Dünya sürətlə dəyişir. Ümumdünya prosesləri insan birliklərinin ən sistemli və təşkilatlanmış forması olan dövlətin tarixi-siyasi məzmununu da aramsız olaraq dəyişə-dəyişə inkişaf edir. Dəyişən dünyada artıq dəyişməz qalması mümkün olmayan dövlətin effektli siyasi idarəetmə sistemi kimi mövcudluğu və inkişafı onun özü ilə dünya arasındakı münasibətlərin dinamikasından və bu münasibətlərin nə dərəcədə çevik idarə edilməsindən həlledici dərəcədə asılılıq vəziyyətinə gəlir. İndi mövcud siyasi sistemlər üçün artıq qloballaşmaya qoşulmaq və ya qoşulmamaq dilemması yoxdur, onların əsas problemi – dünyanın idarə olunması prosesində hansı səviyyədə iştirak etmələridir. Ərəfəsində olduğumuz mümkün radikal qlobal dəyişikliklərin mahiyyətində də məhz bu məsələ dayanır. Bu baxımdan yanaşdıqda, dünya dövlətlərinin özlərində və dünyada baş verən dəyişmələri necə uzlaşdırmalarına görə onların çox maraqlı konfiqurasiya aldığını görürük.
Son 20 il ərzində dünyada baş verən köklü dəyişikliklərə və bu dəyişikliklər fonunda müxtəlif dövlətlərin siyasi manevrlərinə diqqət yetirdikdə müxtəlif dövlətlərin hal-hazırda qlobal siyasət meydanında tutduğu mövqeləri aydınca görünür. İlk görünən isə budur ki, qlobal siyasi konfiqurasiyanın bir cinahında hələ də neoimperializm siyasətini davam etdirməkdə israrlı olan və özünü dünyaya hakim missiyasında görən dövlətlər dayanır. Onlar beynəlxalq siyasi sistemin yalnız onlar tərəfindən idarə olunması rejimini heç cür dəyişdirmək istəmir, ancaq açıq-aşkar görürlər ki, dünya dəyişir, ona görə də bu dəyişməni öz məqsədlərinə uyğun istiqamətdə yönəltməyə çalışırlar. Neoimperialist siyasəti yeridən dövlətlər qrupuna Yaponiya istisna olmaqla əsasən dünyanın sənaye cəhətdən ən inkişaf etmiş dövlətlərini, eləcə də Rusiya və İranı aid etmək olar. İlk növbədə ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya dünyanın ən qlobal və universal birləşmə mexanizmi olan BMT-də Təhlükəsizlik Şurasının daimi üzvləri olduqları üçün və onların həlledici səs hüquqları rəsmən BMT-nin Nizamnaməsində təsbit olunduğundan yeritdikləri neo-imperialist siyasəti sanki özlərinin “halal haqları” hesab edirlər. Hərçənd unutmaq olmaz ki, onlara bu hüquq konkret tarixi şəraitdə, 2-ci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq, qalib dövlətlərin - o zaman üçün ən qüdrətli dövlətlərin əldə etdikləri imtiyaz kimi verilmişdi. Bu unikal mexanizm yarım əsr ərzində hərbi cəhətdən ən qüdrətli və dünya hegemonluğuna iddialı olan beş dünya dövlətini ilk növbədə bir-biri ilə savaşmaqdan yayındıran və hər hansı birinin digər dövlətlərə qarşı münasibətdə birtərəfli qərəzli siyasət yeritməsinə mane ola biləcək bir vasitə kimi dünyada sabitliyin qorunub saxlanmasında əvəzsiz rol oynadı. Lakin bu müddət ərzində dünyada baş verən dəyişikliklər (kolonializmin sona çatması, dünya xəritəsində yeni dövlətlərin meydana gəlməsi, bir sıra dövlətlərin qlobal siyasi arenada iqtisadi, siyasi və hərbi cəhətdən kifayət qədər möhkəmlənməsi) nəticəsində yaranmış yeni situasiya XX əsrin ortalarında beynəlxalq siyasətdə tarazlaşmış konfiqurasiyadan əhəmiyətli dərəcədə fərqlənir. Təxminən yarım əsrlik qısa bir dövrdə dünyada bu qədər dəyişikliklər, əsasən iki fövqəldövlət – ABŞ və SSRİ arasında hökm sürən soyuq müharibənin fonunda və həm də bu soyuq müharibənin nəticəsində baş verirdi. Nəhayət, 90-cı illərin əvvəllərində bu müharibə ABŞ-ın qələbəsi və SSRİ-nin süqutu ilə nəticələndi. Hadisələrin belə sonluğu öz növbəsində bütün iddialı dövlətlər üçün dünya miqyasında öz təsir dairəsini genişləndirmək uğrunda yeni mübarizə meydanı açmış oldu. Digər tərəfdən, SSRİ-dən yenicə qopmuş bütün sosialist düşərgəsi ölkələri öz inkişaf strategiyasını müəyyənləşdirmək kimi çox da sadə olmayan bir zərurətlə üzləşdilər və bu fonda dünyanın müxtəlif güşələrində inteqrasiya proseslərinin sürətlənməsi üçün yeni bir stimul yarandı. (xüsusilə, Avropa qitəsində). ABŞ-ın bəzi xarici siyasət strateqləri tələskənliklə nəhayət birqütblü dünyanın real mövcudluğunu təsdiq edən bəyanatlarla çıxış edib məhz ABŞ-ın artıq dünyanın yeganə hegemon dövləti olduğunu elan etdilər ( Z.Bzejinski). Lakin dünyanın dialektik inkişaf qanunauyğunları, baş verən hadisələrin tendensiyaları və qlobal sosiumun inkişaf perspektivlərini müəyyənləşdirən çoxsaylı nəzəriyyələr bunu təsdiq etmir və Amerika strateqlərinin yersiz eyforiyaya qapıldığını bir daha sübut edir. Bu əlbəttə başqa bir polemikanın mövzusudur. Məqsədimiz isə təkcə ABŞ-ın deyil, ümumiyyətlə yuxarıda qeyd olunmuş imtiyazlara sahib olan bütün dövlətlərin siyasətində neo-imperializm əlamətlərini aşkarlamaq və bunun dünyanın bu günkü inkişaf tendensiyalarına və perspektivlərinə uyğun gəlmədiyini göstərməkdir.
