Bəşər sivilizasiyasının inkişaf tarixi – həm də onun planet üzərindəki mövcudluğunun getdikcə qlobal siyasi-mədəni məkana çevrilməsi tarixidir. Sivilizasiyaların tarixi təkamülü prosesində onların qarşılıqlı münasibətlərinin spontan şəkildə dərinləşməsi həmişə ziddiyyətlər, qarşıdurmalar, qütbləşmələrlə müşayiət olunsa da, ən müxtəlif sahələrdə qarşılıqlı anlaşmanın, ideya-dəyər mübadiləsinin getdikcə təkmilləşən praktikasını meydana gətirmişdir. İnsanların, onların yaratdığı cəmiyyətlərin, dövlətlərin mübadilə mədəniyyəti genişləndikcə, qarşılıqlı münasibətlərin daha effektli şəkildə qurulması zərurəti meydana çıxmışdır. Xalqlar və dövlətlər sosial, mədəni, dini, ideoloji, siyasi həyatın müxtəlif forma və rejimlərində yaşasalar da, bu fərqlilik hətta onları bəzən uzun müddət əks mövqelərdə dayandırsa da, qarşı tərəflə ünsiyyət yaradılmasına, onun öyrənilməsinə ehtiyac həmişə hiss olunmuşdur. Onlar özlərinin həyat tərzindəki və tarixi inkişafındakı oxşarlığı və fərqliliyi gördükcə, bir-birilərini tərəf-müqabil kimi mənimsədikcə, müxtəlif və müştərək sivilizasiya dəyərlərinin birlikdə yaradıcısı olduqlarını qəbul etməyə başlamışlar. Fərqlilik bütün dövrlərdə eyniyyət qədər maraq doğurmuşdur. Müxtəlifliyin vəhdəti ideyasını fəlsəfi düşüncəyə məhz insanlararası münasibətlərin bu tarixi dramatizmi gətirmişdir.
İnsanın fəlsəfi dünyagörüşü mənəvi-əxlaqi və sosial-siyasi praktika ilə zənginləşmə prosesində individual sferadan universal sferaya, mikrokosmdan makrokosma doğru böyümə tempinə və təkamül fazalarına uyğun olaraq modelləşir. Dünyanı vəhdət qanunauyğunluğunda görən bu dünyagörüşünün hətta ilkin antik qənaətləri sonrakı dövrlərdə ictimai-siyasi düşüncəyə yeni keyfiyyətdə daxil olaraq onu hərəkətə gətirir. Dünyanın kosmopolis kimi modelləşdirilməsi də antik və klassik fəlsəfənin universalist axtarışlarının davamlı və məntiqli nəticəsidir.
Mədəniyyət tarixinin universal fenomeni kimi dəyərləndirilən İntibah dövrünün fransız filosofu M.Monten Sokratın – “Haralısan?” sualına “Afinadanam” yox, “Kainatdanam” cavabını [7, s.605], XX əsrin Amerika filosofu M.C.Nisbaum isə Diogenin eyni suala “Mən dünya vətəndaşıyam” cavabını [22, s.373] misal gətirərək göstərir, ki bu oxşar cavablarda ifadə olunan “dünya vətəndaşlığı” (“kosmou polites”) ideyasının əsas paradiqması Şərq və Qərb mədəniyyətlərinin inkişafının müəyyən dövrlərində vaxtaşırı bu və ya digər təzahür formalarında yenidən meydana çıxır.
Həmin paradiqma “ümumdünya vəhdəti” ideyasında özünün klassik fəlsəfi formulunu alır. “Ümumbəşəri özünüdərkin və ictimai təşkilatlanmanın alternativ modelləri kimi” [1, s.165] Şərq və Qərb sivilizasiyalarının identiklik qazanmaqla bir-birinə doğru can atması dünya inkişafının qanunauyğun prosesi olaraq baş verir. “Ümumbəşəri vəhdət” ideyası Şərq mədəniyyət düşüncəsinin daha çox fəlsəfi metaforalarında, Qərb mədəniyyət düşüncəsininsə sonradan tətbiq mərhələsinə keçməyə istiqamətlənən rasional konsepsiyalarında öz əksini tapır. Vəhdət fəlsəfəsinin ilahi substansiyadan başlayıb insan mənəviyyatında tamamlanan kamilləşmə yolunu böyük əxlaqın formalaşması kimi təsdiq edən İbn Ərəbi bəyan edir: “İnsanlar cürbəcür etiqadlar yaratmışlar, mənsə onları nəzərimdə vəhdətə gətirirəm” [9, s.32]. Böyük mütəfəkkir Cəlaləddin Rumi də kamil insan mənəviyyatında birləşən yolları belə görürdü: “And olsun Allaha ki, mən bütün etiqadlardan və təriqətlərdənəm” [21].
