Türk sivilizasiyası min illər ərzində Mərkəzi Asiyanın özək sivilizasiyası olaraq Uzaq Şərq istiqamətində Çin və yapon sivilizasiyaları ilə, Cənub - Şərq istiqamətində hind sivilizasiyası ilə, Yaxın Şərq istiqamətində islam (başlıca olaraq ərəb və İran) sivilizasiyası ilə, Qərb istiqamətində Avropa və slavyan sivilizasiyaları ilə davamlı münasibətlərdə olmuş, amma tarixən, onların ayrılıqda hər birindən daha çox multikulturalizm məkanını yaratmaq funksiyasını həyata keçirə bilmişdir.
Ən qədim çağlarda Altay və onun hüdudlarında, daha sonrakı zamanlarda isə Asiya və Avropanı qovuşduran çox geniş coğrafiyada dövlət və imperiyalar yaratmış və sarsılmaz dövlətçilik ənənələrini bu günə qədər davam etdirərək təkmilləşdirmiş türk superetnosuna mənsub xalqların dünya tarixindəki əzəmətli həyatı, möhtəşəm mədəniyyəti, ümumdünya proseslərindəki rolu – bütövlükdə türk sivilizasiyasının etnokulturoloji və etnosiyasi potensiyalının tükənməzliyini göstərir.
Tarixi inkişaf prosesində türklər qədər intensivliklə dünya mədəniyyətini özünə transformasiya edən və özündən transformasiya edən ikinci bir superetnos (özündən etnoslar törədən superetnos!) nişan vermək bəlkə də heç mümkün deyil. “Türk sivilizasiyası” kimi dəyərli bir əsərin müəllifi Mətin Aydoğan belə bir səciyyəvi xüsusiyyəti önə çəkərək yazır: “Tarixdə heç bir toplum türklər qədər dünyaya açılıb geniş məkanlara yayılmadı. Heç bir toplum özünü və münasibətlər qurduğu cəmiyyətləri türklər qədər dəyişdirmədi. Heç bir toplum tarixin irəliləyişi üzərində türklər qədər təsiredici olmadı, öz çağına və gələcəyə yön vermədi. Tarixi zamanların hər dəyişməsində və çox uzun dönəmlər boyunca daim hərəkətdə oldular, çox uzaq yerlərə getdilər, getdikləri yerləri təsirləndirdilər və o yerlərdən təsirləndilər. Sivilizasiyalar içərisində əriyərək, ya da onları öz içərisində əridərək, yeni və daha mütərəqqi birlik formaları, qaynayıb-qarışmalar yaratdılar, tarixin hərəkətinə yön verən inqilabi dəyişmələrə səbəb oldular. Bəşər tarixinin hər dönəmində var oldular və tarixlə bütünləşdilər. Bu bütünləşmə o dərəcədə mürəkkəb və dərin olmuşdur ki, alman alimi, professor Fritz Neumarkın sözləri ilə desək, “türkləri tarixdən çıxartsan, ortada tarix deyilən bir şey qalmaz” – durumu yaranmışdır” [7, s.9].
Müvafiq humanitar elmlər üzrə aparılan araşdırmalar da təsdiq edir ki, hələ islamaqədərki tarixində türklər böyük dövlətçilik mədəniyyətinin, maddi və mənəvi mədəniyyətin, xüsusilə mükəmməl yazı mədəniyyətinin, tranzit texnologiyasının sahibi olmuşlar. Avrasiyanın davamlı dövlətçilik tarixinin yaradıcıları da məhz türklər olmuşdur. Avrasiyanın özünü bütöv qlobal məkan kimi hiss etməsinin tarixi özünüdərki prosesi məhz türk sivilizasiyasının quruluşyaradıcı təbiəti ilə bağlıdır. Buna görə də türk sivilizasiyası həm islamaqədərki tarixi, həm islam dövrü, həm də müasir dövrünün ardıcıllığını və inteqral birliyini nəzərdə tutan gələcəkyönlü konseptual yanaşmada öz həqiqi dəyərini ala bilər. Türk – islam kontaktından qopan qığılcımlarsa Şərq sivilizasiyasına yeni energetik balans gətirmiş, dövlət və din, siyasət və mənəviyyat münasibətlərində tarazlıq effektini törətmişdir. Bu – xüsusilə islam Şərqində nəinki mənəvi həyatı, dini-ortodoksal baxışları, həm də sosial-siyasi həyatı əhəmiyyətli dərəcədə dəyişikliklərə uğradan türk sufiliyinin və irfaniliyinin fəlsəfəsi və praktikasında gerçəklənmişdir.
Şərqin üç böyük dilində (ərəb, fars, türk) mədəniyyət yetişdirən, Şərqin bütün mütərəqqi meyl və tendensiyalarını (hətta buddizm və xristianlığın!) özündə birləşdirən türklərin öz hərbi-siyasi və mədəni-mənəvi qüdrəti ilə Avrasiyada dominant sivilizasiya yaratması tamamilə təbii idi. Çünki türk imperatorluqları epoxasında Qərb imperializminə məxsus istismar rejimi, məğlub etnos və mədəniyyətlərin kökünü kəsmək strategiyası, demək olar ki, olmamışdır. Göytürk, Moğol, Atabəy, Osmanlı, Səfəvi imperiyalarından qopan bütün xalqlar öz tarixi-mədəni həyatını normal şəkildə, təbii axarında davam etdirə bilmişlər. Əlbəttə, Türk imperatorluq hərəkatının köklü ziddiyyətli məqamları da olmuşdur ki, bunlar da toparlanaraq, bir başqasının yox, ayrı-ayrı tarixi zamanlarda məhz onun özünün böhranlara uğraşmasına gətirib çıxarmışdır.
