Qlobal idarəetmə – qlobal siyasətin əsas nəzəri istiqaməti olaraq bu siyasətin necə aparılması qaydalarını müəyyən edir. Qloballaşma epoxasında qlobal siyasətin aktuallaşması onun idarəetmə nəzəriyyəsinin də əhəmiyyətlilik dərəcəsini artırır. Eyni zamanda, ümumən qlobal siyasətdə olduğu kimi qlobal idarəetmə sahəsində də etik münasibətlərin funksionallaşması zərurətə çevrilir.
Qlobal idarəetmə nəzəriyyəsi dünyada baş verən hadisə və proseslərin ümumi qanunauyğunluğunu taparaq, onların analitika və sistematikasını həyata keçirir, “dünyanın necə idarə olunmasının fəlsəfi konsepsiyasını” [10, s.219-225], dünya siyasəti praktikasının nəzəri-metodoloji əsaslarını, idarəetmənin qlobal strategiyası üzrə onun prinsiplərini və qaydalarını, dünyanın optimal inkişafı modellərini hazırlayır, beynəlxalq siyasətdə qarşılıqlı münasibətləri idarə edən istiqamətləri təyin edir, beynəlxalq təşkilatların strukturlaşması və təkmilləşdirilməsi yollarını öyrənir, dünya birliyinin real təşəkkülü məqsədlərini daşıyan layihələrin koordinasiyasını yaradır və beynəlxalq həyatda qlobal əməkdaşlığın idarə edilməsinin üsul və vasitələrini sistemləşdirir. Qlobal idarəetmə bəzən müxtəlif anlayış və kateqoriyalarla ifadə olunsa da (“dünya siyasətinin idarə olunması”, “dünyamiqyaslı idarəçilik”, “beynəlxalq nizam idarəçiliyi”, “qlobal nizam üzrə idarəetmə” [19] və s.), mahiyyətcə dünya sisteminin struktur bütövlüyü üzrə onun konvergent idarəçiliyi mənasında başa düşülür.
Qlobal idarəetmə nəzəriyyəsinə müxtəlif yanaşmaların ümumi mənzərəsini sərgiləyən araşdırmalar tolpusu da [1] bu nəzəriyyənin ayrı-ayrı aspektlərinin analizi üzrə onun inteqral nəzəri sisteminin yaradılması məqsədilə tərtib edilmişdir. Qlobal idarəetmənin ilk və əsas nəzəriyyəçilərindən biri C.N.Rozenau onun bir nəzəri istiqamət kimi meydana çıxmasının başlıca səbəbini qlobal dəyişikliklərin fəlsəfi mahiyyətinin dərk edilməsinə doğru səylərin artmasında görür. Fəlsəfi-siyasi düşüncənin “qlobal idarəetmənin ontologiyasına doğru” istiqamətlənməsi qlobal dəyişikliklərin determinantlarını üzə çıxarmağa, “qloballaşma, lokallaşma və fraqmentallaşmanı” koordinasiyalaşdırmağa, iyerarxiya, anarxiya və xaos rejimlərini və buna uyğun olaraq “poliarxiya (çoxsəviyyəlilik), panarxiya (ümumsəviyyəlilik) və kolibrasiya” (həmin səviyyələri ölçmə) proseslərini ayırd etməyə, “idarəetmənin vahidlərini” müəyyən etməyə və nəhayət, dünya sisteminin iyerarxiyasını bu sistemin sıx bağlılığı şərtləri daxilində idarə etməyə yol açır [20, s.287-301]. C.N.Rozenau qlobal siyasətin son onilliklərdəki qabarıq xüsusiyyətini “coşqunluq” motivində şərh edərək yazır ki, o, yeni inkişaf fazasında məhz bu xüsusiyyəti ilə dünya tarixinin son üç yüz ildə görünməyən sıçrayışını etmiş, beynəlxalq həyatın məhz qlobal idarəetmə ilə mümkün olan reallığına çatmışdır [21, s.5].
