Cavanşir Feyziyev

Deputat

  • Bioqrafiya
  • Elmi fəaliyyəti
  • Siyasi fəaliyyəti
  • İctimai fəaliyyəti
  • Kitablar
  • Tərcümələr
  • Məqalələr
  • Müsahibələr
  • Qalereya
  • Video
  • Əlaqə

Qlobal idarəetmə strategiyasında humanitar siyasətin spesifikası

Siyasətin aparılması onun (1) strategiya, (2) proses (3) nəticə mərhələlərinin bütövlüyü üzərində qurulur. Bu ardıcıllıq təmin edilməsə, siyasət iflasa uğrayır. Lakin onun uğur qazanmasının bir zəruri şərti də var: siyasətin humanist başlanğıca malik olması. Humanizmin sonradan siyasətə gətirilməsi, onun strategiya, proses və nəticə mərhələlərinə sintez edilməsi mümkün deyil. Humanizm yalnız siyasətin başlanğıc mərhələsində, onun ideya və məqsəd “rüşeymində” özünü bazis kimi qurmalıdır. Ona görə də mahiyyətcə neqativ siyasi hadisələrə sonradan nə qədər bəraət qazandırmağa çalışsalar da, heç bir nəticə vermir. Çünki bunlar ideya başlanğıcından etibarən humanizm komponentindən məhrum olmuşdur. Siyasi humanizmin də əsas prinsipi odur ki, siyasətin humanistik və siyasi aspektlərinin vəhdəti daim qorunur və həmin vəhdət siyasi fəaliyyətin özəyini təşkil edir. Bu prinsipin konseptuallaşması və sistemləşməsi prosesində beynəlxalq humanitar siyasətin əsas komponentləri yaranır və orqanikləşir.

Siyasətin əhatə dairəsi, miqyası böyüdükcə, onun daha sanballı əxlaqi-humanistik təməl üzərində qərarlaşması zərurəti yaranır. Bu mənada demək mümkündür ki, bu gün əxlaq və humanizm – qlobal siyasətin preambulasıdır və ya preambulası olmalıdır. Müxtəlif mənşəli gərginlik və qarşıdurmaların, qlobal dominantlıq iddialarının hökm sürdüyü müasir dünyada beynəlxalq münasibətlərin ümumi platforması artıq bir həqiqəti özünə tam aydınlaşdırmaqdadır ki, amoralizm və antihumanizm tendensiyası qlobal siyasətə heç bir uğur qazandıra bilməz: bu halda hansı bir qüvvəninsə mütləq üstünlüyü digərlərinin zəifləməsi və yıxılması hesabına başa gəlir. Əgər qlobal siyasət bəşəriyyətə bütöv bir sistem kimi baxırsa, onun bu disbalans vəziyyəti ilə razılaşması olduqca məntiqsiz görünür. Belə bir disharmonik situasiyanı idarə etmək onu kifayət qədər əlverişsiz vəziyyətə qoyur və “arzuolunmaz nəticələrlə” bitən proseslərin sonu görünməyən davamı başlayır. “Hamının hamıya qarşı müharibəsi” (T.Hobbs) ideologiyası, siyasətin arxaik modelində bir dövlətin öz hegemonluğunu idarəetmənin qlobal strategiyası kimi anlatması [2, s.54-64], bu modeldə birqütblü dünya sistemi yaratmaq üçün onun “vahid mərkəzdən idarə olunmasına” [1, s.97-107] beynəlxalq ictimaiyyəti inandırma cəhdləri dünya siyasətini bu labirintdən çıxarmaq iqtidarında deyil. Əslində, bu qlobal siyasət yox, bir dövlətin qlobalizmi siyasətidir.

Beynəlxalq siyasətin özünü “anarxiya rejiminin qaydalarına” uyğun istiqamətləndirməsi qlobal idarəetmənin humanitarizm prioritetlərinə söykənən yeni effektli modelləri ilə əvəz olunmalıdır: “Dünya siyasətinin anarxik strukturu, necə olursa olsun, nə iyerarxik hakimiyyətdəki müxtəliflikdən, nə də mərkəzləşdirilmiş nəzarətdən asılı olmayan humanitar əməkdaşlığın nailiyyətlərini də nəzərdə tutur” [8, s.143]. Bu strukturun diktə etdiyi reallığın özü belə “müasir dünya siyasətində strateji interaksiyanı təmin edən beynəlxalq rejimin” [8, s.169] düzgün idarə olunmasını, beynəlxalq əməkdaşlığı humanitarlıq prioritetlərinə çevirən dünya siyasətinin idarəetmə strategiyasını müəyyən etməyi tələb edir.

