Böyük İpək yolu mövcud olduğu bütün dövrlərdə sanki öz həyatının “fəsil dəyişmələrini” yaşayıb: Böyük İpək yolunun “yazı”, “yayı”, “payızı” və “qışında” onun fəaliyyətinin yüksəlişi, enişi və yenidən yüksəlişi prosesləri çox dramatik şəkildə bir-birini əvəzləyib. Hətta yüzilliklər boyu insanların və ticarət karvanlarının səsini eşidən, nəfəsini duyan bu yollar zamanın hansısa dolaylarında unudulub, ot basıb, görünməz olub, amma quruyan çaylara yenidən su gələn kimi, bu yollar da yenidən dirçəlib, tamam başqa nəsillərin, üzərində başqa yükləri, mədəniyyətləri daşıyan karvanların səsinə, nəfəsinə şahidlik edib. Bəzən həmin yolların alternativləri meydana çıxıb. Böyük İpək yolunun köhnə və təzə qolları təqribən 12 800 km.-lik əsas marşrutu əhatə etməklə Çindən İspaniyayadək uzanıb, yarğan və dağlardan, çöl və səhralardan, çay və dənizlərdən keçə-keçə görüşüb, sarmaşıb, ayrılıb və yenidən qovuşub.
Yüzilliklər boyunca bəşər sivilizasiyasını təmsil edən ayrı-ayrı xalqların və mədəniyyətlərin təmasını tarixdə ən uzun və davamlı şəkildə təmin etmış Böyük İpək yolunun bəlkə də ən real və parlaq bədii obrazı Soltan Hacıbəyovun “Karvan” simfonik muğamında öz təcəssümünü tapıb: uzaq yola çıxan və bu yolun çətinliklərində, təhlükələrində doğmalaşmış insanların hiss və həyəcanları, yaşantılarının dərinliyi, kövrəkliyi sanki bu simfonik muğamın ağır-ləngərli ritminə hopub. Bu yol – sanki sonsuzluğa doğru, Yer Kürəsindən kosmik məkanlara, uzaq sivilizasiyalara doğru uzanır. Amma bu yol öz Taleyinin real tarixi hissəsini elə bizim planetdə – Avrasiyanın Sakit və Atlantik okeanlarının dalğalarına çırpılan əngin kontinentində – bu gün kosmosdan bütün aydınlığı ilə görünən, tarixən ayrı-ayrı mədəniyyətlərə yurd olmuş rəngarəng “sivilizasiya relyefində” tapır. Böyük İpək yolu insanlar, cəmiyyətlər, dövlətlər və mədəniyyətlər arasında tarixi əlaqələrin elə bir yaddaş saxlancını yaradıb ki, bu təməl üzərində onu hər dəfə bərpa etmək, daha mükəmməl kommunikasiya funksiyasına çatdırmaq üçün həmişə bir zəruri qüvvə tapılaraq özünün səfərbərlik imkanını irəli sürüb.
Bu gün müasir türk dünyası üçün müstəsna əhəmiyyət kəsb edən cəhət də bundan ibarətdir ki, Böyük İpək yolunun həyat fəsilləri nə qədər dəyişsə də, onun funksionallığını bərpa edərək, daim işlək hala gətirənlərin önündə başlıca olaraq türklər, onların ayrı-ayrı nəsilləri, dövlətləri və imperiyaları dayanıb. Başqa sözlə, dünya tarixi və sivilizasiyası üçün Böyük İpək yolunun əhəmiyyəti nə qədər böyük olmuşsa, onun bu günə qədər var olmasında, yaşadılmasında türklərin rolu da bir o qədər çox olmuşdur.
İlk dəfə elmə “İpək Yolu” anlayışını 1877-ci ildə alman coğrafiyaçısı Rixthofen gətirmişdir. Adından da göründüyü kimi, klassik mənasında eramızdan əvvəl ikinci əsrdən etibarən Şərqi Asiyadan, konkret olaraq, Çindən Aralıq dənizi ölkələrinə əsasən ipək ticarəti yolu funksiyasını yerinə yetirən bu yol getdikcə inkişaf edərək, qədim dünyanın daha geniş ticarət və mədəniyyət əlaqələrini mümkünləşdirən zəruri kommunikasiya vasitəsinə çevrilmişdir. Ancaq adındakı kimi, həmişə “ipək” yumşaqlığına, rahatlığına malik olmamış, cürbəcür təhlükələrlə üzləşmiş, taleyi müxtəlif zamanlarda müxtəlif hərbi-siyasi qüvvələrin, iqtisadi-mədəni mərkəzlərin necə konfiqurasiya tapmasından, geopolitik situasiyanın hansı əlverişli imkanları açmasından bilavasitə asılı olmuşdur. Böyük İpək yolunun ən müxtəlif diapazonda dəyişərək, lakin əsas hədəf-istiqamətlərini saxlayaraq keçdiyi tarixi-coğrafi məkan türk dövlətləri və mədəniyyətlərinin yerləşdiyi regionları əhatə etdiyindən, təbii ki, türk dünyası transformativ siyasi-sivilizasion sistem kimi Avrasiyadakı geopolitik situasiyanın bütün dəyişmə vəziyyətlərində onun mövcudluğunu şərtləndirən başlıca amil rolunda çıxış etmişdir.
