Giriş
Nə qədər paradoksal görünsə də, III minilliyin astanasında dünya birliyi içərisində ziddiyyətlər yenidən kəskinləşməkdədir. Minilliklər boyu ictimai şüuru durmadan təkmilləşməkdə olan qlobal siyasi-antropoloji sistem bu dəfə zamanın tələblərinə cavab verə bilməməsi iradı ilə üzləşir. Doğrudan da, beynəlxalq siyasi sistemin ən ali strukturu hesab edilən Birləşmiş Millətlər Təşkilatının və xüsusilə də onun Təhlükəsizlik Şurasının dünyanın idarə edilməsi kimi həyati vacib bir funksiyasını artıq lazımi şəkildə icra edə bilməməsi göz qabağındadır. Keçən əsrin ortalarından vüsət almağa başlamış qloballaşma prosesləri dərinləşdikcə dünyanın müxtəlif bölgələrində münaqişələrin də sayı artmaqdadır. Belə bir şəraitdə ayrı-ayrı bölgələrdə müstəqil dövlətlərin öz aralarında birlikyaratma təşəbbüsləri və regional statuslu birliklərin öz növbəsində dünya birliyini gücləndirən tendensiya kimi dəyərləndirilməsi xüsusilə diqqətəlayiqdir.
Birlikyaratmanın Avropa örnəyi
Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlikyaratmanın müasir dünya üçün ən böyük hadisələrindən biri Avropa İttifaqının (Aİ) təşəkkülüdür. Bu gün bizim üçün Avropa İttifaqının əhəmiyyəti həm də ondan ibarətdir ki, o, eyni sivilizasiyaya mənsub müstəqil dövlətlərin yüksək siyasi statusda birliyi kimi, gerçəkləşməsi çağdaş Avrasiya üçün zəruri olan Türk Dövlətləri Birliyinin (TDB) yaranmasına bir örnəkdir. Yeni tarixi şəraitdə belə bir Birliyin yaranması sübut etməlidir ki, Avrasiyanın Avropa hissəsi – Avropa İttifaqını ərsəyə gətiribsə, onun əsasən Asiya hissəsinin türk sivilizasiyası regionunda da daha mükəmməl formada eyni missiya reallaşa bilər. Avropa İttifaqı (“European Union”) ilə Türk Dövlətləri Birliyi (“Turkic States Union”) – Avrasiyanın iki yaxın platforması kimi onun vahid qlobal siyasi məkan statusu əldə etməsi deməkdir. Bu paradiqmanın önə çıxarılması o anlama gəlir ki, Türk Dövlətləri Birliyi – Avropa İttifaqına alternativ ideya olsa da, onun ziddinə deyildir. Əksinə, Avropa İttifaqından sonra Türk Dövlətləri Birliyinin yaranması Avrasiyanın siyasi-sivilizasional bütövləşməsi tarixinin mühüm bir məqamı və davamıdır.
Avropa İttifaqının yaranmasını şərtləndirən başlıca amillər – ona daxil olan dövlətlərin (1) eyni regiona və tarixi-geopolitik müəyyənliyə, (2) vahid Avropa sivilizasiyasına, (3) Hind-Avropa dilləri ailəsinə (Finlandiyadan başqa), mütləq əksəriyyətlə, xristian dünyasına mənsub olmalarıdır. Bütün bu amillər, 1800 il öncə Pax Romananın dağılmasından sonra, Avropanı tarixən nə qədər yaxınlaşdırsa da, bu regionda baş verən ardıcıl müharibələr və digər ziddiyyətlər həmişə onun dezinteqrasiyasına əsaslar yaradıb. Buna görə də hesab etmək olar ki, Avropadaxili müharibə və münaqişələrə son qoymaq zərurəti son və həlledici amil kimi bu regionun siyasi inteqrasiyasını qaçılmaz edib. (4) Çünki elə yaxın tarixi dövrdə – iyirminci əsrin birinci yarısında Avropanın aparıcı dövlətlərinin planetar hegemonluq uğrunda davası iki dünya müharibəsini Avropadan başlatmışdı. İkinci Dünya müharibəsində isə Avropa tarixində ən fəlakətli insan qırğını baş vermişdi: 35 milyon avropalı həyatını itirmişdi. Ona görə alman filosofu Yurgen Habermas yazır ki, “Avropa bir-birindən məsafə saxlayan, mübahisə edən və rəqabət aparan milli dövlətlərdən ibarətdir” [7, s. 44]. Müqayisə üçün deyə bilərik ki, Avropada hətta “ekstremist millətçilik” səviyyəsində olan kəskin münaqişələri aradan qaldırmaq məcburiyyəti [12, s. 99] türk dövlətləri arasında yoxdur: türklər orta əsrlərin sonundan bu yana, demək olar ki, bir-biriləri ilə müharibə etməmişlər. Avropanı birləşdirən amillərin “türk dünyası variantı” bir sıra analogiyaları saxlamaqla tamamilə özünəməxsusdur: Türk milli dövlətləri (1) Avrasiyanın Mərkəzi Asiya, Qafqaz və Kişik Asiya regionunu əhatə edərək, Avropa İttifaqı ölkələrindən Çinədək geniş bir regionun geosiyasi bütövlüyünü yaradır; (2) türk sivilizasiyasına, (3) türk dilləri ailəsinə, (4) əsasən, islam dininə mənsub türksoylu millətlərin vətənidir; (5) Avropadakı kimi daxili müharibələrin qarşısını almaq yox, öz aralarında tarixi etnosiyasi birliyi bərpa etmək və demək olar ki, öz aralarında ciddi konflikt və problemlər olmadan, müasir beynəlxalq siyasətin və beynəlxalq hüququn tələblərinə uyğun olaraq, daha mükəmməl əsaslar üzərində qlobal əhəmiyyətli Türk Dövlətləri Birliyini yaratmaq zərurəti ətrafında birləşirlər. Əlbəttə, artıq keçilmiş yol kimi – Avropa İttifaqı Türk Dövlətləri Birliyinin yaradılması prosesinə ən optimal siyasi-hüquqi konsepsiya və prosedurlar nümunəsini verir.
Avropa İttifaqının təşəkkül tarixi və bu günə qədərki inkişafı – Avropanı birləşdirmə siyasətinin nə qədər mürəkkəb və çətin mərhələləri adladığını, lakin kifayət qədər səy və qətiyyət nümayiş etdirildiyi üçün, özünün əsas məqsədinə çatdığını göstərir. 1648-ci ildə bağlanan Vestfaliya müqaviləsi 1914-cü ilə – Birinci Dünya müharibəsi başlayana qədər Avropa milli dövlətlərinin ümumi sistemini yaratmağa ilk zəmini hazırlamışdı. Hələ 1815-ci ildə Napoleonun Fransa hegemonluğu ilə “Avropa mərkəzçiliyinin” əsas ideologiyası əsasında Avropanı birləşdirmək iddiaları puça çıxandan sonra, daha sülhpərvər və mütərəqqi “Avropa həmrəyliyi” (“Concert of Europe”) ideyası bu regionda intellektual sferanın aparıcı ideyalarından idi. XIX əsrin sonlarına yaxın Fridrix Nitsşe bəyan edirdi ki, “Avropa birləşməyə doğru can atır” [5, c.2, s. 376]. XX əsrin əvvəllərində isə “Amerika Birləşmiş Ştatları” quruluşuna uyğun olaraq, “Avropa Birləş¬miş Ştatları”nın yaradılması (Orteqa-i-Qasset, Jean Monnet, Alcide De Gasperi) kimi model-ideyalar Avropada inteqrasiya proseslərinin güclənməsinə və bu inteqrasiyalaşmanın bütün dünyaya nümunə ola biləcək ictimai, siyasi, mədəni təşkilat formalarının strukturlaş¬masına əsaslı təsir göstərirdi. Bir çox əsərlərində Avropanın birləşdirilməsini labüd sayan ispan filosofu Orteqa-i-Qassetin fikrincə, son üç yüz ildə dünyanı Avropa idarə etmişdir, ancaq “onun idarəçiliyi altında dünya eyni bir tərzdə yaşamış”, nəticədə, “Avropanın hege¬mon¬luq epoxası” öz sonuna doğru yaxınlaşmışdır. Buna görə də “kiçik millətlərin kompleksi kimi” meydana gəlmiş Avropa – Renessans dövründən etibarən milli dövlətlərin formalaşma ənənəsinin yekunu olaraq, siyasi substansiyasını “Qərb Milli Dövlətində” ifadə edən “dövlət-kon¬tinentə” çevrilməlidir. Avropa milli dövlətlərinin vahid ümumavropa struk¬turunda birləşməsi tamamilə məntiqidir və bu onların yeganə çıxış yoludur [6, s. 126-132].
