Humanitar elmlərdə, xüsusilə fəlsəfə və etikada “məsuliyyət problemi” onun “deontologiya” adlanan sahəsində öyrənilsə də, indi “məsuliyyət etikası” qlobal siyasət, beynəlxalq münasibətlər və beynəlxalq hüquq nəzəriyyələrində də fəal anlayışlardan sayılır. Yunan mənşəli “deontologiya” – borc, məsuliyyət anlamlarını daşıyan etik təlimdir. İmmanuil Kantın dünya fəlsəfi və siyasi fikir tarixində mühüm əhəmiyyət kəsb edən etik fəlsəfəsi və “ümumi əxlaq nəzəriyyəsi mahiyyətcə deontoloji xarakterlidir” [6, s.137]. İ.Kantın əsasını qoyduğu deontoloji təlimə görə, “insan zəkası bəşəriyyətin dünya miqyasında daha optimal təşkilatlanması üçün də məsuliyyət daşıyır” [1, s.242]. İ.Kantın qlobal rasionalizmini əks etdirən deontologiya əxlaqi və siyasi fəaliyyətin məhz məsuliyyət-yönlü vəhdəti, daha dəqiq desək, rasional əxlaqi ideyanın siyasi praktikada nəticəli təzahürü üzərində düşünür. İ.Kant deyirdi: “Bu dünyada insanı ehtizaza gətirən iki tükənməz mənbə var: başımızın üzərindəki ulduzlu göy və daxilimizdəki əxlaq qanunu” [11, s.113]. Deməli, insanın mahiyyətini əks etdirən əxlaq onun bütün həyatının, eləcə də, siyasi fəaliyyətinin substansiyasıdır. Bu fəaliyyətin miqyası dövlətlərarası münasibətlərin geniş sferasına keçdikcə, subyekt (insan, dövlət, cəmiyyət) əxlaqının siyasi çəkisi və məsuliyyət dərəcəsi də artır. İ.Kantın beynəlxalq münasibətlər probleminə deontoloji yanaşması bu gün qlobal siyasətdə o tendensiyanın ideya-nəzəri təməli hesab olunur ki, burada siyasi fəaliyyət sahələri əxlaqi məsuliyyətdən kənarda təsəvvür edilmir.
Klassik alman fəlsəfəsinin digər böyük nümayəndəsi G.V.F.Hegel də insanın “əxlaqi məsuliyyətini” onun daxili mənəviyyatı ilə bağlayır. “Təbiətdən azad olmaq” iradəsi ilə öz azadlığını həm də sosial-siyasi həyatın bütün sferalarında gerçəkləşdirmək qüdrətində olan insan öz “əxlaqi borcunu” [2, s.403] müdrik seçiminin nəticəsi olaraq yerinə yetirir. Filosof yazır: “Əxlaqlı şəxsiyyət, daha doğrusu, substansial həyatın təcəssümü olan subyektivlik – xeyirxahlığın özüdür” [3, c.3, s.340]. G.V.F.Hegelin fikrincə, “əxlaqi substansiya” təbii-fərdi təzahüründə ailədə, insanlararası münasibətlər şəklində – vətəndaş cəmiyyətində, özünü dərk edən, orqanik gerçəkliyədək inkişaf edən substansiya kimi, dövlət quruluşunda mövcud olur [3, c.3, s.341]. Dini mənəviyyatla birlikdə, “əxlaqiliyi dövlətin təminatı” hesab edən Hegel bu keyfiyyətin beynəlxalq münasibətlərdə də vacib şərt olduğunu, burada “hüquqdan və əxlaqdan kənar” vəziyyətin qanunsuzluqla nəticələndiyini göstərərək, “vətəndaş cəmiyyətində əxlaqiliyin yüksəlişinə” etimad yaradır [3, c.3, s.365, 375-376, 381 ].
Dünya siyasəti və beynəlxalq münasibətlər məsələsinə deontoloji aspektdən yanaşma ənənəsi XX əsrdə də inkişaf etdirilmişdir. Siyasi deontologiya nəzəriyyəçiləri – Alan Qevirt, Henri Şu, Alan Donaqan, Terri Nardin, Onora O’Neyl, Marşall Kohen beynəlxalq münasibətlərin deontoloji problemləri üzrə özünəməxsus konsepsiyalarla çıxış etmişlər.
Qlobal siyasi sistemin və beynəlxalq münasibətlərin daha effektli və humanist-demokratik əsaslarda qurulmasına ehtiyac olduğu müasir dövrümüzdə də məsuliyyət problemi qabarıq şəkildə diqqət mərkəzinə gəlir. Qlobal siyasətin əsas nəzəriyyələri (realizm, idealizm, liberalizm, konstruktivizm, feminizm, normativizm və s.) və onların inteqral və diferensial konfiqurasiyalarındakı mövqeləri bu problem ətrafında da geniş polemikanın tərəf-müqabili olurlar. Qlobal siyasətdə milli və paritet maraqlar dilemmasına bu dəfə etik-siyasi məsuliyyət paradiqmasından baxılır, problem daha çox “milli maraqlar və əxlaqi məsuliyyət” müstəvisində qoyulur.
Siyasi realizmin patriarxı Hans Morqentau “məsuliyyət etikasını” – “intuisiya vergisi” səviyyəsində görür və belə hesab edir ki, “siyasətdə mötədillik əxlaqi mühakimənin mötədilliyinə refleksiyada uğursuzluğa düçar ola bilər” [19, s.11-12]. Amerika Birləşmiş Ştatlarının görkəmli siyasi xadimi Henri Kissincer də dövlətin beynəlxalq siyasətdə məsuliyyəti məsələsinə toxunarkən bu arqumentdən çıxış edir ki, “milli dövlətin rəqabətdə öz diriliyini qoruyub saxlaması onun ilk və son məsuliyyətidir. Bu, güzəştə gedilə və riskə qoyula bilməz [12, s.204]. Əks mövqeyin tərəfdarı Kennet Tompson isə düşünür ki, “milli dövlət beynəlxalq münasibətlərin həm körpə-problemi, həm də əsl əxlaqi konsensusun ən yüksək effektli ifadəsidir” [24, s.54], buna görə də onun üzərinə beynəlxalq siyasətdə yüksək əxlaqi məsuliyyətlə hərəkət etmək missiyası düşür. Milli humanitar siyasətin qlobal humanitar siyasətə transformasiyası da suveren dövlətin beynəlxalq humanitar qanunlara hansı məsuliyyətlə əməl etməsi prosesində baş verir.
Beynəlxalq siyasət həm də qlobal iqtisadiyyatın hansı maraqlar çərçivəsində nizamlanması ilə qurulur. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Milton Fridman qlobal biznes rəqabətinin yalnız “mənfəət aspektini” qiymətləndirir. Onun praqmatik arqumenti bundan ibarətdir ki, iqtisadi subyektlərin “yeganə sosial məsuliyyəti bircə öz gəlirlərini artırmaqdan ibarətdir” [7, s.492-496]. Lakin burada birtərəfli üstünlüyün əldə edilməsi qlobal işgüzar mühiti, təbii ki, deformasiyaya uğradır. Buna görə də M. Fridmanla diskussiyaya girən Con Makey yalnız “mənfəət məqsədlərinə” hesablanan iqtisadiyyatın sosial-siyasi məsuliyyət baxımından düzgün seçim olmadığını və onun son nəticədə qlobal iqtisadi balansı pozduğunu əsaslandırır [14, s.496-501].
Utilitarianizm (mənfəətçilik) siyasətini artıq arxaik baxışların sistemi olaraq tənqid edən Onora O’neylin deontoloji konsepsiyası qlobal insan hüquqlarının fundamental əsaslarına söykənir: “O zaman ki, biz hüquqlar haqqında dürüst mövqe tutmağa çalışırıq, onda həmişə məsuliyyət və öhdəliklər haqqında danışmalı oluruq” [21, s.150]. Hüquqlar insanları bərabərləşdirir, əgər belədirsə, onda onların yer üzünün nemətlərini bərabər yaratdıqları kimi, bərabər faydalanmağa da haqqı var. Buna görə də beynəlxalq birliyin düşüncəsində və qlobal siyasətin strategiyasında fundamental insan hüquqları yalnız deklarativ xarakter daşımamalı, “rifah hüquqları” – ümumdünya rifahının əldə edilməsi anlamına gəlməlidir.
Qeyd edək ki, Onora O’neylin bu məqaləsinin çap olunduğu fundamental toplu bütünlüklə “qlobal məsuliyyət” probleminə, daha doğrusu, qlobal sistemdə siyasi məsuliyyətin dərki məsələlərinə həsr edilmişdir.
Samuel Şefler aydınlaşdırmağa çalışır: Normativ məsuliyyət qloballaşma epoxasında hansı ənənəvi dəyərləri özündə saxlamalı, hansı yeni keyfiyyətlərə yiyələnməlidir, insan fəaliyyətinin qlobal miqyası və istiqamətlərində onun “fərdi məsuliyyətinin” xarakteri necə olur və necə dəyişir [23, s.291-311].
Devid Miller özünün “əlaqə nəzəriyyəsində” dörd prinsip irəli sürür: “səbəb məsuliyyəti, əxlaqi məsuliyyət, tutum və qlobal birliyin əlaqəliliyi” [17, s.453-471]. Tədqiqatçının fikrincə, bu prinsiplər qlobal fəaliyyətdə düzgün tədbirlərin məsuliyyətlə həyata keçirilməsini proqramlaşdırmağa, qlobal böhran və məhrumiyyətlərin qarşısını almağa kömək edir. Dünya birliyində xalqların və dövlətlərin yaxınlaşmasından yaranan monolitliyin və orqanikliyin dərk edilməsi planetmiqyaslı humanitar məsuliyyətin fərdi və meqasosial ölçülərinin sintezini yaradır. Universal humanitar məsuliyyət “qlobal kasıblığı” bütövlükdə bəşəriyyətin ümumi problemi səviyyəsində gündəmə gətirir. Beynəlxalq həyatda ayrı-ayrı cəmiyyətlər özlərinin “məsuliyyət yükü” [22, s.431-446] ilə bir-birinə bağlanır və onlar dünyanın zəngin parçası ilə kasıb parçasının bir yerdə yaşamasının əxlaqi və siyasi cəhətdən normal olmadığını getdikcə daha aydın dərk edirlər. Daim müxtəlif mənşəli böhranlara səbəb olan bu ayrı-seçkiliyin aradan qaldırılması üçün Con Roulz “Xalqlar qanunu” (“The Law of Peoples”) əsərində “bərabər paylaşımlı qlobal ədalət” konsepsiyasını irəli sürür.
Humanitar məsuliyyət qlobal sistemin bütün səviyyələri arasındakı fəaliyyətlərin dialektik bağlılığını mənəvi əsaslarla təmin edir. Buradakı milli, regional, transmilli səviyyələrdə, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı səviyyələrində “məsuliyyət koordinasiyasının” necə qurulması vəziyyətini öyrənən S.Makleod və D.Leuis belə bir nəticəyə gəlirlər ki, “beynəlxalq, regional və milli aktorların, hökumət və qeyri-hökumət təşkilatlarının məsuliyyəti ümumi dəyərlər üzərində iqtisadi inkişafa təminat verir. Avropa İttifaqı özünün sosial cəhətdən məsuliyyətli maneraları və qanunvericilik effekti ilə birgə əməkdaşlığın təmin edilməsində unikal və həlledici rol oynayır” [15, s.121-132]. Qlobal siyasətin qüvvələr balansı paradiqmasından transmilli münasibətlər paradiqmasına transformasiyası prosesində beynəlxalq əməkdaşlıq məsuliyyəti də özünü daha etimadlı, təsirli və məqsədəyönlü şəkildə göstərə bilir.
Daniel Varnerin “Beynəlxalq münasibətlərdə məsuliyyət etikası” monoqrafiyası problemin spesifik istiqamətdə qoyuluşuna və dərin analitik təhlilinə görə seçilir. Əsərini “realizmə qarşı hücum” [25, s.128] adlandıran müəllif polemikaya girdiyi tərəfin mövqeyini tarixi-nəzəri və ideya-konseptual planda şərh edə-edə onun təkzibinə çalışır. D.Varner göstərir ki, siyasi realizmin davamlı səyi ilə amoralizmin nəzəri və praktiki siyasətdə möhkəmlənməsi bütövlükdə siyasi həyatın məsuliyyətsizləşməsi tendensiyasını az qala rasional bir mövqeyə qaldırmış, hətta burada məsuliyyət hissinin siyasi məsuliyyətsizliyə səbəb olması kimi qəbul edilmişdir. Bundan başqa, siyasətin milli və beynəlxalq maraqlar arasında düzgün istiqamət götürə bilməməsi onu xüsusilə qloballaşma dövründə çətin vəziyyətə salmışdır. Qlobal siyasətdə əsl rasional tendensiya o zaman başlayır ki, burada siyasi və etik məsuliyyətin ayrılmaz olması labüd bir prinsip kimi qəbul edilir. Necə olur ki, siyasətçi öz ölkəsi üçün əxlaqi və hüquqi məsuliyyətlə çalışsın, beynəlxalq birlik üçün gördüyü işlərsə belə bir məsuliyyətdən məhrum olsun. Bu uyğunsuzluğa (“siyasi, hüquqi və əxlaqi məsuliyyət arasında çat”) xüsusilə beynəlxalq həyatda heç bir siyasi manevrlə haqq qazandırmaq mümkün deyildir. Ona görə də D.Varner “siyasi, hüquqi və əxlaqi məsuliyyətin” həm ölkədaxili, həm də beynəlxalq münasibətlərdə birgəliyi ideyasından çıxış edərək yazır: “Hüquqi məsuliyyəti müəyyən etmək üçün bizim istifadə etdiyimiz leqal metodologiya əxlaqi məsuliyyətin dərk olunması ilə həyat qabiliyyəti qazanır” [25, s.115]. Tədqiqatçı araşdırmasını belə bir fəlsəfi imperativlə sona çatdırır: “Əgər mənim arqumentim uğurlu oldusa, deməli, mən beynəlxalq münasibətlər və məsuliyyət haqqında düşüncənin elə bir yolunu göstərdim ki, bu bizə imkan verir – deyək: etikasız beynəlxalq münasibətlər ola bilməz. Bu təsdiq edir ki, məsuliyyət etikasının dərk edilməsi nə qədər əhəmiyyətlidir” [25, s.116].
Məsuliyyət probleminə ontoloji aspektdə yanaşma Kant paradiqmasını yenidən aktuallaşdırır: yəni – “dövlətlərin əxlaqi məsuliyyəti onların təmsil etdiyi insanların əxlaqi məsuliyyətindən ayrı deyil. Dövlət və insan məsuliyyəti demək olmaz ki, oxşardır, yalnız belə demək olar: eynidir” [9, s.11]. Deməli, fərdi əxlaqi-siyasi məsuliyyət dövlətin əxlaqi-siyasi məsuliyyətindən, dövlətin əxlaqi-siyasi məsuliyyəti qlobal siyasətdə və beynəlxalq münasibətlərdəki əxlaqi-siyasi məsuliyyətdən ayrı tutula və ya biri digərinə nisbətən üstün sayıla bilməz. Bu üç səviyyənin iyerarxiyasına yalnız belə yanaşmaq olar ki, fərddən cəmiyyətə, cəmiyyətdən dövlətə, dövlətdən beynəlxalq birliyə doğru münasibətlərin sferası böyüdükcə, deməli, qanunauyğun şəkildə məsuliyyətin yükü və miqyası da artır. Eyni zamanda, bu məsuliyyət bütün səviyyələrdə müvafiq hüquqi və humanitar sanksiyaların tətbiq mümkünlüyünü də özündə ehtiva edir. Yəni ayrıca bir insanın da, dövlətin də, beynəlxalq təşkilatın də hərəkətlərində cinayət faktı varsa, onlar bununla həm humanitar məsuliyyət, həm də müvafiq prosedurlara uyğun olaraq cinayət məsuliyyəti daşıyırlar. C.Fleçer, C.R.Pennok və M.Rayt humanitar məsuliyyətin nəzəri konsepsiyasında məhz bu aspektləri nəzərə almağı vacib şərt sayırlar.
Humanitar məsuliyyətin ictimai praktika və şüurda etik problem kimi [4] təsdiqini tapması həmin praktika və şüurun planetləşməsi prosesində daha geniş miqyas alır. Beynəlxalq birlik meqasosial sistem olaraq öyrənildikcə, bəşəriyyətin moralist mədəniyyəti genişləndikcə, məsuliyyət etikasına dair bilik və təcrübə də, onun beynəlxalq münasibətlər praktikasına tətbiq imkanları da artır. Planetar mədəniyyət düşüncəsinin təkamülündə onun “qlobal məsuliyyət etikasına doğru” [16, s.160-174] inkişaf tendensiyasını özündə ehtiva etməsi beynəlxalq siyasi-mənəvi həyatın humanistləşməsi və demokratikləşməsi prosesinə dönməz xarakter verir.
Qlobal siyasətdə məsuliyyət probleminin mahiyyəti ilə bilavasitə bağlı olan iki postulatı müqayisə edək: Daniel Varner yazır: “Dövlət – əxlaqi birlikdir” [25, s.110]. Riçard Miller yazır: “Dünya – indi əxlaqi birlikdir” [18, s.529]. Əslində, bir-birini inkar etməyən bu iki postulatın hər biri öz-özlüyündə doğrudur: hər ikisi insanilik məntiqindən doğur və etik başlanğıcı sistemin (dövlətin və dünyanın) əsasına qoyur, onun inteqrasiyayaradıcı təməli sayır. Lakin həmin postulatların konvergensiyası daha güclü və müasir dövrün mahiyyətini sərrast ifadə edən məntiqini meydana gətirir: cəmiyyətdaxili və dövlətdaxili mənəvi birliyi şərtləndirən humanitar məsuliyyət həmin sferada ictimai maraqları təmin edən fenomen kimi daha qlobal miqyasda – beynəlxalq birlikdə özünütəsdiqin və özünüstrukturlaşdırmanın yeni fazasına qanunauyğun şəkildə keçir. Ona görə də humanizm dəyərləri yüksək olan dövlətlər və cəmiyyətlər beynəlxalq birliyə nəinki sürətlə adaptasiya olunur, həm də həmin birliyin inkişafının avanqardına, inteqrativ ideyaların daşıyıcısına çevrilir, burada özlərini siyasi-humanitar münasibətlərin dərinləşməsinə cavabdeh sayırlar (örnək – Avropa İttifaqı). İstinad etdiyimiz postulatların proqressiv əhəmiyyəti də bundadır: hər iki tezis bir daha təsdiq edir ki, humanitarizm təməli olmadan nə dövlət, nə onların yaratdığı dünya birliyi, nə də aralarında qurduqları münasibətlərin beynəlxalq sistemi və əsaslandıqları beynəlxalq hüquq mükəmməl sayıla və bütün bəşəriyyətin etimadını doğrulda biləcək, maraqlarını ifadə edə biləcək qədər dayanıqlı ola bilməz. Humanizm və onun ən yüksək və məsul sosial forması – siyasi humanizm həm dövlətin, həm də beynəlxalq sistemin birliyini və bütövlüyünü təmin edən güclü mənəviyyat dayaqlarıdır. Buna görə də dünya birliyində üzvlük – “əxlaqi birlikdə üzvlük” [25, s.107] anlamına gəlir və etik-humanitar məsuliyyət fərdi, dövləti və ümumbəşəri səviyyələri özündə birləşdirərək, bu birliyin universal əxlaqi imperativi kimi öz təsdiqini tapır.
Qlobal siyasətlə bağlı problemlər suallar şəklində qoyulduqda, onların etik, siyasi və humanitar məsuliyyətlə necə sıx bağlı olduğu meydana çıxır:
Bu gün dünyada belə bir layihənin gerçəkləşməsi istiqamətində çox ciddi səylər edilir. Həmin təşəbbüslərdən biri Qlobal Etika Fondunun prezidenti Hans Künqə məxsusdur. Etikanın qlobal siyasi həyatda artıq güclü bir məntiqlə önəmli yerə qalxması üçün bir sıra beynəlxalq tədbirləri təşkil edən Hans Künq makiavellizm modelində (amoralist realpolitik modelində) qurulmuş dünya siyasəti modelinə alternativ kimi qarşısına qlobal vətəndaş cəmiyyətinin real təşəkkülü məqsədlərini qoymuş humanitar-etik siyasət modelini irəli sürür. Alman filosofu bu gün qlobal etika konsepsiyasından çıxış edən mövqelərin birləşmiş hərəkatını yaradır. Bu hərəkatın ümumi konseptual platformasını məsuliyyətli siyasət baxımından belə xarakterizə etmək olar:
Nə Rişelye, Bismark və Kissincer modelində qurulan realist siyasət, nə də Uilson xəttində təyinatlandırılan idealist siyasət müasir dünyanın “postmodern və polisentrik” mahiyyətinə uyğundur. Bu gün ümumdünya maraqlarının “etik-yönlü təməl” üzərində obyektiv dərkinə əsaslanan siyasət paradiqmasından çıxış edilməsinə ehtiyac var. Siyasətin bu yeni paradiqmasının “təməl etik strukturu” (“basic ethical structure”) üzərində konsentrasiyası müasir dünyabaxışının oxunu daha konstruktiv istiqamətə dəyişir. Məlum olur ki, “yeni qlobal siyasət” “yeni qlobal etika” olmadan reallaşa bilməz. Müasir dünyanın siyasəti artıq – “məsuliyyətli siyasət” (“responsible politics”) olmalıdır [13, s.59]. “Qlobal etik məsuliyyətin problemlərinə” realist siyasət elminin özündə marağın güclənməsi siyasi təfəkkürdə belə bir əsaslı dəyişmənin zərurət olduğunu göstərir. Milli maraqlar siyasət üçün nə qədər əhəmiyyətlidirsə, humanitar məsuliyyət və öhdəliklərin də onun üçün eyni dərəcədə əhəmiyyətli olması zəruri bir prinsipə çevrilməkdədir. Siyasətin qlobal transformasiyasının ümumi tendensiyası bu istiqamətdədir: “Milli məsuliyyətdən beynəlxalq məsuliyyətə doğru” [13, s.59]. Nəyin yaxşı və düzgün olduğunu abstrakt şəkildə deyil, konkret situasiyadan çıxış edərək təyin edən siyasi etika “vicdan öhdəliklərini” qaydasında yerinə yetirə bilər [13, s.73]. Bəşəriyyətin modern və humanist siyasi-antropoloji sistemə keçidini proqramlaşdıran yeni dünya nizamı da yalnız məsuliyyətli siyasətin prioritetə çevrilməsi ilə həyata keçirilə bilər [13, s.66].
Ölkədaxili (milli) siyasətlə beynəlxalq (universal) siyasətin ayrılmazlığını şərtləndirən həm də bu amildir ki, planet üzərindəki həyat vahid bir biososial sistem təşkil edir. Bu sistemin ümumi strukturuna təsir edən və onu dəyişən antropogen amillərin kompleksində siyasi qərarlarla müəyyən edilən fəaliyyətlər olduqca mühüm yer tutur. Ona görə də müasir dünya siyasəti yeni texnoloji erada Yer planetinin və Yerətrafı kosmosun sağlam ekosistem ölçülərində qorunması üçün “qlobal məsuliyyət daşıyır” [10].
Beynəlxalq hüquq sahəsində humanitar məsuliyyət spesifik problem olaraq geniş araşdırmaların predmetidir. Beynəlxalq hüquq normalarını pozan insanlar, dövlətlər, təşkilatlar və s. subyektlərin işinə Beynəlxalq Ədalət Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi kimi təsisatlarda baxılır. Ancaq həmin subyektlərin etik məsuliyyəti beynəlxalq ictimaiyyətin nəzərində hüquqi məsuliyyətlə paralelləşir və məsuliyyətin birinci tipinə mənəviyyat, əxlaq və vicdan kontekstində baxılır.
Beynəlxalq hüquqda məsuliyyətliliyin aktuallaşması, siyasi humanizm prinsiplərinə ehtiram beynəlxalq həyatın ayrılmaz tərkib hissəsi kimi qarşılıqlı münasibətlərin formasına çevrilir: “Beynəlxalq hüquq donuq vəziyyətdə olmur. Hər bir leqal sistem kimi o da geniş əxlaqi və siyasi iqlimlə əhatələnir. Təqribən son əlli ildən artıq bir müddətdə beynəlxalq təşkilatlar beynəlxalq səhnədə aktorlar qismində getdikcə artan əhəmiyyət qazanmış və beynəlxalq insan hüquqları mexanizminin inkişafı insan fərdlərinə daha önəmli rol vermişdir. Bu dəyişikliklər beynəlxalq məsuliyyət mövzusunu mürəkkəbləşdirmişdir, lakin bunlar onun əsaslarını dəyişdirməmişdir. Beynəlxalq müstəvidə dövlətin “vətəndaş” öhdəlikləri rejimi məsuliyyətin prinsipial modeli kimi yenə də qalmaqdadır” [5, s.298].
Bu problemi daha konseptual formada araşdıran Liam Marfi yazır: “Beynəlxalq məsuliyyət nəzəriyyəsi ümumi hüquq, siyasət və əxlaq nəzəriyyəsində özünün gərəkli yerinə sahibdir”. “Dövlətlərin beynəlxalq məsuliyyəti” kontekstində problemə yanaşma “bizi ona istiqamətləndirir ki, dövlətlərin əxlaqi əhəmiyyəti barədə düşünək” [20, s.299]. Müasir beynəlxalq həyatda “dövlətlərin əxlaqi statusu” haqqında mövqe dəqiqləşir, “dövlət sisteminin özünəməxsus keyfiyyətlərinə onun gerçək əxlaqi dəyərliliyi” [20, s.303] aid edilir. Bu gün “dövlət sisteminin deontoloji ədalətliliyi”, “dövlətdaxili və beynəlxalq məsuliyyətin birgəliyi” [20, s.309, 315] konsepsiyası müasir siyasi, hüquqi və fəlsəfi mədəniyyət düşüncəsinə onu daha da təkmilləşdirmək üçün stimul verir. L.Marfi doğru olaraq göstərir ki, “hüququ əxlaqa, dövlətdaxili məsuliyyəti beynəlxalq məsuliyyətə, dövləti fərdə qarşı” qoymaq birtərəfli düşüncənin məhsuludur. Hazırda “dövlət məsuliyyəti mövzusu qlobal ədalət və subyektlərin ədalət-yönlü öhdəlikləri mövzusu ilə sıx bağlılıqda” [20, s.304] qavranılır. Deməli, beynəlxalq humanitar məsuliyyətlilik rejimi – qlobal siyasətin ən effektli texnologiyalarının kompleksini onların siyasi humanizm nüvəsində yaradan bir sistem və fəaliyyət perspektivi kimi inkişaf edir və getdikcə özünə daha çox etimad qazanacaq.
Açar sözlər: beynəlxalq münasibətlər, qlobal siyasət, qlobal etika, qlobal məsuliyyət .
1. Xəlilov S.S. Fəlsəfə: tarix və müasirlik (Fəlsəfi komparativistika). Bakı: Azərbaycan Universiteti, 2006
2. Гегель Г.В.Ф. Философия религии: В 2-х т. Т.1, М.: Мысль, 1976
3. Гегель Г.В.Ф. Энциклопедия философских наук: В 3-х т., т.3, М.: Мысль, 1977
4. Сафаров Н.С. Этический анализ проблемы ответственности: Дис. ... докт.филос.наук. Баку, 1991
5. Crawford J., Watkins J. International Responsibility / The Philosophy of International Law. Ed. By Besson S., Tasioulas J. New York: Oxford University Press, 2010, p.283-298
6. Donaldson Th. Kant’s Global Rationalism / Traditions of International Ethics. Ed. By Nardin T., Mapel D.R. Cambridge University Press, 2002, p.136-157
7. Friedman M. The Social Responsibility of Business is to Increase Its Profits / Morality and Moral Controversies. Reading in Moral, Social, and Political Philosophy. Ed. By Arthur J., Scalet S. New Jersey: Pearson Prentice Hall, 2009, p.492-496
8. Global Politics. A New Introduction. Ed. By Edkins J., Zehfuss M. London, New York: Routledge, 2009
9. Halle L. Foreign Policy and Whose Morality? // Virginia Quarterly Review, 1957, No.1(33), Winter, p.1-16
10. Jonas H. The Imperative of Responsibility: In Search of an Ethics for the Technological Age. Chicago: University of Chicago Press, 1985
11. Kant I. Critique of Practical Reason and Other Writings in Moral Philosophy. Chicago: University of Chicago Press, 1949
12. Kissinger H.A. American Foreign Policy. New York: W.W.Norton, 1977
13. Küng H. A Global Ethics for Global Politics and Economics. New York, Oxford: Oxford University Press, 1998
14. Mackey J., Friedman M. Rethinking the Social Responsibility of Business: A Debate / Morality and Moral Controversies. Reading in Moral, Social, and Political Philosophy. Ed. By Arthur J., Scalet S. New Jersey: Pearson Prentice Hall, 2009, p.496-501
15. MacLeod S., Lewis D. Transnational Corporations: Power, Influence and Responsibility / Global Ethics and Civil Society. Ed. By Eade J., O’Byrne D. Ashgate, 2010, p.121-132
16. Midgley M. Towards an Ethic of Global Responsibility / Human Rights in Global Politics. Ed. By Dunne T., Wheeler N.J. Cambridge University Press, 2009, p.160-174
17. Miller D. Distributing Responsibilities // Journal of Political Philosophy, 2001, No.9(4), December, p.453-471
18. Miller R.W. Moral Closeness and World Community / Global Ethics: Seminal Essays. Global Responsibilities. Vol. 2. Ed. By Pogge T., Horton K. St. Paul: Paragon House, 2008, p.507-529
19. Morgenthau H.J. Politics Among Nations: The Struggle for Power and Peace. New York: Random House, 1978
20. Murphy L. International Responsibility / The Philosophy of International Law. Ed. By Besson S., Tasioulas J. New York: Oxford University Press, 2010, p.299-315
21. O’Neill O. Rights, Obligations and World Hunger / Global Ethics: Seminal Essays. Global Responsibilities. Vol. 2. Ed. By Pogge T., Horton K. St. Paul: Paragon House, 2008, p.139-155
22. Rawls J. Burdened Societies / Global Ethics: Seminal Essays. Global Responsibilities. Vol. 2. Ed. By Pogge T., Horton K. St. Paul: Paragon House, 2008, p.431-446
23. Scheffler S. Individual Responsibility in a Global Age / Global Ethics: Seminal Essays. Global Responsibilities. Vol. 2. Ed. By Pogge T., Horton K. St. Paul: Paragon House, 2008, p.291-311
24. Thompson K.W. Moralism and Morality in Politics and Diplomacy. Lanham, MD: University Press of America, 1985
25. Warner D. An Ethic of Responsibility in International Relations. Boulder & London: Lynne Rienner Publishers, 1991
Проблема ответственности в глобальной политике
Ключевые слова: международные отношения, глобальная политика, глобальная этика, глобальная ответственность В современную эпоху с ее потребностью в построении глобальной политической системы и международных отношений на наиболее эффективных и гуманистически- демократических основах, проблема ответственности выступает в более выпуклой форме. Расширяется практика подхода ко всем областям международной жизни через призму высоких критериев гуманитарной политики, и здесь этика ответственности проявляет себя во всем спектре глобальной политической деятельности как ее важный компонент. Отныне становится необходимостью такая формулировка основной парадигмы глобальной политики: глобальная политическая архитектоника мира может быть создана в проекте синтеза рациональной политической, правовой и гуманитарной ответственности. Этика ответственности развивается и все больше и больше завоевывает доверие как деонтологическая система и перспектива деятельности, создающая в их гуманистической моральной основе комплекс самых эффективных технологий глобальной политики.
Problems of Responsibility in Global Politics
Key words: International relations, Global Politics, Global Ethics, Global Responsibility Taking into account the importance of establishment of global political system and international relations on the effective and humanist-democratic basis in the modern period the problems of responsibility distinctly comes to the center of attention. Practice of approach from the context of high measures of humanitarian politics to all fields of international life widens and ethics of responsibility reflects itself as an important component in all spectrums of global political activity. At present formulating the major paradigms of global politics is necessary as following: global political architectonics of the world can be established on the project of syntheses of rational political, juridical and humanitarian responsibility. Ethics of responsibility develops as a deontological system and perspective of activity which creates the complex of the most effective technologies of global politics in their humanist moral nucleus and gains further confidence.