“Mən Kainatdanam”, “Mən dünya vətəndaşıyam” universalizmi Yeni Dövrün Şərq və Qərb mədəniyyətlərində bu ideyanın yayılmasının praktiki təşəbbüsləri və dolğun fəlsəfi metaforaları ilə təqdim olunur. Dünya dinlərini birləşdirmək istəyən Ş.Ramakrişnanın ardınca S.Vivekananda insanlara müraciət edərək deyir: “Kainat – elə Sizsiniz!” [6, s.455]. P.T.Şarden də “İnsan – həm Kosmos, həm də onun elementidir” deyərək, “Gələcəyin Universumu – omeqa nöqtəsində yalnız fövqəlinsan ola bilər” [11, s.373] – qənaətinə gəlir. Şərq və Qərbin “mədəni sintezi” üzərində düşünən G.V.F.Hegel belə hesab edirdi ki, ümumdünya tarixi Şərqdən Qərbə doğru hərəkət edir. Qeyd edək ki, İ.Kepler və İ.Q.Herderdən başlayaraq, ümumdünya harmoniyası, ümumdünya tarixinin bütövlüyü ideyası sonradan Şərq və Qərb münasibətlərinə daha fundamental yanaşmaları meydana gətirmişdir. İ.V.Höte artıq Şərq və Qərbi əks qütblərdə dayanan mədəniyyət fenomenləri kimi deyil, bir-birini qidalandıran sivilizasiya məkanları kimi interpretasiya edirdi. Höteyə görə, dünya sivilizasiyasının Şərq və Qərb başlanğıcı qanunauyğun şəkildə bir-birinə doğru hərəkət edir ki, bu istiqamətdə də “dünyanın mədəni-siyasi vəhdəti” prosesi daim gedəcək və qarşısıalınmaz olacaq. Ayrı-ayrı sivilizasiyaların tarix ərzində yaratdığı dəyərlər bütün bəşəriyyətə məxsusdur. Universal tarixi məkanda və vəhdət ideyasının planetar dərkinin gerçəkləşməsi prosesində insan xüsusi humanitar missiya ilə çıxış edir. Alman filosofu Yaspers yazır: “Bəşəriyyətin vəhdəti öz parlaq ifadəsini bu faktda tapır ki, yer kürəsinin hər məkanında dini təsəvvürlərin, təfəkkür formalarının, ictimai həyatın üsul və görünüşlərinin yaxınlığı meydana çıxır. Ümumbəşəriliyin əsası... – bəşəriyyətin vahid tarixiliyinin ayrılmaz həlqələrindəki bütövlükdən ibarətdir” [13, s.258].
Beləliklə, bəşəriyyətin getdikcə yaxınlaşaraq bütövləşməsini dünya tarixinin məqsədyönlü inkişafı kimi şərh edən pozitiv və proqressiv yanaşma “bütün kainat və kosmos – insan yurdudur” [8, s.9] paradiqmasını antik zamanlardan qlobal konfliktlərin səngimədiyi müasir dövrümüzə qədər cilalayaraq inkişaf etdirmişdir. Buna görə də, təbii ki, bu humanist mövqe xalqları və dövlətləri vahid imperiya daxilində birləşdirməyin tarixən mövcud olmuş davamlı iddiaları və təşəbbüsləri ilə toqquşur. Təsadüfi deyil ki, XX əsrdə baş vermiş iki dünya müharibəsi də mahiyyətcə imperialist müharibələr idi və onlara siyasi və fəlsəfi əsaslar tapanlar da var idi: “Bütün yer kürəsinə hakimlik uğrunda mübarizə zora əsaslanan ümumdünya monopoliyasının ilkin şərtləri kimi” guya “bütün planetdə sülhün əldə edilməsinə kömək edir” [12, c.2, s.325]. Həmin müharibələrin aralıq dövründə – otuzuncu illərdə Türkiyə Respublikasının prezidenti Mustafa Kamal Atatürk, əslində, dünyanın savaşla deyil, barışla birləşə bilməsinin təkzibedilməz məntiqini dəqiq ifadə edir: “İnsanları xoşbəxt edəcəyəm deyə onları bir-birinə qırdırmaq – insanlıqdan uzaq və son dərəcə üzüntülü bir sistemdir. İnsanları xoşbəxt edəcək bir vasitə, onları bir-birinə yaxınlaşdıraraq, bir-birilərini sevdirərək, qarşılıqlı maddi və mənəvi ehtiyaclarını təmin etməyə qadir olan hərəkət və enerjidir. Dünya sülhü içərisində insanlığın gerçək xoşbəxtliyi yalnız bu yüksək idealı yaşadanların çoxalması və müvəffəq olması ilə mümkün olacaqdır” [5, s.380]. Dünyanın vəhdət qanunauyğunluğunda dərk edilməsinin bu paradiqması siyasətdə – dünya birliyi, mənəviyyatda isə – “ümumdünya əxlaq qanunu” [4, s.97-99] ideyalarına real stimul verir.