Qlobal idarəetmə problemlərini “dünya nizamının etikası və iqtisadiyyatı” kontekstində təhlilə cəlb edən “Qlobal idarəetmə” kitabındakı “Giriş”in müəllifi Filip Vindzor maraqlı bir müqayisə aparır. O göstərir ki, “İnsan Genomu” layihəsinin həyata keçirilməsi çərçivəsində DNK sisteminin kodlaşdırılması, insan orqanizminin genetik xəritəsinin hazırlanması “qlobal idarəetmənin də embrionik formasından” başlayaraq öyrənilməsi ilə assosiasiya yaradır. Beynəlxalq əməkdaşlığın miqyası genişləndikcə, qarşılıqlı münasibətlərin ən kiçik elementləri belə diqqətdən kənarda qalmamalıdır ki, beynəlxalq sistemin bütün həyatı orqanik formada əhatə oluna bilsin. “Etik, sosial və siyasi vasitələrin” vəhdətini nəzərdə tutan bu sistemdə “özünü dərk edən əməkdaşlığın etik rejimi” fəaliyyətdə olmalıdır [22, s.3].
Qlobal siyasətdə idarəetmənin çoxsəviyyəli texnologiyaları fəaliyyət göstərir. Qlobal idarəetmə planetdəki hərbi-siyasi konfliktlərdən başlamış ətraf mühitin qorunmasına qədər bütün problemlərin kompleks həllini özündə ehtiva edir. Lakin qlobal idarəetmənin strukturu sürətlə transformasiyaya uğrayır və qlobal problemlərə yanaşmanın yeni səviyyələri meydana çıxır. Çünki qlobal idarəetmədə qaydayaratma və qayda interpretasiyasının özü pluralist xarakter kəsb edir. Bu özünü realist siyasətin “dövlət-mərkəzli sistemində (“state-centric system”) əxlaqi borcun” düşünülməsinin daim gündəmə gətirilməsində də göstərir [4, s.21]. Qlobal idarəetmə dövlətin beynəlxalq sistemdə mövcudluğunun hüquqi və etik prinsiplərlə uzlaşan yeni parametrlərini üzə çıxarır. Bütün hallarda onun əsasən iki səviyyəsinin – qlobal və regional idarəetmənin bir-birini tamamlaması və birlikdə beynəlxalq idarəçilik sistemini funksiyalaşdırması zəruri şərtdir.
Artıq dünya siyasətçiləri də etiraf edirlər ki, nə qədər güclü olursa-olsun bütün dünyanı bir dövlətin və ya regional dövlətlər ittifaqının idarə etməsi qeyri-mümkündür. Dövlətlərin yalnız beynəlxalq təşkilatlarda paritet hüquqlarla birləşməsi və beynəlxalq hüququn təkmilləşdirilərək ali qanunlar formasına salınması ilə dünya birliyinin konsolidasiyası və onun idarə edilməsi, eyni zamanda milli maraqların beynəlxalq arenada müdafiə edilməsi mümkündür. Qlobal idarəetmə yalnız bu şərtlər daxilində öz prinsiplərini formalaşdıra bilər. Qlobal idarəetmənin bütün təkamül prosesi beynəlxalq təşkilatlanmanın rasional ədalətlilik dayaqlarının möhkəm olmasından və beynəlxalq sistemin maraqlarını orqanik ifadə etməsindən asılıdır: “Qlobal idarəetmə dünya dövlətinin yaradılması mənasını daşımır” [13, s.161]. Bu, eyni zamanda, o demək deyil ki, qlobal idarəetmə yalnız dövlətlər və yalnız beynəlxalq təşkilatlar tərəfindən aparılır. Onu qeyri-müəyyən, abstrakt bir başlanğıca bağlamaq da düzgün deyil. Qlobal idarəetməni dünya dövlətlərinin bərabərlik qanunlarına əsaslanan beynəlxalq sistem müvafiq qaydalara uyğun olaraq həyata keçirir. Deməli, dünya birliyi özünü idarə edən bir mütəhərrik sistem kimi qlobal idarəetmənin bütün məsuliyyətini öz üzərinə götürür ki, burada da fəaliyyətin başlıca prinsipləri – dünya xalqlarının öz mənafeyini mükəmməl əsaslarda qoruya bildiyi beynəlxalq sistemin daim möhkəmləndirilməsi və bütün dünyada azadlıq, demokratiya və ədalətin ən ali dəyərlər kimi hifz edilməsidir. Buna görə də müasir dünyada “beynəlxalq insan hüquqları rejiminin inkişafı” [13, s.165] qlobal idarəetmənin prioritetlərindən birinə çevrilir.