İkinci Dünya müharibəsindən bir il sonra – 1946-cı ildə əsrinin ən görkəmli siyasətçilərindən biri Uinston Çörçill İsveçrənin Sürix Universitetindəki çıxışında “Avropa Birləş-miş Ştatları” ideyasını yenidən aktuallaşdırır [9]. Bu illərdə hətta “ənənəvi düşmənlər – Fransa və Almaniya” da “federal Avropa” layihəsi üzərində müzakirələr aparırlar. 16 Avropa dövlətinin demokratik islahatçıları 1948-ci ilin mayında Haaqada keçirilən “Avropa Konqresi”ndə öz dövlətlərinin siyasətçilərini bu prosesə qoşmaq üçün əməli addımlar atırlar [12, s. 99]. Beləliklə, Avropa dövlətlərinin vahid siyasi-hüquqi statusda birləşməsi real fəaliyyət müstəvisinə keçir.
1949-cu ildə Qərbi Avropa dövlətlərinin təşəbbüsü ilə onların Nazirlər Komitəsi və məsləhətçi Assambleyası vasitəsilə Avropa Məşvərət Şurası yaradılır. 1950-ci ildə Robert Şuman Bəyanatı qəbul edilir ki, bunun da əsasında 1951-ci ildə 6 üzv dövlətlə Avropa Kömür və Polad Birliyinin yaradılması haqqında Paris Müqaviləsi imzalanır. 1953-cü ildə Avropa Məşvərət Şurasının İnsan Hüquqlarına dair Avropa Konvensiyası qüvvəyə minir və İnsan Hüquqları Komissiyası təsis olunur. 1957-ci ildə Avropa İqtisadi Birliyinin və Avropa Atom Enerjisi Birliyinin yaradılması haqqında Roma Müqaviləsi imzalanır. 1960-cı ildə Avropa Azad Ticarət Zonası yaradılır. 1961-ci ildə Avropa Şurasının əsası qoyulur. 1962-ci ildən Ümumi Aqrar Siyasətin həyata keçirilməsinə başlanılır. 1968-ci ildə Gömrük Birliyi təsis olunur. 1970-ci ildə Avropa siyasi əməkdaşlığı hüquqi status alır. 1978-ci ildə Avropa Valyuta Sistemi və Avropa Şurasının Qətnaməsi üzrə mübadilə mexanizmi işə düşür. 1979-cu ildə Avropa Parlamentinə birbaşa ümumavropa seçkiləri keçirilir. 1985-ci ildə Şenqen Müqaviləsi imzalanır. 1986-cı ildə vahid bazarın yaradılmasına dair Vahid Avropa Aktı qüvvəyə minir. 1992-ci ildə Avropa İqtisadi Birliyi əsasında Avropa İttifaqının yaradılmasına dair Maastrixt Müqaviləsi bağlanır. 2002-ci ildən Avropa İttifaqının vahid valyutası – avro tədavülə buraxılır. 2003-cü ildən Avropa İttifaqının institusional islahatları həyata keçirilir. 2009-cu ildə həmin islahatlar üzrə Lissabon Müqaviləsi qüvvəyə minir [16; 15; 13].
Bu gün Avropa İttifaqının ümumi idarəetmə sistemi onun bir-biri ilə funksional bağlılığı olan təsisatları – Avropa Parlamenti, Avropa İttifaqı Şurası, Avropa Şurası, Avropa Komissiyası, Avropa İttifaqının Ədalət Məhkəməsi, Avropa Auditorlar Məhkəməsi və Avropa Mərkəzi Bankı tərəfindən həyata keçirilir. 1957-ci ildə Avropa İttifaqının “özək üzvləri” (original members”) – Belçika, Almaniya, Fransa, İtaliya, Lüksemburq və Niderland bu regional qurumun siyasi və iqtisadi müttəfiqliyinin əsasını qoymuşdur. Avropa İttifaqının genişlənmə prosesi isə 1973-cü ildən başlayır. Bu birinci mərhələdə Danimarka, İrlandiya və Böyük Britaniya, ikinci genişlənmə mərhələsində (1981) Yunanıstan, üçüncü genişlənmə mərhələsində (1986) Portuqaliya və İspaniya, dördüncü genişlənmə mərhələsində (1995) Avstriya, Finlandiya və İsveç, beşinci genişlənmə mərhələsində (2004) Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya, altıncı – sonuncu genişlənmə mərhələsində (2007) Bolqarıstan və Rumıniya Avropa İttifaqına üzv olublar.
Hazırda Avropa İttifaqı bu qitənin 27 üzv dövlətindən ibarətdir. Burada işlənən rəsmi dillər iyirmi üçdür. Avropa İttifaqının rəsmi paytaxtları – Brüssel, Lüksemburq və Strasburqdur. Avropa İttifaqının ümumi ərazisi – 4 milyon 324 782 kv. km. (böyüklüyünə görə dünyada yeddinci), ümumi əhalisi 2012-ci ilin məlumatına görə, – 503 milyon 500 min nəfərdir (sayca dünya əhalisinin 7,2%-i) [19]. Avropa Şurası isə özündə ümumən 800 milyon əhalisi olan 47 dövləti birləşdirir (Türk dövlətlərindən ikisi – Türkiyə və Azərbaycan bu təşkilatın üzvüdür). Avropa İttifaqının illik ümumdaxili məhsulunun həcmi (ÜDM) 17,6 trilyon dollardır (adambaşına – təqribən, 35 min dollar), yəni dünya ÜDM-nin 20%-nə bərabərdir. Dünyada sistemli-inteqrativ siyasi kursa və yeganə daxili bazara malik olan Avropa İttifaqı regional beynəlxalq təşkilat olaraq Birləşmiş Millətlər Təşkilatında, Ümumdünya Ticarət Təşkilatında, Böyük Yeddilər (G-7) və Böyük İyirmilər (G-20) hərəkatında təmsil olunur. Avropa İttifaqına daxil olan dövlətlərin siyasət və iqtisadiyyat sahəsində müvafiq qanunvericiliklə təsbit olunmuş ümumi öhdəlikləri olsa da, onlar həmin sahələrdə tamamilə müstəqil siyasi-iqtisadi fəaliyyətlərini həyata keçirə bilirlər. Avropa İttifaqı həm bütövlükdə, həm də onun aparıcı dövlətlərinin timsalında dünya siyasətinə, qlobal iqtisadi və mədəni proseslərə əhəmiyyətli şəkildə təsir etmək imkanlarına malikdir. Avropa İttifaqı siyasəti, onun regional və qlobal inkişaf proqramları, genişlənmə layihələri, həqiqətən, müasir dünyada sülh və demokratiyanın inkişafına əvəzsiz töhfələr verməkdədir. Tarixi keçmişdən fərqli olaraq, indi Avropada “Hegemon” və ya “Hegemonlar” yoxdur, əvəzində qitənin dövlətlərini birləşdirən qüdrətli İttifaq vardır. Bu transformasiya prosesinin özü dünya üçün müsbət bir nümunədir.