İpək yolu mədəniyyətinin tarixi təkamülünü onun qoruyucuları olan türklərin bu prosesdə iştirakı kontekstində öyrənmək – Avrasiyada transsivilizasiya hadisələrinin tarixi reallığını və ümumi qanunauyğunluqlarını daha obyektiv şəkildə aydınlaşdırmaq deməkdir. Türk sivilizasiyasının İpək yolu prosesinə qoşulması situasiyasında buradakı beynəlxalq siyasi-mədəni münasibətlərin hansı transformasiya keyfiyyətləri aldığını bilmədən Avrasiyanın tarixi-geopolitik mahiyyətini öyrənmək mümkün deyil. Bu həm də ona görə zəruridir ki, bir sıra araşdırmalarda “türk amili” Böyük İpək yolunun fəaliyyətində tamamilə yanlış olaraq destruktiv-barbar mövqeyə aid edilmiş, əksinə, bu prosesdə “Hind-Avropa amili” müəyyən məqsədlərlə qabardılmış və şişirdilmişdir. Amma tarix tamam başqa gerçəkliyi göz önünə gətirir: min kilometrlərlə türk xalqlarının vətənindən, dövlətlərindən keçən, əsas qovuşaq məntəqələri türk toponimləri ilə adlandırılan Böyük İpək yoluna türklər maneçilik törətsəydilər, onlar bu yollarda basqın və talançılıqla məşğul olsaydılar, o, heç bir əsr də işlək ola bilməzdi. Əksinə, tarixin bir çox dönəmlərində Böyük İpək yoluna əngəl törədənləri məhz türklər neytrallaşdırmış, bu yolun yenidən fəaliyyət göstərməsinə şərait yaratmışlar.
Bu günə qədər təkamül prosesi davam edən trans-Avrasiya kommunikasiya sisteminin ilk təməlləri Böyük İpək yolu fəaliyyətə başlamazdan xeyli əvvəl – e.ə. IV-III minillikdə qoyulmuşdu. Hələ o zaman Mesopotamiya və Elamdan Hind vadisinə və Pamir dağlarının ətəklərinə qədər uzanan yollar məlum idi. Bu yollarla Yaxın Şərq ölkələrinin tacirləri Bədəxşan lazuriti daşıyırdılar. Bəşəriyyətin ən qədim sivilizasiya məskənləri sayılan Harappa və Mohenco-Daronu Çayarasına – Mesopotamiyaya birləşdirən cənubi karvan yolları var idi. Mesopotamiya ilə Hind vadisinin mədəni mərkəzləri arasındakı ticarəti öz əllərində cəmləmiş elamlılar “IV-III minilliklərdə Orta Şərqdə şəhərəqədərki və ilkşəhər mərkəzlərini bir-birinə bağlayan çoxşaxəli kommunikasiya şəbəkəsini yaratmışdılar” [4, s. 26]. Ümumiyyətlə, Avrasiya boyunca köçəri xalqların mədəniyyətini, ilk sivilizasiya məskənlərini qarşılıqlı əlaqələr səviyyəsinə çatdıraraq, onların ticarət və təcrübə mübadiləsinə şərait yaradan qədim karvan yolları, bu imkanların getdikcə genişlənməsi nəticəsində daha çox şəbəkələnir, xalqlar, toplumlar bir-birini daha yaxından tanıyır, onlar ticari-mədəni əlaqələrində bir-birinə daha çox etibar edirdilər. Avrasiya kontinentinin müxtəlif istiqamətləri üzrə “cığırlanan” bu yollar bəzən lap təsadüfi, bələdçilik xarakteri daşıyırdı. Lakin həmin yolların daimi istifadə olunanları, uzun zamanlar ərzində coğrafi-mədəni məkanları bir-birinə bağlayanları “vərdiş edilmiş istiqamətlər üzrə” daha çox nüfuz və etibar qazanırdı. Beləliklə, bu yolların içərisindən onların “onurğa sütunları” – magistral xətləri müəyyənləşirdi. Böyük İpək yolu mahiyyətcə məhz belə bir tarixi zərurət nəticəsində meydana gəlmiş, yüzilliklər boyu genişlənə-genişlənə, yeni-yeni siyasi-coğrafi sərhədləri aşa-aşa, Avrasiyanın həm tarixi, həm də geopolitik baxımdan ən əhəmiyyətli yolu statusunu almışdır.
