Yer üzündə erkən sivilizasiyaların yaranıb inkişaf etdiyi zamanlarda çox az dövlət vardı ki, hərbi və siyasi strategiyanın nə olduğunu bilirdi. Məsələn, antik Yunanıstanın ilk şəhər-dövlətlərinin təşəkkülü dövründə strategiyanın bu dual funksionallığı real nəticələrini vermişdi. Yunan hərbi strateqləri müharibənin bütün taktiki gedişlərini qabaqcadan planlaşdırdıqları və orduda cinahların düzülüşünü, hərəkət koordinatlarını bu plan üzrə qurduqları üçün onların döyüşü, əsasən, qələbəyə aparırdı. Antik yunanlar siyasi strategiyadan da məharətlə istifadə edirdilər: qədim Yunanıstanda şəhər-dövlətlərin müttəfiqliyi məhz düzgün siyasi strategiyanın tətbiqi ilə mümkün olmuşdu.
Avrasiyanın fatehləri olan türklər isə hərbi və siyasi strategiyanın “Patriarxı” sayıla bilərlər. Fransız tarixçisi Rene Qrusse bu fatehliyi – türklərin strateji zəkasının dərinliyi, fəhminin itiliyi ilə izah edir. O, eyni zamanda, göstərir ki, türklərin uzaq hədəflərə yönəlik baxışları zaman və məkan koordinatlarında kifayət qədər bəsirətlidir: onlar indidən gələcəyi görür və özlərini buna səmtləndirirlər; onlar məkanı duyur və onun getdikcə genişlənən hüdudlarında çevik hərəkət edirlər [10, s.148-151]. Hun epoxasından bu yana türklər məhz ölçülü-biçili hərbi və siyasi strategiyanın tətbiqi ilə Avrasiyanın özək regionunda öz dövlət və imperiyalarının Panteonunu qura və dövrümüzədək buradakı etnosiyasi proseslərin dominantı ola bilmişlər.
Müasir dövrümüzdə isə türk uzaqgörənliyi onun yeni tarixi missiyasında təzahür etməlidir: bu tarixi missiya Türk Dövlətləri Birliyinin müfəssəl strategiyasının yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün bütün ilkin şərtlər vardır: Belə ki,
Bütün bunlar Türk Dövlətləri Birliyinin strateji perspektivini aydın şəkildə göstərən meyarları müəyyən etməkdə olduqca vacibdir: yəni strateqlər bu məsələdə özlərinin “şirin arzularından, xoş xəyallarından” deyil, dağılmaz təməldən – Avrasiyada yaşayan türk xalqlarının real məqsədlərindən çıxış edir və hazırda Birliyin qazanılmaqda olan praktikası əsasında onun fundamental strateji parametrlərini müəyyən edir, gələcək nəzəri-praqmatik konstruksiyasını proqnozlaşdırırlar. Deməli, Türk Dövlətləri Birliyinin yaradılması prosesi ümumtürk iradəsini ifadə etmək platformasından heç zaman uzaqlaşmamalı və TDB-nin kardinal strategiyası – türk dövlətlərinin milli strategiyalarının konvergensiyasında optimal məzmununu almalı, əsas məqsədlərini cəmləşdirməlidir.
Türk Dövlətləri Birliyi strategiyasını təyin edən cəhətlərin, onun məqsəd və vəzifələrinin yaxın və uzaq perspektivlər üzrə müəyyənləşdirilməsi Avrasiyada cərəyan edən geopolitik proseslərin dərindən öyrənilərək təhlil edilməsi nəticəsində mümkündür. Bu bir reallıqdır ki, geopolitik amillər geostrategiyanı, geostrategiya da öz növbəsində siyasi strategiyanı və onun taktiki pillələrini şərtləndirir. Eyni zamanda, əks-təsir kimi, funksionallıq keyfiyyətləri əldə edən siyasi strategiya geostrateji parametrləri modifikasiya edir və geopolitik proseslərin yeni istiqamətlənmələrini, həm də onun iştirakçı-subyektlərinin yeni konfiqurasiyasını meydana gətirir.
