Dünya iqtisadiyyatının mövcud vəziyyətinə və dinamikasına hazırda təkcə sırf iqtisadi parametrlərlə deyil, qloballaşma dövrünün ideologiyasına uyğun olaraq, bütövlükdə müasir sivilizasiyanın inkişafında onun oynadığı rolun səviyyəsinə görə qiymət verilir. Qlobal cəmiyyət öz iqtisadi həyatını siyasi, sosial-mədəni, əxlaqi-intellektual həyatının ümumi sistemində görür və artıq burada həmin sferaların öz inkişaf səviyyəsinə görə bir-biri ilə müvazinət yaratması bir zərurətə çevrilir. Müasir dünyanın mədəni-intellektual insanı yaşadığı qlobal məkanda özü ilə başqalarının kəskin inkişaf fərqini qəbul edə bilmədiyi kimi, maddi-iqtisadi durumun sivilizasiya səviyyəsi ilə tarazlaşmadığı vəziyyətlə də barışa bilmir. Qloballaşma dünyanın ayrı-ayrı dövlətlərində yaşayan insanların müxtəlif inkişaf səviyyəsindəki həyat tərzini elə bir panoram-müstəviyə gətirir ki, bu kompozisiyada sivilizasiya identikliyi, mədəniyyət seçkinliyi nə qədər müsbət emosiya doğurursa, həmin insanların maddi-iqtisadi durumları arasındakı böyük fərq bir o qədər böyük narahatlıq və təhlükə doğurur. Belə ki,maddi rifah cəmiyyətində yaşayan insan və onun müdafiəsində dayanan bir siyasi təsisat maddi yoxsulluq cəmiyyətində yaşayan insan və onun müdafiəsində dayanmağı bacarmayan digər bir təsisatla bütün mənalarda disharmoniya vəziyyətindədir (təsadüfi deyil ki, adətən, birincilər ikinciləri potensial rəqib kimi görürlər) və belə bir vəziyyətdə beynəlxalq sistemin normal fəaliyyəti mümkün deyil. Labüd böhranlara yol açan bu prosesin davamında hər hansı bir dövlətin və ya regionun iqtisadi nailiyyətləri belə dünya sivilizasiyasının ümumi inkişaf faktı kimi dayanıqsız olur və ümumbəşəri mədəniyyətin universal şərtlərinə kifayət qədər cavab verə bilmir. İqtisadi geriliyin hökm sürdüyü dövlət və regionlar isə nəinki bu dəyərləndirmə meyarına uyğun gəlmir, eyni zamanda, deqradasiyanın bütün əlamətləri ilə beynəlxalq sistemin “marginal çöküntüsünü” qatılaşdırır. Ümumən, dünya cəmiyyətlərinin inkişaf səviyyələri arasındakı real uçurum qlobal asimmetriyanı siyasətdən iqtisadiyyatadək bütün sahələrdə böyüdür və təhlükəli həddə çatdırır. Buna görə də qlobal təhlükəsizlik siyasətində iqtisadi təhlükəsizliklə insan təhlükəsizliyi nəinki bir-birini şərtləndirir, həm də bu siyasət qlobal inkişafda mənəvi amillər balansının yüksəlişinə məsuliyyəti formalaşdırır.
Belə bir zərurətdən çıxış edən qloballaşma dövrünün mütərəqqi ideologiyası qlobal siyasət və iqtisadiyyatda humanist münasibətlərin yüksək prioritetə malik olmasını təsbit edən konsepsiyanı özündə əks etdirir. Bu konsepsiyaya görə, müasir dünyanın siyasi və iqtisadi sistemi qlobal sivilizasiyanın yüksək mədəni-intellektual, əxlaqi-sosial meyarlarına, bütün səviyyələrdə humanist münasibətlərin qərarlaşmasını nəzərdə tutan prinsiplərə uyğun şəkildə qurulmalıdır. Bu meyar və prinsiplərin başlıca ideyası – (1) qlobal siyasətdə və iqtisadiyyatda etik-təməlli yeni dünya nizamı strategiyasını həyata keçirmək, (2) siyasi və iqtisadi inkişafda yüksək sivilizasiya tələblərinə nail olmaq və (3) beynəlxalq sistemi bütün sahə və səviyyələrdə qlobal bərabərliyin parametrləri üzrə formalaşdırmaq məqsədlərini özündə birləşdirir. Dünya iqtisadiyyatında aparılan islahatlar da o zaman səmərə verə bilər ki, bu proses beynəlxalq siyasət və qlobal humanitarizmin konvergensiya prinsipləri ilə uzlaşdırılsın və həmin uzlaşma təməli üzərində müasir dünya sivilizasiyasının inkişafının universal iqtisadi potensialını formalaşdırsın.
