Müasir qlobal siyasi-mədəni həyatın ən aktual problemlərindən biri mədəniyyətlərarası münasibətlər və onların daha dərin humanitar əsaslarda qurulmasıdır. Çünki bu münasibətlər hər zaman olduğundan daha çox yaşadığımız qloballaşma epoxasında beynəlxalq siyasətin formalaşmasına və istiqamətlənməsinə təsir edir və özünə həm siyasətdən, həm də yeni humanitar dünyagörüşü konseptindən sərrast yanaşmaları tələb edir. Qlobal siyasət kontekstində problemin aktuallığını şərtləndirən əsas məsələ isə, fikrimizcə, budur: özünəməxsus tarixi inkişaf yolları keçmiş sivilizasiyaların və onların nüvəsini təşkil edən milli mədəniyyətlərin ümumi yaradıcı enerjisini beynəlxalq sistemin inkişafı prosesinə necə konvergensiya etmək, nəzəri fikirdə mövcud olan “müxtəlifliyin vəhdəti” ideyasını burada necə tətbiq etmək, sivilizasiya və mədəniyyətlərin seçkinliyini, identikliyini onların universallaşması prosesinə necə transformasiya etmək və qorumaq mümkündür. Mədəniyyətlərarası münasibətlərin siyasi humanitarizmi də o zaman dünyadərkinin yeni fəlsəfəsi ölçülərini ala və onun texnologiyaları ilə işləyə bilir ki, həmin münasibətlərin konsentrasiyayaradıcı humanist platformasını dövlətlərarası münasibətlər siyasətində önə çıxara bilsin, sivilizasiya və mədəniyyətlərin yaratdığı ortaq-universal dəyərlər kompleksini dünya birliyinin siyasi-mədəni inkişafının qaynağına çevirsin. Yeni dövr siyasi humanitarizminin planetar dünyadərki paradiqması – insan kimi onun yaratdığı sivilizasiya və mədəniyyətləri də siyasətin vasitəsi deyil, məqsədi olaraq konstatasiya edir; onların təkamülünə və müasir dövrdə necə konfiqurasiya almasına da, əvvəlki tendensiyalı yanaşmaları bir kənara ataraq, keçdikləri tarixi yolun onları məcburi unifikasiyalaşmağa doğru deyil, yalnız seçkinliklərin vəhdətindən törəyən universallaşmaya doğru apardığı reallıq kimi baxır. Sivilizasiyaların tarixi-müqayisəli kontekstdə öyrənilməsindən əldə edilən elmi-nəzəri qənaətlər də belə bir yanaşmanın doğruluğunu isbat edir və onun müasir dünyanın siyasi-mədəni quruluşunun inkişaf dinamikasına düzgün model-konsepsiya verdiyini təsdiqləyir. Həmin qənaətlərin əsas cizgilərini belə ümumiləşdirmək olar ki, ayrı-ayrı zaman və məkan koordinatlarında yaranan, öz identikliyini formalaşdırıb seçkinləşən, eyni zamanda, bir-birindən törəyən, hətta bir-birinin daxilində mövcud olan sivilizasiyalar özlərinin antik dövrdən müasir zamana doğru tarixi inkişafı prosesində getdikcə daha çox inteqrasiyaya uğramış və daha çox universallıq keyfiyyətləri əldə etmişlər. Lakin bu proses onların özünəməxsusluğunu əlindən almamış, hətta qarşılıqlı münasibətlər rəqabət ruhunu möhkəmləndirmiş, identiklikləri sanki insanın özünüqoruma instinkti kimi onların diri qalmasını təmin etmişdir. Bütün arxaik və qədim sivilizasiyalar artıq bu gün dünyada mövcud olmasalar da, onların yaratdığı sərvətlər yalnız muzey eksponatı kimi deyil, müasir bəşəriyyətin maddi və mənəvi xəzinəsi kimi yaşayır. Müəyyən transformasiyalara uğrasa da, mövcudluğunu davam etdirən sivilizasiyalarınsa yeni doğulan sivilizasiyalarla interaksiyası tarixi-siyasi inkişafın çox maraqlı qanunauyğunluqlarını meydana çıxarmışdır. “Sivilizasiyaların davamlılığı” ideyası (Fernan Brodelin fikrincə, “sivilizasiya həmişə keçmişini, tarixini və müasir mövcudluğunu bir yerdə yaşayır”) [17, s.24-36] onların “tükənməzliyi” ideyasına da başlanğıc vermişdir. Hətta “mənəvi epoxaların eynizamanlığı” və “siyasi epoxaların eynizamanlığı” ölçüləri ilə yanaşmada məlum olur ki, ən müxtəlif tarixi epoxaların mədəniyyət və sivilizasiyaları bir-biri ilə səsləşən forma, məzmun və mahiyyətə malik olmuş, sanki eyni ideyaları və substansional dəyərləri ayrı-ayrı epizodlarda ayrı cür yaşamışlar ( Bu fikirlərin müəllifi Osvald Şpenqler belə hesab edirdi ki, sivilizasiyalar mədəniyyətlərin aqoniya və ölüm məqamıdır) [14, c.1, s.189-200]. “Hər bir mədəniyyətin öz əxlaqına sahib olması” isə [14, c.1, s.224-529] onun yaradıcı potensialının mənbəyini təşkil etmişdir. “Sivilizasiyaların dezinteqrasiyası” onların öz müstəqil tarixi inkişaf yolunu seçmək təbiətindən irəli gəlsə də, “məkan daxilində sivilizasiyaların kontaktı” və “zaman daxilində sivilizasiyaların kontaktı” iki bir-birini şərtləndirən tendensiya kimi [22, c.1, s.360-558; 23, c.2, s.144-240, 241-260] bəşəriyyətin planet üzərində vahid sivilizasiya məkanı yaratması prosesini doğurmuşdur. Sivilizasiya ziddiyyətlərinin siyasi-hərbi müstəvidə kəskinləşdirilməsi onları qarşı-qarşıya qoymuş, konflikt və müharibələr törətmiş, sivilizasiya münasibətlərinin