Dünya tarixini türk tarixi olmadan təsəvvür etmək mümkün olmadığı kimi, dünya mədəniyyətini də türk mədəniyyəti olmadan təsəvvür etmək mümkün deyil. Dünya mədəniyyəti tarixinin antik zamanlardan ta müasir dövrümüzə qədər hansı çağına baxsan, orada türk mədəniyyətinin özünəməxsus yerini görəcəksən. Ümumtürk mədəniyyətini seçkin sivilizasiya nümunəsi kimi təşəkkül etdirən tarixi-coğrafi şərait lap əvvəldən elə formalaşmışdır ki, bu şəraitdə onun zaman-zaman özünü inkişaf etdirməsi, böyüyüb genişlənməsi üçün türk superetnosunun yaradıcı-passionar enerjisi kifayət qədər bol və coşqun olmuşdur.
Türk mədəniyyəti inkişaf etdikcə, dolğun sivilizasiya keyfiyyətləri və ölçüləri əldə etmişdir. Lakin türk sivilizasiyası nə qədər genişlənib zənginləşsə də, yeni əlamət və xüsusiyyətlər qazansa da, nüvəsindəki türk mədəniyyətinin ulusal qaynağını heç vaxt itirməmişdir. Türk superetnosunun tarixi diferensiasiyası – yəni bu superetnosa mənsub xalqların yaranması və onların milli mədəniyyətlərinin formalaşması Avrasiyanın universal etnomədəni sistemini də daim təkamül etdirən proses olmuşdur. Ayrı-ayrı milli türk mədəniyyətləri – ümumtürk mədəniyyətinin etnogenetik nüvəsini hifz edərək özündə yaşatmışdır. Bununla da, həmin mədəniyyətlər arasında diferensiallaşmanın zəruri məqamlarda inteqrallaşması eyni prosesin özünəqayıdışı kimi təbii və ahəngdar olmuşdur. Türk identikliyinin belə bir xüsusiyyəti bizə həm də türk tarixinin diqqətəlayiq bir reallığını da əsil dəyərində dərk etməyə kömək edir. Necə olub ki, türklər belə sürətlə və çevikliklə imperiyalar qurmuş və onları bir-birinə modifikasiya edə bilmişlər? – sualının cavabı da bu itirilməz xüsusiyyətdədir. Dil və mədəniyyətcə bir-birinə çox bağlı, hətta doğma olan türk uluslarını vahid bir bayraq altına gətirmək, onları daha optimal siyasi konfiqurasiyada təşkil etmək türk öndərlərinə elə də çətin olmamışdır. Onların ayrılıb müstəqilləşməsi də, birləşib vəhdət halına gəlməsi də real tarixi-siyasi şəraitdən asılı olaraq, öz təbii axarında baş vermişdir. Buna görə də türk dövlətləri və imperiyaları böyüyüb genişləndikcə, hər zaman budaqlanıb şaxələnməyə və eləcə də birləşib sistemləşməyə eyni dərəcədə hazır olan türk sivilizasiyası da universallaşma potensialı üzərində öz identikliyini qoruya və özgür türk mədəniyyətinin dayaqları üzərində yüksələ bilmişdir.
Bu fikrin başqa variasiyasında biz deyə bilərik ki, türk dövlətləri və imperiyalarının yaradıcıları – həm də türk sivilizasiyasının yaradıcılarıdır. Çünki bu siyasi quruluşlar türk superetnosunun çox geniş Avrasiya məkanında sivilizasiya yaratmasına böyük imkanlar açmışdır. Türk sivilizasiyasının ən qüdrətli, ən yenilməz, tarixin bütün sınaqlarından çıxaraq, daim təkmilləşməyə qadir forması da – yenə Türk Dövləti, Türk Dövlətçiliyidir. Türk Dövlətçiliyi – türk sivilizasiyasının onurğa sütunudur. Dünya mədəniyyətinin inkişafı tarixində türklərin ən böyük rolu da başlıca olaraq onların dövlətçilik ənənələri ilə bağlıdır. Dünyanın türklərlə münasibətdə olmuş xalqları bu dövlətçilik ənənələrini mənimsəmiş və özlərinin siyasi praktikasında istifadə etmişlər.
Lakin türk mədəniyyətinin daxili zənginliyi təkcə dövlətçilik mədəniyyəti ilə bitmir. Türk mədəniyyəti – dövlətçilik mədəniyyəti, sosial-siyasi mədəniyyət, iqtisadi mədəniyyət, mənəvi mədəniyyət, bədii mədəniyyət, bilgəlik (humanitar) mədəniyyəti, ekoloji mədəniyyət və s. qatlara malikdir. Türk dünyasının mədəniyyət sərvətlərini, mədəni-intellektual həyatını tarixi-kulturoloji planda araşdıran alimlər həmin qatları incələyərək bu qənaətə gəlirlər ki, türk sivilizasiyası – dünya sivilizasiyaları arasında həm öz seçkinliyini saxlayan, həm də həmin sivilizasiyaların universal keyfiyyətlərini mənimsəyərək, özündə sintezləşdirməyi bacaran unikal hadisə olmuşdur.
Türklərin dövlətçilik mədəniyyəti – başlıca olaraq, ulusal dövlət ənənəsində unitar-iyerarxik prinsipi rəhbər tutmaq və idarəetmənin təşkilində inzibati sistemin dayanıqlığını saxlamaq kimi “qızıl qaydaya” söykənir.