Türk tarixindəki etnokulturoloji diferensiasiya prosesləri müəyyən itkilərlə müşayiət olunsa da, əsasən, öz ümumtürk köklərindən üzülməyən, ancaq getdikcə spesifikləşən türksoylu milli mədəniyyətlərinin yaranması ilə başa çatır. Həmin ümumtürk kökləri o qədər zəngin bir irsdir ki, müasir türk milli mədəniyyətləri məhz onun əsasında ortaq dəyərlərə sahibdirlər. Və həmin varislik xəttilə sonradan ayrı-ayrılıqda nə əldə ediblərsə, bu da onların ümumi sərvətidir.
Dünyanın ən seçkin mədəniyyət və siyasət ənənələrindən birinə malik olan türklərin yaradıcı düşüncəsi tarix boyunca qanunauyğun-effektiv modellərdə özünü qurmağı və işləməyi bacarıb: türk milli mədəniyyətləri – ümumtürk mədəniyyəti – dünya mədəniyyəti. Bu, tarixin və müasir dünyanın da qəbul etdiyi sınanmış bir modeldir. Qərb mədəniyyəti (Avropa, Şimali Amerika milli mədəniyyətləri – Qərb-ümumavropa mədəniyyəti – dünya mədəniyyəti), Ərəb mədəniyyəti (ərəb milli mədəniyyətləri – ümumərəb mədəniyyəti – dünya mədəniyyəti) və s. məhz bu qanunauyğunluq əsasında qurulmuşdur. Dünya milli mədəniyyətlərinin universal-ümumbəşəri sivilizasiyada ahəngdarlaşmasının ən təbii, ən məntiqi, ən perspektivli yolu budur. Çünki bu modeldə dünyanın qlobal inkişafı prosesində milli mədəniyyət və dövlətçiliyin yaşaması qarantiyası və labüdlüyü vardır.
Göründüyü kimi, müasir dünyada türk milli dövlətlərinin birliyi ideyasının kökündə bu dövlətləri yaratmış türk xalqlarının etnogenetik təməli, ulu sivilizasiya qaynaqları, böyük dövlətçilik təcrübəsi və ənənəsi, bütün tarix boyu davam etmiş etnomədəni əlaqələri, tarixi diferensiasiya proseslərində itirmədikləri, qoruyub saxladıqları və daim inkişaf etdirdikləri ortaq dəyərləri dayanır. Bu elə bir möhkəm özüldür ki, tarixin ən amansız dövrlərində belə sarsılmamış, məqam düşdükcə bərkimiş, hazırda isə güclü energetik potensiyasını yenidən və daha məqsədəyönlü şəkildə hərəkətə gətirmək qüdrətindədir.
Həm tarixən, həm də bu gün multikulturalizm arenasında türk varlığının öz bütünlüyünü, dinamikliyini və çeşidli mədəniyyətlərlə orqanik təmasyaratma qabiliyyətini qoruması – onun bu qədər geniş üfüqlərə çıxmasına və zənginləşməsinə açar olmuşdur. Tarixi-mədəni proseslərin getdikcə mürəkkəbləşməsi və universallaşması stixiyasında türklər özünü itirməmiş, həmişə özlərini toparlayaraq, mədəniyyətlərini seçkinlik örnəyi kimi üstün mövqeyə qaldıra bilmişlər.
Dünyada mövcud olan mədəniyyətlərin qarşılıqlı münasibətləri prosesində türk sivilizasiyasının qazandığı özünəməxsus funksional keyfiyyətlər, fikrimizcə, bunlardır:
Sivilizasiya tarixinə və nəzəriyyəsinə yeni metodologiya ilə yanaşan görkəmli tədqiqatçı Rocer Osborn belə bir doğru mövqedən çıxış edir ki, Qərb sivilizasiyasının meyarlarını birtərəfli şəkildə dünyanın digər sivilizasiyalarına tətbiq etmək və həmin sivilizasiyanı tarixdə bütövlük, “zəncirvarilik” yaradan və yeganə mütərəqqi inkişafı şərtləndirən fenomen hesab etmək olmaz. Dünya sivilizasiyaları nə qədər ümumi cəhətlərə malik olsalar da, onları fərqləndirən keyfiyyətlərin “polifoniyası” daha cazibədardır. Yunan, Ellin və Roma sivilizasiyalarının bütün ətraf xalqlara və mədəniyyətlərə “barbar dünyası” kimi baxması – sonradan ümumən Qərb sivilizasiyasının digər sivilizasiyalara ayrı-seçkilik meyarları ilə yanaşmasına başlanğıc olmuşdur [15, s.144-172]. Təbiidir ki, belə bir münasibət – həm də Qərb imperializminə digərləri üzərində guya “sivilizasiya üstünlüyü” qazanmağa bəhanə vermişdir. Həmin münasibətin elmdə “rasionallaşması” isə eyni meyar əsasında mədəniyyət və sivilizasiyaları – “primitiv” və “klassik” kateqoriyalarına böldürmüşdür. Halbuki bütün mədəniyyətlərin öz arxaik durumundan kamilləşməyə, klassikləşməyə doğru özünəməxsus təkamül yolu var. Bu prosesi çox zəngin material əsasında araşdıran Felipe Fernandes Armesto, təəssüf ki, tədqiqatının “Sivilizasiyanın yolları: Avrasiya