qurulması isə onları belə qarşıdurmalardan çəkindirmiş, qarşılıqlı mübadilə mədəniyyətini təşviq etmişdir. Sivilizasiyalararası və mədəniyyətlərarası münasibətlərin dərinləşməsi prosesində həmin münasibətlərin daha rasional əsaslarda qurulmasına çalışan siyasi humanitarizmin funksionallaşması siyasi-humanitar mədəniyyətin özünü bu interaksiyanın daha böyük imkanlara və effektli təsir gücünə malik olan münasibətyaradıcı mövqeyinə çıxarmışdır. Bununla da dövlətlərarası münasibətlər – sivilizasiyalararası və mədəniyyətlərarası münasibətlərin aparıcı tendensiyası olmuş, həmin münasibətlərin stixiyasını onların qanunauyğunluğuna çevirmişdir. Beləliklə, sivilizasiyalararası və mədəniyyətlərarası münasibətlərin tarixi inkişafı müəyyən ləngimələr, yolundan sapmalar, hətta geriləmələrlə müşaiyət olunsa da, daim tərəqqi və zənginləşmə istiqamətində olmuş, həmin münasibətlərin sarsılmaz ənənəsi və praktikası təşəkkül tapmışdır. İnkişafın bu dialektikası – dünya mədəniyyətlərinin və sivilizasiyalarının konvergensiya xəttini müəyyən edən konseptual ideyaları meydana gətirmişdir. Bəşəriyyətin həmin praktika və ənənə üzərində yüksələn universialist idrakı – “dünyanın vəhdəti” ideyasını doğurmuşdur. Bu gün beynəlxalq sistemin aparıcı ideologiyası olan dünya birliyi – sivilizasiya və mədəniyyətlərin, onların qarşılıqlı interaksiyasının tarixi inkişafı prosesində ərsəyə gələn vəhdətyaradıcı ideyaların humanitar inteqralı üzərində qərarlaşır. Eyni zamanda, “dünya sivilizasiyasının vahid bir tam kimi mövcudluğunun təməlini təşkil edən müxtəlif mədəniyyətlərin dayanıqlı təkamülünün davam etdirilməsi” [2, s.15, 135] bir zərurətə çevrilir. Vahid dünya sivilizasiyasının özünü Şərq – Qərb dixotomiyası şəklində dərk etməsi isə, təbii ki, onların universal məkanda dialoji münasibətlər qurmasını və inkişaf etdirməsini tələb edir. Təfəkkürdən fəaliyyətə qədər bütün həyat proseslərinin mahiyyətində özünü göstərən dialoji strukturlaşma, qanunauyğun olaraq, Şərq və Qərb sivilizasiyalarının münasibətləri sferasında da mövcudlaşır və həmin münasibətlərin siyasi humanitarizmi yeni dünyadərkinin meyarı və üsulu kimi meydana çıxır. Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 65 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfransda da [8] qeyd edildiyi kimi, Şərq və Qərb mədəni dünyalarının dialoqu bir daha təsdiq edir ki, “insanın yaradıcı durumu bütün şeylərin vəhdətində yaşarıdır” [9, s.76]; bu dialoq Şərq və Qərb mədəniyyətlərinin hər birində həm özünü, həm də bütün interaktiv məkanı birgəliyində dərk etməyə kömək edən dinamik quruluşlu humanitar dünyagörüşünü formalaşdırır. Mədəniyyətlərarası mübadilə dialoqun tarixən sınanmış klassik forması kimi mübadilə mədəniyyətinin inkişafına səbəb olur və ya əksinə. Dialoq-mübadilə mədəniyyətini inkişaf etdirməyən, bunun əksinə olaraq zor siyasətinə, güc tətbiqinə üstünlük verən siyasi-sivilizasion sistemlər arasında rəqabət qaçılmaz olur, bu rəqabət qarşıdurmaya, qarşıdurma münaqişələrə, o da özünün aşırı formasında müharibələrə gətirib çıxarır. Buna görə də qarşılıqlı münasibətlərin siyasi humanitarizmi dialoqu – siyasi-mədəni həyatın, qlobal özünütəşkilin mühüm vasitələrindən biri kimi qəbul edir: “Sivilizasiyalararası münasibətlərin dialoji aspektdə inkişafına hazırda böyük önəm verilməsi və bu prosesin yüksək beynəlxalq səviyyədə təşkilatlandırılması istiqamətində ciddi fəaliyyətlərin göstərilməsi bir daha təsdiq edir ki, dünya birliyi qlobal sivilizasiya məkanında qərarlaşmasının optimal variantlarını həqiqətə çevirməkdədir” [10, s.262]. Həmişə hamının bir-birinə ehtiyacı olması motivində qarşılıqlı mübadilə və faydalanma texnologiyalarının işlənib hazırlanması təcrübəsi beynəlxalq siyasi münasibətlərlə mədəniyyətlərarası münasibətlərin interaksiyasından bəşəriyyətin humanitar mədəniyyətinin inkişaf bazasına yeni keyfiyyətlər aşılayan gərəkli dəyər və yanaşmaları toplaya bilir. Bu onu göstərir ki, həqiqətən, “mədəniyyət və sivilizasiyalar dialoji potensialında tükənməzdir və bununla onlar özlərinin davamlı, sabit inkişafını təmin edir. Ortaq-universal dəyəryaratma praktikasına malik olan böyük mədəniyyət və sivilizasiyaların dialoqa girməsi, bu dialoqu ardıcıl olaraq davam etdirməsi və onların bu xüsusiyyətləri ilə öz ətrafında cazibə sahəsi yaratması – qlobal sivilizasiyaya doğru dünya inkişafını intensivləşdirir. Beynəlxalq münasibətlər açıq dialoq, qarşılıqlı anlaşma müstəvisində dərinləşir və təkmilləşir, beynəlxalq hüquq normalarının tətbiqi asanlaşır və normal prosedura