Türklərin sosial-siyasi mədəniyyəti – başqa ənənəvi cəmiyyətlərdən, məsələn, hindlilər, çinlilər, yunanlar və romalılardan fərqli olaraq, ictimai strukturun mütləq dərəcədə siniflərə, təbəqələrə bölünməsinə deyil, insanların cəmiyyətdə və dövlətdə tutduğu rola görə onların sosial statusunun müəyyənləşdirilməsinə əsaslanır. Fikrimizcə, keçmiş zamanlarda bir qayda olaraq, köçəri (“köçəbə”) həyat tərzi keçirən türklərin “çöl demokratiyasının” bu prinsipi oturaq həyat tərzinə alışan ənənəvi cəmiyyətlərin getdikcə donuqlaşmış, daşlaşmış prinsiplərindən üstün olduğundan, türk passionarlığı daha çevik özünütəşkilə qadir olmuş, həm də bu üstünlük türklərin qalibiyyətinə meydan açmışdır.
Türklərin iqtisadi mədəniyyəti – onların dövlət və imperiyaları yaranıb genişləndikcə, öz formasını dəyişmiş, yəni köçəri maldarlıqdan şəhər ticarəti və memarlığa qədər inkişaf etmişdir. Türklər zəhmətkeş insanlar olmuş, tarixin heç bir zamanında, demək olar ki, aclıq çəkməmiş, özlərini dolandırmaq üçün zəruri təsərrüfatçılıq mədəniyyətinə sahib olmuşlar. Tarixi türk imperiyalarının özlərinin çiçəklənmə dövrlərində dövləti və ordunu saxlamaq üçün kifayət qədər iqtisadi potensiala malik olmuş, türk şəhərləri – Səmərqənd, Buxara, Təbriz, Gəncə, İsfahan, İstanbul, bir vaxtlar Aqra, Bağdad və s. nəinki həmin ölkələrin, ümumən dünyanın ticarət, elm və mədəniyyət mərkəzləri olmuşlar.
Türklərin mənəvi mədəniyyəti – onların əxlaq və mənəviyyatının, ailə və cəmiyyət quruluşunun, ulusal ənənələrə sadiqlik xarakterinin bütün zənginliklərini özündə ehtiva edir. Türklərin əxlaq yasası onların mənəvi həyatının yazılmamış, lakin hamının riayət etməyə borclu olduğu qaydalar toplusudur. İnsanın ailədə, cəmiyyətdə və dövlətdə eyni dərəcədə, lakin fərqli statusda məsuliyyət daşıması, özünü ictimai münasibətlərin ayrılmaz həlqəsində görməsi – onun daxili vicdanının daim oyaq olması, özünə hesabat verməsi kimi təqdir edilir.
Türklərin bədii mədəniyyəti – dünya mədəniyyətində orqanik bütövlüyü yaradan ən güclü seqmentlərdəndir. Bəşər sivilizasiyasının yaşıdı – Pazırık kurqanından tutmuş Tac Mahal kompleksinə, Təbriz miniatür məktəbinə qədər, ilk türk yazılı abidələrindən tutmuş Çingiz Aytmatova qədər... türk bədii mədəniyyətinin yetirdikləri sivilizasiya düşüncəsini daim cilalayan estetik qaynaqlardır. Ulu türk dilinin kökü üzərində boy atıb şaxələnən türk milli ədəbi dillərinin hər biri poetik sənətkarlığın yüksək səviyyəsini əldə etmiş və bu dillərdə türk və dünya mədəniyyətinin şedevrləri yazılmışdır. Türk klassik bədii mədəniyyəti türk sivilizasiyasının estetik arsenalını yaratmış və bu arsenal üzərində həmin mədəniyyətin yeni zamanlara doğru modernləşməsi öz təbii səciyyəsində mümkün olmuşdur.
Türklərin bilgəlik (humanitar) mədəniyyəti – elmi-intellektual təcrübənin yaranması, toplanması və ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bilgə – dolğun həyat təcrübəsinə malik, biliyə sahiblənmiş, bilgəlik mərtəbəsinə yüksəlmiş alimdir, müdrik insandır. Bilgəlik düşüncəsi – cəmiyyətin rasional dayağıdır, onu zəka meyarı ilə təmin edən, sapıntı və ifratlardan qoruyan təfəkkür tərzidir. Bilgəliyin humanitar funksiyası bundan ibarətdir ki, o, insanlararası, cəmiyyətlərarası münasibətləri tənzimləməyin, düzgün fəaliyyət formalarını seçib həyat praktikasına gətirməyin vasitələrini axtarır, tapır və tətbiq edir. Ona görə də türk cəmiyyəti Bilgəyə inanır, onun müdrik sözünə etibar edir. Bu isə cəmiyyəti təsadüflərə sıçramaqdan, “həddi aşan” hərəkətlərə yol verməkdən sakındırır, onu optimal variantların seçiminə istiqamətləndirir.
Türklərin ekoloji mədəniyyəti – təbiətə ziyan vurmadan, “təbiətin evində” yaşamağın düsturunu təsbit edir. Türklər tarixən sivilizasiyanın təbiətlə harmoniyasına üstünlük vermiş, təbii çevrənin saflığını onlar ailə müqəddəsliyi qədər qorumuşlar. Türklər “sivilizasiya marafonundan” geri qaldıqlarına görə deyil, “sivilizasiyanın tüstüləməsini” qabaqcadan, instinktiv olaraq hiss etdiklərinə görə, texnologiyalar əsrinə qədəm qoymaqda tərəddüd etmişlər. Bu səbəbdən də urbanizasiyanın acı nəfəsi son zamanlara qədər türk dünyasının təbii və sosial ekologiyasını poza bilməmişdi.
