Avrasiya geopolitikasının qaynar zolağını – tarixi və taleyi bir-birindən ayrılmaz olan Qafqaz və Mərkəzi Asiya təşkil edir. Qafqaz – Xəzər dənizinin qərb hövzəsindən Avropaya, Mərkəzi Asiya isə – Xəzərin şərq hövzəsindən Asiyaya “açılaraq”, Avrasiyanın geopolitik koordinatlarının optimal sistemində iki mühüm regional seqment kimi dərk olunur. Elmi ədəbiyyatda həm də “Xəzər hövzəsi regionu” adlandırılan və uzun əsrlər boyu, əsasən, türk dövlətlərinin ərazisi olan bu “ikitağlı” geopolitik məkan bu gün bəlkə də öz tarixi-siyasi transformasiyasının dönüş yarada biləcək ən həlledici mərhələsini yaşayır: Qafqaz və Mərkəzi Asiya dövlətləri ya qlobal güclərin təsir dairəsində qalaraq, onların heç zaman bitməyəcək qarşıdurmalarında əzilməli və qlobal dominantlıq uğrunda rəqabəti udan “qaliblərin” maraqlarına tabe olmalı, ya da müstəqil dövlətçiliyin bütün imkanlarından yararlanaraq, beynəlxalq birliyin suveren subyekti kimi dünya inkişafının aparıcı qüvvələri sırasında yer alaraq özləri qalib olmalıdır. Əlbəttə, region dövlətlərinin məqsədi – ikinci perspektivdir. Qafqaz və Mərkəzi Asiya geopolitikasında yeni istiqamətlər məhz bu perspektivdə dərk və müəyyən edilməlidir.
Ancaq Qafqaz və Mərkəzi Asiyada cərəyan edən geopolitik proseslər göstərir ki, bu uğurlu perspektivə nail olmaq elə də asan olmayacaq. Çünki zəngin təbii ehtiyatlara malik olan bu regionun üzərində hegemonist dövlətlərin güzəştsiz maraqları toqquşur və bu toqquşmadan qopan “qığılcımlar” ayrı yerə yox, məhz həmin regiounun “kövrək ərazilərinə” konfliktlər şəklində səpələnir. Qafqaz və Mərkəzi Asiyadakı müxtəlif amillərlə şərtlənən bütün etno-siyasi konfliktlər, hətta ölkədaxili siyasi hakimiyyət uğrunda mübarizələr də məhz bu maraq toqquşmaları üzərindən közərdilir və bilərəkdən söndürülmür. “Beynəlxalq arbitr” funksiyasını üzərinə götürmüş qlobal güclər heç vaxt heç bir konfliktə son qoymur, yalnız onları idarə edirlər. Post-sovet məkanının əsas və ən böyük parçası olan Qafqaz və Mərkəzi Asiya regionunun 90-cı illərin əvvəllərində müstəqillik qazanmış dövlətlərinin, demək olar ki, hamısı elə konfliktlərlə bir yerdə doğulmuşlar. Konfliktlər – suveren dövlətlərin ilk addımlarından onların ayaqları altına atılmış tələyə bənzəyir və müstəqilliyə doğru atılan hər bir addım üçün bu tələyə düşmək riski vardır. Ona görə də Qafqaz və Mərkəzi Asiya dövlətləri nəinki müstəqil quruculuq fəaliyyətlərində, həm də onları daim gərginlikdə saxlayan problemləri həll etmək səylərində birlik nümayiş etdirməlidirlər ki, hegemon qüvvələrin bu məkanda konfrontasiyadan sui-istifadə etmək niyyətlərini neytrallaşdıra bilsinlər. Qafqaz və Mərkəzi Asiya üçün sərt və amansız həqiqət məhz bundan ibarətdir: Avrasiyanın bu özək regionunda həlledici transformativ amil – kənar təsir yox, birləşmiş daxili hərəkətverici qüvvə olmalıdır. Qafqaz və Mərkəzi Asiyada baş verən geopolitik prosesləri izləməyimiz bizə imkan verir ki, Avrasiyanın daxili inkişaf stimullarını hərəkətə gətirə biləcək bu qüvvələri müəyyən edək.
