Keçən ilin mart ayından başlanmış Rusiya-Ukrayna qarşıdurması artıq bir neçə mərhələdən keçərək post-sovet məkanındakı digər münaqişıələr kimi “uzunömürlülük” statusu qazanmaqdadır. Siyasi müstəvidə başlayıb iqtisadi və hərbi toqquşmayadək dərinləşən münaqişənin tezliklə aradan qalxacağına ümidlər tükənib. Hadisələrin başlanması ərəfəsində o zamankı Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşən Rusiya prezidenti Ukraynaya satılan qazın qiymətini aşağı salmaqla və Ukrayna dövlətinə bir neçə milyard dollar həcmində kredit ayırmaqla Ukraynanı Rusiyaya daha möhkəm bağladığını zənn edirdi. Lakin hadisələrin Rusiyanın gözlədiyi, amma arzulamadığı istiqamətdə inkişafı Rusiyanı hərəkətə keçirdi. Həmişə olduğu kimi, “qoğal siyasəti” işləmədikdə “qamçı siyasəti” işə düşdü. Krımın ilhaqı və bunun “Krım əhalisinin iradəsi” kimi qələmə verilməsi Avropanı cavab addımları atmağa məcbur etdi. NATO Ukraynanın ərazi bütövlüyünə qəsd etmiş Rusiya ilə praktiki, mülki və hərbi əməkdaşlığı dayandırdı. ABŞ və Avropa Birliyi Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başladı. Yüksək vəzifəli Kreml rəsmiləri və banklar viza qadağası və iqtisadi sanksiyalara məruz qaldı. Bütün bunlar isə hələlik Rusiyanı dayandırmaq gücündə deyil. Rusiya höküməti “humanitar yardım” adı altında rusiyapərəst qüvvələrin nəzarəti altında olan sərhəd zolağından Donbasa silah-sursat və canlı qüvvə göndərməklə yanaşı qonşu ölkənin Konstituciyasında islahatlar aparılmasını tələb edir və ölkənin federallaşdırılmasımasına nail olmaq istəyir. Ukrayna ərazisində Rusiyaya meylli federativ qurumların mövcudluğu isə Rusiyanın gələcək manipulyasiya imkanlarını genişləndirmiş olardı. Eyni zamanda, Rusiya özünün münaqişə tərəfi olduğunu gizlətmək məqsədilə vaxtaşırı Ukrayna hakimiyyətini Donbasla dialoqa çağırmağı da unutmur. Bir tərəfdən peşəkar hərbçilərini Ukrayna ərazisinə göndərən, tabutlarda qayıdan əsəgrlərini isə ictimaiyyətdən və mətbuatdan gizlin dəfn etdirən Rusiya höküməti digər tərəfdən Ukraynanı dinc sakinlərə qarşı hərbi güc tətbiq etməkdə günahlandırır. Rusiyanin bəyanatları , onun təsis etdiyi və maliyyələşdirdiyi yerli və Avropa GHT-lərin “Donbasda insan haqları ugrunda” çığır-bağır salması isə acı istehza doğurur. Qərb hələ də xəbərdarlıq edir ki, Moskva Ukraynada vəziyyəti gərginləşdirmək istiqamətində əməllərindən əl çəkməsə, qadağalar daha da sərtləşəcək.