Qlobal idarəetmə nəzəriyyəsi “qlobal dəyişiklikləri anlamaq üçün inteqral və ümumi vasitələrin” [12, s.3] işlənib hazırlanmasını ümumdünya tarixi inkişafının məntiqindən və müasir dönəmdəki aparıcı meyllərin əlamətləri və motivasiyasından çıxış edərək həyata keçirir. Qlobal dəyişikliklər üzrə qlobal idarəetmənin dörd nəzəri istiqaməti müəyyənləşdirilir: 1. İnteqrasiya və fraqmentasiya kontekstində hakimiyyətin lokallaşması üzrə dəyişikliklərin qlobal idarə edilməsi konsepsiyası; 2. Qlobal vətəndaş cəmiyyətini beynəlxalq sistemin nüvəsi kimi konstatasiya edən konsepsiya; 3. “Dövlət kapitalizmindən” “hiperliberalizmə” transformasiyada təşəkkül tapan yeni qlobal iqtisadi sistemin idarəçilik konsepsiyası; 4. İntellektual elitanın qlobal idarəçiliyi konsepsiyası.
Göründüyü kimi, dünya iqtisadi-siyasi məkanının inteqrativ prosesləri, “bəşəriyyətin qlobal idarəetməyə doğru ilk ciddi addımlarının atılması” [17, s.22] nəticəsində meydana çıxan yeni tarixi situasiyada idarəetmənin qlobal miqyasda konseptuallaşması tamamilə təbiidir. Qlobal idarəetmə nəzəriyyəsi dünya inkişafının bu təkamül qanunauyğunluğuna müvafiq olaraq öz nəzəri modellərini qurur:
Planetar düşüncə öz orqanik-antropogen bütövlüyünü əldə edən dünyanın idarə edilməsi üçün mümkün koordinatları təyin edir. Yeni qlobal siyasi praktikanın imkanları özünü dövlət-mərkəzli (birsəviyyəli) və planet-mərkəzli (çoxsəviyyəli) kompozisiyaya malik bifurkasiyalı dünyanın idarə edilməsinə səfərbər edir. Bu prosesi nəzarətdə saxlamağa çalışan siyasi-nəzəri metodologiya qlobal dəyişikliklərin analizində iki təməl prinsipi əsas götürür: (1) dünyanın holistik (holizm – bütövlük fəlsəfəsi) dərkinin konvensional beynəlxalq münasibətlərin də dərkinə transformasiyası; (2) “orqanik bütövlük” kimi universumda bütün varlığın (eyni zamanda, siyasi həyatın) komponentlərinin qarşılıqlı asılılıqda olması. Əlbəttə, burada inteqrativ proseslərlə diferensial və fraqmental proseslər, qlobal və lokal tendensiyalar daim üzləşir və paralelləşir. Ancaq qlobal idarəetmə bütün hallarda konfliktyaradıcı situasiyaların stabillikyaradıcı situasiyalara tabe olmasını proqram məqsədlərinə daxil edir.
Siyasətin dövlət idarəetmə sistemindən qlobal idarəetmə sisteminə doğru təkamülü prosesində fəaliyyətin bütün sferaları üzrə koordinasiyanın mərkəzləşdiyi subyektlər kimi beynəlxalq təsisatlar bu sistemin bütün səviyyələrinə çıxış və nüfuz əldə edir. C.N.Rozenau “hökumətdən idarəetməyə” (“from government to governance”) doğru bu dəyişməni iyirmi birinci əsrin ən qabarıq siyasi əlaməti kimi səciyyələndirir. Bu davamlı proses – kontinyum “transmilli və millətlərüstü, mikro- və makro-, institutlaşmış və qeyri-rəsmi, dövlət-mərkəzli və çoxmərkəzli, kooperativ və konfliktli səviyyələrin hamısında” [18] özünü göstərir.