çevrilir” [10, s.263-264]. Mədəniyyətlərarası münasibətlərin siyasi humanitarizmi dövlətlərarası münasibətlərin demokratikləşməsi və humanistləşməsi prosesinə xüsusi impuls verərək qarşılıqlı etimad ruhunu gücləndirir. Bu isə öz növbəsində antidemokratiya, antihumanizm və amoralizm daşıyıcısı olan, monoloji strukturunda mühafizəkarlaşan siyasi rejimlərin alternativi kimi, pozitiv dəyərlərin daşıyıcısı olan demokratik və humanist siyasi subyektlərin beynəlxalq həyatdakı dialogiyasını funksionallaşdırmasına kömək edir. Dialoq və demokratiya müasir sivilizasiyanın ən mühüm atributları kimi bir-birinə dayaq olur, insanlararası, cəmiyyətlərarası, dövlətlərarası, mədəniyyətlərarası münasibətlərin daxili yaradıcı potensialını səfərbər edərək, onları müxtəlif mənşəli konfliktlərdən çəkindirir, beləliklə, mədəniyyətlərarası münasibətlərin siyasi humanitarizmi – sülh siyasətində öz triumfunu yaradır. Məhz bütün bu səbəblər kompleksinə görə hazırda “mədəniyyətlərin dialoqu”, “sivilizasiyaların dialoqu” beynəlxalq siyasi həyatda ən mütərəqqi humanitar siyasətin həyata keçirilməsi anlamında dərk olunur. Bu formatda keçirilən beynəlxalq tədbirlər ümumiyyətlə üçüncü minilliyin başlanğıcı üçün dünya xalqlarını bir-birinə daha da yaxınlaşdıran və bəşəriyyəti vəhdətə gətirən yolu, humanizm-təməlli qlobal siyasət və mədəniyyətin birgə dəstəklənən mötəbər strategiyası və layihəsi kimi etimad qazanır. BMT-nin Baş Assambleyasının 2001-ci ilin noyabrında qəbul etdiyi “Sivilizasiyaların dialoqu üçün qlobal proq¬ram”a dair qətnamə kontekstində həyata keçirilən tədbirlər, bu sıradan “Sivilizasiya və qloballaşmanın müqayisəli öyrənilməsi üzrə Beynəlxalq Komitə”nin təşkili, epistemoloji, nəzəri və siyasi məsələlərin əhatə olunduğu “Sivilizasiyaların dialoqu: yollar və təcrübələr” mövzusunda Beynəlxalq Qahirə konfransı (2003), 2005-ci ildə “Sivilizasiyalar alyansı”nın (“Alliance of Civilizations”) yaradılması, bu alyansın Madrid (2008), İstanbul (2009), Rio (2010) və Doha (2011) Forumlarının keçirilməsi [26] təcrübəsi təsdiq edir ki, qloballaşma, sivilizasiyalararası münasi¬bət¬lər və humanitar tərəqqi problemlərinin birgə müzakirəsi, öyrənilməsi və təbliği daha yüksək və sistemli səviyyədə davam etdirilir. Azərbaycanın təkcə iqtisadi cəhətdən deyil, həm də beynəlxalq siyasi nüfuz və mədəni yeniliklərin təşəbbüskarlığı baxımından üstünlüklərini təsdiqləyən bir fakt ondan ibarətdir ki, respublikamız həm də qlobal miqyasda mədəniyyətlərarası münasibətlərin inkişaf etdirilməsi siyasətini regionda uğurla həyata keçirən dövlət olaraq öz tarixi missiyasını yerinə yetirir. Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həm Şərq, həm də Qərb dövlətləri ilə apardığı uğurlu siyasət mədəniyyət sahəsində də qlobal əməkdaşlığa və dinamik inkişafa, tarixi-mədəni əlaqələrin dərinləşməsinə və daha da məhsuldar, çoxtərəfli və davamlı olmasına geniş perspektivlər açır [7, s.291-613]. Artıq Azərbaycan mədəniyyətlərarası dialoqun reallaşdığı bir mədəni-intellektual məkan statusu qazanır. Azərbaycanda mədəniyyətlərarası dialoq üzrə prosesin qısa xronikasına nəzər salsaq, bunu aydın şəkildə görərik: 2007-ci ilin noyabrında Budapeştdə “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda konfrans olmuşdur. 2008-ci ilin iyununda Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak etmişlər. Bu foruma və Azərbaycanda keçirilən mədəniyyətlərin dialoqu xüsusunda digər tədbirlərə dair geniş, çeşidli informasiya bloku BMT-nin “Sivilizasiyalar alyansı”na (“Alliance of Civilizations”) məxsus saytında yerləşdirilmişdir [26]. 2008-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyası və YUNESKO-nun nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutu “Strabon yolu” Böyük İpək Yolunun bir hissəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans təşkil etmiş, burada Böyük İpək Yolunun bir qolu olan unikal su ticarəti yolunun öyrənilməsi ilə bağlı məsələləri elmi müzakirəyə çıxarmışdır. 2008-ci ilin dekabrında Azərbaycanın paytaxtında Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Avropa Şurasının baş katibi, TÜRKSOY, İSESCO, ALEKSO, İRSİKA təşkilatlarının baş direktorları, ümumiyyətlə, 10 beynəlxalq təşkilatın rəhbərləri, 30 ölkənin nazir və nazir müavinləri iştirak etmişdir. Konfransda mədəniyyətlərarası dialoqa dair “Bakı Bəyannaməsi” qəbul edilmişdir [5]. İSESKO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin 5-ci konfransının qərarına görə Bakı şəhəri – 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Bununla əlaqədar olaraq fevralın 18-də Heydər Əliyev adına sarayda “Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçirilmişdir [4]. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev həmin mərasimdə nitq söyləyərək demişdir: “Mən şübhə etmirəm ki, bu gözəl tədbir, açılış mərasimi və bundan sonrakı tədbirlər uğurlu keçəcək və İslam dünyasının, İslam mədəniyyətinin birləşməsi, bir-birinə daha da yaxın olması üçün öz müsbət rolunu oynayacaqdır” [3]. 2009-cu ilin aprelində keçirilən “Turizm – mədəniyyətlərarası dialoqu təmin edən amil kimi” adlı konfransda bu sahədəki təşəbbüslər əlaqələndirilmişdir. 2009-cu ilin mayında Praqada keçirilən “Cənub dəhlizi: Yeni İpək Yolu” sammitində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmiş və ölkəmizin qlobal enerji layihələrində önəmli strateji mövqeyini bir daha bəyan etmişdir. Qeyd edək ki, Ümumdünya Turizm Təşkilatı “Böyük İpək Yolu” adlı uzunmüddətli turizm layihəsini həyata keçirir və bu qədim yol üzrə turist səfərlərinin təşkili və inkişaf etdirilməsi ilə məqsədyönlü şəkildə məşğul olur. Həmin layihədə Azərbaycan və onun seçkin mədəniyyət abidələri də yer almışdır. 2009-cu ildə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı əlaqəsi” mövzusunda keçirilən beynəlxalq konfransda [11] diqqəti cəlb edən əsas cəhətlərdən biri bu idi ki, elmi məruzələrdə həmin problemə münasibət başlıca olaraq Azərbaycan mədəniyyətinin tarixi və müasir inkişafının reallığı üzərində qurulmuşdu. Dünyanın 102 ölkəsindən 500 nümayəndənin iştirak etdiyi, açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın nitq söylədikləri “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” (2011, 7 – 9 aprel) [24] ölkəmizin bu formatda necə yüksək səviyyəli beynəlxalq tədbirləri keçirməyə qadir olduğunu göstərmişdi. Forumdakı çıxışlarda müasir dünyanın qlobal mədəniyyət mühitini daha da inkişaf etdirə biləcək dəyərli fikir və təkliflər irəli sürülmüşdü. Bu prosesin davamı olaraq, 2011-ci ildə (10-11 oktyabr) ölkəmizin paytaxtında keçirilən “Bakı Beynəlxalq Humanitar Forumu”nda çıxış edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev söyləmişdir: “Nəinki Azərbaycanda, bir çox ölkələrdə və qonşu ölkələrdə multikulturalizmin böyük ənənələri vardır. Ona görə, bu gün multikulturalizmi şübhə altına qoymaq, yaxud onun iflası haqqında danışmaq hesab edirəm ki, həm yersizdir, həm zərərlidir. Çünki multikulturalizmin alternativi yoxdur. Multikulturalizmin alternativi özünütəcriddir. Mən inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir yerə aparmır. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir” [6]. Bu mövqe bir daha onu göstərir ki, beynəlxalq humanitar siyasətdə müasir dünyanın çoxmədəniyyətliliyi faktını təsdiq edən yeni siyasi humanitarizmin meyarları ilə dövlətlərarası və mədəniyyətlərarası münasibətlərə baxılır. 1992-ci ildən Ankarada, Bakıda və. s. paytaxtlarda ardıcıl keçirilən türk dövlətlərinin zirvə toplantıları (8 sammit), bununla yanaşı, Türk Dövlətləri və Toplumlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayları Avrasiya boyunca yerləşən və tarixən Böyük İpək Yolunun inkişafında uzun əsrlər boyu aparıcı rol oynamış türk xalqlarının ortaq siyasi-mədəni məkanının və buna uyğun strategiyasının yaradılması səylərini birləşdirir [13]. Dünya birliyinə doğru yolun keçilməli mərhələləri olan bu proseslər “Türk Dövlətlərinin Parlament Assambleyası” ideyasını da aktuallaşdırmışdır. Siyasi-iqtisadi əməkdaşlıq, mədəniyyət, incəsənət və elm sahələrində keçirilən bu və digər tədbirlər Azərbaycanın tarixən mədəniyyətyönlü bir dövlət olduğunu və dünya dövlətləri ilə də məhz bu əsaslarda münasibət yaratmaqda maraqlı olduğunu təsdiq edən siyasi addımıdır. Azərbaycan dövləti bu fəallığı ilə təkcə Böyük İpək Yolu coğrafiyasında deyil, bütün dünyada sülh, sabitlik və əməkdaşlıq tendensiyasını irəli aparmaq, yaradıcı mənəvi mühitdə yaşamaq, humanitar-siyasi mədəniyyət məkanını zənginləşdirmək məramını bəyan etmiş olur. O, böyük enerji arsenalı ilə qlobal iqtisadi prosesləri, siyasətdəki müdrikliyi və humanizmi ilə siyasi prosesləri, mənəvi-intellektual arsenalı ilə mədəniyyət proseslərini özünün ölkədaxili, regional və qlobal maraq koordinatlarında uzlaşdırmaq imkanları əldə edir. Bir daha qeyd edək ki, Azərbaycanın da fəal iştirak etdiyi BMT-nin “Sivilizasiyalar alyansı” formatında keçirilən forumlar və digər tədbirlər getdikcə daha geniş siyasi-kulturoloji miqyas almaqdadır. “Çox mədəniyyətlər. Bir bəşəriyyət” [26] tezisini öz başlıca məramı kimi bəyan edən bu Alyansa dünyanın siyasi liderləri, görkəmli ictimai xadimləri, müxtəlif elm və mədəniyyət sahələri