Böyük İpək yolunun “Şimal İpək yolu” adlanan ilk hissəsinin ticarət məqsədilə yarandığı dövr e.ə. 138-126-cı illərə aid edilir. Çin imperatoru U-di o zamanlar Mərkəzi Asiyanın hegemon etnosiyasi qüvvəsi olan hun türklərinə qarşı onların düşmənlərindən – yu-eçjilərdən faydalanmaq, onlarla koalisiya yaratmaq fikrinə düşür. Bu məqsədlə özünün əyan-diplomatı Çjan Tsanı həmin regionun qərb hissəsində köçəri həyat tərzi keçirən yu-eçjilərin yanına göndərir. Çin elçisi Fərqanə vadisində onu heyrətə salan, çinlilərdəkindən daha gözəl və daha hündür at ilxılarını görür. Qayıdarkən öz imperatoruna bu barədə məlumat verir və məsləhət görür ki, ipəkçilik sənətinin nə olduğunu bilməyən bu diyara ipək aparıb, əvəzində oradan o gözəl atları, eyni zamanda, dadlı meyvələri, şərabı və başqa məmulatları gətirmək olar. Beləcə, 5 ildən sonra – e.ə. 121-ci ildə Çin dövlətinin ipək və gümüş haşiyəli güzgülər yüklənmiş ilk ticarət karvanı Mərkəzi Asiyanın hələ təzə cığırı açılan çətin yollarından keçərək Fərqanə vadisinə çatır. Bu ölkələr arasında sülh razılaşması əldə olunandan sonra paralel marşrutla – Cənub İpək yolu ilə ticarətin ilk dövrəsi başlayır. Daha sonrakı əsrlərdə Böyük İpək yolunun alternativ istiqamətləri – Hind-Roma ticarət əlaqələrini quran Dəniz İpək yolu (Hind okeanı ilə) və s. yaranır.
Bizim eranın elə I əsrindən başlayaraq, başlıca olaraq, İpək yolu vasitəsilə “Avrasiya sivilizasiyaları arasında sistematik ticarət münasibətləri qurulmuşdur. Bunlar inkişaf etmiş infrastruktur əlaqələrinə malik olan müəyyən çoxqütblü makroünsiyyət formalarını təşkil etmişdir... Əsrlər boyu əkinçilik təsərrüfatında işlədilən mallara ehtiyac duyan Avrasiya çöllərinin köçəriləri ticarət-mübadilə əməliyyatlarının fəal iştirakçıları olmuşlar. Onlar Avrasiyanın əlverişli bölgələrində yerləşərək, Çindən Mərkəzi Avropaya qədər bütün sivilizasiya ocaqları ilə kontakta girmişlər” [3, s. 142]. İpək yolunun Şimal və Cənub (quru və dəniz) marşrutları, müvafiq olaraq, Mərkəzi Asiya – Aralıq dənizi hövzəsi və Çin – Şərqi Türküstan – Aralıq dənizi hövzəsi istiqamətləri üzrə funksionallaşmışdır. Belə bir diferensiasiyanın səbəbi, əlbəttə, Avrasiya kontinentindəki siyasi situasiyanın daim ciddi və köklü şəkildə dəyişikliklərə uğraması ilə izah edilə bilər. Hələ qədim dünya və onun mübadilə mədəniyyəti hərəkətdən qalmamaq, “ticarəti öldürməmək” üçün özünə alternativ yollar axtarmışdır. Böyük İpək yolu məhz siyasi və iqtisadi manevr qabiliyyətləri sayəsində fəaliyyətini bəzi fasilələrlə davam etdirə bilmişdir.
Böyük İpək yolunun əsas marşrutları ilə bəşər sivilizasiyasının öz inkişafında əldə etdiyi bütün mütərəqqi yeniliklərin nümunələri, maddi və mənəvi nemətlərin çeşidləri (ipək, qiymətli daş-qaşlar, ədviyyat, dəri, yun və digər toxuculuq məmulatları, kağız, çini qablar, şüşə, çay, şərab, düyü, bitki və meyvə toxumları, geyimlər, parçalar və bəzəklər, kosmetika, silahlar və kitablar, əlyazmaları və dini rəmzlər, ornamentlər, insan fəaliyyətində istifadə olunan bütün alət, ləvazimat və avadanlıqlar, hətta ov itləri, ov şahinləri, tutuquşu, bəbir və şir.., nəhayət, canlı insanlar – qullar...) daşınıb. Sanki hər bir tarixi zaman “öz yükünü” bu yollar üzərində hərəkət edən karvanlara “yükləyib”. Karvanlar, onları hərəkət etdirən insanlar, dəvələrin boynundan asılan zınqırovlar, geyimlər, karvansaralar, ticarət aparılan şəhərlər, alınıb-satılan mallar, tədavüldə olan pullar, ünsiyyət yaradan dillər, ticarət yollarına nəzarət edən məmurlar, saraylar, imperiyalar dəyişib, yeniləri ilə əvəz olunub. Ancaq ticarət-mübadilə mədəniyyətinin bir “qızıl qaydası” dəyişməz qalıb: insanlar bütün tarixi zamanlarda qarşılıqlı münasibətlərin daha yüksək səviyyəsinə, geniş miqyasına çıxmağa, bir-birini daha dərindən tanımağa, malik olduqları ən yaxşı maddi və mənəvi nemətləri bir-biri ilə bölüşməyə, nəticədə, istehsal və istehlak mədəniyyətinin daha optimal texnologiyalarına yiyələnməyə çalışıblar. Bütün bunlar ümumbəşəri dəyərləri formalaşdıran əsas stimullar olub. Beləliklə, bu gün müasir dünyamızda qlobal sivilizasiyanın qazandığı başlıca universal nailiyyətlərin kökündə həm də Böyük İpək yolu mədəniyyəti dayanır.