Dünya iqtisadi sisteminin təkamül məntiqi, onun komponentləri arasındakı qarşılıqlı daxili əlaqənin beynəlxalq həyatın digər sahələri ilə bağlılığı şəraitində qlobal inteqrasiyanın intensivləşməsi islahatlar ideyasının siyasət – iqtisadiyyat – sivilizasiya koordinatlarında fundamental əsaslarının yaradılmasını tələb edir. Belə bir perspektivdə dünya iqtisadi sisteminin tarixi və müasir inkişaf panoramına baxışın, nəzəri-konseptual reformizmin humanist münasibətləri prioritet səviyyəsinə qaldıran yeni parametrləri meydana gəlir.
Qlobal siyasətin normativ nəzəriyyələrində dünya iqtisadiyyatının təkamülü onun başlıca xüsusiyyətlərinin təhlili kontekstində öyrənilir. Məlum olur ki, bu təkamülün əsas qanunauyğunluğu – iqtisadi fəaliyyətlərin idarəetmə cəhətdən daim təkmilləşdirilməsi, texnoloji cəhətdən daim modernləşdirilməsi, sosial cəhətdən məhsuldar qüvvələrin daim genişləndirilməsi vasitəsilə dövlət və cəmiyyət həyatına daha yüksək və etibarlı maddi təminatın yaradılmasıdır.
Bu həyatın bütün digər sahələrinin inkişafının yalnız iqtisadi bazis üzərində mümkün olduğunu bəyan edən utilitar-praqmatik konsepsiya cəmiyyətin və onun aparıcı intellektual dairələrinin sosial düşüncəsinin proqramına çevrilmişdir. İqtisadi inkişafın yüksək maddi rifah ideallarına tabe edilən tendensiyası imperializm mərhələsində dünya iqtisadi sistemini – kapitalist iqtisadi sistemi kimi modelləşdirən ən radikal istiqamət olmuşdur. İmperializm – dünya siyasətinin, kapitalizm isə – dünya iqtisadiyyatının həm nəzəri, həm ideoloji, həm də praktiki baxımdan əsas yoluna çevrilmişdir. XVI – XVII əsrdən başlayaraq Avropanın güclü dövlətləri tərəfindən dünyanın bir çox ərazilərinin müstəmləkəyə çevrilməsi XX əsrin ortalarına qədər yüksələn xətt üzrə inkişaf etmişdir. Müstəmləkə ərazilərinin və digər asılı dövlətlərin iqtisadiyyatı yalnız dünyaya hökmranlıq edən Qərb dövlətlərinin iqtisadiyyatının güclənməsi siyasətinə tabe etdirilmişdir. Son üç yüz ildə inkişaf edərək zənginlik və gözəlliyin simvoluna çevrilmiş Avropa və Şimali Amerika sivilizasiyasının möhtəşəm şəhərləri (London, Paris, Madrid, Sankt-Peterburq, Nyu York və s.), əslində, həmin ərazilərdən toplanan böyük sərvətin üzərində qurulmuşdur.
Dünya iqtisadiyyatını hökmran və asılı iqtisadiyyat bölgüsünə, davamlı disproporsionallığa məruz qoyan iqtisadi imperializm özünün hazırkı neoimperializm mərhələsində də həmin qlobal hegemonluq siyasətinin dominantlığını saxlamağa çalışır [14, s.15-16, 387-389]. Qlobal iqtisadi bərabərsizliyin tarixi köklərini araşdıran qaynaqlar göstərir ki, əgər 1750-ci ildə indiki anlamda inkişaf etməkdə olan dövlətlərin və ABŞ-la birgə Avropanın istehsal gücü 73% və 23,3% nisbətində idisə, 1900-cü ildə bu, əks istiqamətə – 11% və 85,6% nisbətinə doğru dəyişir [11, s.246]. Eyni halda, adambaşına düşən gəlir də 1800-cü ildə Avropa və Asiyada, təxminən, bərabər idisə, 1900-cü ildə Avropa dövlətlərində bu göstərici Asiya dövlətlərinkindən 10 dəfə artıq olmuşdur [16, s.10]. Bu isə o deməkdir ki, 100 il ərzində ərazisinə, təbii ehtiyatlarına və digər potensial göstəricilərinə görə Asiyadan xeyli geri qalan Avropa yalnız elm, texnologiya və hərbi sənayenin inkişafı və davamlı ekspansiya siyasəti ilə onu 10 dəfə ötmüşdür. İqtisadi bərabərsizliyin getdikcə dərinləşməsi fonunda planetin Qərb liderliyi ilə zəngin şimalı onun üç qitəsinin – Asiya, Afrika və Latın Amerikasının bütün kasıb ərazisini özünün ucuz xammal və ucuz işçi qüvvəsi mənbəyinə çevirmişdir. Ona görə də dünya iqtisadiyyatının qloballaşması prosesində bu bərabərsizliyin yaratdığı uçurumun aradan qaldırılması – liberal qlobal siyasətin əsas humanitar problemlərindən biri kimi qarşıda dayanır.