Xüsusilə Soyuq müharibə dövründə Avropa İttifaqı Avroatlantik məkanla Avrasiya məkanının, ikiqütblü dünyada Amerika Birləşmiş Ştatları ilə Sovet İttifaqı arasındakı münasibətlərin tarazlığını qoruyan, elə bu gün də dünyada balansyaradıcı missiyanı kifayət qədər rasional əsaslarla yerinə yetirən güclü beynəlxalq subyekt kimi qlobal inkişafın ön cinahında dayanır. Avropa İttifaqı dünya ümumdaxili məhsulunun (ÜDM) 22%-nə sahib olan Amerika Birləşmiş Ştatları kimi qlobal güclə, demək olar ki, eyni iqtisadi səviyyəyə (20%) malikdir. Ancaq dünya üzrə hərbi xərclərin 41%-ni reallaşdıran ABŞ-dan fərqli olaraq, Avropa İttifaqı qlobal təsir vasitələrinin daha mütərəqqi texnologiyalarını işlədir. Avropa İttifaqı dünyanın digər hissəsi ilə qarşılıqlı münasibətlərdə hərbi iştitakçılıqla deyil, “yumşaq güc”lə - iqtisadi, humanitar və mədəni əlaqələrin stimullaşdırılması və məhz bu istiqamətlərdə sərmayələr yatırılması hesabına həmin ölkələrin loyallığına nail olmağa çalışır. Buna görə də ABŞ ətrafında “məcburi”, Avropa İttifaqı ətrafında isə “könüllü” inteqrasiya baş verir. Demokratiyaya və innovativ siyasi islahatlara meylli dövlətlərin Avropa İttifaqına üzv olmaq səyləri bu prosesin tərkib hissəsidir.
Əlbəttə, Avropada da heç də hər şey asanlıqla yoluna qoyulmur. Son illərdə avroməkanda böhran dalğaları görünməkdədir. Hətta dezinteqrasiyanın baş verəcəyini proqnozlaşdıranlar da var. Lakin fikrimizcə, azad bazar iqtisadiyyatı siyasətinin həyata keçirildiyi Avropa İttifaqı ölkələrində eniş və yüksəliş “dalğalarının” bir-birini izləməsi tamamilə təbii prosesdir. Avropa İttifaqı müəyyən böhran hallarını aradan qaldırmaq üçün kifayət qədər təcrübəyə, konstruktiv fəaliyyət potensialına malikdir. Avropa İttifaqı dünya iqtisadiyyatına elə üzvi şəkildə inteqrasiya olunub ki, burada başlayan hər hansı böhran sürətlə qlobal məkanı da bürüyür. Ona görə də təkcə Avropa İttifaqının deyil, bütün inkişaf etmiş dövlətlərin səyi – dünyada “durğun iqtisadiyyat zonalarını” hərəkətə gətirməyə, dünya ölkələrinin istehsal və istehlak potensialının zəifləməsinin qarşısını almağa yönəldilməlidir.
Avropa İttifaqı qlobal siyasi-iqtisadi məkanın açıq rəqabət meydanındadır. Burada onun inkişaf strategiyası da müxtəlif siyasi və ideoloji oriyentasiyalardan yozulur. Bu kontekstdən yanaşdıqda görürük ki, Avropa İttifaqı da daxil olmaqla qlobal güclərin gələcək konfiqurasiyası və üstünlük qazanma imkanları fərqli şəkildə dəyərləndirilir. Amerika strateqləri – Amerika Birləşmiş Ştatlarının, Avropa strateqləri – Avropa İttifaqının, Türkiyə strateqləri isə – türk dünyasının üstünləşmə potensiallarından çıxış edərək, ümumi cizgiləri ilə belə bir formul-paradiqmalar irəli sürürlər: “İyirmi birinci əsr – Amerika əsridir” [10, s. 13], “İyirmi birinci əsr – Avropa əsridir” [4], “İyirmi birinci əsr –Türk əsridir” [2]. Çin, Yaponiya, Rusiya, Hindistan və başqaları da belə düşünə bilər. Şübhəsiz ki, bu mövqelərin hər birində həqiqət var və real perspektivə, daxili potensiala hesablanıb. Amerika Birləşmiş Ştatlarını – dünyanın idarə olunduğu və növbəti əsrdə də idarə olunacağı mərkəz kimi qələmə verən, ABŞ-da Stratfor CEO-nun (dünyanın aparıcı məlumat və proqnostika şirkəti) yaradıcısı və rəhbəri Corc Fridman belə düşünür ki, “qlobal sivilizasiyanın özəyi kimi Avropanın tənəzzülü” ilə Amerikanın dominantlıq qüdrətinə yiyələnməsi müasir tarixi-siyasi proseslərin içində baş verir [10, s. 251].
Əks arqumentasiyanı isə Britaniya politoloqu Mark Leonard əsaslandırmağa çalışır. Göstərir ki, yalnız Amerikanın mövqeyindən baxdıqda, Avropanın ölməkdə olduğu görünür. Əslində isə belə deyil. Onların müqayisəsində bu nəticə hasil olur ki, Amerikanın dünyaya təsiri – səthi, Avropanınkı isə – dərin və əhatəlidir. Dünya ölkələri təbii bir ehtiyacla Avropa orbitinə daxil olur və bununla da onlar “Avropa qanunlarının təsiri altında birdəfəlik dəyişir”. Çünki Avropanın gücü – elə bu qanunlardadır. Avropa iki dünya müharibəsində başdan-ayağa hərbiləşdirilmiş “militarist” bir qitədən, imperialist təfəkkürlü, daxili ziddiyyətlərində çabalayan bir amorf kütlədən müstəqil və demokratik dövlətlərin İttifaqına çevrilə bilmək qüdrətini özündə tapıb, dəyişib və yeniləşib. Əgər Amerika bu gün dünyanı hərbi bazaları ilə bürüyürsə, Avropa İttifaqı demokratik təsisatları ilə yaxın-uzaq regionları əhatə edir və öz cazibəsinə çəkir. Hazırda dünyanın “109 ölkəsi Avropa İttifaqı sferasına” daxildir. Bütün siyasi mənzərəsi və məntiqi ilə aydın görünür ki, dünya artıq özünün “post-Amerika epoxasına” keçir. Çünki ABŞ-ın təqdim etdiyi “Yeni Dünya Nizamı” planet ölkələrinin müstəqil inkişafına zidd olduğu üçün onları, təbii ki, qane eləmir. Deməli, belə bir məqamda üz tutulası yeganə “Demokratiya Məbədi” – Avropa İttifaqı və bəhrələnəsi qaynaq – onun dəyərləridir. Onu itirmək – dünya demokratiyasının istehkamını əldən vermək kimidir. Avropa İttifaqının dünya üçün ən böyük örnək-potensialı isə, regional və qlobal əməkdaşlıq məqsədi ilə dünyada siyasi-iqtisadi-sivilizasion birliklərin yaradılmasına təcrübə olmaqdan və bu istiqamətdəki fəaliyyətlərə dəstək verməkdən ibarətdir [4, s. 10-12, 56-57, 159-166, 185-204]. Öz polemik mülahizələrini Britaniya politoloqu belə bir nəticə ilə tamamlayır: “Nə zaman ki, regional birliklərin yaranması prosesi güclənəcək, onda Amerika Birləşmiş Ştatları kimi qüdrətli dövlətlər də mütləq şəkildə bu inteqrasiya prosesinə cəlb olunacaqlar. Onlar bu prosesi ləngidə bilərlər, ancaq dayandıra bilmək halında olmayacaqlar. Onlar bu prosesə qarşı çıxsalar, özlərinə ziyan verəcəklər, çünki bununla özlərinə qarşı regional klubların birləşməsini sürətləndirəcəklər. Yox, əgər ABŞ bu prosesdən istifadə etsə, öz gücünü artıracaq və planetdə yeni dünya nizamının doğulmasına kömək edəcəkdir. Bu prosesin davam etdiyi müddətdə biz “Avropanın yeni əsrinin” üfüqdə görünməsinə də şahid olacağıq. Ona görə yox ki, Avropa dünyanı yenə də İmperiya kimi idarə edəcək, ona görə ki, Avropa davranış tərzi bütün dünyada qəbul ediləcək” [4, s. 217].