Türk superetnosunun mədəniyyətyaradıcı dühası dünya sivilizasiyasını təkcə milli və universal dövlət ənənələrinin yaşadılması, ötürülməsi və təkmilləşdirilməsi ilə, ayrı-ayrı möhtəşəm elm və sənət abidələri ilə deyil, həyat tərzinin yüksək əxlaq və mədəniyyət ölçülərinə, davranış etikasına, sosial fəaliyyət əmsalına malik olması ilə, digər cəmiyyət və xalqlarla münasibətlərin dərinliyə və həssaslığa yetməsi ilə də zənginləşdirib. Buna görə də təəssüf edirsən ki, bəzən qədim sivilizasiyaların tarixinə həsr olunmuş tədqiqatlarda, dərslik və toplularda türk sivilizasiyasına yer verilmir və ya kifayət qədər diqqət yetirilmir. Məsələn, şərqşünas və antikşünasların birlikdə hazırladıqları “Antik sivilizasiyalar” adlı ensiklopedik kitabda məhz belə edilmişdir [13]. Burada hətta türk sivilizasiyasının ana vətəni Mərkəzi Asiya sivilizasiyasından danışılsa da, yəqin ki bilərəkdən, həmin tarixi-mədəni məkan (başlıca olaraq, Türküstan!) tamamilə əsassız olaraq, “Baktriya, Parfiya, Soqdiya və Xarəzm (?!) yerli mədəniyyətlərinin” adı ilə bağlanmışdır [13, s.208-209]. Maraqlıdır ki, istinad edilən abidələrin tapıldığı tarixi dövr də (b.e. IV-V əsrlər), coğrafi məkan da (“Qara Təpə”, “Torpaq Qala”), həmin abidələrdə təsvir olunan insanların antropoloji xüsusiyyətləri də kompası Türkün üzərinə tuşlayır. Həm də türk sivilizasiyasının bu regiondakı tarixi daha qədimdir (e.ə. II-I minillik!) və daha dərin, daha silinməz iz qoymuşdur. Əlbəttə, hind-avropalılara mənsub qədim xalqlar da müəyyən tarixi dövrlərdə həmin ərazilərdə yaşayıblar, ancaq elm birmənalı şəkildə sübut edir ki, Mərkəzi Asiya – türk sivilizasiyasının tarixi yurdudur. Məhz bu “mərkəzdən” türk sivilizasiyası Avrasiyanın genişlənən hüdudlarına böyüyə-böyüyə inkişaf etmiş, min illər ərzində kontinentin dominant sivilizasiyası olmuşdur.
Buna görə də klassik türk siyasi mədəniyyəti ilə yeni dövr türk siyasi mədəniyyəti arasında varisliyi müasir türk dövlətçiliyinin strateji doktrinasında aydın şəkildə təsbit edən Mustafa Kamal Atatürk indiki və gələcək nəsillərə türk sivilizasiyasının möhtəşəmliyini dərk etmək və ulusal yaddaşını onun təməli üzərində bina etmək vəzifələrini vəsiyyət etmişdir: “Böyük dövlətlər quran əcdadımız – böyük və qapsamlı mədəniyyətlərə də sahib olmuşdur. Bunu aramaq, tədqiq etmək, Türklüyə və cahana bildirmək bizlər üçün bir borcdur... Türkləri bütün dünyaya geri qalmış bir millət olaraq tanıdan görüş bizim də içimizə girmişdir. Dörd yüz çadırlıq köçəri bir qəbilədən bir imperatorluq və millət tarixini başlatmaq sürəci ilə Osmanlı imperiyası zamanında türklərin görüşü də bu mərkəzdə idi. Hər şeydən öncə, millətə tarixini, əsil bir millətə mənsub olduğunu, bütün mədəniyyətlərin anası olan mütərəqqi bir millətin övladları olduğunu öyrətməliyik” [6, s. 175]. Məhz dövlət siyasəti səviyyəsində ümumtürk mədəniyyətinin öyrənilməsinə Atatürk yanaşması meydana çıxdıqdan sonra bu istiqamətdə həlledici dönüş yaranmış, müasir dövrümüzdə isə müstəqil türk dövlətlərinin humanitar institutları türkşünaslığın Avropa və Rusiya türkologiyasından fərqli (yəni ideoloji birtərəflilikdən təmizlənmiş) konsepsiyalarını hazırlayaraq, vüsətli araşdırmalara meydan açmışlar. Bu araşdırmalar sayəsində ümumtürk mədəniyyəti özünün əsil dəyərində dərk olunmaq və tanıdılmaq imkanları əldə edir.