çölü” adlı bölümündə ciddi bir yanlışlığa yol verir: o, Avrasiyanın sivilizasiyalararası münasibətlərdə oynadığı tarixi rola toxunarkən, burada yalnız monqollardan, Çingiz xanın yaratdığı “vahiməli imperiyanın”, əslində, sivilizasiyaların bir-biri ilə əlaqə qurmağına imkan verməsindən bəhs edir. Bu da təəccüblüdür ki, o, Çingiz xan kimi fatehin portretini cızmaq üçün erməni mənbələrindən faydalanır: “Monqol ordusu harada peyda olursa-olsun, onların dəhşət saçan sorağı özlərindən qabaq gəlir. Erməni mənbələri Qərb sakinlərinə qabaqcadan “anti-Xristin” gəlməsi müjdəsini verirlər: onların qorxunc görkəmi var, rəhm nə olduğunu bilməzlər, adam öldürməyə sanki toya-bayrama gedirmiş kimi cumurlar” [10, s.160]. Monqolların tükürpədici obrazının onların yağılarının psixologiyasında yaradılması bir yana, bu etnosun Avrasiya tarixindəki gerçək rolu da təhrif edilib. Məsələ burasındadır ki, Avrasiyanın siyasi-mədəni tarixində monqollar yalnız XIII-XV əsrlərdə türklərlə hərbi ittifaq yaratmaqla öncinahda görünüblər. Bu dövrdən həm əvvəl, həm də sonra ta XIX əsrə qədər Avrasiya geopolitikasının və geosivilizasiyasının “müəllifi” məhz türklər olublar. F.F.Armesto isə Avrasiyanın sivilizasiya tarixində “epizodu” (monqolu) görür, bütün “əsəri” (türkü) isə görmür və ya görmək istəmir. Eramızın birinci minilliyinin sonu – ikinci minilliyinin əvvəllərindən türklərin Avrasiya boyunca şərqdən qərbə doğru hərəkətində monqollar hərbi birləşmələrin komponenti kimi (sanki müasir ordunun desant qüvvələri kimi!) iştirak ediblər. Dövrün tarixi faktlarının obyektiv şəkildə öyrənilməsi sübut edir ki, hətta Çingiz xan və onun varisi Teymur Ləngin dövründə türk-monqol hərbi ittifaqının dominant etnosu və siyasi qurucusu türklər olub [19, s.9-55]. Onların məskunlaşdığı bütün ərazilərdə türk mədəni-siyasi sistemi qərarlaşıb. Xüsusilə, Xəzərətrafı və Qaradənizətrafı bölgələrdə, Qafqazda, İran və Anadoluda məhz türklər həlledici mövqeyə yüksəlib. Həmin ərazilərdə, təsadüfi deyil ki, yalnız türk dili həm yerli, həm də transregional səviyyədə (hətta monqollar arasında!) işlədilib [13, s.385]. Monqol dilinin bu ərazilərdə əsər-əlaməti də yoxdur. Buradakı mədəni sistemin təkamülündə monqol komponentinin izinə belə rast gəlmək mümkün deyil. Sonrakı tarixi dövrlərdə də Monqolustandan başqa Avrasiyanın bütün mərkəzi koordinatları – yalnız türk superetnosu, türk dili və türk sivilizasiyasının Vətəni olub! Həm də, F.F.Armestonun zənn etdiyinin əksinə olaraq, bu Çöl-Vətən sivilizasiya tarixində təkcə “katalizator” deyil, başlıca funksiyasında “beşik” rolunu oynayıb [10, s.169].
Məhz beşik müqəddəsliyini qoruduğu üçün türk sivilizasiyası öz təbiətinə və folkloruna bunca bağlıdır. Türk passionarlığının kökü – onun təbiətindən, Georgi Qaçevin təbirincə desək, “kosmo-psixo-loqosundan” su içir [12, s.11-20]. Türklər hara gedirlərsə, sanki “təbiətlərini” də özləri ilə “daşıyırlar”. Təbiət və Folklor – türkün mənəvi dünyasının bir-birinə sarmaşan ornamentləridir. Bəlkə buna görə türkü – dünyanın ən ekoloji xarakterli etnosu saymaq olar. Passionarlıq – türkün stixiyasıdır. Türk sivilizasiyası – Avrasiyanın zəngin təbiətini, etnosfer rəngarəngliyini, folklor arxetiplərini öz məğzində yüzillər boyu yaşada və onların vəhdətini mənəvi enerjiyə, hərbi-siyasi mütəşəkkillik qüdrətinə çevirə bildiyi üçün, sözün əsil mənasında passionar sivilizasiyadır.
Arxeoloji araşdırmaların nəticələrinə görə, özündə prototürk mədəniyyətinin izlərini saxlayan “hun incəsənəti skiflərinki qədər qədimdir” [20, s.24]. Hun-türklərin maddi mədəniyyət nümunələrində təsvirini tapan qəhrəmanlıq motivləri sonradan ən müxtəlif incəsənət sahələrində yaradılan əsərlərin daimi süjet xəttinə çevrilir. “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə doğru” [3, s.74] sivilizasiya hərəkatının bundan sonra heç zaman kəsilməyəcək addımları məhz bu çağdan başlayır!