Qafqazın üç dövlətindən biri – Azərbaycan, Mərkəzi Asiyanın beş dövlətindən dördü – Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan türk dövlətləridir. Hamısı SSRİ-nin dağılması prosesində suverenlik hüququ qazanıb. Deməli, bu dövlətlər müstəqilliklərinin bərpa tarixi baxımından yaşıddırlar. Lakin Xəzərin həm şərq, həm də qərb sahillərində tarixən türk dövlətləri və imperiyalarının yaratdığı etnosiyasi coğrafiyanın xarakteri elə müəyyənləşib ki, bu məkan lap əvvəldən türk birliyinə doğru təkamülü getdikcə daha çox optimallaşdırıb. Ona görə də müstəqilliklərinin elə ilk addımlarından bu geopolitik məkanın doğurduğu zəruri ideya Türk Birliyi ideyası olub. Təsadüfi deyil ki, uzun əsrlər Mərkəzi Asiya –Türküstan adlandırılıb. Turan isə Türküstan da daxil olmaqla Monqolustandan Türkiyəyə qədər geniş geopolitik məkanın daha çox etnokulturoloji anlamda, bir az da romantik çalarda başa düşülən və qəbul edilən adıdır. SSRİ qurulanda “türk” adı olan, demək olar ki, bütün toponimləri dəyişirdilər. Bu məqsədlə Türküstan da – Orta Asiya adlandırıldı. Müvafiq sayıla bilən hər cür ad qoyula bilərdi – təki orada “türk” komponenti olmasın. Əgər “Qafqaz” adında “türk” komponenti olsaydı, Gəncəni “Kirovabad” edənlər heç düşünmədən onu da dəyişərdilər. Ruslaşdırma və sovetləşdirmə siyasəti Qafqaz və Mərkəzi Asiyanın (“Türküstan”ın!) milli-siyasi quruluşunu toponimik xəritələrinə qədər elə dəyişdirib yadlaşdırmışdı ki, onun geopolitik özünəməxsusluğu tanınmaz olsun. Müstəqillik erasının başlanması da elə köklü islahatları aktuallaşdırır ki, Avrasiyanın özəyini təşkil edən bu iki regionun geopolitik özünəməxsusluğu tam şəkildə görünən olsun. Fikrimizcə, Avrasiyanın türk dövlətləri birliyi ilə ən real konsolidasiyasını tapa bilən yeni geopolitik paradiqması ondan ibarətdir ki, Avrasiya beynəlxalq siyasət üçün təkcə təbii ehtiyatlarını dünya bazarına çıxarmaq imkanlarına görə deyil, həm də özünün güclü regional siyasətini beynəlxalq siyasətin avanqardına çevirmək potensialına görə əhəmiyyət kəsb etsin.
Qafqaz və Mərkəzi Asiyada cərəyan edən geopolitik proseslərin təhlili bu potensialın üzə çıxarılmasının dünya birliyinə nə qədər gərəkli olduğunu göstərir. Aydınlaşır ki, artıq Qafqaz və Mərkəzi Asiyanın SSRİ-dən ayrılmış dövlətlərinə nəinki “post-sovet”, hətta “neo-sovet” dövlətləri kimi, yəni Sovet İttifaqının yeniləşmiş “variantları” kimi baxmaq olmaz [16, s.136]. Artıq burada “nasionalizm” də sivilizasiya identikliyinə əsaslanan, yüksək siyasi səviyyədə dərk olunan, milli dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən ideoloji hadisədir. İyirminci əsrin əvvəllərində çox populyar olan “qərbləşmə” ideologiyası – iyirmi birinci əsrin əvvəllərində yeni müstəqil Avrasiya ölkələrinin müasirləşmə ehtiyaclarından xeyli zəif görünür. Onlar modernləşmənin özlərinə xas yolları ilə getməyi, Qərbi yamsılamamağı üstün sayırlar. Qərb özü də başa düşür ki, nə siyasətdə, nə iqtisadiyyatda, nə də mədəniyyətdə dünyanı özünə oxşatmaq, dünyanı “özünküləşdirmək” istəklərində fiaskoya uğrayıb. Bu gün Avrasiya Özünütəsdiq Erasının başlanğıcındadır. Müasir dövrdə “güclü dövlət” anlayışı da mahiyyətcə dəyişib: indi bürokratik aparatın əlində “yumruq kimi sıxılmış” dövlət deyil, liberal iqtisadi siyasət yeritməklə milli dövlətin manevr imkanlarını artıran subyektlər inkişaf etməyə qadirliyini göstərir. Belə bir transformasiyaya ən yaxşı örnək Şərqi Asiya dövlətləridir. Onlar 60 il bundan əvvəl olduğundan tanınmaz dərəcədə dəyişiblər: sübut ediblər ki, onların liberal idarəetmə təsisatları Qərb ölkələrində olduğundan da çevik və universaldır [4, s.13-14] – bütün dünyanı özlərində, özlərini isə bütün dünyada seçkin şəkildə görməyi bacarırlar. Buna görə də “Asiyanın qüdrətli dövlətlərinin qlobal inkişafa təsir imkanları” getdikcə artır [17]. 1967-ci ildə yaradılmış, 10 Asiya dövlətinin üzv olduğu ASEAN (Cənub-şərqi Asiya Dövlətləri Assosiasiyası) – bütün təzyiqlərə baxmayaraq, bu regionu dünya inkişafının ön səhnəsinə çıxarmaqla, həm də Asiyanın özəyinə – Mərkəzi Asiyaya və Qafqaza nümunə göstərir.