Qlobal idarəetmə Vestfaliya sistemini (1648-ci ildə Avropada milli dövlətlərin yaranmasına yol açan Vestfaliya Sülhü nəzərdə tutulur) və ya “ərazi dövlətləri” adlanan milli dövlətçilik sistemini inkar etməsə də, onu müasir dünya idarəçiliyinin yalnız klassik təməli, başlanğıc mərhələsi sayır. Bu gün “idarəetmənin çoxlu digər formaları qlobal həyatın toxumalarına sirayət edərək yayılır və yayıldıqca müxtəlifləşir” [12, s.7]. Beynəlxalq həyatda vətəndaş cəmiyyəti idealı vüsətləndikcə, dünyanın demokratiya potensialı artdıqca, “qlobal vətəndaş birliyinin meydanı” [9] böyüyür və burada “insani qlobal idarəetmənin kökləri də dərinləşir” [5]. Liberal demokratik dövlət öz humanist daxili idarəçiliyi ilə digər dövlətlərə örnək olur, qloballaşmanın avanqardına çevrilir və dünyada “demokratik məkanın genişlənməsinə” səbəb olur. Qərb modelli qloballaşmaya paralel və müəyyən mənada alternativ olaraq Asiya modelli qloballaşma (“asiyalaşma”) dünya inkişafının, qlobal demokratizmin uğurlu layihəsi kimi özünü doğruldur və qlobal idarəetmədə bu effektli sistemin tətbiqinə zərurət yaranır. Bununla da “kosmopolit demokratiya” qlobal və lokal ictimai sferaların interaktivliyini təmin edən yeni, optimal idarəetmə münasibətlərinin inkişafına yol açır.
Hazırda dünyada qlobal idarəetmə münasibətlərini sistemli formaya yüksəldən təşkilatlanma tendensiyası qətiyyətlə davam etdirilir. Birləşmiş Millətlər Təşkilatı (BMT) və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO), Transmilli korporasiyaların (TMK), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və s. beynəlxalq birlik və qurumların genişlənən fəaliyyəti və onların arasındakı münasibətlərin dinamikası dünya siyasəti və iqtisadiyyatının bütün sahələrini vahid bir idarəetmə platformasına gətirir. 1975-ci ildə dünyanın sənayeləşmiş yeddi ən qüdrətli dövlətinin (Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada) “Böyük-7-liyi” (“G-7”) yaratması, sonradan Rusiyanın qatılması ilə onun “Böyük-8-liyə” (“G-8”) çevrilməsi, bu bazada “Böyük-20-lik” (“G-20”) ideyasının reallaşması, ümumən, iyirminci əsrin sonu – iyirmi birinci əsrin əvvəllərindən dünyanın liberalyönlü siyasi, iqtisadi, intellektual və texnoloji sahələrini əhatə edən liderlərin getdikcə genişlənən formatda görüşləri qlobal idarəetmənin praktikasını spontan şəkildə dərinləşdirir, “qloballaşan elitanın” [8] dünya idarəçiliyi sistemini təşəkkül etdirir. Bu formatda təsisatlanan qurumlar qlobal konsensusun yeni formalarını fəaliyyətə gətirirlər.
Dünyanın qabaqcıl ölkələrinin başçılarının və qeyd etdiyimiz sahələr üzrə lider-nümayəndələrin hər il İsveçrənin Davos şəhərində toplandıqları Dünya İqtisadi Forumu beynəlxalq iqtisadi sistemin özünüidarəetmə funksionallığını optimal səviyyəyə qaldırır. 2008-ci ildən başlayaraq keçirilən “Böyük-20-lik” sammitləri (Vaşinqton – 2008; London – 2009; Toronto – 2010; Kann – 2011) dayanıqlı və balanslaşdırılmış dünya iqtisadiyyatını qurmağa, maliyyə sistemində islahatlar aparmağa və üzv ölkələrdə həyat səviyyəsini yüksəltməyə imkan verən qərarlar qəbul edir.
Qeyd edək ki, sənaye ölkələrinin maliyyə nazirlərinin, mərkəzi bank rəhbərlərinin görüşü kimi 1999-cu ildə yaradılmış “Böyük-20-lik” 2008-ci ilin sonundan dövlət və hökumət başçılarının dünya iqtisadi böhranı ilə mübarizə məsələləri üzrə qeyri-rəsmi görüşü statusunu almışdır. “Böyük-20-liyə” “Böyük-8-lik” təsisçilərindən başqa Avstraliya, Argentina, Braziliya, Hindistan, İndoneziya, Çin, Cənubi Koreya, Meksika, Səudiyyə Ərəbistanı, Türkiyə və Cənubi Afrika Respublikası daxildir. Təşkilatın 20-ci üzvü isə Avropa İttifaqıdır ki, onu “Böyük-20-lik” sammitində Aİ-na sədrlik edən ölkənin nümayəndəsi və Avropa Mərkəzi Bankının prezidenti təmsil edir. İyirmilərin sammitində ənənəvi olaraq Dünya Bankının prezidenti, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru, habelə, DB və BVF-nun yerli orqanlarının təmsilçiləri iştirak edirlər.