Beləliklə, ABŞ-ın yeganə hegemon dövlətə xas olan təkəbbürlə öz təsir dairəsini bütün dünyaya yayması və planetin lider dövləti olduğunu sübut etməsi üçün isə tarix boyu sınanılmış bir vasitəyə - “uğurlu müharibə” vasitəsinə üstünlük verildi. Müharibənin kimə qarşı və hansı bəhanə ilə aparılmasına gəldikdə həmin dövlətlərin özləri tərəfindən bəslənilərək onilliklər ərzində öz ölkələrində despotik mütləqiyyət hakimiyyəti yaratmış avtoritar rejimlər ən ideal siyasi qurbanlar kimi görünürdü. Müasir qlobal siyasi səhnənin digər ifrat cinahında da məhz onlar - avtoritarizm siyasəti yeridən qapalı rejimlər durur. Onlar bütün mümkün və qeyri-mümkün vasitələrlə özlərini dəyişən dünyanın təsirlərindən kənarda saxlamaq, hakim olduqları rejimləri özlərinin son nəfəsinə qədər qoruyub saxlamaq istəyirlər. Yeni əsrə avtoritar rejimlər kimi daxil olan dövlətlər - əsasən Ərəb Dövlətləri Ligasının üzvləri, keçmiş sosialist düşərgəsinin üzvləri olan Afrika və Latın Amerikası ölkələri, SSRİ-nin dağılmasından sonra hələ də Rusiyanın orbitindən çıxa bilməyən və ya çıxmaq istəməyən Mərkəzi Asiya rejimləri, Ermənistanda hakimiyyəti zəbt etmiş, erməni xalqının iradəsinə və ümumiyyətlə bir xalq və dövlət kimi gələcəkdə mövcudluq perspektivinə məhəl qoymayan qondarma “fort-poste” qurumlar bu taleyi yaşayan və gələcəkdə yaşaya biləcək potensial qurbanlar rolunu bu gün də oynamaqdadır.
İki fərqli cinahda yer alan və ilk baxışdan antoqonist təəssüratı yaradan bu güclərin öz aralarındakı qarşılıqlı münasibətlər isə daha maraqlıdır. Belə ki, dünya hökmranlığı edən dövlətlər zahirdə özlərini həmin avtoritar rejimlərin “düşməni” kimi göstərsələr də, əslində uzun illər onları müdafiə edənlər də məhz bu dövlətlər olmuşlar. Lazım gəldikdə bu rejimlərin aparıcı fiqurlarını dəyişmiş, onların funksiyasını özlərinə daha yararlı hala gətirmişlər. Lakin artıq heç kimə sirr deyil ki, imperializm və avtoritarizm bir medalın iki üzü, eyni hadisənin iki fərqli görüntüsü, eyni prosesin iki fərqli təzahürüdür. Əminliklə deyə bilərik ki, hələlik dünya imperializmi – dünya avtoritarizminin, dünya avtoritarizmi isə dünya imperializminin dayağıdır.
Müasir dövrümüzdə beynəlxalq siyasətin yüksələn xətlə normal inkişafına əngəl törədən bu “cütlük” bəlkə özləri də istəmədən tez-tez qlobal siyasi böhranların determinantına çevrilirlər. Ona görə də onların əvvəllər bir-biri ilə imitasiya etdikləri, quraşdırılmış “konfrontasiyası” indi vaxtaşırı açıq, həqiqi konflikt formasında meydana çıxır. Əslində, bu – müasir beynəlxalq siyasətin altlayında cərəyan edən tragikomediyasıdır. Belə ki, avtoritar rejimlər hegemon dövlətlərin apardığı ikili siyasətin toru əhatəsində nə qədər mürəkkəb manevrlər və siyasi alver etmək iqtidarında olsalar da, sonda həmin dövlətlərin “milli maraqlarının” qurbanı olmağa məhkumdurlar. Son iyirmi il ərzində baş verən proseslər də bunu bir daha sübut edir. Bu proseslərin görünən və görünməyən tərəfləri, aparıcı tendensiyaların mahiyyəti ən yaxın keçmişin və bu günün global siyasi mənzərəsində bütün gerçəkliyi ilə açıla bilir.