Təqribən eramızdan əvvəl birinci minilliyin ortalarında formalaşmağa başlayan “qədim türk eposu bir neçə min illik mifoloji-epik düşüncə axtarışlarının nəticəsi olaraq” [2, c.3, s.230] meydana çıxır. Türk epos mədəniyyətinin yaddaşına az qala türkün bütün tarixi – dil və təfəkkür arsenalı ilə birgə – hopur. Türk sivilizasiyasının ana xətti kimi epik düşüncə mədəniyyəti dünyanın “Oğuz Kağan”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas” kimi ən möhtəşəm qəhrəmanlıq eposlarını ərsəyə gətirir. Bu epik dastanlarda türklərin böyük cahangirlik xarakteri təcəssümünü tapır. Əgər türklər Avrasiyanın bir küncünə sıxılıb qalsaydılar, onlar heç zaman bu cür monumental abidələr yarada bilməzdilər. Türk epos mədəniyyətinin özəlliyini şərtləndirən bir cəhət də bundan ibarətdir ki, həmin abidələrdə türklərin etnocoğrafiyası, etnoqrafiyası, konkret hadisələrin nəqli, süjet dramatizmi, qəhrəmanların şücaəti, dövlət əxlaqı, müxtəlif xalqlarla təmas genişliyi elə Avrasiyanın özü qədər əlvan və miqyaslıdır. Struktur və funksional keyfiyyətlərinə görə, türk etnik-mədəni sistemi hər zaman “vahid tamlıq nümayiş etdirir və bütöv bir dünya modelinin daşıyıcısı olur. Bu mənada ümumtürk mifoloji dünya modeli birdir. Onun hansısa elementinə bu və ya digər türk xalqında, təbiidir ki, rast gəlinməməsi mümkün haldır. Bununla belə, ayrı-ayrı türk xalqlarında təsadüf edilən dünya modelləri başlıca modelin variantı sayıla bilər. Başlıca model isə həm bütöv halında, həm də elementləriylə ayrı-ayrı türk xalqlarında elə bir ciddi dəyişikliyə uğramadan müasir dövrümüzədək yaşayan dayanıqlı ümumtürk mifoloji dünya modelidir” [1, s.34].
Türk epik mədəniyyəti klassikasına daxil olan, lakin türk superetnosunun sonrakı differensiasiya prosesində xeyli dərəcədə milliləşən (qazax, qırğız, özbək, türkmən, Azərbaycan, türk...) ən müxtəlif zamanların eposlarını sanki bir Türk Kitabəsi halına gətirən başlıca ideya isə – türk boylarının həmrəyliyi, türk dünyasının bütünlüyüdür. Məsələn, “Kitabi-Dədə Qorqud”da İç və Dış Oğuz boylarının arasındakı ziddiyyətlərin aradan qaldırılması və onların birliyinin təmin edilməsi – bu eposun ideya panteonudur. Qanunauyğundur ki, monumental eposlardan sənətin janr müxtəlifliyinə keçid prosesində həmin ideya sanki ayrı-ayrı çay məcralarına axıb özünü hər yerdə qoruyur. Kiçik janrların təkamülündə belə türk mədəniyyətinin dil və təfəkkür özəlliyi qorunur. Tuyuqları bayatılar əvəz edir. Ozanları aşıq. Qopuzu saz. Çadırı saray. Eposu poema. Amma forma və məzmun yeniləşməsinin heç bir mərhələsində türk koloriti itirilmir. Professor Məhərrəm Qasımlının qeyd etdiyi kimi, “yüzillər boyunca türk ulusu qılıncı qolunun, sazı isə ürəyinin davamı bilir”. Örnək olaraq, “qopuz – saz transformasiya prosesinə” nəzər salsaq, görərik ki, qopuzun tədrici təkamülü Altay – Türküstan – Qafqaz – Anadolu xətti ilə gəlişməsində sənətkarlıq baxımından nə qədər zənginlikləri özünə sığdırır [4, s.117-118]. Ümumiyyətlə, qopuzun bütün türk xalqlarının musiqi mədəniyyətində təkamülü tamamilə fərqli və özünəməxsus şəkildə getsə də, o, hər bir diferensiasiya yönündə ozançılıq sənətinin arxetiplərini yaşadır. Azərbaycan aşıq sənəti islam dönəmində təsəvvüf somvolikasına yüksəlsə də, “arxetipik yuvasında” “qam-şaman kompleksini” [4, s.7, 127] yaşatmırmı?! Siz bir ənənənin möhkəmliyinə baxın ki, Azərbaycan folklorunda artıq bayatının önə çıxdığı, dövrün poeziyasınınsa (XIV əsr) ərəb və fars dilini hələ yadırğamadığı zamanda, bir-biri ilə daimi çəkişmələr aparan qaramanlı, osmanlı, türkmən tayfaları arasındakı düşmənçiliyi yox etmək və ölkədə qanun-qaydanı möhkəmləndirmək üçün əlindən gələni etmiş hökmdar-şair Qazi Bürhanəddin türk ədəbiyyatının ən qədim janrlarının birində – tuyuqlar yazırdı! Çünki tuyuqlar – türk ruhunun birlik qanını coşdurur, alpərənliyin əzəli köklərinə çağırışları dilləndirirdi!
