Dünya sonsuzdur. Onun tarixi də, yaşı da bitməz və tükənməzdir. İnsanlığın da yaşı az deyil. Amma bu sonsuz dünyanın şüurlu məxluqu olan Insanın özünün həyatı “bir pəncərədən baxıb keçmək” qədər qısadır. O qədər qısa ki, biz onu illərə, aylara , günlərə, hətta saatlara və dəqiqələrə də bölməyi öyrənmişik. Zamanı niyə bölürük görəsən? Yəqin ki, İnsan ona nəsib olan həyat parçasını bacardıqca düzgün və səmərəli dəyərləndirməyə çalışır. Ona görə də onu qısa fraqmentlərə bölərək təftiş edir, keçdiyi həyat yoluna və əldə etdiyi həyat təcrübəsinə söykənərək növbəti mərhələnin planınını cızır, məqsədlərini müəyyənləşdirir. Beləcə İnsanlıq öz mövcudluğunu ibtidaidən aliyə və sadədən mürəkkəbə doğru təkamül etdirməklə, həyatın özünü də durmadan dəyişməkdə və inkişaf etdirməkdədir.
Biz də dəyişirik, biz də inkişaf edirik. Biz də özümüzün, cəmiyyətimizin və dövlətimizin həyatını zaman və məkan ölçülərində hissələrə bölür, itirdiklərimizlə qazandıqlarımızı dəyərləndirməyə çalışırıq. Adətən, biz bunu bəlli zamanlarda və daha çox hər dəfə başa vurmaqda olduğumuz illərin sonunda edirik. Bu gün də illərin qovşağındayıq. Bir neçə gündən sonra 2014-cü ilə qədəm qoysaq da, hələ bir müddət il boyu vərdiş etdiyimiz kimi 2013 yazmaqda davam edəcəyik və nəhayət, yeni bir ildə yaşadığımız şüurumuza da, vərdişlərimizə də hakim kəsiləcək. Hamımımız birlikdə daha bir il yaşlaşacaq və məntiqə görə daha bir qədər müdrikləşəcəyik. Amma hələlik köhnə zamandayıq. Zamanımız – 2013, məkanımız isə - əbədi Azərbaycandır.
Bu il Müstəqil Azərbaycanımız bir yaş da böyüdü. Dövlətimiz bir qədər də möhkəmləndi. Onun bu il ərzində atdığı qətiyyətli addımlar millətin fəxarətini də bir daha artırdı. Bu ilin fevral ayının 7-də Azərbaycanın ilk süni peykinin səmaya ucalması cəsarətli addım kimi tariximizə yazıldı. Bu gün üzərində Vətənimizin adını və rəmzini daşıyan, sonsuz səmaların ucsuz-bucaqsız ənginliklərində öz trayektoriyasını cızan peykimiz nəinki Azərbaycana, Yer kürəsini məskunlaşdıran bəşəriyyətin böyük bir hissəsinə xidmət etməkdədir. 2013-cü ilin ən möhtəşəm nailiyyətlərindən biri olan bu hadisə Azərbaycanımızın şöhrətini dünyaya deyil, dünyanın başı üzərinə - Yer kürəsinin orbitinə yüksəltmiş oldu. Indiyədək cəmi 10 dövlətin təmsil olunduğu “kosmos ölkələri ailəsi”nə gəlişimiz hər bir Azərbaycanlıya unudulmaz qürur hissi yaşatdı. Beləcə, “Azerspace” xalqımız və dövlətimiz üçün 2013-cü ilin iftixar mənbəyinə çevrildi.