Hazırda Avrasiyanın geopolitik strukturlaşma vəziyyətinə qlobal miqyasda baxsaq, belə bir mənzərənin şahidi olarıq: Avrasiyanın Qərbi Avropa hissəsində də (Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Norveç və s.), Şərqi Asiya hissəsində də inkişaf etmiş dövlətlər (əsasən, Yaponiya və Çin) yerləşir. Şimaldan Rusiyanın, cənubdan isə Əfqanıstan və İranın “aralığında qalmış” və bu yaxın qonşularından müstəqil inkişaf üçün ciddi stimul gözləməyən Mərkəzi Asiya və Qafqaz isə zəruri bir məntiqlə özünəgüvənmə siyasəti yeritməli və Avrasiyanın Qərb və Şərq platformalarının tərəqqi səviyyəsinə çatmalıdırlar. Belə bir situasiyada qlobal geopolitik münasibətlərin pozitiv strategiyası hegemonistlərin (xüsusilə Rusiya və ABŞ-ın) açıq və gizli müdaxiləsinə, təhdid siyasətinə imkan verməməyi, qeyri-sabitliyin və ideoloji fanatizmin hökm sürdüyü ölkələrlə ehtiyatlı davranmağı, Qərb və Şərq platformalarının inkişaf etmiş ölkələri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini bütün istiqamətlərdə dərinləşdirməyi tələb edir. Heç şübhəsiz ki, Avrasiyanın Qafqaz və Mərkəzi Asiya regionlarını Qərb və Şərq platformaları müstəvisində beynəlxalq siyasi-iqtisadi sistemlə orqanikləşdirmə xətti ardıcıl yeridilsə, bu – dünya inkişafını tamamilə yeni mərhələyə yüksəldən proseslərə təkan vermiş olardı.
Qafqaz və Mərkəzi Asiya regionlarının müstəqil dövlətləri (qeyd etdiyimiz kimi, onların yeddisindən beşi türk dövlətidir) həm öz aralarında, həm də qonşuları ilə geopolitik münasibətlərin yeni bir mərhələsini aça biləcək mürəkkəb dövrünü yaşayırlar. Yeganə türk dövlətinin – Azərbaycanın yerləşdiyi Qafqaz Avrasiyada bütün geopolitik xətlərin kəsişdiyi bir məkan hesab olunur. Bütün potensiallarına görə Qafqazın (daha konkret mənada, Cənubi Qafqazın) ən böyük dövləti Azərbaycan – bu region üzərindən Türkiyəni Mərkəzi Asiya türk dövlətləri ilə birləşdirən, deməli, türk dünyasının geopolitik bütövlüyünü yaradan bir ölkədir. Azərbaycanın torpaqlarını işğal etməklə, Qafqazın daxili bütövlüyünü sarsıdan yeganə region dövləti isə – Ermənistandır. Əgər vaxtilə Rusiya imperiyasının havadarlığı ilə və türk dünyasının geopolitik bütövlüyünü pozmaq məqsədilə Qafqazda “cücərdilən” və “nəvazişlə bəslənilən” – Ermənistan olmasaydı, müstəqillik dönəmindən sonra bu regionun siyasi, iqtisadi və mədəni həyatı tamamilə başqa bir məcrada inkişaf edəcəkdi.
Rusiyanın bütün qonşuları ilə qurduğu siyasət dominantlıq iddialarına əsaslandığı üçün, şübhəsiz ki, başlanğıcından uğursuzluğa məhkumdur. Sovet İttifaqı dağılandan sonra özünü yenə də bu məkanın “Lideri” sayan Rusiya özünün tarixi-mənəvi baxımdan çox köhnəlmiş siyasətindən bir addım da kənara çəkilmək istəmir. Əgər Sovetdən sonrakı mərhələdə Amerika Birləşmiş Ştatları qərbdən şərqə doğru geopolitik xətt boyunca Ukrayna, Azərbaycan və Qazaxıstanı özünə “favorit” seçdisə, buna cavab olaraq, Rusiya da üç istiqamətdə – Balkanlar, Qafqaz və Mərkəzi Asiyada öz təsir hüdudlarını yaratmağa çalışdı [3, s.105]. Onun Qafqaz “favoriti” isə Ermənistandır. Azərbaycan cəmiyyəti və eləcə də, Qafqaz problemlərinə bələd olan dünya ictimaiyyəti yaxşı bilir ki, Rusiyanın hərbi dəstəyi olmadan, “cırtdan” Ermənistan Azərbaycanın Qarabağ torpaqlarını işğal edə bilməzdi. Hətta bu gün Ermənistan o torpaqları geri qaytarmaq istəsə belə, Rusiya Qafqazda “erməni kartını” əldən verməmək üçün buna yol verməz... Təkcə müflis olmuş, beynəlxalq sorğuya əsasən, əhalisi dünya cəmiyyətləri arasında özünü ikinci “bədbəxt millət” sayan Ermənistan nümunəsi göstərir ki, Rusiyanın qanadları altına girmək ölkəni nə günə qoya bilər. Hazırda Ermənistan Azərbaycanın ciddi səyləri nəticəsində bütün regional layihələrdən kənara atılmış bir vəziyyətdə, xarici yardımlara möhtac bir durumda mövcudluğunu sürdürür. Məntiqə görə, qaliblər güclü olur, bəs nə səbəbdən Azərbaycan torpaqlarını