Müasir türkşünaslığın korifeylərindən Bəhaəddin Ögəlin “Türk mədəniyyət tarixinə giris” adlı 9 cildlik fundamental əsəri bu baxımdan böyük əhəmiyyət kəsb edir. Professor Bəhaəddin Ögəl uzun illərin araşdırmaları nəticəsində ərsəyə gəlmiş külliyyatında ümumtürk mədəniyyətinin tarixən qazandığı əsas xüsusiyyətlərini tam dolğunluğu ilə anlamağa kömək edən fakt və prosesləri ən kiçik detallarına qədər təsvir və təhlil etməyə çalışır, çox zəngin materiallar əsasında nəzəri ümumiləşdirmələr aparır. Külliyyat hunlar və göytürklərdən osmanlılara qədər türklərin köçəri həyat tərzi, yaylaq və qışlaq həyatı, şəhər və kənd həyatı, arabaçılıq, şəhərsalma və qalaqurma mədəniyyəti, şəhərlərdə küçələrin döşənməsi, bazarlıq və dükan yerlərinin seçimi, yol və karvansarayların, poçt (məlumat ötürülmə) məntəqələrinin quruluşu, vaxt və tarixin hesablanması, coğrafi istiqamətlərin təyin edilməsi, çadır və evlərin tikilməsi, mənzildə ailə strukturuna və əxlaqi meyarlara uyğun olaraq otaqların yerləşdirilməsi, evin və həyət quruluşunun həyat şəraitinin bütün tələblərinə cavab verməsi, qapı, pəncərə, tavan, divar və s. ev hissələrinin milli ornamentlərlə bəzədilməsi, bütövlükdə memarlıq mədəniyyəti, hamam və təmizlik mədəniyyəti, quyu, bulaq, hovuz və süni gölməçələrin salınması, toxuculuq (xalı, xalça, kilim, cecim, keçə, həsir...), geyim, yataq və bəzək (bəzənmə) mədəniyyətinin bütün incəlikləri, ev avadanlıqlarının (sandal, masa, boğça, sandıq, dolab, çıraq, lampa, çanta...) hazırlanması, genişspektrli təsərrüfat (əkinçilik, maldarlıq, bağçılıq, arıçılıq...) mədəniyyəti, təbiətlə davranış, fəsillərə uyarlıq mədəniyyəti, qida hazırlama, mətbəx və yemək mədəniyyəti, tuğ (gerb) və bayraq mədəniyyəti, ordu və hərb mədəniyyəti, dövlət, toplum və ailə əxlaqının təməlləri, xalq musiqisi alətləri və zərif sənət anlayışlarının təkamülü haqqında çeşidli aramaları və müfəssəl qənaətləri bizə təqdim edir [10]. Aydın olur ki, elmi-humanitar və bədii-estetik dünyagörüşünü inkişaf etdirə biləcək bütün amillərin ümumtürk mədəniyyəti kompleksində sistemli dərki bu mədəniyyətin özgürlüyünü və onun dünya mədəniyyətinə təbii-rasional mahiyyətində üzviləşə bildiyini təsdiq edir.
Mətin Aydoğanın “Türk sivilizasiyası” kitabında türklərin tarix boyunca yaratdığı çeşidli mədəniyyətlərin özəllikləri təhlil olunur, bu mədəniyyətləri universal sivilizasiya qapsamına və qavramına gətirən təməllər üzərində dayanılır [7]. Mətin Aydoğanın gəldiyi ən mühüm qənaət bundan ibarətdir ki, türk sivilizasiyası – yaranışından seçkin bir sivilizasiya formasına və məzmununa malik olduğundan, onun bütün sonrakı inkişafı dünya sivilizasiyaları ilə intensiv münasibətlərdə həmişə özünüdərinləşdirmə və özünükamilləşdirmə xarakteri daşımış, həmin münasibət və toqquşmalarda seçkinlik xüsusiyyətlərini itirməməyə çalışmış, öz yolu, məsləki, idealları olan bir sivilizasiya külçəsinə çevrilmişdir. Türk sivilizasiyasının dəyərlərinə dünyada göstərilən ehtiram bu sivilizasiyanın daşıyıcılarının digər mədəniyyət və sivilizasiyalara ehtiramı səviyyəsində yüksək olmuşdur.
Dünya mədəniyyətinin inkişafı tarixində türklərin mövqeyini müəyyən edən başlıca xüsusiyyətlərdən biri də budur ki, onların qurduğu dövlət və imperiyalar bilavasitə türk sivilizasiyasının “ölçüləri” daxilində olduğundan, ümumtürk siyasi mədəniyyətinin keyfiyyətlərini daşıdığından, türk dünyası hətta fərqli siyasi sistemlərdə belə öz spesifik oriyentasiyasını ifadə edə bilmiş, məhdudiyyətlər və labirintlər arasında sıxılmamışdır. Digər etnosların da bu sosial-siyasi quruluşların dil və mədəniyyət sferasına daxil olmasına burada heç bir maneə törədilməmişdir. Türklərin əzəli tolerantlığı onların yaratdığı dövlət və imperiyaları sözün əsl mənasında müxtəlif dil və mədəniyyətlərin universal cazibə mərkəzinə çevirmişdir. Erkən türk sosial-siyasi sistemləri inkişaf etdikcə, bu sistemlər türklərin özünün və qeyri-türklərin etnomədəni inteqrasiyasını zəruri olan qanunauyğunluq halına gətirmiş, müxtəlif dil və mədəniyyətlərin “türk universimunda” şəbəkələnməsi türk sivilizasiyasının özünün və bu sivilizasiyanın hakim dilinin – türcənin universal mədəniyyət dili kimi təkamül məntiqini meydana çıxarmışdır. P.B.Qoldenin “Dünya tarixində Mərkəzi Asiya” monoqrafiyasında göstərdiyi kimi, bu həqiqəti unutmaq olmaz ki, türklərin Mərkəzi Asiyanın dominant siyasi qüvvəsinə çevrilməsi – “türk dilinin də siyasi cəhətdən dominant dilə çevrilməsini” [17, s.91] şərtləndirmişdir.
Törə və Yasa – universal türk dövlətlərinin müasir anlamdakı sosial qanunlar məcəlləsi və konstitusiyası olaraq, bu dövlətlərdə yaşayan bütün xalqların və toplumların ictimai münasibətlərini tənzimləyən normalar olmuşdur. Türk dövlətçiliyinin oxu ətrafında sosial-mədəni sistemin sərbəst hərəkəti mümkün olmuş, dil və mədəniyyət düşüncəsi də bu hərəkətin ritminə uyğun olaraq öz trayektoriyasını cızmışdır. “Çöl imperiyalarının” daim irəli çapan atları öz kişnərtisində türk mədəniyyətinin özəlliklərini yeni məkanlara daşımış, hər yeni məkanda həmin mədəniyyətin yaşıl vahələri yaranmışdır.