Bu gün dünyada baş vermək ərəfəsində olduğumuz qlobal transformasiyalar nə neo-imperialist dövlətlərə, nə də avtoritar rejimlərə yaxşı heç nə vəd etmir. Beynəlxalq siyasətdə bir zərurətə çevrilmiş qlobal transformasiyanı öz təbii yolundan azdırmağa hesablanan vurnuxmalar isə gündən-günə daha çox iflasa uğrayır. Məsələn, az əvvəl xatırlatdığımız kimi, ( “uğurlu müharibə” ) Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında koalisiya qüvvələri İraqda kütləvi qırğın silahlarının olması və İrak rəhbərliyinin Əl-Qaida ilə əlaqələri bəhanəsi ilə 2003-cü ilin martında bu ölkəyə hərbi müdaxilə etdi. Lakin bütün hakimiyyəti boyu məhz həmin imperialist dövlətlərə arxalanaraq, həm də onların dəyişkən siyasətləri arasında reverans edərək ölkəsini müstəbid bir rejimin əsarətində saxlamış Səddam Hüseyn sonda bəşəriyyətə qarşı cinayətdə – 148 iraqlı şiənin qətlində suçlandırılaraq İraq dövlətinin Tribunalı tərəfindən edam olundu. İslam dünyasının Qurban günü (30 dekabr 2006-cı ildə) əlində Quran tutmuş İraq diktatorunun asılması “səhnəsi” (teatrallaşdırılmış siyasət!) əslində, imperializmlə avtoritar-diktatura rejimlərinin qanlı ittifaqının nə ilə nəticələndiyini göstərən ibrətamiz bir dərsdir. Lakin İraq faciəsi və bütövlükdə Yaxın Şərq faciəsi bununla bitmədi. İki fövqəldövlətin – Sovet İttifaqı ilə ABŞ-ın “milli maraqlarının” uzun illər toqquşduğu digər konflikt məkanı – Əfqanıstan həmin fövqəldövlətlərdən birincisi dağılandan sonra yeni müharibənin girdabına düşdü. Bu ölkələrə hərbi müdaxilənin başladığı zamandan ötən dövrün, demək olar ki, hər günü amansız terror aktları ilə – insan parçalarının havaya sovrulması ilə müşayiət olunmaqdadır. Bütün beynəlxalq humanitar təşkilatlar tərəfindən verilən statistikada bu zaman kəsiyində İraq və Əfqanıstanın əvvəlki dövrlərdən qat-qat daha çox fəlakətlərə, kütləvi insan qırğınlarına məruz qaldığı bildirilir. Deməli, ədalətsizliyin kökünü kəsmək məqsədilə daha böyük ədalətsizliyə yol vermək bu məsələnin düzgün və optimal həlli yolu kimi özünü doğrultmur və belə bir həll yolu siyasi əxlaqa və insanlıq mənəviyyatına ziddir. Eləcə də Fransa Senatında “erməni soyqırımını” inkar etməyə görə cəza nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi faktı – beynəlxalq siyasəti “köhnə qaydalar” çərçivəsində öz ölkəsinin siyasi maraqlarına uyğunlaşdırmaq iddialarının nə qədər absurd və təhlükəli olduğunu, “demokratiya beşiyinin” bu demokratiyanın keşiyində dayanmaq əvəzinə keçəri siyasi məqsəd ( seçki) naminə öz ölkəsində birbaşa söz, fikir azadlığına zidd olan absurd bir qanun layihəsini qəbul etməsi Fransanın özünün yüzillər ərzində təbliğ etdiyi prinsiplərdən imtina etdiyini göstərir. Və yaxud Fransada son prezident seçkiləri ərəfəsində real namizədlərdən biri olan Dominik Stross Kan ətrafında baş verən qalmaqallar ( bu hadisələrin təsadüf və ya qurğu olmasından asılı olmayaraq), eləcə də indiki prezident Fransua Hollandın özünün də etiraf etdiyi kimi gözlənilmədən, təsadüfən prezident seçilməsi burada dövlət siyasətinin mənəvi böhran keçirdiyini göstərən amillərdir. Sarkozinin hakimiyyətdən getməsindən sonra onun prezidentliyi dövründə ölkə qanunlarına məhəl qoymadığını, seçki marafonunda qeyri-leqal üsullardan istifadə etdiyini və xüsusilə də Liviya diktatorunun milyardlarla dollar həcmində maliyyə dəstəyindən yararlandığını sübut edən faktların aşkar olunması müasir Fransa demokratiyasının pərdəarxası reallığıdır. Bütün bunlar Fransada dövlət siyasətinin həyata keçirilməsində rəhbər tutulan əxlaqi-mənəvi komponentlərin ifrat dərəcədə deqradasiyaya uğradığını göstərir.
