Böyük Dəhnə böyük bir kənddir. Onun böyüklüyü və əhalisinin çoxluğu kənd anlayışı ilə bir araya gəlməsə də o “kənd” adlanır. Bu yaşayış məntəqəsinin adi kənd kimi qəbul edə bilməməyin bir səbəbi də var. Burada yaşayan əhalinin davranışı, həyat və məişət tərzi çoxdan kənd anlayışını ötüb keçib. Bu münasibətlər, adətən kəndlərdə olduğu kimi, yalnız qohumluq və qonşuluq prinsiplərinə deyil, cəmiyyətin birgəyaşayış qaydalarına əsaslanan mədəniyyət üzərində bərqərar olub. Yüz illər boyunca burada yaşayıb yaradan, artıb-çoxalan və bir-birini əvəzləyən nəsillərin öz torpağına, öz ailəsinə və nəsil köklərinə bağlı olması onların kəndin hüdudlarından kənarlara çıxmasına, daha geniş cəmiyyətin fəal üzvlərinə çevrilməsinə heç zaman mane olmayıb. İndi Dəhnədə doğulub boya-başa çatmış insanların nəinki Azərbaycanın müxtəlif bölgələrində, hətta dünyanın bir çox ölkələrində yaşaması və çalışması da heç kimi təəccübləndirmir. Və bəlkə də artıq elə bir ailə yoxdur ki, onun digər bölgələrdə və ya bəzi xarici ölkələrdə yaşayan üzvləri olmasın. Bununla yanaşı, onların Dəhnəyə bağlılığı, orada yaşayan ailə üzvlərinə və həmyerlilərinə istiqanlılığı da heç zaman azalmayıb. Bunun da səbəbi var. Bu kənddən çıxanlar bu toplumun sağlam ənənələr üzərində yetişdirdiyi mədəniyyətin – Dəhnə mədəniyyətinin daşıyıcıları kimi öz elinə, öz yaxınlarına sədaqətli olmağı, öz yurdunu və elini sevməyi, dədə-baba yurduna etibarlı olmağı öyrənmişlər. Bu sevgini, bu etibarı onlara aşılayan, təlqin edən onların əsl-nəcabətindən gələn yurd sevgisidir, əvvəlki nəsillərdən əxz etdikləri ailə ənənələridir.
Böyük Dəhnə özü bir yaşayış məntəqəsi kimi sakinləri ilə bir-birindən azacıq fərqlənən məhəllələrdən ibarətdir. Hər məhəllənin heç bir sənəddə yazılmamış öz adı var və bu ad bir çox hallarda kökləri keçən əsrlərdə yaşamış bir ailəyə gedib çıxan bir nəslin soyadı ilə bağlıdır. Və ən maraqlısı da budur ki, şəcərə davamçıları təkcə öz əcdadlarının və ulu babalarının soyadlarını deyil, həm də onların həyat tərzini, fəaliyyət sahələrini, sənətkarlıq və yaradıcılıq ənənələrini davam etdirməyə üstünlük verirlər.