Avropa örnəklərindən biri də odur ki, avropalılar Avropa İttifaqının tarixi quruculuq prosesinin heç bir həlledici məqamını yaddan çıxarmırlar. Avropa İttifaqının lider dövlətlərinin – Almaniya və Fransanın başçıları Angela Merkel və Fransua Holland ”Barışıq Nitqi” deyilən tarixi hadisənin 50 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə (2012, 22 sentyabr) İkinci Dünya müharibəsindən sonrakı dövrdə – 1962-ci ildə Fransa prezidenti Şarl de Qollun alman dilində söylədiyi “Biz hamımız böyük səhv buraxmış böyük millətin övladlarıyıq” cümləsini əbəs yerə xatırlatmamışdılar. II Dünya müharibəsində milyonlarla insanını itirən Avropa ölkələri, xüsusilə Almaniya və Fransa məhz bu etiraflardan sonra addım-addım bir-birinə yaxınlaşmağa başlamışdılar. Həmin yubiley mərasimində F.Holland Fransa və Almaniyanın Avropa İttifaqında “xüsusi məsuliyyət” daşıdığını vurğulayaraq deyir: “Biz Avropanın ürəyini təşkil edirik”. Hər iki dövlət başçısının Avropa İttifaqındakı böhranlı situasiyaları aradan qaldırmağa, Avropadaxili birliyi qorumağa və vahid Avropanın gələcəyi üçün inamı yüksəltməyə yönələn çağırışları isə A.Merkelin bu mesaj-paradiqmasında formullaşır: “Biz Avropalıyıq. Öz xoşbəxtliyimiz uğrunda birləşmiş Avropalılar!” [20].
Avropalıların və türklərin oxşar tarixi missiyaları birlikyaratma təfəkkürünə sahibliyin, strateji bəsirətin, qətiyyətli fəaliyyətlərin, özünəinamın, böyük məqsədlər uğrunda birləşmənin necə taleyüklü olduğunu göstərir. Əgər onlar bu gün xüsusi bir vurğu ilə deyirsə – “Biz Avropalıyıq”, onda gərək biz də deyək: “Biz Türklərik!” Türk sivilizasiyası öz bətnindən Türk Dövlətləri Birliyini dünyaya gətirməklə, türk dünyasının qlobal miqyasda özünütəsdiq missiyasını həyata keçirmiş olacaq.
Avropa-Türkiyə münasibətləri
Beynəlxalq siyasət və beynəlxalq hüquqda təsbit olunmuş regional və qlobal miqyaslarda birlikyaratmanın bu qarşısıalınmaz proseslərində Türk Dövlətləri Birliyinin də yaranması – türk dünyasının daxili zərurəti kimi (ötən əsrin ortalarında Avropa İttifaqının yaranmasını qaçılmaz edən zərurət kimi) meydana çıxır. Türk dünyası müasir dövrdə beynəlxalq siyasi həyatın açdığı real imkanlar daxilində alternativ sayıla biləcək variantlardan, təbii ki, ən optimal seçimə üstünlük verməlidir. Əlbəttə, Türkiyənin, Qafqaz və Mərkəzi Asiyanın gənc müstəqil dövlətlərinin Avropa İttifaqına inteqrasiyası da (bunu daha çox ümumi şəkildə, “Qərblə inteqrasiya” kimi mənalandırırlar) kifayət qədər pozitiv və aktual görünə bilər. Bu istiqamətdə nəzərdə tutulan və görülən işlərin bir hissəsi də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilir. Türk dünyası dövlətlərinin Avropa İttifaqı ilə münasibətləri, heç şübhəsiz ki, bundan sonra da getdikcə yüksələn və çoxistiqamətli xarakter alan xətt üzrə davam edəcəkdir. Lakin bütün bu proseslər türk dünyası dövlətlərinin Avropa İttifaqına üzv olmasına gətirib çıxara bilərmi? Müasir türk siyasi tarixinin indiki həlledici məqamında bütün strateji hədəfləri və perspektivləri götür-qoy edərək, biz gələcək taleyimizlə bağlı sualı bir daha özümüzə verib, ona dəqiq cavab axtarmalıyıq: biz Avropa İttifaqına üzvlüyə doğru hərəkət etməliyik, yoxsa, elə onlar kimi, bütün çətinliklərdən keçərək – Türk Dövlətləri Birliyini yaratmalıyıq? Bu variantlardan hansı daha əlverişlidir? Bütün məntiqlə Avropa ölkələri da bu dilemmaya öz mövqeyindən elə bu şəkildə cavab verərdi: “Əlbəttə, öz Birliyiniz!” Aydındır ki, Avropa İttifaqı Şərqə doğru genişlənmə layihəsində israrlı olsa da, hələ türk dövlətlərinin ona üzvlük məsələsi gündəmdə yoxdur. Yəqin ki, hələ xeyli müddət də olmayacaq. Avropa İttifaqının hazırkı strategiyası – Avropa sivilizasiyası hüdudlarından o qədər də kənara çıxmamaq, bu sferanın maksimal genişliyində daha da möhkəmlənmək, institusional quruluşunu bu geopolitik sistemdə dərinləşdirmək, bir sözlə, “əlavə yüklə” özünü ağırlaşdırmamaqdır. Həm də Avropa İttifaqı çalışır ki, Avrosferanın nəinki iç, həm də dış çevrəsi sabit və təhlükəsiz olsun. O xüsusilə özünə yaxın ətrafda Rusiyanın təsirini azaltmaq üçün Avrasiyanın, əsasən, türk dövlətləri ilə hüdudlanan çevrəsi boyunca çıx əməkdaşlığa üstünlük verir, burada inteqrativ layihələrin həyata keçirilməsinə çalışır. Ancaq hətta bu gün türk dövlətləri Avropa dövlətlərinin inkişaf səviyyəsində olsalar belə, Avropa İttifaqının onları öz sıralarına qatmaq məqsədləri yoxdur. Onun ərazi, əhali, iqtisadi və hərbi güc baxımından ən böyük türk dövlətinə – Türkiyəyə münasibəti buna əyani nümunədir.