Zahirən sabit, tolerant və demokratik cəmiyyət təəssüratı yaradan Almaniyada rasizmin və neonasizmin güclü mövqe qazanması və bunun arxasında ölkənin güc strukturlarının dayanması kimi ciddi iddiaların, hər addımda milli azlıqlara qarşı – xüsusən türklərə qarşı diskriminasiya hallarının təsdiqi hər hansı müstəqil jurnalist araşdırmasında yox, məhz ölkənin Kansleri Angela Merkel tərəfindən bütün dünya qarşısında etiraf olunması dünya birliyində haqlı sual doğurmalıdır. Eləcə də yüksək rütbəli məmurların külli miqdarda rüşvət və vergidənyayınma cinayətləri haqqında demək olar ki, hər gün yeni cinayət işlərinin açıldığı Almaniya, Fransa, Yunanıstan və digər ölkələrin hökümət və qeyri-hökümət təşkilatları tərəfindən özlərindən başqa az qala bütün dünya dövlətlərinin korrupsiya və insan haqlarının pozulmasında günahlandırılması təəccüb doğurur. Məntiqi bir sual yaranır ki, bəs onların özlərinə bu imtiyazları kim verib, bu kimi əməllərin baş verdiyi Avropa ölkələrinin tənqidi toxunulmazlığı hansı beynəlxalq qurumlar və ya normalar tərəfindən təmin olunur. Bütün bunları etiraf edən Avropa dövlətlərinin digər dövlətlərə sanksiya tələbi hansı mənəvi və hüquqi qanunlarla əsaslandırıla bilər. Deməli ki, müasir beynəlxalq siyasətdə hegemonların qənaətinə görə “özünü yaxşı aparmayan” dövlətlərin “diskvalifikasiyası” üçün onların özləri tərəfindən hazırlanmış “şablon damğalar” mövcuddur ki, onları istənilən an istənilən dövlətin adına vurmaq olar.
SSRİ-nin xarabalıqları içərisindən yenicə çıxmış Rusiya özü də yenidən “möhtəşəm” SSRİ xəyalları ilə beynəlxalq siyasətdə dominant mövqeyə qalxmağa can atır. Lakin Liviya diktatoru Muammar Qəddafini həmvətənləri sürüyüb öldürənədək, Suriya diktatoru Bəşər Əsədi son nəfəsinədək müdafiə etməyə çalışsa da, buna nail ola bilmir və qlobal siyasət arenasında öz mövqelərini itirməkdə davam edir. İyirmi milyonluq suriya xalqı iki ilə yaxın davam edən azadlıq mübarizəsində on minlərlə qurban versə də despotik rejimdən canını qurtara bilmir. Beynəlxalq birliyin hərbi müdaxiləsinə qarşı veto hüququndan istifadə etməklə vəziyyəti daha da mürəkkəbləşdirən Rusiyanın milli maraqlarında Bəşər Əsəd adlı bir şəxsin nə kimi qlobal rola malik ola bilməsi isə yalnız təəccüb doğurur. Təsir gücünün sürətlə azaldığını görən Rusiya itirdiyi təsir dairəsini bərpa etmək xəyalları ilə “Avrasiya İttifaqı” kimi Rusiya üçün heç bir tarixi- sivilizasyon köklərə dayaqlanmayan absurd bir ideyanı xüsusi entuziazmla təbliğ edir. Rusiya siyasətindəki bu günkü gedişlər onu göstərir ki, 20 il əvvəl öz müstəqilliyi elan edən, sovet totalitarizmindən imtina etdiyini və liberal-demokratik dəyərlərə əsaslanan bir cəmiyyət yaratdığını iddia edən Rusiya bu günədək özünün yeni siyasətini müəyyənləşdirə bilmədiyindən köhnə siyasətə - mürtəce, ekspansianist və militarist siyasətə qayıtmağa üstünlük vermişdir. Sıravi vətəndaşlardan tutmuş dövlət orqanlarına qədər bütün səviyyələrdə ortaya çıxan istər siyasi, istərsə də iqtisadi mübahisələrin hələ də “Kalaşnikov” vasitəsilə həll olunduğu bir cəmiyyəti sovet inzibatçılığı prinsipləri ilə idarə etməyə çalışan rus dövləti bu günədək əhatəsində yerləşən dövlətlərə qarşı münasibətdə də sovet dövrünün siyasətindən fərqli bir siyasət ortaya qoymamışdır.
Əhəməni və Sasani imperiyalarının ehtirasları ilə yaşayan, İslam dünyasında liderlik iddiası ilə bütün dünyaya meydan oxuyan İran özü teokratiyanın əsarətində boğula-boğula dünyada özünə sadiq bir dost dövlət tapa bilməsə də, ölkə əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin doğma dilində bircə məktəb belə açmasa da, bir ovuc erməniyə qucaq açır. Sözdə din və mədəniyyət birliyini şüar edən İran hakimiyyətinin əməllərində Azərbaycana qarşı, eləcə də öz vətəndaşlarına qarşı apardığı mürtəce siyasəti və düşmənçilik mövqeyini görməmək mümkün deyil.
Hər birinin öz geo-siyasi maraqları olan dövlətlər – ABŞ, Fransa, Rusiya və İran bir-biriləri ilə nə qədər ziddiyyətdə olsalar da, uzun müddətdir ki, Ermənistana havadarlıq etməklə və onun işğalçılıq siyasətinə göz yummaqla eyni mövqedə dayanaraq Azərbaycana qarşı münasibətdə açıq-aşkar ədalətsizlik nümayiş etdirirlər. Görünən isə odur ki, bu dövlətlərin hamısı Qarabağ münaqişəsinin dondurulmasında və uzadılmasında maraqlıdırlar. Vaxtaşırı ABŞ Dövlət Departamentinin və digər Avropa qurumlarının vacib məmurları tərəfindən səsləndirilən “Qarabağ məsələsinin həlli çox uzandı” və ya “həll vaxtı çoxdan çatıb” kimi eyhamları isə doğrudan da problemi həll etmək yox, bu münaqişədən əzab çəkən sadəlövh xalq kütlələrini özlərinin yalançı narahatlığına inandırmaq və özlərini ədalətli göstərmək cəhdlərindən başqa bir şey deyildir. Bütün bunlar hegemon dövlətləri idarə edən siyasi elitanın qənaətinə görə, guya həmin dövlətlərin “milli maraqları” naminə baş verir. Halbuki burada “milli maraqlar” ifadəsini “neo-imperialist maraqları” ifadəsi ilə əvəz etmədən bu proseslərin heç birini məntiq və siyasi əxlaq rakursundan əsaslandırmaq mümkün deyil.