işğal etmiş “qalib” Ermənistan belə acınacaqlı haldadır?! Ümumiyyətlə, Ermənistandan başqa bu dərəcədə Rusiyaya sığınan və ona dayaq kimi baxan ikinci bir dövlət varmı, əgər varsa da, onun inkişafına hər hansı bir halda təminat gözləmək olarmı?! “Avropanın sonuncu, Asiyanın birinci dövləti statusunu” [12, s.58] getdikcə əldən verən Rusiya, ərazicə bu qədər nəhəng olmasına baxmayaraq, özünün sonsuz iddiaları ucbatından artıq kiməsə dayaq olmaq yox, kimdənsə dayaq almaq durumuna gəlməkdədir. Onun “Avrasiya İttifaqı” (AAİ) doktrinası da imperiyanın ölüm aqoniyasından başqa bir şey deyil. Qlobal güclər nisbətinə baxsaq görərik ki, Varşava müqaviləsi dağılandan, Soyuq Müharibə (1947-1990) bitəndən sonra Rusiyanın beynəlxalq miqyasda bu günkü “müttəfiqləri”nin heç biri qlobal siyasətə təsir etmək qüdrətində deyillər. Bu müttəfiqlər kimlərdir? Təcavüzkarlığı ucbatından özünü təcrid etmiş və de-fakto müstəqilliyini itirmiş Ermənistan, Asiyada qonşuları ilə “canavar dilində” danışan Şimali Koreya, Liviyada və Suriyada öz xalqının başına od ələyən diktatura rejimləri (birinci devrildi, sonuncu da devrilməkdədir), ölkə əhalisinin yarısının – Azərbaycan türklərinin milli-mədəni haqlarını tapdalayan fundamentalist İran. Rusiyanın Moskva – İrəvan – Tehran xətti üzərində yaratdığı “vertikal geopolitik ox” diplomatiyası [2, s.164] getdikcə öz əhəmiyyətini itirməkdədir. Xəzərətrafı bölgədə İran özünün geopolitik təsir imkanlarını səfərbər etməklə, özünün strateji perspektivini “anti-Amerikan, anti-Atlantik siyasət yürüdən kontinental tipli region dövləti olaraq” [2, s.164-165] müəyyən edir və məhz bu istiqamətdə onunla Rusiyanın mövqeləri üst-üstə düşür. Eyni zamanda, Cənubi Azərbaycan faktoruna görə, Azərbaycan Respublikasını iki tərəfdən “sıxan” siyasətin İran – Rusiya tandemi mümkünləşir. Bütün bunların fonunda Türk dövlətləri Birliyinin aktuallaşması prosesi Rusiya və İranı ciddi şəkildə narahat edir. Onlar bu perspektivə özlərinin regional nüfuzlarının tam itirilməsi kimi baxırlar.
Qafqazda Gürcüstanın öz ərazi bütövlüyü uğrunda dönməz mübarizəsinə Rusiyanın hətta hərbi qüvvə tətbiq etməklə cavab verməsi və Qarabağın işğal faktı ola-ola, Ermənistandakı hərbi bazalarını gücləndirməsi, üstəlik işğalçı marionet-dövlətlə hərbi müttəfiqlik barədə müqavilə bağlaması onu göstərir ki, bu “post-imperiya” dövləti ” [18, s.17] regionun müstəqil inkişafının qarşısını alan siyasəti yeritməkdən vaz keçmir. Azərbaycan və Gürcüstanın güclənməsi nəticəsində onların ərazi bütövlüyünü təmin etməsi ehtimalı isə Qafqaz geopolitikasında yeni istiqamətləri dərinləşdirə bilər. Artıq reallaşmağa başlayan qlobal iqtisadi layihələrlə bu iki Qafqaz dövlətinin maraqlarının uzlaşması və beynəlxalq siyasətin bu regionda mütərəqqi transformativ funksiyalarını Azərbaycanla Gürcüstanın birlikdə yerinə yetirməsi perspektivi Rusiyanın hegemonist siyasətinə son verilməsinin başlanğıcı, işğalçı Ermənistanın isə ümumiyyətlə sona çatması deməkdir.
İyirmi beş il bundan öncə geopolitikanın qlobal koordinatlarda Mərkəzi Asiya “dünyanın ortasında qara deşiyə (“black hole”) bənzər bir ərazi kimi” görünürdü [10]. Lakin müstəqil dövlət quruculuğunun mürəkkəb problemlərini həll etdikcə və o cümlədən, müəyyən etnik konfliktlərə açar tapdıqca, siyasi və iqtisadi cəhətdən möhkəmlənən Mərkəzi Asiya respublikaları suverenliyin bu çətin tarixi mərhələsini də qətiyyətlə keçməyə qadir olduğunu göstərdilər. Ənənəvi cəmiyyətlər üçün səciyyəvi sayılan bir sıra əlamətlərə malik olan bu ölkələr hazırda milli özgürlük təməlində müasirləşmənin təbii prosesini yaşayır. Həmin ölkələrdəki mövcud hakimiyyətlərin əsas məqsədi – xalqın milli birliyinə, dövlətin siyasi-iqtisadi müstəqilliyinə tam təminat yaratmaq, daha perspektivli regional və qlobal layihələrin iştirakçısı olmaq, bununla da, dünya birliyində layiqli yer tutmaqdır.
