Qlobal siyasətin əsas məqsədi – beynəlxalq təhlükəsizliyin qorunması şəraitində dövlətlərarası münasibətlərin düzgün qurulması ilə həmin münasibətlərin daha da inkişaf etdirilərək dünya birliyini bəşəriyyətin birgəyaşayışının optimal reallığına çevirməkdirsə, əsas problemi də – bu məqsədin həyata keçirilməsində qarşılaşdığı konfliktmənşəli və konflikttörədici hadisə və proseslərin qarşısının alınması, neytrallaşdırılması və ya minimuma endirilməsidir. Müxtəlif miqyaslı lokal, regional və qlobal münaqişələr – müharibə, soyqırım, terrorizm, hərbi müdaxilə və s. silahlı konfliktlər ümumdünya siyasi proseslərinin doğurduğu ziddiyyətlərin, qarşıdurmaların daha açıq, sərt, amansız və faciəvi şəkildə meydana çıxması, hətta qarşısı alındıqda, yatırıldıqda belə, sonra yenidən bu və ya digər formada təzahür edə bilən potensial təhlükə mənbələridir. Ona görə biz “açıq fazasına” keçmiş həmin münaqişələri “konfliktmənşəli və konflikttörədici hadisə və proseslər” hesab edirik ki, onlar uzun müddət, təzahür dövründən həm əvvəl, həm də sonra latent formada davam edə bilərlər. Yəni hər hansı müharibə başlama və bitmə tarixinə malik olsa da, o, bu tarixdən daha geniş dövrü əhatə edə bilər. Dünya tarixinin sülh və müharibə, sabitlik və gərginlik fazalarından ibarət olması da, cəmiyyətlər, dövlətlər və sivilizasiyalar arasındakı münasibətlərin daha mürəkkəb mahiyyəti ilə – yəqin ki, daha çox da insanların öz maraq və mənafelərini paritet əsaslarda təyin edən siyasi, hüquqi, etik meyarları və onların bünövrəsində humanitar prinsipləri mükəmməl formada yarada və tətbiq edə bilməmələri, daha dəqiq desək, insanların özlərinin yaratdıqları qanunlara yetərincə əməl etməməsi ilə bağlıdır.
Qeyd edək ki, müharibə siyasətinə humanizm və əxlaq fəlsəfəsi kontekstində münasibət bildirən ilk mütəfəkkirlərdən biri böyük Azərbaycan filosofu Nəsirəddin Tusi olmuşdur. İnsan mənəviyyatının və onun ictimai-siyasi və etik davranış praktikasının mükəmməl ensiklopediyasını yaratmış Nəsirəddin Tusi “Əxlaqi-Nasiri” əsərində müharibəni törədən rəzaləti və rəzalətdən törəyən müharibəni sanki eyni şər fəaliyyətinin əks istiqamətə yönəlməsi, lakin nəticə etibarilə heç bir problemi həll etməməsi kimi şərh edir. O, müxtəlif mənşəli münaqişələrin kökünü açaraq göstərir ki, “dava-dalaş dünyanın nizam-intizamını pozan fəsadlardandır, özü də rəzalətlərin ən təhlükəlisidir” [5, s.137]. Nəsirəddin Tusi daim konflikt rejimində yaşamağın insan üçün nə qədər çətin olduğunu, onun maddi və mənəvi həyatına, nəsil artımına necə böyük zərbə vurduğunu, müharibə və digər münaqişələrin zəncirvarı prosesində “bitməzlik effektinin” yaranmasının sosial psixologiyanı necə alt-üst etdiyini, bu vəziyyətdə insan fəaliyyətinin zora xidmət etməyə məhkum olduğunu, fatehliyin puç bir ideologiyanı cəmiyyətin şüuruna yeritməsinin insanlar və qövmlər arasında necə böyük uçurum yaratdığını və nəhayət, müharibənin həm vuruşan dövlətləri, həm də bütövlükdə dünyanı tərəqqi və inkişaf yolundan sapdırdığını əyani şəkildə sübut edir: “Ədalətin aşkar münaqişəyə çevrilməsi nemətlərin aradan getməsinə, dövlətlərin əldən-ələ keçməsinə, ümumi faciə və bədbəxtliyə, mədəniyyət və sənətin məhv edilməsinə, böyük dağıntı və xəsarətin əmələ gəlməsinə, nahaq qanların tökülməsinə və başqa şər işlərin törəməsinə səbəb olar. Belə bəd əməllər haqqında fikirləşməyə, onları həyata keçirmək üçün tədbirlər hazırlayıb planlar cızmağa sərf edilən ömür hədər getməklə bərabər, dünyaya fitnə və çaxnaşma salar, ixtilaf yaradar” [5, s.254]. Azərbaycan filosofunun əsas sülh pardiqması da belədir: “Şəri məhv edib aradan qaldırmaq üçün xeyirdən başqa bəşərə heç nə kömək edə bilməz” [5, s.254]. Tədqiqatçı M.Zeynalov “Müasir dünyada müharibələr və konfliktlər” məqaləsində bu problemi diqqətlə araşdırmaqla yanaşı, sabiq ABŞ prezidenti, məhz terror nəticəsində 1963-cü ildə qətlə yetirilmiş demokrat Con Kennedinin Nəsirəddin Tusinin universal-humanist mövqeyi ilə üst-üstə düşən fikrini misal gətirir: “Bəşəriyyət müharibəyə son qoymalıdır, yoxsa, müharibə bəşəriyyətə son qoyacaq” [6, s.294].