Türk mədəniyyətinin Avrasiyanın ən müxtəlif məkanlarında öz spektrini yaratması nəinki keçmişdə, hətta dövrümüzdə də bu kontinentin müxtəlif koordinatlarında türk mədəni “landşaftını” bütün yüksəkliklərdən görməyə imkan verir. Türklərin mədəniyyətyaradıcı fenomenallığı – onların imperiyayaradıcı fenomenallığının davamı kimi meydana çıxır. Türklərin fəth etdiyi ərazilər yeni türk dövlətlərinin və yeni türk mədəniyyətlərinin yurdları olur. Lakin bu yurdlar ilk türk ocağının işığını Qutsal Nur kimi öz varlığında yaşadır. Görkəmli fransız alimi Rene Qrusse türklərin öz dövlətçilik mədəniyyətinin ənənələrinə yüz illər boyunca sadiq olmasını və ən müxtəlif tarixi-siyasi şəraitdə bu ənənələri yeni biçimdə tətbiq edərək yaşatmasını onların ən mötəbər özgürlüyü kimi səciyyələndirir [18, s.148-170]. Türklər, həqiqətən də, dünya mədəniyyətinə verdiklərinin və ondan aldıqlarının tarazlığında özlərinin həyat və hərəkət modellərini qurmağı bacarırlar. “Retrospektdə (geriyə baxıb özünü təşkil etməkdə) türk karvanı” necə tədbirlidirsə [16, s.224-237], prospektdə (irəliyə baxıb özünü təşkil etməkdə) də onun kompası düzgün koordinatlar üzrə hərəkət etdirir. “Dünya tarixində türklər” monoqrafiyasının müəllifi, professor K.V.Findli əsərinin adından da göründüyü kimi, türklərin dünya tarixində rolunu müəyyənləşdirərkən belə bir doğru nəticəyə gəlir ki, onların keçdiyi tarixi həyat yolu – həm də yaratdıqları mədəniyyətin “yuvasını” daim dünya mədəniyyətinin içərisində yüksək məqamda “tikmək” məramı üzərində qurulmuşdur [16, s. 37-55, 175-223].
Türk universal etnomədəni sistemini bütöv saxlayan ən güclü amil – bütün milli türk dilləri və mədəniyyətlərinin anası olan qədim türkcədir. Əski türk dili o qədər yaradıcı təfəkkür enerjisinə və mədəniyyət arsenalına malikdir ki, onun bətnindən milli türk dilləri və mədəniyyətləri doğulandan sonra da, təkamül prosesinin yeni mərhələsində də bu dil – türki böyük türk dünyasının universal ədəbi dili kimi (yalnız cüzi fərqlilik xüsusiyyətləri ilə) uzun əsrlər canlı ünsiyyət vasitəsi olmuş və bu dildə türk və dünya mədəniyyətinin möhtəşəm abidələri yaranmışdır. Türklər Şərq sivilizasiyaları ilə qarşılaşdıqda, sonra isə bu sivilizasiyalarla fəal münasibətlərdə olduqda, qətiyyən çəkinməmiş, öz dil və mədəniyyətlərini arxayınlıqla həmin sivilizasiyaların sınaq meydanına çıxarmışlar. Türk dili və mədəniyyəti Şərqin böyük yazılı ədəbi dil ənənələrinə malik olan mədəni-sivilizasion sistemində tezliklə öz yerini tapmış, burada öz tarixi mövcudluğunun yeni mərhələsini başlamışdır. Əvvəlcə bütün türklərin istifadə etdikləri türki ədəbi dili, sonra isə bu dildən diferensiasiyalaşan milli türk dilləri artıq orta əsrlərdə Mərkəzi Asiyada olduğu kimi, bütün Şərqdə də aparıcı dillər sırasında idi. Əlbəttə, İslam Şərqində türk dövlətləri və imperiyalarının ərazisində türk dili başlıca danışıq vasitəsi olsa da, hərçənd bunu da unutmaq olmaz ki, təqribən XIV əsrə qədər türk hökmdarlarının əksəriyyəti öz saraylarında ərəb və fars dillərinə üstünlük verirdilər. Ancaq buna baxmayaraq, çox keçmədən türk dili ən yüksək siyasi-mədəni səviyyədə universal ünsiyyət vasitəsinə çevrilir və bu prosesdə təbii şəkildə Şərqin mühüm sivilizasiya dili funksionallığını əldə edir.
Türk etnomədəni sisteminin dominantlığı erkən orta əsrlərdən elə bir vəziyyət yaradır ki, türk ulusu və dövlətlərinin tarixi Şərqin üç böyük dilində – ərəbcə, farsca və türkcə yazılır. Türklərin dünya mədəniyyətinin inkişafına göstərdikləri əvəzolunmaz xidmətlərdən biri də budur ki, onlar üstünlüklərindən istifadə edib, digər dillərə və mədəniyyətlərə qarşı diskriminasiya siyasəti yeritməmişlər. Onlar sadəcə öz doğma dillərini Şərqin ulu dillərinin poliqonuna çıxarmışlar. Və bununla da heç uduzmamış, əksinə, öz dillərinin ölməzliyini təmin etmişlər. Nəticədə, türk mədəniyyəti başqa mədəniyyətlər içərisində əriyib itməmiş (hətta bir çox böyük xalqlar bu aqibəti yaşamışlar), əksinə, içərisinə aldıqları digər mədəniyyətləri də qoruyan “sivilizasiya sipəri” funksiyasını uğurla yerinə yetirmişlər. Türklər haqqında təkcə türk dilində olan tarixi mənbələr deyil, həm də başqa dillərdəki tarixi qaynaqlar bu superetnosun yaratdığı dövlətlərin və mədəniyyət irsinin möhtəşəmliyindən xəbər verir [11].