Rus ideoloqlarının kütləvi təbliğatı isə diqqəti ölkə daxilində hökm sürən acınacaqlı iqtisadi vəziyyətdə yayındırmaq məqsədilə 140 milyonluq əhalini “rus dünyası”, “velikorus tarixi” və s. haqqında şovinist-patriotik miflərlə zombiləşdirməklə məşğuldur. Ukraynada yenicə hakimiyyətə gəlmiş siyasi liderlərə qarşı əhalinin rəğbətini önləmək məqsədilə rus siyasətinin marketoloqları onlar haqqında ardı-arası kəsilməyən böhtan və iftiralar uydurur, onları cəmiyyətin gözündən salmağa çalışırlar. Krımın işğalı ilə bağlı rus cəmiyyətində hökm sürən “uğurlu müharibə” eyforiyası bəzən o həddə çatır ki, televiziya ekranlarını zəbt etmiş millətçilər indiyədək ruslara nəinki məlum olmayan, hətta ağıllarına belə gətirmədikləri absurd rus qəhrəmanlıq tarixi uydurmaqdan da çəkinmirlər.. Rusiyanın bütün telekanallarında verilən şərhlər o dərəcədə baş-ayaq təqdim olunur ki, zavallı rus vətəndaşları tarixi rus dövlətçiliyinin haradan qaynaqlandığını belə unudaraq ümumiyyətlə, Ukrayna dövlətinin “son əsrdə süni yaradılmış dövlət” olduğunu, Ukrayna vətəndaşlarının “rus” olduğunu, ukrayna dilinin isə ümumiyyətlə mövcud olmadığını iddia edirlər. Rusiya siyasətçiləri daha çox “rus dünyası”ndan danışmağa başlayıblar və niyə görəsə onlar keçmiş sobet məkanında yaşayan bütün millətləri, o cümlədən Baltikyanı ölkələrin vətəndaşlarını, moldovanları və gürcüləri, çoxsaylı türkləri və xüsusən də vaxtilə türk torpaqlarında yerləşdirdikləri erməniləri də rus dünyasının üzvləri hesab edirlər.
Müasir rus elitasını təmsil edən millətçilərin şərhlərindəki məntiqsizlik və ziddiyyətlər isə orta statistik bilgilərə malik olan adamları belə heyrətləndirəcək dərəcədə özünü qabarıq göstərir. Əslində sadə rus əhalisini aldatmağa yönəlmiş psevdopatriotizm və millətçilik rus ziyalıların da çoxunu “heyran edib”. Rusiyanın cənub-şərqi Ukraynadakı hərəktlərini tənqid edən beynəlxalq qurumlar, ABŞ və AB rəsmiləri rus telekanallarında “ziyalılar” tərəfindən fasiləsiz tənqid atəşinə tutulur. Hadisələr bir-birini əvəzlədikcə, Rusiya məmurluğu da duruma uyğun taktika seçmək, artıq uduzulmaqda olan geosiyasi mübarizəni Rusiyanın və prezident Putinin qələbəsi kimi təqdim etməyə çalışırlar. Ən təəccüblüsü isə odur ki, hər vəchlə rus və ukrayna xalqları arasında nifrəti dərinləşdirməyə çalışan rus ideoloqları bütün bunların Rusiyanın özünün əleyhinə işlədiyinin fərqində deyillər.
Lakin əvvəlki aylar ərzində Rusiya siyasi elitasına hakim kəsilmiş pafosun son həftələrdə öləziməsi müşahidə olunmaqdadır. Ukrayna əsgərlərinin öldürülməsi haqqında xəbərləri təqdim edərkən rus teleaparıcılarının sifətlərindəki aşkar sevinc və istehza əlamətləri artıq görünmür. Ağzı köpüklənə-köpüklənə rusların nəinki Ukraynaya, az qala bütün dünyaya sahiblənməyə “haqqı olduğunu” iddia edən və açıq mətnlə rus imperiyasının bərpasına çağıran yazıçı Proxorov isə artıq efirlərdən itib. 10 ildir ki, rus televiziyasını millətçilik və şovinizmin, erməni təəssübkeşliyinin ruporuna çevirmiş Solovyov da ruslar üçün bütün dövrlərin məşhur “Nə etməli” sualına özünün “dahiyanə” fikirlərini söyləməkdən çəkinir. Rusiya Prezidentinin telekörpü vasitəsilə bütün ölkəyə verdiyi ənənəvi mətbuat konfransının bu ilki seansı da göstərdi ki, ölkə rəhbərliyinin hadisələrin gələcək mümkün ssenariləri qarşısında nə edəcəyi haqqında konkret planı yoxdur. Vətəndaşların suallarına verilən cavablarda dövlətin heç bir məntiqə sığmayan işğalçılıq hərəkətlərinə abstrakt arqumentlərlə bəraət qazandirmaq cəhdləri aydın sezilirdi. Fürsətdən istifadə edərək, Rusiya prezidenti əhalini yaxin gələcəyin iqtisadi faciələrinə hazırlamaq üçün Rusiyanın yaxin iki il ərzində müəyyən çətinliklərlə üzləşə biləcəyini və daha sonra sürətli inkişaf yoluna çıxacağını vəd edirdi.