Təqribən 65 milyon insanın yaşadığı, 4 milyon kv. km.-dən çox ərazisi olan Mərkəzi Asiya regionunun əsas geopolitik hədəfi – hazırda regiondaxili və regionətrafı siyasi-iqtisadi münasibətlərin bölgə dövlətlərinin hər birisinə sərf edəcək “ortaq məxrəcin” tapılması əsasında qurulması üzərində cəmlənib. Ümumregional xüsusiyyətlərlə yanaşı, bu ölkələrin hər birinin tarixən, həm də bir-birinə münasibətdə formalaşmış sosiokulturoloji seçkinliyi, təsərrüfatçılıq və istehsal mədəniyyəti vardır. Etnosiyasi sistemin milli dövlətçilik sisteminə transformasiyası prosesində yaşanılan mümkün ziddiyyətlər bəzən etnik konfliktlərə də şərait yaradır. Lakin bütün bunlara baxmayaraq, Mərkəzi Asiyanın qədim tarixə malik gənc respublikalarının milli müstəqilliklərini qoruyub inkişaf etdirəcəyinə heç bir şübhə yoxdur. Bu da şübhəsizdir ki, regiondaxili və regionətrafı siyasi-iqtisadi münasibətlərin yüksək səviyyəyə çatdırılması – bütövlükdə Mərkəzi Asiyanın geopolitik təhlükəsizliyinin əsasını təşkil edir.
Hazırkı geopolitik situasiyada Mərkəzi Asiyanın dörd türk respublikası – Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan, eyni zamanda, Tacikistan regional sabitliyin və inkişafın əsas məsuliyyətini öz üzərlərinə götürərək, bu istiqamətdə daxili potensiallarını səfərbər etməyə çalışır, burada qlobal güclərin qarşıdurmasını yox, əməkdaşlığını prioritetə çevirmək istəyirlər. Mərkəzi Asiyanın geopolitik hüdudları boyunca konfiqurasiya tapan Rusiya, Çin, İran və Pakistan bu regionda həm nüfuz, həm də əməkdaşlığın mümkün imkanlarını əldə etməyə səy göstərirlər [9; 7]. Regiona əvvəlki inersiya ilə daha güclü təsir imkanlarına malik olan Rusiya burada Qafqazda olduğundan da inadla dominantlıq iddialarını nümayiş etdirir. Rusiya Mərkəzi Asiyaya – MDB-ni “Avrasiya İttifaqına” (AAİ) transformasiya etməyin poliqonu kimi baxır. Amerika Birləşmiş Ştatları isə Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsindən çıxarıb, qlobal layihələrin meydanına çevirmək və onu öz “nüfuz landşaftında” görmək istəyir. ABŞ-ın NATO ilə birlikdə Əfqanıstanda həyata keçirdiyi “Terrorla Müharibə” əməliyyatları, təbii ki, onun qonşuluğundakı regionu daim gərginlikdə saxlayır. Qərb alyansının “Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri” Avrasiyanın bu dramatik nöqtəsində hələ tam uğur qazanmasa da və alyans bu əməliyyatlara milyardlarla dollar vəsait xərcləsə də, burada etnik, dini, siyasi konfliktləri neytrallaşdırmaq və həm də idarə etmək qərarında israrlıdır. Avrasiyanın “özəyində” möhkəmlənmək məqsədilə ABŞ Silahlı Qüvvələrinin bir hissəsi də Sakit Okean Komandanlığından Mərkəzi Asiya Komandanlığına gətirilmişdir [15, s.57].
Mərkəzi Asiyanın Rusiyanın atdığı “Avrasiya İttifaqı” torundan qurtulması nə qədər vacibdirsə, Qərb alyansının “Terrorla Müharibə” meydanına çevrilmək və onun nüfuz dairəsində “çəpərlənmək” vəziyyətlərinə qarşı dirənişin göstərilməsi də eyni dərəcədə zəruridir. Əfqanıstan, İran və Pakistandan gələn “İslam fundamentalizmi” dalğası da Mərkəzi Asiya üçün ciddi təhlükə yaradır. Radikal islamçılar (məsələn, “Hizb-üt-Təhrir” İslam Partiyası) regionda “Taliban” hərəkatına bənzər qruplaşmalar şəklində formalaşmaqla, buranın ənənəvi islam cəmiyyətlərində özlərinə dayaq tapmağa cəhd edirlər [6, s.40].
Dünyanın iqtisadi potensiala malik ikinci və üçüncü qüdrətli dövlətləri kimi Avrasiyanın qlobal geopolitikasında tarazlığın mühüm komponentinə çevrilən Çin və Yaponiya – Rusiya, ABŞ və digər maraqlı qüvvələrin rəqabətində daha mötədil siyasət yeridərək, Mərkəzi Asiyanın təbii ehtiyatlarından maksimum yararlanmaq, bu ərazidə istehsal və istehlak bazarını fəallaşdırmaq məqsədlərini həyata keçirməyə təşəbbüs edirlər. Əlbəttə, beynəlxalq iqtisadi əməkdaşlığın bu variantları Mərkəzi Asiyanın maraqlarına daha çox uyğun gəlir. Bu baxımdan, region dövlətlərinin öz təbii ehtiyatlarını qərb istiqamətində Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə daşıması, şərq istiqamətində Çin üzərindən Atlantik okeanı bazarına çıxarması, cənub istiqamətində isə Əfqanıstan, Pakistan və Hindistan üzərindən Hind okeanı iqtisadi zonasına ötürməsi layihələri Mərkəzi Asiya iqtisadiyyatını dünya iqtisadi sisteminə bağlayan proseslərin əsaslı dönüş mərhələsi ola bilər.