Türk sivilizasiyasının islam sivilizasiyası ilə sintez məqamı – dünya tarixinin ən maraqlı hadisələrindən biri kimi baş vermişdir. İslamla bir addımlamağa başlayan türklər özləri kifayət qədər dini-sivilizasion dəyişikliyə uğradıqları qədər də, islam dünyasının demoqrafik, sosial, siyasi, iqtisadi və mədəni həyatını yetərincə dəyişikliyə uğrada bilmiş, heyrət doğuran bir vüsətlə islam cəmiyyətlərinin mübariz avanqardına çevrilərək, bu məkanda mövcud olan, demək olar ki, bütün dövlətlərin idarəçiliyini öz əllərinə almışlar [8, s.134-281]. Türklər müsəlmanlaşdığı qədər də islam sivilizasiyasını türkləşdirmişlər. Artıq bizim eranın birinci minilliyinin sonu – ikinci minilliyinin əvvəllərindən (950-1150-ci illərdən) “müsəlman dünyası” “türk dünyası” ilə orqanikləşmə prosesini yaşamış [14] və bu prosesdə türk siyasi iradəsi – türk və islam sivilizasiyalarının vəhdəti əsasında müsəlman Şərqinin yeni simbioz sivilizasiya quruculuğunu başlamışdır.
Türklər – islam sivilizasiyasının avanqard superetnosu, islam sivilizasiyası isə – dünyanın avanqard sivilizasiyası olmuşdur. X-XII əsrlərdən başlayaraq, Yaxın və Orta Şərq xalqlarının tarixində əhəmiyyətli dönüş yaradan bu “transformasiyalar epoxası” [14, s.3] islam və türk sivilizasiyalarının müştərək inkişafına yol açmış, “müsəlman renessansı” deyilən mütərəqqi bir mədəniyyət dalğasını ərsəyə gətirmişdir. İslam sivilizasiyasının passionar təməli kimi təşəkkül tapan türk sivilizasiyası Göy Türk epoxasından sonra özünün ikinci və həlledici dalğasında doğma türkcəni – Sivilizasiya Dili kimi İslam Şərqinin beynəlxalq ünsiyyət vasitəsinə çevirmişdir. Bu dildə Şərq mədəniyyətinin inciləri olan klassik abidələr yaranmışdır.
Öncə qeyd etdiyimiz kimi, Şərqin üç böyük dilində – ərəbcə, farsca və türkcə əsərlər yazan, divanlar bağlayan, ensiklopedik biliyə, dərin elmi, fəlsəfi və poetik idraka malik olan türk fikir öndərləri, əslində, bununla dünya mədəniyyətində universallaşdırıcı proseslərə təkan vermiş, mədəniyyətlərarası münasibətlərin çoxdillilik bünövrəsini yaratmışlar. Humanizm fəlsəfəsini, ilahiyyatın (teologiyanın) rasionallığını, ümumbəşəri dəyərlərin bütün insanlığa məxsus olması ideyasını, siyasi hakimiyyətin, ictimai qanunların ədalətliliyini, əxlaqi və cismani gözəlliyi, ailə dəyərlərini, ilahi məhəbbətin füsunkarlığını ən yüksək bədii sənətkarlıq və elmi məntiqlə aça bilən ümumtürk poeziyasının, elm və fəlsəfəsinin klassikləri dünya mədəniyyətinin inkişafında yeni bir İntibah Erasına təkan vermişlər. Türk imperatorluqları həm özlərinin, həm islamın, həm də dünyanın tarixinə və mədəniyyətinə tamamilə yeni baxışı ortaya qoyan ictimai elmlərin, tarixşünaslığın, eyni zamanda, tibb və təbiət elmlərinin, coğrafiya, riyaziyyat, astronomiya, biologiya və texnoloji biliklərin inkişafına xüsusi diqqət yetirmiş, türklərin cahanşümul ideologiyalarını təbliğ edən bir məfkurə sistemi yaratmış, dünya klassiklərinin əsərləri bu imperiyaların paralel dili kimi işlənən ərəbcə, farsca və türkcəyə tərcümə olunmuşdur [23]. Ümumiyyətlə, türk dövlətləri və imperiyalarına daxil olan şəhər və vilayətlərdə sözün müasir mənasında əsil çoxmədəniyyətli, çoxdilli mühit formalaşmışdı. Təsadüfi deyil ki, bu zaman həm farsca yazan Nizami Gəncəvi, Mövlana Cəlaləddin Rumi, həm də türkcə yazan Yunis Əmrə, İmadəddin Nəsimi (o, fars və ərəbcə də divanlar bağlamışdı) məşhurdu. Hətta türk hökmdarları Şərq dünyasının üç aparıcı dilində – türk, fars və ərəbcə əsərlər yazmaqla, siyasi hakimiyyətlərinin canlı sənət və mədəniyyət həyatından ayrılmaz olduğunu sanki təsdiq edirdilər.
Özü də türk sivilizasiyasının islamla qanad-qanada irəliləməsi epizodik olmamış, yüzillər boyu davam etmişdir. Türk-islam dövlətlərinin Yaxın və Orta Şərq siyasətini idarə etməsi bu regionda yaşayan xalqların və onların mədəniyyətlərinin məhz türk və islam sivilizasiyaları nüvəsində inteqrasiyasına meydan açmışdır. Türklərin siyasi dominantlığı islamı Din, Sivilizasiya və Siyasət olaraq öz tarixinin ən parlaq mərhələsinə çıxarmışdır. Bunu türk-islam təmasının hələ ilk çağlarındakı ərəb mənbələrində türklərə verilən üstünlük də təsdiq edir. Ərəblər türklərin döyüşçü ərənliyini və hərb sənətindəki qabiliyyətlərini yüksək dəyərləndirirlər [11, s.21-22]. XX əsrin iki görkəmli fransız alimi – Anri Masse və Fernand Braudel də türk dövlətlərinin islam regionunu vahid siyasi-sivilizasion məkana çevirməsi faktında türklərin hərbi şücaətini və dövlətlərarası münasibətlərdə həmin hərbi qüdrəti ağıllı siyasətlə birləşdirmələrini önə çəkir, eyni zamanda, onların öz hərbi-siyasi qüdrətini sivilizasiya dəyərlərində möhkəmləndirmək üçün göstərdikləri səyləri qiymətləndirirlər [5, s.190-227; 18, s.55-68].