Qlobal siyasətin ideasional əsası kimi konstatasiya etdiyimiz əxlaq və humanizm onun strategiya, proses və nəticə mərhələlərində də immanent xüsusiyyət kimi özünü göstərir. Siyasətin fəlsəfi idrak kontekstində dəyərləndirilməsi və ona fəlsəfi metodologiya ilə yanaşılması da siyasi fəaliyyətin strukturunda və strategiyasında əxlaq immanentliyini təsdiq edir. İ.Məmmədzadənin “Etikaya giriş” kitabında göstərdiyi kimi, “Fəlsəfə etikanın problemlərindən, etika isə siyasi həyata təsir göstərmək və onu təşkil etmək səylərindən başlayır” [3, s.27]. Siyasi həyatın təşkili ideyası qlobal sferada idarəetmə texnologiyalarını meydana gətirir ki, burada da əxlaqi humanizm immanentliyi zəruri şərtdir. Müasir beynəlxalq sistemin özünüidarəetməsi siyasi, humanitar və əxlaqi münasibətlərin hansı səviyyədə harmoniya təşkil etməsindən asılıdır.

Qlobal idarəetmə strategiyasında humanitar siyasət onun müvafiq prosesləri təhlil edən analitik-məqsədli fəaliyyəti ilə qurulur. Qlobal siyasi idarəetmə strategiyası – analitik təhlillər və ümumiləşdirmələr üzrə prosesin dinamik inkişafını qabaqcadan proqramlaşdıran təlimatın hazırlanması və bütün fövqəladə halların öncədən nəzərə alınaraq, situativ gözlənilməzliklərə uyğun alternativ variantların da nəzərə alınması, lakin bütün texnologiyaların kardinal məqsədə çatmağa səfərbər edilməsi, nəticənin mümkün optimallığında əldə edilməsi deməkdir. Bu strateji məqsəd və bütün istiqamətlər üzrə hərəkətin nəticəyə doğru yönəlməsi prosesi əxlaqi prinsiplərin gözlənilməsi, onu icra edən insanların ictimai-mənəvi və humanitar məsuliyyəti ilə müşayiət olunduqda, dövlət, cəmiyyət, insan və onların universal birlikləri əldə olunan siyasi nəticəni uğurlu hesab edə bilər. Dünya birliyinin inkişafı istiqamətində həyata keçirilmiş və keçirilməkdə olan bütün böyük siyasi nailiyyətlər məhz qlobal siyasi düşüncənin qabaqcadan humanist cəhətdən məqsədəyönlü, elmi-nəzəri cəhətdən rasional təşkili nəticəsində əldə edilmişdir.