“Planetin ayrı-ayrı hissələrinin (fərqli iqtisadi sistemlər mənasında) vahid dünya iqtisadiyyatına inteqrasiyası” [3, s.19] buradakı əvvəlki norma və təlimatların xarakterini kökündən dəyişir. Dünyanın iki qlobal alternativ layihə üzrə rəqabət meydanına çevrilməsi prosesi kəskinləşir: dünya iqtisadiyyatının inteqrasiyası – (1) son üç yüz ildə formalaşmış iqtisadi bərabərsizlik məkanının genişləndirilməsi və (2) bu ənənəvi iqtisadi sistemdə liberal dəyişikliklərin tədricən reallaşması tendensiyasında davam edir. Eyni zamanda, liberal-demokratik transformasiyaların dünya iqtisadiyyatını əsaslı şəkildə dəyişdirməsi tendensiyasının mühafizəkar tendensiya üzərində üstünlük qazanması prosesi özünün beynəlxalq səviyyədə institutlaşması ilə buradakı mütərəqqi təmayüllərə inamı gücləndirir. E.Tofflerin fikrincə, dünya problemlərinin “sənaye sivilizasiyası çərçivəsində həll olunmadığını görən üçüncü dalğa” “dünya iqtisadiyyatının daha balanslı və ədalətli əsaslarda rekonstruksiyasının zərurətini təsdiq edir”, “ədalətli dünya iqtisadi nizamına doğru hərəkatı” formalaşdırır [2, s.688-689]. E.Toffler dünya iqtisadiyyatının liberal-demokratik əsaslarda qurulması ideologiyasını – XXI əsr demokratiyasının ən güclü tendensiyalarından biri kimi dəyərləndirir.
Beynəlxalq siyasət və dünya iqtisadiyyatının münasibətləri üzərində fokuslaşan beynəlxalq siyasi iqtisadiyyat qlobal iqtisadi sistemin bütün strukturunda baş verən bu dəyişikliklərin mahiyyətini diqqətlə öyrənərək, onların aparıcı səmtlərini funksiyalaşdırmağa çalışır ki, bu proses qlobal iqtisadiyyatın inkişafına problem yaratmadan onun dinamikasının əlavə güc almasına kömək etsin. Buna görə də beynəlxalq siyasi iqtisadiyyat bir nəzəri-praktiki sistem olaraq, lokal iqtisadiyyatlar arasında qarşılıqlı asılılığın qlobal inteqrasiya məkanında uzlaşmasını bu dinamikanın əsas amili kimi təyinatlandırır.
Əsasən, İkinci Dünya müharibəsindən sonra “Liberal Beynəlxalq İqtisadi Nizamın” (”Liberal International Economic Order”) ümumi strategiyası üzrə təsisatlanma prosesinin həyata keçirilməsinə başlanılır [14, s.345; 8, s.126]. Dünya iqtisadiyyatında qlobal əməkdaşlığı stimullaşdıran liberallaşma prosesləri daha effektli şəkildə idarəçiliyin mexanizmlərini formalaşdırır. “İqtisadiyyatın başqa həyatqabiliyyətli alternativi olmayan liberallaşması nəticə etibarilə siyasətin də liberallaşmasına gətirib çıxarır, lakin bu o demək deyil ki, daha tarixi hadisələr baş vermir, əksinə, insan cəmiyyətlərinin təkamülü kimi dərk edilən tarix idarəetmənin müxtəlif formalarından keçərək, müasir liberal demokratiyada və bazar kapitalizmində öz kulminasiyasına çatır” [1, s.79].
Dünya dövlətləri və onların müstəqil iqtisadi qurumları arasında azad ticarətin qurulması qeyri-düzxətli “iqtisadi liberalizm” konsepsiyasının birxətli “merkantilizm” (dövlətin iqtisadi qüdrətinin bütün vasitələrlə saxlanmasına əsaslanan ideologiya) üzərində üstünlüyünü praktikada doğruldur. “Tarif və Ticarət üzrə Ümumi Razılaşma” (GATT) dünya ticarətini tənzimləyən ümumi qaydaları və tarif sistemini müəyyən edir. Beynəlxalq iqtisadi sistemin üç mühüm sferası – Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Ümumdünya Ticarət Təşkilatı bir-biri ilə qarşılıqlı əlaqədə təşəkkül tapır. Bu üçlüyün fəaliyyəti beynəlxalq arenada siyasi və iqtisadi anlamda birmənalı qəbul edilməsə də, onlar müasir dünya iqtisadiyyatının tənzimlənməsində mühüm rol oynayırlar.