üzrə mütəxəssis-intellektualları da birləşərək onu güclü beynəlxalq siyasi-humanitar hərəkata çevirməkdədir. Qlobal inteqrasiya proseslərinin mühüm tərkib hissəsi olan bu tendensiya mədəniyyətlərin dialoqu vasitəsilə dialoq mədəniyyətinin özünü də elə istiqamətdə dərinləşdirir ki, burada humanitar-siyasi münasibətlərin konseptuallaşmasının əhəmiyyəti qat-qat yüksəlir. Dünya sivilizasiyaları və mədəniyyətlərinin qarşılıqlı münasibətləri öyrənilib təhlil edildikcə, bu münasibətlərin müasir və gələcək dövr üçün xüsusilə siyasi humanizmin tərəqqisi, beynəlxalq humanitar etikanın prioritetləşməsi baxımından yeni imkanları və inkişaf etdirilməsi zəruri olan yeni aspektləri qlobal düşüncə və fəaliyyət sferasına gəlir. Məlum olur ki, humanistik əxlaqi baxışların formalaşdığı dialoji mədəniyyət mühiti həmin baxışların dünyaya açıqlıq və qapalılıq səviyyələrini müəyyən edir; müxtəlif əxlaq kodlarını daşıyan müxtəlif mədəniyyətlərin interaksiyası da mədəni relyativizm zəminində baş verir; “əxlaqi nüvəsi” möhkəm olan mədəniyyətlərin dialoji münasibətləri də daha mükəmməl və davamlı olur və həmin münasibətlər təkcə mədəni deyil, iqtisadi-siyasi planda özünə dərin əsaslar yaradır, mədəniyyətlərin mübadiləsi öz çevrəsində çoxtərəfli əlaqələri, faydalı ticarət əməkdaşlığını formalaşdırır; mədəniyyətlərarası münasibətlərin dialoji istiqamətdə inkişafı onların özünəməxsus dəyərlərini bölüşmə imkanlarını yaradır və bu zaman müqayisəli humanitar yanaşmaların effekti artır, mədəniyyətlərin “birgə hərəkətinin” ümumi strategiyasında real mənzərə daha dolğun şəkildə görünür; mədəniyyət və sivilizasiyalara holistik yanaşma (holizm – dünyanı vahid bir tam kimi dərk edən dünyagörüşünün fəlsəfəsidir) mədəniyyətlərarası münasibətlərin daha həssas və çevik spektrini meydana gətirir; mədəni müxtəliflik və universalizmin eyni kontekstə gətirilməsi universalist dəyərlər paradiqmasına əlavə arqumentlər qazandırır; çoxmədəniyyətli cəmiyyətlərin inkişafında miqrasiya münasibətlərinin nizamlanması, dəyərlərin bilavasitə insanlar vasitəsilə “daşınması” bu prosesin yeni variasiyalarını meydan gətirir, müxtəlif mədəniyyətlərə mənsub insanların qarşılıqlı əlaqəsi mədəniyyətlərarası münasibətlərin daha real və praqmatik humanitar əsaslarını təşəkkül etdirir. Problemə humanist məqsəd və dünyagörüşü ölçüləri ilə yanaşma təkcə eynizamanlı mədəniyyətlərin deyil, həm də müxtəlifzamanlı mədəniyyətlərin diasinxronik kombinasiyasını yaradır, bəşəriyyətin klassik siyasi-əxlaqi dəyərlərini özündə yaşadan ənənələrə və onların dirçəldilməsinə konstruktiv münasibət formalaşdırır. “Şərq və Qərb arasındakı qarşılıqlı təsirlənmələrin gerçəkliyi” həm də Qərb tərəfindən bu həqiqətin etirafına səbəb olur ki, mənəviyyat sahəsində “Qərb Şərqə qibtə edir. Çünki Şərqin mənəvi-əxlaqi nailiyyətləri Qərbdəkindən daha zəngin və gözəldir”. Ona görə də Şərq Qərbin elm və istehsal mədəniyyətindən faydalandığı kimi, Qərb də Şərqin etik-humanitar nailiyyətlərindən bəhrələnməlidir [12, s.24]; “qlobal sivilizasiyaya doğru dünya inkişafını dəstəkləyən təşəbbüslərin” koordinasiyası Şərq və Qərb intellektuallarının bu yöndəki fəaliyyətində öz dərin əksini tapır [25]. Mədəniyyətlərarası münasibətlər probleminin müxtəlif aspektlərdən araşdırılması həm də buradakı real vəziyyətin bir sıra mürəkkəb və ziddiyyətli məqamlarına aydınlıq gətirir. Hələ XX əsrin əvvəllərində dünya tarixinin morfologiyasını diqqətlə öyrənən Osvald Şpenqler mədəniyyətlərarası münasibətlərdə onların birinin digəri tərəfindən “udulmasının” çox maraqlı bir prosesini müşahidə etmişdi: bu prosesdə bir mədəniyyət digər mədəniyyətin “boş süxurlarına dolaraq” onu köklü dəyişikliyə uğrada bilir: O.Şpenqler həmin transformasiyanı – “psevdomarfoza” adlandırmışdı [15, c.2, s.193]. O.Şpenqlerin azərbaycanlı çağdaşı Əhməd Ağaoğlu isə təxminən alman filosofu ilə eyni zamanda olduqca çətin qəbul edilən bir nəticəyə gəlmişdi. Özünün qeyd etdiyi kimi, əsərinin mövzusu – “dünya üzərində yan-yana yaşayan üç mədəniyyətdən (Budda-Brəhmən, İslam və Qərb (Avropa) mədəniyyətləri) birisinin, yəni Qərb mədəniyyətinin digərlərinə qalib gəldiyini və dolayısıyla qurtuluşumuz üçün bu mədəniyyəti olduğu kimi mənimsəməkdən başqa çarə olmadığını göstərməkdi” [1, s.19]. Lakin bu “çarə” – Şərq dünyasının çıxış yolu olmadı. Sivilizasiyasının dominant mövqelərini itirən Şərq uzun müddət özünü tapa bilmədiyi üçün Qərb sivilizasiyası ilə münasibətlərinin bütöv sistemini yaratmaqda da çətinlik çəkdi. Mədəniyyətlərarası münasibətlərin digər anormal inkişafı – akkulturasiyadır. Akkulturasiya