Lakin nə əsassız vədlər, nə Çinlə əməkdaşlığa bəslənən ümidlər, nə də Rusiyanın yenidən “supergüc” statusuna malik olacağı haqqındakı illüziyalar iqtisadi sanksiyaların təsirini yumşaltmaq gücündə deyil. Real mənzərə ondan ibarətdir ki, son iki ay ərzində rubl 2 dəfədən çox ucuzlaşmış, bütün ərzaq məhsullarının qiyməti 50%-dən çox artmış, inflyasiyanın həddi isə artıq ikirəqəmli faiz dərəcəsi ilə ölçülməkdədir. Bir neçə ay öncə Qərb tərəfindən qəbul olunan sanksiyalara istehza ilə yanaşan məmurlar baş verən xaos şəraitində özlərini itirmiş kimi görünürlər. Rusiyada bütün makro-iqtisadi göstəricilərin iqtisadiyyatın sürətlə təhlükəli həddə yaxınlaşdığını göstərdiyi halda, məmurlar hələ də rəqəmlərlə spekulyasuiya etməkdə davam edirlər. Iqtisadi göstəricilər haqqında hökümət üzvlərindən birinin söylədiyi rəqəmlər digəri tərəfindən təkzib edilir. Iqtisadi inkişaf naziri iqtisadiyyatin hər hansı sahəsi üzrə verdiiyi proqnozları gündə bir neçə dəfə dəyişdirir. Milli bankın faiz dərəcəsini bir gecədə 17%-ə qaldırması isə maliyyə sektorunda çalışanları və “hər şeyin yaxşı olacağını” əhaliyə təlqin etməyə çalışan məmurları gözlənilmədən yaxalayıb. Belə təsəvvür yaranır ki, Putin hökümətində iqtsiadi, maliyyə və bazar mexanizmlərini bilən və proqnozlaşdıran mütəxəssislər yoxdur, atilan hər bir addim isə eksperiment xarakteri daşıyır. Hökümət yumşaq desək, qeyri-səhih rəqəmlər içərisində nə etdiyi və hara getdiyi barədə bütün orientirləri itirib. Çıxış yolları barədə məmurların dilindən səslənən təkliflər bir-birini təkzib edir. Əhalinin zəruri ərzaqla təminatından tutmuş , iqtisadiyyatın yeni texnologiyalarla təchizatınadək bütün sahələrdə tamamilə idxaldan asılı olan rus iqtisadiyyatında “idxalın əvəzlənməsi” siyasəti məmurların toplantılarında səslənən pafoslu şüarçılıqdan uzağa gedə bilmir. Xarici banklardakı rus kapitalının ölkıə iqtisadiyyatına cəlb olunması məqsədi ilə “de-ofşorizasiya siyasəti”nin elan olunmasına baxmayaraq 2014-cü il Rusiya tarixində kapital axınının rekord həddi ilə - 150 milyard dolların ölkədən çıxarılması ilə əlamətdar oldu. Rusiyanın dövlət borcu 700 milyard dollardan çox olduğu halda, beynəlxalq valyuta rezervləri 380 milyard dollar civarındadır və bu ehtiyatlar iqtisadi sanksiyaların təsiri altında sürətlə azalmaqdadır. Neftin dünya bazarında günbəgün azalan qiyməti Rusiyanı son illərdə vərdiş etdiyi gəlirlərdən məhrum edib. OPEK-in neftin qiymətinin yaxin illərdə artiq hec zaman 100 dollara cixmayacagi haqda beyanati isə Rusiya təhlilçilərinin optimizmini tamamilə inkar edir. Moody’s və S&P kimi beynəlxalq reytinq agentlikləri müxtəlif parametrlər üzrə Rusiya iqtisadiyyatının reytinqini vaxtaşırı aşağı salmaqda davam edirlər. Rusiya maliyyəçilərinin “narahatçılığa o qədər də əsas olmadığını” iddia etməsinə baxmayaraq, Beynəlxalq Valyuta Fondu cari ildə Rusiyada iqtisadi inkişafın mənfi göstəcilər intervalında davam edəcəyini proqnozlaşdırır. Bütün bunlarla yanaşı, Rusiya dövlət idarələrində korrupsiya və rüşvətxorluq da baş alıb gedir. Bütün bunların fonunda Putin hökümətinin qəbul etdiyi 60 bənddən ibarət “Antikrizis planı”nın iflasa uğrayacağı əvvəlcədən aydındır.