Avropanın təhlükəsizlik zəmanəti, Türkiyənin NATO çərçivəsində Amerika Birləşmiş Ştatlarından sonra ən böyük hərbi qüvvəyə malik olması, Avropa ilə Asiyanı birləşdirən “geopolitik bağ” funksiyası daşıması və dünyanın 20 iqtisadi cəhətdən ən qüdrətli dövləti sırasında yer alması kimi prioritetləri belə onun üzünə Avropa İttifaqının qapılarını açmır. Halbuki Türkiyə Cümhuriyyəti 1963-cü ildə assosiativ üzvlüyə qəbul edilib, 1987-ci ildə Avropa İttifaqına üzv olmaq üçün müraciət edib və o vaxtdan indiyədək bir sıra Avropa təsisatlarına daxil olub. Lakin 1987-ci ildən bu günədək Avropa İttifaqının dördüncü (1995), beşinci (2004) və altıncı (2007) genişlənmə mərhələlərində Türkiyənin quruma üzvlüyü təsdiq edilməyib. Hətta Bolqarıstan və Rumıniya Türkiyədən xeyli sonra müraciət etsələr də, onlar son genişlənmə mərhələsində (2007) Avropa İttifaqına üzv ola biliblər. Baxmayaraq ki, bu mərhələdə Türkiyənin Aİ-na üzvlüyünə tam əsaslar var idi, Avropa İttifaqının bir sıra aparıcı dövlətləri “ənənəvi bəhanələr” gətirib, bu məsələni yenə də təxirə salmışdılar. Türkiyənin “kənara itələnməsi” ölkənin özündə və beynəlxalq aləmdə birmənalı qiymətləndirilməmiş, geniş polemikalara meydan vermiş və bir çox şərhlərdə isə nəticələrinə görə Avropa İttifaqının özünün zərərinə ola biləcək akt sayılmışdı. Təbii olaraq doğan sual da bu idi: beynəlxalq çəkisi gündən-günə artan, nüfuz dairəsi türk dünyasından da kənara doğru genişlənən, özünün soy-qardaşları ilə birgə böyük bir birliyin – Türk Dövlətləri Birliyinin gerçəkləşmə imkanlarına malik olan Türkiyə niyə Avropa İttifaqının qapıları ağzında ona “hə” deyilməsini gözləməlidir?!
Siyasi proqnostikanın təhlillərinə görə, bugünkü Türkiyə dünənki Türkiyədən öz dinamik inkişafına görə nə qədər fərqlənirsə, sabahkı Türkiyə də bugünkü Türkiyədən qat-qat artıq irəlidə olacaq. 2020-ci illərdə dünyanın 10 ən güclü iqtisadiyyata malik dövlətləri arasında Türkiyənin yer alacağı proqnozlaşdırılır [10, s. 79-82, 145, 202-205]. Hazırda Türkiyə beynəlxalq siyasətin Şərq platformasını yeni demokratik məcraya salan bir dövlət kimi diqqət mərkəzindədir. Qardaş ölkə Yaxın və Orta Şərqin, Şimali Afrikanın, Balkanlar, Qafqaz və Mərkəzi Asiyanın siyasi həyatında baş verən transformasiyalara [14] özünün pozitiv mövqeyi ilə fəal şəkildə təsir edir. Xüsusilə bir sıra qeyri-sabit Şərq ölkələrində siyasi proseslərin dramatikləşməsinə və humanitar fəlakət hallarına Türkiyənin “əsl türk insanpərvərliyi və əxlaqı” ilə münasibət bildirməsi, vətəndaş müharibələrinin qarşısını bütün səylərlə almağa çalışması onun müsbət beynəlxalq imicini yüksəldir. Əlbəttə, Türkiyənin beynəlxalq və regional siyasətin ön cinahına çıxması bir sıra tendensiyalı yanaşmalarda bilərəkdən yanlış şəkildə yozularaq, “Yeni-Osmançılıq” (“Neo-Ottomanism” ifadəsi ilk dəfə 1974-cü ildə Türkiyə Şimali Kipr Türk Respublikasının istiqlaliyyətini müdafiə etmək üçün ora qoşun yeridərkən, yunanlar tərəfindən işlədilmişdir) hərəkətləri kimi qiymətləndirilir [17; 14, s. 119]. Amma aydındır ki, bu belə deyil. Türkiyə, həqiqətən, dünyanı yaxşıya doğru dəyişmək istəyən və buna bütün varlığı ilə can atan, həm də belə bir çətin yolda özünə tərəfdaşlar formalaşdırmağa çalışan humanist dövlət keyfiyyətləri alır. Bu yolda onun ən yaxın müttəfiqləri elə türk qardaşları – türk dövlətləridir. Xüsusilə Azərbaycan [14]!
Qlobal siyasət strateqi və proqnozçusu Corc Fridman doğru mülahizə yürüdür ki, bundan sonra “Türkiyə daha imperiya olmayacaq, ancaq heç şübhəsiz ki, islam dünyasının cazibə mərkəzini (“the center of gravity”) təşkil edəcək” [10, s. 147]. Türkiyə Cümhuriyyəti bu gün qlobal güclərin hamısı – Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Rusiya, Çin və Yaponiya ilə siyasətini elə qurur ki, o, həmin güclərə qarşılıqlı münasibətlərin olduqca “vacib komponenti” kimi görünür və bütün məqamlarda beynəlxalq siyasətin üstün mövqelərini öz fəaliyyətində irəli aparmaq funksiyasını doğruldur. Türkiyə sivilizasiyalararası dialoq kontekstində islam ölkələri ilə münasibətlərində qeyri-islam dünyasının istinad etdiyi ən etibarlı tərəfdaş ölkə kimi qəbul olunur. Bu da təbiidir, çünki Türkiyə Respublikasının çox zəngin dövlətçilik və siyasi diplomatiya ənənəsi var. Türkiyə dövlətlərarası münasibətlərdə soyuqluğu və durğunluğu aradan götürəcək, mühüm dəyişikliklərə yol açacaq təşəbbüsləri inandırıcı şəkildə həyata keçirməklə, həqiqətən, dünya və region üçün “gərəkli dövlət” olduğunu getdikcə daha çox təzahür etdirə bilir.
Türkiyə ilə həmsərhəd Avropa İttifaqı da görür və anlayır ki, onun qonşuluğunda Avrasiyanın güclənməkdə olan, ətrafında konsolidasiya yaratmağı bacaran qüdrətli bir dövləti “yenidən doğulur” və Avropa ilə Asiyanın münasibətləri Türkiyənin və digər türk dövlətlərinin inteqrativ prosesləri və üfüqləri görünən birlik perspektivi üzərində yeni bir mərhələyə keçir. Avropa İttifaqının, Rusiya kimi bu prosesə mane olacağı inandırıcı deyil. Ancaq onu dəstəkləməyəcəyi də aydındır. Deməli, Avropa İttifaqının türk dövlətləri geopolitik regionuna münasibəti də əhəmiyyətli dəyişikliyə uğramalıdır [8, s. 80-93]. Daha doğrusu, söhbət regionun taleyindən və maraqlarından gedirsə, burada dəyişikliyi diktə edən tərəf – türk dövlətləri və onların regiondaxili inteqrasiya siyasəti olmalıdır.
Bu gün Avropa İttifaqının öz daxilində “türk komponenti” kifayət qədər nəzərəçarpandır. Belə ki, Avropa İttifaqı ölkələrinin ərazisində 3,8 milyon türk yaşayır ki, onların da 1,3 milyonu o ölkələrin rəsmi vətəndaşlarıdır [11, s. 145]. Türklər Avropanın siyasi, ictimai, iqtisadi və mədəni həyatında mühüm rol oynayır, xristian və islam dünyalarının universal dəyərlərinin yaranması prosesində fəal iştirak edirlər. Türklərin Avropa sivilizasiyası məkanında özlərini “yuvalandırması” Türkiyə – Avropa İttifaqı münasibətlərinə xüsusi çalar verir. Lakin elə Qərb dünyasının özündə də düşünürlər ki, Avropa İttifaqına üzvlük məsələsində “Türkiyədən imtina edilməsi” bu ölkəyə heç də ziyan gətirməmiş, onu daha da “bərkitmiş” və “Avrasiya alternativinə doğru” daha qətiyyətli dönüş etməsinə səbəb olmuşdur [11, s. 145].