Planet üzərində həyatın təkamülünün təbii-məntiqi nəticəsi olaraq meydana çıxan, XX əsrin ortalarından başlayaraq dünya inkişafının əsas tendensiyasına çevrilən qloballaşma həmin vəhdət qanunauyğunluğunu öz mahiyyətində artıq sistemli şəkildə təzahür etdirir. Qloballaşma ümumdünya inteqrasiya proseslərini gücləndirərək, müxtəlif siyasi, iqtisadi, mədəni sistemləri bir-birinə yaxınlaşdırır, insan fəaliyyətinin tarixdə indiyədək görünməmiş universal formalarını, münasibətlərin, rəqabət və əməkdaşlığın yeni şərtlərini meydana gətirir. Siyasi, iqtisadi və mədəni həyatın qloballaşması ayrı-ayrı sivilizasiyalara mənsub insanların mənəviyyatında, sosio-psixologiyasında dəyişikliklər yaradır. Çevik sosial-siyasi sistemlər hadisələrin dinamikasına uyğunlaşaraq və ona reaksiya verərək, fəaliyyətin daha optimal variantlarını hərəkətə gətirə bilir, mühafizəkar sistemlərsə, donub qalır və haçansa çevik-mübariz sistemlərin iradə və diktəsinə məruz qalırlar. Əslində, müasir dünya daim hərəkətdə olan çevik-mütəhərrik sistemlərlə donuq mühafizəkar sistemlərin mübarizə meydanına çevrilir. Qloballaşmanın bu stixiyası insanların, müxtəlif dünyagörüşlü cəmiyyətlərin mənəvi-əxlaqi həyatında həmin universallaşma proseslərinə fərqli refleksiyalar doğurur.
Eyni-zamanda, beynəlxalq həyatın bütün sahələri vahid informasiya məkanında şəbəkələndiyindən, burada baş verən bütün hadisələr planetin hər yerində dərhal əks-səda doğura bilir. Beynəlxalq sistemin bütün subyektlərinin sıx bağlılığı onların fəaliyyətinin yeni miqyaslı formalarını təşəkkül etdirir. Müxtəlif sivilizasiyalar, dövlətlər və cəmiyyətlər özlərinin həm klassik, həm də modern dəyərləri ilə müasir dünya quruculuğunun avanqardı olmağa çalışırlar. Buna görə də dərin köklərə malik olan mədəniyyətlər öz identikliyini itirmədən bu qlobal sistemdə qərarlaşmağı özlərinin mənəvi borcu sayırlar. Beləliklə, milli dəyərlərlə ümumbəşəri dəyərlərin, milli humanitar sistemlə qlobal humanitar sistemin təbii, lakin asan olmayan sintezi prosesi baş verir. Bu səbəbdən də müasir siyasi-mədəni, sosial-fəlsəfi düşüncədə, elmi-tədqiqat axtarışlarında, qlobal inkişafın perspektivlərinin modelləşdirilməsində universalist konsepsiyalara stimul verən “dünya vətəndaşlığı” (“kosmou polites”) kosmopolit ideyası özünün müxtəlif səviyyəli, miqyaslı və məqsədli təzahürləri ilə aktuallaşır. Kosmopolitizmin öyrənilməsi, fikrimizcə, onun iki tipini fərqləndirməyi zəruri edir: (1) realist kosmopolitizm, (2) utopist kosmopolitizm. Birinci konsepsiya – dünya dövlətləri və xalqlarının öz suverenliyini itirmədən dünya birliyini yaratması və bu birliyin yüksək beynəlxalq statusda təsisatlandırılması ideyasını daşıyırsa, ikinci konsepsiya – milli və dövləti sərhədlər tanımayan “dünya vətəndaşlığının” utopist təsəvvürlərinin cəmindən ibarətdir. Birinci konsepsiya – beynəlxalq sistemi təkamül etdirərək modernləşdirmək məramında olan qlobal siyasi liberalizmin, ikinci konsepsiya – köksüz kosmopolitançılıq cərəyanlarını dəstəkləməklə, məqsədəyönlü siyasi oriyentasiyası olmayan və ya əksinə, milli dövlətçilik ənənələrini bilərəkdən dağıdaraq, “kosmopolit ruhlu” bir utopist cəmiyyətdə “mərkəzləşmə” doktrinasının hədəfidir. Bu doktrina daha çox bütün dünyanı, onun siyasi-milli subyektlərini müxtəlif “humanitar” aksiyalarla ideologiyasızlaşdırmaq və unifikasiyalaşdırmaq istəyən müasir neoimperializmin mühafizəkar məqsədlərinə xidmətə istiqamətlənmişdir.
Kosmopolitizm diskursunda bir həssas məqama xüsusi diqqət yetirmək gərəkdir. Belə ki, kosmopolit başlanğıcın milli başlanğıcla antaqonist olması fikri illüziyadır və ya nəzəri antinomiyanın nəticəsidir. “Ümumbəşərilik” ideyasını daşıyan kosmopolitizm, mahiyyətcə “millilik” ideyasına əsaslanan dövlətçiliklə ziddiyyətə gələ bilməz. Milli mədəniyyət və dövlət dünya birliyində təmsil olunmaq idealından imtina edə bilməz. Öz xalqına, mədəni köklərinə bağlı olan insan isə dünya mədəniyyətinin ümumbəşəri dəyərlərini inkar və ondan imtina edə bilməz. Əksinə, dünya sivilizasiyalarının bütün inkişaf mərhələlərində, xüsusilə indiki qloballaşma dövründə millilik və bəşərilik (kosmopolitizm) bir-birini qidalandırmış və irəli hərəkət etdirmişlər. Dünyanın orqanik siyasi-antropoloji sistem kimi inkişafının başlıca şərti – onun vəhdətindədir. Xüsusilə mütərəqqi milli intellektual elita öz mədəniyyəti ilə dünya mədəniyyəti arasında, öz dövləti ilə dünya dövlətləri və beynəlxalq qurumlar arasında yaradıcı münasibətlərin, faydalı əməkdaşlığın, getdikcə dərinləşən vəhdətin əsasını qoyur və inkişaf etdirir. Bu baxımdan bizim üçün önəmlidir ki, qloballaşmanın indiki mərhələsində Azərbaycan Respublikası da tarixən belə bir ənənəyə sahib olan dövlət kimi dünya birliyində özünəməxsus rola malikdir [3, s.285].