İqtisadi tənəzzül istiqamətində sürətlə irəliləməkdə olan Rusiya ölkənin müxtəlif hissələrində və o cümlədən, “Arktika silahlı qüvvələri” təsis edərək ekstremal şəraitdə hərbi təlimlər kreçirməklə dünya birliyini və xüsusən də Qərb dövlətlərini şantaj etməkdən çəkinmir. Bir sözlə, indiyədək qlobal siyasət arenasında vacib oyunçulardan biri hesab edilən Rusiyanın hərəkətləri “nadinc küçə usağının dələduzluğunu” xatırladır. Putinin televiziya ekranlarından Ukrayna gənclərini hərbi səfərbərlikdən yayınmağa çağırması və bu məqsədlə Rusiyaya gələn Ukrayna gəncləri üçün güzəştli miqrasiya qaydalarını tətbiq etməsi isə ölkə prezidentinin simasında rus siyasətinin ifrat əxlaqsızlığını bir daha nümayiş etdirir. Təsadüfi deyil ki, Hillari Klinton Putinin hərəkətlərini “ibtidai məktəb şagirdinin hərəkətləri”nə bənzədir. Avropa Birliyi isə Rusiya ilə münasibətlərin normallaşmasına tərəfdar olduğunu bəyan etsə də , hələlik sanksiyaların yumşaldılması üçün heç bir əsas görmür və dönə-dönə Rusiyanı üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırır. Rusiya isə guya Krımda yaşayan rusdilli əhalinin müdafiəsi üçün tədbirlər gördüyünü, «Krım yarımadası tarixi Rusiya ərazisi olduğu üçün» özünə birləşdirdiyini bəhanə gətirir. İşğal faktına haqq qazandırmağa çalışan Rusiya kommunistlərinin lideri Gennadi Zyüqanov Krımın ilhaqını 1990-cı ildə Şərqi Almaniyanın Almaniya Federativ Respublikasına birləşdirilməsi ilə eyniləşdirir. Bir sözlə, həm Rusiya hakimiyyəti, həm də guya bu hakimiyyətə müxalifətdə dayanan kommunistlər istənilən sanksiyaların onları bu yoldan çəkindirməyəcəyini bildirir. Bununla da cəmi 20 il əvvəl nüvə silahından imtina etməyin müqabilində ABŞ, Böyük Britaniya və Rusiya tərəfindən Ukraynanın ərazi bütövlüyünə verilmiş zəmanəti Rusiya birtərəfli qaydada pozmuş olur.