Qlobal idarəetmə strategiyasında humanitar siyasətin spesifikasını müəyyən edən əsas məsələ – həmin strategiyadakı humanistik etika və siyasət başlanğıcının vəhdəti problemi bu dixotomiyaya müasir dünyanın universal qanunlarına uyğun yeni yanaşma zərurəti ilə daha da aktuallaşır. Ümumiyyətlə, humanitarizm və siyasət insan həyatının spesifik sahələri kimi qlobal idarəetmə və onun strategiyası formatında yeni konfiqurasiya alır. Onların heç biri digərindəki mühafizəkarlığı, ehkamlaşmış doktrinaları qəbul etmir. Onların konvergensiyası yalnız mütərəqqi ideyaların, beynəlxalq həyatı hərəkətə gətirə bilən cəsarətli addımların təqdir olunduğu konsensusda baş tutur. Humanitarizm və siyasət arasında ziddiyyət törədən səbəblər bəzən onlardan birinin keçmişə, digərinin gələcəyə baxması, həm də necə baxması ilə, birinin zaman və hərəkət sferasına digərinin girə bilməməsi ilə bağlı olur. Deməli, (1) strateji məqsəd, (2) zaman və (3) məkan koordinatlarında uzlaşdıqda, siyasət və humanistik əxlaq birlikdə hərəkət edə bilər. Müasir dövrümüz üçün ciddi bir problem məhz bu məqamda meydana çıxır. Humanitarizmin siyasətə təqdim etdiyi prinsipləri o qəbul edə bilərmi və yaxud, siyasətin prinsiplərinə humanitarizm özünü uyğunlaşdıra bilərmi? Etika həmişə müqəddəs, siyasət isə həmişə iblis rolunda olmur. Tarixi-mədəni təcrübəni düzgün qiymətləndirməyən qəliblənmiş şüurda əxlaqın həmişə pozitiv, siyasətin isə həmişə neqativ fiqurasiyası vardır. Lakin belə ortodoksal yanaşma yanlış olduğu qədər də onların əks-qütbləşməsini dərinləşdirən bir mövqedir. Tarixdə həm də bu faktlara rast gəlinir ki, mütərəqqi siyasi hərəkatlar artıq köhnəlmiş əxlaq kanonikasını dəyişməklə cəmiyyətin tərəqqisinə nail olmuşlar. Yəni burada əsas problem etika və siyasətin birinin digərindən üstünlüyü deyil, onların daha çox proqressiv, həyat qabiliyyətli, müvazinətyaradıcı keyfiyyətlərə malik olması və bir-birini dinamik şəkildə stimullaşdırmasıdır. Humanitar siyasətin strategiyası məhz belə bir mövqeyində irəli hərəkət edə bilər.

Xüsusilə bu gün qlobal siyasətdə dünyanın necə idarə olunması məsələsinin beynəlxalq həyatı bütün ciddiyyəti ilə düşündürdüyü bir zamanda, bu siyasətin mahiyyətində və strateji xəttində özünü ifadə edə biləcək humanistik platformasının formalaşmasına ehtiyac vardır. Bu məqsədlə dünyanın siyasi həyatına təsir edə biləcək, burada müvafiq funksiyalara malik olan bir sıra beynəlxalq humanitar hərəkatlar, elmi-araşdırma mərkəzləri, yaradıcı-humanist insanlar öz fəaliyyətlərini əlaqələndirmək təşəbbüsləri göstərirlər. Yeni tarixi situasiyada qlobal siyasi strategiyanın etik-humanitar konsepsiyasının hazırlanması üzrə aparılan tədqiqatlar da bu təşəbbüslər sırasındadır. Xüsusilə “qlobal idarəetmənin etikası” [16], qlobal idarəetmə strategiyasında humanitar etika və siyasət problemləri üzrə aparılan araşdırmalar maraq doğurur.

Qlobal idarəetmənin nəzəri-metodoloji məsələlərinə dair tədqiqatlar genişləndikcə, təqribən 2000-ci illərin əvvəllərindən başlayaraq, onun humanitar əsaslarının öyrənilməsi də spesifik bir istiqamətdə davam etdirilir. Düzdür, tədqiqatçılar etiraf edirlər ki, qlobal idarəetmə bəzən özü “pis təşkil edildiyindən və pis başa düşüldüyündən”, onun humanitar əsaslarına, xüsusilə etikasına yanaşmalarda da çatışmazlıqlar üzə çıxır [13, s.789]. Halbuki hələ də “alimlər və siyasi liderlər tərəfindən bir qayda olaraq yanlış diaqnozlaşdırılan və yetərincə müdafiə edilməyən əxlaq problemləri ... dünya siyasətinin ürəyini təşkil edir”. Buna görə də “qlobal idarəetmə siyasətində etikanın analizi” [5, s.1] xüsusi araşdırmaların predmetinə çevrilir. Bu araşdırmalarda başlıca arqument – “qlobal idarəetmənin siyasi quruluşunda humanitar əsaslandırma və əxlaqi normaların təsbiti” və bu kontekstdə də “etikanın dünya nizamı problemlərinin və siyasi reallıqların dərkində həyati əhəmiyyətə malik olmasıdır” [5, s.1].