Çiçəkləndiyi dövrdə türk sivilizasiyası – həm də münasibətlərdə olduğu mədəniyyət və sivilizasiyaların arxitektonikasını yaradır. Hind, Çin, islam, Qərb və slavyan sivilizasiyaları çevrəsində türk sivilizasiyasının konsentrasiyayaradıcı funksiyası onun bəşəriyyətin tarixi inkişafını mütərəqqi bir istiqamətə yönəltmə təşəbbüslərində özünü bütün məqsədyönlülüyü ilə ifadə edir. Türk sivilizasiyasının çiçəklənməsi ilə Şərq İntibahı ən yüksək tərəqqi çağına çatır. Avrasiya sivilizasiyaları arasındakı münasibətlər region dövlətlərinin siyasi ambisiyaları ilə müşayiətdə nə qədər gərgin və dramatik olsa da, daha intensiv şəkildə davam etdirilir və özünün dəyərlərini yaradır. Tarixin yaddaşında qalan ən silinməz faktlardan biri də budur ki, türk imperiyalarının heç birində millətlərarası diskriminasiyaya yol verilməmiş, əksinə, digər millətlərin, din və sivilizasiyaların nümayəndələri dövlət işlərində irəli çəkilmiş, hətta ali hakimiyyətdə təmsil olunmuşlar. Siyasi bioqrafiyasını öz doğma dilində – türkcə yazan Böyük Moğol imperiyasının qurucusu Babur və onun varisi Əkbər ölkəsində (Hindistanda) bütün millətlərə və dinlərə bərabər yaşamaq və inkişaf etmək hüququ vermişdi [16, s.69-72; 22, s.178-183].
Türk-islam sivilizasiyasının tərəqqi çağında (XI-XVII əsrlər) ən müxtəlif mədəniyyət və sivilizasiyalara mənsub sənətkarlar türk dövlətlərinin paytaxt-şəhərlərinə (məsələn, Səfəvi imperiyasının hökmdarı Şah İsmayıl Xətainin göstərişi ilə Təbriz miniatür məktəbinə) dəvət olunur, burada klassik mədəniyyət və incəsənət mərkəzləri yaradılır. Böyük Moğol hökmdarı Cahan Şah özünün türk sələflərinin (Babur və Əkbərin) paytaxt seçdiyi Hindistanın Aqra şəhərində (XVI əsr) “Mərkəzi Asiya, Persiya, Ərəbistan və dünyanın başqa yerlərindən çağırdığı memar, nəqqaş və digər incə sənət ustalarının, həmçinin iki yüz min daşyonan və fəhlənin birgə çalışması ilə 17 il müddətinə Tac Mahal kompleksini tikdirir” [24, s. 434]. İslamı qəbul etmiş Memar Sinan (1494-1588) İstanbulda Süleymaniyyə kompleksini və bütün zamanlara örnək olan digər onlarla memarlıq abidəsini ucaldır. Osmanlı imperiyasının sevimlisi, böyük sənətkar Memar Sinan sağlığında hər cür qayğı ilə əhatə edilmişdi. Onun var-dövlətinə 18 malikanə, 38 dükan, 9 ev, həmçinin, torpaq sahələri, dəyirmanlar, kiçik məscidlər və mədrəsələr daxil idi [21, s.22]. Həmin çağda, dövrün estetik mədəniyyəti elə bir universal istiqamət götürür ki, bu zəmində “türk üslubu” və “islam simvolikası” dominant olmaqla, fərqli mədəniyyət və sivilizasiyaların mütərəqqi ənənələri və sənətkarlıq dəyərləri konsentrasiya nöqtəsini tapır, orijinal-sinkretik yaradıcılıq örnəkləri ərsəyə gəlir.
Türk dünyasının təkcə ictimai-siyasi baxımdan deyil, həm də bədii-estetik mədəniyyət baxımından orqanikliyi, bütövlüyü və rəngarəngliyi bütün gözəl cəhətləri ilə üzə çıxır. Türklər siyasi cəhətdən digər millətlərə, dinlərə qarşı diskriminasiyaya yol vermədikləri kimi, digər xalqların tarixi abidələrinə (məsələn, antik sivilizasiyaların bütün izləri Mərkəzi Asiyadan Anadoluya qədər bütün türk məmləkətlərində yetərincə toxunulmaz qalıb), sənət texnologiyalarına, əxlaq və mənəviyyat qanunlarına da ehtiramla yanaşır, dünyaya özlərini yüksək soya, nəcabətə malik insanlar olaraq təqdim etdikləri qədər də, başqa cəmiyyət və mədəniyyətlərdən, yaradıcılıq üslublarından, qabaqcıl həyat təcrübələrindən bəhrələnməyə çalışırılar. Çoxirqli, çoxdilli, çoxmədəniyyətli, çoxdinli türk şəhərləri multikulturalist dünyagörüşünün təcəssümü olaraq inkişaf edir (Bu polifonizmə müasir Amerika və Avropa belə qibtə edə bilər!). Şəhərsalma mədəniyyəti, memarlıq, miniatür sənəti, xalçaçılıq, keramika və tətbiqi sənətin digər sahələrində yüksək sənətkarlıq səviyyəsinə çatılır [9]. Ədəbiyyat, elm və təhsil dünya təcrübəsinin klassik dəyərlərini mənimsəyərək, Şərq mənəvi mədəniyyətinin, bilik və rasionallığa əsaslanan meyarların üstünlüklərini təsdiq edir.