Eyni zamanda, Qərbin öz tələblərində israrlı ola biləcəyindən və doğrudan da, daha ciddi sanksiyalar vasitəsilə Rusiyanı divara dirəyə biləcəyindən ehtiyatlanan rus siyasətçiləri hərdənbir geri addım atmağı, hərdən isə şantaja əl atmağı da unutmurlar. Rusiya xarici siyasət idarəsinin rəsmiləri Ukraynanın cənub-şərqindəki humanitar fəlakətin guya Rusiyanı “narahat etdiyini” və vaxtaşırı “Rusiyanın dialoqa hazır olduğunu” dilə gətirməklə işğalçı rus siyasətinə “sülhsevərlik” donu geyindirmək cəhdlərində də bulunurlar. Vladimir Putinin Rusiyanın “ən böyük nüvə dövləti” olması barədə xatırlatması, onun məsləhətçisi Serqey Qlazyevin isə Rusiyaya qarşı tətbiq ediləcək “sanksiyaların yeni dünya müharibəsinə gətirib çıxara biləcəyi” haqda bəyanatı Rusiya hakimiyyətinin həm də qorxu həyəcanından xəbər verir. Hər dəfə sanksiyaların qəbulu ərəfəsində Kreml ekspertləri bu sanksiyalardan Avropanın özünün daha çox ziyan çəkəcəyi haqqında məntiqsiz bəyanatlar verirlər. "Amerika İranda olduğu kimi, Rusiyanı da dünya maliyyə sistemindən kənarda qoymağa cəhd etsə, bundan ilk növbədə Avropa İttifaqı itirəcək. Bu itkinin 1 trilyon avro olacağı ehtimal edilir... sanksiyalar Avropa banklarının zərər görməsinə, böhranın yaranmasına, ... nəticədə isə yeni dünya müharibəsinin başlanmasına səbəb olacaq”. Sergey Qlazyevin dilindən səslənən bu təhdid isə yatmaq istəməyən uşağı “xoxan”la qorxutmağa bənzəyir. Əslində isə bu, dünyada “ikinci güc mərkəzi” statusunu özünə qaytarmaq cəhdlərində Rusiyanın dövlət səviyyəsində bütün dünyaya qarşı istifadə etdiyi şantajdan başqa bir şey deyil.
Belə bir vəziyyətdə Qərb Rusiyaya qarşı münasibətlərə yenidən baxılmasında qərarlı görünür. Bu tendensiya artıq özünü göstərməkdədir. Avstraliyada G-20 sammitinə qatılan Rusiya prezidentinə qarşı sərgilənən aşağılayıcı münasibət Rusiyanın “velikorus” qürurunu sındırmağa və təcavüzkar siyasətindən əl çəkmədiyi halda onun Şimali Koreya ilə eyni sırada qoyulacağına işarə idi. Donbasda insanliga qarsı cinayet törədilməsi haqqında Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi muraciətin Haaqa beynəlxalq məhkəməsi tərəfindən icraata qəbul edilməsi, Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı cinayətin beynəlxalq səviyyədə araşdırılması və bu ilin mart ayında novbəti sanksiyaların AB-nin muzakirəsinə çıxarılacağı da Rusiyaya yaxşı heç nə vəd etmir.
Lakin Rusiyanı daha ağır faciələrə sürükləyən dövlət rəhbərlərindən, millətçi-şovinist kiselyovlardan, jirinovskilərdən, solovyovlardan, proxorovlardan fərqli olaraq Rusiyanın taleyi barədə obyektiv və səmimi düşünənlər, Rusiya hakimiyyətini illyuziyalardan ayılıb reallığa qayıtmağa çağıranlar da var. Məsələn, Rusiya hakimiyyətinin mahiyyətinə yaxından bələd olan və bu səbəbdən onun mümkün gələcək gedişlərini daha obyektiv proqnozlaşdıran Rusiya prezidentinin sabiq müşaviri Andrey İllarionov şantaj və blef siyasətinin etibarlı siyasət olmadığı qənaətindədir. Onun qənaətinə görə, əgər doğrudan da dünya müharibəsi başlayarsa, bu Rusiyaya baha başa gələ bilər. Müharibə sonucu Rusiya təkcə Krımı deyil, eyni zamanda Rostov, Voronej və Krasnodar vilayətlərini də Ukraynaya, Pskov vilayətinin Pıtalov