Bu gün Avropada və Amerikada – dünyanın ən inkişaf etmiş ölkələrində baş qaldıran etiraz hərəkatlarının təkcə insanların maddi təminat problemləri ilə bağlı olduğunu düşünmək sadəlövhlük olardı. Bu əslində onun göstəricisidir ki, insanlar həm milli, həm regional, həm də qlobal səviyyədə qeyri-bərabərliyin və ədalətsizliyin bütün təzahürlərinə qarşı daha böyük həmrəyliklə birləşirlər. Çünki müasir dünyadakı qlobal asimmetriya o həddə çatıb ki, son hesablamalara görə, dünyanın 500 ən varlı adamının qazancı dünya əhalisinin 416 milyonunun qazancını ötüb, yüksək inkişaf etmiş ölkələrdə isə 10 faiz varlı adamın gəliri bütün dünyadakı gəlirin 54 faizini təşkil edir. Paradoksal görünən isə budur ki, bütün bu zənginliklər məhz beynəlxalq siyasəti dünya hökmranlığı tendensiyasında aparmağa can atan dövlətlərin ərazisində cəmləşib. Bəs necə olur ki, son üç yüz ildə bütün dünyanın sərvətləri həmin dövlətlərin xəzinələrinə axdığı halda, bu ölkələrdə iqtisadi böhranlar yaşanır? Bunu “qlobal iqtisadi böhran” adlandırmaq nə dərəcədə düzgün yanaşmadır? Bu daha çox həmin dövlətlərin öz xalqları ilə seçkidən seçkiyə apardıqları siyasi alver proseslərinin nəticəsində yaranmış siyasi böhranın iqtisadi və mənəvi təzahürləri deyilmi? Gənc suveren dövlətlərdə “demokratiya problemlərini” qabartmaqla hökmran dövlətlər doğrudanmı demokratiyanı müdafiə edirlər? Neo-imperialist siyasəti yeridən dövlətlərin doğrudan doğruya demokratiyanı müdafiə etməsi hansı məntiqə sığır? Lüləsinə “demokratiya” geydirilən silahla hansı ölkədə əsl demokratiya “əkmək” olar? Belə suallar zəncirindən asılıb qalan və ağırlaşaraq bu yükün basqısından irəli hərəkət edə bilməyən ekspansionist siyasətin özünü beynəlxalq siyasət kimi qələmə vermək bu gün daha heç kimi inandırmır və belə bir siyasət artıq hərbi güc üstünlüyü olmadan dünyanın heç bir bölgəsində özünə dəstək tapa bilmir. Özünün yaratdığı problemlərin girdabında boğulan “arxaik siyasətin” dünyada “demokratiya dəlikləri” axtarması və onlara barmaq tıxaması getdikcə daha tez-tez əks-nəticələr verir və onun özünü aramsız böhranlar burulğanına salır.
Lakin qlobal siyasi arenanın iştirakçıları yalnız neo-imperialistlər və avtoritarlardan ibarət deyil. Bu gün beynəlxalq həyatda yetişməkdə olan yeni siyasi situasiyanın reallığı neoimperializmin teatrallaşdırdığı mühafizəkar dünya modeli ilə birbaşa ziddiyyət təşkil edir. Çünki artıq dünya “köhnə qaydalarla” yaşaya və idarə oluna bilmir. Dünya dövlətlərinin böyük əksəriyyəti qlobal siyasət “teatrında” onlara ayrılmış, daha doğrusu, onlara sırınan rolların itaətkar ifaçısı olmaqdan imtina edir. Hələ latent formada davam edən bu qarşıdurma bəzi siyasi situasiyalarda açıq qarşıdurmalara səbəb ola biləcək qədər təhlükəli görünür. Çünki özlərini dünyaya hökmran sayan dövlətlər bu üstünlüyü heç vəchlə əldən vermək istəmir, dünya siyasətində son onilliklərdə fəallaşma mövqeyi qazanan gənc suveren dövlətlər isə beynəlxalq siyasi rejimin onları daim əhəmiyyətsizlik və fəaliyyətsizlik şəraitində saxlayan mühafizəkar qaydaları çərçivəsinə sığmırlar. Kifayət dərəcədə iqtisadi və siyasi sabitlik əldə etmiş, öz vətəndaşları üçün zəruri olan ümumbəşəri və demokratik dəyərləri öz cəmiyyətlərində bərqərar etmiş Türkiyə, Argentina, Braziliya və s. kimi dövlətlər artıq qlobal siyasət səhnəsində onlara uzun müddət əvvəl ayrılmış rollarla haqlı olaraq qane olmaq istəmirlər. Belə bir vəziyyətdə dünyanı idarə edən dövlətlər də güzəştə getməyin qaçılmaz olduğunu anlayır və vaxtaşırı dünyanın müxtəlif bölgələrində baş verən hadisələrin dəyərləndirilməsi zamanı fəallaşmaqda olan dövlətlərin mövqeləri ilə hesablaşmaq zorunda qalır, bəlkə özləri də bunu istəmədən həmin dövlətlərin qlobal siyasətə daha fəal şəkildə cəlb olunmaları üçün imkan yaratmalı olurlar. Belə bir dinamikanı və belə bir perspektivin ilk əlamətlərini “Dünya nəhəngləri” adlandırılan dövlətlərin daxil olduğu G-7 formatının əvvəl G-8 -ə , daha sonra G-20-yə transformasiya etməsi prosesində müşahidə edirik.
Beləliklə, müasir dünyanın siyasi həyatında əsl mübarizə neoimperializmlə avtoritarizm arasında deyil, neoimperializmlə fəallaşmaqda olan digər dövlətlərin, şərti olaraq “yeni nəsil dünya dövlətləri” adlandıracağımız dövlətlərin arasında – yəni qlobal hegemonluq ilə qlobal təşəbbüskarlıq arasında baş verir.
İndiyədək, yəni XXİ əsrin astanasına qədərki dövrdə öz müstəqilliyini və suverenliyini itirmək qorxusu altında öz siyasətini daim hegemon dövlətlərin siyasətinə uzlaşdırmağa çalışan yeni nəsil dünya dövlətləri artıq neoimperializmə qarşı öz siyasi, ideoloji və hüquqi platformasını yaratmaq əzmindədirlər. Bu onu göstərir ki, artıq müasir siyasi əxlaq və sivilizasiya qanunları beynəlxalq həyatda “paternalizm” siyasətini və onun yaratdığı “vassallıq” münasibətlərini qəbul etmir.
Belə bir vəziyyətdə dünyanın idarə olunmasının yeni konfiqurasiyasının tapılmasına ehtiyac hiss olunur və bu da öz növbəsində qlobal idarəetmənin yeni qlobal siyasi vəziyyətə uyğunlaşdırılmasını aktuallaşdıran mövqeyin ortaya qoyulmasını zəruri edir. Belə bir mövqeyi nə hegemonlar, nə də avtoritarlar ortaya qoya bilər. Çünki dünyanın idarə olunması kimi qlobal bir məsələdə hər hansı bir islahata və ya güzəştlərə getmək, ümumiyyətlə, onların mahiyyətinə uyğun deyil. Bu mübarizədə böyük demokratiya təcrübəsinə malik olan Avropa dövlətləri ön cinahda olmaqla, yeni nəsil demokratik dünya dövlətlərinin sırası daha da genişlənməli və möhkəmlənməlidir. Məhz belə bir siyasətin tərəfdarları beynəlxalq siyasətdə böyük perspektivi olan yeni bir tendensiyanın tarixi yaradıcısı ola bilərlər. Məhz bu dövlətlərin yürütdüyü və getdikcə daha inamla yürüdəcəyi beynəlxalq siyasətin idarəetmə planında beynəlxalq həyatın bütün reallıqları nəzərə alına bilər.
Məhz bu kontekstdə fəallaşaraq, əlverişli beynəlxalq siyasi situasiyada ümumdünya siyasətinin müəyyənləşdirilməsində, reginal və qlobal layihələrin həyata keçirilməsində və qlobal idarəetmədə öz üzərinə yeni rol və məsuliyyət götürməyə çalışan Türkiyə, Braziliya, Argentina və s. kimi dövlətlər qlobal siyasət arenasında öz mübarizəsinə başlamaqdadır. Son on ildə Azərbaycanda baş tutan hərtərəfli davamlı inkişaf, daxildə həyat səviyyəsinin yüksəlməsi ilə bərabər beynəlxalq miqyasda gündən-günə genişlənən təşəbbüskarlıq və dünya birliyinin də əsasən adekvat reaksiyası Azərbaycanın da yaxın gələcəkdə bu dövlətlər sırasında yer ala biləcəyini deməyə əsas verir. Onların apardığı siyasətin öz məzmununa, məramına və hədəflərinə görə həm neo-imperialistlərin, həm də avtoritar rejimlərin inadla aparmağa israrlı olduğu ekspansionist və öz xalqlarına qarşı despotik siyasətdən tamamilə fərqləndiyini görmək isə heç də çətin deyil. Məhz bu dövlətlərin təşəbbüskarlığının müasir global siyasətdəki inikası başlıca məram və məqsədləri ilə “Yeni Nəsil Dünya Dövlətləri” ideyasının əsasında duran idealları özündə əks etdirir.
Məram, məqsəd və ideallarına görə bu mövqedə dayanan dövlətlərin birgə fəaliyyətinin getdikcə daha çox beynəlxalq siyasətin mütərəqqi ruhunu və optimist tendensiyalarını ifadə etməyə qadir olacağı mümkün görünür. Məhz belə bir mövqeyin dünya dövlətləri arasında tədricən aktuallaşmasının parlaq təsdiqidir ki, 155 dövlətin dəstəyi ilə Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Beynəlxalq sistemin subyektləri onların mənafeyini daha yüksək səviyyədə qoruya bilən gənc bir dövlətə – Azərbaycana etibar etdilər. Bu etimad, heç şübhəsiz, beynəlxalq siyasətdə öz universal platformasını müəyyənləşdirməkdə olan yeni nəsil dünya dövlətlərinin hamısı üçün örnək və möhkəmləndirici dayaqdır.
Əslində, guya bütün dünyanın böhranla üzləşdiyi bir vaxtda bir sıra dövlətlər, o cümlədən gənc suveren dövlət olan Azərbaycan nəinki bu böhrandan sovuşub, hətta son 8 il ərzində ölkədə ümumdaxili məhsulun üç dəfə artmasına nail olub. Bu nailiyyət təkcə ölkədaxili amillərlə bağlı deyil, həm də Azərbaycanın özünü kimlərinsə maraq dairəsinə tabe etdirmədən, beynəlxalq siyasətdə digər suveren dövlətlərlə çiyin-çiyinə qlobal əməkdaşlıq tendensiyasını gücləndirməsinin və dünya birliyini bu yolun doğruluğuna inandırmaq uğrunda səmimiyyətlə çalışmasının bəhrəsidir. Bu gün Azərbaycanın həm Şərq, həm də Qərb dövlətləri ilə apardığı uğurlu siyasət beynəlxalq miqyasda qlobal əməkdaşlığa və dinamik inkişafa, iqtisadi-mədəni əlaqələrin dərinləşməsinə və daha məhsuldar, çoxtərəfli və davamlı olmasına geniş perspektivlər açır. Beynəlxalq siyasətin inkişafında Azərbaycan kimi öz mövqeyi olan yeni nəsil demokratik dövlətlərin rolunun artması bu inkişafın dialektik qanunauyğunluğunun nəticəsidir. Azərbaycan kimi gənc bir dövlətin 200 dövlətdən 155-nin dəstəyini qazanmasını məhz belə bir nəticə hesab etmək olar. Bu təkcə Azərbaycan üçün yox, həm də uğurlu bir presedent kimi bütün dünya birliyi üçün mütərəqqi hadisədir. Belə ki, bütün beynəlxalq subyektlər paritet əsaslarda beynəlxalq siyasəti təmsil etmək və irəlilətmək imkanlarına malik olduqda, qlobal siyasət öz mütənasibliyini əldə edərək bütün tərəfdaşların gücünü dünyanın qlobal problemlərinin həllinə doğru daha optimal şəkildə səfərbər edə bilər. Bu gün neoimperializmin paternalist siyasətinə, qlobal idarəetmənin öz mahiyyətindən yayındırılmasına, beynəlxalq münasibətlərin gərginləşdirilməsinə, beynəlxalq hüquq qaydalarının pozulmasına, qlobalmiqyaslı ədalətsizliyə, demokratiyanın təhrifinə və ondan sui-istifadə edilməsinə, dünya birliyinin ayrı-ayrı hegemon dövlətlərinin “milli maraqları” naminə demokratiyanın sarsıdılmasına qarşı BMT özünün yeni konsepsiyasını ortaya qoymalıdır. Bu konsepsiyada dünyanın gələcəyinə yeni yanaşmanın yüksək siyasi əxlaq meyarları ilə uzlaşan nəzəri istiqamətləri müəyyən olunmalıdır.
Fenomenal dəyişiklikləri nəzərdə tutmalı olan yeni konsepsiya müasir dünyadakı gərgin situasiya kontekstində beynəlxalq sistemdə hər hansı bir forma və səviyyədə dominantlıq siyasətinin status-kvo kimi saxlanmasını, hər hansı bir subyektin və ya subyektlərin birtərəfli şəkildə üstünləşməsini və onların öz mövqeyini dünya birliyinə diktə etməsini istisna etməlidir. Təbiidir ki, bu prosesdə hal-hazırda qlobal idarəetmədə həlledici mövqeyə malik olan dövlətlərin öz aralarındakı münasibətlər və belə bir aparıcı mövqeyi əldə etməyə çalışan yeni qüdrətli dövlətlərin beynəlxalq arenaya çıxaraq buradakı prioritetləri bölüşməsi həm də dünyanın siyasi inkişafına yeni təsir imkanları yaradacaq.
Yeni nəsil demokratik dünya dövlətlərinin birgə səyi və fəaliyyəti ilə baş verməsi mümkün olan bu transformasiya prosesi “realpolitikin” dünyanı fövqəldövlət rejiminin mütləqliyində saxlanmasına yönəlmiş mühafizəkar doktrinaları ilə ziddiyyət təşkil edir. Doğrudan da, qlobal təhlükəyə potensial mənbə olan bu günkü beynəlxalq şəraitin dəyişməzliyini hər hansı bir inkişafın şərti hesab etmək absurd görünür. Beynəlxalq siyasətin yeni təhlükəsizlik konsepsiyası bu metafizik doktrinaya qarşı özünün dialektik konsepsiyasını ortaya qoymaqla beynəlxalq sistemin siyasi, hüquqi və etik əsaslarının daha mükəmməl dayaqlar üzərində qurulmasına nail olmalı və beləliklə, daimi təhlükəlilik və qeyri-sabitlik rejimini getdikcə neytrallaşdıraraq aradan çıxarmağın mümkün vasitə və mexanizmlərini yaratmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, hər bir dövlətin milli siyasətinin beynəlxalq siyasətlə orqanikləşməsi onların hər ikisinin bir-birini stimullaşdıraraq inkişaf etməsi deməkdir. Suveren milli dövlətlər mənsub olduqları sivilizasiyaların kodunu daşıdığına görə, onların beynəlxalq siyasi sistemdə strukturlaşdırdığı siyasət də həmin sivilizasiyanın özünəməxsus keyfiyyətlərinə, yəni həm də fərqli yanaşma dəyərlərinə, özünəməxsus meyar və prinsiplərinə malikdir. Beləliklə, siyasət özünün bütün parametrləri ilə sivilizasiyanın dərin köklərinə, onun ümumi inkişaf məntiqinə bağlıdırsa və öz növbəsində sivilizasiyanın da bütün taleyi və perspektivi onun etik substansiyasından - əsaslandığı əxlaqi dəyərlərin kamilliyindən və keyfiyyətindən asılıdırsa, deməli, siyasət və onun idarəetmə texnologiyaları da çevrəsində olduğu sivilizasiyanın əxlaq mentalitetindən və etik tərəqqi tələblərindən kənarda qala bilməz.
Arxitektonik quruluşlu qlobal siyasi sistemin beynəlxalq ədalətə söykənən universal ideyasına görə, yalnız millətlərin birliyi bəşəriyyətin gerçək substansiyasını ifadə edir. Müasir dünya birliyinin təşəkkülünə doğru inkişafın hazırkı mərhələsində ümumdünya demokratikləşmə və modernləşmə hərəkatının genişlənməsi və məhz demokratik suveren milli dövlətlərin sıx konsolidasiyası dönməz proses olaraq planetar siyasi-antropoloji sistemi onun inkişafının yeni fazasına, bəşəriyyəti təşkil edən millətləri isə daha geniş əməkdaşlıq münasibətlərinin qurulmasına hazırlayır. Beynəlxalq münasibətlərin inkişafının, həqiqətən, əməkdaşlıqdan başqa alternativi yoxdur. Əməkdaşlıq isə idarə edənlə idarə olunan arasında mümkün olmur. Buna görə də indiyədək - ən azı Sovet imperiyasının sonunadək “Parçala və hökm” sür prinsipinə əsaslanan beynəlxalq siyasət (və ya qlobal siyasət) artıq dəyişilməyə məhkumdur. Müasir dövrümüzdə dövlətlərarası münasibətləri tənzimləyəcək və dünyanın sülh və sabitlik şəraitində idarə olunmasını təmin edə biləcək siyasət artıq dünyanın bölüşdürülməsinin deyil, birləşdirilməsinin qlobal siyasətinə çevrilməlidir.
Qloballaşan dünya – ayrı-ayrı siyasi, iqtisadi, hərbi, ideoloji, dini maraqların toqquşma meydanı kimi daralan, geopolitik ərazilərə parçalanan, təbii ehtiyatları tükəndirilən dünya deyil, əksinə, qarşılıqlı əməkdaşlıq meydanı kimi genişlənən, geopolitik maraqların konsensusu yaradılan, təbii-intellektual ehtiyatlarının fasiləsiz artımı təmin olunan dünya modelində proyeksiya alaraq bütün bəşəriyyətin məsuliyyət daşıdığı İnsan Planeti olmalıdır. Planetimiz isə bu gün doğrudan da çoxqütblüdür. Bu qütblər isə yalnız neo-imperialistlərdən, avtoritarlardan və yeni nəsil demokratik dünya dövlətlərindən də ibarət deyil. Bir anlığa İran, Şimali Koreya kimi dövlətlərin nüvə silahına malik ola bilmək ehtimalını və dünyanın bütün qitələrində tez-tez öz mövcudluğunu hiss etdirən beynəlxaq terror qurumlarını da göz önünə alanda müasir dünyanın doğrudan da çoxqütblü, bu qütblər arasındakı münasibətlərin isə olduqca ziddiyyətli və mürəkkəb olduğuna şübhə yeri qalmır. Bu ziddiyyətlərdən doğan dağıdıcı təsir qüvvəsi isə beynəlxalq sistemin hər bir subyektinə bu və ya digər dərəcədə təsir etməkdədir. Bu baxımdan belə bir transformasiya yalnız söz sahibi olmaq uğrunda mübarizəyə qalxan dövlətlər üçün deyil, Yer üzərində yaşayan hər bir insan üçün əhəmiyyətlidir. İnsan – Dövlət münasibətlərinin yeni quruluş alması istiqamətində formalaşan yeni siyasi-antropoloji sistemdə İnsan özünü Siyasət tərəfindən idarə olunan passiv obyekt kimi deyil, siyasəti idarə edən aktiv subyekt kimi dərk etməlidir. Bu gün sürətlə transformasiyaya uğrayan planetdə beynəlxalq siyasətin yeni platforması hegemon dövlətlər tərəfindən deyil, məhz sözün əsl mənasında Dünya Birliyi tərəfindən işlənib hazırlanmalıdır. Belə bir platformada insan inkişafı – dünya inkişafının, suveren milli dövlət – genişlənən dünya birliyinin, yaradıcı əxlaq – rasional siyasətin, ləyaqət və humanizm – getdikcə cilalanan bəşər sivilizasiyasının dayağı anlamında bəyan edilməli və istisnasız olaraq bütün dövlətlər tərəfindən qəbul edilməlidir. Bütün bunların həqiqətə çevrilməsi üçün beynəlxalq sistemdə ciddi struktur dəyişikliklərinin həyata keçirilməsi gündən-günə zərurətə çevrilməkdədir. Yalnız o zaman biz yeni dünyanın və ya dünya inkişafının yeni mərhələsinin vətəndaşları olduğumuzu hiss edə və bununla fəxr edə bilərik.