Kosmopolitizmi patriotizmlə müqayisədə (həm də də humanitar fikrin təkamülü müstəvisində) təhlil edən amerikalı tədqiqatçı M.C.Nisbaum “dünya vətəndaşlığı” (“kosmou polites”) ideyasının dörd arqumentini irəli sürür:
J.Qraham isə göstərir ki, kosmopolitizm həm bir dövlət nümunəsində, həm də beynəlxalq sistemdə siyasi və humanitar prinsiplərin pluralizmini təmin edən və bununla da dünyada demokratik hərəkatı gücləndirən bir tendensiyadır. Buna görə də “kosmopolitan əxlaq” universalist-birləşdirici bir mövqe kimi dəstəklənməlidir [18, s.190-195].
Müasir beynəlxalq sistemin daha da inkişaf etdirilməsi və qlobal siyasi məkanda beynəlxalq humanitar fəaliyyətlərin intensivləşməsi üçün zəruri olan ideyaların konseptual tutumda təqdimini İmmanuil Kantın fəlsəfi yaradıcılığında görürük. Böyük alman filosofu “insanlıq təməli” üzərində qərarlaşmalı olan “respublika quruluşlu dövlətlərin sülhpərvər federasiyası” ideyasının həyata keçməsini (“etik kosmopolis”) məhz ümumbəşəri siyasi-mədəni məkanın mükəmməl yaradılması şərtləri ilə bağlayır və göstərir ki, dünyanın təkamül tarixi “kosmopolitan cəmiyyətin reallaşmasına”, “etik-kosmopolitan dünya birliyinin” təşəkkülünə və nəhayət, “kosmopolitan beynəlxalq institutların” təsis edilməsinə doğru gedir [28, c.6, s.94, 97-98; 29, c.7, s.92-93; 30, c.8, s.358, 375-376;]. Müasir tarixi şəraitin məntiqinə uyğun olaraq Avropa İttifaqının, BMT-nin və bir sıra beynəlxalq təşkilatların, beynəlxalq hüquq sisteminin yaradılması timsalında və bu prosesin dönməz xarakter daşımasına əminliklə demək olar ki, Kant idealları nə qədər çətin olsa da, hətta zaman-zaman neoimperializm təhdidləri ilə üzbəüz qalsa da, həyata keçməkdədir.
Dünyanın vahid qlobal siyasi-antropoloji sistem kimi formalaşması probleminə H.Arendt, J.Delez, M.Valzer, Ç.Beytz və Y.Habermasın müəyyən aspektlərdən oxşar, müəyyən aspektlərdənsə fərqli yanaşması diqqəti cəlb edir.
H.Arendt İkinci Dünya müharibəsindən sonra, Kant layihəsinə uyğun olaraq, “kosmopolitan siyasi formalara” keçidin və dünya birliyinin “federallaşmalı olan strukturunun” yaradılması zərurətini əsaslandırmağa çalışır. H.Arendtin ontoloji qənaətinə görə, “insan varlığının kosmopolitan mövcudluğu” onu “dünya birliyinin üzvü” edir [15, s.75-76] və bu proses daimi olaraq qlobal siyasi struktura proyeksiya olunur: deməli, ayrı-ayrı milli dövlətlərin maraqlarına tabe etdirilən və buna görə də ardıcıl müharibələrdən yaxa qurtara bilməyən Avropanı “pan-millətçilik əsarətindən” yalnız elə onun özünün “Pan-Avropa identikliyi” xilas edə bilər [14]. Lakin onun “dünya vətəndaşlığının institutlaşdırılması” konsepsiyasındakı bəzi fikirləri haqlı tənqidlərə məruz qalır [23, s.79]. Filosof belə düşünür ki, “ öz təməllərini itirən milli dövlət artıq yeriyən tabut şəklini alır...” [14, s.143]; “Kim ki, öz ölkəsinin vətəndaşıdır – o, dünya vətəndaşı ola bilməz” [16, s.81]. Həqiqət isə bu paradiqmanın tam əksidir: Yalnız öz ölkəsinin vətəndaşı – dünya vətəndaşı ola bilər. Başqa bir Qərb intellektualı J.Delez də təxminən belə baxışlarına – “suveren dövlətlərin olmadığı dünyanın” mümkünlüyü (“dövlətlərsiz dünya”) fikrinə görə tənqid edilir [27, s.119-120]. Bununla belə, dünya siyasətində qloballaşdırıcı amillərə diqqətin yönəldilməsi, milli dövlətçiliyin mütləqləşdirilməsindən imtinanın dəstəklənməsi baxımından J.Delezin yaradıcılığında pozitiv məqamlar da diqqətəlayiqdir.