Özünəməxsus özəllikləri ilə seçilən belə məhəllələrdən biri də Zakir kişinin də mənsub olduğu Salahlılar məhəlləsidir. Təkcə Dəhnədə yox, bölgədə və ölkədə adı böyük ehtiramla çəkilən Zakir kişi və onun nəsil davamçıları da bir sıra keyfiyyətləri ilə digər nəsillərdən fərqlənir. Zakir kişinin güləriz, zarafatcıl, səmimi çöhrəsini hələ dülgər işlədiyi zamandan yaxşı xatırlayıram. O zaman mənim üç yaşım olardı. Atam dədə-baba yurdunda yeni ev tikdirirdi. Böyüklərin o qədər də diqqət kəsilmədiyi üç yaşlı uşaqla Zakir kişinin səbirli və mehriban danışıqları, gülməli zarafatları ən uzaq uşaqlıq həyatımın silinməz xatirəsi kimi hafizəmin bir küncündə hələ də yaşamaqdadır. Atamla bir-birinə “əmioğlu” deyə müraciət edərdilər. Oğlundan da nikbin, xoş ilğımlı Zərnigar xalanın da demək olar ki, hər gün bizə baş çəkməsi, saatlarla anamla oturub söhbətləşməsi, anamın ona xüsusi hörmətlə yanaşması vaxtilə babalarımızın yaxın qohum olduğuna şübhə yeri qoymur. Amma bayaq qeyd etdiyim kimi, Dəhnə mədəniyyəti o qədər sürətlə kosmopolitləşir ki, bu günkü nəsillər bir-birinə qohumluq əlamətlərinə görə yox, daha çox insani dəyərlərinə görə isinişirlər. Ona görə də bizim qohumluğumuzun tarixi keçmişə gedib çıxsa da, “əmioğlu” müraciəti hər iki ailənin davamçıları arasında bu günə qədər səmimiyyətlə və ehtiramla işlədilir. Yəni bizim ailələrimizi qohumluq əlaqələri ilə yanaşı, həm də insani dəyərlərə münasibətdə baxışların eyniliyi bir-birinə bağlayır. Beləliklə, Zakir kişi ilə Əyyub kişinin ailələri həm qohum və həm də dost ailələrdir.
Amma çox sonralar öyrəndim ki, Zakir kişi sadəcə dülgər deyildi. Hələ 70-ci illərdə SSRİ mədəniyyət Nazirliyinin rəhbərliyi altında Şəki Xan Sarayının bərpası üçün diqqətlə seçilmiş bərpaçılardan biri də elə Zakir kişi olmuşdu. 200 yaşlı unikal bir abidənin bərpa işlərini icra edən adam isə sadə bir dülgər deyil, bu sənəti, bu nadir memarlıq abidəsini sevən və onun sirrlərinə yaxşı bələd olan mahir bir sənətkar ola bilərdi. Zakir kişinin bu məharəti onu dülgərlik səviyyəsindən xalqın və hətta dövlətin də qəbul etdiyi sənətkar səviyyəsinə yüksəltmişdi. Amma Zakir kişinin istedadı bununla da məhdudlaşmırdı.
O təkcə tətbiqi sənətin və tarixi memarlığın sənətkarı deyildi. Yüzlərlə, minlərlə Dəhnəlinin hafizəsində Zakir kişi daha çox musiqi sənətkarı kimi canlanır. Heç bir xüsusi dəvət olmadan bütün sakinlərin üzünə açıq olan kənd həyətlərində, səhərdən başlayıb getdikcə şiddətlənən nağara-zurna səsi istisnasız olaraq bütün kənd əhlini “dədə - baba” toylarımıza çağırardı. Bir neçə gün davam edəcək toyların əsas qəhrəmanları isə tarixin dərinliklərindən süzülüb gələn bu möhtəşəm musiqini böyük həvəslə səsləndirən kənd musiqiçiləri idi. Zakir kişi bu musiqiçilər dəstəsinin heç vaxt dəyişməyən, öz işini böyük zövqlə görən və həmyerliləri tərəfindən sevilən daimi üzvü idi. O zamankı xalq musiqi sənətkarlığı da bu günkü kimi deyildi. Sadə kəndlilərin həvəslə və xüsusi bir şövqlə rəqs etdikləri zurna havaları - Tərəkəmə, Uzundərə, Şəki Yallısı toyların ən möhtəşəm musiqi nömrələri hesab olunurdu. Toya tamaşa edənlərin ən böyük əyləncəsi isə hər dəyişən musiqiyə uyğun olaraq zurnaçıların və nağarçıların üzlərində an-ba-an dəyişən mimikaları maraqla izləmək idi. Belə anlarda Zakir kişinin sanki musiqinin onun içindən süzülüb gəldiyini göstərən üz cizgiləri və əl hərəkətlərii onun musiqiyə böyük sevgisini, ifa edirkən sanki xəyallarında ulu babalarına qovuşmasını ifadə edirdi. Həyətə daxil olan hər bir qonağın yarım dəqiqəlik “Zorxana” ilə “salamlanması” isə xüsusi bir seremoniyanı xatırladırdı. Bu səhnəyə tamaşa edənlər musiqiyə müqəddəs sevginin təzahürünü məmnuniyyətlə seyr edirdilər. Zakir kişinin musiqi sevgisi sözün əsl mənasında müqəddəs bir sevgi oldu. On uşaqlı böyük bir ailənin hər bir üzvünə sirayət etmiş bu sevgi onların da qəlbində, həyatında özünə yer tapdı və bu gün onlar da Zakir kişinin bu müqəddəs duyğularını yaşamaqda və bu böyük sənəti yaşatmaqdadırlar.