Həmin tədqiqatların əsas məqsədi humanistik ideya və prinsiplərin sistemini yaradan əxlaq fəlsəfəsini olduğu kimi qlobal idarəetmə strategiyalarına tətbiq etmək deyil, onun nəzəriyyə və konsepsiyalarındakı müvafiq məqamların yerində istifadə edilməsidir. Qlobal idarəetmənin spesifikası tələb edir ki, burada əxlaq fəlsəfəsi ilə siyasi fəlsəfənin özünəməxsus dialektik sintezi yaransın, qlobal siyasi-etik dünyagörüşünün ən proqressiv humanistik ideyaları idarəetmə strategiyalarında özünüifadə imkanları qazansın, siyasi etika və humanitarizm qlobal siyasətdə olduğu kimi, onun idarəetmə mexanizmlərində də konseptual dayaqlar qazansın. Bunun üçün, əlbəttə, siyasi etikanın özünün xeyli təkmilləşməsi, modernləşməsi, qlobal dəyişikliklərin mahiyyətini düzgün mənimsəməsi və onlara fəal reaksiyası gərəkdir. Müasir siyasi-humanitar dünyagörüşünün qlobal proseslərin xarakterinə uyğun modifikasiyası baş vermədən, qlobal idarəetmə strategiyasının düzgün istiqamətdə formalaşmasına onun pozitiv təsiri mümkün deyil. Humanitar etika özü yeniləşmədən siyasətin yeniləşməsində rol oynaya bilməz.

Buna görə də humanitar etika özünün ənənəvi dəyər və meyarlarını yaşatmaqla bərabər, həm də onların siyasi həyatda qaçılmaz ola biləcək modern sistemini yaratmalıdır. Qloballaşma dövrünün humanitar etikası yeni minillikdə bəşəriyyətin yetkin mənəvi həyatının, dövlətlər, millətlər və mədəniyyətlərarası münasibətlərin dərinləşməsini təmin edə biləcək, insanlığın böyük vəhdəti strategiyasına səmtlənən aparıcı fəlsəfi-siyasi ideyalarının, universal demokratik-liberal dəyərlərin, planetar birliyi dəstəkləyən humanist aksiya, hərəkat və bəyanatların qaynağına və mənbəyinə çevrilməlidir. Qlobal idarəetmənin mənəvi dayağı və stimulu qarşısına bir dövlətin fövqəlgüc kimi təyinatlanmasını deyil, dünyanın sabit və harmonik inkişafı məqsədlərini qoyan mübariz və rasional siyasətin humanitar-etik strategiyası olmalıdır. Planetar siyasi-antropoloji sistem özünün qlobal etik nizamını yaratmalıdır. Buna görə də qlobal idarəetmə strategiyasında humanitar siyasətin və etikanın əhəmiyyətinə indi hər zamandakından daha çox fikir verilməlidir: “Etik anlayışlar üzrə nəyin düzgün və səhv, yaxşı və pis olmasına dair arqument və bəraətləndirmələr suverenlik, hakimiyyət, müdaxilə, məsuliyyət, legitimlik, hüquqlar, demokratiya, öz müqəddəratını təyinetmə, yardım, ədalət və bərabərlik kimi mühüm məsələlərin kontekstində müzakirə olunur. Etika – o səbəbdən qlobal idarəetmənin nüvəsi sayılır ki, dünya siyasətinin aktorları və idarəedici strukturları məhz belə etik prinsiplərə və məqsədlərə münasibətlərində motivasiya qazanır, haqlı olduğunu təsdiq edir və yaxud tənqid olunurlar... Humanitar etikadan ayrılmış siyasət, bizim qarşılaşdığımız əxlaqi dilemmalara meydan oxuyan və onlarla barışmayan siyasət qəbuledilməzdir və təhlükəlidir. Yəni demək olar ki, etika və siyasət nə qəti şəkildə dixotomiyaya uğramış, nə də identifikləşmiş fəaliyyət sahələridir. Onlar daha çox simbiotik (birləşik) və qarşılıqlı şəkildə bir-birinə quruluş verən sahələrdir. Onların hər biri insan varlığı üçün məsuliyyət və öhdəliklərin zəruri sahibliyinə malikdir; onların hər ikisi insanlararası münasibətlərin tələbləri üzrə asan olmayan qərarların verilməsinə cavabdehdirlər” [5, s.2].