Türk dünyasının Böyük İpək yolu ilə orqanik bağlılığı tarixən üç səviyyədə baş vermişdir: (1) Böyük İpək yolu yan-yanaşı türk ölkələrinin min kilometrlərlə uzanan ərazisindən keçdiyindən, türk etnocoğrafiyasının toponimik izləri bu yolun koordinatlarına hopmuşdur. Türk mənşəli toponimlər – yer adları Böyük İpək yolunun trayektoriyalarını cızan mayak timsalında görünür: Altay, Turfan, Üç Turfan, Tarim, Təklə-Məkan, Yarkənd, Qara şəhər (Yenki), Kuça, Aksu, Kızıl-su, Kaşğar, Türküstan... [7, s.39-41]; (2) Böyük İpək yolu üzərində aparılan ticarət və mədəniyyət əlaqələrinin əsas tərəfdaşı, iştirakçısı, həm də təşkilatçısı və ortağı (türkcə “ortaq” sözü həmin dövrlərin bütün xalqları tərəfindən başa düşülür və işlədilirdi) uzun tarixi zamanlar ərzində türklər olmuşlar; (3) türk dövlətləri və imperiyaları Böyük İpək yolunun trans-Avrasiya kommunikasiya sistemi kimi funksionallaşmasının tarixi missiyasını həyata keçirmiş, bu yolun iki min iki yüz illik tarixinin əhəmiyyətli kəsimində və müəyyən regional hüdudlarda ona nəzarəti öz əllərində saxlamışlar. İpək yolu siyasəti – türk sivilizasiyasının və siyasi mədəniyyətinin fundamental dəyərləri sırasında yer almışdır. İpək yolu – türk dünyagörüşünün universallaşmasına, türklərin hərbi-siyasi bacarığı isə İpək yolunun vüsətlənməsi və tərəqqinə yol açmışdır.
“Dünya tarixində Mərkəzi Asiya” monoqrafiyasının müəllifi P.B.Qolden həmin əsərinin İpək yolu tarixinə həsr edilmiş bölümündə göstərir ki, Yaponiyadan Belçikaya qədər uzanan İpək yolu dəhlizində işlədilən Çin, Tibet, toxar, hind, yunan, ərəb, İran dilləri arasında ən populyar-uzlaşdırıcı dil – türk dili idi. “Mərkəzi Asiyanın aparıcı siyasi dili olan türk dili – İpək yolunun bu regiondan keçən ərazilərindəki şəhərlərdə dominant ünsiyyət vasitəsi idi, İran dilləri isə ətraf kəndlərdə işlədilirdi” [6, s.50-62].
Ümumiyyətlə, Böyük İpək yolu tarixinə həsr olunan fundamental tədqiqatlarda, xüsusilə, X.Liunun “Dünya tarixində İpək yolu” və Ç.İ.Bekuizin “İpək yolu imperiyaları. Tunc dövründən müasir dövrə qədər Mərkəzi Avrasiyanın tarixi” əsərlərində [9; 5] türk dövlətləri və imperiyalarının İpək yolu mədəniyyətinə verdiyi töhfələr geniş şəkildə araşdırılmışdır.
Hələ “Hun Epoxasında” türk etnoslarının Altaylardan Avropaya qədər yayılması bu regionda Böyük İpək yoluna perspektiv açan tarixi proseslərin başlanğıcı olmuşdu [5, s.93-111]. Asiyalılar və avropalılar ilk dəfə bir-birinin hərbi gücünə deyil, həm də mədəniyyətlərinə və adət-ənənələrinə, gündəlik həyat tərzində istifadə etdikləri əşyalara bələd olurdular. Hun-türk imperiyasının nəzarət etdiyi bu ərazilərdə ilk ticarət yollarının təhlükəsizliyini təmin etməyə çalışan Çinin Han imperiyası da hun-türklərlə hesablaşmağa məcbur idi. Hun-türk imperatoru Mode Kağanın dövründə (e.ə. 208-175-ci illər) Böyük Çin səddindən Baykala qədər uzanan bir ərazidə, Çiçi Kağanın dövründə isə (e.ə. 55-34-cü illər) daha geniş miqyasda – hun-türklərin hökmran olduğu Volqa və Uralətrafı regionda belə imkanlar yaranmışdı.