Orta məktəbdə oxuyarkən bir çox şagirdlər kimi mən də məktəb bədii özfəaliyyət kollektivinin üzvü idim. Kitabxanada uzun-uzadı vaxt keçirər və heç kimin eşitmədiyini ehtimal etdiyim şeirlər seçərdim. Onlardan bəzilərini əzbərləyərək, bədii özfəaliyyət kollektivinin vaxtaşırı məktəbdə və kənd klubunda təşkil olunan konsertlərində ifa edərdim. Rəhimə, Gültəkin, Gülyaz, Gülyanaq isə müxtəlif illərdə bu kollektivin daimi üzvləri idilər. İstər məktəbdə, istərsə də kənd klubunda düzənlənən konsertlərdə bu qızcığazlar artıq az qala böyük sənətkarlar kimi qarşılanardı. Bu uğurlar onların adını Şəkidə də tanıtmışdı. Şəhər mədəniyyət şöbəsi özünün təşkil etdiyi ən mötəbər konsertlərdə Məmmədova bacılarının çıxış etməsini istəyər və onları tez-tez Şəkiyə dəvət edərdilər. Ona görə də bir gün ölkənin ən böyük salonunda – bu gün Heydər Əliyevin adını daşıyan möhtəşəm Sarayda Məmmədovların ailə ansamblı çıxış edəndə bu Dəhnədə heç kimi təəccübləndirmədi. Əksinə, hələ hamının evində televizorun olmadığı bir zamanda Dəhnəlilər bu koncerti izləmək üçün bir-birinin evlərinə toplaşar, konsertə tamaşa edər və öz həmyerliləri ilə ürəkdən öyünərdilər. Kənd yollarında Zakir kişi və Sevdayə xala ilə rastlaşan hər bir şəxs qızların istedadına heyran olduqlarını bildirər, onlara daha böyük uğurlar arzulayardılar.
O zaman məktəb yaşlı bütün uşaqlar dərsdən əlavə nə iləsə məşğul olardılar. Kimsə idmanla, kimsə musiqi və ya rəsmlə, kimsə də sadəcə mütaliə ilə. Lakin həm valideynlərin, həm də şagirdlərin demək olar ki, hamısı buna keçici bir hobbi kimi baxar, əsas məqsədlərini hər hansı bir ixtisas üzrə ali məktəbə daxil olmaq üzərində qurardılar. Zakir kişinin qızlarının – Rəhimə, Gülyaz və Gülyanağın isə bir-birinin ardınca Asəf Zeynallı adına musiqi məktəbinə və hamısının da məhz muğam şöbəsinə daxil olması istisna bir hal idi. Özləri bir-birindən nə qədər fərqli olsalar da, hamısının eyni məktəbdə eyni ixtisası seçməsi də bir az qeyri-adi görünürdü. Kifayət qədər ciddi baxışlı, səssiz-səmirsiz Rəhimə, olduqca şıltaq, amma dərin düşüncəli və zarafatcıl Gülyaz, səs-küylü və davakar Gülyanaq bacılarını bir amala doğru istiqamətləndirən, onları məhz musiqi sənətkarlığına sövq edən çox güman ki, atalarının klassik xalq musiqisini onlara sevdirə bilməsinin nəticəsi idi. Sonradan Rəhimə ailə həyatı qurması ilə əlaqədar bu yolu davam etdirməsə də, Gülyaz və Gülyanaq bacıları bu sənətə ömürlük bağlanmağı, bu sənəti həyatlarının mənasına çevirməyi bacardılar. Hamının arzuladığı və gözlədiyi kimi, uğurlar özünü çox