Siyasət və humanitariyanın sintezi istiqamətində özünəməxsus konsepsiyalarla çıxış edən M.Valzer və Ç.Beytz qlobal siyasi məkanın nəzəri panoramının düşünülməsində də orijinal fikir irəli sürürlər. Hər iki filosof üçün humanitar etika – qlobal məkanda başqaları ilə birlikdə yaşamağın daha optimal münasibətlərin qurulması şəklində təşkilini mümkün edən praktiki biliklərin sistemidir. Əgər qlobal siyasi məkanın subyektləri arasında humanitar münasibətlər düzgün qurulmasa, onları münaqişələrə gətirən səbəblər spontan şəkildə həmişə baş qaldıracaq.
M.Valzerin kommutarianizm (subyektlərarası əlaqə) nəzəriyyəsinə görə, qlobal siyasi məkanda humanitar etika dövlətlərin öz daxilində mühüm rola malikdir. Ç.Beytzin kosmopolitanizm nəzəriyyəsinə görə, qlobal siyasi məkanda insanların hansı dövlətdə yaşamasından asılı olmayaraq onlar etik məsuliyyət daşıyırlar. M.Valzer dövləti və ya müəyyən siyasi birliyi qlobal siyasi məkanın dominant əxlaqi subyekti sayır. Ç.Beytz isə bəşəriyyətin təmsilçisi olaraq hər bir fərdi (individuumu) həmin məkanın dominant əxlaqi subyekti hesab edir. M.Valzerin fikrincə, insanın sosial-mədəni maraqları, əxlaqi davranış və meylləri dövlət-dünya münasibətləri çərçivəsindədir. Ç.Beytzin fikrincə isə, insanın maraq və təşəbbüslərinin sferası bütün dünyanın özü qədər genişdir [17; 31]. Göründüyü kimi, kommutarian yanaşmada qlobal siyasi məkanın dövlət başlanğıcı, kosmopolitan yanaşmada isə insan başlanğıcı həlledici əhəmiyyət daşıyır. Müasir dünyanın reallığı isə elədir ki, hər iki başlanğıcın vəhdətdə olması dünya quruculuğunun siyasi-humanitar konvergensiyasını şərtləndirir.
Y.Habermas da İ.Kantın “ümumdünya respublikası” layihəsinin reallaşması perspektivində “kosmopolitan dünya nizamı”, “dünya vətəndaşlığı” qanunu, “dünya vətəndaşının statusu” problemləri üzərində düşünür [19, s.3], “dövlət hüququndan dünya vətəndaşının hüququna doğru transformasiyanı” qlobal siyasi-hüquqi məkanın formalaşmasının başlıca şərti kimi dəyərləndirir. Y.Habermas göstərir ki, bu qarşısıalınmaz təkamül prosesini ləngidən və təhrif edən əks-proses – “bütün dünyanı özündə birləşdirmək istəyən hegemonun iddiaları və diktə dilidir”. Y.Habermas ona görə Karl Şmittin ekzistensialist tezisinə qarşı çıxır ki, burada siyasət “dost – düşmən münasibətlərinin ontolojiləşdirilməsi” üzərində qurulur – bu isə məntiqi baxımdan səhv, praktiki nəticəsinə görə təhlükəlidir” [10, s.23-24, ]. Filosof Amerika Birləşmiş Ştatlarının qlobal siyasətini də ona görə tənqid edir ki, özünü Qərb dünyasının bir hissəsi sayan bu dövlət nəinki Qərbin beynəlxalq birliyin möhkəmlənməsinə istiqamətlənən humanist-universal siyasi doktrinasını alt-üst edir, eyni zamanda, bütün dünyada qlobal ziddiyyətlərin determinantına çevrilir. Belə bir siyasi kurs – “köhnə imperiya” ənənələrinin davam etdirməkdən başqa bir şey deyil. Qeyd edək ki, ABŞ-ın neoimperializmə istiqamətlənən siyasəti xüsusilə Soyuq müharibədən sonra həm bu ölkənin özündə, həm Avropada, həm də bütün dünyada getdikcə daha çox tənqid olunmaqdadır. Qlobal siyasətdə “Pax Americana” doktrinasına qarşı dünya birliyinin alternativ mövqeyini ifadə edən və potensialını formalaşdıra bilən “Pax Omnium” doktrinası – “hamı üçün məqbul sülhsevər dünya nizamı” kimi dəyərləndirilir. Bu onu göstərir ki, qlobal siyasi analitika dünyanın öz təbii inkişaf qanunauyğunluqları ilə vahid siyasi-antropoloji sistemə çevrilməsi tendensiyasını onun neoimperializm modelində çərçivələndirlməsi tendensiyasından tamamilə fərqləndirir və qlobal siyasi məkanın struktur əsasını təşkil etməli olan birinci tendensiyanı onun inkişafının başlıca layihəsi hesab edir.
Qlobal siyasi məkan özünün üç əsas xüsusiyyətinin – (1) bütövlüyü, (2) universallığı və (3) dinamikasının vəhdəti ilə əsl mahiyyətini əldə edir.