prosesində yad mədəniyyətin təsiri altında yerli mədəniyyət öz mahiyyətini, ənənəvi-tarixi forma və məzmununu dəyişir. Bu dəyişmə dərinləşdikcə, həmin mədəniyyətin özünə yadlaşması da dərinləşir. Psevdomarfoza və akkulturasiyaya məruz qalmış mədəniyyətlərin yer üzündən silinməsi və ya deformasiyası da labüdləşir. Onların özünə qayıtması ya qeyri-mümkün olur, ya da tarixi inkişafın müəyyən edilmiş yolunda onları tamamilə başqa məcraya salan aqibət yaşanılır. Ona görə də Qərb imperializminin başladığı zamandan ona qarşı müqavimət – əsasən, Qərbin “mədəni imperializm” siyasətinə qarşı böyük humanitar hərəkat kimi formalaşmışdı. Şərqin Qərb sivilizasiyasının mahiyyətini dərindən anlayan mütəfəkkirləri – T.D.Sudzuki, Ş.Ramakrişna, S.Vivekananda, C.Əfqani, C.Nehru, M.Qandi, C.X.Cübran, M.Nuayme, M.İkbal öz sivilizasiyalarının mənəvi potensialından toplanmış gücü “mədəni imperializmin” ekspansionist siyasətinə qarşı qoyurdular. Şərq cəmiyyətlərinin milli müqavimət hərəkatları özlərini belə bir mədəni-sivilizasion cəbhədə strukturlaşdıra bildiklərinə görə Avrasiya kontinentinin böyük kəsimində Qərb imperializminin müstəmləkə rejimlərinə son qoyuldu və suveren milli dövlətlər yarandı. Mədəniyyət və sivilizasiya identikliyinin belə bir siyasi-humanitar əhəmiyyəti olduğu üçün onun uğrunda mübarizə – müstəqillik uğrunda mübarizə anlamına gəlir və mədəniyyətlərin özünəyadlaşması milli, mədəni və sivilizasion mövcudluğa siyasi təhlükə kimi qiymətləndirilir. Buna görə də müasir qlobal siyasətdə “beynəlxalq təhlükəsizlik”, “milli təhlükəsizlik”, “insan təhlükəsizliyi” kimi, “mədəniyyət və sivilizasiyaların təhlükəsizliyi” ideyası da aktual siyasi, hüquqi və humanitar məzmun kəsb edən anlayış olaraq prioritet statusda qəbul edilməlidir. Çünki bu bir faktdır ki, hazırda neoimperializmin yeni dalğası təzədən dünya siyasətini Qərb sivilizasiyasının hegemonluğu və ölçüləri daxilində modelləşdirməyə çalışır. Soyuq Müharibə bitər-bitməz, əslində, yeni bir Soyuq Müharibəyə start verilməsinə, daha doğrusu, bu Müharibənin sivilizasiya müstəvisinə adlamasına nəzəri konsept hazırlayan doktrinalar arasında S.Hantinqtonun “Sivilizasiyaların toqquşması” ideyası həm Qərb, həm də Şərq dünyasında kəskin əks-reaksiya doğurmuşdu. Alman filosofu və etiki Hans Künq S.Hantinqtonun “Əgər yeni bir dünya müharibəsi olacaqsa, o, sivilizasiyalar arasında müharibə olacaq” – proqnozuna [18, s.183-298] orijinal şərh verərək göstərir ki, Amerika strateqinin bu açıqlaması, mahiyyətcə, dünyanın idarə edilməsinə yeni hegemonist yanaşmanın təzahüründən və “hərbi xərclərin artırılmasına haqq qazandırmadan” başqa bir şey deyil [20, s.115-116]. Doğrudan da, məhz belə “əsaslandırmalardan” sonra ABŞ başda olmaqla Qərb koalisiyasının Şərq sivilizasiyasına mənsub dövlətlərin ərazisinə müdaxiləsi və “qlobal terrorizmə qarşı müharibəyə” bu ölkələrin ərazisindən başlaması mümkün oldu. Ərəb alimi N.M.Mustafa “Mədəniyyətlər arasında dialoq və konflikt” probleminə toxunarkən, S.Hantinqtonun mövqeyinə də münasibət bildirərək yazır: “Hantinqtonun və digər Qərb nəzəriyyəçilərinin mövqeyi “İslam təhlükəsinin” reallığı ilə Qərbyönlü kosmopolitan baxışların yeridilməsini bir formatda təqdim etməkdən ibarətdir. Bu, eyni zamanda, dünyanı Qərb paradiqması çərçivəsində görmək, Qərbin İslama münasibətini, onun beynəlxalq rolunu və mövqeyini həmin çərçivə daxilində qiymətləndirmək deməkdir” [21, s.99]. Deməli, beynəlxalq münasibətlər sistemində sivilizasiyalararası və mədəniyyətlərarası münasibətlər təkcə kulturoloji-sivilizasion problem deyil, həm də qlobal siyasi problem olduğu üçün onların dəyərləndirilməsi də siyasi əhəmiyyət daşıyır. Həmin münasibətlərin konflikt rejimindən çıxarılması isə nəinki siyasi-hərbi müstəvidə, həm də bu münasibətlərin dünyabaxışları müstəvisində “mənəviyyat konfliktlərindən” [16, s.168-172] sovuşmanın imkanlarını meydana gətirir, “sivilizasiyaların toqquşması” əvəzinə “onların alyansı” [19, s.17-20] paradiqması aktuallaşır. Hətta “sivilizasiyaların qlobal siyasətini” [18, s.206-245] onların “toqquşması” motivində proyeksiyalaşdıran S.Hantinqton da etiraf edir ki, beynəlxalq sistemin siyasi inkişafında dünyanın tarixi identikliyə malik sivilizasiyalarının universalist birliyinin reallığı nəzərə alınmalıdır və bu fakt beynəlxalq siyasət və beynəlxalq hüquqda adekvat təsbitini tapmalıdır: “Çoxsivilizasiyalı dünyada ideal olaraq hər bir əsas sivilizasiya BMT-nin Təhlükəsizlik Şurasında ən azı bir daimi yerə malik olmalıdır” [18, s.317]. Təhlükəsizlik Şurasında yalnız