Hun-türklərdən sonra Avrasiyada yenə türk etnosunun ikinci böyük hərbi-siyasi gücü kimi təşəkkül tapan göytürklərin dominantlığı Böyük İpək yolunun hüdudlarını Qara dəniz və Aralıq dənizi regionlarına qədər genişləndirir. Çin mallarını Mərkəzi Asiyada və Türküstanda məşhurlaşdıran soqdiyalı tacirbaşı Maniyaxın təklifi əsasında Göy Türk imperiyasının səfiri Sizabu 571-ci ildə ilk dəfə olaraq Qərblə siyasət, diplomatiya və ticarət sahəsində danışıqlar aparmaq üçün Bizansa göndərilir [9, s.82]. Bizans səfiri Zemarx dövlətinin türklərlə siyasi və ticari münasibətlər yaratmaq missiyası ilə elə həmin marşrut üzrə türklərin yanına yollanır. Bununla da, türklər Böyük İpək yolu diplomatiyasının əsasını qoyurlar. Böyük İpək yolunun “qızıl əsri” bu zamandan başlayır. Çin ipəyi digər mallarla birgə məhz türklərin hərbi-siyasi zəmanəti altında Bizansa, buradan da Avropanın digər ölkələrinə aparılırdı.
Bu elə bir dövr idi ki, müharibə, dövlətin öz hərbi üstünlüyünü nümayiş etdirməsi ilə yanaşı, həm də köçəri və oturaq sivilizasiyalar arasında sonrakı sülh proseslərini şərtləndirirdi: “Türklər praktikada bu prinsipi tam ölçüdə reallaşdırmışdılar” [3, s. 144]. Göy Türk imperiyası Uzaq Şərqlə Aralıq dənizi regionunu birləşdirən ticarət yollarına nəzarəti VI-VIII əsrlərdə öz əllərində saxlaya bilmişdilər. O dövrün aparıcı dövlətləri – Bizans, Çin və Sasani imperiyaları Böyük İpək yolu siyasətini Göy Türk imperiyası ilə uzlaşdıraraq həyata keçirməli idilər. Türk (və ya Göy Türk) imperiyasının Avrasiyada yaratdığı geolopitik durum Soqdi tacirləri vasitəsilə Çin mallarının Avropaya çatdırılmasını mümkün edirdi. Sonradan bu imperiya Şərqi Göy Türk Xaqanlığına və Qərbi Göy Türk Xaqanlığına bölünsə də, türklər (cənub istiqamətində oğuzlar, şimal istiqamətində bulqar, xəzər və uyğurlar) həmin tarixi dövrün aparıcı sivilizasiya mərkəzləri arasında ticari-mədəni əlaqələrin əsas determinantları idilər.
Təqribən, bizim eranın 600-1000-ci illəri arasında Böyük İpək yolu Avrasiyanın gündoğanı ilə günbatanı arasında – Yaponiyadan Britaniyaya qədər məsafədə orta əsrlər ticarətinin əsas nəqliyyat strukturu kimi təşəkkül tapır. Bu yolun üzərində yerləşən müxtəlif ölkələrin şəhərlərindəki “ticarət depoları” özünəməxsus reqlament əsasında fəaliyyət göstərir [9, s.70-71]. Böyük İpək yolu sferasına daxil olan ölkə, vilayət və şəhərlər inkişaf edir. “Avrasiya ipək ticarəti bazarının transformasiyası” [9, s.87] daha geniş və çoxtərəfli iqtisadi münasibətlərin formalaşmasına zəmin yaradır. Orta əsr şəhərlərində o zamankı beynəlxalq ticarətin tələbatına uyğun olaraq, spesifik istehsal və təsərrüfat sahələri yaranır. Beynəlxalq siyasətdə hərbi qüdrətlə yanaşı, iqtisadi potensial, ölkə əhalisinin yaşayış səviyyəsi və bu səviyyəyə, vergi ödəmə qabiliyyətinə uyğun olaraq, dövlətin maliyyə əsasları getdikcə daha ciddi amilə çevrilir. Ölkələr, şəhərlər, ticarət mərkəzləri arasında rəqabət meydanı da genişlənir. Daha qüdrətli dövlətlər Böyük İpək yolu uğrunda “böyük mübarizəyə” başlayırlar.
Türk apofeozunun üçüncü dalğasında – bu superetnosun İslam sivilizasiyasının forpostuna çıxması həmin mübarizədə Böyük İpək yolunun ticarət strategiyasında daha həssas manevr bacarıqlarını zəruri edir, eyni zamanda, burada yeni istiqamətlərə çıxış imkanları riskini artırır. Böyük İpək yolunun ərəb dünyasının içərisindən keçən hissələri tədricən türklərin nəzarəti altına alınır. Bu regionda yaranmaqda olan Türk-Səlcuq dövlətləri Ərəb Xilafətinin çoxəsrlik buzunu sındırıb, Böyük İpək yoluna qovuşan ticarət və iqtisadiyyata yeni nəfəs verirlər. Yaxın Şərqdə türklərin ərəb dominantlığına son qoyması – parçalanmış islam dünyasının yenidən birləşməsinə şərt olur. İslam Şərqinin geniş ticarət və mədəniyyət potensialına malik olan şəhərləri və bu şəhərlərin satılıq mallarını dünyanın hər yerinə daşıyan peşəkar tacirlər təbəqəsi yaranır. “Böyük İpək yolunun şərq istiqamətinə nəzarət edən səlcuq türkləri tacirlərə xüsusi zəmanətlə təhlükəsizlik xidməti göstərirlər” [9, s.106].