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həm Azərbaycanın klassik siyasi-etik fikrindən qaynaqlanan, həm də C.Kennedinin bu aforizmindəki ideya ilə səsləşən aşağıdakı sözləri də bəşəriyyətə fəlakətlər gətirən qeyri-insani əməllərə qarşı səfərbərlik əzminin göstəricisi kimi olduqca dəyərlidir: “Dünyanın bütün mütərəqqi qüvvələri faşizmə, irqçiliyə, milli-dini ayrı-seçkiliyə, hər cür soyqırım aktına qarşı səfərbər olmalıdır” [1, c.3, s.357]. Bu, eyni zamanda, Azərbaycanın bir dövlət olaraq, beynəlxalq aləmdə qlobal sülh siyasətinin mövqeyində dayandığını təsdiq edir.
Beynəlxalq hüquq konfliktmənşəli hadisə və proseslərə münasibəti ifadə edən beynəlxalq qanunları formalaşdırsa da, onların tətbiq mexanizmlərində çatışmazlıqların olduğu da etiraf edilir. Qeyd edək ki, beynəlxalq hüququn bu problemlərlə bağlı olan xüsusi bir sahəsi – “beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, obrazlı desək, birbaşa döyüş meydanına gəlir və sırf humanist mövqedən çıxış edərək, artıq başlamış müharibəni, – onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq, – müəyyən normativ çərçivəyə salmağa can atır” [3, s.200]. Lakin, fikrimizcə, müharibənin və bütün digər silahlı konfliktlərin başlamasından sonrakı proseslər deyil, məhz “başlama səbəblərinin” təhqiqi də beynəlxalq siyasətlə yanaşı, həm də beynəlxalq hüququn kompetensiyasına daxil olmalıdır.
Hazırda, əsasən, “Haaqa hüququ” (“Silahlı konfliktlərin aparılması ilə bağlı hüquq”) və “Cenevrə hüququ”ndan (“Silahlı konfliktlərin qurbanlarının müdafiəsi ilə bağlı hüquq) ibarət olan beynəlxalq humanitar hüquq müharibəyə başlama (“jus ad bellum”) və müharibə aparma (“jus in bello”) qaydalarını qəbul edərək, lakin həm də onların arasında mühüm fərq qoyaraq, özünün aşağıdakı fundamental prinsiplərindən çıxış edir: • İnsanlıq prinsipi; • Hərbi zərurət prinsipi; • Proporsionallıq prinsipi; • Mülki vətəndaşları və döyüşənləri fərqləndirmə prinsipi; • Çoxsaylı itkilərə və fəlakətlərə səbəb olan silahların yasaqlanması prinsipi; • “Jus in bello”nun (müharibə aparma) “jus ad bellum”dan (müharibəyə başlama) asılı olmaması prinsipi [16, s.792].