Yuxarıdakı fikirlərin müəllifi Antonio Frankesçet və qlobal etikanı xüsusi bir elm sahəsi kimi fərqləndirən Mervin Frost bu fikirdədirlər ki, bir çox siyasi analitiklər “etikanı qlobal idarəetmənin özək dinamikasına” yaxın buraxmaq istəmirlər [5, s.2; 6, s.41-66]. Ümumiyyətlə, nəzəri cəhətdən dünya siyasətinə mütləq realist və mütləq liberal yanaşmaların ifrat formalarında “qlobal idarəetmə etikasının əhəmiyyəti” ya azaldılır, ya da şişirdilir: “Realistlər dünya siyasətinin qəlbindəki etika boşluğunu zəbt edirlər” [5, s.2]. Təbiidir ki, siyasəti etikadan, yəni humanizmi siyasi-antropoloji sistemdə möhkəmlətməyin ən əlverişli vasitəsindən məhrum etmək tendensiyası elmi-humanitar ədəbiyyatda haqlı tənqid olunur.

Qlobal idarəetmə siyasətinin etik-humanitar əsasları problemini, başlıca olaraq, humanitarizm və etikanın siyasətə təsiri kontekstində araşdıran A.Frankesçet qlobal idarəetmə siyasətinin dörd paradiqmasını müəyyən edir: • “İslahat etikası – dövlət sistemlərini liberallaşdırılmaq və sivilləşdirmək; • məsuliyyətli idarəetmə etikası – qlobal bazis üzərində adekvat idarəetməni həyata keçirmək; • kosmopolitan cəmiyyət etikası – ayrı-ayrı dövlətlərin və qrupların maraqlarından daha yüksək olan bəşəriyyətin maraqları istiqamətində idarəetmə sistemini yaratmaq; • tənqid etikası – qlobal idarəetmənin hökmranlıq, dominantlıq və ya pis idarəetmə xəttindən döndərilməsi üçün onu transformasiyaya uğratmaq və ona yeni meydan vermək məqsədini güdür” [5, s.4].

Göründüyü kimi, etik-humanitar meyar və prinsiplər üzrə qlobal idarəetmə siyasətinin yenidən qurulması bu sahədə çox ciddi dəyişikliklərin baş verməsini nəzərdə tutur. Qlobal idarəetmənin reformasiya layihəsinin perspektivində onun siyasi və humanitar münasibətlərin konvergensiyasını daha mükəmməl əsaslarda özünə tətbiq etmək zərurəti dayanır.

Fikrimizcə, qlobal idarəetmə strategiyasında humanitar siyasətin optimal qurulması qanunauyğunluğu aşağıdakı istiqamətlər və parametrlər üzrə aydın görünür:

  1. Siyasi-humanitar konseptualizmin əsaslandırılması. Qlobal idarəetmə strategiyasının hazırlanması prosesində elə bir konseptual istiqamət götürülməlidir ki, burada bəşəriyyətin universal həyati tələblərinə zidd olan siyasi fəaliyyət qəbuledilməz sayılır. Beynəlxalq həyatın fundamental prinsipi –insanlığa xidmət edən humanist siyasətin yeridilməsi olmalıdır.
  2. Qlobal məkanda suveren subyektlərin sağlam rəqabət və əməkdaşlıq mühitinin yaradılması, suveren dövlət statusunun qlobal idarəetmə fenomeni ilə ziddiyyətə gətirilməməsi.
    “Suverenlik” (suveren dövlətçilik) və “qlobal idarəetmə” nəzəri baxımdan bir-birinə antaqonist anlayışlar kimi görünsə də, müasir dünyanın siyasi sistemi elə quruluş tapmışdır ki, onların bir-birini yaşatması zərurətə çevrilmişdir: “Suverenlik və qlobal idarəetmə bir-birini təşkil edir” [11, s.33]. Sağlam humanitar siyasətin yeridilməsi onların ikisini də vahid strategiyada birləşdirməyə və qlobal əməkdaşlıq məkanında birgə hərəkət etməyə yönəldir: “Suverenlik qlobal idarəetmənin elə bir inteqral hissəsidir ki, onsuz qlobal idarəetmə mahiyyətcə tamam başqa cür olardı” [11, s.33].
  3. Qlobal vətəndaş cəmiyyətinin liberalizm mövqeyinin güclənməsi.
    Qlobal vətəndaş cəmiyyətinin planet miqyasında genişlənməsi prosesi qlobal demokratik islahatları beynəlxalq sistemin idarə edilməsinin aparıcı tendensiyasına çevirir. Burada humanitar siyasət liberallaşan və demokratikləşən dünya cəmiyyətinin universal siyasi texnologiyalarını yaradır və istifadə edir: “Vətəndaş cəmiyyəti aktorlarının fəaliyyəti və davranışlarının qlobal idarəetməyə gətirilməsi hazırda müasir liberalizm kontekstində mövcud olan iqtisadi ədalət və sülhün mümkünlüyü haqqında humanitar düşüncənin mütəhərrikliyini və eyni zamanda yüksəlişini göstərir” [10, s.50].
  4. BMT islahatlarının qlobal demokratik idarəetmə siyasəti platformasında təyinatlanması.
    Bu istiqamətdə müəyyən olunan əsas humanitar strategiya – beynəlxalq təşkilatlanma prosesinin demokratikləşmə prosesi ilə sintezdə davam etdirilməsidir: “BMT-nin demokratikləşməsi hər bir ayrıca ölkənin demokratikləşməsinə paralel olaraq aparılmalıdır”. Bu fikrin müəllifləri D.Arçibugi və R.Marçettinin qeyd etdiyi kimi, “demokratik etika” BMT islahatlarının əsasını təşkil etməlidir [4, s.65-66].
  5. Demokratiyanın dəstəklənməsi siyasətinin qlobal hegemonluq və dövlət separatizmi tendensiyalarında əridilməməsi.
    Qlobal idarəetmənin humanitar siyasətinə görə, demokratiyanın dəstəklənməsi bəhanəsi ilə dünya hegemonluğu doktrinasının yeridilməsi praktikası və buna “alternativ yol” kimi dövlət suverenliyi bəhanəsi ilə avtoritar rejimlərin antidemokratik kurs götürməsi praktikası beynəlxalq sistemin inkişafına eyni dərəcədə əngəl törədən iki başlıca ifrat haldır. Bu iki ifrat tendensiyaya qarşı beynəlxalq birlik qlobal demokratizmin siyasi-humanitar etikasını təşəkkül etdirməlidir: “Demokratiyanın dəstəklənməsi etik praktika olmalıdır. Demokratiyanın dəstəklənməsi xalqların həyatına təsir edən qərarlar üzərində həmin xalqların daha effektli nəzarətini təcrübəyə gətirmək imkanlarını və bacarığını ortaya qoymalıdır” [7, s.83]. Qlobal idarəetmənin humanitar siyasəti – demokratiyanın həqiqi inkişaf tendensiyasının ondan sui-istifadə edilməsi və ya onun psevdodemokratiyaya döndərilməsi tendensiyalarından kəskin şəkildə fərqləndirilərək, qətiyyətli və əsaslandırılmış rasional mövqe kimi dəstəklənməsini tələb edir.
  6. Humanitarianizm və güc tətbiqi siyasətinin etik motivasiyası.
    Humanitar müdaxilə və güc tətbiqi də demokratiya kimi beynəlxalq siyasəti öz mənafeyinə tabe etmək istəyən qüvvələrin əlində bir vasitəyə çevrilə bilir. Buna görə də dövlətdaxili və qlobal idarəetmənin humanitarianizm baxımından təkmilləşdirilməsi [9, s.101] beynəlxalq normaların tətbiqində elə effektli nizam yaradılmasına kömək etməlidir ki, hər hansı bir qüdrətli dövlət humanitar müdaxilə və güc tətbiqindən öz siyasi məqsədlərinin aləti qismində istifadə edə bilməsin.
  7. Qlobal təhlükəsizliyin idarə olunması.
    Soyuq müharibədən sonra da qlobal təhlükəsizliyin qorunması sahəsində yaranmış çətinliklər, xüsusilə “humanitar müdaxilə böhranları” və güc tətbiqi siyasətinin əksər hallarda uğursuzluğu, onların növbəti gərginliklərə yol açması bir daha sübut edir ki, qlobal təhlükəsizlik siyasəti beynəlxalq münasibətlərin hazırkı mərhələsində “insan təhlükəsizliyi siyasəti ilə” [15, s.106] qovuşaraq onunla birgə hərəkət etməklə, mövcud böhran və uğursuzluqları dəf edə və qlobal idarəetmənin təhlükəsizlik zəmanətini həyata keçirə bilər.
  8. Qlobal iqtisadiyyatın idarə olunması.
    “Qlobal iqtisadi idarəetmənin humanitar siyasəti” anlayışı artıq elmi terminologiyada möhkəmlənir. Bu sahədə tədqiqat aparan mütəxəssislər dünya inkişafında yeni qlobal etik və iqtisadi eranın başladığını və ya onun başlamasının zəruri olduğunu qeyd edirlər. Çünki qloballaşan iqtisadi nizam, humanitar qlobal nizam, etik dünyanın yaradılması uğrunda mübarizənin ümumdünya strategiyası dünya kapitalının maksimal həddə artması fonunda bəşəriyyətin “universal bəlası” kimi xarakterizə edilən kasıblığın getdikcə dərinləşməsi faktının yaratdığı disharmoniya qarşısında öz oriyentirlərini düzgün müəyyən etmək üçün iqtisadi idarəetmə praktikasında humanitar siyasətin həyata keçirilməsini təmin etməlidir.
  9. Qlobal ekoloji konsensusun əldə edilməsi.
    Qlobal idarəetmə sistemində ekoloji proseslərin də idarə olunması mühüm yer tutur. Ekologiya üzrə beynəlxalq konsensusun əldə edilməsi həmin sahəyə etik-humanitar münasibətin qloballaşması və rasionallaşması nəticəsində baş verir. Varlığın insan və təbiət başlanğıcı qlobal ekoloji təfəkkürdə öz vəhdətini tapır: “Ekoloji etikanın antroposentrik və biosentrik versiyaları qlobal idarəetməyə birbaşa bağlı olan” [12, s.147] beynəlxalq humanitar təşəbbüslərdə özünün sintez həllinə yaxınlaşır. Planetmiqyaslı ekoloji konsensus strategiyasının davam etdirilməsi istiqamətində səylərin artaraq beynəlxalq qanunlarda öz təsbitini tapması qlobal siyasi humanitarizmin ən mühüm nailiyyətləri kimi dəyərləndirilir.
  10. Dünya birliyində qlobal məsuliyyətin humanitarist platformasının yaradılması.
    Qlobal idarəetmə nəzəriyyəsində dünya inkişafının ümumi qanunauyğunluqlarının diqqətlə öyrənilməsi bu həqiqəti aşkar edir ki, iqtisadi, siyasi və etik-mədəni qloballaşma prosesləri qarşılıqlı münasibətlərin ümumi məcrasında baş verir. Deməli, dünya birliyinin təşəkkülünə doğru aparan bu konvergent proses özünə adekvat olan qlobal məsuliyyətin humanitarist platformasının da yaradılmasını tələb edir. Beynəlxalq humanitar siyasətin qlobal idarəetmənin məsuliyyəti kontekstində dərinləşməsi [14, s.162-165] artıq ayrı-ayrı dövlətlərin birtərəfli qaydada həmin siyasəti öz nəzarətində saxlayaraq səmtləndirməsi kimi deyil, bütövlükdə bəşəriyyətin inteqral mövqeyi kimi müəyyənləşir. Qlobal idarəetmə strategiyasında humanitar siyasətin göstərilən parametrlər üzrə funksionallaşması və onun beynəlxalq siyasi praktikanı dəyişdirən və yeniləşdirən keyfiyyətlər əldə etməsi bəşəriyyətin tarixi həyatında o yeni mərhələnin startı ola bilər ki, buradakı hər hansı bir antihumanist və amoralist akt beynəlxalq qanunlar qarşısında birmənalı şəkildə dünya birliyinin iradəsinin ziddinə olan hərəkət kimi qiymətləndirilsin və universal siyasi praqmatika qlobal inkişaf strategiyasının məqsədlərini yalnız insanlığın tərəqqisi perspektivinə hesablasın.

