkiyənin xüsusilə Asiyanın siyasi-ideoloji sistemlərini müasirləşdirmə təşəbbüsləri beynəlxalq birlik tərəfindən müsbət qarşılanır [12, s.90-93]. Türk dövlətlərinin müttəfiqləşmə ideologiyasına təhlükə törədə bilən amillər arasında iki zidd tendensiyalı prosesə xüsusilə diqqətli olmaq lazımdır : Avrasiyaya hegemonluq iddiasında olan qüvvələrin “yuxarıdan” təxribatı və radikal dini-ideoloji ekstremizmin “aşağıdan” təxribatı. İkisi də eyni dərəcədə təhlükəlidir : biri hərbi bazalarla, digəri fanatizmi qızışdırmaqla regionu öz təsiri altına almağa çalışır. Onların toqquşması isə Əfqanıstanda olduğu kimi, dağıdıcı şəkildə təhlükəlidir. Türk dünyası bu toqquşmadan qopan qığılcımların öz ərazisinə düşməsinə və alovlanmasına heç vəchlə imkan verməməlidir. Türk xarakterinin yaratdığı “Zəka İmperiyası” [16, s.244-259], əlbəttə, buna imkan verməyəcək : “Türk praqmatizmi” demokratiya qiyafəsində imperializmin və çarşab qiyafəsində teokratiyanın türk dünyasına yoluxmasının qarşısını qətiyyətlə almağa qadirliyini göstərməlidir.
Türklüyün etik-ideoloji dəyərlərinin inkişafı və müdafiəsi istiqamətində də görülməli çox işlər vardır. Belə ki, hətta erkən orta əsrlərdən bu günümüzə qədər Avrasiyanın fatehləri olan türklər haqqında onların yaxın-uzaq düşmənləri olmazın iftiralar quraşdırıb, türkləri gözdən salmaq üçün ağlasığmaz böhtan və şayiələrə əl atıblar. Onlar türkləri insanlara, xalqlara qarşı amansız hərəkətlərdə, hətta məlum olduğu kimi, uydurma “erməni genosidində » suçlamaqdan ötrü dəridən-qabıqdan çıxıblar və çıxırlar. İnanılmaz olsa da faktdır: Avropa ziyalılığının ulduzları sayılan klassik fransız maarifçiləri Monteskyö “Şərq despotizminin yuvasında türkləri dünyanın ən çirkin insanları” adlandırır [7, c.2, s.192] (Müqayisə üçün böyük Nizaminin və Hötenin, Puşkin və Lermontovun türklərin mənəvi və cismani gözəlliklərini vəsf etməsini yada salaq), Volter isə “ağcamaya slavyan qadınlarının dadını alandan sonra tamarzı türklərin onlara rəhm edib öldürməyərək”, yalnız iştahlarını yatırtmaq üçün yanlarını kəsib yediklərindən “romantik səhnələr” uydururdu [9, s.174-176]. 1876-cı ildə Lord Qladsonun Böyük Britaniya Parlamentində dediklərində isə zərrə qədər həqiqətin olmadığını yəqin avropalılar da etiraf edərdilər: “Türklər insanlığın insan olmayan nümunələridir. Mədəniyyətimizin əbədiliyi üçün onları Asiya çöllərinə doğru qovmalı və ya Anadoluda yox etməliyik... “Qurani-Kərim” yer üzündə qaldıqca, bu qan-qadalı vəhşiliklər də yer üzündən əksik olmaz” [8, s.59]. Hərçənd bu sözlərin müəllifinin ölkəsi – Böyük Britaniya imperiyası Qərb imperializminin ən dəhşətli mexanizmlərini hazırlayıb tətbiq edən, planetar müstəmləkəçiliyin dayaqlarını quran bir dövlət olmuşdur. Bu dövlət, eyni zamanda, dünya tarixində ən böyük irqi genosidin əsasını qoymuşdur : Avstraliyanın yaxınlığındakı Tasmaniya adasında öz müstəmləkəsini yaradan Britaniya 1833-cü ildə buradakı aborigenləri qıraraq, onların sayını 300 nəfərə qədər azaltmışdır [17, c.1, s.141-173]. Nəhayət, günümüzün sonuncu avantüralarından biri : Çoxlu türk xalqlarının yaşadığı Rusiya Federasiyasının orta ümumtəhsil məktəblərində “Vətən tarixi” [10, şəkil 3] tədris edilir. Altıncı sinif üçün tərtib olunmuş bu dərslikdə “Monqol-tatar işğalçılarının vəhşiliyi adlı” bir “rəsm” təqdim edilir. XIII əsr ingilis rəssamının bəsit formada çəkdiyi bu şəkildə Volter “təxəyyülünün” başqa versiyası “canlandırılıb”: vəhşi monqol-tatarlar insanları oxlara sancır, şaqqalayıb doğrayır, şişə çəkib qızardır, köz üstünə yağı dama-dama yeyirlər... Heç bir bədii-tarixi dəyəri olmayan, açıq-aşkar bədxahcasına pisləmə niyyəti ilə çəkilmiş bu “nifrət tablosunu” təqdim etməkdə Rusiya Təhsil Nazirliyi ölkəsinin şagirdlərinə humanizm aşıladığını güman edir?! Bu “modern” rus düşüncəsinin “maarifçilik missiyasıdır” ! Bütün miqyaslardakı məkrli ekspansiya və işğalçılıq siyasətlərini