Avropa İttifaqının 2007-ci il genişlənmə mərhələsində Türkiyənin bu quruma üzvlüyü təsdiq edilməyəndə isə Türkiyənin özündə əks-reaksiyalar daha qüvvətli oldu. ABŞ-ın German Marşall Fondunun Türkiyədə keçirdiyi sosioloji sorğu göstərdi ki, 2004-cü illə müqayisədə 2007-ci ildə ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyən vətəndaşların sayı xeyli dərəcədə azalıb [18]. Bu, əslində, Avropa İttifaqı üzvlüyünə inamsızlıqla Türkiyənin özünün güclənməsinə inamın üst-üstə düşməsi deməkdir.
Türk Dövlətləri Birliyi probleminə olduqca polemik ruhlu xüsusi bir əsər həsr edən Nəzmi Çora Türkiyənin Avropa İttifaqına üzvlük məsələsini də müfəssəl şəkildə araşdıraraq doğru nəticəyə gəlir: Avropa İttifaqının Türkiyəni tam üzvlüyə qəbul etməməsi – ona qarşı ikili siyasət yürütməsindən doğur. Aİ Türkiyə ilə əməkdaşlıq münasibətlərini davam etdirməsi ilə yanaşı, onun üzvlük məsələsində bu ölkənin milli bütünlük maraqlarına təhlükə törədəcək, daxili və xarici siyasət imkanlarını daraldacaq dərəcədə tələblər irəli sürməsi davamlı və yorucu proses ola bilər: “Bu durumu diqqətə alaraq, Türkiyə Aİ-nin qapısı ağzında durub gözləmək yerinə, onunla münasibətlərin alternativ yanaşmalarını yaratmalıdır. Türkiyənin Qərb istiqamətli prinsipial siyasətinin dəyişdirilməsi anlamına gəlməyəcək bu yanaşmanın təməl ünsürləri – tam üzvlüyün gündəmdən çıxarılması, Aİ ilə münasibətlərin Gömrük Birliyi ilə hüdudlanması və zamanı tutma strategiyasını izləməsi olmalıdır. Bu strategiyanın təməl hədəfi – Türkiyənin dünya ilə bütünləşməsi, qlobal iqtisadiyyata inteqrasiya xəttinin yeridilməsi və dünyanın irəli səviyyələri ilə ayaqlaşması olmalıdır” [2, s. 216]. Gerçək də budur ki, əgər Türkiyə son onilliklərdə Avropa İttifaqının tərkibində olsaydı, heç bu qədər müstəqil siyasət yürüdə bilməyəcək, bu qədər irəliləyişlə beynəlxalq səviyyədə nüfuz qazana bilməyəcəkdi. Türkiyə bu illər ərzində Avropa İttifaqının ona sonradan qoşulmuş üzvlərinin hər birindən qat-qat çox nailiyyətlər əldə edib. Hazırda Türkiyə öz gələcəyinə inamla izlədiyi siyasətinin nəticələrini görməkdədir. Hətta Amerika Birləşmiş Ştatlarının və Avropa İttifaqının alışmadığı şəkildə güclü və müstəqil bir siyasət platformasını davam etdirmək prinsipiallığı Türkiyənin daha böyük potensialını üzə çıxarmaqdadır [3, s. 21]. Bu imkanların reallaşdığı ən güclü istiqamət isə, heç şübhəsiz, Türkiyənin Avrasiya siyasətində, konkret olaraq, onun türk dövlətləri arasındakı inteqrasiyanı təşkilatlandırma təşəbbüslərində meydana çıxır.
İnteqrasiyanın türk modeli
Türkiyənin qərb cinahında – güclü Avropa İttifaqı, şərq cinahında isə – güclənmək və birləşmək üçün bütün potensialları olan, kökləri ilə bir-birinə bağlı türk dövlətlərinin geniş məkanı yerləşir. Bu yerlər Türk üçün sadəcə Çöl deyil, Vətəndir. Türk sivilizasiyasının Vətəni. Avropa sivilizasiyası öz tarixinin ən dramatik dövründə – Sovet İttifaqı və Amerika Birləşmiş Ştatlarının öz triumfuna yüksəldiyi bir dövrdə, İkinci Dünya müharibəsinin söküntüləri altından çıxaraq Avropa İttifaqına təməl yaratdığı kimi, indi də zaman tələb edir ki, Türk sivilizasiyası bu doğma yurdda – sərhədləri Monqolustandan Balkanlaradək uzanan Avrasiya məkanında öz möhtəşəm birliyini– altı müstəqil respublikanın Türk Dövlətləri Birliyini yaratsın. Əslində, türk birliyi ideyası heç də yeni deyil. “Türkçülük – aydın və məqsədəyönlü ümumtürk ideologiyası olaraq hələ 13 əsr bundan əvvəl Göy türk imperiyası dövrünə aid Orhon-Yenisey kitabələrində ilk cizgilərini meydana gətirmiş, yüzilliklər boyu türk dövlət və imperiyalarının siyasi varlığında özünü bu və ya digər şəkildə yaşatmış, bütün dünyada milli azadlıq hərəkatlarının yüksəldiyi, müstəqil milli dövlətçiliyin, mübariz və mütərəqqi millətçiliyin xüsusi önəm kəsb etdiyi bir məqamdan - XIX əsrin ortalarından başlayaraq siyasi-ideoloji platforma keyfiyyətləri əxz etmişdir. Bu proses əski türk boylarının etnik birliyinə ilk çağırışlardan onların müasir dövrümüzdə beynəlxalq siyasi birliyini yaratma səylərinə qədər davam edən təlatümlü bir zamanı əhatə edir. Həmin təkamül prosesində türk birliyi ideyası getdikcə daha dolğun məzmun kəsb etmiş, daha zəngin təcrübə toplayaraq cilalanmış, yeni zamanların reallıqlarını özündə əks etdirərək, yad ideologiyalara qarşı müqavimət gücünü artırmışdır.” [1, s.12 ]
Getdikcə cilalanıb dolğunlaşan bu böyük ideyanın yaradıcıları və daşıyıcıları zaman-zaman təqiblərə, təzyiqlərə və həyati təhlükələrə məruz qalsalar da yollarından dönməmiş, türk birliyi uğrunda davamlı mübarizə aparmışlar. “Dildə fikirdə, işdə birlik” devizini türk dünyasının bütövləşməsinin əsas şüarı kimi irəli sürən İsmayıl bəy Qaspıralı bütün ömrünü türk və islam cəmiyyətlərinin müasirləşməsi, ümumtürk mədəniyyətinin gerilikdən xilas olması, dil, üslub və düşüncə etibarilə öz təbii kökləri üzərində yeniləşməsi və türkləşməsi amalına həsr etmişdi. Azərbaycan türk mədəniyyətinin, ictimai fikir tariximizin mütəfəkkirlərindən biri Əli bəy Hüseynzadə türk dünyasını intibah və inkişafa yetirəcək müasir türkçülük təliminin özək ideyalarını yaratmış, türkçülük fəaliyyətini həm təşkilati cəhətdən, həm də təbliğat baxımından daha da genişləndirmiş, həmin hərəkatın öncülləri sırasında “Türk yurdu” ( 1911) və “Türk ocağı”nın (1912) qurucularından olmuş, Birinci dünya müharibəsi dövründə məsləkdaşı - dövrün böyük türkçülük ideoloqu Yusuf Akçura ilə birlikdə “Turan” heyətini təşkil etmiş və Mərkəzi Avropa ölkələrinə gedərək orada fəal təbliğat işləri aparmışdır. Ə. Hüseynzadə Azərbaycan Xalq Cümhuriyyətinin quruculuğu prosesində bilavasitə iştirak etmiş, bütün həyatını türk birliyinin ideoloji sistemi kimi türkçülüyü siyasi, fəlsəfi və kulturoloji aspektlərdən işləyərək təkmilləşdirməyə, cilalamağa həsr etmiş, türk dünyasının gələcəyə doğru inkişafının istiqamətlərini müəyyən etmişdir. Türkçülüyün konseptual ideologiyası XX əsrin əvvəllərində digər fikir öndərləri tərəfindən məhz bu istiqamətlərdə irəliyə doğru inkişaf etdirilmişdir. Həm Azərbaycanda və Türkiyədə, həm də Avropada ümumtürk mədəniyyəti və siyasətinin aparıcı ideoloq və layihəçilərindən biri olan Əhməd bəy Ağayev müasirləri Əli bəy Hüseynzadə, Yusuf Akçura və Ziya Göyalp kimi türkçü mücahidlərin sırasında mübarizə aparmışdır. “Türkçülüyün uzaq ülküsü- məfkurəsi Turandır ..... Turan bütün türklərin keçmişdə və bəlkə də gələcəkdə bir gerçək olan böyük Vətənidir” - deyən Ziya Göyalpın bütün əsərləri - “Türkləşmək, islamlaşmaq, müasirləşmək”, “Yeni Həyat”, “Altun işıq”, “Türk Törəsi”, “Doğru yol”, “Türk mədəniyyəti tarixi”, “Altun Dastan”, “Üç cərəyan” əsərləri türkçülük ideallarına, bu ideologiyanın real həyatda siyasi təsdiqini tapması məsələlərinə həsr olunmuşdur.
XX əsrin əvvəllərindən türkçülük bir çox məqamlarda sintez tapdığı islamçılıq təmayüllərini öz içərisində arxa plana keçirərək, daha sonra isə görünməz edərək, türk dünyasının kardinal ideoloji-siyasi-mədəni dünyagörüşü kimi öz müəyyənliyini tapmışdır. Daha sonrakı konseptuallaşma prosesində türkçülüyün – ideoloji türkçülük, siyasi türkçülük və mədəni türkçülük kimi bir-biri ilə sıx bağlı olan tendensiyaları şaxələnmişdir. Klassik türkçülükdə olduğu kimi, müasir türkçülüyün də əsas məqsədi – müstəqil türk dövlətlərinin bir fövqəldövlətə və ya konfederasiyaya çevrilməsi yox, beynəlxalq sistemin suveren subyektlərinin birliyi kimi təşəkkül tapmasından ibarətdir.
Sovet İttifaqının süqutundan sonra öz müstəqilliyini bərpa etmiş türk respublikaları – Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan keçən üç onillik ərzində özlərinin dövlət müstəqilliklərini möhkəmləndirmək, iqtisadiyyatlarını davamlı inkişaf yoluna çıxarmaq və ölkələri daxilində siyasi sabitliklərini təmin etmək kimi zəruri mərhələləri uğurla keçmiş və hazırda dünya birliyinə inteqrasiya olunmaq yollarını və üsullarını mənimsəməkdədirlər. Müstəqilliyin ilk illərindən türk dövlətlərində xalqların birliyə can atması və bu istəyin ictimai-mədəni səviyyələrdə çox müxtəlif formalı təzahürləri müşahidə olunmağa başlamışdı. Türkiyə və Azərbaycan arasında həyatın bütün sahələrində sürətli yaxınlaşma bütün türk dövlətləri arasında inteqrasiya zərurətinin dərk edilməsinə başlanğıc və təkan vermişdir. Mütəmadi olaraq keçirilən Türk Dövlətləri Başçılarının Zirvə görüşlərini, Türk Şurasının və Türkdilli ölkələrin Parlament Assossiaiyasının yaradılmasını türk birliyi ideyasına praqmatik yanaşmanın və bu proseslərin getdikcə daha ciddi şəkildə siyasi müstəviyə keçməsinin göstəriciləri hesab etmək olar. Avropa ilə Asiyanı qovuşduran ön Asiya, Qafqaz və Mərkəzi Asiya geosiyasi regionunda yerləşən türk dövlətlərinin öz aralarında müttəfiqlik əsasında dövlətlərarası siyasi birlik yaratmaq ideyasının yalnız türk xalqlarının tarixi-genetik bağlılığından doğan bir istək yox, həm də zamanın tələbi olması danılmazdır. Bu zərurətin milli, ümumtürk və qlobal səviyyələrdə dərki müstəqil türk dövlətlərini getdikcə daha da yaxınlaşdırır və Türk Dövlətləri Birliyi modelində regional siyasi birliyin tarix səhnəsinə doğuluşunu labüdləşdirir. Türk xalqlarının qlobal miqyasda təmsilçiliyini həyata keçirəcək belə bir möhtəşəm birliyin yaradılmasının bütün ilkin şərtləri və Avropa Birliyi timsalında örnəyi mövcuddur. Altı müstəqil türk respublikasının vahid bir siyasi platformadan çıxış edərək, belə bir birliyi reallaşdırması ilə türk dünyasının vahid sivilizasiya formasında qlobal inteqrasiya proseslərinə qoşulması hər bir türk dövlətinin, bütövlükdə türk geosiyasi regionunun və eləcə də dünya birliyinin siyasi inkişafına, qlobal inteqrasiya proseslərinə təkan verəcəyi şübhəsizdir. Bu istiqamətdə atılacaq addımların ümumiləşdirilmiş formulu Türk Dövlətləri Regionunun (TDR) Türk Geopolitik Sisteminə (TGS), onun isə öz növbəsində Türk Dövlətləri Birliyinə (TDB) transformasiyasından ibarət olmalıdır. Bu hadisə qlobal inteqrasiya proseslərinin dönüşyaradıcı mərhələsi olmaqla dünyada gedən inteqrasiya proseslərinin sürətlənməsinə və dünyada təhlükəsizliyin, sülh və sabitliyin bərqərar olmasına ciddi töhfələr verəcəkdir. Avropa Birliyinə yaxın bir siyasi platformada Türk Dövlətləri Birliyinin yaradılması Avrasiyanın öz bütövlüyünü qazanmasına səbəb olmaqla yanaşı, həm də Avrasiyanın əsrlər boyu bir-biri ilə qarşıdurmada dayanan güclərini qütbləşmə rejimindən çıxaraq bütövlükdə Avrasiyanın özünün qarşılıqlı faydalı əməkdaşlıq regionuna çevrilməsini təmin edəcəkdir.