Türk geopolitik regionunun (TGR) təkamülünü izlədikdə burada sabitliyini və dinamikliyini eyni dərəcədə saxlayan çox mühüm proseslərin baş verdiyini görürük: Avrasiya geopolitikasındakı tarixi transformaliyalar TGR hüdudlarında onun özək-orqanizminin daim möhkəmlənməsinə səbəb olub; hətta türk superetnosunun geolinqvistik diferensiasiyası belə “türk dünyasının “səpələnmiş subyektləri” arasında çat yaratmayıb, türk millətlərini onların öz doğmalığını itirəcəkləri dərəcədə yadlaşdırmayıb. Fikrimizcə, belə bir bağlılığı yaradan – bütün Türk Tarixidir. Onun qüdrətli məntiqidir. Başlıca təməli isə – Göy Türk İmperiyası epoxasında Ümumtürk Birliyinin Orhon abidələrində vəsiyyət edilməsi və türk dövlətçiliyi ənənəsində uzun əsrlər bu Milli Vəsiyyətə sadiq qalınmasıdır. Bu gün də Avrasiyada Qazaxıstan Respublikasından Türkiyə Cümhuriyyətinə qədər türk dünyası polifoniyası bütün rəngarəngliyi ilə bir sistem təşkil edir. Türk geopolitik regionunun sinarxik təkamülündə onun özək-orqanizmi indi elə bir inkişafa çatıb ki, hətta yüksək strateji idrak səviyyəsində öz mahiyyətini və çevrəsini görür, tanıyır və buna uyğun fəaliyyət perspektivlərini təyin edir.
Strateji planda – türk geopolitik regionunun (TGR) təkamülü, təbii olaraq, öz dialektikasında üç mərhələnin məntiqi bağlılığını meydana gətirir: türk geopolitik regionu (TGR) – türk geopolitik sisteminə (TGS), türk geopolitik sistemi (TGS) isə – Türk Dövlətləri Birliyinə (TDB) transformasiya etməlidir.
Uzun tarixi dövrlər ərzində türk etnocoğrafiyasındakı bütün dövlətlər və xalqlar türk geopolitik regionunu təşkil etmişdir. Hətta Türkiyədən başqa digər bütün türk uluslarının ayrı-ayrı imperiyaların tərkibində olduğu vaxtlarda belə bu regionun türk dünyasına məxsusluğu mübahisə predmet olmayıb. Əlbəttə, bu regionun bütövlüyünü parçalamaq üçün bütün vasitələrdən istifadə edilmişdi. Ancaq məqsədlərinə çatmamışdılar. Türk dövlətlərinin müstəqilləşməsi isə türk dünyasının geopolitik sistem kimi formalaşmasının “qırılmış ənənəsini” yenidən canlandırmaqdadır. Bu dəfə belə bir formalaşma prosesi daha yüksək səviyyədə - suveren türk respublikalarından ibarət olan türk geopolitik regionunu vahid siyasi-iqtisadi platformaya gətirmək, bununla da onun sistem qanunauyğunluğunu dərk etmək və yaratmaq iradəsində özünü göstərməkdədir. Artıq bu tarixi proses özünün zəruri fazasını yaşamaqdadır: Bu faza Türk Dövlətləri Birliyinin formallaşması tensensiyasını özündə ehtiva edir. Türk geopolitik regionunun (TGR) – türk geopolitik sisteminə (TGS), türk geopolitik sistemininsə (TGS) – Türk Dövlətləri Birliyinə (TDB) transformasiyasında bu həlledici mərhələ, fikrimizcə, hazırda ümumdünya inteqrasiya proseslərinin mühüm bir həlqəsidir. Belə bir transformasiya türk dövlətləri üçün nə qədər vacibdirsə, dünya birliyi üçün də o qədər böyük əhəmiyyət kəsb edir.Bu transformasiya qanunauyğunluğunun əhəmiyyəti həm də ondadır ki, TDB bu gün beynəlxalq birlik üçün vacib olan qlobal inteqrasiyada birlikyaratmanın zəruri üniversal şərtləri əsasında, yəni suverenitet və universalizmin harmoniyası əsasında yaradılır. Xüsusidən Ümumiyə doğru hərəkət geopolitik əlaqənin dinamik sistemindəki üç səviyyədə baş verir: milli (türk milli dövlətləri), ümumtürk (Türk Dövlətləri Birliyi) və dünya (beynəlxalq birlik) səviyyələrində.