“Mərkəzi Asiya və Qafqaz: İyirmi birinci əsrin Avrasiyası yolayrıcında” adlı fundamental tədqiqatlar və statistik məlumatlar toplusundakı təhlillər də göstərir ki, həqiqətən, bu regionun yüksək inkişaf üçün geniş və tükənməz potensial imkanları vardır [8]. İqtisadi və siyasi perspektivlərin düzgün müəyyənləşdirilməsi həmin imkanları reallaşdırmağa təminatlı yol açır. Bu məqsədlə Mərkəzi Asiya respublikaları geniş Avrasiya məkanında dövlətlərarası əməkdaşlığın qurulması prosesində fəal iştirakçı olmalıdırlar.
Avrasiya geopolitikasının bütün inkişaf məntiqi isə, heç şübhəsiz ki, Mərkəzi Asiya və Qafqaz da daxil olmaqla, kontinental türk geosiyasi sisteminin orqanikləşməsi və təşkilatlanması prosesi ilə bağlıdır. Yeddi respublikasından beşinin türk dövləti olduğu bu geopolitik məkan Sovet İttifaqının çökməsindən sonra həmin məntiqin qarşısıalınmaz şəkildə gerçəkləşməsinə doğru inkişaf edir. Türkiyədən Qazaxıstana qədər bütün türk cəmiyyətləri aydın şəkildə dərk edirlər ki, hər hansı regional və beynəlxalq təşkilatda təmsilçilik – türk dövlətlərinin birliyi qədər əhəmiyyətli ola bilməz. Avrasiya geopolitikasının problemlərinə həsr olunmuş elə bir tədqiqat da yoxdur ki, belə bir təşkilatlanma istiqamətində göstərilən təşəbbüsləri dəyərləndirməsin və onun perspektivinə aqnostik yanaşsın. Həmin fundamental tədqiqatlardan biri Anita Senquptanın “Avrasiyanın İçtorpağı: Siyasi məkanın geopolitikası” əsəridir ki, burada müəllif regionun “metatarixi” və “metacoğrafi” inkişaf qanunauyğunluğunda “türk seqmentinin” üstün olduğunu və bundan sonrakı proseslərin də kontinental türk geosiyasi sisteminin möhkəmlənməsinə doğru apardığını təsdiq edir. Alim göstərir: “Müasir türk xalqları arasında onların müştərək sivilizasiya irsi” elə bir mühüm rol oynayır ki, bu faktor həmin cəmiyyətlərin intellektual elitasının əsas milli ideyasını formalaşdırır və türk dövlətlərinin konsolidasiyası da məhz bu sivilizasiya təməlində dərk olunur. [15, s.75-96, 108-109, 129-141]. “Dünya Adası: Avrasiya geopolitikası və Qərbin taleyi” kitabının müəllifi Aleksandros Peterson da araşdırmalarının son nəticəsi kimi bu qənaətə gəlir ki, hələ Hun epoxasından Avrasiyanın “içtorpağının” sahibi olmuş türk xalqları çağdaş dövrümüzdə də bu regionun inkişafının əsas məsuliyyətini öz üzərlərinə götürməyə qadirdirlər. Nəzəriyyəçi irəli sürdüyü “Avrasiya üçün İyirmi Birinci Əsrin Geopolitik Strategiyasının” Qərb və Avrasiya maraqları ilə uzlaşma kontekstini də “türk platforması” üzərində görür. O, xüsusilə həmin kontekstdə “Avrasiyanın Asiyaya açılan qapısı” – Azərbaycanın konsentrasiyayaradıcı mövqeyini yüksək qiymətləndirir [13, s.146-160].
Qafqaz və Mərkəzi Asiyanın bütün türk dövlətlərində (eyni zamanda, Azərbaycanda və onun Naxçıvan bölgəsində) olmuş, ümumilikdə dünyanın 20 ölkəsində türksoylu xalqların həyat və düşüncə tərzini uzun illər ərzində öyrənərək, “Fateflərin övladları: Türk dünyasının yenidən yüksəlişi” adlı dəyərli araşdırmanı ərsəyə gətirmiş, hazırda “Wall Street Journal” kimi beynəlxalq səviyyəli dərginin İstanbul xəbərlər bürosunun rəhbəri vəzifəsində fəaliyyət göstərən, türk dillərinə yaxşı bələd olan Hyuc Poup tədqiqatının əsas məramını açıqlayaraq yazır: “Kitabımda mənim əsas arqumentim ondan ibarətdir ki, türk xalqları daha bundan sonra Avropa və Orta Şərqin “qıraqlarında” marginal oyunçular olaraq qala, Rusiya və Çinin əlindəkilərinin kənar bir hissəsinin subyektləri kimi sıxıla və ya Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının uzaq müttəfiqləri rolunu oynaya bilməzlər. Onlar yüksəkdəyərli xalqlardır, öz aralarında çoxşaxəli tellərlə bir-birilərinə bağlanmış, öz haqlarını anlayan, çiçəklənən, inkişaf etməkdə olan mütərəqqi dövlətlərdir” [14, s.18-19].
