Bu gün Avrasiyanın özəyində – “içtorpağında” (“Heartland”) [1, s. 430-451] türk dövlətlərinin yaratdığı geopolitik sistemin getdikcə möhkəmlənməsi təkcə onların özlərinin deyil, regionun digər dövlətlərinin də maraqlarına uyğun olması şübhəsizdir. Avrasiyanın “Türk Konsensusu” bu regionun dövlətləri arasında razılaşmanın elə bir ortaq mövqeyini meydana gətirir ki, onların hər birinin bu ümumi platformada inkişafı üçün optimal şərait yaranmış olur. Milli, regional və qlobal səviyyələrin uzlaşması üzərində qurulan Avrasiyanın “Türk Konsensusunun” mütləq üstünlüyü ondadır ki, burada hər hansı bir siyasi subyektin dominantlığına imkan verilmir. Adətən, güclü və zəif dövlətlərin, sabit və qeyri-sabit siyasi sistemlərin, mütərəqqi və durğun iqtisadiyyatların, demokratik və qeyri-demokratik cəmiyyətlərin yanaşı yaşadığı amorf xarakterli geopolitik məkanda “içəridən” və “kənardan” dominantlıq və hegemonluq iddiaları üçün münbit zəmin yaranır. Deməli, Avrasiyanın “Türk Konsensusu” zəruri mərhələ kimi tədricən regiondakı bu “dissonans” vəziyyətinin aradan qaldırılmasına çalışmalıdır. Avrasiyanın geopolitik təhlükəsizliyi şəraitində Yaponiyadan Britaniyaya qədər, Rusiyadan Hindistana qədər seçkin xarakterli və müxtəlif səviyyəli ölkələrin əməkdaşlıq münasibətlərində bulunması mümkündür. Belə bir şəraitdə ayrı-ayrı dövlətlərin bir-birinə zidd maraqlarla qütbləşməsi, gələcək qarşıdurmalara yol açan siyasi-hərbi təmayüllərlə bloklaşması cəhdləri minimuma endirilir. Buna görə də müasir dövrdə Türkiyədən Qazaxıstanadək bütün türk dövlətləri özlərinin yetkin siyasi mədəniyyətlərinin məntiqi və uzaqgörənliyi ilə Avrasiyanın geopolitik təhlükəsizliyini reallaşdıracaq tendensiyaların birmənalı şəkildə tərəfdarı və avanqardı kimi çıxış etməlidirlər. Bütün aspektləri ilə seçkinlik və universallıq keyfiyyətlərinin harmoniyasına malik olan türk dünyasının böyüyüb genişlənməsi və siyasi çəkisinin artması – onun ümumdünya inteqrasiya proseslərinin tərkib hissəsinə və hərəkətverici qüvvəsinə çevrilməsinin də determinantıdır. Bu gün bütövlükdə Avrasiyanı qlobal inteqrasiya müstəvisinə çıxaran prosesləri bu məkanın ən böyük geopolitik və geosivilizasion ərazisini tutan türk xalqları və dövlətlərinin məsuliyyətli iştirakı olmadan təsəvvür etmək mümkün deyildir. Türk potensialı – Avrasiyanın təkcə planetin ən böyük geopolitik məkanı deyil, həm də qloballaşma hərəkatının “nüvəsi” olmasına əsaslar yaradır. Ümumdünya inteqrasiyasının Avrasiyanı əhatə edən prosesləri yalnız türk dövlətləri geopolitik məkanının daxili inteqrasiyası ilə bütövləşə və gerçək qlobal tamlığını əldə edə bilər.
Beynəlxalq siyasi analitika buna görə də Avrasiyada cərəyan edən hazırkı proseslərin təhlili kontekstində türk dövlətləri geopolitik məkanının inkişaf perspektivinə nəzər yetirərək, bu dövlətlərin, xüsusilə Türkiyənin həmin proseslərə təsir imkanlarının artdığını, ümumən bu regionun siyasi aktuallığının həm də qlobal mənada yüksəldiyini ciddiyyətlə vurğulayır. Qərb siyasi analitiklərindən Corc Fridman və Zbiqnev Bzejinskinin fikrincə, Amerika Birləşmiş Ştatlarının diqqət mərkəzində dayanan Şərq İslam dövləti Irandan fərqli olaraq, regionda balans yarada və güc ola biləcək yeganə ölkə – Türkiyədir. Növbəti 10 il ərzində ABŞ-ın nə etməsinə baxmayaraq, onun özünə həm də strateji müttəfiq saydığı Türkiyə bu səviyyəyə çatacaq. Dünyanın on yeddinci ən güclü dövləti kimi Türkiyə Yaxın Şərqdə iqtisadi cəhətdən ən inkişaf etmiş ölkə olmaq imkanındadır. O, regionun və böyük ehtimalla Avropanın (Rusiya Federasiyası və Böyük Britaniya istisna olmaqla) ən güclü ordusuna sahibdir. Hazırda İranın Ərəbistan yarımadasında bərqərar etməyə çalışdığı dominantlıq cəhdləri Türkiyənin maraqlarına ziddir, çünki onun regionun neft ehtiyatlarına marağı əhəmiyyətli dərəcədə artıb. Səbəb isə Türkiyənin Rusiya neftindən asılılığını azaltmaq səyləridir. Bundan əlavə, Ankara Tehranın güclü olmasını istəmir. Iranda kürd əhalisi yaşayır, onlar Türkiyənin cənub-şərq ərazilərindəki kürdlərin sayından xeyli azdır. Lakin bu reallıq da Tehran tərəfindən istifadə oluna bilər. Kürd faktorunu regional və qlobal güclər dəfələrlə Bağdad, Ankara və Tehrana təzyiq üçün istifadə edib. Corc Fridman qeyd edir ki, növbəti on il ərzində iranlılar Türkiyə ilə mübarizə aparmaq gücündə olmaq üçün öz strateji əhəmiyyətli sərvətlərini bölməli olacaqlar. Eyni zamanda, ərəb dünyası şiə Iranına qarşı dayana biləcək qüvvə axtarışında olacaq: belə bir şəraitdə ən yaxşı “namizəd” rolunda isə sünni Türkiyə çıxış edir. Yaxın onillikdə ABŞ üçün əsas şərt ərəb dünyasında dominantlıq etmək məqsədi ilə Ankara ilə Tehran arasında ittifaqın yaradılmasının qarşısının alınmasıdır. Ankara və Tehranın Ağ Ev qarşısında qorxuları artdıqca belə ittifaqın yaradılması ehtimalları artır. Amerika ilə razılaşmanın əldə edilməsi müəyyən müddətə iranlıları sakitləşdirə bilər. Ancaq bu, uzunmüddətli ittifaq deyil, yalnız bu günkü maraqların ittifaqı olacaq. Ağ Evlə uzunmüdddətli tərəfdaşlığı dəstəkləyən Ankara isə digər regionlarda, ilk növbədə Balkanlarda və Qafqazda əhəmiyyətli ola, orada Rusiyanın neo-ekspansiya məqsədlərinə qarşı bufer rolunu oynaya bilər. Deməli, uzunmüddətli perspektivdə Tehran Ankaranı dayandıra bilməz. Iqtisadi baxımdan Türkiyə daha dinamikdir və bunun nəticəsində ən modern silahlı qüvvələri saxlamağa qadirdir. Mühüm olan cəhət isə ondan ibarətdir ki, coğrafi baxımdan Tehranın regional alternativləri məhduddur, Ankara isə Qafqaz, Balkanlar, Orta Asiya və Aralıq dənizi ölkələrinə, Şimali Afrikaya doğru genişlənə və ittifaqlar yarada bilir. Tehran isə bu imkanlardan məhrumdur. Iranın heç vaxt güclü hərbi-dəniz qüvvələrinin olmadığını vurğulayan Corc Fridman qeyd edir ki, gələcəkdə də coğrafi vəziyyətinə və boğazların strateji əhəmiyyətinə görə belə qüvvəyə sahib ola bilməyəcək. Türkiyə isə, əksinə, həmişə Aralıq dənizində dominant qüvvə olub və gələcəkdə də bu mövqeyini qoruyub saxlayacaq. Yaxın on ilin perspektivində Ankaranın regiondakı dominantlığı əhəmiyyətli dərəcədə artacaq. Artıq bu gün Ankara kifayət qədər önəmli rol oynayır. Ancaq növbəti on il ölkə üçün hərtərəfli səfərbərlik dövrü olmalıdır. Bunun üçün vacib şərt mövcud olan daxili problemlərin həlli və iqtisadiyyatın möhkəmləndirilməsidir. Bu zaman Ankaranın diqqətli xarici siyasəti də qorunub saxlanılacaq. Türkiyə münaqişələrə qoşulmayacaq və buna görə də regionda üstün mövqeyə sahib olacaq. Buna görə də ABŞ Türkiyəyə uzunmüddətli perspektivdən yanaşmalı və onun inkişafını ləngitmək üçün təzyiq göstərməməlidir. Zbiqnev Bzejinski də hesab edir ki, XX əsrdə Türkiyə transformasiya prosesində kommunist Rusiyası ilə müqayisədə daha uğurlu yol seçib. 1924-ci ildə Mustafa Kamal Atatürkün köklü islahatlar həyata keçirməsi dönüşyaradıcı dəyişikliklərə səbəb olub. Üstün cəhətlərinə görə, Ankara qeyri-rəsmi də olsa, Avropanın, nəhayət, Qərbin davamı mövqeyinə çatıb. Bugünkü müasir Türkiyə beynəlxalq arenada özünün regional coğrafi üstünlüyünü bərpa edir. Belə pozitiv yeniləşmənin mənbəyi isə dini əsaslar deyil, tarixi-geosiyasi motivasiyadır: Sovet Ittifaqı dağılandan sonra müstəqilləşən türkdilli dövlətləri, təbii ki, Türkiyə ilə çiyin-çiyinə verməli və birgə addımlamalı idilər. Türkiyənin enerji baxımından zəngin, geopolitik baxımdan da inkişaf etməyə hər cür potensialı olan türk dövlətləri regionu ilə ticarət və mədəni əlaqələr qurması həm də demokratikləşmə məsələsində təsir faktoru ola bilər. Nəzərə almaq lazımdır ki, Moskva da Orta Asiyanın enerji resurslarının ixracına birbaşa “əl qoymaq” istəyir. Ancaq Ankaranın Bakı və Tiflislə əməkdaşlıq çərçivəsində artan regional rolu Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya türk dövlətlərinin neft və qazının Avropaya birbaşa çıxışına təminat yaradır. Deməli, Qərb Türkiyəni itirməməlidir. Qərb üçün Türkiyəni itirmək – türk dövlətləri regionunu itirmək deməkdir. Bu regionun “açarı” olan Türkiyənin inkişafı – transAvrasiya layihələrinin tam şəkildə reallaşmasına, bütünlüklə regionun tərəqqisinə və onun qlobal məkanla fəal əməkdaşlıq münasibətlərində olmasına təminat yaratmaq deməkdir [ 2; 3; 4] .
Belə bir tarixi-siyasi şəraitdə türk dünyasının birliyi ideyasının gerçəkləşməsi – türk sivilizasiyasının bütün səviyyələrdə özünüdərk prosesinin uğurla davam etməsindən bilavasitə asılıdır. Türk siyasi-mədəni sisteminin özünü bütöv görməsi – multikulturalizm arenasında bu sivilizasiyanın sistemlilik qanunauyğunluqlarının düzgün dərk edilməsinə, türk varlığının özünütəsdiq qətiyyətinə bağlıdır. Ona görə də bu sivilizasiya məkanına daxil olan türk dövlətlərində siyasi mədəniyyət düşüncəsinin əsas istiqaməti – türk birliyi ideyasının Avrasiyanı dolaşan trayektoriyası ilə hərəkət edir. Bu hərəkatın baş yolu isə türk sivilizasiyasını – qlobal sivilizasiyanın aparıcı inkişaf tendensiyalarına birləşdirir. Yeni tarixi situasiyada belə bir Birliyin yaranması sübut etməlidir ki, Avrasiyanın Avropa hissəsi – Avropa İttifaqını ərsəyə gətiribsə, onun əsasən Asiya hissəsinin türk sivilizasiyası regionunda, özü də daha mükəmməl formada eyni missiya reallaşa bilər. Avropa İttifaqı (“European Union”) ilə Türk Dövlətləri Birliyi (“The Union of Turkic States”) – Avrasiyanın iki yaxın platforması kimi onun vahid qlobal siyasi məkan statusu əldə etməsi deməkdir. Bu paradiqmanın önə çıxarılması o anlama gəlir ki, Türk Dövlətləri Birliyi – Avropa İttifaqına alternativ ideya olsa da, onun ziddinə deyildir. Əksinə, Avropa İttifaqından sonra Türk Dövlətləri Birliyinin yaranması Avrasiyanın siyasi-sivilizasion cəhətdən bütövləşməsi tarixinin mühüm bir məqamı və davamıdır.
Beynəlxalq hüquq normalarının beynəlxalq siyasətdə prioritetə çevrilməsi Yeni Dünya Sistemini yaratmağa məsuliyyətli dövlətlərin (ön sırada türk dövlətlərinin) regional və qlobal miqyasda konsolidasiyası prosesində daha da sürətlənir. Bizim üçün tarixi əhəmiyyət daşıyan proses də bundan ibarətdir ki, Türk Dövlətləri Birliyinin yaradılması – türk xalqlarının milli-siyasi iradəsinin təzahürü olaraq həyata keçirilmək potensialını daşıyır. Yeni Dünya Sistemini modelləşdirən proseslər beynəlxalq siyasətdə Avropa Birliyinin yaranmasından sonra artıq birlikyaratmanın bu qaçılmaz proseslərinə təkan vermişdir. İndi birlikyaratmanın Avropa modelinə alternativ olaraq Türk Dövlətləri Birliyi onun Avrasiya modelini meydana gətirməlidir. Dövlətlərarası münasibətlərdə qazanılmış son onilliklərin çoxtərəfli əməkdaşlıq təcrübəsi regional müttəfiqləşmə prosesində Avropadakı kimi sivilizasiya mənsubiyyəti amilinin daha etibarlı olduğunu göstərir. – İnsanlar, cəmiyyətlər və dövlətlər formal səbəblərdən gələn yaxınlaşmadan daha çox, kökdən gələn səbəblərlə yaxınlaşmağa və birləşməyə üstünlük verir. Müasir dövrümüzdə dünya dövlətlərinin ümummilli, regional, linqvistik, dini, sivilizasion əsaslarda daxili inteqrasiyaya girməsi və bu inteqrasiyanın uzunmüddətli perspektivdə onların siyasi və iqtisadi maraqları ilə uzlaşması birlikyaratmanın ən ciddi və ən zəmanətli təminatına çevrilir. Türk dövlətlərinin də daxili inteqrasiyasını öz içinə alan bu tendensiya beynəlxalq hüquqla nizamlanan beynəlxalq siyasətin yeni proqressiv-sinarxik mərhələyə (reqressiv-xaotik proseslərin ziddinə) keçməsi, daha dəqiq desək, tarixdə ilk dəfə beynəlxalq siyasətlə beynəlxalq hüququn eyni prinsipial mövqedən çıxış etməsi deməkdir. Çünki bu prosesdə birlik – beynəlxalq siyasətin zərurəti və beynəlxalq hüququn qanunları ilə yaradılır. Türk Dövlətlərinin Birliyinin yaradılması da – tarixdə heç zaman indiki qədər real olmayıb. Həmin paradiqmal məntiqə görə də belə bir birliyin yaradılması – beynəlxalq siyasətin zərurətindən irəli gəlir, beynəlxalq hüququn qanunlarına əsaslanır. Türk Dövlətləri Birliyinin beynəlxalq siyasətin avanqardı və beynəlxalq hüququn subyekti olaraq meydana gəlməsi – Avrasiyada və eləcə də dünyada dövlətlərarası münasibətlərin inkişafında yeni bir mərhələni başladacağı şübhəsizdir.
Xüsusi olaraq qeyd etməliyik ki, türk dünyasının bütövlüyü, onun özünü vahid geosiyasi məkanda və platformada dərk etməsi və buradakı proseslərə birgə təsir imkanlarına malik olması – Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsindən, bu səviyyənin daim yüksəldilməsindən, daha kəsərli hala gətirilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Azərbaycan həm də ona görə bütün türk dünyasının siyasi konvergensiya – qaynaq nöqtəsi sayılır ki, geosivilizasiya münasibətlərinin və Avrasiyada türklərin superetnos kimi tarixi təşəkkülü baxımından ölkəmizin bu qlobaləhəmiyyətli statusu qazanması üçün bütün ilkin və mühüm şərtlər yaranmışdır. Azərbaycan Avropanı Asiya ilə birləşdirən ən böyük türk dövləti – Türkiyəni Mərkəzi Asiya türk dövlətləri ilə birləşdirən, Xəzər-Qafqaz regionunu geosiyasi, iqtisadi və geosivilizasion baxımdan bütövləşdirən və nəhayət, ümumtürk birliyi ideyasının ideoloqlarını yetişdirən bir dövlətdir. Eyni zamanda, artıq heç kimə sirr deyil ki, bu gün dünyada mövcud olan həmin türk dövlətlərinin ümumi mənafe birliyini nəzərə almadan, nə onların özlərinin, nə bütövlükdə region dövlətlərinin, nə də beynəlxalq subyektlərin qarşılıqlı əməkdaşlıq münasibətlərini istənilən səviyyəyə çatdırmaq olmaz. Məhz bu prinsipial mövqeyi beynəlxalq siyasətin reallığına çevirmək üçün türk dövlətlərinin müttəfiqliyini möhkəmləndirən bütün təşəbbüslərin dəstəklənməsi onların son iyirmi ildə apardığı daxili və xarici siyasətin əsas istiqamətlərindən biri olmuşdur və bundan sonra da daha artıq, daha güvəncli olmalıdır.
Türk Dövlətləri Birliyinin konvergent humanitar siyasəti – hazırkı vəziyyətdə suveren türk respublikaları arasında siyasi-mədəni inteqrasiyanın humanitar əsaslarını yaratmaq və bu əsaslar üzərində Birliyin gerçəkləşməsi prosesinin düzgün ideya platformasını qorumaq, onu sağlam saxlamaq və həmin prosesin uğurla başa çatdırılmasına xidmət etmək məqsədlərini daşıyır. Türk dünyasında humanitar münasibətlərin inkişafı – ideologiya, mədəniyyət, elm, təhsil, ədəbiyyat, incəsənət sferasında müasir zaman üçün ortaq dəyəryaratma praktikası üzərində genişlənir və dərinləşir. Çağdaş dövrümüzdə türk sivilizasiyasının milli mədəniyyətlərlə zənginləşən prosesinin yenidən və daha mükəmməl əsaslarda ortaq mədəniyyət platformasına gətirilməsi onun üstünlüklərini, donuq deyil, canlı bir sistem olduğunu, başlanğıcından indisinin və gələcəyinin göründüyünü, qanunauyğun transformasiya dialektikasını üzə çıxarır. Türk humanitariyasının ortaqlaşma siyasəti – müasir dünyanın universal dəyərlərini də mənimsəyən, lakin, əsasən, öz tarixi genezisi və təcrübəsi üzərində yüksələn bir köklü mədəniyyəti yeni inkişaf fazasına çıxarmaq qüdrətindədir. Dil, təfəkkür və mədəniyyətcə yaxınlaşmalar ümumtürk kulturoloji sisteminin daxili orqanikasını yaradır və onu yanılmalardan, sapmalardan qoruyur. Türk Dövlətləri Birliyinin vahid humanitar siyasətinin – türk dünyasında mədəniyyətlərarası münasibətlərin inkişafı perspektivində irəli hərəkət etməyə dayaq tapdığı ən güclü təməl və stimul da məhz budur: humanitar təfəkkürdə və praktikada universal fəaliyyətlərin konsensusunu yaradan sistemdaxili orqanika. Onun bütövlüyünü qorumaq – Türk Dövlətləri Birliyinin gerçəkləşməsi məqsədlərinə çatmaq deməkdir.
Türk dövlətləri arasında müttəfiqləşmənin konseptual ideologiyasının əsas vəzifələri isə – ümumtürk dövlətçiliyinin tarixi-fundamental dəyərlərindən və prinsiplərindən çıxış etməkdən, müstəqil türk respublikalarında milli ideologiyaları inkişaf etdirməkdən, bu respublikalarda Birliyə münasibəti və onun təşəkkülünə doğru fəaliyyətləri öyrənmək və stimullaşdırmaqdan, siyasi hakimiyyətlərin universal humanitar-ideoloji platformasını dayaqlandırmaqdan, dövlətlərarası konsolidasiyanı möhkəmləndirməklə yanaşı, xarici ideoloji təxribatlara qarşı sistemli mübarizəni birgə təşkil etməkdən, beynəlxalq səviyyədə, xüsusilə türk toplumları və diaspor təşkilatları arasında ideoloji həmrəyliyə nail olmaqdan, türkçülük dünyagörüşünü praqmatik məcraya yönəltməkdən və bu təməl üzərində, beynəlxalq ictimaiyyəti Türk Dövlətləri Birliyinin yaradılması proseslərinə hazırlamaqdan, dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən türksoylu dövlət və cəmiyyətlərin müttəfiqliyinə dəstək qazandırmaqdan, onu əngəlləyə bilən cəhdləri və təhlükələri neytrallaşdırmaqdan, Türk Dövlətləri Birliyi timsalında dünyaya yeni bir güclü siyasi birliyin doğuluşu ilə qlobal transformasiyanı həyata keçirməkdən ibarətdir.
Qlobal dinamikada türk geopolitik regionunun (TGR) – türk geopolitik sisteminə (TGS), türk geopolitik sisteminin (TGS) – Türk Dövlətləri Birliyinə (TDB) transformasiyası necə qanunauyğundursa, türk dövlətləri arasında geopolitik əlaqənin üç səviyyəli (milli, ümumtürk, dünya) dinamik sistemi də bir o qədər beynəlxalq siyasi sistemin özünün möhkəmlənməsi prosesinin tərkib hissəsidir. Türk Dövlətləri Birliyi ideyasını Düşüncə müstəvisindən Əməl müstəvisinə keçirməkdə olan fəaliyyətlərin meydanı bu prosesdə getdikcə genişlənməli və praktiki olaraq, daha geniş çevrələrdə özünə etimad arenası yaratmalıdır.
Türk dünyasının bütövlük mənzərəsini gözümüz qarşısında canlandıran proseslər Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayları, Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantıları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şuraları, Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin Forumları çərçivəsində keçirilən tədbirlərlə təşviq edilərək, layihələşdirilərək, eyni zamanda tamamilə müstəqil təşəbbüslərlə ərsəyə gələrək, ümumtürk təşkilatlanmasını günümüzün reallığına, görülən işlərin bitkin, sistemli nəticəsinə, gələcəyin kardinal məqsədlər platformasına çevirir: TÜRKPA – Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, TDAV – Türk Dünyası Araşdırmaları Vəkfi, TİKA – Türk İşbirliyi və Koordinasiya Agentliyi, Mərmərə Qrupu SSAV – Strateji və Sosial Araşdırmalar Vəqfi, TXÜA – Türk Xalqlarının Ümumdünya Assambleyası, TSAM – Türk Sivilizasiyası Araşdırma Mərkəzi, TUDEV – Türk Dövlət və Cəmiyyətləri Dostluq, Qardaşlıq və İşbirliyi Vəqfi, TDBB – Türk Dünyası Bələdiyyələr Birliyi, BTH – Böyük Turan Hərəkatı, TDSDF – Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu, TASAM – Türk-Asiya Strateji Araşdırmalar Mərkəzi, AAYB – Avrasiya Yazarlar Birliyi, TDYSV – Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi, TDJB – Türk Dünyası Jurnalistlər Birliyi, DGTYB – Dünya Gənc Türk Yazarlar Birliyi, DTQCFD – Dünya Türkləri Qohum Cəmiyyətlərin Fəaliyyət Dərnəyi, TGBT – Türk Gənclər Birliyi Təşkilatı və s., eyni zamanda, onların həm türk dövlətlərində, həm də xarici ölkələrdəki qurumları türk təşəbbüskarlığının nə qədər geniş potensiala, beynəlxalq etik-siyasi dəyərə malik olduğunu isbat edir. Türklər – kökündə humanizm və əxlaq, ədalət və yüksəliş dayanan, dünyasevər, insansevər, sülhsevər, mədəniyyətsevər, tərəqqisevər birliklər yaratmağa qadir cəmiyyətlərin qurucuları kimi tanınırlar. Onların yaratmaq amacında olduqları Türk Dövlətləri Birliyi də bütün mahiyyəti ilə ümumbəşəri ideallara, bu idealların Dünya Birliyində öz zirvəsinə çatan təcəssümünə bağlılıq mənası kəsb edir. Dünya miqyaslı ümumtürk təşkilatlanması türk dövlət və cəmiyyətlərinin nüfuzunu genişləndirdiyi dərəcədə beynəlxalq humanitar mədəniyyət dəyərlərinin, siyasi-iqtisadi, elmi-texnoloji nailiyyətlərin türk dünyasına daha intensiv şəkildə nüfuz etməsinə şərait yaradır.
Müstəqil türk dövlətlərinin milli təhlükəsizlik konsepsiyaları və müvafiq dövr üçün nəzərdə tutulan milli inkişaf strategiyaları praktiki olaraq regional və qlobal əməkdaşlığın perspektivlərini də müəyyən etdiyindən, onlar həm də həmin dövlətlər üçün universal strateji platformanın da modelini ümumi konseptual cizgiləri ilə təsəvvür etməyə imkan verir. Türk Dövlətləri Birliyinin yaradılmasına yönəlmiş fəaliyyətlərin konsentrasiyası, milli strategiyaların rasional əsaslarda və kardinal hədəflər üzrə uzlaşdırlması suveren türk dövlətlərinin müttəfiqliyi bazasında onların ümumi strategiyasının başlıca məqsədlərini funksionallaşdırır: Türk milli dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası öz aralarındakı ikitərəfli və çoxtərəfli münasibətlərin, strateji müttəfiqliyin ən yüksək səviyyəsini bütün istiqamətlərdə əldə edir, həmin münasibətlərdə ortaya çıxan hər hansı problemi qeyri-türk dövlətlərinin müdaxiləsi olmadan ümumi konsensus əsasında həll edir, türk diplomatiyasının üstünlüyünü, çevikliyini və demokratizmini ilkin olaraq bu taktiki planda həyata keçirirlər; hər bir türk dövlətinin inkişafı – onların türk geopolitik regionunda (TGR) birlikdə öz strateji məqsədlərinə çatmasının zəmanəti kimi qəbul olunur; Türk Dövlətləri Birliyi yaradılmasının şərti – həmin statusa uyğun, beynəlxalq reytinqlərə müvafiq yüksək inkişaf səviyyəsinin əldə edilməsi sayılır; Türk Dövlətləri Birliyinin yaradılması məramı əsas götürülərək və beynəlxalq siyasətin, dövlətlərarası münasibətlərin obyektiv reallıqlarına müvafiq olaraq, optimal tarixi məqamda müstəqil türk dövlətləri özlərinin Zirvə Toplantısını keçirib Birlik Bəyannaməsi ilə çıxış edirlər.
Müstəqil türk dövlətləri arasındakı ikitərəfli və çoxtərəfli münasibətlərin yaxın zamanı əhatə edən bütün tarixi və onun nəticələri (dövlət başçıları arasında bağlanmış müqavilələr, keçirilmiş görüşlər, sammitlər, verilən rəsmi bəyanatlar və s.) açıq şəkildə sübut edir ki, onlar müttəfiqlik statusunda birlik yaratmağa qərarlıdırlar; özlərinin milli maraqlarından çıxış edirlər; geopolitik mövqelərinin ümumiliyindən çıxış edirlər; regional və qlobal miqyasda beynəlxalq təhlükəsizliyin məsuliyyətini birlikdə bölüşmək niyyətindədirlər; Avrasiyada qüvvələr tarazlığının birlikdə komponenti olmaqda israrlıdırlar; beynəlxalq təşkilatlarda ortaq maraqların və mövqelərin daşıyıcıları olmaq səlahiyyətindədirlər; beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin dinamikasında öz yerlərini və funksiyalarını aydın görürlər; dünya təsərrüfat sistemində mühüm funksional əhəmiyyət daşıyan qlobal iqtisadi layihələr üzrə transregional kommunikasiya xətlərinin həlqələrini təşkil edirlər. Bütün bunlar Avrasiyada Türk konsensusunun nəinki real, hətta səmərəli və zəruri olduğunu bir daha sübut edir.
"Тюркский консенсус" Евразии
Независимые тюркские государства Евразии становятся основными политическими субъектами, способными создавать геополитический баланс в данном регионе. "Тюркский консенсус" Евразии образует такую общую позицию соглашения между государствами этого региона, которая предоставляет для каждого из них оптимальные условия для развития на данной единой платформе. В условиях геополитической безопасности Евразии становится возможным выстраивание отношений сотрудничества между странами уникального характера и различного уровня от Японии до Великобритании, от России до Индии.
“The Turkic Consensus” of Eurasia
The independent Turkic states of Eurasia are emerging as the main political subjects capable of creating a geopolitical balance in this region. As “the Turkic consensus” of Eurasia creates joint position of agreement among states of this region, these states gain favorable opportunities for the development on this common platform. In case of geopolitical security of Eurasia, relations based on the cooperation among states having unique character and different level of development becomes possible from Japan to Great Britain, from Russia to India.