Bu prinsiplərin siyasi, hüquqi və humanitar aspektlərdən sintez- interpretasiyası belə bir qənaəti ortaya çıxarır ki, beynəlxalq sistemin hər hansı bir subyektinin özünümüdafiə hüququ və bu sistemin mövcudluğuna təhlükə törədə bilən halların qarşısını fərdi və kollektiv şəkildə alma hüququ vardır. Əgər müharibə tamamilə yolverilməz sayılsa və qadağan edilsə, həmin subyektlər belə bir hüquqdan məhrum edilmiş olarlar. Lakin nəticə etibarilə, beynəlxalq humanitar hüquq müharibəyə başlama və müharibə aparma qaydalarını qəbul etsə də, bütün hallarda onlardan sui-istifadə hallarını istisna edir.
Deməli, müasir dünya siyasətinin nəzəriyyə və praktikasında əsaslı dönüş həm də konfliktli proseslərə münasibətdə yeni siyasi-hüquqi paradiqmadan çıxış edilməsini zəruri edir. Qlobal siyasətin humanistik paradiqmasından yanaşma – beynəlxalq konfliktlərin bütün formalarına onların genezisini və törəniş səbəblərini ayırd etməklə başlayır. Belə bir təşəbbüsün tarixi ənənəsi də vardır. Xüsusilə “ədalətli müharibə nəzəriyyəsinin” beynəlxalq hüququn konseptual sistemində özünə yer alması, eyni zamanda, humanitariyanın əsas problemlərindən biri kimi daim diqqət mərkəzində dayanması onu göstərir ki, beynəlxalq münasibətlərin ədalətlilik prinsipi əsasında qurulması ideyası, məntiqi olaraq silahlı konfliktlərin genezisini araşdırmaq zərurətindən də yan keçməmişdir.
Lakin daha geniş tarixi kontekstdə yanaşsaq, “ədalətli müharibə” ideyasının din, əxlaq və siyasətin ən fundamental ideyalarından biri kimi Şərq sivilizasiya düşüncəsində – buddizm, konfutsiçilik, daosizm, islam doktrinalarında mövcud olduğunu görərik. İslamda “cihad” – “ədalətli müharibə”, “müqəddəs müharibədir” ki, öz əsaslarını “Quran”dan alır və islam prinsiplərinə görə, müasir dövrdə də müharibə və sülh əxlaqına təməl yaradır. “Quran”ın müvafiq olaraq “Əl-Bəqərə” və “Əl-Həcc” surələrində bəyan edilir: “Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın” (2.190); “Zülmə məruz qaldıqlarına görə vuruşanlara izn verilmişdir” (22.39) [4, s.27, 315]. Göründüyü kimi, “cihad” və ya “cihadi-əkbər” (“böyük cihad”) doktrinası gerçək həyatın məntiqinə söykənir: yəni yalnız müqəddəs kitabda göstərilən yuxarıdakı səbəblər olduqda, müharibə aktına yol verilir. İslam ilk dəfə olaraq “dar-əl-hərb” (“hərb dünyası”) və “dar-əl-islam” (“sülh və əmin-amanlıq dünyası”) arasında fərq qoyur və bəşəriyyəti müharibə rejimindən sülh rejiminə keçməyə doğru yönəldir [15, s.47-52].
Avropada isə protestant Reformasiya hərəkatı nəticəsində xristian cəmiyyətlərinin birliyi ideyası alt-üst olduqdan sonra dini zəmində qarşıdurmalar Otuz illik Müharibəni törətdi. Bu müharibənin qızğın çağında – 1625-ci ildə Müq. Avqustin və Tomas Akvinalı kimi ilahiyyatçıların teoloji və siyasi fikirlərinə istinad edən Danimarka hüquqşünası Huqo Qrotsi “Müharibə və sülh hüququ” adlı əsərini çap etdirərək, burada ədalətli müharibə nəzəriyyəsinin müasir beynəlxalq hüquq sisteminə də öz konseptini verən əsaslarını irəli sürdü. Həmin nəzəriyyənin bu günədək inkişaf etdirilən əsas müddəaları aşağıdakılardır:
Müharibəni “siyasətin başqa vasitələrlə davam etdirilməsi” kimi şərh edən mövqe də öz ideya qaynaqlarına görə, əsasən, hərbi strategiya nəzəriyyəçisi general Karl von Klauzevitsin fikirlərinə söykənir [11] ki, belə bir yanaşma da humanitariyada “nə üçün siyasət zora çevrilə bilir?” [9, s.370-396] – sual- problemini doğurur. Bu problemə cəmiyyətin sosial psixologiyasının ənənəvi yanaşmasından doğan qənaət isə, başlıca olaraq, bu tezisdə formullaşır: “İnsanın təbiəti elədir ki, buna görə müharibə və konflikt həmişə olacaq” [17, s.55]. Müharibə fenomeninin mütləqləşdirilməsi tendensiyası ictimai, siyasi və hərbi nəzəriyyələrdə özünə müəyyən qədər dəlillər tapmağa can atsa da, qlobal siyasət müharibə də daxil olmaqla, müxtəlif formalı konfliktlərin mahiyyətini, onların tarixi dinamikasını, transformasiya xarakterini öyrənməyə və nəticədə, ümumdünya siyasi proseslərini konflikt rejimindən çıxmağa qoymayan səbəbləri aşkar etməyə çalışaraq, bu barədə özünün pozitiv rasional mövqeyini formalaşdırır.
