“Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır… Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir”.
Mehriban Əliyeva
Azərbaycan qadını tarixən azad düşüncəli, təmiz qəlbli, nikbin ruhlu olmuş, mənsub olduğu ailənin, elin-obanın yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına önəmli töhfələr vermişdir. Türklərin qadına nəcib münasibətini aydın şəkildə ortaya qoyan “Kitabi Dədə Qorqud” dastanında da qadının cəmiyyətdə tutduğu üstün mövqe özünün real əksini tapmışdır. Burla Xatun, Banu Çiçək, Selcan Xatun kimi qəhrəman qadın obrazları, onların mübariz həyat tərzi, cəsur davranışları cəmiyyətdə qadınların hələ yüz illər bundan öncə kişilərlə bərabər hüquqlara, hətta daha mötəbər statusa malik olduqlarının əyani təzahürüdür. Bu faktlara sadəcə folklor yaradıcılığımızdan deyil, real həyatdan da kifayət qədər misallar gətirmək olar. Atabəylərin Möminə xatunu və Mehrican xatunu, XII əsr Şərq İntibahının Azərbaycan ulduzu Məhsəti Gəncəvi, XV əsr Ağqoyunluların Sara xatunu, Qarabağ Xanlığının sonuncu vərəsəsi – Xan qızı Natəvan, sovet sisteminin fədakar qurucularından və eyni zamnda qurbanlarından biri olmuş Ayna Sultanova, XX əsr Azərbaycan qadınının əldə etdiyi ən yüksək məziyyətləri özündə əks etdirən Zərifə xanım Əliyeva, yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış Aida İmanquliyeva kimi mötəbər xanımlar tariximizin müxtəlif dövrlərində cəmiyyətin və dövlətçiliyin təkamülündə aparıcı qüvvə kimi çıxış etmiş və özlərindən sonrakı nəsillər üçün Azərbaycan qadınının mükəmməl örnəyinə çevrilmişlər. Tariximizin həssas məqamlarında Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz iradə, əvəzsiz fədakarlıq, sonsuz vətənpərvərlik əsrlər ərzində ənənəyə çevrilib və milli dəyərimiz səviyyəsinə yüksəlib. Müasir dövlət quruculuğumuzda, cəmiyyətimizin siyasi-iqtisadi, mənəvi-sosial inkişafının müxtəlif sahələrində yorulmadan çalışan Azərbaycan qadını bu milli dəyərimizə sadiqliyini bu gün də nümayiş etdirməkdədir.
Bu baxımdan, öz yaradıcılıq enerjisini xalq və dövlət üçün, bu günkü və gələcək nəsillərın rifahı üçün hərtərəfli fəaliyyət proqramına çevirmək missiyasını öz üzərinə götürmüş Mehriban Əliyeva XXI əsr Azərbaycan qadınının ən parlaq obrazıdır.
Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycanın müasir tarixində qadın hərəkatının yeni bir səhifəsini başlamışdır. Mehriban Əliyeva bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir.
Onun bioqrafiyası Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi sistemli və aydın, bir-birini təkrarlamayan fəaliyyət zənginliyinə malikdir. Hələ 1995-ci ildə Azərbaycan Mədəniyyəti Fondunu təsis edən Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasını, incəsənətimizin inkişafı və təbliğini, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyasını fəaliyyətinin başlıca prinsipləri kimi müəyyənləşdirmişdi. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, onu bütün dünyaya tanıtdırmaq idi. Ölkəmizin müstəqilliyini yenicə bərpa etdiyi zamanlarda Mehriban Əliyevanın belə bir müqəddəs missiyanı üzərinə götürməsi onun zəngin mənəvi irsimizə sadiqliyinin bariz göstəricisi idi. Bu təşəbbüs xalqımıza azərbaycançılıq məfkurəsinin aşılanması, onun zəngin mədəniyyət tariximizlə mənəvi bağlarının möhkəmləndirilməsi yolu ilə Sovet hakimiyyətinin süqutundan sonra yaranmış ideoloji boşluğun aradan qaldırılması baxımından xüsusi önəm kəsb edirdi. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə “Azərbaycan-İrs” jurnalı işıq üzü görmüş, milli musiqimizin korifeylərinin albomları hazırlanmış, həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycan mədəniyyətini və tarixini təbliğ edən çoxsaylı təqdimat mərasimləri, sərgilər, festivallar, mədəniyyət günləri təşkil edilmişdir. “Bakı Muğam Mərkəzi”nin yaradılması, “Qarabağ xanəndələri” musiqili albomun buraxılışı, “Bakı payızı”, Beynəlxalq Bakı Caz festivallarının təşkili kimi ölkəmizin incəsənət tarixində xüsusi yer tutan mədəniyyət hadisələri Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə reallığa çevrilmişdir.
Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsində iştirakının təşəbbüskarı kimi çıxış etmiş Mehriban xanım Əliyeva bu musiqi yarışması vasitəsilə Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyada tanıdılmasına xüsusi səy göstərmişdir. 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban Əliyeva bu musiqi yarışmasının Azərbaycanda ən yüksək səviyyədə keçirilməsinə nail olmuş və müxtəlif məzmunlu beynəlxalq tədbirlərin təşkilində ölkəmizin qabaqcıl dövlətlərdən birinə çevrildiyini ortaya qoymuşdur.
Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi də fəaliyyəti peşəkarlıq və səmərəlilik baxımından xüsusilə diqqətəlayiqdir. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə Mehriban Əliyeva seçicilərin böyük səs çoxluğu ilə millət vəkili seçilmişdir. Bu, həm də xalq tərəfindən onun fəaliyyətinə verilmiş layiqli vətəndaş qiymətinin bariz nümunəsidir. Azərbaycan vətəndaşları bu seçimlə dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi işində həm ölkə başçısı İlham Əliyevin, həm də bütün təşəbbüslərində ona öz dəstəyini əsirgəməyən Mehriban Əliyevanın yanında olduğunu bir daha sübut etmişdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə Partiyanın sədr müavini olan Mehriban Əliyeva Azərbaycan siyasi elitasının aparıcı qüvvələrindən birinə çevrilmişdir.
Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban xanım Əliyeva humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etmişdir. Onun təşəbbüsü ilə hazırlanmış Amnistiya aktları 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə, ümumilikdə 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. Cəmiyyətə layiqli vətəndaş qazandırmağın onu cəzalandırmaqla deyil, bağışlamaqla, sosial həyata inteqrasiyasına lazımi şərait yaratmaqla mümkünlüyü düşüncəsində olan Mehriban Əliyeva hər zaman məsuliyyətli qərarlar qəbul etmək bacarığını nümayiş etdirmişdir. Azərbaycan Parlamentində “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı söylədiyi fikirlərlə Mehriban Əliyeva cəmiyyətdə humanizm prinsiplərinin rəhbər tutulmasının nə qədər önəmli olduğunu ifadə etmişdir: “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir”. Mehriban Əliyevanın simasında Azərbaycan qadını ilk dəfə olaraq humanist dəyərləri mənəvi kamilliyin əsas meyarı kimi önə çıxarır, ədalətli cəmiyyətin bərqərar edilməsinin zəruri şərtlərini müəyyən edir. Beləliklə, Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq, sosial-mədəni inkişafımızın dinamik qüvvəsinə çevrilir.