Ədəbiyyat

1. Məcidli F. Dünyanın vahid mərkəzdən idarə olunması problemi və birqütblü dünya modeli // Fəlsəfə və sosial-siyasi elmlər, 2010, №1(29), s.97-107
2. Бжезинский З. Великая шахматная доска. Господство Америки и его геостратегические императивы. М.: Международ. отношения, 2002
3. Мамед-заде И.Р. Введение в этику. Баку: Муаллим нешриййаты, 2004
4. Archibugi D., Marchetti R. Democratic Ethics and UN Reform / The Ethics of Global Governance. Ed. by Franceschet A. Boulder, London: Lynne Rienner Publishers, 2009, p.51-66
5. Franceschet A. Ethics, Politics, and Global Governance / The Ethics of Global Governance. Ed. by Franceschet A. Boulder, London: Lynne Rienner Publishers, 2009, p.1-20
6. Frost M. Ethics in International Relations. A Constitutive Theory. Cambridge University Press, 2001
7. Keating T. The Ethical Limits of Democracy Promotion / The Ethics of Global Governance. Ed. by Franceschet A. Boulder, London: Lynne Rienner Publishers, 2009, p.67-83
8. Keohane R.O. Reciprocity in International Relations / Ethics and International Relations. Ed. by Kapstein E.B, Rosental J.H. Ashgate, 2009, p.143-169
9. Lu C. Humanitarianism and the Use of Force / The Ethics of Global Governance. Ed. by Franceschet A. Boulder, London: Lynne Rienner Publishers, 2009, p.85-101
10. Lynch C. Liberalism and the Contradictions of Global Civil Society / The Ethics of Global Governance. Ed. by Franceschet A. Boulder, London: Lynne Rienner Publishers, 2009, p.35-50
11. Makinda S.M. Contesting Sovereignty / The Ethics of Global Governance. Ed. by Franceschet A. Boulder, London: Lynne Rienner Publishers, 2009, p.21-34
12. Matthew R., Goldsworthy H., McDonald B. Environmental Ethics / The Ethics of Global Governance. Ed. by Franceschet A. Boulder, London: Lynne Rienner Publishers, 2009, p.141-15
13. Murphy C.N. Global Governance: Poorly Done and Poorly Understood // International Affairs, 2000, No. 76(4), p.789-803
14. Murphy C.N. Power and Responsibility in the Global Community / The Ethics of Global Governance. Ed. by Franceschet A. Boulder, London: Lynne Rienner Publishers, 2009, p.159-16
15. Robinson F. Feminist Ethics and Global Security Governance / The Ethics of Global Governance. Ed. by Franceschet A. Boulder, London: Lynne Rienner Publishers, 2009, p.103-118
16. The Ethics of Global Governance. Ed. by Franceschet A. Boulder, London: Lynne Rienner Publishers, 2009

Специфика гуманитарной политики в стратегии глобального управления

Не вызывает никаких сомнений тот факт, что все прошлые и нынешние выдающиеся политические успехи в направлении развития мирового сообщества являются следствием именно предварительной целенаправленной в гуманитарном аспекте и рациональной в научно-теоретическом аспекте организации глобального политического мышления. И проблема единства гуманистического и политического начал в стратегии глобального управления актуализируется необходимостью нового подхода к этой дихотомии в соответствии с универсальными закономерностями современного мира. В целом, гуманитаризм и политика как специфические сферы человеческой жизни обретают в формате глобального управления и его стратегии новую конфигурацию. Причины, порождающие противоречия между гуманитарной этикой и политикой, бывают связаны с тем, что порою одна из них бывает обращена в прошлое, а другая - в будущее (причем имеет значение сам характер обращенности) и что одна из них не может проникнуть в сферы движения и времени другой. Стало быть, при наличии согласованности в координатах (1) стратегических целей, (2) времени и (3) пространства политика и гуманистическая мораль могут действовать сообща.

Specificity of Humanitarian Politics in the Global Governance Strategy

All important political attainments in the direction of development of world community has been achieved as a result of exact, purposeful and rational organization of global political thought from the moral, humanist and scientific-theoretical point of view. Problem of humanitarism in the global governance strategy becomes topical with the necessity of new approach to this dichotomy according to the universal rules of the modern world. In general as the specific fields of human activity humanitarism and politics form new configuration in the format of global governance and its strategy. The main reasons causing contradiction between humanitarian ethics and politics are sometimes related to look to the past by one and to the future by another and to non-intervention in the sphere of time and activity of each other. So, humanistic politics and morality can move together in case of coherence in the coordinates of (1) strategic goal, (2) time and (3) space.