isə yalnız sayıqlığını itirməyən ideologiyalar ifşa edə bilir. Türk Dövlətləri Birliyi kimi möhtəşəm bir ideyanın ətrafında təhrif olunmuş təsəvvürlərin yaradılmasına yol verməmək üçün türk dünyasına, onun tarixinə, mədəniyyətinə, millətlərinə və dövlətlərinə qarşı yönəlmiş bütün fitnəkar əməllərin və cəhdlərin üstü vaxtında açılmalı və ifşa olunmalıdır. Əgər Avrasiya boyunca uzanan böyük və uzunömürlü imperiyaları dövründə türklər digər xalqları diskriminasiyaya, soyqırımına məruz qoysaydılar, “insanları şişə çəkib yesəydilər”, milli ənənələrin, dinlərin, mədəniyyətlərin kökünü kəssəydilər, onda gərək burada türklərdən başqa heç bir xalq qalmayaydı. Amma həqiqət ondan ibarətdir ki, türk sivilizasiya məkanında dünyanın heç bir yerində olmayan qədər ən müxtəlif etnogenetik xüsusiyyətlərə malik xalqlar, ən müxtəlif arxetipik xüsusiyyətlərə malik mədəniyyətlər hifz edilib, yaşayıb, çiçəklənib.
Türk dünyasının bədii-estetik mədəniyyəti ilə yanaşı, onun siyasi-humanitar mədəniyyəti, türklərin dünya xalqlarına qarşı tolerant münasibəti ilə formalaşan universal-humanist ideologiya bəşər sivilizasiyasının ən üstün dəyərlərindən, mənəviyyat xəzinələrindəndir. Türklər həm müharibə, həm də sülh dövrlərində özlərinin humanitar missiyalarını aydın şəkildə dərk edən insanlar olublar. Türk dünyasının böyük sərkərdəsi və ideoloqu Mustafa Kamal Atatürk öz dövlətini və millətini tarixin ən amansız savaşlarından qurtarmaq üçün hərb meydanına atılmış və zəfər çalmışdı. Amma qalib ordunun önündə İzmirə daxil olan Baş Komandan Mustafa Kamal Atatürk ayaqlar altına sərilən düşmən bayrağını yerdən qaldırtmış, “Bayraq – bir millətin istiqlaliyyət rəmzidir. Düşmənin də olsa, ona hörmət göstərmək gərək!” – söyləmişdi [6, s.72]. Bu gün aralarında ixtilaf olan dövlətlərin qəzəblənmiş kütlələrinin bir-birinin bayrağını ayaq altına atıb tapdalaması, yandırması müqabilində bu böyük sərkərdənin hərəkəti nə qədər nəcib görünür. Düşmənlə üz-üzə gələndə belə Mustafa Kamal Atatürk türk nəcabətinin üstünlüyünü, həm də incə diplomatiya məharətini nümayiş etdirir: Birinci Dünya müharibəsi dövründə – Çanaqqala savaşında ona qarşı vuruşarkən bir qolunu itirmiş fransız generalı Quroya, illər keçəndən sonra Ankarada qarşılaşdıqları zaman generalın kəsik qoluna işarə edərək, Mustafa Kamal Atatürk ehtiramla demişdi: “Türk torpaqlarında yatan şərəfli qolunuz ölkələrimizi bir-birinə bağlayan son dərəcə qiymətli bir teldir” [6, s.324]. Yenilməz türk sərkərdəsi Atatürk müharibədə həlak olmuş öz doğma şəhidlərinin yüksək törənli dəfn mərasimindən sonra, həmin müharibədə həyatını itirmiş digər millətlərin əsgərlərini də dəfn etməyi tapşırmış, həmin mərasimdə iştirak edəcək nazirinə bu sözləri deməyi də vacib bilmişdi : “Bu ölkənin torpaqları üzərində qanlarını tökən qəhrəmanlar ! Burada bir dost vətənin torpağındasınız. Hüzr içində uyuyun !” [5, s.6] – Budur, türklərin İnsanlığa verdiyi böyük dəyər ! Dünya savaşında yüz minlərlə şəhid vermiş bir ordunun Baş Komandanı dövlətlərarası, insanlararası münasibətlərin ən dramatik zamanında, düşmənçiliyin qan saçdığı bir zamanda belə İnsanlığın müqəddəs duyğularına ehtiram ucalığında dayana bilir. Sərkərdəliyin, müdrikliyin və humanizmin vəhdətini əməlləri ilə sübut edən Mustafa Kamal Atatürkün bünövrəsini qoyduğu Türkiyə Ordusu hazırda dünyanın ən güclü hərbi qüvvələrindəndir. Türk Dövlətləri Birliyinin yaradılması istiqamətində görülən ən mühüm işlər sırasında Vahid ordu quruculuğu prosesi də başlanır : 2013-cü ilin 23 yanvarında Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın iştirakı ilə “ortaq ordunun yaradılması” barədə ilkin razılığa gəlinmişdir. Həmin dövlətlərin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının Bakıdakı iclasında TAQM (iştirakçı dövlətlərin adlarının baş hərflərinin abreviaturası kimi) adlandırılan ortaq ordunun ilkin fəaliyyət statusu müəyyənləşdirilib [2]. Siyasət (Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantıları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s.), humanitariya (Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayları, TÜRKSOY), parlament (Türkdilli Ölkələrin Parlament Assambleyası) və ordu (TAQM) quruculuğu sahəsində bu ortaqlaşma fəaliyyətləri ümumtürk siyasi ideologiyasının konseptuallığını, məqsədəyönlülüyünü göstərir.