Bu onu göstərir ki, “qloballaşan elita” dünyada qlobal kapitalın real gücünə əsaslanan yeni iqtisadi siyasəti formalaşdırır, planetin gündəlik həyatının norma və praktikası ilə qurulan “bazar sivilizasiyasını” yaradırlar. Lakin qloballaşma hərəkatının bu tendensiyaları, məlum olduğu kimi, həm də antiqlobalist hərəkatlarla müşayiət olunur ki, bu da öz növbəsində əks-reaksiyaların konstruktiv mövqelərinin nəzərə alınmasını reallığa çevirir. Daha çox simvolik mənada işlədilən “bazar sivilizasiyası” yalnız o halda təqdir oluna bilər ki, o, qlobal iqtisadi münasibətlərin dinamik prosesi kimi “mənəviyyat sivilizasiyası” ilə obyektiv balans yarada bilsin.
Qlobal idarəetmə konsepsiyası daim axtarışda olan intellektual elitanın yaratdığı elmi idarəetmənin, nəzəri modelləşdirmənin üstünlükləri ilə də zənginləşir. Bilik-təməlli siyasi iqtisadiyyat milli dövlətlərin qarşılıqlı münasibətlərində dinamizmi sürətləndirir. Sinxron qlobal idarəetmə beynəlxalq siyasi iqtisadiyyatın infrastrukturunu optimallaşdırır. “Beynəlxalq vətəndaş cəmiyyəti ... daha effektli və ədalətli qlobal iqtisadiyyatın funksiyalaşdırılmasını həyata keçirə bilən qlobal iqtisadi idarəetmənin məsuliyyətini” [17, s.25] öz üzərinə götürür.
Postmodern bilik strukturu onun klassik strukturundan fərqli olaraq, maddilik və ideasionallıq, reallıq və təsəvvür-edilənlik arasında sərhədi götürür. Bu struktural yanaşmada dövlət sisteminin təşkil prinsipi kimi ərazi koordinatları qlobal siyasət tərəfindən yeni konfiqurasiyada dərk olunur. Yerətrafı orbitdə hərəkət edən peyklər qlobal idarəetməni kosmik miqyaslara çıxarır. Əqli-intellektual idarəetmə tarixdə ilk dəfə olaraq yer kürəsinə artıq onun öz üzərindən deyil, kosmosdan müşahidənin imkanlarını açır. Peyk və kompüter texnologiyalarının birləşməsi “geomatika” deyilən yeni bir elm sahəsini yaradır və onun vasitəsilə planetin kartoqrafik quruluşunun dəqiq ölçüləri müəyyənləşir. Siyasi idrak koordinatlarının “ərazi dövlətləri modelindən” “yer planeti modelinə” keçməsi prosesində “qlobal siyasətin yenidən xəritələşdirilməsi” [6, s.197-321] baş verir. Kosmos elmlərinin nailiyyətlərini qlobal idarəetmənin texnologiyalarına məharətlə sintez edən qüdrətli dövlətlər bu üstünlüyü əldə etməklə bütün yer kürəsini nəzarətdə saxlamaq istəyirlər. Amerika Birləşmiş Ştatlarının elm-təməlli qlobal siyasəti bu sahədə dominant mövqeyə malikdir. Məhz həmin siyasətin gücü sayəsində “Birləşmiş Ştatların Donanması bütün dünya okeanına nəzarət edir” [7, s.17].
Elm-təməlli qlobal idarəetmə siyasi-hərbi sferadan fərqli olaraq, humanitar sferada daha incə və mürəkkəb üsullarla işləməli olur. Çünki burada insan amilini nəzərə alan sosio-psixoloji kombinasiyaların tətbiqi tələb olunur. Xüsusilə qlobal vətəndaş cəmiyyətini formalaşdırmağı qarşısına məqsəd qoyan humanitar idarəetmə sistemlərinin öz prinsiplərini müəyyən edərkən, ayrı-ayrı sivilizasiyalara mənsub cəmiyyətlərin fərqli reaksiyalarını bir məcraya sala və yönəldə biləcək universal modelləri işləyib hazırlamaları lazım gəlir. Qlobal idarəetmənin humanitar texnologiyaları təxminən “çoxlu dünyaların bir yer kürəsi” [15, s.273] modelinin müxtəlif variantlarında işlənilir.