Qloballaşma dünyanın indiyədək diqqəti cəlb etməyən regionlarının, xüsusilə ASEAN-nın (“Association of Southeast Asian Nations”) üzvü olan bir sıra Cənub-Şərqi Asiya ölkələrinin iqtisadi qüdrətini üzə çıxarır. 2005-ci ildə sayı altmış dörd minə çatmış (1960-cı ildə cəmi üç min beş yüz) Transmilli Korporasiyalar (TMK-lar) dünyanın suveren dövlətləri ərazisində planetin vahid iqtisadi məkanının arxitekturasını yaradır və dünya maliyyə bazarının universallığını təmin edirlər. Sərhəd tanımayan transaksiyalar dünyanın ticarət və maliyyə bazarının ümumi sistemini formalaşdırır. Ümumən dünya ticarəti “maddi firavanlığı və ölkələr arasında inteqrasiyanı gücləndirir, dünyada sülhün tərəqqisinə yol açır”. – Buna görə də “ticarət siyasəti həm də ticarət etikasının” şərtləri ilə sintezləşir [17, s.167-168].
Qlobal miqyasda fəaliyyət göstərən subyektlər özünün beynəlxalq statusunda möhkəmlənir: “Qlobal kompaniyalar beynəlxalq kompaniyalarla, qlobal ticarət beynəlxalq ticarətlə, qlobal valyutalar beynəlxalq valyutalarla əvəz olunur” [12, s.345]. Birbaşa xarici kapital qoyuluşu (foreign direct investment [FDI]) milli dövlətlərin iqtisadi siyasətində əhəmiyyətli dəyişiklik yaradır və onları dünyanın vahid maliyyə məkanına daha sıx bağlayır. Təsadüfi deyil ki, birbaşa xarici kapital qoyuluşunun həcmi dünya üzrə 1960-cı ildə 68 milyard dollar idisə, 2005-ci ildə 10 trilyon 672 milyard dollara çatmışdır [12, s.347]. Son onilliklərdə dövlətlər tərəfindən kapitalın hərəkətinə məhdudiyyətin aradan qaldırılması onun qlobal miqyaslı kütləvi axınına şərait yaratmışdır. Hazırda, hər gün xarici maliyyə bazarlarında təqribən 2 trilyon dollar dəyərində valyuta ticarəti aparılır. Kapital mütəhərrikliyi dünya maliyyə bazarını xeyli canlandırsa da, bu proses həm də qlobal maliyyə böhranlarını, ardınca da iqtisadi böhranları qaçılmaz edir.
Ümumiyyətlə, müasir beynəlxalq iqtisadi sistemin inkişaf dinamikası qlobal iqtisadi təhlükəsizlik siyasətinin düzgün həyata keçirilməsi ilə bilavasitə bağlıdır. Lakin maddi rifah cəmiyyətinin tələbatı o qədər məhdudiyyətsiz və doyumsuzdur ki, onu ödəmək hansı bir forma və səviyyədəsə labüd olaraq qlobal iqtisadi böhranlara gətirib çıxarır. Beynəlxalq iqtisadi siyasətin aparılmasında belə böhranları qaçılmaz edən əsas səbəblərdən biri – yuxarıda da qeyd etdiyimiz kimi, planetin “zəngin” Şimal yarımkürəsi ilə “yoxsul” Cənub yarımkürəsi arasında çatın bütün iqtisadi parametrlər üzrə böyüməsidir. Hazırda, dünya əhalisinin 85 faizinin yaşadığı “Qlobal Cənub” dünya iqtisadiyyatının yalnız 20 faizinə sahibdir [8, s.136].
Bu gün qlobal iqtisadi asimmetriyanın ümumi mənzərəsi təqribən belədir: otuz il bundan qabaq dünya əhalisinin ən varlı beşdə birinin gəliri onun ən kasıb beşdə dördünün gəlirindən 30 dəfə çox idisə, hazırda bu gəlir fərqi 60 dəfədən çoxdur. Dünyanın 500 ən varlı adamının qazancı dünya əhalisinin 416 milyonunun qazancını ötür. Başqa göstərici ilə, yüksək inkişaf etmiş ölkələrdə 10 faiz varlı adamın gəliri bütün dünyadakı gəlirin 54 faizini təşkil edir [14, s.377]. Dünya Bankının hesabatına görə, 20 il ərzində – 1984-2004-cü illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan yüksək gəlirli ölkələrdə adambaşına düşən istehlak xərci (2000 ABŞ dolları konstantında) 56,3 faizə yüksəlmişdir. İnkişaf səviyyəsi aşağı endikcə, digər ölkələrdə bu göstərici proporsional şəkildə azalaraq 1 faizədək enir. Bu onu göstərir ki, qlobal iqtisadi artımın səviyyəsi qalxdıqca, qlobal yoxsulluq və “qlobal bərabərsizlik” ona əks-proporsionallıqla daha da dərinləşir. Əgər 2004-cü ildə dünya əhalisinin altıda biri (852 milyon insan) doyunca qidalana bilmirdisə, BMT-nin İnkişaf Proqramı (UNDP) üzrə illik hesabata görə, 2009-cu ildə onların sayı 1 milyardı ötmüşdür [19]. Hazırda dünya əhalisinin 24 faizinin gündəlik qazancı 1,25 dollardan aşağıdır, gündəlik qazancı 2,50 dollardan aşağı olan dünya əhalisinin sayı isə son bir neçə ildə daha 8 faiz artmışdır [18]. İbrətamiz bir hal ondan ibarətdir ki, hətta dünyanın ən inkişaf etmiş ölkələrində də daxili “milli bərabərsizlik” faktı burada daxili çat yaradır: məsələn, Amerika Birləşmiş Ştatlarının özündə son əlli ildə bütün mülkiyyət sahiblərinin beşdə üçünün gəliri aşağı düşdüyü halda, onların beşdə birinin gəliri 28 % artmış, ən zəngin 1 faizin gəliri isə 91% çoxalmışdır. Əgər bu 1 faiz 1970-ci illərin ortalarında xüsusi mülkiyyətin 28%-inə sahib idisə, hazırda o mülkiyyətin 40%-inə nəzarət edir.
Dünya iqtisadiyyatının inkişafının birtərəfli tendensiyada davam etməsi (varlıların daha da varlanması və yoxsulların daha da yoxsullaşması) – buradakı qlobal idarəetmənin yardım siyasətinin düzgün qurulmamasında da özünü göstərir: yoxsulluğun “klassik qitəsi”, avtoritar rejimlərdən xilas ola bilməyən Afrika 10 milyard dollar yardım alır, lakin faizi ilə birlikdə 14 milyard dollara çatan borcunu ödəməyə məcbur edilir [15]. Əsasən, bu səbəblərdən Afrika əhalisinin yoxsul kəsimi təqribən 20 il ərzində 11 faizdən 68 faizə qalxmışdır. Bu o deməkdir ki, yoxsulluğun aradan qaldırılması məqsədilə edilən yardım, əksinə, onun, yəni yoxsulluğun daha da artması ilə nəticələnir. Bunun bilərəkdən edilmədiyinə inanmaq çətindir.
Qlobal iqtisadi münasibətlərin inkişafı fonunda dünyanın varlı və yoxsul dixotomiyasındakı ziddiyyətin bu dərəcədə artması müasir bəşəriyyətin maddi və mənəvi həyatının irrasionallıq və anomaliya faktı kimi dəyərləndirilir. BMT-nin İnkişaf Proqramının hesabat göstəriciləri üzrə araşdırma aparan R.T.Peters bu nəticəyə gəlir ki, “biz dəli olmuş ədalətsiz dünyada yaşayırıq”: “Bu gün bizim dünyamızda (hər bir nəfər nəzərə alınmaqla) baza təhsilinə bir ildə cəmi 6 milyard dollar pul xərclənir, halbuki amerikalılar təkcə kosmetikaya ildə 8 milyard dollar pul xərcləyirlər; il ərzində dünyada ümumilikdə su və sanitariya xidmətlərinə 9 milyard xərcləndiyi halda, avropalılar hər il təkcə dondurmaya 11 milyard dollar xərcləyirlər; dünyadakı bütün qadınların doğum səhiyyəsinə 12 milyard dollar xərcləndiyi halda, amerikalılar və avropalılar birlikdə təkcə ətriyyata bundan daha çox pul xərcləyirlər; dünyada illik ilkin səhiyyə və qidalanmaya 13 milyard dollar xərclənir, halbuki avropalılar və amerikalılar bircə ildə saxladıqları heyvanların qidasına 17 milyard dollar pul xərcləyirlər. Hazırda inkişaf etmiş ölkələrdə yaşayan dünya əhalisinin dörddə biri ümumi istehlak məhsulunun 86 faizini istifadə edirsə, dünya əhalisinin qalan dörddə üçü onun yalnız 14 faizindən yararlanır [13, s.55]. Təkcə Amerika Birləşmiş Ştatları burada dünya əhalisinin yalnız 5 faizinin yaşamasına baxmayaraq, bütün dünyada istehsal olunan məhsulun 43 faizinə, texnologiyaların 40 faizinə, elmi axtarış və inkişaf proqramlarının 50 faizinə sahibdir [9].
Modern elm və texnologiyanın ən qabaqcıl nailiyyətlərini mənimsəməklə yer kürəsinin təbii ehtiyatlarının istifadəsində onların tətbiqinə nail olaraq, qloballaşma nəticəsində interaktiv iqtisadi münasibətlərin, qarşılıqlı əməkdaşlığın ən əlverişli formalarına yiyələnərək, dünya təsərrüfat sisteminin idarə olunmasının ən optimal üsulları ilə işləyərək, fiziki əməkdən intellektual əməyə keçidin, ekoloji innovasiyaların bütün üstünlüklərindən bəhrələnərək, istehsal və təkrar istehsalın hər bir zəruri sahəsinə dünya kapitalını yönəltmək imkanları əldə edərək gündən-günə inkişaf edən müasir dünya iqtisadiyyatının bütün uğurlarının yalnız planetin hazırkı dominant subyektlərinin intəhasız maddi firavanlığına tabe etdirilməsi, bəşəriyyətin böyük bir hissəsinin iqtisadi maraqlarının bu inkişaf tendensiyalarından kənarda qalması və qeyd etdiyimiz kimi, qlobal bərabərsizliyin beynəlxalq iqtisadi sistemdə dərin çat əmələ gətirməsi, planet coğrafiyasında maddi təminatsızlığın həm bu coğrafiyada, həm də maddi rifah dövlətlərində yaşayan insanlar üçün qlobal təhlükəyə çevrilməsi və bu ziddiyyətli proseslərin xaosunda böyük siyasətin həmin təhlükə ilə riskli şəkildə manevr etməsi, onu yaşatmağa, idarə etməyə və lazımi istiqamətlərə yönəltməyə çalışması, bununla da konflikt rejimindən çıxılmazlığın aqnostikasını yaratması sivilizasiya əxlaqı ilə, siyasi və iqtisadi mədəniyyətlə bir araya sığa bilməz. Ona görə də qlobal siyasət və dünya iqtisadiyyatında humanist münasibətlərin konseptuallaşması istiqamətində zəruri axtarışlar aparılmaqda, fundamental humanitar dəyərlərin iqtisadi həyatın bütün sferalarında hərəkətə gətirilməsinin yolları düşünülməkdədir.
Müasir dövrümüzdə həmin istiqamətin – humanitarist konseptualizmin yaradıcılarından biri Qlobal Etika Fondunun prezidenti Hans Künqdür. Əsərləri elmi dairələrdə həm tənqidi kəsərinə, həm də novator ideyalarına görə ciddi reaksiya doğuran Hans Künqün xüsusilə bir sıra dillərə tərcümə edilmiş “Qlobal siyasət və iqtisadiyyat üçün qlobal etika” adlı kitabı etik-humanist münasibətlərin real təşəkkülü paradiqmasını dünya inkişafının nizamyaradıcı-ideasional əsası kimi konstatasiya edən proqram-əsər olaraq böyük əhəmiyyət daşıyır. Bu proqram-əsəri ilə alman alimi özünün “etik-humanistik qlobal iqtisadiyyat” konsepsiyasının başlıca imperativlərini irəli sürür: Bu gün “rifah dövləti və neokapitalizm arasında vibrasiya edən qlobal iqtisadiyyatın” əsas problemi – özünün impuls aldığı qloballaşmanın dominant tendensiyası kimi bu hərəkatın bütün bəşəriyyət üçün faydalı olan proqressiv istiqamətlərini dərinləşdirməkdir. Qloballaşmanın əsas atributasiya kompleksi bunlardır: Qloballaşma – qaçılmazdır, ambivalentdir, öncədən görülməyəndir, amma nəzarətdə saxlanıla biləndir [10, s.160-169]. Humanitar sfera və iqtisadiyyat bir-birindən ayrılmaz olduğu üçün qloballaşma proseslərində bu prinsip diqqət mərkəzində saxlanılmalıdır. Qloballaşma artıq təkcə Qərbin deyil, bütün dünyanın inkişaf layihəsidirsə, deməli, onun mənəvi-humanitar dayaqlarını da bütün dünyanın sivilizasiya dəyərləri təşkil etməlidir. Əgər qloballaşma – “dünya iqtisadiyyatında struktur inqilab” yaradıbsa, deməli, burada onun “etik perspektivi” də var [10, s.160]: “Qlobal siyasət və qlobal iqtisadiyyat – qlobal etikanın varlığını tələb edir” [10, s.169]. Rəqabətmahiyyətli, lakin “iqtisadi imperializmə “yox” – deməyi bacaran “qlobal bazar iqtisadiyyatının da qlobal etikaya ehtiyacı vardır” [10, s.208]. İqtisadiyyat və siyasət panteonunun zirvəsində yer alan humanitarist etika dünya təsərrüfat mədəniyyətini formalaşdırmaq qüdrətindədir. Yalnız belə bir humanist praqmatika “bazar iqtisadiyyatını bəşəriyyətin xidmət vasitəsinə” çevirə bilər [10, s.211-219]. Dünya siyasəti və iqtisadiyyatının əxlaqi mənəviyyat dayaqları üzərinə gətirilməsi bu sferaların nəinki humanist məqsədlərində vəhdət yaradır, eyni zamanda, bu məqsədlərin həyata keçirilməsində qlobal məsuliyyəti hər bir subyekt üçün konkretləşdirir. “Məsuliyyətli və əxlaqlı iqtisadiyyat” yeni dünya nizamı siyasətinin ən güclü humanitar motivasiyası olur [10, s.220-234]. Qlobal humanitarizmin dünya siyasəti və iqtisadiyyatında konseptuallaşması “davamlı inkişaf” ideyasına da konkret ölçülər verərək, onun daha məqsədəuyğun şəkildə təsisatlanmasını qlobal iqtisadi təhlükəsizliyin dayağına çevirir. Əgər bu gün Asiya iqtisadiyyatı güclənirsə, deməli, Asiya sivilizasiyasının təkcə elmi-intellektual potensialı, iqtisadi-texnoloji təcrübəsi, biznes çevikliyi deyil, həm də bu kontinentin humanitariyası və mədəniyyətlərinin tükənməz dəyərləri də Qərb dəyərləri səviyyəsində iqtisadi təfəkkür və praktikanın inkişaf arenasına gətirilməlidir.
Göründüyü kimi, Qərb ictimai, siyasi və fəlsəfi düşüncəsindəki “əxlaqlı iqtisadiyyat” ideyası [7, s.326] artıq özünü yalnız dominant mövqedə və ya separat vəziyyətdə deyil, digər sivilizasiyaların dəyərləri ilə də qovuşma imkanlarında daha təbii və bitkin hiss edir. Bir çox tədqiqatçılar klassik Şərq və Qərb humanizminin vəhdətini qlobal iqtisadi inkişafın və yeni dünya nizamının fundamental ideyası kimi əsaslandırırlar.
Dövrümüzün universal rasionalizmi, təbii ki, qlobal iqtisadi nizamyaratmanın hüquqi aspektlərinə də lazımi diqqət yetirir. T. Poqqe, R.Houz və R.Teytel bu problemi beynəlxalq hüquq və qloballaşmanın vüsətlənməsi kontekstində, həm də polemik müstəvidə araşdıraraq bu nəticəyə gəlirlər ki, “beynəlxalq iqtisadi nizam” dünyadakı yoxsulluğun aradan qaldırılması vəzifələrinin, “qlobal əxlaqi məsuliyyətin və qlobal ədalətin” beynəlxalq hüquq sferasında təsbit olunması, insan hüquqları siyasətinin ardıcıl yeridilməsi, “inkişaf etikasının” funksional dərki və nəhayət, həmin istiqamətdə qlobal humanitar təsisatlanma islahatlarının aparılması, humanitarianizmin yeni sistemli yanaşmaları özünə birləşdirməsi prosesində reallaşma imkanları qazanır.
Qloballaşmanın iqtisadi və humanitar aspektlərinin, qlobal fəaliyyətin utilitar və altruist keyfiyyətlərinin ziddiyyətli və uyar məqamları üzərində düşünən J.Berzoudun [5, s.27-39] əsas qənaətləri isə bundan ibarətdir ki, müasir dünya inkişafı yalnız “iqtisadi qlobalizmin”, “hegemonik iqtisadi ideologiyanın” və bu ideologiyanın daşıyıcısı olan “homo economicus”un (düşüncə və fəaliyyəti iqtisadi çevrədə məhdudlaşan adam) mütləqləşdirilməsi çərçivəsində qavranmamalı, daha geniş oriyentasiyalarda və çoxsəviyyəli strukturlarda hərəkətlənmənin çevik modellərini özündə sistemləşdirməlidir.
Ötən əsrin yetmişinci illərindən qlobal siyasət və beynəlxalq münasibətlərin humanitar problemləri ilə məşğul olan Ç.Beytz iqtisadi qloballaşmanın beynəlxalq həyat və onun sosial-mənəvi mahiyyətində yaratdığı transformasiyaların xarakterinə də özünəməxsus münasibətini bildirir. Ç.Beytz müasir dünya iqtisadi sistemində bəşəriyyətin ümumi zəhməti ilə yaranan sərvətlərin və gəlirlərin bölüşdürülməsi siyasətinin ədalətsiz qurulduğunu tənqid edir və “dünya iqtisadi sisteminin radikal şəkildə yenidən təşkil edilməsi”, yüksək inkişaf etmiş ölkələrin sağlam zəka prinsipi və “ədalətlilik məsuliyyəti” ilə zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatını ayağa qaldırmaq üçün tədbirlər görməsi zərurətini irəli sürür [4, s.127]. Qlobal siyasət nəzəriyyəçisi bu məqsədlərin həyata keçirilməsi üçün BMT Baş Assambleyasının 1974-cü ildə qəbul etdiyi “Yeni Beynəlxalq İqtisadi Nizamın Qurulmasına dair Bəyannamə”nin müddəalarının ədalətlə yerinə yetirilməsini həyat əhəmiyyətli vəzifə sayır. Beynəlxalq iqtisadi əməkdaşlığı təşviq edən bu Bəyannamə elan edir ki, o – “bütün xalqlar üçün insan ləyaqətinin yüksək həyat dəyərlərinə çatmasından ötrü daha münbit şəraitin yaradılmasına prinsipial zəmanətlərdən birini verir” və “bütün millətlər və dövlətlər arasında iqtisadi münasibətlərin ən mühüm bazası olur” [6].
Humanitarizm meyarları və prinsiplərinin öz spesifik təzahürü ilə qlobal siyasət və iqtisadiyyatda prioritetləşməsi, eyni zamanda, beynəlxalq təşkilatlar səviyyəsində nizamyaradıcı fəaliyyətləri əlaqələndirərək stimullaşdıran proseslərin mühüm şərti kimi müasir dünya inkişafının birtərəfli-amoralist səmtə tendensiyalaşmasına imkan verməyən, əksinə, burada siyasi, hüquqi və iqtisadi bərabərlik ideallarının gerçəkləşməsinə təminat yaradan rasional humanizmin üstün dəyərlərini və mübariz keyfiyyətlərini üzə çıxarır.
Ədəbiyyat
1. Сафаров Н.С. Философско-этический взгляд на мир. Баку: Муаллим нешриййаты, 2006
2. Тоффлер Э. Третья волна. М.: АСТ, 2002
3. Barnet R., Cavanagh J. Global Dreams: Imperial Corporations and the New World Order. New York: Touchstone, 1995
4. Beitz Ch.R. Political Theory and International Relations. Princeton NJ: Princeton University Press, 1999
5. Berthoud G. Globalization between Economism and Moralism / Ethics in an Era of Globalization. Ed. by Commers M.S.R., Vandekerckhove W., Verlinden A. Ashgate, 2008, p.27-39
6. Declaration on the Establishment of a New International Economic Order // http://www.un-documents.net/s6r3201.htm
7. Global Politics. A New Introduction. Ed. by Edkins J., Zehfuss M. London, New York: Routledge, 2009
8. Kegley Ch.W., Raymond G.A. The Global Future. A Brief Introduction to World Politics. Wadsworth: Cengage Learning, 2010
9. Kennedy P. The Eagle has Landed // Financial Times, 2002, 2 February
10. Küng H. A Global Ethics for Global Politics and Economics. New York, Oxford: Oxford University Press, 1998
11. Lairson Th.D., Skidmore D. International Political Economy: The Struggle for Power and Wealth. Belmont, CA: Wadsworth Publishing, 2002
12. Lamy S.L., Baylis J., Smith S. et al. Introduction to Global Politics. New York, Oxford: Oxford University Press, 2011
13. Peters R.T. Justice in a World Gone Mad: Assessing the Ethical Landscape of Globalization / Ethics in an Era of Globalization. Ed. by Commers M.S.R., Vandekerckhove W., Verlinden A. Ashgate, 2008, p.55-72
14. Ray J.L., Kaabro J. Global Politics. Boston, New York: Houghton Mifflin Company, 2008
15. Sachs J. The End of Poverty: Economic Possibilities for Our Time. New York: Penguin, 2006
16. Schwartz H. States versus Markets: History, Geography, and the Development of the International Political Economy. New York: Palgrave Macmillan, 1994
17. Stoeckel A. The Ethical Challenge of Trade Policy / The Ethics of Foreign Policy. Ed. by MacDonald B.D., Ratman R.G., Mason-Parker B. Ashgate, 2007, p.149-168
18. www.econ.worldbank.org
19. www.fao.org/news/story/en/item/20568/icode/
Açar sözlər: qlobal siyasət, dünya iqtisadiyyatı, humanizm, humanitarizm, qlobal bərabərlik
Глобальная политика и экономика: приоритет гуманистических взаимоотношений
Согласно концепции, закрепляющей высокую приоритетность гуманистических взаимоотношений, которой они обладают в глобальной политике и экономике, политическая и экономическая система современного мира должна строиться в соответствии с высокими культурно-интеллектуальными, морально-социальными критериями и принципами глобального общества, предусматривающими установления гуманистических взаимоотношений на всех уровнях. Основная идея этих критериев и принципов включает в себя такие цели, как (1) осуществление в глобальной политике и экономике стратегии нового гуманистического миропорядка, (2) достижение соответствия высоким требованиям цивилизации в политическом и экономическом развитии и (3) направлять международную систему во всех областях и уровнях по параметрам глобального равенства. И реформы, ведущиеся в мировой экономике, могут быть эффективными тогда, когда этот процесс будет приведен в соответствие с принципами конвергенции международной политики и гуманитаризма и будет способствовать становлению универсального экономического потенциала современной мировой цивилизации на основе этого соответствия.
Ключевые слова: глобальная политика, мировая экономика, гуманизм, гуманитаризм, глобальное равенство
Global Politics and Economy: Priority of Humanistic Relations
According to the concept defining the priority of humanistic relations in global politics and economy the political and economic system of the modern world has to be established on the highest cultural-intellectual, moral-social measures and on principles considering the importance of humanistic relations at all levels. The major idea of these measures and principles combines in itself the purposes of (1) realizing the strategy of the new humanistic world order in global politics and economy, (2) achieving the highest civilizational requirements in political and economic development,(3) directing the international system on the parameters of global equality at all fields and levels. Reforms in the world economy can only be successful if this process is aligned with the convergence principles of international politics and global humanitarism and expresses universal economic potential of the modern world civilization on the base of this alignment.
Key words: global politics, world economy, humanism, humanitarism, global equality