gözlətmədi. Məmmədova bacıları tezliklə təkcə Dəhnəlilərin və Şəkililərin deyil, bütün ölkənin heyranlıqla izlədiyi böyük sənətkarlar kimi tanındılar. Böyük fədakarlıqla xalq musiqisinin bütün incəliklərini öyrənən bacılar az sonra bu qədim xalq sənətinin ecazkar gözəlliklərini ölkənin ən böyük səhnələrindən bütün xalqa təqdim etməyə başladılar. Hələ məktəbdə oxuyarkən digər şagirdlərdən seçildikləri kimi, xanəndə kimi də öz həmkarlarından fərqləndilər. İllər öncə, bir ailənin “Əhsən” mükafatını, daha sonra bir kəndin “Afərin” alqışlarını qazanmış bacılar artıq bütün xalqın ürəyini fəth etdilər. Bu böyük el məhəbbətini onlara qazandıran isə bacıların sadəliyi, əməksevərliyi, sənət yollarında qarşılarına çıxan əzab-əziyyətlərə fədakarlıqla qatlaşmağı və nəhayət, sevib-seçdikləri sənətin mahir ustadları səviyyəsinə yüksəlmələri oldu. Sənətə aludə olanlar da, bu sənəti seçib yüksək peşəkarlığa nail olmağa can atanlar da bunun nə qədər çətin olduğunu yaxşı bilirlər. Gülyaz və Gülyanaq bacılarını şəxsən tanıyanlar, onların həyat yoluna yaxından bələd olanlar öz heyranlıqlarını gizlədə bilmirlər. Ölkəmizin hər bir guşəsində onları böyük məhəbbətlə sadəcə “bacılar” adlandırırlar. Xalq tərəfindən onlara verilmiş bu “titul” öz-özlüyündə dərin bir məna daşıyır. Milyonlarla insanın ”bacıları” olmaq səadəti, milyonlarla insan tərəfindən bacı kimi sevilmək şərəfi heç də hamıya nəsib olan bir şöhrət deyil. Belə böyük xalq məhəbbətinin örnəyini Gülyaz və Gülyanaqdan başqa hələlik heç bir sənətçinin taleyində izləyə bilmirik.
Təxminən 10 il öncə Şəkidə yaxşı tanıdığım ziyalı bir insan mənə yaxınlaşıb mənimlə bir məsələ barəsində məsləhətləşmək istədiyini bildirdi. Mən məmnuniyyətlə onu dinləyəcəyimi bildirdikdən sonra sanki çox məxfi bir məsələ barəsində danışacaqmış kimi mənə yaxınlığımızda dayanan adamlardan bir qədər aralanmağı təklif etdi. Gülyaz və Gülyanağın mənim qohumlarım olmasını soruşub əmin olduqdan sonra birbaşa mətləbə keçdi. O, bacıların sənətkarlığına heyran olduğunu, müasir muğam səhnəsində onların yerinin xüsusi olduğunu vurğulayaraq, onlara bir sürpriz hazırladığını, lakin bunu onlara necə təqdim edəcəyini bilmədiyini söylədi. Sürprizin nədən ibarət olduğunu soruşanda o məni öz avtomobilinə dəvət etdi. Beş-on dəqiqə yol getdikdən sonra biz bir rəssam emalatxanasına gəlib çatdıq. Üzəri kətanla örtülmüş molberti mənə göstərərək dedi: “Mən bacıları necə təsəvvür etdiyimi bu tabloda çəkmişəm. Tablonun süjetini isə qədim bir rəvayətdən götürmüşəm”. Doğrusu, məni də maraq bürümüşdü. Rəssam sual dolu