Humanist qlobal siyasətin başlıca paradiqmal mövqeyi bundan ibarətdir ki, humanitarizm – siyasətə kənardan təsir edən fenomen deyil, onun daxili substansiyasıdır; əgər humanizm təməli – siyasətin mənəvi-əxlaqi mahiyyətini müəyyən edirsə, humanitarizm təməli də – siyasətin ideya-konseptual mahiyyətində dayanır, onun metodologiyasının konturlarını təyin edir, – yəni humanizm siyasətin daxili strukturunu, humanitarizm isə onun sistemini yaradan başlanğıclardır. Bu iki təməl birlikdə siyasətin ideasional əsasını təşkil edərək, nəzəriyyə və praktikasının bütün altlayında özünü göstərməklə onun xüsusilə müasir dövrümüz üçün vacib olan loqosunu və tipologiyasını özünəməxsuslaşdırır. Buna görə də siyasət qlobal miqyas kəsb etdikcə və modernləşdikcə, onun humanitar əsaslarının da dərinləşməsi, təkmilləşməsi və universallaşması zəruriləşir. Müasir dövrümüzdə belə bir əsası olmayan siyasət davamsız, etimadsız, riskli-ekstremal fəaliyyətlərə meylli və gələcəyini təsadüfi-subyektiv maraqlarla təyin edən, bu səbəbdən də enerjisinin böyük hissəsini daim səhvlərinin düzəldilməsinə sərf edən siyasətdir. Siyasətdə səhv isə cəmiyyətin, dövlətin və daha geniş miqyasda beynəlxalq münasibətlərin arzuolunmaz problemlərlə üz-üzə qalması və bəzən hətta fəlakətidir. Mükəmməl humanitar əsaslara malik olan qlobal siyasətin arqumentasiyası ona görə böyük əhəmiyyət kəsb edir ki, məhz belə bir siyasət müasir beynəlxalq sistemin təhlükəsizliyini və inkişafını təmin etmək, dünyanın konflikt rejimindən sülh rejiminə doğru köklü transformasiyanı həyata keçirmək imkanlarını qazanır. Üçüncü minilliyin ilk əsrinin humanizm-təməlli qlobal siyasəti dünyanın siyasət tarixində dönüş fazasını yarada biləcək bir fenomendir: müasir siyasət müxtəlif maraqların toqquşduğu açıq və gizli mübarizə meydanı yox, diplomatiyasının zahiri və daxili tərəfləri ziddiyyət təşkil edən, ikili standartların tətbiqindən çəkinməyən, amoralist fəaliyyətlərə çeşidli manevrlərlə haqq qazandıran siyasi texnologiyaların kompleksi yox, dünya dövlətlərinin milli siyasətlərinin uzlaşdığı beynəlxalq münasibətlərin siyasəti kimi və ədalətli siyasi humanizmin vasitəsi olaraq özünü təşkil etməli, bununla da – dünyanın siyasi enerjisini siyasi sinergiyaya çevirən qanunauyğunluqların dialektikasını meydana gətirməlidir. Müasir dünyanın yeni tipli qlobal siyasəti – (1) humanistlik, (2) əxlaqilik, (3) ədalətlilik, (4) demokratiklik, (5) universallıq, (6) rasionallıq, (7) siyasi və hüquqi praqmatiklik prinsiplərindən çıxış etməli və bu prinsiplərin bir-birindən ayrılmazlığı şərtini qəbul etməlidir. (1) Siyasi, (2) hüquqi və (3) humanitar münasibətlərin vəhdəti – qlobal siyasətdə münasibətlər triadasını təşkil edir. Müasir beynəlxalq münasibətlərin inkişafında qlobal siyasət və humanitar sahənin konvergensiyası olduqca böyük əhəmiyyət daşıyır. Bu inkişafın dinamikası qlobal siyasətdə humanizm kontekstinin getdikcə daha çox qüvvətlənməsi ilə bağlıdır. Bu gün qlobal siyasətin daha mütərəqqi və konseptual humanitar ideya və yanaşmalarla zənginləşməsi, ümumbəşəri humanizm və qlobal demokratizm platformasında dərinləşməsi, milli dövlətləri və beynəlxalq təşkilatları yeni siyasi əməkdaşlıq və inkişaf modelləri ilə təmin etməsi, xüsusilə qlobal böhran və konfliktlərin həllində konstruktiv layihələrlə çıxış etməsi perspektivi genişlənir. Ümumilikdə, qlobal siyasət və humanitar sahənin konvergensiyası beynəlxalq münasibətlərin humanistləşməsi və demokratikləşməsi prosesini irəlilədən tendensiyaların sintezini yaradır. Bu konvergensiya zərurətinin dərk olunması ictimai-siyasi və humanitar elmlərdə inteqral yanaşma metodlarının tətbiqinə diqqəti artırır. Nəticədə, humanitar elmlər sahəsinin bilavasitə siyasət və beynəlxalq münasibətlərlə bağlı istiqamətləri yaranır və inkişaf edir: “beynəlxalq humanitar siyasət”, “beynəlxalq siyasi etika”, “beynəlxalq münasibətlərin humanitar əsasları”, “qlobal idarəetmənin humanitar etikası” və s. artıq qabaqcıl dünya ölkələrində geniş tədqiqatların aparıldığı xüsusi istiqamətlər kimi formalaşır. Dünya siyasəti və beynəlxalq münasibətlərin humanitar əsasları problemi həm siyasi, həm də humanitar elmlərdə, xüsusilə onlardakı nəzəri-metodoloji yanaşmalarda kifayət qədər diqqətlə nəzərə alınır. Bu konseptual ideyanın tarixi ənənəsi, nəzəri və praktiki inkişafı üzərində dayanmaqla, onun müasir dövrümüzdə ümumdünya siyasi proseslərinin dərkində və daha humanist-proqressiv tendensiyaya səmtlənməsində, qlobal siyasi özünüidarəetmənin yüksək etik-mənəvi təməl üzərində qurulmasında, beynəlxalq humanitar-hüquqi münasibətlərin rasionallaşmasında, demokratik dəyərlərin tərəqqisində nə qədər mühüm əhəmiyyət daşıdığını müəyyən etmək imkanı qazanırıq. Problemə metodoloji aspektdən yanaşdıqda, beynəlxalq siyasi etikanın ikiölçülü humanitarizm xarakteri müəyyən edilir: (1) daxili və xarici siyasət (milli dövlət və beynəlxalq cəmiyyət) eyni etik-siyasi parametrlərdə dərk olunur və bununla yanaşı, (2) qlobal siyasi sistemin strukturu və qaydaları siyasi əxlaq konseptinə əsaslanır. Dünya siyasəti və beynəlxalq münasibətlərin humanitar əsasları probleminin hərtərəfli öyrənilməsi bizdə o qənaəti möhkəmləndirir ki, (1) bu ideyaya aqnostik yanaşmalarla yanaşı, onun həyatda və nəzəriyyədə təsdiqinin böyük tarixi ənənəsi vardır, (2) humanizm-təməlli siyasət konsepsiyası hər iki istiqamətdə – siyasi və humanitar elmlərdə ən müxtəlif aspektlərdən öyrənilir və (3) qlobal siyasi sistemin formalaşmasında, dövlətlərarası, cəmiyyətlərarası, sivilizasiyalararası münasibətlər prosesində humanist dəyərlər başlanğıcının qəbul edilməsi, siyasətə etik-humanitar meyarların tətbiqi praktikası (“Beynəlxalq tətbiqi siyasi etika”) inkişaf edir. Siyasət və humanitar sfera arasındakı münasibətlərin tarixi dramatizmi son yüz ildə, xüsusilə qloballaşma proseslərinin dərinləşdiyi indiki dövrümüzdə daha gərgin diskussiyaların mövzusu olmuş, müxtəlif ideoloji maraqlarla da müşayiət olunan bu diskussiyalarda ayrı-ayrı elmi-nəzəri konsepsiyalar, dünyagörüşləri üz-üzə gəlmiş və bəşər mədəniyyətinin yüksək mənəvi-intellektual dəyərləri üzərində qərarlaşan siyasi humanizmin müasir dünya quruculuğu strategiyasında daha fəal mövqeyə qalxması məhdud siyasi maraqlara tabe edilən yanaşmaların tənqidini tələb etmişdir. Siyasət və əxlaqın, geniş kontekstdə siyasət və humanitar sferanın ziddiyyət təşkil etməsi ideyasından onların vəhdət təşkil etməsi ideyasına doğru inkişaf, siyasi və etik sistemlərin bu tarixi-mədəni və nəzəri-fəlsəfi düşüncə prosesində transformasiyası siyasi etikanın təkamül və təşəkkülünü şərtləndirmişdir. Siyasi etika siyasi əxlaqın modeli, siyasət və əxlaqın, ümumilikdə humanitar sferanın müvafiq prinsip və qanunauyğunluqlarının bütöv sistemi kimi formalaşmışdır. Hazırda qlobal siyasət və beynəlxalq münasibətlərin nəzəriyyə və praktikasında siyasət və humanitar sferanın alternativ-modellər kimi dərk olunmasından qoşa-modellər kimi dərk olunmasına, onların bir araya sığmazlığı, “əxlaq–siyasət dixotomiyası”, divergensiyası ideyasından bir araya sığarlığı, konvergensiyası ideyasına doğru (ziddiyyətlilikdən vəhdətə, dualist düşüncədən monist düşüncəyə doğru hərəkət istiqamətində) proqressiv irəliləyiş getdikcə dərinləşməkdədir ki, bu da dünyanın sosial-siyasi, iqtisadi-texnoloji, mənəvi-intellektual sisteminə, bu sistemin struktur əsaslarına əhəmiyyətli şəkildə təsir göstərir. Fəlsəfi və siyasi baxışların meydana gəldiyi ən qədim zamanlardan onlarda subyektlərarası (eyni zamanda dövlətlərarası) münasibətlərin hüquqi və humanitar anlamda birgə dəyərləndirilməsi və bu sintez-dəyərləndirmənin müəyyən qanunlarda əks etdirilməsi təcrübəsi də meydana gəlmişdir. Öz genezisinə, məqsədlərinə və inkişaf dialektikasına görə qanun, əsasən, sosial münasibətlərin ədalətlilik məntiqinə söykəndikdə, hüquqi determinasiya əldə etmişdir. Təqribən son əlli ildə isə dünyanın bir sıra filosof, hüquqşünas, sosioloq və siyasətçilərinin qlobal siyasət – beynəlxalq münasibətlər – beynəlxalq hüquq üçölçülüyü üzrə birləşən axtarış səyləri nəticəsində beynəlxalq həyatın mürəkkəb və aktual problemlərinə xeyli aydınlıq gətirilmiş, humanitarizm əsasları üzərində siyasi fəlsəfə, hüquq fəlsəfəsi, etik fəlsəfə, siyasi etika və beynəlxalq münasibətlərin etikası, fəlsəfəsi və sosiologiyasının əlverişli koordinatları tapılmış, spesifik metodoloji istiqamətləri müəyyənləşmiş və zəngin termin-anlayış arsenalı formalaşmış, beləliklə, beynəlxalq hüququn qlobal siyasət və beynəlxalq münasibətlərin dayağı kimi konstatasiya edilməsi mümkün olmuşdur [3;17; 4;18; 2]. Müasir dünyanın qlobal problemləri arasında sıx bağlılıq vəziyyətinin əmələ gəlməsi bir-biri ilə əlaqəli olan həmin üç sferanın – qlobal siyasət, beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahələrinin konvergent inkişafını şərtləndirir. Bu zaman planetar şüurun inteqrasiyayaradıcı bir “mərkəzi” kimi, təbii ki, fəlsəfə xüsusi bir rola malik olur. Çünki fəlsəfə o universal metodologiyaya malik olan yeganə sahədir ki, qlobal siyasət – beynəlxalq münasibətlər – beynəlxalq hüquq üçölçülüyündə konseptual-nəzəri yanaşmanı mümkün edir. Fəlsəfənin isə arqumentlərini möhkəmləndirən, ona insan mənəviyyatının fundamental əxlaq dəyərləri arsenalından meydan açan, humanitarizm ideyasını inkişaf etdirən – – etikadır. Bəşəriyyətin vahid siyasi-hüquqi sisteminin formalaşması prosesi etik-humanitar