Qlobal siyasət beynəlxalq münasibətlər sisteminin tarixi təkamülündə konfliktmənşəli hadisə və proseslərin hansı yeri tutduğunu və ona necə təsir etdiyini aydınlaşdırmaq üçün dünyanın “müharibələr tarixinin” ümumi panoramını təsəvvür etməyə kömək edən faktları ümumiləşdirməyə çalışır. Məlum olur ki, dünya tarixində e.ə. 3600-cü ildən indiyədək yalnız 292 il müharibəsiz keçmiş, 1816-cı ildən yaşadığımız günlərədəksə 22 müharibə baş vermişdir. İyirmi birinci əsrin lap əvvəlindən – 2001-ci il 11 sentyabrdan ABŞ-ın “beynəxalq terrora qarşı müharibə” elan etməsini və bu prosesin indiyədək davam etdiyini də nəzərə alsaq, onda deyə bilrək ki, üçüncü minilliyin bir günü də savaşsız ötməmişdir.
E.ə. 3000-ci ildən müasir dövrümüzə qədər olan, demək olar ki, bütün sivilizasiya tarixini əhatə edən bir zaman kəsiyində 150 milyondan artıq insan bu müharibələrdə həlak olmuşdur. Həlak olan insanların 96 faizi son 500 ildə, onun da 73 faizi isə yalnız XX əsrdə baş vermiş müharibələrin payına düşür [13, s.174]. Təkcə İkinci Dünya müharibəsindən sonra bütün dünyanın 151 yerində 231 silahlı konflikt baş vermişdir ki, bunların da yarıdan çoxu 1989-cu ildən – Soyuq müharibə qurtarandan sonrakı ən yaxın tarixi dövrə təsadüf edir. BMT-nin məlumatlarına görə, ötən onilliklərdə silahlı konfliktlərdə həyatını itirən mülki vətəndaşların sayı dramatik şəkildə artmış, ümumi qurbanların 90 faizinə çatmışdır. Onların da yarısı uşaqlardır. Təkcə son onillikdə 2 milyondan çox uşaq silahlı konfliktlərdə tələf olmuşdur. Yalnız iki ilin müqayisəsində (2003 və 2004-cü illər) müharibələrin, latent konfliktlərin, açıq konfliktlərin, böhranların və ağır böhranların intensiv olaraq artdığı müşahidə edilmişdir. Bu faktlar onu göstərir ki, dünyadakı hərbi-siyasi gərginliklərin silahlı konfliktlərə çevrildiyi bütün məkanlarda bu konfliktlərin həm sayı, həm tezliyi, həm də döyüşlərdə bilavasitə iştirak etməyən mülki vətəndaşların və xüsusilə uşaqların həlakolma faizi yüksəlir. Dünya birliyi, beynəlxalq təşkilatlar bu tendensiyanın qarşısını nə qədər almağa çalışsalar da, beynəlxalq həyatın konflikt rejimi daha gərgin və gözlənilməz situasiyaların yaranması ilə davam edir.