Gördüyümüz kimi, Avrasiyanın daxili inkişaf stimullarını hərəkətə gətirə biləcək qüvvənin, həqiqətən, türk dünyası olduğu təqdir edilir. Avrasiyanın “içtorpağında” (Makkinder) türk dövlətlərinin yaratdığı geopolitik sistemin getdikcə möhkəmlənməsi regionun digər dövlətlərinin də (hətta Rusiyanın) maraqlarına uyğundur. Avrasiyanın “Türk Konsensusu” bu regionun dövlətləri arasında razılaşmanın elə bir ortaq mövqeyini meydana gətirir ki, onların hər birinin bu ümumi platformada inkişafı üçün optimal şərait yaranmış olur. Milli, regional və qlobal səviyyələrin uzlaşması üzərində qurulan Avrasiyanın “Türk Konsensusu”nun mütləq üstünlüyü ondadır ki, burada hər hansı bir siyasi subyektin dominantlığına imkan verilmir. Adətən, güclü və zəif dövlətlərin, sabit və qeyri-sabit siyasi sistemlərin, mütərəqqi və durğun iqtisadiyyatların, demokratik və qeyri-demokratik cəmiyyətlərin yan-yanaşı yaşadığı amorf xarakterli geopolitik məkanda “içəridən” və “kənardan” dominantlıq və hegemonluq iddialarına münbit zəmin yaranır. Deməli, Avrasiyanın “Türk Konsensusu” zəruri mərhələ kimi tədriclə regiondakı bu “dissonans” vəziyyətinin aradan qaldırılmasına çalışmalıdır. Avrasiyanın geopolitik təhlükəsizliyi şəraitində Yaponiyadan Britaniyaya qədər, Rusiyadan Hindistana qədər seçkin xarakterli və müxtəlif səviyyəli ölkələrin əməkdaşlıq münasibətlərində bulunması mümkündür. Belə bir şəraitdə ayrı-ayrı dövlətlərin bir-birinə zidd maraqlarla qütbləşməsi, gələcək qarşıdurmalara yol açan siyasi-hərbi təmayüllərlə bloklaşması cəhdləri minimuma endirilir. Buna görə də elə bu gün Türkiyədən Qazaxıstanadək bütün türk dövlətləri özlərinin yetkin siyasi mədəniyyətlərinin məntiqi və uzaqgörənliyi ilə Avrasiyanın geopolitik təhlükəsizliyini reallaşdıracaq tendensiyaların birmənalı şəkildə tərəfdarı və avanqardı kimi çıxış edirlər.
Bu istiqamətdə xüsusilə Türk dövlətlərinin fəallaşması beynəlxalq səviyyədə diqqəti cəlb edir və çox görkəmli dövlət xadimləri, qlobal siyasi analitiklər tərəfindən pozitiv dəyərləndirilir. Avrasiyanın yeni geopolitik reallığında müstəqil türk dövlətlərinin rolunun artması – regional konsensus zərurətinə etimadı yüksəldir və bu kontekstdə türk dövlətləri birliyi ideyasının gerçəkləşməsinə zəmin yaradır. Qraham Fuller və Bülənt Araz bu mövzuya həsr etdikləri spesifik tədqiqatlarında Türkiyənin Avrasiya geopolitikasını canlandırma hədəflərini – müasir beynəlxalq siyasətin özünün tələbləri ilə bağlayır və bu güclənən mövqeyin hər bir region dövləti ilə münasibətləri inkişaf etdirəcəyi qənaətinə gəlirlər [11; 5]. Türkiyə Respublikasının özünün rəsmi mövqeyi isə bu ölkənin sabiq xarici işlər naziri Əhməd Davudoğlunun “Strateji dərinlik: Türkiyənin beynəlxalq aləmdə yeri” adlı əsərində konseptuallaşdırılmışdır: Türkiyənin əsas məqsədi – qonşuları ilə münasibətləri “sıfır problem” səviyyəsinə gətirmək (yəni bütün problemləri həll etmək) və ardınca qonşuların öz aralarındakı münasibətləri “sıfır problem” səviyyəsinə endirməkdir. Əgər türk dünyası – “Asiya oxudursa”, onun da hərəkət mehvəri – Türkiyədir [1, s.270-281]. Həqiqətən də, bu gün Türkiyə özünün ən yaxın müttəfiqi olan Azərbaycanla birlikdə həm Qafqaz, həm də Mərkəzi Asiyaya yönəli siyasətdə çox uğurlu fəaliyyətləri koordinasiya edir, Avrasiyanın regional problemlərinə həlledici mövqedən yanaşmaları aktuallaşdırır.
