Türk birliyi ideyasının tarixi təkamülü öz qanunauyğunluqları və əlamətləri ilə səciyyələnir. Bu proses əski türk boylarının etnik birliyinə ilk çağırışlardan müasir dövrümüzdə müstəqil türk dövlətlərinin öz beynəlxalq siyasi birliyini yaratmaq səylərinə qədər davam edən uzun və təlatümlü bir dövrü əhatə edir. Həmin təkamül prosesində türk birliyi ideyası getdikcə daha dolğun məzmun kəsb etmiş, daha zəngin təcrübə toplayaraq cilalanmış, yeni zamanların reallıqlarını özündə əks etdirərək, başqa ideologiyalara qarşı müqavimət gücünü artırmışdır. Türk birliyi ideyası türklərin böyük dövlət və imperiyalar yaratdıqları zamanlarda zəfər öygüləri ilə “arxayınlaşsa” da, tənəzzül və itkilər çağında da həmin tarixi zəfərlərin “qan yaddaşı” il yenidən oyanmış, türklər endikləri ucalıqlara bir daha yüksəlmək üçün özlərində qüvvə tapmışlar. Ən başlıcası isə budur ki, bütün uğursuzluqların səbəbi – türk ulusu arasında birliyin itməsində axtarılmışdır. Türk həmişə az qala instinktiv olaraq düşünmüşdür ki, onun heç bir düşməni yoxdur, o, bütün yağılarına qalib gəlmək gücündədir, yalnız bir təhlükəsi var – aralarındakı birliyin pozulması. Həm də bu, türklərdə həyat qanunlarının pozulması anlamındadır. Ulusun birliyi əldən verildisə, deməli, xaos labüddür. Bu birlik təmin olundusa, deməli, harmoniya öz təntənəsindədir. Ona görə də türklər xüsusilə dövlət və imperiyalarını itirdikləri vaxtlarda belə qətiyyən depressiyaya uğramır, ah-nalə çəkmir, çevikliklə ulusal birliyin qaynaqlarını oyadaraq, bu əbədi enerji mənbəyi üzərində irəliyə doğru hərəkətin yeni istiqamətlərini müəyyənləşdirirlər. Bu səbəbdən türklərin tənəzzülü onların tərəqqisinin başlanğıcı deməkdir. Məhz tənəzzül çağlarında (xüsusilə bütün XIX əsr və XX əsrin ilk çərəyi) türklük özünün ulusal dayaqlarını daha böyük əzmkarlıqla, yenilməz milli yaddaş arsenalı ilə yarada və onun üzərində təşəkkül tapa bilir. Çünki onların həqiqətən bütün bəşəriyyətin fəxr edə biləcəyi möhtəşəm tarixi və bəşəriyyətin həyatında həmrəylik yaradacaq birlik örnəyi vardır.
Türklər yaşadıqları etnocoğrafi məkanı genişləndirə-genişləndirə, yeni-yeni dövlət və imperiyalar yaratdıqca, bu məkanın sosial-siyasi bütövlüyünü təmin edəcək birlik ideyalarının doğuluşu və onlar arasında varislik xəttinin yaranması da zərurətə çevrilib. Ən qədim zamanlardan bizim eranın birinci minilliyinin sonlarına qədər davam etmiş bir tarixi dövrdə hun – türküt – göytürk – yeni nəsil türk-oğuz, türk-qıpçaq, türk-bulqar, türk-karluk, türk-uyğur varislik xətti üzrə etnik və sosial-siyasi diferensiasiyanın bütün reallıqları nəzərə alınmaqla, bu etnosistemin öz dixotomik bütövlüyünü saxlamağa çalışması və ona nail olması nəticə etibarilə Avrasiyada dinamik olduğu qədər də elə bir sabit tarixi mənzərəsini formalaşdırdı ki, hətta bütün ətraf xalqlar da bu coğrafiyaya – Türk və ya Turan Dünyası deməklə, onun əsil adını təyin etmiş oldular. Bundan sonra (ta XIX əsrə qədər) Avrasiyada nə baş verəcəksə, bilavasitə və dolayısı ilə Türkün adı ilə bağlı olacaqdır. Bu o deməkdir ki, dominantlığın belə bir universal təsdiqinə Türk Siyasi Mədəniyyəti özünün davamlı birlik ideyası ilə və sonradan bu ideyanın konseptual ideologiyaya çevrilməsi ilə nail olub.