Avrasiyanın onlarla dövlətini, yüzlərlə xalqını özünə birləşdirən Türk-Monqol imperiyası (XIII-XV əsrlər) ağlasığmaz sürətlə bütün rəqiblərini kontinentin siyasi hegemonluğundan uzaqlaşdıraraq, Böyük İpək yolunun “ortaq” adlanan beynəlxalq ticarət və vergi sistemini tətbiq edərək, inzibati ədalətə zaminliyi həyata keçirirlər [5, s.201-203;9, s.116-117]. Bu, haradasa, müasir Ümumdünya Ticarət Təşkilatının öhdəlik və funksiyalarını daşıyan, beynəlxalq ticarət hüququnu ibtidai şəkildə gerçəkləşdirən fəaliyyət forması olur. Hətta müəyyən qədər insan hüquqlarının qorunması imkan verir ki, əcnəbi vətəndaşlar sərbəst şəkildə başqa dövlətlərin ərazisində işgüzar fəaliyyətlə məşğul olsunlar. Belə bir səlahiyyət diplomat və səyyahlara daha çox verilir. Ona görə də Marko Polo (1254-1324) kimi avropalı səyyahlar Asiya dövlətlərinə səyahət edə və olduqları ölkələrin həyat tərzi və mədəniyyəti, digər xalqlara münasibəti haqqında məlumat əldə edə bilirlər. Türk-Monqol imperiyasının Asiya regionundakı bir çox şəhərlərini ziyarət edən Marko Polo buradakı mədəniyyət və zənginliyin yüksək səviyyəsindən heyranlıqla bəhs edir [8;10]. Səyyahın Avropada o zamandan məşhurlaşan kitabı bu günə qədər Şərq reallıqları haqqında yazılmış klassik bestseller sayılır.
1453-cü ildə türklərin Konstantinopolu fəth edərək, Bizans imperiyasını çökdürməsi ilə Şərq və Qərb arasında siyasi və iqtisadi münasibətlərin yeni mərhələsi, özü də Türk-İslam Şərqinin dominantlığını həlledici fazaya çatdıran mərhələsi başlayır. Avrasiyanın üç nəhəng türk imperiyası – Osmanlı, Səfəvi və Moğol imperiyaları Böyük İpək yolunun İntibah dövrünü yaradırlar. Türklər artıq Avrasiyanın təkcə quru ərazisi üzərində deyil, həm də suları üzərində (Hind okeanından Aralıq dənizinə qədər) ticarət fəaliyyətinin dəstəyini ələ keçirirlər [5, s.204-222]. Avrasiyanın “geopolitik üçbucağı” – Osmanlı, Səfəvi və Moğol imperiyaları aralarında nə qədər ziddiyyətlər olsa da, Böyük İpək yolunu Avropa imperializminin dünyanı çulğadığı vaxta – XIX əsrə qədər onu modernləşməyə hazırlayan proseslərin magistral xətti kimi irəlilədirlər. Böyük İpək yolunun XVI-XVIII əsrləri sözün əsl mənasında klassik Şərq şəhərlərinin mükəmməl ticarət mədəniyyətinə yetişdiyi və bu mədəniyyət arsenalı üzərində iqtisadi-mədəni əlaqələrin unikal səviyyəsinin əldə edildiyi dövr olur. İstanbul, Təbriz və Dehli dünyanın hər yerindən tacirlərin axın-axın gəlib mal daşıdığı paytaxt-şəhərlər kimi şöhrətlənir. Bu yolun Çin – Mərkəzi Asiya – Qafqaz – Aralıq dənizi regionunu birləşdirən tarixi marşrutu həm erkən orta əsrlərdə, həm də bu zaman Azərbaycandan keçdiyindən, Təbriz, Ərdəbil, Bakı, Gəncə, Şəki sürətlə inkişaf edir, böyüyür, klassik Şərq memarlığının incəliklərini özünə nəqş edən karvansara kompleksləri ilə zənginləşir, beynəlxalq ticarətin özünəməxsusluqlarını mənimsəyir. Yeri gəlmişkən, bu gün də dilimizdə işlədilən “çini qablar” ifadəsi məhz – Çindən gələn qablar, Çin qabları anlamını daşıyır. Dünyanın əsas ticarət magistralı – Böyük İpək yolu bu şəhərlərin karvanlarını özünün şaxələnən nəqliyyat spektrində görür. Böyük İpək yolu Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı təmasını yaradaraq, onları yüksək estetik kamilliyə çatdıran təcrübəni bir-birindən həvəslə öyrənməyə və dünyanın da ondan bəhrələnməsinə üfüqlər açır.
Yalnız Avropa imperializmi XIX əsrin sonu – XX əsrin əvvəllərindən Böyük İpək yolunu transkontinental nəqliyyat sistemi kimi çökdürərək, dünya ticarətinin yalnız öz maraqlarına tabe olan beynəlxalq şəbəkəsini formalaşdırır. Artıq bu zamandan Qərb Şərqə “müstəmləkə əraziləri” kimi baxır və onun sərvətlərini istədiyi yolla daşıyıb aparır. Dünya ticarətində “metropoliya – periferiya” rejiminin yaratdığı disbalans vəziyyəti Birinci və İkinci Dünya müharibələri intervallarında ən dramatik gərginliyinə çatır. XX əsrin ortalarındansa beynəlxalq ticarət münasibətlərinin təkmilləşdirilməsi burada beynəlxalq ticarət hüququnun normativləri daxilində fəaliyyəti sistemləşdirir. Sovet İttifaqının dağılmasından – Avrasiyada müstəqil türk dövlətlərinin yaranmasından sonra dünya ticarətinin geniş spektrində Böyük İpək yolu ideyası təbii-tarixi prosesin arasıkəsilməzliyi kimi yenidən doğulur.
Minilliklərin sivilizasiya yaddaşını özündə yaşadan Böyük İpək yolu, həqiqətən də, bəşəriyyətin inkişafında əhəmiyyətli rol oynamışdır. Bu yol yaxın-uzaq ölkələr arasında zaman-zaman təkcə mal-əmtəə mübadiləsini deyil, həm də innovasiya və texnologiyaların, din, elm, incəsənət sahəsində əldə olunmuş nailiyyətlərin ötürülməsini təmin etmişdir. Özü də dünyanın bu ən uzunömürlü transsivilizasiya xətti yalnız Şərqdən Qərbə deyil, həm də əks istiqamətə doğru ticarət məqsədlərini həyata keçirmiş, Avropanın bir çox yeniliklərini Şərq cəmiyyətlərinə gətirmişdir: “Mədəniyyətlərarası sıx əlaqə İran, Çin, Soqdi və Türk mədəniyyəti ənənələrinin sinkretizmini təzahür etdirən orijinal incəsənət əsərlərinin yaranmasına gətirib çıxarmışdır” [3, s. 148]. Ümumiyyətlə, Böyük İpək yolu yeni dövrə qədər dünya xalqları və dövlətlərinin iqtisadi və mədəni inteqrasiyasını həyata keçirərək, onların kifayət qədər zəngin qarşılıqlı əlaqələr təcrübəsi ilə bugünkü qloballaşma hərəkatında da iştirakını motivləşdirən davamlı tarixi-mədəni prosesləri öz taleyində yaşamışdır. Böyük İpək yolu Şərqi Qərbə, Qərbi də Şərqə daxili mahiyyətinə və özünəməxsus struktur keyfiyyətlərinin kompleksinə görə dərindən tanıtmışdır.
Bu görə də qloballaşma proseslərinin zəruri aktı kimi İkinci və Üçüncü minilliyi kəsişdirən tarixi epoxada Böyük İpək yolu ideyası müasir nəqliyyat texnologiyalarının yüksək səviyyəsi bazasında yenidən bərpa edilmək imkanları əldə etməkdədir: “Yeni İpək yolu” – tarixi “Böyük İpək yolunun” bərpası olaraq, TRASEKA (Avropa – Qafqaz – Asiya Nəqliyyat Dəhlizi) layihəsi çərçivəsində həyata keçirilir. Azərbaycanın Böyük İpək yolu coğrafiyasında tarixən və bu gün mühüm əhəmiyyət daşıması nəzərə alınaraq, TRASEKA-nın Proqram Katibliyinin Bakıda yerləşdirilməsi qərara alınmışdır. TRASEKA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə Milli Katibi Akif Mustafayevin şərhində bildirilir ki, TRASEKA proqramı – dövlətlərarası proqram qismində Qara dəniz, Qafqaz və Mərkəzi Asiya regionlarının beynəlxalq nəqliyyat sisteminin inkişafı vasitəsi ilə yeni müstəqillik qazanmış postsovet dövlətlərinin iqtisadi və siyasi inkişafına yardım etmək məqsədi ilə 1993-cü ildə Brüsseldə keçirilmiş beynəlxalq konfransda Avropa Komissiyası tərəfindən təsis edilmişdir. Bu proqramın ilk iştirakçıları Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Türkmənistan olmuşlar. Sonrakı illərdə isə bu proqrama Ukrayna, Moldova, Bolqarıstan, Rumıniya və Türkiyə qoşulmuşlar. Avropa Komissiyasının texniki dəstəyi ilə TRASEKA proqramının reallaşdırılması əksər üzv ölkələrdə çoxfunksiyalı, effektiv beynəlxalq nəqliyyat sisteminin yaradılması ilə bərabər regiona investisiyaların cəlb edilməsinə səbəb olmuşdur” [2, s.26]. Layihəni həyata keçirən təşkilat 2009-cu ildən bütünlüklə üzv dövlətlər tərəfindən maliyyələşdirilir.