Elə buradaca qeyd etməliyik: türk dünyasında universallaşma stixiyası o qədər güclü olur ki, hətta aşırı həddində narahatlıq doğuran yabançılaşma tendensiyalarını törədir. Bax bu zaman türk sivilizasiyasının sütunlarını laxlamağa qoymayan türkçülük hərəkatı – ərəbləşmə, farslaşma, daha sonrakı dönəmdə isə avropalaşma, konkret olaraq, fransızlaşma, ruslaşma meyllərinə qarşı müqavimət gücünü təbii olaraq ortaya qoyur. Təsəvvür edin ki, XIX əsrdə Osmanlı imperiyasında 465 amerikan, 83 ingilis, 72 fransız, 44 rus, 24 italyan, 7 alman, 7 avstriyalı və 3 yunan olmaqla, cəmi 705 missioner məktəbi açılmışdı ki [7, s.149], bunların da hər biri öz maraqlarına uyğun təhsil və tərbiyəni həyata keçirirdilər...
Digər dövlətlərin (xüsusilə Rusiya, İran və Çinin) tərkibində, qeyri-müstəqillik vəziyyətində yaşayan türkəsilli cəmiyyətləri öz milli köklərindən qopartmağa yönəli siyasət və ideologiya isə daha böyük təhlükələr yaradırdı. Lakin bütün bunlara baxmayaraq, türk sivilizasiyasının o qədər dərin əsasları, sarsılmaz dayaqları vardı ki, bu sivilizasiyanın kodlarını daşıyan türk cəmiyyətləri dünya imperializminin bütün basqılarına sinə gərməklə, təqribən yüz əlli illik mübarizədən sonra XX əsrin sonlarında yenidən öz müstəqil dövlətlərini bərpa edə bildilər. Bu – türk xalqlarının dünya miqyasında qələbəsi olduğu qədər də, türk sivilizasiyasının yenilməzlik qüdrətinin təsdiqidir!
Müasir dövrümüzdə müstəqil türk dövlətlərinin milli mədəniyyətləri türk sivilizasiyasını ümumdünya səviyyəsində təmsil edəcək yaradıcı potensiala malikdir. XX əsrin əvvəllərindən ta bugünə qədər türk sivilizasiyasının dünyaya bəxş etdiyi siyasət, elm, sənət və ədəbiyyat xadimlərini (Mustafa Kamal Atatürk, Heydər Əliyev, Turqut Özal, Nursultan Nazarbayev, Həsən Özbəkxan, Lütfi Zadə, Tofiq Fikrət, Namiq Kamal, Rəşad Nuri Güntəkin, Fazil Hüsnü Dağlarca, Nəcib Fazil Qısakürək, Əziz Nesin, Qafur Qulam, Musa Cəlil, Çingiz Aytmatov, Qara Qarayev, Bəxtiyar Vahabzadə, Toğrul Nərimanbəyov, Oljas Süleymenov, Muxtar Şaxanov, Orxan Pamuk, Oraz Yağmur, Rauf Pərvi...) göz önünə gətirsək, görərik ki, həqiqətən türk mədəniyyəti ümumbəşəri dəyərlərin, humanizm ideallarının ərsəyə gəlməsində, insanlığı tərəqqiyə yetirən fəaliyyətlərin aparılmasında, milli-mədəni düşüncəni məhv edən total-ideoloji alətlərin sındırılmasında həmişə öndədir. Qazax şair-mütəfəkkiri Oljas Süleymenov hələ 1970-ci illərdə Avrasiyanı – türk ruhunun Vətəni kimi təsbit edən, türk dili və mədəniyyətinin ana xətlərini antik sivilizasiyaların köklərinə bağlayan “Az – Ya” əsərini yazmaqla bərabər [6], həm də 1980-ci illərdə “Nevada – Semipalatinsk nüvə əleyhinə hərəkat”a rəhbərlik edərək, onu beynəlxalq ekologiya və antimüharibə hərəkatı missiyasında tanıtmışdı. “Sivilizasiyanın yanılması” və “Cəzaverici yaddaşın kosmoformulası: Çingiz xanla aparılan sirr” adlı dünyanın əksər dillərinə tərcümə olunmuş monumental epos-romanın müəllifi Muxtar Şaxanov haqqında Roberto Çiuli yazır: “Açıq desək, Avropada bizim çağdaş şairlər arasında Şaxanova tay olanı yoxdur” [17, s.8]. Təsadüfi deyil ki, türk sivilizasiyasının dramatik taleyini realist cizgilərlə canlandıran bu əsərlər həm də qlobal problemlərin ümumbəşəri mənasına toxunduğuna görə YUNESKO səviyyəsində müzakirəyə çıxarılmış, “İpək yolunda elm və mənəviyyat” adlı beynəlxalq konfransın mövzusuna çevrilmişdir.