Türk Dövlətləri Birliyinin yaradılması prosesinin iyirmi illik tarixi və bu müddətdə fədakar insanların, əlaqələndirici təşkilatların, vətəndaş cəmiyyəti qurumlarının, qətiyyətli liderlərin, praqmatik diplomatların, yüksəkməramlı ideoloqların və uzaqgörən strateqlərin gördüyü çoxistiqamətli-birməqsədli işlərin məcmusu bizə yəqin etməyə əsas verir ki, uğrunda mücadilə etdiyimiz Birlik ideyasının təməli, həqiqətən, sarsılmazdır. Bu idealın işığını söndürəcək heç bir qüvvə yoxdur. Çünki onun özülündə böyük dövlətçilik ənənələrinin mirası, böyük mədəniyyət və sivilizasiya kapitalı, uca mənəviyyat dəfinəsi, siyasi əxlaq dəyərləri, millilik və müasirlik ruhu, mütərəqqi ideologiya miqyası, universal dünyagörüşü və bütün bunları vahid bir məcraya yönəltməyi – yenilməz qüdrətə çevirməyi bacaran Türk Siyasəti dayanır. Türk Dövlətləri Birliyinin gerçəkləşmə reallığını təmin edən isə bu siyasətin ardıcıllığı və praqmatikliyidir.
Ədəbiyyat
Концептуальная идеология союзничества между независимыми тюркскими республиками
Основными задачами концептуального союзничества между суверенными тюркскими республиками являются: базирование на исторически-фундаментальных ценностях и принципах общетюркской государственности; развитие национальной идеологии в каждой из этих республик; изучение и стимулирование отношения к Союзу и деятельности по его формированию; разработка универсальной гуманитарно-идеологической платформы политической власти; наряду с усилением межгосударственной консолидации, совместная организация систематической и устойчивой борьбы против иностранной идеологической диверсии; достижение идеологической солидарности на международном уровне, особенно между тюркскими обществами и организациями диаспоры, и на этой основе подготовка международной общественности к процессам создания Союза Тюркских Государств; завоевание поддержки союзничеству между государствами и обществами тюркского происхождения со стороны стран мира и международных организаций и нейтрализация усилий и опасности, могущих препятствовать ему; осуществление глобальной трансформации рождением нового мощного политического союза.
Ключевые слова – глобализация, тюркское единство, Союз Тюркских Государств
Conceptual Ideology of Alliance among the Independent Turkic States
The main duties of the conceptual ideology among the sovereign Turkic states consist of: taking the historico-fundamental values and principles of the whole Turkic statehood as a basis, development of the national ideologies in each of these states, learning and stimulating the activities concerning the approach to the Union and to its formation, preparation of the universal humanitarian-ideological platform of the political authorities, strengthening the consolidation among the states and joint organization of the systematic and sustainable struggle against the foreign ideological diversion, achieving the ideological solidarity at international level, especially among the Turkic societies and diaspora organizations, preparing the international society for the processes of establishment of the Union of the Turkic States, gaining support to the alliance of Turkic states and societies by the world states and international organizations, neutralizing the attempts and threats hampering this process and realizing the global transformation with the emergence of the new powerful political union in the world.
Key words – globalization, Turkic unity, Union of Turkic States