Müasir dünya siyasətində baş verən bu prosesləri dərindən analiz etmək bizim üçün həm də ona görə vacibdir ki, SSRİ-nin dağılması və bu ərazidə müstəqil dövlətlərin yaranması prosesində Azərbaycan Respublikasının da zorla cəlb edildiyi müharibədə Ermənistan tərəfindən 20 faizdən çox torpağı işğal edilmiş, vətəndaşları erməni terrorunun hədəfinə çevrilmiş, soyqırıma məruz qalmış, yeni müstəqil dövlətimiz 1 milyon qaçqın problemi ilə üzləşmişdir. Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq normaları çərçivəsində təmin olunmasına dair BMT Təhlükəsizlik Şurasının 853 saylı (29 iyul, 1993), 874 saylı (14 oktyabr, 1993), 884 saylı (12 noyabr, 1993), eləcə də BMT Baş Assambleyasının 2006 və 2008-ci il qətnamələri, Avropa Birliyi və Avropa Şurasının müvafiq qətnamələri olsa da, bu problemin həlli üçün ATƏT-in Minsk Qrupu yaradılsa da, Ermənistanı işğalçılıq siyasətindən döndərmək hələlik mümkün olmamışdır [19, s.735; 2]. Buna baxmayaraq, “Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi və Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin birdəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir” [2]. Azərbaycan dövlətinin öz torpaqlarını azad etmək iradəsi ilə onun xalqının tarixən formalaşmış humanist-sülhsevər mənəviyyatının vəhdəti beynəlxalq birliyin qəbul etdiyi, qlobal siyasətin dəstəklədiyi ədalətli mövqe ilə tamamilə uzlaşır.
Humanizm-təməlli qlobal siyasətdə beynəlxalq birliyin ədalətli mövqeyini gücləndirmək səyləri beynəlxalq münasibətlər prosesinin inkişafı kontekstində müharibə fenomeninə yanaşmaların konvergensiyasını tələb edir. Çünki bu yanaşmalar tarixi formalaşma, məqsəd və strategiyalarına görə bir-birindən xeyli dərəcədə fərqlidir və onlar, demək olar ki, bu gün beynəlxalq siyasətin əlvan palitrasını təşkil edirlər. Qlobal siyasətin realist konsepsiyasına görə, dünya – anarxik sistemdir və beynəlxalq həyatın ən mühüm şərti – qüvvələr balansını saxlamaqdır. Müharibə də yalnız o zaman baş verir ki, bu qüvvələr balansı qeyri-müəyyən istiqamətə doğru pozulur, yaranmış real situasiyanı idarə edə bilmədiyi üçün siyasət – zor fazasına keçir. Bu səbəbdən də Martin Uayt “inqilabı – daxili siyasətin ən son görüntüsü”, “müharibəni isə – beynəlxalq münasibətlərin ən son görüntüsü” kimi [20, s.207] şərh edir. Qlobal siyasi realizmin əsas paradiqması da budur ki, klassik qüvvələr balansı sistemi sabitliyi saxlamağın ən yaxşı yoludur, burada dəyişmənin baş verməsi – müharibənin baş verməsinə yol açır. Müstəqil güc mərkəzləri qüvvələr balansını formalaşdırır. Dövlətlərarası münasibətlərin yaxın tarixində ikiqütblü dünya modeli (ABŞ və SSRİ) bu qüvvələr balansının ən optimal variantı sayılırdı. Hazırda isə ABŞ özünün vahid hegemonluğu ilə birqütblü dünya modelini formalaşdırmağa çalışsa da, müasir beynəlxalq sistemin çoxqütblü və ya qütblərsiz dünya modelinə doğru irəlilədiyi aşkar görünməkdədir.
Qlobal siyasətin liberalist konsepsiyasına görə, müasir dünya – qarşılıqlı asılılığın mürəkkəb sistemi olduğu üçün burada münasibətlərin gərginləşməsi deyil, mülayimləşməsi beynəlxalq prosesin inkişafını təmin edir və müharibə ehtimalını minimuma endirir. Liberalizmin əsas arqumenti budur ki, beynəlxalq təşkilatlar, transmilli subyektlər vasitəsilə dövlətlərarası münasibətlərin indiyədək tarixdə görünməmiş intensiv əlaqələri yaranır, qarşılıqlı faydalanmanı mümkün edən dinamik qlobal sistemi möhkəmləndirmək hamının maraq dairəsində olur. Beləliklə, milli maraq sferası ilə beynəlxalq maraq sferası arasında yaranmış harmoniyanın reallaşması prosesi dövlətləri müharibəni siyasi vasitəyə çevirmək praktikasından əl çəkməyə yönəldir. Suveren və qlobal təhlükəsizlik – hərbi büdcələrin maksimum artırılması səylərindən yox, qarşılıqlı münasibətlərin dərinləşdirilməsi səylərindən asılı olur.