Qlobal siyasi məkanın bütövlüyü o deməkdir ki, dünyada humanistik münasibətlərlə siyasi münasibətlər arasında bağlılıq və onların bir-birini stimullaşdırması şərti, müəyyən aqnostik mülahizələrə baxmayaraq, qəbul edilir; beynəlxalq həyatın bütün sahələrinin dinamik konvergensiyası buradakı çoxistiqamətli fəaliyyətlərin bütöv sistemini yaradır və bu sistemdə siyasi-iqtisadi maraq və dəyərlərlə mədəni-sivilizasion maraq və dəyərlər qovuşur; ona görə də həmin sistemdəki hər hansı bir subyektin ümumi məqsədlərə zidd olan və ziyan gətirən hərəkətləri (xüsusilə iki ifrat istiqamətdə – mühafizəkar rejimlərin öz mövcudluğunu qoruyub saxlamaq cəhdləri və “supergüc”lərin dominantlıq iddialarından əl çəkməmək arzusu) dərhal beynəlxalq birlik tərəfindən hədəfə alınır. “Beynəlxalq birlik” anlayışı getdikcə daha qlobal miqyasda siyasi və humanitar anlam kəsb edərək öz statusunu və motivasiyasını gücləndirir. Beynəlxalq sistemin struktur bütövlüyünün əldə edilməsinə doğru məqsədəyönlü fəaliyyətlərin birləşməsi məhz siyasi və humanitar rasionalizmin vəhdətdə meydana çıxması ilə baş verir. İndi çox işlənən “sərhədsiz dünya” anlayışı abstrakt mənada deyil, əksinə, sərhədlərlə ayrılan siyasi subyektlərin ənənəvi baryerləri aşaraq bir-biriləri ilə intensiv təmas qurduqları dünyanın öz planetar bütövlüyünü həm fiziki, həm mənəvi, həm də post-geopolitik anlamda dərk etməsi mənasında başa düşülür.
Xalqları və dövlətləri təkcə qlobal bazar iqtisadiyyatı deyil, həm də bu qlobal məkanda onların mənsub olduqları sivilizasiyalar arasındakı mədəni-humanitar münasibətlərin dərinləşməsinə münbit şəraitin yaranması birləşdirir. Beynəlxalq əməkdaşlıq prosesində bilavasitə iştirak edən insanların sıx təması qlobal siyasi məkanın daha qırılmaz sosio-psixoloji bağlılıq müstəvisində bütövləşməsini təmin edir.
Qlobal siyasi məkanın bütövlüyünü şərtləndirən ən böyük amil isə beynəlxalq münasibətlər sisteminin formalaşması və bu sistemin beynəlxalq hüquqla tənzim edilməsi və idarə olunmasıdır. Qlobal siyasətin fəaliyyət istiqamətləri dövlətlər arasındakı münasibətlərin bilavasitə beynəlxalq hüququn qayda və prinsiplərinə uyğun olaraq qurulması prosesində həyata keçirilir. Bu uzlaşma zərurəti daim beynəlxalq birliyin nəzarəti altında baş verir. Ona görə də beynəlxalq qanunlara etinasızlıq dərhal dünya ictimaiyyətinin reaksiyası ilə üzləşir və qlobal arenada düzgün mövqelərin müəyyənləşməsi bu reaksiyadan xeyli dərəcədə asılı olur. Bir sıra müəlliflərin fikrincə, “ədalətli dünya nizamının” yaradılmasını beynəlxalq hüquq təmin etdiyi qədər də, “beynəlxalq etika” tələb edir [17, s.170]. Onların səyinin birləşməsi humanitar siyasətin beynəlxalq sistemin möhkəmlənməsindəki rolunu və çəkisini artırır. Ancaq qeyd etmək lazımdır ki, qlobal siyasi məkanın bütövləşməsi prosesi heç də asan başa gəlmir, müxtəlif ziddiyyətlərin üzə çıxması ilə müşayiət olunur. “Qlobal siyasət”lə “qlobal humanitar etika” və “beynəlxalq humanitar siyasət” anlayışlarının həm nəzəri, həm də praktiki müstəvidə yanaşı qoyularaq, bu problemlərin öyrənilməsində sistemyaradıcı cinahlar kimi konseptuallaşdırılması o deməkdir ki, qlobal siyasi-mədəni məkanın bütövlüyünə nail olunması üçün humanistik əxlaq və siyasətin vəhdətinə göstərilən səylərin daha mükəmməl əsaslarda davam etdirilməsi gərəkdir.
Qlobal siyasi məkanın universallığı – fərqlilik və müxtəlifliklərinə baxmayaraq, planetar siyasi-antropoloji sistemin bütün subyektlərinin ortaq və ümumi olan dəyərləri ərsəyə gətirməsi, yayması və paylaşması prosesində yaranır və inkişaf edir. Universalizm böyük sivilizasiya ənənələrinə malik olan bir fenomendir. Çünki mədəniyyətlər arasındakı tarixi əlaqələr universal dəyərləri cilalayaraq, onları davamlı şəkildə lokal sferalardan qlobal sferalara doğru hərəkət etdirir.
Bu proses qloballaşma dövründə artıq bəşəriyyətin siyasi-iqtisadi, elmi-texnoloji, mədəni-intellektual həyatında, xüsusilə onun planetar özünüdərkində mühüm əhəmiyyəti olan hadisəyə çevrilmişdir. Ona görə də universalizm siyasi, sosial və humanitar elmlərdə geniş diskursa səbəb olur. Universalizmin yalnız unifikasiyalaşdırıcı bir proses olaraq dəyərləndirilməsi onun birtərəfli tənqidinə gətirib çıxarır. Halbuki universalizm təkcə inteqrasiya ilə deyil, həm də diferensiasiya ilə yaranır və eyni zamanda bu prosesləri yaradır. Universalizm qlobalizmin genezisində dayanan bir hadisə kimi, onu daxildən tənzimləyə bilir. Yəni özünün qanunauyğun inkişafı istiqamətində universalizm bəşəriyyətin tarixi həyatını yeni planetar siyasi-antropoloji sistemdə formalaşdıra bilən mühüm proseslərin ayrılmaz komponenti olur.