Əgər bu gün türk dünyasının birliyi ideyası aktuallaşıbsa, bu o məntiqi həqiqətin reallığını diqqət mərkəzinə gətirir ki, həmin ideyanın gerçəkləşməsi – türk sivilizasiyasının bütün səviyyələrdə özünüdərk prosesinin uğurla davam etməsindən bilavasitə asılıdır. Türk siyasi-mədəni sisteminin özünü bütöv görməsi – multikulturalizm arenasında bu sivilizasiyanın sistemlilik qanunauyğunluqlarının necə dərk edilməsinə, türk varlığının özünütəsdiq qətiyyətinə bağlıdır. Ona görə də bu sivilizasiya məkanına daxil olan türk dövlətlərində mədəniyyət düşüncəsinin əsas istiqaməti – türk birliyi ideyasının Avrasiyanı dolaşan trayektoriyası ilə hərəkət edir. Bu hərəkatın baş yolu isə türk sivilizasiyasını – qlobal sivilizasiyanın aparıcı inkişaf tendensiyalarına birləşdirir.
Açar sözlər: türk sivilizasiyası, multikulturalizm, türk dili, inteqrasiya, geosiyasət.
1. Bəydili C. Türk mifoloji obrazlar sistemi: struktur və funksiya. Bakı: Mütərcim, 2007
2. Cəfərov N. Seçilmiş əsərləri. V cilddə, III cild. Bakı: Elm 2007
3. Qarayev Y. Tarix: yaxından və uzaqdan. Bakı: Sabah, 1996
4. Qasımlı M. Ozan Aşıq sənəti. Bakı: Uğur, 2003
5. Masse A. İslam. Bakı: Azərnəşr, 1964
6. Süleymenov O. Az – Ya. Bakı: Şərq-Qərb, 2007
7. Aydoğan M. Türk Uygarlığı. İzmir: Umay Yayınları, 2006
8. Brockelmann C. İslam Ulusları və Devletleri Tarihi. Türkceye çevirən N.Çağatay. Ankara: Türk Tarihi Kurumu Basımevi, 2002
9. Ögel B. Türk Kültür Tarihine giriş. 9 ciltde. Ankara: Kültür Bakanlığı, 1991
10. Арместо Ф.Ф. Цивилизации. М.: АСТ, 2009
11. Асадов Ф.М. Арабские источники о тюрках в раннее средневековье. Баку: Элм, 1993
12. Гачев Г.Д. Национальные образы мира. Еллада, Германия, Франция: опыт экзистенциальной культурологии. М.: Логос, 2011
13. Гумилев Л. Этносфера: история людей и история природы. М.: Астрель, 2010
14. Мусульманский мир. 950-1150. М.: Наука, 1981
15. Осборн Р. Цивилизация. Новая история западного мира. М.: АСТ, 2008
16. Тойнби А.Дж. Цивилизация перед судом истории. Мир и Запад. М.: АСТ, 2011
17. Шаханов М. Заблуждение цивилизации (Сага о нравах эпохи). Космоформула карающей памяти (Тайна, унесенная Чингизханом). Астана: Фолиант, 2003
18. Braudel F. A History of Civilizations. Penguin Books, 1995
19. Findley C.V. The Turks in World History. Oxford University Press, 2005
20. Grousset R. The Empire of the Steppes. A History of Central Asia. Rutgers University Press, 2010
21. Günay R. Sinan the Architect and His Works. İstanbul: YEM, Güzel Sanatlar Matbaası, 1998
22. Koller J.M. Asian Philosophies. New Jersey: Pearson Prentice Hall, 2007
23. The Great Ottoman-Turkish Civilization. In 3 volumes, v. III. Ankara: Yeni Türkiye, 2000
24. World History. Combined Edition. J. Upshur, J. Terry, J.Holoka, R.Goff, B.Lowry, USA: West Publishing Company, St. Paul, New York, Los Angeles, San Francisco, 1991
Функциональные качества тюркской цивилизации
Будучи на протяжении веков одной из основных стержневых цивилизаций Центральной Азии, тюркская цивилизация имела прочные взаимоотношения с китайской и японской цивилизациями на дальневосточном, с индийской цивилизацией – на юго-восточном, с исламской цивилизацией (в основном арабской и иранской) – на ближневосточном, с европейской и славянской цивилизациями – на западном направлениях, но исторически гораздо больше, чем каждая из них в отдельности, смогла реализовать функцию создания пространства мультикультурализма. Ближне- и средневосточная политика, проводимая тюрко-исламскими государствами, создало возможности для интеграции проживающих в этом регионе народов и их культуры именно на основе тюркской и исламской цивилизаций. Политическое доминирование тюрков вывело Ислам как Религию, Цивилизацию и Политику на самый яркий этап его истории, а тюркский язык сделало международным средством общения. И в настоящее время национальная культура независимых тюркских государств обладает творческим потенциалом, способным представлять тюркскую цивилизацию на мировом уровне.
Ключевые слова: тюркская цивилизация, мультикультурализм, тюркский язык, интеграция, геополитика.
Functional Qualities of the Turkic Civilization
As a core civilization of the Central Asia, the Turkic civilization has been in continuous relationship with the Chinese and Japanese civilization in the Far Eastern direction, with the Indian civilization in the Southern and Eastern direction, with the Islamic civilization (mainly the Arabic and Iranian civilizations) in the Near Eastern direction and with the European and Slavic civilization in the Western direction over the centuries. However, the Turkic civilization had more managed to create the multiculturalism space other than the mentioned civilizations had. Governance of the Near and Middle Eastern politics by the Turkic-Islamic states caused the integration of peoples and their cultures lived in this region in the nucleus of the Turkic and Islamic civilizations. Turks’ political dominance had raised Islam to its peak level as the Religion, Civilization and Politics and made the Turkic language (“Türki”) the means of international communication. Even in the contemporary period, national cultures of the independent Turkic states have the creative potential for representation of the Turkic civilization in a world-wide level.
Key words: Turkic civilization, multiculturalism, Turkic language, integration, geopolitics.