Avrasiyanın şərqi ilə qərbini birləşdirən Çingiz xanın hərbi yürüşlərinin harada bitəcəyi haqqında verilən suala böyük fatehin cavabı da simvolikdir: “Bizə ancaq türk dünyasının o başı ilə bu başını birləşdirmək gərək. Son türk qarşınıza çıxanadək irəliləyin. Son türkü gördünüzsə, dayanın”. Bu fikir Çingiz xanı yalnız istilaçı kimi qələmə verənlərin mövqeyini alt-üst etməklə yanaşı, həm də Avrasiyanın tarixini real mənzərəsində təqdim etmək baxımından olduqca diqqətəlayiqdir: çünki Çingiz xanın hərbi yürüşlərinə qədər türk dünyası elə Avrasiya miqyasında genişlənə bilmişdi – hun-türklərin ardınca qıpçaq-türkləri, onların da ardınca oğuz türkləri, daha sonra isə digər türk xalqları Çingiz xanın fəth edəcəyi ərazilərə qədər yayılıb, dövlət və cəmiyyətlər qurmuşdular. Hələ bununla da Avrasiyanın türk dalğası bitməyəcəkdi: ardınca daha güclü dalğa – Teymur Ləngin davam etdirdiyi hərbi yürüşlər türk dünyasının yeni Avrasiya xəritəsini cızacaqdı...
Dünya tarixçilərinin dönə-dönə müraciət etdikləri “Zəfərnamə” əsəri Teymur Ləngin hərbi-siyasi fatehliyinin tarixi xronologiyasını təqdim etməklə bərabər, Rene Qrussenin ifadəsi ilə desək, bu “Asiya imperatorunun” [6, s.414] türk dünyasını birləşdirmə siyasətinin necə həyata keçirildiyi barədə də ilk mənbədən dolğun təsəvvür yaradır. Napoleon və Attila ilə müqyisə edilən, siyasətdə Makiavellizm praktikasını gözünü qırpmadan tətbiq edən Teymur Ləng həm də türk dövlətçiliyində ilk dəfə olaraq qurultaylar çağıran bir siyasi xadimdir [6, s.427]. “Qurultay” sözü də məhz o zamandan heç bir dəyişikliyə uğramadan bu günədək türk dilində işlədilir. Bu qurultaylarda hərbi-siyasi hakimiyyətin bölgələr üzrə rəhbərləri bir yerə toplaşır, böyük imperiya-dövlətin parçalanmasına şərait yarada biləcək bütün hallara qarşı vaxtında tədbir görülür, vahid dövlətçilik siyasəti qorunurdu.
Türklərin həm aparıcı-siyasi hakimiyyət, həm öncül-cəmiyyət, həm də üstün-mədəniyyət olaraq birliyini qorumaq, başqa dövlət, cəmiyyət və mədəniyyətlər qarşısında yenilməmək, əksinə, öz kökünə və qüdrətinə dayaqlanmaq ideyası bu və ya digər ölçüdə və səviyyədə, lakin həmişə səmimi və nəcib türkçülük ruhunda klassik türk abidələrinin məğzini təşkil edir. Türklərin yaratdığı bütün epos-oğuznamələr (“Oğuz Kağan”, “Kitabi-Dədə Qorqud”, “Manas”, “Əmsali-Türki” – türk atalar sözləri toplusu və s.), Mahmud Kaşğarlının “Divanü Lüğat-it-Türk” (XI əsr), Yusif Balasağunlunun “Qutadğu Bilig” (XI əsr), Seyid Əhməd Yasəvinin “Divani-hikmət” (XII əsr), Fəzlüllah Rəşidəddinin “Oğuznamə” (XIV əsr), Əlişir Nəvainin “Müqayisət-ül-lüğəteyn” (XV əsr), Əbdülqazi Bahadır xanın “Şəcəreyi-Tərakimə” (“Türk ulusunun soy kitabı”) (XVII əsr) və s. həmin kök-ideyanın gövdəsindən budaqlanan örnək əsərlərdir.