Subyektlərinin suverenliyi təsdiq olunan siyasi sistemlər beynəlxalq hüquqda birlik statusu alır. “Beynəlxalq qanunlarla milli qanunların bir-birini şərtləndirməsi” və onların birlikdə beynəlxalq leqal sistemi təşkil etməsi [6, s.104], “milliliyin (“Nationality”) – dövlətlərin azadlıq doktrinası kimi (“The Doctrine of the Freedom of States”) imperativləşdirilməsi” [5, s.383], “milli dövlətçiliyin” qlobal siyasətdə vətəndaşların birliyinə təminat yaratması ilə onların Millət statusunda qəbul edilməsi [7, s.230-234] – müasir beynəlxalq hüququn və beynəlxalq siyasətin prinsipial mövqeyi və müdafiə etdiyi müddəalardır. Çünki milli dövlət – millətin iradəsinin ən ali səviyyədə təzahürü olduğu kimi, həm də müəyyən etnotarixi coğrafiyada onun sosial-mədəni inkişafının, spesifik təsərrüfat vərdişlərinin və maddi-iqtisadi həyat tərzinin, habelə dünyagörüşü və ideologiyasının bütün tellərini özünə bağlayan və topladığı “ milli enerjini” özündən aramsız olaraq yayan bir təsisatdır [8, s.57, 91]. Millət tükənən kimi dövlət, dövlət tükənən kimi isə millət yox olur. Bir-birini quran və təşkil edən millət və dövlət min illərdir ki, siyasi-mədəni tarixin əsas atributlarıdır. Ona görə müasir dövrdə də hətta çoxmillətli superdövlətlər milli identikliyin daim qorunmasına və inkişaf etdirilməsinə xüsusi diqqət yetirirlər [12; 11]. Beynəlxalq sistemin geopolitik nizamı da milli dövlət subyektlərinin tarixi-siyasi prosesdə spesifikləşən qarşılıqlı maraq sferaları, toqquşan və barışan münasibətləri əsasında formalaşır.
Ancaq milli dövlət nə qədər güclü olursa-olsun, beynəlxalq sistemin müvafiq geopolitik konfiqurasiyasında özünə yer almağa, ortaq maraqlar əsasında digər dövlətlərlə müttəfiqlik münasibətləri yaratmağa çalışır. Türk tədqiqatçısı Nəzmi Çoranın qeyd etdiyi kimi, “Bu günün dünyasında artıq dövlətlər milli hakimiyyətlərini qorumağa davam etməklə yanaşı, birlikdə beynəlxalq aləmdə qruplaşmalar yolu ilə dünya siyasətində təsirli bir rol oynamaq arzusundadırlar” [4, s.138]. İnterqasiyanın bu təbii və zəruri motivasiyası müasir dövlətlərin müttəfiqlik siyasətinin əsasında dayanır. Onlar yaxşı dərk edirlər ki, nə qədər qüdrətli olsalar da, təklikdə rəqabətə davam gətirmək mümkün deyil. Buna görə də xüsusilə Qərb sivilizasiyasını təmsil edən qüdrətli dövlətlər öz geopolitik sferalarında birləşir, özlərinə müttəfiqlik dayaqları yaradırlar. Şimali Atlantika Müqavilə Təşkilatı (NATO) və Avropa İttifaqı (Aİ) da məhz bu zərurətdən yaranıb. Əgər yüksək inkişaf etmiş ABŞ və Avropa dövlətləri belə birliklərə ehitiyac duymuş və onları yaratmışlarsa, deməli, geopolitik münasibətlərin daha dramatik və mürəkkəb olduğu regionlarda həm suverenliyi qorumaq, həm də inkişaf üçün şərait yaratmaq zərurəti onların müttəfiqliyini daha çox aktuallaşdırır. Avrasiyanın böyük hərbi-siyasi maraqların toqquşduğu özək regionunda isə bu zərurət gündən-günə artmaqdadır.