Bu il ölkəmizin ictimai-siyasi və həm də sosial-mənəvi həyatınıda baş verən əhəmiyyətli hadisələrdən biri də cəmiyyətimizin siyasi yetkinlik və vətəndaşlıq məsuliyyətinin ən dəqiq indikatoru sayıla bilən Prezident seçkiləri oldu. Sentyabr ayından müxtəlif məzmunlu seçki sloqanlarının təqdim olunması ilə başlayan, seçicilərə ünvanlanan siyasi çağırışlarla və get-gedə güclənən siyasi ehtiraslarla müşayət olunan proseslər nəhayət, oktyabrın 9-da özünün kulminasiya həddinə çatdı və seçkiyə bir gün qalmış sakitləşərək seçicilərin qərarını gözlədi. Bütün prosesi səbrlə, təmkinlə izləyən, öz dövlətini və millətini sevən, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə çalışan Azərbaycan seçiciləri öz qərarını Ana Yasamızda nəzərdə tutulduğu kimi, öz səsləri ilə ifadə və təsdiq etdilər. Bu seçkilər Azərbaycan vətəndaşlarının ölkənin və xalqın gələcəyini düşünmək baxımından siyasi yetkinliyə, yüksək məsuliyyət hissinə malik olduğunu göstərən növbəti bir sınaq oldu. Nəticə xalqla dövlətin, vətəndaşla Prezidentin millətin taleyi haqqında arzu və düşüncələrində, niyyət və ümidlərində həmrəyliyini və vəhdətini nümayiş etdirdi. Bütün millətlərin əldə etməyə can atdığı bu vəhdətin əsasında Heydər Əliyevin 90-cı illərdə Azərbaycanı bir dövlət kimi qoruyub saxlaya bilməsi və son on ildə İlham Əliyevin onu dünyanın inkar edilməsi artıq heç cür mümkün olmayan bir dövlətə çevirməsi dururdu. Bu möhtəşəm vəhdət İlham Əliyevin dünya siyasətində apardığı çevik, qətiyyətli və cəsarətli siyasətindən, öz xalqına və millətinə sevgisindən, xalq qarşısında təvazökarlığından və xalqın ona sonsuz etimadından doğulmuşdu. Məhz belə bir vəhdət Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etməyə qadirdir. Əvvəlki on il ərzində dünya siyasətindəki mövcud reallıqları dəqiq qiymətləndirməklə, ölçülüb-biçilmiş, balanslaşdırılmış siyasət yolu ilə öz millətini və dövlətini tərəqqiyə və yüksək rifah cəmiyyətinə doğru inkişaf etdirməkdə İlham Əliyev Azərbaycana digər ölkələrin qibtə edə biləcəyi qədər böyük uğurlar qazandırmışdı. Azərbaycan vətəndaşı da özünün əsrlər boyu dəyişməz məziyyəti olan haqq və ədalət hisslərinə sadiq qalaraq İlham Əliyevin öz əməyi hesabına qazandığı halal haqqını onun özünə çatdırdı və növbəti dəfə onu ölkənin Prezidenti seçdi. Azərbaycan İlham Əliyevin yeni prezidentlik dövrü ilə daha böyük uğurlar əldə etmək üçün inkişafın yeni mərhələsinə qədəm qoydu.
Xalqın yüksək etimadının doğrulması özünü çox gözlətmədi. İlin son ayı möhtəşəm bir layihənin – XXI əsrin laylhəsi kimi qiymətləndirilən “Şahdəniz -2” Müqaviləsinin imzalanması ilə əlamətdar oldu. Ümumi dəyəri 45 milyard ABŞ dolları həcmində qiymətləndirilən və dünyanın indiyə qədər gerçəkləşdirilmiş enerji layihələri arasında kapital tutumuna görə ən irihəcmli layihə olan “Şahdəniz -2” Azərbaycan qazının qardaş Türkiyədən keçməklə birbaşa Avropaya çatdırılmasını nəzərdə tutur. Layihə bu günə qədər beynəlxalq qurumlar tərəfindən təsdiq edilmiş 3 trilyon kubmetrdən çox qaz ehtiyatlarımızın ən azı 100 il ərzində Avropaya ixrac edilməsi üçün unikal şərait yaradacaq və Azərbaycanı dünyada həm neft, həm də qlobal qaz ixracatçısı kimi tanıtdıracaq. Mərkəzi Asiyanın qardaş türk respublikalarının da gələcəkdə bu layihəyə qoşulması ehtimalı bu layihənin iqtisadi faydalılıq əmsalını dəfələrlə artıra bilər. İqtisadi əhəmiyəti qədər siyasi əhəmiyyəti də əvəzsiz olan bu layihə Xəzər bölgəsi ilə Avropa ölkələri arasında əməkdaşlığı yeni müstəviyə çıxaracaq və Azərbaycanın qlobal məkanda rolunu və nüfuzunu daha da artıracaqdır. Əgər 1994-cü ildə Azərbaycanda imzalanmış “Əsrin müqaviləsi” XX Əsrin ən önəmli layihəsi hesab edilirdisə, 17 dekabr 2013-cü ildə imzalanmış “Şahdəniz-2″ layihəsi üzrə investisiya qərarı həm ölkəmiz üçün, həm də bütövlükdə regionumuz üçün XXI əsrin ən nəhəng layihəsi oldu. Beləliklə, 2013-cü il Azərbaycanı bir daha qlobal siyasi-iqtisadi məkanın diqqət mərkəzinə gətirmiş oldu.