Türklərin həyat tarixçəsini nəql edən, bəzən bu real tarixi mifləşdirən, əsatir formasında təqdim edən, öz müdriklərinin kəlamlarını bizə lakonik biçimdə çatdıran epos-oğuznamələr (“Oğuz Kağan”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas”, “Əmsali-Türki” – türk atalar sözləri toplusu və s.) sözün əsil mənasında yüksək bədii-estetik təfəkkürün məhsuludur: “Oğuznamələr həm dastan, həm salnamə ənənəsində türk tayfalarının bir dövlət tərkibində birləşib cahan dövləti qurmaq üçün apardıqları mübarizənin məhsuludur... Oğuzlar və onların ulu babaları haqqında, oğuz mədəniyyəti, oğuz dövlətçiliyi haqqında olan bu dastanlar türklərin fütuhatçılıq ideyalarını yaymaq üçün yaranmışdır. Bu baxımdan Oğuznamələrdə müxtəlif dövrlərdə yaranmış türk cahan dövlətlərinin ülgüləri görünür, türkçülük oğuzçuluq şəklində qorunur, təbliğ olunur. Təbii ki, oğuzlar türk tarixində böyük dövlətlərin qurulmasında yaxından iştirak etmiş, özlərinin dövlətlərini qurmuş, həmişə də cahan dövləti qurmaq ideyasının daşıyıcıları olmuşlar. Əslində, Oğuznamələr təkcə oğuz dövlətinin epik ənənədə verilməsi (və ya salnamələrdə təqdimi) deyil, bütövlükdə türk etnosunun epikləşmiş tarixi-ideoloji dastanıdır. Oğuznamələr bu cəhətdən şüurlu surətdə türkçülük ideologiyasını təbliğ edən Orhon-Yenisey Yazıları, Kaşğarlı “Divanı” ilə bir cərgədə durur... Türk qəhrəmanlıq dastanlarında qəhrəmanlıq ölçüsü – alplıq və bahadırlıqdır. Fütufat dastanlarında alplıq artıq hökmranlıq ideyası ilə birləşir. Alp olmaq – həm də dünyaya hakim olmaq kimi başa düşülür. Alplıq və hökmranlıq – Oğuznamə dastanlarında Tanrı vergisi kimi təqdim olunur. Buna görə də orta əsr müəllifləri çox vaxt türk ordusunun simasında qayda-qanun yaradan, dünyanı nizama çəkən, yolunu azanları cəzalandıran bir qüvvə görürdülər” [2, s.89, 101].
Oğuznamələrin türk xalqları arasında ən populyar və bədii-estetik baxımdan ən mükəmməl dastanları, heç şübhəsiz, “Kitabi-Dədə Qorqud” və “Koroğlu”dur. Dünya mədəniyyətinin möhtəşəm yazılı ədəbi abidələrindən olan “Kitabi-Dədə Qorqud” oğuz türklərinin dövlətçilik tarixinə başlama ərəfəsindəki durumunu, onların mənəvi-əxlaqi dəyərlərini, ulus və torpaq uğrunda fədakar mübarizlik ruhunu, oğuz tayfaları arasındakı birliyi nəyin bahasına olursa olsun qoruma əzmini bütün reallığı və dolğunluğu ilə əks etdirir [4]. “Koroğlu” isə [12] qəhrəmanlığın başqa qatını açır: Xalq içindən çıxan qəhrəmanlar onun haqqını qorumaq, ədaləti yer üzündə bərpa etmək üçün hətta hakimiyyətlə vuruşmaq missiyasını öz üzərlərinə götürürlər. Əslində, türk eposunun bu məzmunda çıxış etməsi çox böyük müdrikliyin təsdiqidir: türk dövləti böyüyüb imperiyalaşdıqca, gərək ayağı yerdən üzülməyə – çiynində yüksəldiyi xalqa yuxarıdan aşağı baxmaya. Çünki kökü xalqdan üzülən dövlət saray boyda daralır və xalqın ədalətsizliklə barışmazlığı qəfəsində getdikcə kiçilərək, məhvə məhkum olur. Bizim üçün xüsusilə önəmlidir ki, hər iki epos türk xalqlarına mənsub olduğu kimi, həm də Azərbaycan mədəniyyətinin, mənəviyyatının, etnocoğrafiyasının bəhrəsidir. Türksoylu qırğızların yaratdığı “Manas” – həcminə görə (o, Ginnesin “Rekordlar” kitabına salınıb) dünyanın ən böyük eposudur [14]. Şifahi xalq ədəbiyyatının nümunəsi olan bu dastan yüz illər ərzində ozanlar tərəfindən söylənə-söylənə dolğunlaşmış, xalqın mənəvi-estetik həyatının daim dəyişən mənzərələrini özündə əks etdirmişdir. “Əmsali-Türki” Oğuznaməsini isə müasir türk xalqlarının atalar sözləri və məsəllərinin “əcdadı” hesab etmək olar. Erkən orta əsrlər türkünün dil və mədəniyyətinin özünü necə yığcam formada əks etdirmək xüsusiyyətini, onun özünə və ətrafına necə müdrik münasibət bəslədiyini, türk sözünün çoxmənalı qatlarını və əlvan semantikasını bu aforistik Oğuznamədən yetərincə öyrənmək olar: “Butraq diküb, buğday umma” (Yəni: “Pıtraq əkib, buğda gözləmə”); “Ulusun bəgənməyən evinə boş varır”; “Ulu şəhərlər dəmir ağızdır”; “Atı dostun kibi bəslə, düşmanın kibi min”; Gələcəki gəlmiş bil” [5, s.75, 50, 58; 32; 158].