rayonunu Latviyaya, Leninqrad vilayətinin Kinqisep rayonunu Estoniyaya, Kareliya bərzəxinin şimal hissəsini, Peçeneq və Ladoqayanı Kareliyanı Finlandiyaya, Smolensk və Bryansk vilayətlərini Belarusa, Qərbi Sibirin çox böyük hissəsini Qazaxstana, Sibirin və Uzaq Şərqin ən azı 1,5 mln kv.kmlik ərazisini, Kuril adalarını və Saxalini isə Yaponiyaya qaytarmağa məcbur edilə bilər. Ekspertin fikrincə, Rusiyanın üzərinə qoyula biləcək öhdəliklər bunlarla bitməyə də bilər. Eləcə də Rusiyanın neft-qaz mənbələri, magistral kəmərləri və hətta bank sistemi beynəlxalq nəzarət altına alına bilər. A. İllarionovun ehtimal etdiyi ssenaridə Azərbaycan, Gürücüstan və Moldovanın da ərazi bütövlüyünün bərpası da labüd görünür. Sabiq prezident müşavirinin sadaladığı ölkələrin ərazisi son bir əsrdə baş verən müharibələrin nəticəsində Rusiya tərəfindən ələ keçirilmişdisə, Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestryanı ərazilər isə sovet imperiyasının çökməsi prosesində Azərbaycanı, Gürcüstanı və Moldovanı hələ də Rusiyanın orbitində saxlamaq və daha irəlidə yenidən imperiyanı bərpa etmək məqsədilə hələ 90-cı illərdə işğal olunmuşdu. Əslində, həmin illərdə dünya birliyinin, xüsusən Qərb dövlətlərinin Rusiyaya müqavimət göstərməməsi bu gün Rusiyanın Ukrayna üzərinə hücuma keçməsinə əsas vermiş və təhlükəli bir presedent yaratmışdır. Keçən əsrin 90-cı illərindən bu günədək baş verən bütün olaylar onu göstərir ki, Sovet İttifaqının bir dövlət qurumu kimi çökməsi hələ heç də imperiyanın çökməsi demək deyilmiş. SSRİ-nin rəsmən ləğv olunduğu gündən bu günədək imperiya yenidən özündə qüvvə tapıb ayağa qalxmaq və öz hegemonluğunu təsdiq etmək iddiasındadır. Ukraynanın Rusiya orbitindən çıxması isə bu iddianın reallaşmaq şansını birdəfəlik aradan qaldırır. Ukraynanın Avropa ailəsinə qovuşması Rusiyanın “Avrasiya İttifaqı layihəsini” və son 20 ildə bu layihə üçün göstərilən bütün səyləri heçə endirir. Buna görə də sivil dünya qanunlarını tanımaq istəməyən Rusiya Ukraynanı zor gücünə özünün təsir dairəsində saxlamağa çalışır. Qərb etiraz etdikdə Rusiya Qərbdən onunla bərabərhüquqlu əsasda davranmağı tələb edir, “bərabərhüquqlu” anlayışını isə özü bildiyi kimi qəbul edir. Rusiya özünü Qərb dövlətlərinin hər biri ilə bərabərhüquqlu görmür. “Bərabərhüquqlu” dedikdə, o tək Rusiyanı bütün Qərb dünyasına bərabər tutur. Bu da açıq-aşkar Rusiyanın imperiya statusundan çıxış etdiyini göstərir. Deməli, İmperiya hələ ölməyib, 1991-ci ildə başlanan ölüm aqoniyası hələ də davam etməkdədir. Ölüm aqoniyasının dəhşətləri içərisindən qalxıb, güclənib ətrafındakıları yenidən imperiyaya tabe etdirmək isə dünya tarixində hələlik heç bir imperiyaya nəsib olmayıb. Ukraynaya təcavüzdən sonra Rusiyanın nə zamansa sivil dünyaya qoşulub qarşılıqlı əməkdaşlıq və inkişaf yoluna qədəm qoyacağına inam tamamilə tükənib. Rusiyanın bu iddialarının yeni dünya müharibəsinə gətirib çıxaracağı təqdirdə isə zamanında Hitler Vermaxtının başına gələnlər yeni dövrdə Putin Rusiyasının başına gələcək və bununla da Rusiyaya və onun neo-imperialist ambisiyalarına birdəfəlik son qoyulacaq. Bu gün Ukraynada baş verənlər isə həmin xoşbəxt sonluğun başlanğıcını xatırladır.