Qanunauyğundur ki, qlobal siyasi realizm daha çox beynəlxalq sistemi hegemon dövlətin və ya dövlətlərin idarəsində saxlamaq istəyən, Qərb siyasəti və sivilizasiyasının dominantlığından çıxış edən, hətta bu və ya digər formada militarist tendensiyaları müdafiə edən qüvvələrin mövqeyini ifadə etdiyi halda, qlobal siyasi liberalizm dövlətlərarası münasibətlərin paritet əsaslarından çıxış edir, dünyanın demokratikləşməsi prosesini lokal, regional və qlobal müharibələrin, konfliktlərin qarşısının alınmasının ən məqsədəuyğun tendensiyası hesab edir. Bu gün “liberal dövlətlərin sayının getdikcə artması qlobal sülhün mümkünlüyünü nümayiş etdirir” [12, s.191]. Liberal demokratik dövlətlərin bir-biri ilə müharibə etməməsi, qlobal sülh prosesinə təminat yaratması, konfliktlərdən bacardıqca uzaq olmağa və beynəlxalq sistemin konfliktəmeylli subyektlərini mümkün vasitələrlə bu təhlükəli fəaliyyətlərdən çəkindirməyə çalışması dünya quruculuğunun güclü humanist tendensiyasına çevrilir.
Müasir beynəlxalq humanitar siyasətdə hüquqi və siyasi konsepsiyaların sinkretizasiyası nəticəsində konfliktmənşəli hadisələrə münasibətin vahid platformasını müəyyən etmək imkanları yaranır. Təbiidir ki, bu prosesin özü gərgin elmi-nəzəri diskussiyalarla müşayiət olunur. Demək olar ki, müharibə, soyqırım, terrorizm, işgəncə, humanitar müdaxilə və digər silahlı konfliktlərin bütün spektri geniş polemikanın obyektinə çevrilir. Beynəlxalq sistemin özünütəşkil proseslərinə məhz humanizm-təməlli qlobal siyasət kontekstindən yanaşılması, əxlaq fəlsəfəsinin beynəlxalq münasibətlərin öyrənilməsinə zəruri tətbiqi nəticəsində, yəni siyasətlə humanitariyanın, xüsusilə etikanın vəhdətini bir daha təsdiq edən zərurətin dərki yönündə yeni konseptual istiqamətlər təşəkkül tapır: “Müharibə etikası”, “Terrorizm etikası”, “Konflikt etikası”, “Hərbi müdaxilə etikası”, “Nüvə etikası”, “Pasifizm etikası” və s. Buradakı müxtəlif yanaşmaların konvergent mövqeyi – humanizm, başlıca problemi – müharibə və digər konfliktlərdən çəkinmə və çəkindirmə, əgər o artıq baş veribsə, bütün səviyyələrdə onun əsas iştirakçısını – insanı qoruma, müharibənin zəncirvari prosesə çevrilməsinin qarşısını alma, ümumiyyətlə, beynəlxalq sistemin inkişafını mümkün qədər hərbi-siyasi gərginliklərdən, silahlı konfliktlərin meydana gəlməsindən kənarda saxlamadır.