parıltılı gözlərini mənə zilləyərək, sanki mənim nə düşündüyümü üzümdən oxumağa çalışırdı. “Baxaq”- deyincə, o xüsusi bir ehmallıqla molbertin üzərindəki kətanı götürdü. Maraqlı bir kompozisiya ilə üz-üzə qaldıq. Təsəvvürümüzdəki cənnəti xatırladan gözəl bir təbiət səhnəsinin fonunda əllərində qaval tutmuş, xəfif təbəssümlü Gülyazın və Gülyanağın milli geyimdə, lakin ayaqyalın, suyun üzərində addımlayaraq sanki üstümüzə yeridiyini gördüm. Tanımadığım bir rəssamın təxəyyülündən doğan bu tablo dəqiqliklə mənim Gülyaz və Gülyanaq haqqındakı bilgi və təsəvvürümlərimi əks etdirmişdi. Rəssam çoxdan oxuduğum qədim bir rəvayəti elə həvəslə mənə danışırdı ki, onu saxlamağa qıymadım. Rəvayətin məğzi isə ondan ibarət idi ki, çox qədim zamanlarda bir obada gözəl bir qız yaşayıb. Gözəlliyi dillər əzbəri olan qızın sədası hökmdara çatanda o, qızın saraya gətirilməsini əmr edir. Görüncə, “bu ki, əsl mələkdir” - deyə heyrətlənən hökmdar bir könüldən min könülə ona vurulduğunu və onunla evlənmək istədiyini bildirir. Gənc qızdan rədd cavabı alınca çox məyus olur. Bütün saray əhli belə bir xoşbəxtliyin hər adama nəsib olmadığını və bunun inanılmaz bir fürsət olduğunu bildirməklə qızı dilə tutmağa çalışırlar. Lakin gənc mələk inadından dönməyərək bu təklifi qəbul etməyəcəyini bildirir. Aylar keçir, gənc qızın xiffətini çəkən hökmdarın qəlbindəki məhəbbət hissi getdikcə intiqam hissi ilə əvəzlənir. Saray əhli də hökmdarı bu xiffətdən xilas etməyin yolunu məhz qızın ölüm hökmü ilə cəzalandırılmasında görürlər. Lakin xalqın qəzəbindən qorxan saray əhli gənc qızın cadugər olduğu üçün ölümə məhkum olunduğunu elan edirlər. O zamankı inanclara görə, müttəhimin günahkar olub-olmaması müqəddəs hesab edilən su ilə sınağa çəkilərmiş. Müttəhimə dərin bir gölün üzərindən ayaqyalın addımlayaraq keçmək təklif olunurmış. “Müqəddəs su” müttəhimi öz ağuşuna aldıqdan sonra edama tamaşa etməyə toplaşmış camaatda onun günahkar olduğuna heç bir şübhə qalmazmış. Gənc mələyi də məhz belə bir ölüm gözləyirdi. Nəhayət, bütün obanın gözləri önündə gənc qıza ölüm gölünün üzərindən keçmək təklif olunanda o heç tərəddüd etmədən suya doğru addımlayır. Bir neçə dəqiqə keçdikdən sonra “cadugərin” suda boğulacağını gözləyən vəzir-vəkillər və əhali get-gedə heyrətə qərq olurlar. Gənc mələk sanki quruda addımlayırmış kimi suyun üzəri ilə çox rahat ayaqyalın addımlayır və gölü keçib öz yoluna davam edir, tədricən gözdən itir. Və beləliklə, günahsızlığın, saflığın və ləyaqətin rəmzi olan müqəddəs su gənc mələyi hökmdarın zülmündən xilas edir.