Önəmli tarixi faktlardan biri də budur ki, türk dünyası islam dünyası ilə qovuşandan sonra ənənəvi türkçülük ideyası zəruri olan dini çalarlar qazansa da, öz mahiyyətindən uzaqlaşmır: türk birliyi islam birliyi içərisində “öz yuvasını” qurur. Məhz bu səbəbdən sufilik kimi fövqəldünya fəlsəfəsi türk fatehliyinə zahirən zidd olsa da, əslində, elə həmin fatehliyin ideologiyası idi. Türklərin fateh-sultanları – Qazi Bürhanəddin, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai, Sultan Süleyman Qanuni sufilik ruhunda poetik əsərlər yazırdılar və bu əsərlər onların siyasi-dövləti fəaliyyətinin mənəvi-ruhi qatını yaradırdı. Ümumiyyətlə, türklərin siyasi birlik mədəniyyəti islamın sufilik, şiəlik, bəktaşilik kimi tamamilə fərqli təriqətlərinin üstündə özünü təşkil edə bilirdi. Bu onu göstərir ki, türk etnosiyasi sistemi islam dünyasının üst qatını – məfkurə, əxlaq və mənəviyyat qatını fəth etmək üçün necə məharətlə manevr etməyi bacarırmış.
Türk birliyi ideyasının tarixi təkamülünün ikinci böyük mərhələsi türk dövlət və imperiyalarının tənəzzül dövrünün sonlarından – XIX əsrin ortalarından, yəni türklərin dünya tarixində geriləməsi səbəbləri və bu prosesi dayandıraraq, yenidən dirçəliş üçün dayaqların tapılması üzərində ciddi düşüncələrin bir-biri ilə sarmaşdığı çağlarda başlayır. Bu isə artıq klassik türkçülüyün bütün türk dünyasında tədricən universallaşması prosesini meydana gətirir.
Bütün Asiyanı bürüyən, xüsusilə İslam və Hind dünyasını çalxalayan milli azadlıq hərəkatlarının coşqun dalğasında iki mühüm tendensiya Türk dünyasının oyanışında həlledici ideoloji amilə çevrilir: panislamizm və pantürkizm. Sonralar bu anlayışlar xeyli modifikasiyaya uğrayaraq, islam dünyasının və türk dünyasının birliyinə çalışan ideologiyalar – islamçılıq və türkçülük kimi formalaşır. Şərq ölkələrində davamlı şəkildə aparılan polemikalarda bu ideologiyaların uzlaşması və fərqlənməsi barədə xeyli mübahisələr gedir. Şərqin müasirləşməsi ideyası Azərbaycanda daha demokratik-dünyəvi anlamda Mirzə Fətəli Axundzadənin (1812-1878) əsərlərində meydana çıxır. O, bütün Şərqdə ilk dəfə olaraq, öz doğma dilində – Azərbaycan türkcəsində əsərlər yazmaqla, türkdilli mədəniyyətin Avropa mədəniyyətindən geri qalmayacaq səviyyədə, dram estetikası yaratmaq gücündə möhtəşəm bir imkana malik olduğunu sübut edir. Buna görə də türkçülüyün baniləri sırasında Mirzə Fətəli Axundzadənin adı ilk çəkilənlərdəndir. Mirzə Fətəli Axundzadənin gənc müasiri Cəmaləddin Əfqani (1838-1897) isə bütün Şərq ölkələrini dolaşaraq, hətta Avropaya gedərək, islamın modernləşdirilməsi ilə bu ölkələrdə yeni dini-siyasi dünyagörüşü əsasında müasir dövlətlərin yaradılması zərurətinə geniş dəstək qazanmaq istəyir [7, s.108-112; 8, s.30-31].
XX əsrin əvvəllərindən türkçülük öz içərisində islamçılıq təmayüllərini arxa plana keçirərək, daha sonra isə görünməz edərək, türk dünyasının kardinal ideoloji-siyasi-mədəni dünyagörüşü kimi müəyyənliyini tapır. Daha sonrakı konseptuallaşma prosesində həmin dünyagörüşünün sistemləşən xarakterinə uyğun olaraq, türkçülüyün – ideoloji türkçülük, siyasi türkçülük və mədəni türkçülük kimi bir-biri ilə sıx bağlı olan tendensiyaları şaxələnir. Həm Osmanlı imperiyasında müstəqil dövlət quruluşuna malik olan türklər, həm də əsasən, Rusiya imperiyasında və digər dövlətlərin tərkibində siyasi müstəqillikdən məhrum olan türklər vahid bir amal – türkçülük ideologiyası ətrafında birləşmək imkanı qazanırlar. O vaxta qədər universal imperiya siyasəti yeridən Osmanlını – Türk Dövlətinə çevirmək, digər dövlətlərin tərkibində yaşayan (vaxtilə öz dövlətləri olmuş!) türk cəmiyyətlərinin siyasi-mədəni müstəqilliyini bərpa edərək, onların ümumdünya birliyinə nail olmaq – türkçülüyün başlıca məqsəd və vəzifələri kimi müəyyənləşir.
XX əsrin əvvəllərində Türkiyənin ümumtürk konsolidasiyasına çalışması onsuz da o vaxtlar qüvvətli olmayan, hər tərəfdən sıxışdırılan bu yeganə müstəqil türk dövlətinin yenidən imperiya iddialarına düşməsi kimi başa düşülür və yozulurdu. Türkiyənin Osmanlı imperiyasının yürütdüyü siyasətdən rəsmən əl çəkdiyi və ondan imtina etdiyi belə bir həssas tarixi məqamda türkçülüyün perspektivinə dair ən optimal və konstruktiv platformanı irəli sürmək olduqca vacib idi. Türkiyə dünya türkçülüyünün mərkəzi olduğu və burada həmin həyati əhəmiyyətli problem çox geniş miqyasda, bütün tərəfləri ilə götür-qoy edildiyi, çözüldüyü üçün, qanunauyğun olaraq, aparılan diskussiyalar da mövcud dünya siyasətinin reallıqlarına uyğun şəkildə konstruktiv nəticələrə gətirib çıxarmalı idi. Və belə bir mövqeyin birmənalı şəkildə beynəlxalq siyasi münasibətlərin qurulması prosesinə təqdim edilməsi – həm də gələcəkdə yer üzündə öz tarixi-siyasi qərarlaşma vəziyyətinə uyğun olaraq imkan daxilində daha çox müstəqil türk dövlətlərinin yaranmasına zərurətin meydana gətirilməsi demək idi. Bax bu həssas nöqtəni o zaman hamıdan aydın və dəqiq düsturda Mustafa Kamal Atatürk bəyan etdi: “Müxtəlif millətləri müştərək və ümumi bir ünvan altında toplamaq və bu müxtəlif ünsür kütlələrini eyni hüquq və şərtlər altında cəm edərək, qüvvətli bir dövlət qurmaq – parlaq və cazibədar bir görüşdür. Fəqət aldadıcıdır. Hətta heç bir hədd-hüdud tanımayaraq, dünyada mövcud olan bütün türklərin özünü də bir dövlət halında birləşdirmək (kursiv mənimdir – C.F.) – tənqid edilməsi imkansız bir hədəfdir. Bu, əsrlərin və əsrlərcə yaşamış olan insanların çox acı, çox qanlı hadisələr ilə meydana qoyduğu bir həqiqətdir. Panislamizm, pantürkizm siyasətinin müvəffəq olduğuna və dünyada tətbiq edilə bildiyinə tarixdə təsadüf edilməməkdədir” [2, c.II, s.436]. Dövrünün praktik siyasətçisi olan Mustafa Kamal Atatürk bu paradiqması ilə real Türkçülüyün – Panavropa, Panslavizm doktrinaları ilə bir sırada neqativləşdirilən Panislamizm, Pantürkizm ifratlarından fərqləndirilərək, əsil mənasında oturaqlaşmasına düzgün səmt vermişdir.
Hazırda mövcud türk dövlətlərini vahid bir dövlət halında birləşdirmək – Atatürk zamanında – XX əsrin əvvəllərində göründüyündən də məntiqsiz bir cəhd, absurd olardı. Ona görə də birmənalı şəkildə vurğulanmalıdır ki, klassik türkçülükdə olduğu kimi, müasir türkçülüyün də əsas məqsədi – müstəqil türk dövlətlərinin bir fövqəldövlətə və ya konfederasiyaya çevrilməsi yox, beynəlxalq sistemin suveren subyektləri qismində sivilizasyon, etnik, mədəni kök birliyinə əsaslanan İttifaqı və ya Birliyidir.
Burada türkçülüyün hər bir müstəqil türk dövlətinin milli ideologiyası, siyasi doktrinası ilə bağlılığı da mühüm əhəmiyyət daşıyır. Türkçülük – beynəlxalq sistemin türk dövlətləri arasında daha yaxın, daha sıx əməkdaşlıq siyasəti olduğu üçün, onun milli siyasət və ideologiyalarla ziddiyyətə gəlməsi mümkün deyil. Çünki milli siyasət və ideologiya hər bir türk dövlətinin inkişaf maraqları və mənafeləri üzərində qurulduğundan, belə bir amalı ümumtürk dövlətləri miqyasında hədəfləyən türkçülük onunla elə eyni məqsədləri daşıyır. Türkçülük – türk dövlətləri birliyinin, milli məfkurə isə – onların konkret bir subyektinin ideologiyasıdır. Məsələn, azərbaycançılıqla türkçülüyün ziddiyyət təşkil etməsi, toqquşması, konfrontasiyaya girməsi qətiyyən mümkündür deyil. Əksinə, onların real humanitar siyasət praktikasında və strateji planda uzlaşması, digər milli türk dövlətlərinin ideologiyaları ilə polifoniya təşkil etməsi təbiidir və gələcək baxımından zəruridir və bu ortamın əldə edilməsi mühüm nəticələri gündəmə və perspektivə gətirir.