“Müharibə və terrorizm etikasına dair” analitik tədqiqatın müəllifi U.Steynhof “ədalətli müharibə nəzəriyyəsinin” əsas prinsip və meyarlarını bir daha nəzərdən keçirir, “müharibənin ən mühüm sualı – burada kimi öldürmək olar?” [18, s.31, 33-108, 104] – problemi, müharibə prosesində döyüşməyən günahsız insanların hüquqi müdafiə təminatı, aqressivliyin dəf edilməsi, hərbi fəaliyyətin bütün forma və səviyyələrində “əxlaqi günah prinsipinin” gözlənilməsi məsələləri üzərində düşünür. Bir çox müəlliflər kimi U.Steynhof da “Terrorizmə haqq qazandırmaq olarmı?” – sualına cavab axtarır və birmənalı şəkildə göstərir ki, “Əl-Qaida və ya Talibanın Amerika Birləşmiş Ştatlarının mövcudluğuna və ya azadlığına təhlükə törətməsi ideyası absurddur” [18, s.137]. Onun fikrincə, ABŞ özü Əl-Qaida və Talibanı təhlükə mənbəyinə çevirmişdir; əgər terrorizmə qarşı həqiqətən mübarizə aparmaq istəyirlərsə, onda “ikili standartlardan əl çəksinlər”, ədalətsizliyə qarşı müqavimət göstərənləri yox, cinayətkarları təqib etsinlər [18, s.109-137]. Y.Habermas da eyni yanaşmanın daha sərt variantından çıxış edərək açıq şəkildə göstərir ki, “Qərb dünyasını beynəlxalq terrorizm deyil, beynəlxalq hüququ saya salmayan, BMT-ni böhran həddinə çatdıran və Avropa ilə əlaqələrini kəsən ABŞ-ın indiki hökumətinin (2004) apardığı siyasət parçalamışdır” [7, s.7]. Alman filosofu eyni zamanda qeyd edir ki, “həm də dini fundamentalizmdən enerji alan qlobal terrorizm dünyanın konkret olaraq müəyyən bir ərazisinə bağlanmadığı üçün onunla mübarizə aparmaq çətindir”. Y.Haberbas beynəlxalq birlik üçün daha təhlükəli konflikttörədici mənbəni – “kütləvi qırğın silahları əldə edən və ya onların qeyri-leqal istehsalı ilə məşğul olan ayrı-ayrı ölkələrin hökumətlərini” nişan verir və göstərir ki, BMT, zərurət yaranarsa, cinayətkarlıq siyasəti aparan bu dövlətlərə qarşı birləşmiş hərbi qüvvələrdən istifadə edə bilər [7, s.162-163].
“Beynəlxalq etika: qlobal siyasətin konsepsiyaları, nəzəriyyələri və faktları” adlı fundamental əsərin müəllifi Mark R. Amstutz müharibə, terrorizm, hərbi müdaxilə və hərbi əməliyyatların etik-humanistik dəyərləndirilməsi kontekstində müasir beynəlxalq həyatda terrorizm və anti-terrorizm qarşıdurmasının mahiyyətini açır və bir çox digər alimlərin də bölüşdüyü belə bir rasional məntiqdən çıxış edir ki, qlobal siyasətdə hegemonluq siyasətinin militarist tendensiyasının qüvvətlənməsi şəraitində terrorizmin və digər müqavimət hərəkatlarının yaranması qaçılmazdır [8, s.109-173]. Mir Züheyr Hüseynin də apardığı geniş araşdırmalar onu bu qənaətə gətirir ki, islam dünyasında “anti-amerikanizm” cinahının böyüməsi – bilavasitə, Qərbin öz siyasətini Şərqə bütün vasitələrlə, hətta hərbi müdaxilələrlə diktə etməsi, bu zəngin resurslara malik regionda siyasi proseslərə tam nəzarət etməyə çalışması və ən təhlükəlisi isə regionun müstəqil inkişafına əngəl törədərək, burada demokratik islahatlara keçid prosesini öz yolundan azdırması, radikallaşdırmasıdır [15, s.38-61].
Qlobal terrorizmin humanitar anlayışlarla dərkinin təqdimatını verən Mervin Frost yazır: “Faktlardan çıxış etsək görərik ki, Nyu York, Madrid və Londonda terror törətmiş bu insanlar – qlobal terroristlər digər anarxik cəmiyyətlərin iştirakçılarına böyük təhlükə yaratmır. Əgər biz qəbul ediriksə, bu hücumları təşkilatdakı bir neçə nəfər törədib və onların əlində çox məhdud silah olub, ən başlıcası isə, onlara qarşı nəhəng müdafiə arsenalı dayanır, onda aydın olur ki, Əl-Qaida nə qlobal vətəndaş cəmiyyətinə, nə də suveren dövlətlər birliyinə elə bir fundamental təhlükə törətmir.... Qısa desək, Əl-Qaida ötən əsrdə millətçi-sosializm, faşizm və ya kommunizmin etdiyi kimi beynəlxalq nizama təhlükə yaratmır”. Mervin Frost bu cəhəti də xüsusi nəzərə alır ki, “Müsəlman xalqlarının əksəriyyəti şərin yox, xeyirin tərəfində olan vətəndaşlardır” [14, s.151]. Buna görə də hazırda ədalətli humanitar prinsiplərdən çıxış edən beynəlxalq siyasət və beynəlxalq hüquq qlobal hegemonluğa qarşı dayanan müqavimət hərəkatını terroru mübarizə vasitəsi sayan silahlı fəaliyyətlərdən fərqləndirməyi vacib sayır və “sistemli olaraq güc tətbiqi ilə dünyaya hökmranlıq etmək istəyən” [21, s.564] qlobal hegemonluğu – qlobal terrorizmin determinantı kimi dəyərləndirir.