Universalizm homogen yox, heterogen mənşəli fenomen olduğundan, biz onun yalnız siyasi-mədəni məkan təyinatından bəhs edirik. Çünki bu təyinatında o, dünya inkişafının pozitiv bir istiqaməti kimi özünü doğruldur. Lakin universalizm bu keyfiyyətində də xeyli dərəcədə rəngarəng və genişv spektrlidir. Ona görə də qlobal siyasətin və beynəlxalq münasibətlərin universallaşdırıcı proseslərini təhlil edərkən tədqiqatçılar onun müxtəlif təzahürlərinə diqqət yönəldirlər. Y.Habermas universalizmin siyasi, hüquqi və humanitar aspektlərinə toxunaraq, diqqəti “eqalitar universalizm” (qlobal məkanda subyektlərin bərabərliyini nəzərdə tutan universalizm) üzərində cəmləyir və göstərir ki, o, dövlətlərin beynəlxalq sistemdəki hüquqlarına dair mövqelərini möhkəmləndirən və hətta bütün dünyada siyasi və milli azadlıq hərəkatlarını ümumi mübarizə istiqamətində proqramlaşdıran vasitələrin kompleksinə çevrilir [10, s.97].
Tomas Poqqe beynəlxalq münasibətlər sistemində “əxlaqi universalizm və qlobal iqtisadi ədalət” problemini qaldırır, qlobal siyasətdə “ikili standartlarla yanaşmanın” dünyanı varlı və kasıb, təhlükəsiz, sabit və təhlükəli, qeyri-sabit dixotomiyasına gətirib çıxardığını kəskin tənqid edir. T.Poqqenin “əxlaqi universalizm” konsepsiyası aşağıdakı şərtlərdən çıxış edir:
Müəllifin bu mövqedən problemə yanaşması təsadüfi deyil, çünki həqiqətən qüdrətli dövlətlərin bəzən qlobal sistemin fəaliyyətini öz mənafelərinə “uyğunlaşdırmağa” can atması pozitiv universallaşdırıcı tendensiyaları öz məcrasından çıxarır və dünyada qlobal diskriminasiyaya səbəb olur.
Bikhu Parex qlobal siyasi-mədəni məkanın universallaşması məsələsinə müxtəlifliyin vəhdəti – ayrı-ayrı mədəniyyətlərin və sivilizasiyaların identikliyi ilə qlobal sistemdə strukturlaşması kontekstində baxır və bu qənaətə gəlir ki, universalizm nisbidir: “əxlaqi monizm” sivilizasiyalar və mədəniyyətlər arasındakı nisbi fərqliliyi nəzərə almaqla onların qlobal arxitektonikasını yaradır; mədəniyyətlər və ənənələr beynəlxalq birliyi möhkəmləndirən ən güclü universal mənəvi dayaqlardır [24, s.128-159].
Veronik Pin-Fət “universallıq, etika və qlobal siyasət” problemlərinə həsr etdiyi monoqrafiyasında “həyatın etik-siyasi landşaftında” insanların birlikdə necə – hansı əxlaq və hansı siyasətlə – yaşaya bilməsi üzərində düşünür, “qlobal siyasətdə etika nə deməkdir?” – sualını bir daha aktuallaşdırır. Veronik Pin-Fətin yeni konseptual yanaşmasına görə, universallığın yeni, planetar miqyasda dərk olunması “qlobal siyasətdə etikanın mümkünlüyünü önə çəkir” [25, s.3, 4]. Alim, Lüdviq Vitgenşteynin “dildən dünyaya, faktlar aləminə doğru istiqamətlənən”, “fəlsəfənin özü özünü dərki mərhələsini” başladan linqvistik fəlsəfəsinin [2, s.38-39] nəzəri modellərini “etika və beynəlxalq münasibətlər” koordinatına tətbiq edərək, burada universallığın dil və təfəkkür sistemini necə idarə etdiyini öyrənir, “universallığı – problemlərin həllinin birləşdirici məqamı” kimi müəyyənləşdirir [25, s.30-38]: Universallıq elə bir fenomendir ki, o, “dünya siyasi məkanına etikanın daxil olmasını mümkün və zəruri edir”; “beynəlxalq siyasət özünü əxlaqi dilemmalar qarşısında görür”; “universal humanitar etika” qlobal siyasətin əsas paradiqmasına çevrilir; “kosmopolitan beynəlxalq siyasət və onun prinsipləri formalaşır”; “siyasi müdriklik” əxlaqi müdrikliklə təyin olunur; “milli maraqların universal etikaya transmutasiyası”, “siyasi əxlaqın universallaşması” baş verir [25, s.38, 57, 59, 62, 67]; universal humanitar prinsiplərin mövcudluğunu hətta qlobal siyasətdə milli maraqlardan çıxış edən siyasi realizm tərəfdarları belə etiraf edirlər [20, s.109]. V. Pin-Fət öz monoqrafiyasında H.Morqentau, Ç.Beytz və M.Valzerin siyasi-etik nəzəriyyələrini təhlil edərək onların hər birinin universallıqla bağlı aspektlərinə xüsusi diqqət yetirir. Tədqiqatçı milli maraqlar mövqeyindən çıxış edən H.Morqentaunun konsepsiyasını “ilahi universallıq” (“divine universality”), rasional zəkaya əsaslanan Ç.Beytzin konsepsiyasını “ideal universallıq” (“ideal universality”), ümumbəşəri humanizmə istinad edən M.Valzerin konsepsiyasını “ikili (binar) universallıq” (“binar universality”) [25, s.39-63, 64-84, 85-110] adlandırır. Müəllif, tədqiqatının nəticəsi olaraq, qlobal siyasi-etik məkanda “universallığın nə dərəcədə mümkün olduğunu” dəqiqləşdirməyə çalışır və beynəlxalq münasibətlər sistemində “universalizmi konseptual ideya kimi” [25, s.111-129] təsdiq edir.