Avrasiyada türk dövlətlərinin siyasi, iqtisadi və mədəni platformasının yaratdığı yeni istiqamətli geopolitik nizam bu regionun inkişaf perspektivlərində hamıya “açıq meydan” verir, sülh və əməkdaşlıq məramlı dövlətlərin potensial kongeniallığını mümkün edir, marginallaşma və qütbləşmə meyllərinə fürsəti qapayan pozitiv tendensiyaları, qarşılıqlı inam və etimadı dərinləşdirir.
Açar sözlər: geosiyasət, Avrasiya, türk geosiyasi regionu, Qafqaz ölkələri, Mərkəzi Asiya ölkələri.
1. Davutoğlu A. Stratejik Derinlik: Türkiye’nin Uluslararası Konumu (Strategic Depth: Turkey’s Place in the World). İstanbul: Küre Yayınları, 2001
2. Дарабади П. Геоистория Каспийского региона и геополитика совре¬менности. Баку: Элм, 2002
3. Уткин А.Н. Американская стратегия для XXI века. М.: Логос, 2000
4. Фукуяма Ф. Сильное государство: управление и мировой порядок в XXI веке. М.: АСТ, 2010
5. Aras B. New Geopolitics of Eurasia and Turkey’s Position. London, Portland, OR: Frank Cass, 2002
6. Brauer B. Central Asia: The Great Game Revisited / The Impact of Asian Powers on Global Developments/ Ed. by Pieter E., Hazdra P. Phisyca-Verlag, 2004
7. Brill O.M. Central Asia's New States: Independence, Foreign Policy, and Regional Security. Washington, D.C.: United States Institute of Peace Press, 1996
8. Central Asia and the Caucasus: At the Crossroads of Eurasia in the 21st Century. Ed. by Hermann W., Linn J. Emerging Markets Forum, 2011
9. Central Asia and the World: Kazakhstan, Uzbekistan, Tajikistan, Kyrgyzstan, and Turkmenistan. Ed. by M.Mandelbaum. New York: Council on Foreign Relations Press, 1994
10. Frank A.G. The Centrality of Central Asia // Bulletin of Concerned Asian Scholars, 1992, no.24, pp.36-52
11. Fuller G.E. The New Turkish Republic: Turkey as a Pivotal State in Muslim World. Washington, D.C.: United States Institute of Peace Press, 2010
12. Graham Th. The Sources of Russia’s Insecurity // Survival, 2010, v.52, no.1, pp.55-74
13. Peterson A. The World Island: Eurasian Geopolitics and Fate of the West. Praeger Security International, 2011
14. Pope H. Sons of the Conquerors. The Rise of the Turkic World. London: Overlook Duckworth, 2005
15. Sengupta A. Heartlands of Eurasia: The Geopolitics of Political Space. Lexington Books, 2009
16. Simons W.Jr. Eurasia’s New Frontiers: Young States, Old Societies, Open Futures. Ithaca and London: Cornell University Press, 2008
17. The Impact of Asian Powers on Global Developments/ Ed. By Pieter E., Hazdra P. Phisyca-Verlag, 2004
18. Trenin D. Post-Imperium: A Eurasian Story. Moscow: Carnegie Endowment for International Peace, 2011
Новые тенденции в геополитике Кавказа и Центральной Азии
Ключевые слова: геополитика, Евразия, тюркский геополитический регион, страны Кавказа, страны Центральной Азии.
Крайне необходимо и важно, чтобы государства Кавказа и Центральной Азии продемонстрировали единство в своей независимой созидательной деятельности, а также в стремлении решить конфликтные проблемы, держащие их в постоянном напряжении. Это им необходимо для нейтрализации с единой позиции намерений гегемонистских сил злоупотребить имеющейся в регионе конфронтацией. Для Кавказа и Центральной Азии реальность, необходимость резкого изменения которой осознается, такова: в этом центральном регионе Евразии решающим трансформирующим фактором должно быть не внешнее влияние, а консолидированная внутренняя движущая сила. Геополитические процессы, происходящие в настоящее время на Кавказе и в Центральной Азии, ведут к еще большему укреплению независимости молодых государств Евразии и к полному принятию на себя ответственности за независимое развитие этого пространства в целом. Новые позитивные направления в геополитике Кавказа и Центральной Азии именно в такой перспективе открывают возможности для реализации социально-экономического потенциала данных государств.
The New Tendencies in Caucasian and Central Asian Geopolitics
Key words: geopolitics, Eurasia, Turkic geopolitical region, Caucauses’ countries, Central Asian countries.
Demonstrating the alliance is considerably important in both construction activities of Caucasian and Central Asian states and in their efforts to solve the problems of conflicts, which keep them under continuous pressure. This alliance is very essential in neutralizing the attempts of hegemonic forces, which try to use confrontation existed in the region for their own interests. The Caucasian and Central Asia should understand this reality: Not the external influence, but internally combined driving force should be the main transformative factor in this region of Eurasia. At the moment, geopolitical processes happening in the Caucasus and Central Asia leads to strengthening of independent states of Eurasia and there is no doubt that these states will take the responsibility to develop this region without any external impact. Positive tendencies observed in the geopolitics of Caucasus and Central Asia create golden opportunities to the realization of politico-economical potential of these states.