mədəniyyət sferasından kənarda baş verən hadisə deyil, onun başlıca prinsiplərinin kvintessensiyasını öz mahiyyətində ehtiva edən hadisədir. Beynəlxalq leqal tənzimləmə konsepsiyasının hüququn qlobal miqyasda strukturlaşmasına doğru inkişafı, beynəlxalq siyasi-hüquqi sistemin daha da təkmilləşdirilməsi zərurəti qlobal siyasətdə hüquqi və humanitar statusun daha optimal korrelyasiyasını tələb edir. Hüquqi və humanitar statusun düzgün korrelyasiyası isə – hər hansı bir subyektin fəaliyyətində hüquqi və humanitar prinsiplərin bir-biri ilə uzlaşması və ziddiyyətə gəlməməsi deməkdir. Bu korrelyasiya qlobal siyasətdə birtərəfli-subyektiv tendensiyaların qarşısını alan, onu dünya inkişafının ən mütərəqqi siyasi texnologiyalarının universal vasitəsinə və sisteminə çevirən amil kimi qəbul olunur. Qlobal siyasətdə humanitar yanaşma və meyarlandırma perspektivinin beynəlxalq hüquq qaydalarına necə əməl edilməsi prosesini daim müşayiət etməsi siyasətlə mənəviyyat arasında tarazlığın qorunmasının labüd şərti olaraq qavranılır. Qlobal siyasətdə hüquqi və humanitar statusun korrelyasiyası möhkəm humanitar qanunlar təməlində yaradılmalı olan beynəlxalq hüquq ideyasının davamlı inkişafının nəticəsidir [6]. İnteqrasiya proseslərinin qaçılmaz olduğu müasir dövrümüzdə formalaşmaqda olan qlobal siyasi məkan özünün üç əsas xüsusiyyətinin – (1) bütövlüyü, (2) universallığı və (3) dinamikasının vəhdəti ilə əsl mahiyyətini aşkar edir: 1. Qlobal siyasi məkanın bütövlüyü o deməkdir ki, dünyada humanistik münasibətlərlə siyasi münasibətlər arasında bağlılıq və onların bir-birini stimullaşdırması şərti, müəyyən aqnostik mülahizələrə baxmayaraq, qəbul edilir. Beynəlxalq həyatın bütün sahələrinin dinamik konvergensiyası buradakı çoxistiqamətli fəaliyyətlərin bütöv sistemini yaradır və bu sistemdə siyasi-iqtisadi maraq və dəyərlərlə mədəni-sivilizasion maraq və dəyərlər qovuşur. Ona görə də həmin sistemdəki hər hansı bir subyektin ümumi məqsədlərə zidd olan və ziyan gətirən hərəkətləri, xüsusilə iki ifrat istiqamətdə – mühafizəkar rejimləri saxlama və dominantlıq iddialarından əl çəkməmə artıq beynəlxalq birlik tərəfindən hədəfə alınır. “Beynəlxalq birlik” getdikcə daha qlobal miqyasda siyasi və humanitar anlam kəsb edərək öz statusunu və motivasiyasını gücləndirir. Beynəlxalq sistemin struktur bütövlüyünün əldə edilməsinə doğru məqsədəyönlü fəaliyyətlərin birləşməsi məhz siyasi və humanitar rasionalizmin vəhdətdə meydana çıxması ilə baş verir. 2. Qlobal siyasi məkanın universallığı – fərqlilik və müxtəlifliklərinə baxmayaraq, qlobal sistemin bütün subyektlərinin ortaq və ümumi olan dəyərləri ərsəyə gətirməsi, yayması və paylaşması prosesində yaranır və inkişaf edir. Bu proses qloballaşma epoxasında artıq bəşəriyyətin siyasi-iqtisadi, elmi-texnoloji, mədəni-intellektual həyatında, xüsusilə onun planetar özünüdərkində mühüm əhəmiyyəti olan hadisəyə çevrilir. Ona görə də universalizm siyasi, sosial və humanitar elmlərdə geniş diskursa səbəb olur [14]. Universalizmin yalnız unifikasiyalaşdırıcı bir proses olaraq dəyərləndirilməsi onun birtərəfli tənqidinə gətirib çıxarır. Halbuki universalizm təkcə inteqrasiya ilə deyil, həm də diferensiasiya ilə yaranır, eyni zamanda bu prosesləri yaradır. Universalizm qlobalizmin genezisində dayanan bir hadisə kimi, onu daxildən tənzim edə bilir. Yəni qanunauyğun inkişafı istiqamətində universalizm bəşəriyyətin tarixi həyatını yeni siyasi-antropoloji sistemdə formalaşdıra bilən mühüm proseslərin ayrılmaz komponenti olaraq özünü təsdiq edir. 3. Qlobal siyasi məkanın dinamikası – onun bütövlüyü və universallığı amilləri ilə sıx bağlıdır. Təqribən son əlli ildə dünya inkişafının xüsusilə qlobalistikada sistemli şəkildə öyrənilməsi onun dinamikasının aşağıdakı əsas parametrlərini üzə çıxarır: (1) Yer kürəsinin maddi-fiziki imkanlarının müəyyən edilməsi onun dinamik inkişafını proqramlaşdırmağı tələb edir ki, bu da öz növbəsində bütövlükdə bəşəriyyətin bio-sistemə elmi cəhətdən əsaslandırılmış humanitar münasibətini formalaşdırır; (2) iqtisadi-demoqrafik artımın proqnozlaşdırılması, modelləşdirilməsi və nizamlanması siyasəti dünyanın dinamik inkişafı layihələrində yer alır və bəşəriyyətin sosial-iqtisadi həyatındakı rasional məqsədəyönlülüyü davamlı inkişafın prioritetinə çevirir; (3) biosfer və noosferin vəhdət qanunauyğunluğu insan və təbiət münasibətlərinin yeni ölçü və meyarlarını əmələ gətirir ki, bu da həmin prosesə siyasi-humanitar yanaşmanın spesifik qayda və prinsiplərini müəyyən etməyi zəruri edir; (4) beynəlxalq sistem təkamül edir, onun təsisatları təkmilləşir, beynəlxalq münasibətlər intensivləşir və yeni istiqamətlərini açır və nəticədə bu münasibətlərin daha çevik və optimal beynəlxalq qanunlarla təsbit olunması zərurəti yetişir; (5) ənənəvi təzahürlərindən fərqlənən yeni qlobal konfliktlərin qarşısını almaq üçün beynəlxalq hüquq sisteminin təkmilləşdirilməsinə ehtiyac yaranır; (6) qlobal siyasətin universal humanizm prinsiplərini nəzərə alaraq öz fəaliyyətini qurması beynəlxalq həyatın normallaşdırılması şərtləri içərisində daha da aktuallaşır. Beləliklə, qlobal siyasi proseslərin dinamikası ilə dünya birliyinin həmin proseslərə münasibətinin dinamikasının uzlaşması beynəlxalq sistemin bütün həyatını dəyişdirəcək, təkamül etdirəcək qədər ona yeni imkanlar açır. İnsanın mahiyyətini əks etdirən əxlaqı onun bütün həyatının, eləcə də, siyasi fəaliyyətinin substansiyası kimi konstatasiya edən deontoloji konsepsiyaya görə [9], bu fəaliyyətin miqyası dövlətlərarası münasibətlərin geniş sferasına keçdikcə, subyekt (insan, dövlət, cəmiyyət) əxlaqının siyasi çəkisi və humanitar məsuliyyət yükü formalaşır. Buna görə də qlobal siyasi sistemin və beynəlxalq münasibətlərin daha effektli və humanist-demokratik əsaslarda qurulmasına ehtiyac olduğu müasir dövrümüzdə məsuliyyət problemi qabarıq şəkildə diqqət mərkəzinə gəlir. Beynəlxalq həyatın bütün sahələrinə siyasi humanizmin yüksək meyarları prizmasından yanaşma praktikası genişlənir və burada humanitar məsuliyyət qlobal siyasi fəaliyyətin bütün spektrlərində özünü mühüm bir komponent kimi təzahür etdirir. İndi qlobal siyasətin əsas paradiqmasının belə formullaşdırılması zərurətə çevrilir: dünyanın qlobal siyasi arxitektonikası rasional siyasi, hüquqi və humanitar məsuliyyətin sintezi layihəsində qurula bilər. Məsuliyyətin geniş sosial-siyasi məzmun daşıyan bu forması qlobal siyasətin ən effektli texnologiyalarının kompleksini onların humanist əxlaq nüvəsində yaradan bir deontoloji sistem və fəaliyyət perspektivi kimi inkişaf edir və özünə daha çox etimad qazanır [5; 16; 12]. Qlobal idarəetmə – qlobal siyasətin əsas nəzəri istiqaməti olaraq bu siyasətin necə aparılması qaydalarını müəyyən edir. Qloballaşma epoxasında qlobal siyasətin aktuallaşması onun idarəetmə nəzəriyyəsinin də əhəmiyyətlilik dərəcəsini artırır. Eyni zamanda, ümumən qlobal siyasətdə olduğu kimi qlobal idarəetmənin də humanitar əsaslarına funksional münasibət zərurətə çevrilir. Qlobal idarəetmə nəzəriyyəsi [1; 11; 15] müasir dövrümüzün aparıcı tendensiyalarının ümumiləşdirilməsi, qlobal dəyişikliklər üzrə çoxsəviyyəli və davamlı müzakirələrin təşkili kontekstində öz elmi-konseptual arsenalını zənginləşdirmək imkanları əldə edir. Qlobal idarəetmənin şərtləndiyi mühüm qlobal dəyişikliklər, əsasən, (a) beynəlxalq rejimin, (b) beynəlxalq təşkilatların və (c) qlobal siyasətin strukturlaşma, təsisatlanma və qərar qəbul etmə səviyyələrinin konvergensiyası ilə bağlı olur. Planetar düşüncə öz orqanik-antropogen bütövlüyünü əldə edən dünyanın idarə edilməsi üçün mümkün koordinatları təyin edir. Yeni qlobal siyasi praktikanın imkanları özünü dövlət-mərkəzli (birsəviyyəli) və planet-mərkəzli (çoxsəviyyəli) kompozisiyaya malik bifurkasiyalı dünyanın idarə edilməsinə səfərbər edir. Bu prosesi nəzarətdə saxlamağa çalışan siyasi-nəzəri metodologiya qlobal dəyişikliklərin analizində iki təməl prinsipi əsas götürür: (1) dünyanın holistik dərkinin konvensional beynəlxalq münasibətlərin də dərkinə transformasiyası; (2) “orqanik bütövlük” kimi universumda bütün varlığın (eyni zamanda, siyasi həyatın) komponentlərinin qarşılıqlı asılılıqda olması. Buradakı inteqrativ proseslərlə diferensial və fraqmental proseslər, qlobal və lokal tendensiyalar daim üzləşir və paralelləşir. Ancaq qlobal idarəetmə bütün hallarda təzadlar dünyasına “müvafiq açar” tapılmasını, siyasi həllin optimallığına güvənməyi proqram məqsədlərinə daxil edir. Qlobal idarəetmə konsepsiyası daim axtarışda olan intellektual elitanın yaratdığı elmi idarəetmənin, nəzəri modelləşdirmənin üstünlükləri ilə də zənginləşir. Qlobal idarəetmə siyasi-hərbi sferadan fərqli olaraq, humanitar sferada daha incə və mürəkkəb üsullarla işləməli olur. Sosial-siyasi antroposferanın mümkün həssaslıqda yönləndirilməsini və idarə olunmasını qarşısına məqsəd qoyan humanitar idarəetmə sistemlərinin öz prinsiplərini müəyyən edərkən, ayrı-ayrı sivilizasiyalara mənsub cəmiyyətlərin fərqli reaksiyalarını bir məcraya sala və yönəldə biləcək universal modelləri işləyib hazırlamaları lazım gəlir. Beləliklə, qlobal idarəetmənin (a) strateji-konseptual, (b) siyasi, (c) hüquqi, (ç) iqtisadi-maliyyə, (d) intellektual-texnoloji və (e) mədəni-sivilizasion istiqamətlər üzrə öz mexanizmlərini fəaliyyətə gətirməsi və onları universal bir sistemdə funksionallaşdırması qlobal siyasətin effektivliyini artırır və beynəlxalq həyatda subyektiv ambisiyalardan çıxış edilməsi və birtərəfli qaydada üstünləşmə (dominantlaşma) tendensiyalarını minimuma endirərək, dünya birliyinin öz iradəsini hər bir hegemona və ya beynəlxalq normalardan kənara çıxan subyektə qarşı daha rasional əsaslarda ifadə etmək qabiliyyətlərini stimullaşdırır. Qlobal idarəetmə strategiyasında humanitar siyasət onun müvafiq prosesləri təhlil edən analitik-məqsədli fəaliyyəti ilə qurulur. Bu strateji məqsəd və bütün istiqamətlər üzrə hərəkətin nəticəyə doğru yönəlməsi prosesi əxlaqi prinsiplərin gözlənilməsi, onu icra edən insanların ictimai-mənəvi və humanitar məsuliyyəti ilə müşayiət olunduqda, dövlət, cəmiyyət, insan və onların universal birlikləri əldə olunan siyasi nəticəni uğurlu hesab edə bilər. Dünya birliyinin inkişafı istiqamətində həyata keçirilmiş və keçirilməkdə olan bütün böyük siyasi nailiyyətlərin məhz qlobal siyasi düşüncənin qabaqcadan humanist cəhətdən məqsədəyönlü, elmi-nəzəri cəhətdən rasional təşkili nəticəsində əldə edilməsi bir həqiqətdir. Qlobal idarəetmə strategiyasında humanitar siyasətin spesifikasını müəyyən edən əsas məsələ – həmin strategiyadakı humanistik etika və siyasət başlanğıcının vəhdəti problemi bu dixotomiyaya müasir dünyanın universal qanunlarına uyğun yeni yanaşma zərurəti ilə aktuallaşır. Ümumiyyətlə, humanitarizm və siyasət insan həyatının spesifik sahələri kimi qlobal idarəetmə və onun strategiyası formatında yeni konfiqurasiya alır. Onların heç biri digərindəki mühafizəkarlığı, ehkamlaşmış doktrinaları qəbul etmir. Onların konvergensiyası isə yalnız mütərəqqi ideyaların, beynəlxalq həyatı hərəkətə gətirə bilən cəsarətli addımların təqdir olunduğu konsensusda baş tutur. Humanitarizm və siyasət arasında ziddiyyət törədən səbəblər bəzən onlardan birinin keçmişə, digərinin gələcəyə baxması, həm də necə baxması ilə, birinin zaman və hərəkət sferasına digərinin girə bilməməsi ilə bağlı olur. Deməli, (1) strateji məqsəd, (2) zaman və (3) məkan koordinatlarında uzlaşdıqda, siyasət və humanistik əxlaq birlikdə hərəkət edə bilər. Beynəlxalq humanitar siyasətin ontologiyası insan varlığını maddiyyat və mənəviyyat arasında vəhdətin əsaslarını yaradan fenomen kimi dərk edir, siyasi-ideoloji düşüncədə materialist və idealist baxışların birtərəfliliyindən qaçaraq, onların sintez variantları üzərində dayanır, dünya iqtisadiyyatı və dünya mədəniyyətini inkişafın bir-birini şərtləndirən iki fundamental istiqaməti olaraq təsdiq edir. Qlobal inkişafın humanitar siyasətinin problemlərinə yeni baxış da [8] müxtəlif elmlərin kəsişməsi müstəvisində formalaşır: fəlsəfə, etika, iqtisadiyyat və siyasət elmləri, sosiologiya, tarix, kulturologiya, hüquqşünaslıq inkişafın elə modelləri və istiqamətləri üzərində dialoqa girməli və konsensusa gəlməlidirlər ki, burada həmin inkişafın bütün parametrləri və bir-biri ilə uzlaşan və uzlaşmayan cəhətlərinin xarakteri nəzərə alınsın. Belə olduqda, humanitar məsuliyyət və siyasi konsensus qlobal inkişaf layihələrinin uğurla başa çatdırılmasına zəmanət verə bilən real praqmatikası kimi meydana çıxır. Humanitar siyasət məsul olduğu prosesi analiz edir, onun neqativ və pozitiv cəhətlərini ayırd edir, inkişafa stimul verən qlobal fəaliyyətlərin funksional istiqamətlərində optimal səmərəliliyi müəyyən edir, bir sözlə, qlobal inkişafı onun stixiyasından çıxarıb qanunauyğunluq məcrasına salaraq modelləşdirən dəyərləndirici münasibətin sistemli təzahürü olur. Humanitar münasibət praktikasının bu forması (a) hansı inkişafın məhz tərəqqi olduğunu müəyyən edir, (b) buradakı tənəzzül reallıqlarını, ifrat və birtərəfli tendensiyalaşma hallarını fərqləndirir, (c) inkişafın mütərəqqi keyfiyyətlərini dəyərləndirir, (ç) qlobal inkişafın beynəlxalq sistemi irəliyə doğru aparan səmtlərini göstərir, (d) inkişaf və demokratiya arasında müvazinəti tapır və nəhayət, (e) qlobal siyasətə dünya inkişafı üçün faydalı olan meyarları təqdim edir. Humanitar siyasət qlobal idarəetmədə beynəlxalq həyatın bütün reallıqları və perspektivlərini nəzərə aldığı təqdirdə, onun humanitar fəaliyyətlərin yüksək insani meyarlar və tələblərlə uzlaşan konseptual istiqamətlərini təyin etməsi, bu sahədə yeni praktikanı yaratması mümkün olur: (1) Qlobal iqtisadi artım strategiyası qlobal yoxsulluğun aradan qaldırılması tendensiyası üzərində qurulur; (2) Qeyri-bərabərlik və ayrı-seçkilik beynəlxalq sistemin harmonik strukturunu pozan əks-tendensiyalar kimi qiymətləndirilir; (3) Dünya inkişafı konsepsiyasının reallaşmasının əsas determinantlarından olan qlobal inteqrasiya məqsədləri bir tərəfdən dominantlaşma, digər tərəfdən dezinteqrasiya və marginallaşma ilə hədəfdən yayındırılmır; (4) Dünya dövlətlərini piramidal struktura yerləşdirmək və bu sistemi bir hegemonun idarəçiliyinə tabe etmək siyasəti qlobal idarəetmənin siyasi-humanitar məqsədlərini tam tərsinə çevirmək kimi anlaşılır; (5) Beynəlxalq humanitar siyasət bəşəriyyətin humanist siyasi və mənəvi-əxlaqi dəyərlər sisteminin bütün potensialını özündə səfərbər edərək, həmin inkişafın maddi və mənəvi cinahlarının birgə hərəkətini – rasional müvazinəti qaydalandırır. Beynəlxalq siyasətin ümumi polifoniyası beynəlxalq təşkilatların getdikcə genişlənən fəaliyyəti spektrində yaradılır. Bu siyasətdə birtərəfli və subyektiv ambisiyaların baş qaldırması həmin təşkilatların fəal mövqeyi qarşısında tədricən mümkünsüzləşir. Bu mövqe möhkəmləndikcə, onların siyasi, hüquqi və humanitar statusuna bəşəriyyət tərəfindən ehtiram və etimad da yüksəlir. Beləliklə (a) beynəlxalq təşkilatların əhatə və nüfuz dairəsinin genişlənməsi, (b) beynəlxalq münasibətlərin dərinləşməsi və (c) beynəlxalq hüququn daha yüksək səviyyədə funksionallaşması bir-birini şərtləndirən üç kardinal proses kimi beynəlxalq sistemin inkişafının və qlobal idarəetmə texnologiyalarının effektivləşməsinin qarantı olur. Beynəlxalq təşkilatlar qlobal münasibətlərin dinamikasını dərk etməyə və onu proqramlaşdırmağa, həmin münasibətlərin daha təkmil qurulmasını vasitələndirməyə çalışır [13]. Bu gün planetin hər bir sosial subyekti – o istər ayrıca bir fərd, istərsə də qrup, şirkət, transmilli korporasiya və ya dövlət olsun – özünü beynəlxalq münasibətlərin təşkilatlanmış çərçivəsində görür. Hazırda beynəlxalq təşkilatların yaratdığı geniş əməkdaşlıq sferasında hər bir insanın məqsədəuyğun bildiyi bir formada dünyanın insanları və qurumları ilə əlaqələr yaratmağa, hər bir dövlətin dünyanın bütün dövlətləri ilə münasibətlər qurmağa imkanları vardır. Bu, dünya tarixində indiyədək görünməmiş bir situasiyadır. Belə bir şəraitdə, sadəcə olaraq, marginallaşmaq və qloballaşmamaq mümkün deyil. Buna görə də qlobal siyasət dünya tarixinin bu unikal situasiyasını düzgün qiymətləndirməli və istiqamətləndirməli, beynəlxalq sistemin həyatında onu tamamilə yeni quruluşda təşkil edəcək, yeni fazaya keçidi şərtləndirəcək əhəmiyyətli islahatları məhz özünə etimad doğuran təşkilatlar vasitəsilə həyata keçirməlidir. Beynəlxalq təşkilatların fəaliyyəti elə əlaqələndirilməlidir ki, bu proses beynəlxalq rejimin qaydaları ilə də uzlaşsın. Yəni qlobal idarəetmə sisteminin beynəlxalq təşkilatlanma formalarındakı özünütəşkil prinsipləri müasir dünya inkişafının məntiqinə, onun mürəkkəbləşdikcə özünü daha aydın və sistemli dərketmə şərtlərinə uyğun gəlsin. Humanitar mədəniyyət özünün tarixi inkişafı prosesində belə bir paradiqmasını cilalayır ki, insan – yaratdığı bütün həyat formalarında ən müxtəlif fəaliyyət istiqamətlərini özündə birləşdirən və daxil olduğu sistemin idarə olunması məsuliyyətini öz üzərinə götürən rasional antropokonsentrik subyektdir. Bu paradiqmanın humanistik mənası ondadır ki, o, həmin sistemin idarə edən və idarə olunan subyektlərinin siyasi, hüquqi və humanitar statusuna görə bərabərliyi və suverenliyi ideyasına əsaslanır. Buna görə də sivilizasiyanın ən başlıca ideyası – humanizm tarixən həmişə təbəqələşmə, ayrı-seçkilik və istismarın bütün forma və təzahürlərinə qarşı sosial-siyasi müqaviməti yetişdirən bir mənəviyyat təməli olmuşdur. İnsanı vasitə deyil, məqsəd kimi konstatasiya edən humanitariya cəmiyyət düşüncəsinin etik motivasiyasını yaradır, sosial sistemlərin qloballaşmaya doğru genişlənməsi, qlobal idarəetmə mexanizmlərinin mürəkkəbləşməsi prosesində həmin humanist başlanğıcı daim təkamül etdirməyə zərurət duyur. Beləliklə, beynəlxalq sistemin mərkəzində İnsanın dayanması faktoru qlobal siyasətin mahiyyətini, məqsəd və vəzifələrini əhəmiyyətli dərəcədə transformasiyaya uğradır. İnsan başlanğıcına əsaslanan qlobal siyasətin idarəetmə modelləri, təbii olaraq, humanistik forma və məzmun kəsb etməlidir. Buna görə də müasir siyasi antropologiya müxtəlif sosial-siyasi quruluşlarda insanın necə fəaliyyət göstərməsini öyrənərkən, bu fəaliyyət nəticəsində həmin quruluşların, idarəetmə mexanizmlərinin getdikcə humanistləşməsi prosesinə xüsusi əhəmiyyət verir. Aydın şəkildə görünür ki, qlobal siyasətdə insan və insanilik konsepsiyasının aktuallaşması bəşər sivilizasiyasının tarixi təkamülü və müasir dünya inkişafının ümumi tendensiyası ilə bağlı olan labüd prosesdir: bu təkamül və inkişaf, siyasəti bütün cinahları ilə dünyanın atomik mənəvi-yaradıcı başlanğıcına – İnsana doğru hərəkət etdirir və burada qərarlaşdırır. Dünya birliyinin vahidi – İnsan, qlobal idarəetmənin antropokonsentrik əsası – insan amili olur. Məhz