Qlobal siyasi məkanın universallaşması prosesində dövlətlərin və cəmiyyətlərin sosial-siyasi strukturunda da ciddi dəyişikliklər baş verir. Beynəlxalq sistemin inkişaf qanunauyğunluğu ilə demokratik respublika quruluşuna malik, universal insan hüquqlarının qorunmasını getdikcə öz prioritetinə çevirən yeni nəsil dünya dövlətlərinin sayı artır və təbii ki, bu ölkələrdə demokratik siyasi baxışlar, fəal həyat səviyyəsi, sosial-mədəni təsisatlar və humanitar fəaliyyətlər də inkişaf edir, beləliklə, beynəlxalq birliyi möhkəmləndirən universallaşdırıcı tendensiyalar güclənir.
Qlobal siyasi məkanın dinamikası – onun bütövlüyü və universallığı amilləri ilə sıx bağlıdır. Təqribən son əlli ildə dünya inkişafının xüsusilə qlobalistikada sistemli şəkildə öyrənilməsi onun dinamikasının aşağıdakı əsas parametrlərini üzə çıxarır:
Qlobal siyasi məkanda planetmiqyaslı dinamizm dövlətlər, cəmiyyətlər və insanlararası münasibətlərin bütün sahələrində əməkdaşlığın həm ənənəvi istiqamətləri üzrə, həm də yeni, indiyədək rastlaşmadığımız tendensiyaları üzrə artır. Son yarım əsrdə dünyada yaranmış yeni müstəqil dövlətlər arasında diplomatik münasibətlər qurulur, beynəlxalq miqyasda əməkdaşlığın əhatə dairəsi artıq bütün yer kürəsini əhatə edir və dinamik sürətlə böyüyür. Siyasət, iqtisadiyyat, mədəniyyət, elm, təhsil, din, təbabət, ekologiya, şəhərləşmə, media və onların konkret sahələri üzrə keçirilən beynəlxalq konfrans, forum və simpoziumlarda dünya inkişafı üçün aktual olan problemlər, xüsusilə humanitar məsələlər müzakirə olunur və onların nəticələri ümumdünya bəyannamələri şəklində yayılır. Beləliklə, qlobal siyasi proseslərin dinamikası ilə dünya birliyinin həmin proseslərə kongenial münasibətinin dinamikasının uzlaşması beynəlxalq sistemin bütün həyatını dəyişdirəcək, təkamül etdirəcək qədər ona yeni imkanlar açır.
Глобальное политическое пространство: eго целостность, универсальность и динамика
Глобальное политическое пространство, формирующееся в современной эпохе с ее неизбежными интеграционными процессами, в единстве трех своих основных особенностей – (1) целостности, (2) универсальности и (3) динамики – проявляет свою истинную сущность: Целостность глобального политического пространства означает, что в мире признается необходимость взаимосвязанности гуманистических взаимоотношений с политическими взаимоотношениями и их взаимное стимулирование; объединение целесообразной деятельности в направлении достижения структурной целостности международной системы происходит именно появлением политического и гуманитарного рационализма в их единстве. Универсальность глобального политического пространства возникает и развивается в процессе созидания, распространения и распределения всеми субъектами глобальной системы совместных и общих ценностей, несмотря на различие и разнообразие. Динамика глобального политического пространства тесно связана с факторами его целостности и универсальности. Приблизительно, за последние 50 лет системное изучение мирового развития, особенно в глобалистике, выявляет основные параметры его динамики.
Global Political Space: Its Integrity, Universality and Dynamics
Global political space being in formation in the modern period in which integration processes are unavoidable finds out its essence with the combination of its three major elements – (1) integrity, (2) universality and (3) dynamics: Integrity of the global political space means that interconnection between humanistic and political relations and conditions of stimulation of these fields each other is accepted; combination of purposeful activities towards achieving the integrity of international system occurs only with emerging of political and humanitarian rationalism together. Universality of global political space – although its difference and variety emerges and develops in the process of creation, dissemination and sharing of common values of all subjects of the global system. Dynamics of global political space is closely related to its integrity and universality factors. Systematic studying of the world development in the last fifty years especially in global studies unearths major parameters of its dynamics.