Tarixi-xronoloji Oğuznamələrin türk və dünya mədəniyyəti üçün unikal nümunələrindən biri yəhudi mənşəli, fars dilli islam tarixçisi Fəzlüllah Rəşidəddinin “Cami’ ət-Təvarix” [15] adlı fundamental əsəridir (XIV əsr). Bu əsərdə ilk dəfə olaraq oğuz türklərinin siyasi-mədəni tarixi ümumdünya tarixi kontekstində təsvir olunur. Dünya tarixşünaslığının bu klassik abidəsi türk xalqına, dövlətçiliyinə, dil və mədəniyyətinə, habelə, onun islam dünyasında tutduğu uca mövqeyə açıq simpatiya ilə, hətta müəyyən qədər bu tarixi əsatirləşdirərək, idealizə edərək təqdim edr. Fəzlüllah Rəşidəddinin dünyanın bir çox dillərinə tərcümə edilən “Cami’ ət-Təvarix”i bu gün də türk soylarının nəsil şəcərəsini, türk dövlətlərinin tarixi təkamülünü və türk mədəniyyətinin ümumbəşəri xarakterini öyrənmək üçün ən mühüm mənbələrdən biri sayılır.
Dünya tarixində ilk dəfə olaraq türk dilinin linqvistik mahiyyəti, onun başqa dillərlə müqayisəli qrammatikası, türk dil mədəniyyətinin özəlliyi və universal xüsusiyyətləri təqribən min il bundan qabaq (təsəvvür edin ki, bu vaxtlar Avropada heç bir qrammatika kitabı yazılmamışdı!) böyük türk ensiklopedist alimi Mahmud Kaşğarlının “Divanü Lüğat-it-Türk” (XI əsr) əsərində öyrənilmişdir [9]. Böyük türk fatehi Alp Arslan 1071-ci ilin 26 avqustunda Malazgirt müharibəsində çoxsaylı Bizans (Şərqi Roma imperiyası) ordusuna qalib gələrək, Anadolunun qapılarını açmışdı. Bu zəfər Bağdadda da böyük şənliklərlə qarşılanmışdı. İlk müsəlman türk dövləti Qaraxanlılar zamanında doğulmuş Mahmud Kaşğarlı bu zaman başqa bir türk imperiyasında – Atabəylər dövlətinin ərazisində – Bağdadda idi və “Divanü Lüğat-it-Türk” əsəri üzərində çalışırdı: “Tarix bu hadisələrə şahidlik etdiyi zamanda Kaşğarlı Mahmud da elm və irfan cəbhəsində Türkü dünyaya tanıdırdı” [8, s.22]. “Kaşğarlı Mahmud sadəcə ərəblərə və ərəb dilində danışanlara türk dilinin böyüklüyünü, türk millətinin ucalığını göstərmək istəməmiş, eyni zamanda, türklərin yalnız qılıncları ilə dünyanı idarə etdiklərini deyil, həm də mədəniyyətləri, dilləri və gözəl əxlaqları ilə də dünyaya öndər, önçül və örnək olduğunu “Divanü Lüğat-it-Türk” əsərində bəlli etmişdir” [8, s.87].
Mahmud Kaşğarlının çağdaşı Yusif Balasağunlunun “Qutadğu Bilig” (XI əsr) əsəri türk dövlətləri və cəmiyyətlərinin təşəkkül tarixinə dair qiymətli mənbələrdəndir. Yusif Balasağunlunun “ən böyük ədəbi şücaəti türk dilində gözəl bir əsər yazmasıdır. O, şüurlu bir türkçü olaraq, türk dilini və türk milli varlığını yaşatmaq naminə ana dilində monumental bir abidə yaratmaq istəmiş, özündən əvvəl heç bir mühüm ədəbi nümunə olmadığı halda, bu çətin və şərəfli işə girişmiş və onu böyük bir uğurla başa çatdırmış – bir türk “Şahnamə”si yazmışdır” [3, s.114].
XVII əsr türk hərbçisi və tarixçisi Əbdülqazi Bahadır xanın “Şəcəreyi-Tərakimə” (“Türk ulusunun soy kitabı”) əsəri tarixi Oğuznamələrin türkmən variantı kimi dəyərli bir qaynaqdır [1]. Fəzlüllah Rəşidəddinin “Cami’ ət-Təvarix”, Əbdülqazi Bahadır xanın “Şəcəreyi-Tərakimə” və Yazıçıoğlu Əlinin “Səlcuqnamə” əsərlərinin müqayisəli araşdırması onu göstərir ki, Oğuznamə üslubunda yazılmış tarixi-xronoloji abidələr türk tarixi və mədəniyyətinin türklərin yaşadığı geniş coğrafiyada, həm də fərqli yanaşmalarla öyrənilməsinin qabarıq nümunələridir.