Türkçülük – Türklüyümüzün təsdiqidir. Türklüyümüz isə – bizim milli özünüdərkimizin nüvəsidir [1]. Türklüyümüz – Milli İdrakın elə bir universal miqyasına çıxmaqdır ki, buradan türk dünyasının coğrafi və mənəvi sərhədləri, siyasi çevrəmi, bu günündən bütün taleyinə açılan qapıları, tarixindən doğulan gələcəyi tam aydınlığında görünür.
Türkçülük mədəniyyəti – özünün rasional ideya əsasları olan və daim inkişaf edən, yeni-yeni yanaşmalarla quruluşunu təkmilləşdirən, məzmununu dərinləşdirən canlı, dinamik bir sistemdir. O bu gün də mütərəqqi ideyalarla zənginləşmək və özəyində daşıdığı milli türk mədəniyyətlərini zənginləşdirmək ənənəsini uğurla davam etdirir.
Açar sözlər: türk birliyi ideyası, ideoloji türkçülük, siyasi türkçülük, mədəni türkçülük, türk dünyası.
1. Əzizoğlu H. Türklüyümüz. Bakı: AzATaM, 2007
2. Atatürk M.K. Nutuk, III ciltde. İstanbul: Türk Devrim Tarihi Enstitüsü, 1919-1967
3. Aydoğan M. Türk Uygarlığı. İzmir: Umay Yayınları, 2006
4. Mogolistan’dakı Türk Anıtları Projesi Albümü. Album of Turkish Monuments in Mongolia. Ankara: T.C. Başbakanlık, TİKA, 2001
5. Öztürk A. Ötüken Türk Kitabeleri. İstanbul: Milli Egitim Basımevi,1996
6. Grousset R. The Empire of the Steppes. A History of Central Asia. Rutgers University Press, 2010
7. Husain M.Z. Global Islamic Politics. Addison-Wesley Educational Publishers Inc., 2003
8. Swietochowski T. Russia and Azerbaijan. A Borderland in Transition. New York: Columbia University Press, 1995
Идея тюркского единства и ее эволюция
Ключевые слова: идея тюркского единства, идеологический тюркизм, политический тюркизм, культурный тюркизм, тюркский мир.
В статье исследуются сущность идеи тюркского единства и закономерности ее исторической эволюции, ценности культуры тюркизма. Рассматриваются идеологическая преемственность, связывающая классический и современный тюркизм, и ее традиции. Показывается, что главным образом, с начала ХХ века тюркизм оформляется как имеющее крайне большое значение идейно-политико-культурное мировоззрение тюркского мира. В последующем процессе концептуализации, соответственно системному характеру данного мировоззрения, ответвляются такие тесно связанные друг с другом направления тюркизма, как идеологический тюркизм, политический тюркизм и культурный тюркизм. Как и в классическом тюркизме, основной целью современного тюркизма также является не трансформация независимых тюркских государств в одну сверхдержаву или даже в конфедерацию, а их единство как суверенных субъектов международной системы.
The Idea of Turkic Unity and Its Evolution
Key words: the idea of Turkic unity, ideological Turkism, political Turkism, cultural Turkism, Turkic world.
The article explores the essence of the idea of Turkic unity, logics of its historical evolution, and the values of the Turkic culture. Inheritance of ideology and its traditions, connecting the classic and modern Turkism, is thoroughly reviewed. It is shown that, especially since XX century Turkism as a chief ideological-political-cultural outlook of the Turkic world finds its identity. In further conceptualization process, closely connected tendencies of Turkism such as ideological Turkism, political Turkism and cultural Turkism are diversified according to the systematized character of this outlook. As it has been in classic Turkism, the chief purpose of modern Turkism is to become a union as sovereign subjects of international system, while not to become a superpower or even a confederation.