Burada – türk geopolitik regionunda xüsusilə gənc suveren milli subyektlərin konsolidasiya zərurəti, ilk növbədə onların mövcudluq şərtlərindən irəli gəlir. Geopolitik əlaqənin üç səviyyəli (milli, ümumtürk, dünya) dinamik sistemi müstəqil türk dövlətlərinin hazırkı inteqrativ münasibətlərini beynəlxalq birliyə doğru sürətlə inkişaf etdirir: türk milli dövlətləri (birinci səviyyə) ümumtürk müttəfiqliyini – Türk Dövlətləri Birliyini yaratmaqla (ikinci səviyyə), beynəlxalq aləmə inteqrasiya olunurlar (üçüncü səviyyə). Müqayisə üçün deyə bilərik ki, AB də məhz bu vektor əsasında təşəkkül tapmışdır: müstəqil Avropa dövlətləri, Avropa İttifaqı, onların beynəlxalq birlikdə iştirakı. Deməli, türk geopolitik regionunun (TGR) – türk geopolitik sisteminə (TGS), türk geopolitik sisteminin (TGS) isə – Türk Dövlətləri Birliyinə (TDB) transformasiyası necə qanunauyğundursa, türk dövlətləri arasında geopolitik əlaqənin üç səviyyəli (milli, ümumtürk, dünya) dinamik sistemi də beynəlxalq siyasi sistemin özünün möhkəmlənməsi prosesinin tərkib hissəsidir. Bu dialektik qanunauyğunluqda “millilik” anlayışının özü də yeni məzmun kəsb edir. Avropalılar Avropa geopolitik regionunda, türklər isə Türk Geopolitik Regionunda milliliyi daha geniş qavramda dərk edirlər. Məsələn, Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasına rəsmi səfərində “Bizim ölkələri tarixi köklər bağlayır. Biz türkük” [3] – deməsi məhz bu anlamda qəbul edilməlidir. Qırğızın (və ya hər hansı bir türk respublikası vətəndaşının) özünə həm də “türk” deməsi – onun özünü türk dünyasının içində görməsi, bu universallığı təsdiq etməsi deməkdir. Bu prosesdə kökü bir olan millətlərin öz birliyini yaratması ilə (konkret nümunədə – Türk Dövlətləri Birliyi) onların öz dövlətləri çərçivəsindəki milli birliyi arasında uzlaşma və eyni xarakterli identifikasiya baş verir: türk, azərbaycanlı, türkmən, qazax, özbək, qırğız öz milli identikliyinin daha geniş sferasında Ümumtürk (və ya Türk) Milliliyinin Subyekti olur. Türk Dövlətləri Birliyinin təşəkkülü prosesində milli türklük anlayışı – vətəndaşlıq əxlaqının yeni keyfiyyəti kimi meydana çıxmalıdır.