Rəssamın rəvayətdəki mələk obrazı ilə eyniləşdirdiyi və kətana köçürdüyü Gülyaz və Gülyanaq obrazları çox uğurlu alınmışdı. Rəssamı uğurlu tapıntısına görə təbrik etməklə bərabər həm də düşündüm ki, doğrudan da bu rəvayət Gülyaza və Gülyanağa çox yaraşır. Onlar da öz inadından dönmədilər, hələ uşaqlıq dövründən könüllərinə hakim kəsikmiş sənət sevgisinə sadiq qaldılar. Etiraz və qadağalara məhəl qoymadılar, qarşılarında duran çətinliklərdən qorxmadılar, dönmədən öz məqsədlərinə doğru can atdılar və nəhayət, milyonların ehtiramını və sevgisini qazandılar. Təmənnasız ümumxalq məhəbbətini qazanmaq rəvayətdə deyildiyi kimi, çox çətin sınaqlardan keçməklə qazanılır. Bacılar üçün bu sınaqlar artıq keçilmiş yoldur. Bu yolu onlar məharətlə, ləyaqətlə və böyük uğurlarla keçiblər. Gülyaz özünün iyirmi ildən artıq səhnə həyatında yorulmadan çalışıb. Dahi Üzeyir bəyin Leylisini, “Arsın mal alan”nında Tellini, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasında Şahsənəmi, unudulmaz Şəfiqə Axundovanın “Gəlin qayası”nda Gülbaharı, Ramiz Mustafayevin “Vaqif”, Üzeyir Hacıbəylinin “Koroğlu”, Vasif Adıgözəlovun “Natavan” operalarında və eləcə də “Rast” baletində Xanəndə qız obrazlarını böyük uğurla yaradıb, öz qəhrəmanlarının obrazını səhnədə öz həyatı kimi yaşayıb. 20 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olan Gülyazın onlarla tələbələri də artıq musiqi ictimaiyyətinin və xalqın rəğbətini qazanmışlar. Azərbaycanın bütün bölgələrindəki ən ucqar kəndlərdən tutmuş ölkənin ən möhtəşəm saraylarına qədər bütün səhnələri öz istedadları ilə fəth etmiş Gülyaz və Gülyanaq bacıları milli musiqimizin ən gözəl nümunələrini dünya paytaxtlarında – London, Nyu-York, Paris, Frankfurt, Hanover, Berlin, Vena, Strasburq, Stokholm, Oslo səhnələrində məharətlə səsləndiriblər. Vilnus, Kiev, Minsk, Kişinyov, İstanbul, Ankara, Daşkənt, Almaatı, Aşqabad, Tbilisi şəhərləri Məmmədova bacılarını ayaq üstə alqışlayıblar. Gülyaz və Gülyanaq bacılarının Moskva, Sankt Peterburq, Ekaterinburq, Sıktıvkar şəhərlərində dəfələrlə baş tutan konsertləri hər dəfə anşlaqla müşaiyət olunub. Buenos-Ayres, Braziliya kimi ölkəmizdən çox-çox uzaqlarda yerləşən şəhərlərin musiqisevərləri Gülyaz və Gülyanaq bacılarının istedadına heyran qaldıqlarını məmnuniyyətlə söyləyiblər. Dünyanın dörd bir tərəfində milli mənsubiyyətindən asılı olmayaraq bütün tamaşaçıların qəlblərini riqqətə gətirən ecazkar muğam incilərimizi sevə-sevə təqdim edən Məmmədova bacıları sözün əsl mənasında Azərbaycanın musiqi mənəniyyətinin elçiləridir. Daşıdıqları bu böyük və şərəfli missiyanı milli musiqimizə məhəbbətlə və ləyaqətlə həyata keçirən Gülyaz və Gülyanaq bacıları hələ uzun illər tamaşaçıları heyrətləndirməyi, bu məhəbbəti gənc nəslə - öz tələbələrinə aşılamağı yorulmadan davam etdirəcəklər. Bacıların bu nəcib işə sərf etdikləri gərgin əmək onların milli mədəniyyətimizə verdiyi əvəzsiz töhfə olmaqla yanaşı, həm də onların həyat tərzi, həyat amalıdır. Əminəm ki, bu yolda onları hələ çox uğurlar gözləyir. Bütün xalqımızın sevimli bacılarına - musiqi mədəniyyətimizin tədrisi və təbliği yolunda görünməmiş bir fədakarlıqla, yorulmadan çalışan Gülyaza və Gülyanağa ən möhtəşəm sənət uğurları və səadət arzuları ilə,
Cavanşir Feyziyev
Fəlsəfə doktoru
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü.