Dünyanın siyasi tarixində əsas hadisə və proseslər bilavasitə dövlət və imperiyaların yaranması, onların bir-birinə transformasiyası, yüksəlişi və süqutu ilə bağlıdır. Dövlətlərin imperiyalara çevrilməsi, böyüyüb genişlənməsi və yenidən genotipcə eyni və müxtəlif dövlətlərə parçalanması, bir çox hallarda isə tamamilə yer üzündən silinməsi dünyanın siyasi tarixinin mənzərəsini əhəmiyyətli dərəcədə, bəzən də bütünlüklə dəyişir. Bu dəyişmə antik, orta əsrlər və yeni dövrdə özünəməxsus tarixi-siyasi qanunauyğunluqlarla, dövlətlərarası münasibətlərin konkret vəziyyətinə, maraq sferalarının uzlaşma və toqquşma xarakterinə uyğun şəkildə baş verir. Dövlətin gücü və ətrafında yaratdığı nüfuz, təsir və cazibə dairəsi müəyyən coğrafi məkanda hərbi-siyasi prosesləri idarə etmək səviyyəsinə qalxırsa, o yaxın-uzaq rəqiblərinə müttəfiqlik və bloklaşma variantlarında üstün gəlməyi, eyni zamanda, digərlərinin ona qarşı birləşmə cəhdlərini alt-üst etməyi, çevrəsindəki güclü mərkəzləri zəiflətməyi, onların təsir dairəsindəki dövlət subyektlərini öz cazibə sahəsinə salmağı bacarırsa və nəhayət, açıq döyüş meydanlarında müharibəni udursa və bu qələbələr bir-birinin ardınca onun hərbi, iqtisadi və siyasi cəhətdən daha da qüvvətlənməsini təmin edirsə, onda onun imperiyaya çevrilməsi imkanlari reallaşir. Yəni bu mənada heç bir imperiya tarix səhnəsinə təsadüfən gəlməyib.
Lakin imperiyaların maksimal böyüməsi – onların ölümünün də səbəblərini yetişdirir. Onlar hətta bəzən o qədər böyüyürlər ki, dinozavr kimi başlarının gücü bədənlərini idarə etməyə çatmır. Metropoliya ilə (mərkəzlə) periferiya (ucqarlar) arasında çat əmələ gəlir. Tədricən deqradasiyaya uğrayan nəhəng idarəetmə sisteminin öhdəsindən gəlmək mümkün olmur. Mərkəzi totalitar aparat onun getdikcə müstəqilləşməyə can atan “hissələrini” nə qədər bir yerə cəm etməyə çalışsa da, dezinteqrasiya prosesləri qarşısıalınmaz olur. Başlıca olaraq, mərkəzdənqaçma səbəblərindən zəifləyən imperiya bəzən o qədər taqətsizləşir ki, dostunu düşmənindən ayırd edə bilmir, müdafiəsiz qalaraq, bir çox hallarda digər güclənməkdə olan dövlətlərin əlində tikə-tikə parçalanır. İmperiya ruhunun düşkünləşməsi onun heterogen cəmiyyətini dekadens ölgünlüyünə doğru aparır. Amma bəzən milli-siyasi təməlin möhkəmliyi, mərkəzi dövlət potensialının itirilməməsi, tənəzzülə doğru hərəkətin vaxtında dərk edilməsi və rasional ölçülər götürülməsi imperiyanın bu süqutdan daha az ziyanla çıxmasına yol açır (məsələn, Böyük Britaniya, Osmanlı və Rusiya imperiyalarının süqutu vəziyyətlərində).
Eyni zaman kəsiyində onlarla dövlət yanaşı yaşaya bilirlərsə də, yalnız bir neçə imperiyanın bir-birinə çağdaş olması mümkündür. Çünki imperiyalar dövlətlərdən daha dərin ziddiyyətlərlə üz-üzə gəlir və daha çox bir-birinə dözümsüz, “əsəbi” yanaşırlar. Onların toqquşması planet miqyasında hərbi-siyasi zəlzələlərə, iqtisadi böhranlara və fəlakətli müharibələrə, dövlətlərin bir siyasi qütbdən digər siyasi qütbə doğru dreyfinə səbəb olur. İmperiyalararası güc balansı beynəlxalq həyatda nisbi sabitliyi gərgin bir situasiyada, tarıma çəkilmiş bir vəziyyətdə saxlayır.
İmperiyalar öz təntənəsinin zirvəsində çox böyük ərazilər fəth edir. İlk böyük imperiyaların yaranışından indiyə qədər mövcud olmuş təqribən iki min beş yüz illik tarixdə onların hökmranlığının miqyası torpaq fatehliyi ilə yanaşı, həm də beynəlxalq siyasətin mərkəzində dayanmaq, onu yönəltmək imkanları ilə ölçülür. Daha çox və zəngin torpaqlar isə daha güclü iqtisadiyyat, daha güclü iqtisadiyyat isə daha qüdrətli ordu, daha qüdrətli oldu isə daha ötkəm və nüfuzlu siyasət deməkdir. Əhəməni imperiyası – 8 milyon kv.km. (e.ə. 480-ci il), Roma imperiyası – 6 milyon 500 min kv.km. (b.e. 117-ci il), Hun imperiyası – 4 milyon kv.km. (453-cü il), Göy Türk imperiyası – 14 milyon kv.km. (572-ci il), Üməyyə xilafəti – 11 milyon kv.km. (720-ci il), Abbasi xilafəti – 11 milyon kv. km (750-ci il), Türk-Monqol imperiyası – 24 milyon kv.km. (1309-cu il), Çin Yuan imperiyası –11 milyon kv.km. (1320-ci il), Osmanlı imperiyası – 5 milyon 200 min kv.km. (1683-cü il), Çin Mançu-Qing imperiyası – 15 milyon kv.km. (1800-cü il), İspan imperiyası – 14 milyon kv.km. (1800-cü il), Portuqaliya imperiyası – 10 milyon 400 min kv.km. (1815-ci il), Rusiya imperiyası – 23 milyon kv.km. (1905-ci il), İkinci Fransa Müstəmləkə imperiyası – 15 milyon kv.km. (1920-ci il), Britaniya imperiyası – 34 milyon kv.km. (1920-ci il) torpağa sahib olmuşdur. Sonuncu yüzilliyə doğru onların bir çoxu qlobal miqyasda üz-üzə gəlmiş, müharibələr etmiş, dağılmış və yenidən toparlanmağa çalışmış, yeni dövlətləri tarix səhnəsinə gətirmiş, bütün hallarda dünya siyasətinin baş meydanından çəkilməmək üçün amansız mübarizə aparmışlar.
Dövlətlərdən imperiyaların doğulması – bir çox daxili və xarici amillərlə bağlı olan bu mürəkkəb proses ulusal-siyasi sistemin təkamülündə onu dominantlığa çatdıran həlledici mərhələdir, bu sistemin daha geniş coğrafi-siyasi məkanda özünün təhlükəsizliyini etibarlı şəkildə təmin etmək məqsədlərini gerçəkləşdirməsidir. Əgər bir ulus, xalq və millət olaraq, tarixən formalaşmış hər hansı bir cəmiyyət – soy və dil birliyinə malik olan toplum güzəşt tanımayan bu amansız mübarizə meydanında həmin məqsədləri həyata keçirməyi bacarmasa, ondan daha güclülərin əlində məhv olmağa, ən yaxşı halda, onlara boyun əyməyə, itaət etməyə, öz taleyi və iradəsi üzərində hakimlikdən imtina etməyə məhkumdur.
Türklərin azadlıq ruhu – onları daim belə əsarətdən saqınmağa, qüdrətli və yenilməz olmağa səsləyib. Buna görə də onların 3000 illik tarixi – həm də dövlətlərini İmperiya qüdrətinə çatdırmaları tarixidir. Əgər biz Avrasiya kontinentinin qlobal siyasi özünüdərkinin başlanğıc mərhələsinə baxsaq, görərik ki, elə o zamandan türksoylu xalqlar burada imperiyalararası güc balansını yaratmağa qadir olmuşlar. Belə ki, milada qədərki və miladdan sonrakı ilk əsrlərdə (təqribən dörd yüz il) Çin Han imperiyası Asiya üzərində hökmranlığa can atıb. Aralıq dənizi hövzəsindən Şərqə doğru istilalarını getdikcə gücləndirən Roma imperiyasının da həm cənubdan, həm də şimaldan Asiyanın mərkəzinə istiqamətlənməsi qaçılmaz olacaqdı. Amma Çin və Roma imperiyaları tarixdə heç zaman üz-üzə gəlmədilər. Avrasiyanın Şərqi ilə Qərbinin bu qlobal toqquşmasına yalnız hun-türk qüdrəti mane oldu: Hun imperiyası şərq istiqamətində Çin, qərb istiqamətində isə Roma imperiyası ilə döyüşərək, onların heç birinin Avrasiyanın Mütləq Hökmranı olmasına imkan vermədi. Türklər Şərqdə Çini, Qərbdə Romanı məölub etdilər. Bununla da, Pax Turcica (türk dünyasının universal hakimiyyəti) – Pax Sinica (çinli dünyasının universal hakimiyyəti) və Pax Romana (roman dünyasının universal hakimiyyəti) qarşısında əsil Avrasiya iradəsinin nə olduğunu nümayiş etdirdi. Bundan sonra daha heç kimin Avrasiyada mütləq hökmranlığına imkan verilmədi. Qarşıdakı iki min ildə bu böyük məkanda dövlət və imperiyalarını qurub genişləndirən türklər və onların yaratdığı birliklər oldu. “Dünya tarixində türklər” monoqrafiyasının müəllifi, professor K.V.Findlinin qeyd etdiyi kimi, bizim eranın ilk əsrlərindən başlayan bu prosesin nəticəsi olaraq, miladın ilk minilliyinin ortalarında “İç Asiyanın türkləşməsi”, “Pan-Turcica mədəni kompleksinin möhkəmlənməsi” dönməz xarakter daşıyırdı [9, s.37-43].
Əlbəttə, hun-türklər çinlilərlə müqayisədə sayca xeyli az (300 min nəfər) idilər. Han imperiyası dövründə çinlilərin sayı 56,5 milyon idi (b.e. II əsr). Min il ərzində türklərin sayı azalıb-çoxalaraq cəmi 600 minə çatmışdı [7, s.537]. Buna görə də hun-türklər çinlilərə qarşı 1:20 nisbətində döyüşürdülər. Çinlilər onlara qarşı təkcə ordudan yox, həm də “tələ-diplomatiyadan” istifadə edir, onları öz zənginlikləri ilə şirnikləndirib tərəflərinə çəkməyə çalışırdılar. Hun-türklər romalılara qarşı da azsaylı, lakin mütəşəkkil və intizamlı, döyüşkən və yenilməz ordu ilə vuruşurdular. 451-452-ci illərdə Roma imperiyasının birləşmiş ordularına qarşı Şərqi və Mərkəzi Avropa cinahlarından həmlə edən hun-türklər o zaman üçün müharibə sənətinin ən mükəmməl strategiyası ilə döyüş açmışdılar. Bu müharibədə təkcə iki ordu deyil, geniş mənada avropalı və asiyalılar (çünki hər iki ordunun tərkibində bu ərazidə yaşayan çoxsaylı xalqların döyüşçü qüvvələri vardı), personal mənada isə iki istedadlı sərkərdə – romalı Aetsi və hun Attila üz-üzə gəlmişdi. Katalaun düzənliyində baş verən ilk qanlı müharibədə tərəflərdən heç biri qalib gələ bilməsə də, strateji planda bu müharibə prosesinin aqibətini düşünən və ona hazırlaşan Attila geri çəkildi. Bunun hələ başlanğıc olduğunu anlayaraq riskə getməyən Aetsi də onu təqib etmədi. Bir ildən sonra yenidən alovlanan müharibədə Hun imperiyasının qoşunları qalib gəldi. Onlar metropoliyaya – İtaliyaya daxil oldular və Roma imperiyasının ən güclü qalasını – Akvileyi ələ keçirdilər. Məğlub olmuş Aetsinin artıq müqavimət göstərməyə hərbi gücü qalmamışdı. Romalılar sülh xahiş etdilər və Attilanın İtaliyadan çıxması müqabilində böyük ödənc təklifini irəli sürdülər. Avropanın qəlbini fəth etmiş Attila bu təklifi qəbul etdi. 453-cü ildə – öz qalibiyyətinin zirvəsində Burqundiya gözəli İldiko ilə izdivac quran və sirli bir şəkildə (çox ehtimala görə, burnundan qanaxmasının başlaması və bunu müşayiətçilərinə bildirməməsi səbəbindən) toy gecəsi ölən Attilanın zəfəri Avropanın taleyində həlledici iz qoydu: avropalılar anladılar ki, Asiyaya doğru hərəkət etsələr, hansı keçilməz sədlə üz-üzə gələ bilərlər.
Hun imperiyasının Roma imperiyasına qalib gəlməsindən düz yüz il sonra – 552-ci ildə həmin imperiyanın etnik və mənəvi dayaqları üzərində daha böyük əzmkarlıq gücünə və dövlətçilik qabiliyyətinə malik olan, – Mərkəzi Asiyanın Türk Dayağı – Göy Türk imperiyası (bəzi mənbələrdə elə sadəcə “Türk imperiyası”) zühur etdi.
Özünün soy başlanğıcını Aşina kökünə bağlayan göytürklərin (və ya göktürkütlər) Tu-u adlı liderinin iki oğlu – Bumın və İstemi xaqanlar Göy Türk imperiyasının əsasını qoymuşlar [10, s.80-140; 6, s.]. Avrasiyanın Yapon dənizindən Xəzər dənizinə qədər uzanan bu ən qüdrətli türk imperiyası 552-745-ci illər arasında mövcud olmuş (hakimiyyətinin zirvə çağında ərazisi – 14 milyon kv.km.!), sanki Böyük Hun ənənəsini (Xatırlayaq – Şərqi və Qərbi Hun imperiyası) davam etdirərək, Böyük Türk Qardaşlarının – Bumın xaqanın hökmdarlığı ilə Şərqi Göy Türk Xaqanlığına (552-640-cı illər) və İstemi xaqanın hökmdarlığı ilə Qərbi Göy Türk Xaqanlığına (552-660-cı illər) budaqlanmışdır. Xüsusilə İstemi xaqan hun-türk varisliyini özünəməxsus birləşdirici siyasi-ideoloji platformada davam etdirməyə səy göstərmiş, imkan verməmişdir ki, Avrasiyanın türk superetnosu içəridən çatlasın və onun “süxurlarına” yad-dağıdıcı elementlər dolsun. Şərqi Türk Xaqanlığının siyasəti və ordusu – Çin imperiyasına qarşı, Qərbi Göy Türk Xaqanlığının siyasəti və ordusu isə – Sasani imperiyasına, Xəzər və Qara dəniz bölgəsindən gözlənilən təhlükələrə qarşı daim ayıq dayanmışdır. Türklərin hərbi fatehlik əzmi bundadır: əgər onların böyük torpaqları fəth etmək uğrunda apardıqları hərbi yürüşlər siyasi-diplomatik səylərlə başa çatdırılmasaydı, onlar bu ərazilərdə davamlı şəkildə duruş gətirə bilməz, istinad-torpaqlarını da əldən verərdilər. Türklərin hərbi fatehliyinin siyasi fatehliklə uzlaşması – onların mükəmməl imperiyaçılıq qabiliyyətinin əsas şərti olub. Belə bir qabiliyyətlə Göy Türk imperiyası qonşu ölkələrlə və hətta uzaq məmləkətlərlə öz məqsədlərinə uyğun mükəmməl münasibətlər qurmuşdu. Sasani və Bizans imperiyaları ilə diplomatik əlaqələr mövcud geosiyasi prosesləri idarə etmək üçün ona çox lazım idi [9, s.39].
Pax Turcica varisliyi Mərkəzi Asiyada sonrakı əsrlərdə Uyğur-Türk (745-840-cı illər) və Türk-Monqol imperiyalarının (1230-1310-cu illər) həyatında davam etdirilir. Lakin Pax Turcica Asiyanın qərbinə – Avropa ilə Asiyanın bitişdiyi həlledici geopolitik məkana doğru hərəkətində daha böyük nailiyyətlər qazanır. Türk – İslam İttifaqı ilə Pax Turcica – özünün Pax Turanica və Pax Ottomanica modifikasiyalarında türk superetnosunun imperiya həyatının yeni erasını başlayır. Artıq XI əsrdə Böyük Səlcuq Sultanlığı – islam dünyasının hakim imperiyası olur. 1094-cü ildə cənub-qərbi Asiyadakı geopolitik durumu əks etdirən xəritədən də görürük ki, Böyük Səlcuq Sultanlığı şərqdə – Hindistan sərhədlərindən başlayan Qəznəvi Sultanlığından qərbdə Konstantinopola qədər, şimalda – Aral dənizindən Ərəbistan yarımadasına qədər bir ərazini tutmuşdu [10, s.156].
Türklər – islamı, islam Şərqi isə – türk hökmranlığını qəbul edirdi. Türklər Din və Torpağı eyni vaxtda əldə edirdilər. Torpaq üzərində Hakimiyyət – Dinə, Din isə – Torpaq üzərində Hakimiyyətə dayaq olurdu. R.Qrussenin “çöl imperiyaları” adlandırdığı [5] səltənətlərin varisləri – türklər Avrasiyanın bu qaynar nöqtəsində – geopolitik maraqların daha sərt toqquşduğu məkanda bir-biri ilə etnik və siyasi mənada bağlı olan güclü dövlətlər yaradır və bu dövlətləri imperiya səviyyəsinə qaldırmağı bacarırdılar.
Türk-Monqol imperiyası Çingiz xanın öndərliyi ilə 1230-1255-ci illər arasında Koreya yarımadasından Aralıq dənizinə qədər, Uraldan Hind çayına qədər Avrasiyanın onlarla dövlətini, yüzlərlə xalqını öz içərisinə almışdı [10, s.156, 278-279; 5]. Təbii ki, VII əsrdən Yaxın Şərqdə hökmranlığı ələ keçirmiş Ərəb-islam xilafəti bununla barışmayacaqdı. Ancaq o, bu böyük qüvvəyə qarşı nə qədər müqavimət göstərsə də, önündə duruş gətirə bilmir. Ərəb tarixçiləri, salnaməçiləri türk-monqol hərbi yürüşlərini “o zamana qədər baş vermiş fəlakətlərin ən dəhşətlisi” kimi qələmə alırlar. Qəribədir ki, bu mənbələrə istinad edən Avropa müəllifləri də, demək olar ki, eyni qənaətlərə gəlir, “türklərin pis iqtisadiyyatının əvvəllər çox inkişaf etmiş olan İran və Mesopotamiya mədəniyyətlərini çox qüvvətli bir şəkildə zərərə uğratdığını”, bu “kültür məmləkətlərinin türk hökmdarlarının əlində bir oyuncaq halına gəldiyini” yazırlar [3, s.198-199]. Əlbəttə, Brokelman sonrakı qənaətlərində bununla ziddiyyət təşkil edən mövqeyini ortaya qoyur, türk siyasi dominantlığının bu epoxada artıq tənəzzülə meyllənməyə başlayan islamı xilas etdiyini, onun “sağ əlinə çevrildiyini” bildirir [(3, s.212-281]. Doğrudan da belədir. Türklərin hərbi-siyasi istedadı Asiya dövlətlərinin əksəriyyətini bir imperiya halına gətirsə də, reallıqda onların bir konfederasiyası şəklində mövcud olur. Türklər iranlı və mesopotamiyalıların mədəniyyəti ilə ayaqlaşan maddi-mənəvi mədəniyyətlərini və onlarınkından da üstün olan siyasi idarəetmə mədəniyyətlərini ortaya qoyurlar. Türklərin tolerantlığı onlara imkan verir ki, “türk və monqol dilləri genetik cəhətdən bağlılığa malik olmasa da”, onlar mədəniyyətlərinin qarşılıqlı təması müstəvisində – konfederativ consensusda – uzun bir dövr ərzində imperiya hökmranlığını apara bilirlər [9, s.77-89]. Tarixçi və siyasətçilər indiyə qədər heyrətə gəlirlər ki, necə olub ki, hər birinin sayı təqribən 700 000 olan türklər və monqollar sayı onlarınkından qat-qat artıq olan, möhkəm dövlət əsaslarını yaratmış xalqlara qalib gələrək, onlar üzərində fövqəlhakimiyyətə yüksələ bilmişlər?! Bu sualın, yəqin ki, bir məntiqli cavabı var: yalnız türklərin doğma və əcnəbi uluslar arasında fövqəladə dərəcədə güclü konsolidasiya yaratmaq qabiliyyəti nəticəsində bu mümkün olub.
Fransız tarixçisi, Fransa Akademiyasının üzvü, Asiya tarixi üzrə dünya miqyasında məşhur əsərlərin müəllifi R.Qrussenin şərhinə görə, Çingiz xanın Avrasiya fatehliyi ənənəsini davam etdirən Teymur Ləng “monqol deyil, türk idi” və imperiyası – Teymurilər və ya “Türk-Monqol xaqanlığı” da türk dövlətçiliyi gələnəkləri üzərində qərarlaşırdı: “Bu Xaqanlıq reallıqda bir Türk Konfederasiyası idi” [10, s.409]. – Teymurləngin imperiyası Mərkəzi Asiyada bir zamanlar böyük rol oynamış bir superetnosun yaratdığı bir birlik idi. R.Qrusse bizim üçün maraq kəsb edən bir məqama da toxunaraq göstərir ki, Teymur Ləng Qafqaz yürüşündə Azərbaycana xüsusi önəm verir və bütün Qafqazı və İranı fəth etmək üçün bu ölkəyə çıxış nöqtəsi kimi baxır, “1386-1387-ci illərin qışında Azərbaycanın Qarabağ vilayətində qışlayır” və buradan bütün istiqamətlər üzrə hərbi fəaliyyətləri davam etdirirdi [10, s.437]. XV əsrdə Teymurilər imperiyası getdikcə bir-birindən daha az asılı olan Xaqanlıqlar şəklində mövcud olur. Qızıl Ordanın timsalında bu imperiya Xəzər dənizi və Qara dənizin şimalında Litva və Moskvaya qədərki torpaqları tutaraq, Avrasiyanın yeni qüdrətli səltənətinə bünövrə qoyur. Slavyan, türk (onun tərkibində qıpçaq və bulqar qoluna mənsub olan etnoslar) və monqol xalqlarının konsolidasiyası Qızıl Orda imperiyası daxilində xeyli möhkəmlənir. Rusiya imperiyasının zühuru və Fransa inqilabı ərəfəsində (XVIII əsr) Çingiz və Teymur xaqan varislərinin bu regionda qurduğu səltənətlər parçalanıb xırdalanaraq tarix səhnəsində görünməz olur.
Dünyanın modernləşməyə qədərki siyasi tarixində türk köklü imperiyaların daim tərəqqiyə və təkmilləşməyə doğru təkamülü onları həmin tarixin yaradıcı qüvvəsinə çevirir. K.V.Findlinin fikrincə, “təqribən 1400 – 1800-cü illər arasında Asiyanın yerli (yəni Asiyaya sonradan ayaq açacaq Avropa imperializmindən fərqli olaraq) imperiyayaradıcı qüvvələri olan türklər” bu kontinentin inkişaf tarixində və dəyişən regionlarında bir neçə epoxal mərhələni adlayırlar: belə ki, onlar – həm ilkin Asiya dövlətlərinin sadə konsolidasiya quruluşunu, həm də islam dövlətlərinin dini-ideoloji və vergiyə əsaslanan mürəkkəb quruluşunu özlərində ehtiva etməyi bacarırlar; ən diqqətəlayiqi isə odur ki, onlar “çöl imperiyalarından” “kəndli imperiyalarına”, “kəndli imperiyalarından” isə “barıt imperiyalarına” çevrilə bilirlər. Yəni onların hərbi qüvvələri odlu silahla (barıt və artilleriya ilə) silahlanaraq, öz dövrünün daha müasir və təkmil arsenalına yiyələnə bilir. K.V.Findlinin paradoksal qənaətinə görə, hərbi texnologiya sahəsində bu inqilabi əhəmiyyət daşıyan dönüş – Amerika Birləşmiş Ştatlarının atomla silahlanaraq “güclü nüvə dövlətinə” çevrilməsi kimi bir prosesdir [9, s.93].
Dünya tarixi üzrə keçilən normativ dərsliklərdə [12] və müvafiq tədqiqat əsərlərində bu gün türk dünyasının qürur duyacağı bir xəritədən geniş istifadə edilir: Avropa, Asiya və Afrika kontinentlərinin bütün qədim sivilizasiyalarının yarandığı regionları çevrələyən və XV-XVI əsrlərdə dünya əhalisinin çox böyük hissəsinin yaşadığı üç əzəmətli Türk İmperiyası – Osmanlı (1300-1922), Səfəvi (1501-1722) və Moğol imperiyaları (1526-1858) bir-birinə söykənib. – Bu, Türk Fatehliyinin zəfər qazandığı və müasir türk dünyasının qlobal siyasi məkanda hansı tarixi potensiala malik olduğunu göstərən ən yüksək məqamdır. Amma həmin tarixi epoxanın real mənzərəsində mütləq toxunulan, hətta müəyyən məqsədlərlə qabardılan bir məqam da var: Osmanlı və Səfəvi imperiyalarının müharibələri və bundan yaxın-uzaq dövlətlərin sui-istifadə etməsi. Həmin dövrün tarixi-siyasi analizi bu həqiqəti meydana çıxarır ki, oğuz boyundan törəmiş və XVI əsrin əvvəllərində dil və mədəniyyətləri arasında hələ heç bir fərq yaranmayan iki türk fövqəldövlətinin döyüş meydanlarında üz-üzə gəlməsi ən azı onların özlərini regional gərginliyin episentrinə çevirmələri və yürütdükləri beynəlxalq siyasətin istiqamətini genişlənməyə deyil, daralmağa yönəltmələri baxımından reqressiv və uğursuz idi. İndi hamıya bəllidir ki, əgər onlar türk dünyasının daxili siyasətinin bütövlüyünü və təhlükəsizliyini nəzərə alsaydılar, bu nöqtədən beynəlxalq siyasətin tamamilə yeni bir tendensiyası – XIX əsrdən Avropa dominantlığına, deməli, dünya imperializminin Asiya xalqlarının əksəriyyətini müstəmləkəyə çevirməsinə imkan verilməyəcək bir xətti dərinləşə biləcəkdi. Fikrimizcə, məhz bu zirvə və dönüş məqamında həlledici addım atılmalı idi. Lakin orta əsrlərin feodal müharibələrinin “cadugər çevrəsindən” çıxa bilməyən siyasi-hərbi elitası bu perspektivi hələ seçib ayırd edə bilmirdi.
Ancaq bütün bunlara baxmayaraq, üç türk imperiyasının – Osmanlı, Səfəvi və Moğolların Asiya hökmranlığı dövrün tarazlı geopolitik strukturunun bərqərar olmasında böyük tarixi əhəmiyyət daşıyırdı. Böyük Moğollar Hindistan yarımadasından Uzaq Şərqi Asiyaya qədər uzanan regionun, xüsusilə Çinlə münasibətlərin, Səfəvilər islam Şərqinin, Osmanlılar isə Avropa və Afrika ilə münasibətlərin əsas istiqamətlərini müəyyən edirdi. Azərbaycan türklərinin Qafqaz və İran regionunda dominant siyasi qüvvəyə çevrilməsində və burada milli mənşəyə malik olan Azərbaycan dövlətinin (Azərbaycan Atabəylərinin, Qaraqoyunlu və Ağqoyunluların tarixi-siyasi nailiyyətləri üzərində) yaradılmasında Səfəvi imperiyasının həlledici rolu danılmazdır. Moğol imperiyasının yaradıcısı Babur (yeri gəlmişkən onun Səfəvi imperiyası ilə yaxşı əlaqələri vardı) ata tərəfdən Teymur Ləngin, ana tərəfdən Çingiz xanın törəməsi idi. Moğol hökmdarı Əkbərin (1556 – 1605) elan etdiyi “Din-i-İlahi” siyasəti çoxmillətli Hindistanda və bu səltənətə daxil olan digər bölgələrdə zəruri konsolidasiyanı uğurla təmin edirdi. Azərbaycanda Şah İsmayıl Xətainin islam ideologiyasına (konkret olaraq, şiə doktrinasına) əsaslanan mahiyyətcə milli siyasəti, Hindistanda Babur və Əkbərin dini universallıq siyasəti türk fütuhatının uzaqgörənliyi idi.
Akademik Rustan Rəhmanəliyev türklərin bu fatehliyini belə mənalandırır: “Türklər üç kontinentdə – Pekin, Dehli, İsfahan, Dəməşq Bağdad, Qahirə, Konstantinopol (İstanbul) və Əlcəzairdə hakimiyyət taclarını götürərək, əlbəttə, onları itirməmək üçün hərəkətə keçməli idilər. Qeyd etmək lazımdır ki, fəth edilmiş torpaqlarda, hər şeydən əvvəl, o zamanadək görünməmiş çiçəklənmə müşahidə olunurdu – elə Tabğaç hakimiyyəti altında olan Çindəki kimi, Səlcuq hakimiyyəti altında olan İrandakı kimi, Məmluk hakimiyyəti altında olan Misirdəki kimi, Böyük Moğol hakimiyyəti altında olan Hindistandakı kimi. O ki qaldı Osmanlı imperiyasına, – o, əvvəl islamın qılıncı, sonra isə qalxanı olan dünyanın əzəmətli türk hökmranlığı idi” [8, s.10]. Elə Səlcuq dövründən başlayaraq, bu imperiyanın qurucuları avropalıların Səlib (Xaç) yürüşlərinə qarşı əzmkarlıqla dayanırdılar. Geniş mənada davamlı xristian və islam müharibələrində islam ölkələrini xristian işğallarından qoruyan məhz türklər idi. Katolik Papasının vəd və tələbləri ilə (əslində, hərbi-siyasi məqsədlərlə) Avropa ölkələrindən toplanmış, xristianların “müqəddəs torpaqlarına” 1095-1270-ci illər arasında 9 dəfə hücum çəkən döyüşçü-xaçlılar dönə-dönə islamın “türk sipərinə” dəyərək geri qayıdır, məğlub olurdular. Ona görə də türklər Səlib müharibələrini birbaşa təşviq və təşkil edən Bizans imperiyasını birdəfəlik çökdürmüşdülər: 29 may 1453-cü ildə Fateh Sultan Mehmetin başçılığı ilə Bizansın – Şərqi Roma imperiyasının paytaxtı Konstantinopol Osmanlı ordusu tərəfindən alınmışdı. Bununla da Xaçlıların davamlı basqınlarına son qoyulmuşdu. Bu zəfər – hun-türklərin Romanı almasından (453-cü il) düz min il sonra (1453-cü il) Osmanlı oğuz-türklərin həlledici qələbəsi, Avropaya qarşı türk öndərliyində Asiya qüdrətinin təsdiqi idi. Bundan sonra avropalıların bir məqsədi olacaqdı: Osmanlı imperiyasının Avropanın içərilərinə doğru böyüməsinin qarşısını almaq. Elə 1453 Zəfər İlində planetdə yaşayan türk xalqlarının ümumi sayı – dünya əhalisinin onda birini təşkil edirdi. Əhali potensialının bu şəkildə artması da türk nüfuzunun yüksəlməsinin, həmin potensialın dövlət və cəmiyyət quruculuğunda konsentrasiya olmasının mühüm amili idi.
Mövcud olduğu bütün zamanlarda islamın dayağı sayılan Osmanlı imperiyası Qanuni Sultan Süleyman dövründən həm də Xilafətin mərkəzinə çevrildi. Yer üzünün bütün müsəlmanları türk hökmdarı Qanuni Sultan Süleymanın Xəlifəliyini qəbul etdilər. O dövrün sənədlərində türk fatehliyi bu şəkildə öz əksini tapıb: “Bu zamandan etibarən, Süleyman bin Səlim xan bin Bayazid xan dinimizi uca mərtəbəyə qaldıraraq, bütün müsəlman ölkələrinə hökmranlıq edir. Heç şübhə yoxdur ki, o, belə bir ali vəkalətlə öz dövrünün sultanıdır... Ərəblərlə birgə bütün Ərəbistan, bütün türklər, kürdlər, farslar, ərəb İraqı, Bağdad, Diyar-Bəkr, bütün Qərb, Əngərüs onun əlindədir. Bütün müsəlmanlar onun rəhbərliyini qəbul edir, çünki o, həqiqətən də, Peyğəmbərin fateh Xəlifəsidir” [11, s.182].
Bu tarixi epoxada (XV – XVIII əsrlər) aralarındakı rəqabət məqamları ilə birlikdə, türk imperiyalarının dünyada formalaşdırdığı sosial-siyasi sistem beynəlxalq sistemin təşkiledici öncinahı idi. XVI əsrin əvvəllərində – Qanuni Sultan Süleymanın hakimiyyəti illərində Osmanlı imperiyası öz ərazisini bir neçə milyon kv kilometr artırmışdı [1, s.54]. Osmanlı imperiyası “bütün türk tarixində o ana qədər rast gəlinməyən bir qüdrətə yüksəlmişdi. Osmanlı dövləti iqtisadi və hərbi gücü baxımından – dəniz qüvvələri də daxil olmaqla – dünyanın bütün qalan dövlətlərinin birgə gücü səviyyəsinə yüksəlmişdi” [4, s.203]. Belə bir yüksəlişi müasir dövrümüzdə ABŞ-ın dünyadakı mövqe üstünləşməsi ilə müqayisə etmək olar.
Dünya tarixində yeniləşmə (modernləşmə) dövrünün başlaması ərəfəsində qüdrətli türk imperiyalarının çökməsi, milli dövlətlərə, hətta xanlıqlara parçalanması bir çox tarixi-siyasi səbəblərlə şərtlənir. Yəqin ki, bu səbəblərin başında – həmin imperiyaların zamanın modernləşmə tələbləri ilə (halbuki onlar miladın ikinci minilliyinin başlanğıcından buna qadir olmuşdular) ayaqlaşa bilməmələri dayanır. Avropanı qüvvətləndirən amillər Asiyanı zəiflədən amillərlə tən gəlir. Avropa dövlətləri və cəmiyyətlərinin sosial, iqtisadi, siyasi və texnoloji həyatını inqilabi formada dəyişən mütərəqqi hərəkat və təşəbbüslər Asiya timsalında tətbiq edilmədi. Feodal üsul-idarəsinin, monarxiyanın saxlanılması türk imperiyalarında dövlətin dayaqlarının qorunması kimi başa düşülürdü. Hətta bu imperiyalar xırda dövlətlərə, xanlıqlara parçalananda da, monarxiya idarəçiliyi, sülalə hakimiyyəti toxunulmaz qalırdı. Bütün dövlət və cəmiyyətin qatı mühafizəkar bir sistemin caynağında qalması, təbii iki, onu labüd tənəzüllə doğru aparırdı. Vaxtilə böyük Mirzə Fətəli Axundzadə də bu amilləri islam Şərqi dövlətlərinin çökməsinin əsas səbəbi kimi anlatmışdı.
Yeniləşən Avropa ilə köhnəliyindən əl çəkməyən Asiyanın – Qərblə Şərqin uzun əsrləri əhatə edən rəqabəti, təbii ki, ikincinin məğlubiyyəti ilə nəticələndi. Qanunauyğundur ki, Asiyada üç böyük türk imperiyasının çökməsi Avropa imperiya dövlətlərinin güclənməsi ilə eyni vaxta düşür. Səfəvi imperiyası daxili çəkişmələr səbəbindən xanlıqlara parçalandı və 1760-cı ildə rəsmən öz mövcudluğuna son qoydu. Bununla da, 68 ildən sonra (1828-ci ildə) bu qədim Azərbaycan dövlətinin İran və Rusiya imperiyası arasında bölünməsinə şərait yarandı. Göründüyü kimi, bir imperiyanın parçalanması ilə onun “hissələrinin” başqa imperiyalar tərəfindən udulması çox yaxın tarixi zamanda baş verir.
Tədricən dəniz hökmranlığını ələ keçirən Böyük Britaniya imperiyasının qüvvələri 1764-cü ildə (Səfəvilərin yıxılmasından cəmi dörd il sonra) Hindistan yarımadasına soxularaq Baksar müharibəsində qalib gəldilər. Rusiya imperiyası Qafqazı və Orta Asiyanı istila etdikdən bir qədər sonra, 1858-ci ildə isə Böyük Britaniya imperiyası bütün Hindistanı zəbt etdi: Moğol imperiyasına da son qoyuldu. Yer üzündə türk dünyasının yalnız bir imperiyası, özü də içəridən laxlayan, əvvəlki cahanşümul iradəsini göstərə bilməyən bir imperiyası qalırdı – Osmanlı.
Osmanlı imperiyasının Avropadan çıxarılması prosesi Birinci Dünya müharibəsinin sonuna qədər davam edir: “Osmanlı imperiyasının zəifləməsi ilə Rusiya imperiyasının güclənməsi Avrasiyada qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişir. Atlantik okeanına çıxışı olan Qərbi Avropa ölkələrində XV əsrdən başlamış ekspansiya sonrakı yüzilliklərdə böyük geopolitik nəticələrə gətirib çıxarır. Elm, texnika və kapitalistləşmə istiqamətində tərəqqi edən Avropa tədricən dünya imperializminin mərkəzinə çevrilir. Planetin qərb və şərq yarımkürələrində Avropanın imperiya müstəmləkələri yaranır. Napoleonun "vahid Avropa" yaratmaq səyləri Qərb imperialist siyasətini Avropanı "yer kürəsinin hökmranı" etmək səylərinə stimullaşdırır... Fransa, Böyük Britaniya və Rusiya imperiyalarının qüvvətlənməsi sürəcində – XVII–XVIII əsrlərdən başlayaraq XX əsrin əvvəllərinədək – Şərq sivilizasiyasının son böyük imperiyası – Osmanlı dövləti sahib olduğu torpaqları tamamilə əldən çıxarır, yalnız müasir Türkiyənin ərazisini xilas etmək mümkün olur” [2, s.48]. Bütövləşməyə doğru gedən Avropanın önündə parçalanmağa doğru gedən Asiyanın dirçəlməsi üçün hələ xeyli vaxt lazım gələcəkdi.
Lakin yenə də bu dönüş prosesinin dan ulduzunu ilk görən türk – Mustafa Kamal Atatürk oldu. O, zamanında dərk etdi ki, feodal monarxiyası üzərində qərar tutan bir imperiya nə qədər qüdrətli olursa-olsun, dünya dövlətlərinin yeni quruluş layihələrinə uyğun deyil. Buna görə də Birinci Dünya müharibəsində atatürkçülərin mücadiləsi – Osmanlı imperiyası xanədanlığını deyil, onun nüvəsini – Türkiyəni və türk millətini xilas etmək amalına bağlanmışdı. Dağılma prosesi hələ 1792-ci ildən başlayan Osmanlı imperiyasını nə qədər millətçilik, fatehlik şüarları ilə süsləsələr də, onun sökülən sütunlarının şaqqıltısı dünyanın hər yerindən eşidilirdi. 700 il davam edən bu ən uzunömürlü və son türk imperiyasının siyasi həyatı 1922-ci ildə başa çatdı: 29 oktyabr 1923-cü ildə türk dünyasının yeganə müstəqil dövləti – Türkiyə Cümhuriyyəti yarandı. Sovet İttifaqının mövcud olduğu 70 il ərzində olduğu kimi, XX əsrin sonlarında da türk respublikalarının suverenlik hərəkatına ümid çırağı yandıran və onların müstəqilliyini ilk tanıyan bu ulu türk dövləti oldu. Lakin hələ Birinci Dünya müharibəsində Böyük Britaniya, Fransa və Rusiyanın “Antanta” hərbi-siyasi blokuna qarşı ölüm-dirim savaşında Çanakqala zəfəri (1915-ci il) qazanmış, özləri nə qədər çətinlik içərisində olsalar da, Azərbaycan Demokratik Cümhuriyyətinin yardımına yetişmiş türklər dünya tarixində dönüş yaratmağı, yer üzündəki qardaşlarının birliyinə ən ağır günlərdə belə təməl qoymağı bacaran bir ulus olduqlarını sübut etdilər.
Ədəbiyyat
Тюркские империи в мировой истории
В статье рассматриваются основные аспекты политической истории тюркского суперэтноса, начиная от империи Гуннов до Османской империи. Выявляются причины военно-политической мощи тюркских государств-империй (Гунны, Гёк Тюрки, Тюрки-Уйгуры, Тюрки-Монголы, Золотая Орда, Османская империя, Сефевиды, Моголы и т.д.), завоевавших огромные территории и сделавших возможным совместное проживание разных евразийских народов (в основном, тюркского происхождения), а также корни тюркской пассионарности. Автор приходит к выводу, что исторически созданное тюркскими империями в Евразии геополитическое преимущество и владение ими на протяжении веков "политическим ключом" от Востока, особенно от исламского мира, существенно укрепило в этом регионе тюркскую этносистему, данный процесс создал почву для становления новых тюркских национальных государств в последующие исторические эпохи.
Turkic Empires in World History
Focal moments of political history of Turkic super-ethnos from the period of Hun Empire till the Ottoman Empire are reviewed in the article. Reasons of military-political might of the Turkic empire states (Hun, Göktürk [Turkic Khaganate], Uyghur-Turk, Turkic-Mongolian, Golden Horde, Ottoman, Safavid, Moghul and etc.), which conquered vast territories and made it possible the coexistence of various Eurasian people (mainly of people of the Turkic origin) and the roots of Turkic passionarity are elucidated. The author comes to the conclusion that geopolitical superiority established by the Turkic empires in Eurasia and keeping “political key” of East, especially of the Islamic world in their control for centuries solidified the Turkic ethno-system in this region and this process triggered the formation of new Turkic national states in further historical epoch.