Nəticə
Dövlətlərarası münasibətlərdə qazanılmış son onilliklərin təcrübəsi regional müttəfiqləşmə prosesində Avropadakı kimi sivilizasiya mənsubiyyəti amilinin daha etibarlı olduğunu göstərir. İnsanlar, cəmiyyətlər və dövlətlər formal səbəblərdən gələn yaxınlaşmadan daha çox, kökdən gələn səbəblərlə yaxınlaşmağa və birləşməyə üstünlük verirlər. Müasir dövrümüzdə dünya dövlətlərinin ümummilli, regional, linqvistik, dini, sivilizasion əsaslarda daxili inteqrasiyaya girməsi və bu inteqrasiyanın uzunmüddətli perspektivdə onların siyasi və iqtisadi maraqları ilə uzlaşması birlikyaratmanın çox ciddi təminatına çevrilir. Siyasi-nəzəri futurologiyanın müasir analitik paradiqmalarına görə, beynəlxalq siyasətin hazırda cərəyan edən çoxistiqamətli inkişaf dinamikasında beynəlxalq sistemi təşkil edən subyektlərin ortaq maraqlar zəminində müttəfiqlik təşəbbüsləri nəinki güclənir, hətta bir zərurətə çevrilir. Türk siyasi-mədəni sisteminin özünü bütöv görməsi də məhz bu zərurətin bütün səviyyələrdə dərk edilməsinə və türk varlığının özünütəsdiq qətiyyətinə bağlıdır. Avropa İttifaqı ilə Türk Dövlətləri Birliyi Avrasiyanın iki yaxın platforması kimi onun vahid qlobal siyasi məkan statusu əldə etməsi deməkdir. Bu paradiqmanın önə çıxarılması o anlama gəlir ki, Türk Dövlətləri Birliyi – Avropa İttifaqına alternativ ideya olsa da, onun ziddinə deyildir. Əksinə, Avropa İttifaqından sonra Türk Dövlətləri Birliyinin yaranması Avrasiyanın siyasi-sivilizasion bütövləşməsi tarixinin mühüm bir məqamı və məntiqi davamıdır.
Türk dövlətləri arasında müttəfiqliyin konseptual ideologiyasının əsas vəzifələri – ümumtürk dövlətçiliyinin tarixi-fundamental dəyərlərindən və prinsiplərindən çıxış etməkdən, müstəqil türk respublikalarında milli ideologiyaları inkişaf etdirməkdən, bu respublikalarda Birliyə münasibəti və onun təşəkkülünə doğru fəaliyyətləri öyrənmək və stimullaşdırmaqdan, siyasi hakimiyyətlərin universal humanitar-ideoloji platformasını hazırlamaqdan, dövlətlərarası konsolidasiyanı möhkəmləndirməklə yanaşı, xarici ideoloji təxribatlara qarşı sistemli və dayanıqlı mübarizəni birgə təşkil etməkdən, beynəlxalq səviyyədə, xüsusilə türk toplumları və diaspor təşkilatları arasında ideoloji həmrəyliyə nail olmaqdan və türkçülük dünyagörüşünü praqmatik məcraya yönəltməkdən və bu təməl üzərində, beynəlxalq ictimaiyyəti Türk Dövlətləri Birliyinin yaradılması proseslərinə hazırlamaqdan, dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən türksoylu dövlət və cəmiyyətlərin müttəfiqliyinə dəstək qazandırmaqdan, onu əngəlləyə bilən cəhdləri və təhlükələri neytrallaşdırmaqdan, yeni bir güclü siyasi birliyin doğuluşu ilə qlobal siyasi transformasiyanı həyata keçirməkdən ibarətdir.
Türk Dövlətləri Birliyi ideyasını düşüncə müstəvisindən əməl müstəvisinə keçirməkdə olan fəaliyyətlərin meydanı bu vəzifələrin həyata keçirilməsi proseslərində getdikcə genişlənə və praktiki olaraq, daha geniş miqyasda özünə etimad arenası yarada bilər.
Ədəbiyyat
Европа и тюрки: от континентальной поляризации к глобальной интеграции
Резюме
Исходя из закономерностей развития глобальных политических процессов, автор приходит к выводу, что если в XX веке становление Евросоюза в европейском регионе Евразии завершило здесь внутреннюю интеграцию, и это объединение привело к весьма прогрессивным изменениям в международной жизни, то в XXI веке с гораздо большей необходимостью возможно создание Союза Тюркских Государств в геополитическом регионе тюркских стран Евразии. Имеются все предпосылки для единения независимых тюркских государств на основе союзнических отношений. С момента восстановления государственной независимости в начале 90-х годов 5 новых тюркских стран прошли путь укрепления независимости в течение почти трех десятилетий и сегодня они постепенно осваивают пути и способы интеграции в мировое сообщество. Самой естественной интеграцией была бы в первую очередь между самими тюркскими странами, так как нынешние поколения тюркских народов представляют одну и ту же – тюркскую цивилизацию и историческая, культурная, языковая, цивилизационная общность создает уникальную возможность интеграции. Идея тюркского единства не нова в памяти тюрков. Первые призывы к единству находили свое отражение еще 13 веков назад на каменных книгах-памятниках, созданных предводителями Гектюрксой империи. В дальнейшем тюркизм прошел долгий путь обогащения, определяя задачи и функции, предстоящие перед тюркской цивилизацией в эпоху глобализации. Сегодня тюркизм является идеологической основой единения тюркского мира, вокруг которой готова воссоединиться вся интеллигенция тюркского мира вместе со своими народами. С другой стороны, в лице Евросоюза имеется бесценный успешный прецедент регинальной межгосударственной интеграции, которая обеспечила мир и стабильность на западной части Евразии. Тюркский геополитический регион как исторически, так и сегодня несет в себе потенциаль создания баланса между Европой и Азией. Создание союза тюркских государств может стимулировать в международной политической системе мощные трансформационные процессы, особенно, связанные с судьбами Азии. Европейский Союз и Союз Тюркских Государств – 2 феноменальных события в истории политико-цивилизационного единения Евразии, стало бы началом решающей трансформации, переориентирующей Азию и Европу от континентальной поляризации к подлинному глобальному объединению и сотрудничеству в истинном значении этого слова.
Javanshir Eyyub Feyziyev
Europe and Turks: from the Continental Polarization towards the Global Integration
Summary
Premising on development tendencies of the global political processes, the author comes to the following conclusion: If the formation of the European Union in European part of Eurasia completed the internal integration of this region in the XX century and if this Union triggered progressive changes in international life, it is definitely possible to create the Union of the Turkic States of Eurasia in the XXI century. The case of European Union has created a best example of the unification of sovereign states on the base of alliance. Being the representatives of the same civilization, all the nations of the European Union belong to the same culture. The contradictions they have had in the history of their relationship have been settled by negotiations. All members of the EU live in the same geopolitical area, they have common borders, common trade zone and common interests. Now the EU is one of the most important power centers of the world which is openly expressing their own political attitude to the events happening in different parts of the world. The EU could be best example for creation of the Union of the Turkic States. Turkey and other 5 Turkic states, re-established their independence and sovereignty at the early 90’s are increasing and deepening their multilateral relations. Azerbaijan, Turkmenistan, Uzbekistan, Kazakhstan and Kirgizstan have spent more than two decades for strengthening their statehood. Now they are at the beginning of their search of ways and directions of their integration to the world community. First of all, the integration must be between the Turkic states themselves. The nations of these countries are ready to support and insure the integration processes. Turkism as an ideological base of such an integration process is enough matured and largely spread. The possible scenario of creation of The Union could be: the development of Turkic Geopolitical Region into a Turkic Geopolitical System and then conversion of Turkic Geopolitical System into a Union of Turkic States. These important changes in Eurasia may especially stimulate very powerful transformative processes in international political system concerning the fortune of Eurasia. The European Union and the Union of the Turkic States would be phenomenal events of politico-civilizational unification of Eurasia and would be an emerging point of the decisive transformation directing the Europe and Asia from the continental polarization towards the real global integration.
Açar sözlər – qlobal inteqrasiya, Avropa Birliyi, türkçülük, Türk Dövlətləri Birliyi