Türk tarixi, dili, ədəbiyyatı, incəsənəti həm türklər, həm də qeyri-türklər tərəfindən necə həvəslə və həssaslıqla öyrənilmişsə, türklər özləri də islam dünyasının çoxlaylı ədəbiyyat, incəsənət və mədəniyyətinin inkişafında eləcə böyük maraq və məsuliyyətlə iştirak etmişlər. Türklər ərəb və farsdilli ədəbiyyatın, elmin və ilahiyyatın, fəlsəfə və incəsənətin, ümumən islam mədəniyyətinin tərəqqisində müstəsna rol oynamışlar. İslam mədəniyyətinin türksoylu yaradıcılarının – Əl-Fərabi, Əl-Biruni, Əbu Əli ibn Sina, Əbdülhəmid ibn Türk, Əl-Qəzali, Əs-Sührəvərdi, Bəhmənyar, Xətib Təbrizi, Nizami Gəncəvi, Cəlaləddin Rumi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əbdürrəhman Cami, Əlişir Nəvai, Al-Buxari Nəkşibənd, Kəmaləddin Behzad... və başqalarının adları həm də dünya mədəniyyətinin mötəbər klassikləri sırasındadır.
Müasir türk xalqlarının milli mədəniyyəti – dünya mədəniyyətini özünəməxsus koloriti, forma və məzmunu ilə zənginləşdirən bir fenomendir. Dünya mədəniyyətinin “türk komponenti” onu daim inkişaf etdirməyə qadir olan mənəvi-estetik gücü konsentrasiya edərək, insan fəaliyyəti və əxlaqının, duyğu və düşüncələrinin ən parlaq, ən üstün keyfiyyətləri ilə ümumbəşəri dəyərləri yaratmağa, yaymağa və bəşəriyyətin humanitar mədəniyyətinin təməllərinə çevirməyə təkan verir.
Saf türk idrakının təcəssümündə, elmi-intellektual qavramında, bədii-estetik təqdimatında dünyanın təsviri özünün dolğun mahiyyətini, ənginliklərini açır. Türk mənəviyyatının kosmosunda İnsan və Millət anlayışları birləşir. Mədəniyyətin universal qanunları məhz bu tarazlıqda, Böyük Vəhdətə doğru hərəkətin ahəngdarlığında işləyir. Türk mədəniyyətinin ruhu da bundadır: Millilikdə və İnsanlıqda!
Açar sözlər: dünya mədəniyyəti, türk sivilizasiyası, türk birliyi, türk mədəniyyəti, dövlətçilik mədəniyyəti, etnomədəni system.
1. Bahadır xan Ə. Şəcəreyi-Tərakimə (“Türk ulusunun soy kitabı”). Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2002
2. Bayat F. Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. Bakı: Sabah, 1993
3. Əskər R. Qutadğu Bilig. Bakı: Elm, 2003
4. Kitabi-Dədə Qorqud. Bakı: Gənclik, 1978
5. Oğuznamə. Bakı: Yazıçı, 1987
6. Atatürkün fikir ve düşünceleri. Hazırlayan: Kocatürk U. Ankara: Semih Ofset, 1999
7. Aydoğan M. Türk Uygarlığı. İzmir: Umay Yayınları, 2006
8. Bayat F. Kaşğarlı Mahmut. Büyük Türk Bilgin ve Ansiklopedisti. İstanbul: Ötüken Neşriyat A.S., 2008
9. Kaşğarlı M. Divanü Lüğat-it-Türk, 3 ciltde. Ankara, 1998-1999
10. Ögel B. Türk Kültür Tarihine giriş. 9 ciltde. Ankara: Kültür Bakanlığı, 1991
11. Асадов Ф.М. Арабские источники о тюрках в раннее средневековье. Баку: Элм, 1993
12. Гер-оглы. Туркменский героический эпос. М.: Наука, 1983
13. Древние цивилизации / Под ред. Г.М.Бонгард-Левина. М.: Мысль, 1989
14. Манас. Киргизский героический эпос. М.: Наука, 1984
15. Рашид ад-дин Ф. Огуз-наме. Баку: Элм, 1987
16. Findley C.V. The Turks in World History. Oxford University Press, 2005
17. Golden P.B. Central Asia in World History. Oxford University Press, 2011
18. Grousset R. The Empire of the Steppes. A History of Central Asia. Rutgers University Press, 2010
Тюрки в истории развития мировой культуры
Ключевые слова: мировая культура, тюркская цивилизация, тюркский союз, тюркская культура, культура государственности, этнокультурная система.
Во все периоды развития истории мировой культуры с античности до нашего времени тюркская культура отличалась своим местом и ролью в этом процессе. Историческая дифференциация тюркского суперэтноса – то есть возникновение народов, принадлежащих к этому суперэтносу, и формирование их национальной культуры – была процессом, который заставлял постоянно эволюционировать также и универсальную этнокультурную систему Евразии. Отдельные тюркские национальные культуры, сохранив ядро общетюркской культуры, поддерживали в себе ее дальнейшее существование. Тюркская государственность была становым хребтом тюркской цивилизации. В процессе общего исторического развития тюркской культуры взаимосвязи между такими сферами, как культура государственности, социально-политическая культура, экономическая культура, духовная культура, художественная культура, гуманитарная культура, экологическая культура и т.д. стимулировали существующие цивилизационные отношения.
The Turks in the History of Development of the World Culture
Key words: World culture, turkic civilization, turkic union, turkic culture, statehood culture, ethno-cultural system.
Turkic culture has had its own special role and importance in all development periods of the world culture from ancient times to our modern epoch. Historical differentiation of the Turkic super ethnos – emerge of people belonging to this super ethnos and formation of their national cultures has become a process, stimulating the evolution of the universal ethno-cultural system of Eurasia. By preserving the ethno-genetic nucleus of the whole Turkic culture, separate national Turkic cultures have kept this nucleus alive in itself. The Turkic statehood has been a cornerstone of the Turkic civilization. In the process of historical development of the Turkic culture – mutual contact in the spheres of statehood culture, socio-political culture, economic culture, moral culture, literary culture, humanitarian culture, ecological culture and etc. has stimulated the current civilizational relations.