Qlobal idarəetmənin informasiya ölçüləri intellektual fəaliyyəti onun ən yüksək sürətinə və planetar əhatəliliyinə çatdırır. Bilik-təməlli idarəetmə “qlobal informasiya nizamını” [12, s.7] yaradır ki, bu amil də qlobal siyasətin yeni arxitekturasına öz meyarlarını verir. Qlobal siyasətdə “informasionalizm”, “informasion qlobalizm” anlayışları gündəmə gəlir və qlobal idarəetmə özünü planetmiqyaslı media və kommunikasiya vasitəsilə şəbəkələyir: “Genişlənən təşkilat üçün informasionalizmin faydalılığı onun modern dünya nizamındakı əhəmiyyətini üzə çıxaran köklərindədir” [11, s.112].
Bir sıra mühüm interaktiv tendensiyaları özündə ehtiva edən qlobal idarəetmə eyni zamanda dünya təşkilatlarının reformasiyası ilə proqramlaşdırılır. Qlobal İdarəetmə Komissiyası da 1995-ci ildə bu məqsədlə yaradılmışdır. Komissiyanın proqram bəyanatında da təsdiq edilir ki, “qlobal idarəetmənin inkişafı yer üzərində həyat qurmaq üçün insan səylərinin təkamülünün bir hissəsidir. Biz dərk edirik ki, artıq dünya üçün əsrlər öncə formalaşmış qəliblərdən uzaqlaşmağın və əlli il bundan əvvəl təsis olunmuş BMT-nin yeni formalara keçməsinin vaxtıdır. Biz indi qlobal idarəetmədə yeniliyin və innovasiyaların tələb olunduğu zamandayıq” [3, xvi]. Yeni dövrün tələbi ilə “dünyanın ümumi dəyərlərini” [3, xiv] bölüşən qlobal sivilizasiya məkanında təşkilatların və onların rəhbər tutduğu qanunların həmin dəyərlərə qlobal idarəetmə strategiyasında da sadiq qalması Qlobal İdarəetmə Komissiyasının əsas prinsiplərindən sayılır. Komissiyanın “Bizim qlobal qonşuluğumuz” layihə-məruzəsi dünya dövlətlərinin “qlobal qonşuluğu” çərçivəsində onların münasibətlərinin yeni formalarını irəli sürür. Bu kontekstdə “problemi həlletmə nəzəriyyəsi” qlobal idarəetmənin hansı hüdudlarda fəaliyyət göstərməsini müzakirəyə çıxarır.
Qlobal idarəetmə problemlərinə dair elmi-metodoloji və siyasi-analitik müzakirələrdə ona tənqidi yanaşmalar da yer alır. Məsələn, Robert Lathamın fikrincə, qlobal idarəetmə nəzəriyyəsi özünün qeyri-müəyyənliyinə görə aldadıcıdır: bu nəzəriyyə qlobal siyasəti sanki bir yerdə qərar tutmayan, “axıb gedən dünyaya” buraxır, “kimin qalib, kimin məğlub olduğunu” bildirməyən “idarəolunmazlıq” təsəvvürü yaradır; qlobal idarəetmə dərhal bu sualı doğurur ki, “bu kimin layihəsidir?”, “hansı məqsədə xidmət edir?” [14, s.49]. Ronen Palan da qlobal idarəetmə konsepsiyasına aqnostik yanaşır və “qlobal idarəetmə epoxasında kimlər kim tərəfindən idarə olunacaq?” – replikasını ortaya qoyur [16, s.55-68]. Ümumiyyətlə, qlobal idarəetmə konsepsiyasına aqnostik yanaşmaların oxşar səbəbi budur ki, ekspertlərin bir çoxu qloballaşma və qlobal siyasət kimi, qlobal idarəetməni də onun hegemon dövlətçilik siyasətinə xidmət vasitəsi olaraq layihələşdirilməsi ilə əlaqələndirirlər. Deməli, qlobal idarəetmə siyasətinin effektli olması onun “dünyanı birləşdirmək, yoxsa ayrı salmaq?” [15, s.261-265] – dilemması qarşısında tərəddüd etmədən birinci xəttin humanist layihəsi kimi çıxış etməsindən asılıdır.