Humanitar müdaxilənin hüquqi aspektlərini təhlil edən D.Zolo göstərir ki, “böyük güclər tərəfindən edilən – özü də bir qayda olaraq, vaxtında deyil, xeyli gec həyata keçirilən – hərbi müdaxilələr nəinki konfliktləri həll etməkdə uğursuzluğa düçar olur, eyni zamanda, onları daha da kəskinləşdirir, qəddarlığın üzərinə qəddarlıq, fəlakətin üzərinə fəlakət, nifrətin üzərinə nifrət gətirir” [21, s.565]. Son onilliklərdəki bütün humanitar müdaxilələr zamanı (xüsusilə, Əfqanıstanda və İraqda) bu aktlar qarşısının alınmasına çalışılan konfliktlərdən daha çox faciələrə, insan tələfatına, dərin tənəzzülə gətirib çıxarmışdır. Ona görə də “müharibə qanunları”, “humanitar müdaxilə hüququ”, “beynəlxalq cinayət hüququnun legitimliyi” məsələləri beynəlxalq hüquq araşdırmalarında müzakirə edilərkən, xüsusilə belə bir başlıca ideya vurğulanır ki, beynəlxalq konflikt və cinayətlərin qarşısının alınması daha da təkmilləşdirilməsinə ehtiyac olan beynəlxalq hüququn qayda və prinsiplərinə uyğun şəkildə, yüksək humanizm məsuliyyəti ilə həyata keçirilsin, bu proses onların yeni formada kükrəməsinə deyil, konfliktlərin maksimum ədalətli həllinə, ziddiyyətdən qarşılıqlı anlaşmaya, tənəzzüldən tərəqqiyə doğru irəliləyişə, inkişafa təminat yaradan fəaliyyət kimi istiqamətləndirilsin.
Beləliklə, biz konfliktmənşəli hadisə və proseslərə qlobal siyasətin humanistik paradiqmasından yanaşmanın aşağıdakı aspektlərinin mühüm əhəmiyyət daşıması qənaətinə gəlirik:
Подход к явлениям и процессам конфликтного происхожденияв аспекте парадигмы глобальной политики
В статье исследуются принципы и детали подхода к явлениям и процессам конфликтного генезиса в свете парадигмы глобальной политики: обосновывается необходимость соблюдения принятия в глобальном информационном пространстве именно позиции справедливости и беспристрастности для прогнозирования конфликтогенных процессов в глобальном масштабе; принятия всех мер с целью предотвращения возникновения конфликтов в межгосударственных взаимоотношениях и их перерастания в войну; принятие антимилитаристской доктрины в системе международных отношений как приоритета глобальной политики; создание тесной консолидации международного сообщества для предотвращения конфликтогенных процессов; организация на международном уровне защиты универсальных прав человека в условиях как мира, так и войны; совершенствование практики и стратегии гуманитарного вмешательства с целью недопущения злоупотребления возникшим напряжением любым международным субъектом в одностороннем порядке ради своих интересов.
Approach to Conflict-Based Events and Processes from the Humanistic Paradigm of Global Politics
The article investigates the details and principles of approach to conflict-based events and processes from the paradigm of global politics: necessity of forecasting of conflict-triggered processes, undertaking all measures in order to avoid conflicts in mutual relations between states and to prevent these conflicts from getting worse, accepting anti-militarist doctrine in the system of international relations as a priority of global politics, creating multi-level consolidation of international community in order to prevent the conflict-triggered processes, organizing the protection of universal human rights at the international level both in peace and war periods, improving the practice and strategy of humanitarian intervention, ensuring justice and impartiality of global information space in order to prevent abuse of any international subject for the sake of its interest is argued.