üç sivilizasiyaya mənsub iri dövlətlərin təmsil olunması və beynəlxalq siyasi həyatın bir sıra həlledici məsələlərinin təkcə həmin dövlətlərin iradəsindən asılılıq vəziyyətində qalması, təbii ki, beynəlxalq sistemin tarazlı inkişafına əngəl törədən amillərdəndir. Buna görə də həm də bu istiqamətdə BMT-də islahatlar aparılmasının zəruriliyi meydana çıxır. Mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin tarixi təcrübəsi eyni zamanda fərqli sivilizasiya kodlarının daşıyıcısı olan milli-siyasi subyektlərin beynəlxalq sistemi strukturlaşdırmasının daha bir qanunauyğunluğunu üzə çıxarır: məlum olur ki, eyni mədəniyyət və ya sivilizasiya kodlarının daşıyıcısı olan subyektlərin yalnız sistemdaxili əlaqəsi onların inkişafı üçün kifayət etmir, qan qohumluğuna malik insanların davamlı nikahı nəslin degenerasiyasına səbəb olduğu kimi, bu subyektlərin də sistemdaxili kod dinamikasını yarada bilməməsi və bu qəlibdən çıxaraq fərqli mədəniyyət və ya sivilizasiya kodlarının daşıyıcısı olan subyektlərlə təmasa girməməsi onların mədəni-sivilizasion degenerasiyasına gətirib çıxarır. Bir çox mədəniyyət və ya sivilizasiyaların heç bir kənar təsir olmadan öz-özünə “cırlaşması” və tükənməsi buna əyani sübutdur. Mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin elmi-rasional əsaslarının yaradılması və bu əsasların dövlət siyasətində nəzərə alınması olduqca vacibdir. Bu baxımdan mədəniyyətdaxili münasibətlərlə mədəniyyətlərarası münasibətlərin uzlaşdırılmasına həm regional, həm də beynəlxalq miqyasda kulturoloji dialoq siyasətinin əsas prinsiplərindən biri kimi yanaşılmalıdır. Beləliklə, mədəniyyətlərarası münasibətlərin siyasi humanitarizmi müasir beynəlxalq həyatın tərəqqisi üçün zəruri olan aşağıdakı prinsipial mövqeyin müdafiəsində dayanmaqla özünü bu kontekstdə dünyadərkinin yeni optimal sistemi kimi təyin edə bilir: Beynəlxalq humanitar siyasət – (1) özünün aksioloji konsepsiyasına görə, sivilizasiyalararası və mədəniyyətlərarası münasibətləri bəşəriyyətin maddi və mənəvi həyatının kompleks dəyəri və dəyəryaradıcı fenomeni, ontoloji konsepsiyasına görə, keçmiş, indi və gələcəyin zaman bütövlüyünü yaradan davamlı prosesi olaraq təsbit edir; (2) sivilizasiyalararası və mədəniyyətlərarası münasibətlərin inkişafını – beynəlxalq həyatın ümumi təkamülünün ayrılmaz tərkib hissəsi kimi dərk edən mövqeyi irəlilədərək, bu prosesin birtərəfli şəkildə və müəyyən tendensiyalı məqsədlərlə siyasiləşdirilməsini yolverilməz sayır; (3) sivilizasiyalararası və mədəniyyətlərarası münasibətlərin inkişafını – dünya birliyinin və beynəlxalq əməkdaşlığın hərəkətverici şərti kimi qəbul edir; (4) həmin münasibətlərin qlobal hegemonluq iddialarına, sivilizasiya üstünlüyü məqsədlərinə tabe etdirilməsi siyasətinə qarşı çıxır, onun paritet əsaslarda funksiyalaşdırılmasına yönəlmiş təşəbbüslərin rasional sistemi olur; (5) həm dövlətlər, həm də beynəlxalq təşkilatlar səviyyəsində sivilizasiyalararası və mədəniyyətlərarası münasibətlərin daha mükəmməl zəmində qurulmasını proqramlaşdıran layihələrin həyata keçirilməsinə, bu istiqamətdə dialoq prosesinin sürətlənməsinə və konseptuallaşmasına kömək edir; (6) mədəniyyət və sivilizasiyaların tarixi və müasir planda müqayisəli öyrənilməsindən əldə olunan elmi-analitik nəticələri planetar sivilizasiyaya doğru dünya inkişafının strategiyasına daxil edərək, ayrı-ayrı mədəniyyət və sivilizasiya kodlarından universal sivilizasiya kodlarının sistemləşməsi imkanlarını müəyyən edir, “müxtəlifliyin vəhdəti” paradiqmasını mədəniyyət və sivilizasiyaların tərəqqi perspektivinə çıxarır; (7) beynəlxalq münasibətlərin siyasi normativlərini mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin humanitar yanaşma modelləri və prinsipləri ilə zənginləşdirərək, beynəlxalq həyatda humanitar-siyasi mədəniyyətin konvergent inkişafını təmin edir. Ədəbiyyat 1. Ağaoğlu Ə. Üç mədəniyyət. Bakı: Mütərcim, 2006 2. Aslanova R.N. Qloballaşma və mədəni müxtəliflik. Bakı: Elm, 2004 3. Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009 mədəniyyət ilinin təntənəli açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin çıxışı. // “Respublika” qəzeti, Bakı, 2009, 19 fevral 4. Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009 mədəniyyət ilinin təntənəli açılışı // “Azərbaycan” qəzeti, Bakı, 2009, 18 fevral 5. Bakı Bəyannaməsi dünyanı mədəniyyətlərarası dialoqun genişləndirilməsinə çağıran yeni bir müraciətdir. // “Respublika” qəzeti, Bakı, 2008, 4 dekabr 6. Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır // “Azərbaycan” qəzeti, Bakı, 2011, 11 oktyabr 7. Beynəlxalq mədəni əlaqələr. / M.C.Manafova və N.T.