Qlobal idarəetmə nəzəriyyəsi məhz müasir dövrümüzün aparıcı tendensiyalarının ümumiləşdirilməsi, qlobal dəyişikliklər üzrə çoxsəviyyəli və davamlı müzakirələrin təşkili kontekstində öz elmi-konseptual arsenalını zənginləşdirmək imkanları qazanır. Qlobal idarəetmənin şərtləndiyi mühüm qlobal dəyişikliklər, əsasən, (a) beynəlxalq rejimin, (b) beynəlxalq təşkilatların və (c) qlobal siyasətin strukturlaşma, təsisatlanma və qərar qəbul etmə səviyyələrinin orqanik konvergensiyası ilə bağlıdır.
Mütərəqqi beynəlxalq qanunlar əsasında özünütəşkilin davamlı prosesini yaşayan və həmin konvergensiya şərtlərini özündə ehtiva edən müasir dünyanın meqasosial sistemində qlobal idarəetmənin üç dayağı müəyyən edilir: 1. Siyasi dayaq – (beynəlxalq diplomatiya, beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Avropa İttifaqı kimi beynəlxalq və regional təşkilatlar); 2. İqtisadi dayaq – (transmilli korporasiyalar, beynəlxalq bank və sənaye assosiasiyaları, qlobal əmək və qlobal iqtisadi hərəkatlar); 3. Sosial dayaq – (qeyri-hökumət təşkilatları başda olmaqla qlobal vətəndaş cəmiyyətinin bütün iştirakçıları). Bu dayaqların vəhdəti beynəlxalq həyatın orqanikasını yaradır: qlobal siyasətin ədalətliliyi beynəlxalq hüququn effektivliyindən asılı olaraq güclənir.
Qlobal cəmiyyətin özünüidarəetməsinin təsisatlanmış forması beynəlxalq qanunlarla təsbit olunan yüksək fazasına keçir. Beynəlxalq hüquq üzrə görkəmli alim J.Z.Kapaldo bu yeni mərhələdə beynəlxalq qanun yaradıcılığı sahəsində baş vermiş mühüm təkamül prosesini fundamental şəkildə tədqiq edərək, həmin prosesin məntiqi nəticəsi kimi qlobal idarəetmənin onurğa sütununu təşkil edən “qlobal hüquq rejiminin fəaliyyətə başlamasını” diqqət mərkəzinə gətirir. J.Z.Kapaldoya görə, müasir qlobal hüquq aşağıdakı ümumi maraqları özündə birləşdirir: “O, dünyanın idarə olunması üçün hakimiyyət mərkəzlərinin təşkilini, eyni zamanda, digər leqal sistemlərlə münasibətləri və artıq dövlətlərin birliyi kimi deyil, bütün bəşəriyyətin bir vahid kimi birliyinə əsaslanan sistemi qaydaya salır. Bu mülahizələr əsasında biz qlobal hüququn dörd dayağını fərqləndirə bilərik: vertikallıq, leqallıq, inteqrasiya və kollektiv zəmanət” [2, s.9].
Açar sözlər: qloballaşma, qlobal idarəetmə, beynəlxalq əməkdaşlıq, dünya birliyinin konsolidasiyası, insan hüquqları, qlobal vətəndaş cəmiyyəti, dünya nizamı
Оценки по теории глобального управления
Глобальное управление как основное теоретическое направление глобальной политики определяет правила проведения этой политики. Задействование глобальным управлением своих механизмов по (a) стратегически-концептуальному, (б) политическому, (в) правовому, (г) экономико-финансовому, (д) интеллектуально-технологическому и (е) культурно-цивилизационному направлениям и придание им функциональности в универсальной системе повышает эффективность глобальной политики и, минимизируя такие тенденции в международной жизни, как базирование на субъективных амбициях и доминирование в одностороннем порядке, стимулирует способность мирового сообщества на более рациональных основах выражать свою волю против любого гегемона или субъекта, вышедшего за пределы международных норм.
Ключевые слова: глобализация, глобальное правление, международное сотрудничество, глобальная консолидация, права человека, глобальное гражданское общество, миропорядок
Assessments on Global Governance Theory
Global governance – as a main theoretical method of global politics defines the rules on how this politics has to be carried out. Functioning of (a) strategic-conceptual, (b) political, (c) juridical, (d) economical and financial, (e) intellectual and technological, and (f) cultural and civilizational directions of global governance and functionalizing these directions in a single universal system increases effectiveness of global politics and by minimizing tendencies of emerging subjective ambitions in international arena and unilateral predominance stimulates world community to express its will on a rational basis in relation to every hegemon and subject not complying with international norms.
Key words: globalization, global governance, international (global) co-operation, global consolidation, human rights, global civil society, world order.