İnsan qlobal idarəetmənin antropokonsentrik əsası kimi dərk edilərək və funksionallaşaraq, müasir epoxanın aparıcı ideyalarını həyata keçirən, humanistik münasibətləri həyat tərzinə çevirən planetar güc xarakteri alır. Humanitariyanın dünya tarixinin təkamül prosesinə konseptual yanaşması vahid siyasi məkanın getdikcə inkişaf etməsini milli dövlətləri dünya birliyi perspektivinə yönəldən proses kimi dəyərləndirir. Dünya birliyinin qlobal arxitekturasını təşkil edən suveren milli dövlətlərin daxili siyasətinin beynəlxalq siyasətdə konvergensiya tapması nəticəsində qlobal siyasət öz prinsiplərini həyata keçirə bilir, beynəlxalq münasibətlərin bütün istiqamətlərində qarşılıqlı əməkdaşlıq fəaliyyətləri mümkün olur. Milli dövlətlər beynəlxalq siyasətin təkcə əsas aktorları deyil, həm də dünya birliyinin mövcudluğunu şərtləndirən subyekti, beynəlxalq təhlükəsizliyin təminatçısı, qlobal siyasi həyatda özünün hüquqi və humanitar statusunu daim qorumağa və genişləndirməyə qadir olan unikal təsisatı kimi strukturlaşır. Bununla yanaşı, milli dövlət, tarixi inkişaf prosesində müəyyən coğrafi məkanı – vətənə çevirərək, burada identikliyini tapmış cəmiyyətin, bu cəmiyyətə mənsub ayrı-ayrı etnik qrupların milli-siyasi bütövlüyünü yaradan, milli dil və mədəniyyətin özünəməxsus mental keyfiyyətləri ilə müəyyən sivilizasiya arealında qərarlaşmasını təmin edən, millətin və onun seçkin mədəniyyətinin, dini, siyasi, hüquqi və humanitar dəyərlərinin, adət və ənənələrinin qoruyucusu kimi böyük məsuliyyət daşıyan və nəhayət, hər hansı bir milləti dünya birliyində təmsil edən siyasi-inzibati təsisatdır. Məhz bu statusunda milli dövlət beynəlxalq hüququn subyekti olaraq, daxili siyasi həyatın və beynəlxalq sistemin təkamülü prosesində yeni funksional keyfiyyətlər və inkişaf perspektivləri əldə edir. Onun beynəlxalq münasibətlər sistemində fəaliyyətinin miqyası xüsusilə qloballaşma epoxasında kifayət qədər genişlənir, dövlətlərarası münasibətlər regional çərçivədən qlobal miqyasa doğru inkişaf edərək, yeni, dinamik konfiqurasiyalarda özünüreallaşdırma imkanları qazanır. Suveren dövlətlərin qarşılıqlı asılılığının artması onların fəaliyyət mexanizmlərinə yeni baxış və ölçüləri parametrləşdirir. Qlobal idarəetmənin əsas determinantları olan dövlətlər və beynəlxalq təşkilatlar arasındakı münasibətlər qlobal interaksiyanın mürəkkəb kompleksini yaradır. Beynəlxalq təşkilatların güclənməsi ilə milli dövlətlərin güclənməsi qlobal əməkdaşlığın və rəqabətin də başqa reallıqlarını meydana gətirir. Eyni zamanda, qlobal idarəetmədə həlledici mövqeyə malik olan dövlətlərin öz aralarındakı münasibətlər və belə bir aparıcı mövqeyi əldə etməyə çalışan yeni qüdrətli dövlətlərin beynəlxalq arenaya çıxaraq, buradakı prioritetləri bölüşməsi dünyanın siyasi inkişafına yeni təsir imkanlarını yaradır. Ona görə də biz belə hesab edirik ki, beynəlxalq sistemin iki ən mühüm başlanğıcını – suveren milli dövlətləri və məhz onların sayəsində siyasi tarixin səhnəsinə gəlmiş beynəlxalq təşkilatları üz-üzə qoymaq, onlardan birinin mümkünlüyünü o birinin qeyri-mümkünlüyü ilə izah etmək düzgün deyildir; bu mənada “qloballaşma” və “suverenlik” anlayışlarını da bir-birinə alternativ modellər kimi qarşı-qarşıya qoymaq yanlış mövqedir. Çünki qlobal siyasətin praktikasında qloballaşma və suverenlik bir-birini istisna edən yox, əksinə, bir-birini şərtləndirən fenomenlərdir [7; 10]. Milli dövlətin “ölməsi” heç də – “ümumdünya dövlətinin doğulması” demək deyil. Eyni məntiqin əks-əlaqəsi ilə yanaşsaq, dünya birliyinin təsdiqi – milli dövlətin inkar edilməsi demək deyil. Arxitektonik quruluşlu qlobal siyasi sistemin humanitarist ideyasına görə, yalnız millətlərin birliyi bəşəriyyətin gerçək substansiyasını ifadə edir. Müasir beynəlxalq sistemin dünya birliyinin təşəkkülünə doğru inkişafının hazırkı mərhələsində suveren milli dövlətlərin ümumdünya demokratikləşmə və modernləşmə hərəkatını genişləndirməsi onların öz siyasi və hüquqi statusunda fəaliyyətinin və bu missiyaları yerinə yetirməsinin ən məsuliyyətli aktıdır. Dünya birliyində demokratik suveren milli dövlətlərin sıx konsolidasiyasının yaradılması dönməz proses olaraq qlobal siyasi-antropoloji sistemi onun inkişafının yeni fazasına, bəşəriyyəti təşkil edən millətləri daha geniş humanitar əməkdaşlıq münasibətlərinin qurulmasına hazırlayır. Ədəbiyyat 1. Approaches to Global Governance Theory. Ed. by Hewson M., Sinclair T.J. New York: State University of New York Press, 1999 2. Bederman D.J. The Spirit of International Law. Athens, Ga.: University of Georgia Press, 2002 3. Beitz Ch.R. Political Theory and International Relations. Princeton NJ: Princeton University Press, 1999 4. Buchanan A. Justice, Legitimacy, and Self-Determination: Moral Foundations for International Law. Oxford : Oxford University Press, 2007 5. Cane P. Responsibility in Law and Morality. Oxford: Hart Publishing, 2003 6. Capaldo G.Z. The Pillars of Global Law. Ashgate, 2008 7. Cohen J.L. Sovereignty in the Context of Globalization: a Constitutional Pluralist Perspective / The Philosophy of International Law. Ed. by Besson S., Tasioulas J. New York: Oxford University Press, 2010, p.261-280 8. Crocker D.A. Ethics of Global Development. Agency, Capability, and Deliberative Democracy. Cambridge University Press, 2009 9. Donaldson Th. Kant’s Global Rationalism / Traditions of International Ethics. Ed. by Nardin T., Mapel D.R. Cambridge University Press, 2002, p.136-157 10. Endicott T. The Logic of Freedom and Power / The Philosophy of International Law. Ed. by Besson S., Tasioulas J. New York: Oxford University Press, 2010, p.245-259 11. Hampshire S. World Governance: A Philosophical View / Global Governance: Ethics and Economics of the World Order. Ed. by Desai M., Redfern P. London, New York: Pinter, 1995, p.219-225 12. Jorgensen N. The Responsibility of States for International Crimes. Oxford: Oxford University Press, 2001 13. Karns M.P., Mingst K.A. International Organizations: The Politics and Processes of Global Governance. Boulder, London: Lynne Rienner Publishers, 2010 14. Pin-Fat V. Universality, Ethics and International Relations. London, New York: Routledge, 2010 15. Rosenau J.N. Governance, Order, and Change in World Politics / Rosenau J.N., Czempiel E-O. Governance without Government: Order and Change in World Politics. Cambridge: Cambridge University Press, 1992, p.408-432 16. Simmons A.J. Moral Principles and Political Obligations. Princeton: Princeton University Press, 1981 17. Teson F.A. A Philosophy of International Law. Boulder, Colorado: Westview Press, 1998 18. Wiggins D. Ethics: Twelve Lectures on the Philosophy of Morality. Harvard University Press, 2009 Açar sözlər: Konvergensiya, beynəlxalq münasibətlər, humanitar kontekst, humanistləşmə, demokratikləşmə, inteqral yanaşma Конвергенция глобальной политики и гуманитарной сферы в развитии международных отношений (Императивы политической аналитики) Конвергенция глобальной политики и гуманитарной сферы в развитии международных отношений имеет большое значение. Чем дальше, тем больше становится ясно, что динамика этого развития связана с усилением гуманитарного контекста в глобальной политике. Сегодня расширяются перспективы обогащения глобальной политики более прогрессивными и концептуальными идеями и подходами, углубления на платформе общечеловеческого гуманизма и глобального демократизма, обеспечения им национальных государств и международных организаций новыми моделями политического сотрудничества и развития, в особенности выступления с конструктивными проектами в решении глобальных кризисов и конфликтов. В целом, конвергенция глобальной политики и гуманитарной сферы создает синтез тенденций, способствующих скорейшему осуществлению процесса гуманизации и демократизации международных отношений. Осознание необходимости этой конвергенции усиливает внимание к применению методов интегрального подхода в общественно-политических и гуманитарных науках. Ключевые слова: Конвергенция, международные отношения, гуманитарный контекст, гуманизация, демократизация, интегральный подход Convergence of Global Politics and the Humanities in the Development of International Relations (Imperatives of political analytics) Convergence of global politics and the humanities very important in the development of the modern international relations. Influence of the humanities on the dynamics of this development in the global context is increasing. Perspectives of enrichment of modern global politics with the progressive and conceptual ideas and approaches, deepening in the platform of universal humanism and global democratism, ensuring the national states and international organizations with the new political cooperation and development models, especially defining the constructive projects in the solution of global crisis and conflicts widen. In general, convergence of global politics and the humanities creates the syntheses of tendencies which stimulates the humanization and democratization process of international relations. Understanding of the necessity of this convergence increases attention on the application of methods of integral approach in socio-political and human sciences. Key words: Convergence, international relations, context of the humanities, humanization, democratization, integral approach