1998-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının o zamankı prezidenti, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və Avropa Birliyinin dəstəyi ilə Bakı şəhərində “TRASEKA – Tarixi İpək Yolunun bərpası” Beynəlxalq Konfransı keçirilmişdir. Bu Konfransın işində 12 ölkənin dövlət başçıları, 32 ölkənin nümayəndə heyətləri, Avropa Birliyi Komissiyasının və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələri iştirak etmişlər. Bu Konfransın əsas nəticəsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üçün “Beynəlxalq Nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş”in Azərbaycan Respublikası, Bolqarıstan, Gürcüstan, Ermənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkiyə və Ukraynanın dövlət və hökumət başçıları tərəfindən imzalanması olmuşdur. Artıq bu gün Avrasiyanı birləşdirən beynəlxalq nəqliyyat layihəsinin xeyli hissəsi başa çatdırılmış, ölkədaxili və beynəlxalq yollar çəkilmiş, nəzərdə tutulan növbəti işlərə start verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TRASEKA Hökumətlərarası Komissiyasının 4-cü illik konfransının iştirakçılarına müraciətində bəyan edir: “Azərbaycan Respublikası öz müstəqilliyinin ilk illərindən beynəlxalq aləmdə geniş iqtisadi əlaqələrini qurmaq məqsədilə kommunikasiya dəhlizlərinin yaradılmasını prioritet məsələ kimi müəyyən etmişdir. Bu baxımdan Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən TRASEKA proqramı xüsusi əhəmiyyət kəsb edir. Böyük İpək yolunun qədim tarixi ənənələrinin bərpasına yönəlmiş bu proqram, bütün üzv dövlətlərin iqtisadi inkişafına xidmət edir, onların regional və regionlararası səviyyədə sıx inteqrasiyasını təmin edir. Böyük İpək Yolu keçmişdən başlasa da, gələcəyə gedən yoldur. Ümidvaram ki, bu yolda bizim strateji partnyorluğumuz xalqlarımızı firavanlığa və tərəqqiyə aparacaqdır” [1, s.4].
Müasir beynəlxalq həyatda Böyük İpək yolunun yenidən aktuallaşması dünya inkişafının tarixi qanunauyğunluğudur: bu o deməkdir ki, yenidən Böyük Siyasətə qayıdan türk dünyasının çağdaş Avrasiyanın siyasi, iqtisadi, mədəni həyatında rolu aktuallaşır. Böyük İpək yolunun tarixi qoruyucuları olan türklər bu gün onun qurucuları missiyasında çıxış edir.
Ədəbiyyat
Açar sözlər – Avrasiya, Böyük İpək yolu, türk dövlətləri
Культура Шелкового Пути и тюрки
Связи тюркского мира с Великим Шелковым Путем исторически сложились на трех уровнях: (1) так как Великий Шелковый Путь проходил через многие тысячи километров территории расположенных в ряд тюркских стран, то топонимика тюркской этногеографии наложила свою печать на координаты дороги; (2) в течение долгого исторического периода основными партнерами, участниками, а также организаторами и компаньонами торговых и культурных связей, осуществляемых на Великом Шелковом Пути, были тюрки; (3) тюркские государства и империи выполнили историческую миссию задействования Великого Шелкового Пути как Трансевразийской коммуникационной системы, осуществляли контроль в значительном отрезке 2200-летней истории этой дороги и в определенных региональных границах. Как и в прошлом, и сегодня политика Шелкового Пути занимает свое место в ряду фундаментальных ценностей тюркской цивилизации и политической культуры, а также развивается новыми глобальными проектами.
Ключевые слова – Евразия, Великие Щельковые пути, тюркские государства
Culture of the Silk Road and the Turks
Close relationship of the Turkic world with the Silk Road showed itself in three levels: (1) Because thousand miles of the Silk Road passes through the territories of the Turkic countries, toponymic traces of the Turkic ethno-geography had permeated through the coordinates of this way; (2) The Turks have been the main partners, participants and organizers of trade and culture relations carried out on the Silk Road for long periods of time; (3) Turkic states and empires carried out historical mission in functionalization of the Silk Road as a trans-Eurasian communication system and have maintained control over this Road for a considerable part of its two thousand and two hundred years history and within the definite regional boundaries. As it has been in the past, the Silk Road policy is one of the fundamental values of the Turkic civilization and political culture nowadays, and is developed with new global projects.
Key words – Eurasia, Great Silk Road, Turkic states