2004-cü ildə Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təsis edilməsi müasir Azərbaycan tarixinin əlamətdar hadisələrindən biridir. Heydər Əliyev Fondu Azərbaycanın dövlətçilik tarixini zənginləşdirmiş ümummilli liderimizin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək məramı ilə, ulu öndərin zəngin mənəvi-siyasi irsinin öyrənilməsi, milli dövlətçilik ideyalarının nəsildən-nəsilə ötürülməsi zərurətindən yaranmışdır. Fond ölkəmizin və müasir dünyanın yeni və qabaqcıl ideyalarla hərəkət edən ən innovativ təsisatlarından biri olaraq təhsil, mədəniyyət, səhiyyə, idman, elm və texnologiya, ekologiya və sosial sahələrdə cəmiyyət və dövlətimiz üçün aktual olan layihələrin həyata keçirilməsində təşəbbüskar və təşkilatçı qurum kimi çıxış edir. Xüsusi qayğıya ehtiyacı olan insanlara yardım göstərilməsi, Azərbaycan vətəndaşlarının yaradıcı potensialının üzə çıxarılması və inkişaf etdirilməsinə, mənəvi dəyərlərimizin qorunmasına dəstək verilməsi, azərbaycançılıq ideologiyasının təbliği Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətləridir. Fondun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi, o cümlədən, Müqəddəs Marçellinio və Pietro katakombalarının, Luvr muzeyinin bir hissəsinin bərpası Azərbaycanın nadir bir tolerantlıq məkanı kimi dünya miqyasında mədəniyyətlər və dinlərarası dialoqda oynadığı tarixi rolun göstəricisidir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində ölkə səhiyyəsinin inkişafı və təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi də xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. “Yeniləşən Azərbaycana yeni məktəblər”, Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi, Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin, Talassemiya Mərkəzinin tikilməsi, 50 mindən çox insana sağlamlığına qovuşması üçün zəruri dəstəyin göstərilməsi kimi vacib tədbirlər Mehriban Əliyevanın ölkəmizdə sağlam nəslin yetişməsinə verdiyi əhəmiyyətin parlaq təzahürüdür.
İdmana qayğı, ölkəmizdə sağlam nəslin yetişməsinə dəstək də Mehriban xanım Əliyevanın fəaliyyətində prioritet sahələrdəndir. O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Müvafiq olaraq, 2005, 2007, 2009 və 2014-cü illərdə gimnastika üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ölkəmizdə bu idman növünə marağın artmasında və Azərbaycanın idman ölkəsi kimi dünyada tanıdılmasında mühüm rol oynamışdır.
2013-cü ilin yanvarında dövlət başçısı cənab İlham Əliyevin Birinci Avropa Oyunlarının yüksək səviyyədə həyata keçirilməsini təmin etmək məqsədilə imzaladığı Sərəncama müvafiq olaraq Təşkilat Komitəsi yaradılmış və Mehriban Əliyeva həmin Komitənin sədri təyin edilmişdir. Dünyanın aparıcı şəhərlərində I Avropa Oyunlarına dair təqdimatların keçirilməsi Azərbaycanın dünyada tanıdılması üçün tarixi fürsət olmuşdur. Birinci Avropa Oyunlarına hazırlıq işlərinin mükəmməl şəkildə tamamlanması və bu mötəbər yarışın Olimpiya oyunları səviyyəsində təşkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin gərgin əməyi sayəsində mümkün olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir. Mehriban xanım Əliyevanın ölkəmizin ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunması Azərbaycanın Birinci xanımının fəaliyyətinə verilmiş ən yüksək dəyərdir. Bu mükafatla ölkə başçısı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərin Azərbaycan xalqı və dövləti üçün nə qədər əhəmiyyətli olduğunu göstərmişdir.
Mehriban Əliyevanın ictimai-siyasi-mədəni sahələrdə çoxsaylı təşəbbüslərin müəllifi kimi önə çıxması Azərbaycan qadınının inkişafı üçün yeni üfüqlər açmışdır. İdmandan təhsilə qədər, mədəniyyətdən səhiyyəyə qədər, xeyriyyəçilikdən multikulturalizm təşəbbüskarlığına qədər əhatəli fəaliyyət potensialına malik olan Mehriban Əliyevanın ölkəmizin bütün ictimai, siyasi, mədəni dairələri tərəfindən güclü Azərbaycan qadını kimi tanınması və sevilməsi ona göstərilən siyasi etimadın zəruriliyini doğurmuşdu. Məhz buna görə keçən ilin fevral ayında ölkə başçısının Fərmanı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti təyin olundu. Bu təyinatın xalq tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanması cəmiyyətimizdə Azərbaycan qadınına verilən yüksək dəyərin ifadəsidir. Bu təyinat Mehriban Əliyevaya öz işinə, uğrunda illərlə əmək sərf etdiyi ideallara xidmət etmək üçün daha geniş imkanlar açmaqla yanaşı həm də Azərbaycan qadınının öz üzərinə daha böyük məsuliyyət götürmək imkanlarını nümayiş etdirir. Mehriban Əliyeva bu gün Azərbaycan siyasətinin aparıcı simalarından biri kimi ölkəmizi beynəlxalq səviyyədə təmsil etməklə yanaşı ölkə daxilində aparılan islahatların sürətləndirilməsində də əvəzsiz rol oynayır. Təsadüfi deyil ki, təyinatdan sonra onun müzakirəyə çıxardığı ilk məsələlər də məhz cəmiyyətin social cəhətdən zəif təbəqəsinin, xüsusilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər oldu.