Əfəndiyevanın elmi redaktorluğu ilə. Bakı: Elm, 2008 8. İmanquliyeva A. Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr. Beynəlxalq elmi konfransın materialları. Bakı: Elm, 2004 9. Tyumeniecka A.T. Həyatın fenomenologiyası oksidental və Şərq-İslam fəlsəfəsi arasında metafizik dialoq üçün əsas kimi / İmanquliyeva A. Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr. Beynəlxalq elmi konfransın materialları. Bakı: Elm, 2004, s. 75-76 10. Ulusel S.R. Qloballaşma və harmoniya fəlsəfəsi. Bakı: Elm, 2005 11. Взаимодействие культур в условиях глобализации / Материалы международной научной конференции, посвященной памяти общенационального лидера Гейдара Алиева. М.: Канон, 2010 12. Мусави Л. Западная цивилизация глазами мусулманина. Баку: Иршад, 2004 13. Султанмурат Е., Мухаметдинов Р., Каримов Б. Тюркский пояс стабильности. Алматы: Оркениет, 2008 14. Шпенглер О. Закат Европы. Очерки морфологии мировой истории. В 2-х т., т.1, М.: Мысль, 1998 15. Шпенглер О. Закат Европы. Очерки морфологии мировой истории. В 2-х т., т.2, М.: Мысль, 1998 16. Bexell G. The Moral Voice Can Be Heard in Different Ways. Global Ethics and Cultural Diversity / Human Values and Global Governance. Studies in Development, Security and Culture. Ed. by Hettne B. In 2 vol., Vol.2. Palgrave Macmillan, 2008, p.160-176 17. Braudel F. A History of Civilizations. New York: Penguin Books, 1993 18. Huntington S.P. The Clash of Civilizations and the Remaking of World Order. N.Y.: A Touchstone Book, 1997 19. Isar Y.R. ‘Culture’, Conflict and Security: Issues and Linkages / Human Values and Global Governance. Studies in Development, Security and Culture. Ed. by Hettne B. In 2 vol., Vol.2. Palgrave Macmillan, 2008, p.7-33 20. Küng H. A Global Ethics for Global Politics and Economics. New York, Oxford: Oxford University Press, 1998 21. Mostafa N.M. Arab-Islamic Debates on Dialogue and Conflict between Cultures / Human Values and Global Governance. Studies in Development, Security and Culture. Ed. by Hettne B. In 2 vol., Vol.2. Palgrave Macmillan, 2008, p.96-121 22. Toynbee A.J. A Study of History. Vol.I. New York, Oxford: Oxford University Press, 1985 23. Toynbee A.J. A Study of History. Vol.II. New York, Oxford: Oxford University Press, 1985 24. www.bakuforum-icd.az 25. www.opgc.net 26. www.unaoc.org Açar sözlər: mədəniyyətlərarası münasibətlər, humanitar siyasət, beynəlxalq əməkdaşlıq, qlobal hegemonluq, dialoq Политико-гуманитарные проблемы межкультурных взаимоотношений Политико-гуманитарные технологии межкультурных взаимоотношений, отстаивая принципиальную позицию, необходимую для прогресса современной международной жизни, могут определять себя в этом контексте в качестве новых форм и средств познания мира. Международная гуманитарная политика, овладев таким мировоззрением, воспринимает развитие межкультурных взаимоотношений как движущее условие мирового сообщества и международного сотрудничества, выступает против претензий данных взаимоотношений на глобальную гегемонию, против политики подчинения целям доминирования цивилизаций, способствует осуществлению проектов, программирующих выстраивание межкультурных взаимоотношений на более совершенной основе как на уровне государств, так и международных организаций, ускорению и концептуализации процесса диалога в данном направлении. Ключевые слова: межкультурные взаимоотношения, гуманитарная политика, международное сотрудничество, глобальная гегемония, диалог Political and Humanitarian Problems of the Inter-Cultural Relations: Political and humanitarian technologies of inter-cultural relations protecting the principal position which is necessary for the progress of contemporary international life identifies itself as a new philosophy of world’s cognition in this context. Obtaining such a philosophical outlook, the international humanitarian politics accepts the development of inter-cultural relations as an impulsive condition of international community and cooperation, turns against the global hegemonic claims of these relations and politics subordinating the aims of civilizational superiority, contributes to the implementation of projects which programizes the establishment of inter-cultural relations on a perfect ground at both states and international organizations level and to the speeding up and conceptualizing the dialogue process in this direction. Key words: inter-cultural relations, humanitarian politics, international cooperation, global hegemony, dialogue