Əlbəttə, uğurlarımız sadaladığımdan daha çoxdur. Bütün bunlarla yanaşı il ərzində iqtisadiyyatımızın davamlı inkişafı, əhalinin gəlirlərinin artması, qeyri-neft sektorunun inkişafında əldə edilən nailiyyətlər, təhsil, səhiyyə və sosial müdafiə sistemimizdə baş verən irəliləyişlər və nəhayət, hər bir Azərbaycanlının daha təhlükəsiz və daha təminatlı əmin-amanlıq şəraitində yaşaması bu ilin ümumi mənzərəsinin digər nikbin çalarlarıdır. İlin nikbin sonluğu isə dünya Azərbaycanlılarının ən nikbin baxışlı öndəri Heydər Əliyevin həmrəylik çağırışının dünyanın hər tərəfindən gələn əks-sədaları ilə bitməkdədir. Əvvəlki onilliklər ərzində bayram etməyə alışdığımız “dünya zəhmətkeşlərinin həmrəyliyi” son nəticədə o insanların heç də həmrəy olmadığını və əslində belə bir həmrəylik üçün heç bir real əsasın da olmadığını göstərmişdi. Milli idealın və bu ideal uğrunda çarpışan ideyalogiyamızın mövcud olmadığı bir zamanda biz nədə həmrəy ola bilərdik?!. Indi dərk edirik ki, ortada heç bir real rəy olmadığından əslində hamımız bir şeydə - məhz rəysizlikdə həmrəy idik. Bu isə həmrəylikdən daha çox həmrəngliyə bənzəyirdi.
Indi isə dünya Azərbaycanlılarının həmrəyliyini bayram edirik və bu həmrəyliyimizin əsasında bir çağırışla Vətənimizi parça-parça hissələrdən toparlayıb vahid bir gücə çevirməyə və Yer kürəsinin hər bir guşəsində qərar tutmuş soydaşlarımızı da Azərbaycan amalı ətrafında səfərbər etməyə nail olmuş Heydər Əliyev zəkası durur. Yalnız bu il yox, elə 1993-cü ildən başlayaraq taleyimizdə yaşanan dönüş və bu günə qədər davam edən yüksəliş də məhz Milli Həmrəyliyimizin bəhrəsidir. Həmrəylik də bir mədəniyyətdir. Dinləmək, başqalarına məxsus olan dünyagörüşünü və baxış bucağını bölüşmək, milli mənafeyimiz naminə ümumxalq yolunu seçmək, Vətən üçün düşünmək, el üçün çalışmaq mədəniyyətidir Həmrəylik. Həmrəylik elə bir idealdır ki, o ancaq az məsələlərdə mümkün olur. Amma bu “az”lar xalqın tarixi taleyində çox böyük rol oynayan “az”-lardır və hər bir soydaşımızın qəlbində və şüurunda özünə yer tapan bu “az”-ların cəmindən böyük bir AZƏRBAYCAN sevgisi yaranır. Deməli, Həmrəylik bir sevgidir. Millətə, xalqa , dövlətə, bayrağa və nəhayət, insanın insana və İnsanlığa olan sevgisidir Həmrəylik. Bu sevgi ilə də soydaşlarımız ilin son günündə ən xoş arzularla dolu nəzərlərini Ana Vətənə yönəldir və Azərbaycanımızla fəxr edirlər. Beləcə həyatımızın daha bir ilini başa vurmaqda və Yeni ilə addımlamaq ərəfəsində - illərin qovşağındayıq. Ən xoş arzuların və niyyətlərin bir-birinə qovuşduğu bir zamanda Azərbaycanımıza və dünyanın bütün Azərbaycanlılarına sevgi dolu Həmrəylik, Yeni ildə isə yeni uğurlar, can sağlığı və səadət arzuları ilə,
Cavanşir Feyziyev
Millət vəkili, Fəlsəfə doktoru