Mehriban xanım Əliyevanın maddi və qeyri-maddi irsimizin qorunması, Azərbaycan gerçəkliklərinin, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xeyriyyəçilik və humanitar təşəbbüslərin irəli sürülməsi kimi çoxşaxəli fəaliyyət dairəsi Azərbaycan xanımının tükənməz gücünü nümayiş etdirir. Bütün bunlar müasir Azərbaycan xanımının öz tarixi missiyasını ləyaqətlə davam etdirdiyini, milli-mənəvi dəyərlərimizin keşiyində cəsarətlə durduğunu göstərir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə idman, mədəniyyət, təhsil sahəsində və ümumiyyətlə, dünyada Azərbaycanın müsbət imicinin formalaşdırılması istiqamətində həyata keçirilən bütün tədbirlər ölkə ictimaiyyəti tərəfindən sevinc və fərəhlə qarşılanır. Xalqımız Mehriban Əliyevanın fəaliyyətinə layiqli qiymət verərək onun bütün təşəbbüslərini dəstəkləyir və onun şəxsində Azərbaycan xanımına ən yüksək hörmət və ehtiramını ifadə edir.
Mehriban xanımın ölkə və qlobal səviyyədə gördüyü işlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilməkdədir. O Fransanın “Şərəf Legionu” ordeninə və bir çox dövlətlərin orden və medallarına, çoxsaylı mükafatlarına layiq görülmüşdür. 2016-cı ildə Mehriban xanım Əliyeva Avropada idmanın inkişafına göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitəsinin ən yüksək mükafatı olan Ali Ordenlə təltif edilmişdir.
Mehriban Əliyeva ölkənin birinci vitse-prezidenti olmaqla bərabər, həm də nümunəvi anadır, məsuliyyətli vətəndaşdır, dünyəvi və dini dəyərlərimizə sadiq olan Azərbaycan qadınının yeni simasıdır.
Mehriban Əliyeva qadının ailədə rolu haqqında belə deyir: “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq, analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Bu yanaşma ilə, o Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailə amilinin nə qədər önəmli olduğunu diqqətə çatdırır.
Mehriban Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında vətənpərvərlik, bəşəri ideallara sadiqlik və eyni zamanda zərif bir humanizm dayanır. Vətənə məhəbbət, dövlətçiliyimizə sədaqət və xalq sevgisi Mehriban Əliyevanın ürəyinin çağırışıdır. Dövlətçılıyimizin möhkəmlənməsi, xalqın rifah halının durmadan yüksəlməsi və Azərbaycanın daimi yüksəlişi ədalət, mərhəmət və sevgi dolu bir ürəyin ən səmimi arzularıdır. Bu müqəddəs arzuların uğurla həyata keçməsi milyonlarla insanın ürəyində sevinc və minnətdarlıq hissi yaşadır. Bu gün milyonların ürəklərində səslənən ən xoş arzular xalq üçün, Vətənimiz üçün yorulmadan, usanmadan çalışan fədakar insana – Mehriban Əliyevaya ünvanlanır. Sonsuz xalq sevgisinə sahib olan Mehriban Əliyevaya milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə və xüsusən, Azərbaycan qadınının mənəvi yüksəlişinə xidmət edən yorulmaz fəaliyyətində davamlı uğurlar arzusu ilə,
Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru
26 avqust 2018