Sinergetikanın dəqiq müşahidə etdiyi belə bir məqam var: hər hansı bir obyektiv sistemin formalaşmasına qarşı maneələr, basqılar, təhlükələr çoxaldıqca, onun müqavimət gücü daha da artır. Türk dünyasında da son yüzilliklər ərzində belə olub: türk xalqlarının ayrı-ayrı imperiyaların tərkibinə parçalanması onların hər birində ayrıca olaraq milli müqavimət hərəkatlarını və bu hərəkatların ideologiyası kimi milliyyətçiliyi formalaşdırıb. Sonra bu ideologiyaların təbii konvergensiyasında onların ümumtürk tarixi-siyasi platforması – türkçülük ərsəyə gəlib. Türk dünyasının geopolitik ərazisi – Vətən mənasını alıb, mənəviyyat ərazisi – Türkçülük amalına köklənib. Hələ Napoleon vaxtilə deyirdi: “Ölkələrin coğrafiyaları – onların taleyini təyin edir” [13, s.362]. Coğrafi məkanın genişliyi və rəngarəngliyi, “landşaft polifoniyası” türk geopolitikasının xarakterini təyin edən amillərin başında durur. Türk geopolitik regionunun ayrı-ayrı səbəblərdən parçalandığı zamanlarda Ümumtürk Vətəni – gen yaddaşının dərinliklərindən dillənərək, özünün bütövlüyünü bütün tarixi əzəməti ilə türk milli mənəviyyatında formalaşdırıb. Ona görə də müstəqilliklərinin elə ilk illərindən türk dövlətləri və xalqları ümumtürk maraqları ətrafında yenidən birləşmək istiqamətini götürdülər. Bu amal uğrunda çalışmaların qətiyyətləşməsi prosesi türk geopolitik regionunu (TGR) – türk geopolitik sisteminə (TGS) doğru hərəkət etdirdi. Qarşıda bu prosesin son və həlledici mərhələsi – Türk Dövlətləri Birliyinə (TDB) keçid mərhələsi qalır. Napoleonun sözlərini parafraz etsək, deyə bilərik ki, “Türk dünyasının coğrafiyasında Türk Dövlətləri Birliyini yaratmaq – bütün dünya türklərinin taleyini təyin edir”.
Burada xatırlamaq yerinə düşər ki, Avrasiyada cərəyan edən geopolitik proseslərin dinamik sistemindəki üç səviyyə üzrə (milli, ümumtürk və dünya parametrləri) daxili və xarici siyasəti təşkil etməyin ilkin praktikası hələ Azərbaycan Cümhuriyyətinin dövlət quruculuğu təcrübəsinə gətirilməkdə idi. 1918-1920-ci illərdə Cümhuriyyət qurucuları Azərbaycanın milli dövlətçilik ənənələrinə söykənilməsini, türk dünyası ilə tarixi münasibətlərin bərpasını və beynəlxalq birliyə sürətlə qovuşma fəaliyyətlərini sintez edən siyasətin təməlini qoyurdular [2]. Xalqların məhz kökləri ilə bəşəri vəhdət ideyası ətrafında birləşməsi planetar sivilizasiyanın inkişafını öz təbii axarına sala bilər. Azərbaycan milli ideologiyası hələ əsrin əvvəllərində bu istiqamətə yönəlmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə dövlətimizin ilk Parlamentində (1918, 7 dekabr) doğma türkcədə danışaraq bəyan etmişdi: “Bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlərlə ürəyi istədiyi kimi əqd-ittifaq etməlidir. Bütün dünya millətlərinin bir “cəmiyyəti-əqvam” (indiki anlamda, beynəlxalq birlik – C.F.) vücuda gətirməsi bizim ən əziz fikirlərimizdəndir” [1]. M.Ə.Rəsulzadə və digər cümhuriyyətçilər “Azərbaycan şüarını böyük güldəstənin zəngin bir gülü kimi təsəvvür etməklə”, Azərbaycan-Türkiyə əlaqələrini ən optimal səviyyəyə qaldırmaq səyləri ilə, əslində, Azərbaycan – ümumtürk – dünya münasibətlərinin traektoriyasını düzgün müəyyən etmişdilər. Bu cür səylərin son yüzillikdə davamlı olaraq güclənməsi və xüsusilə müasir dövrümüzdə qlobal inteqrasiya proseslərinin suveren milli subyektləri beynəlxalq birliyə “səsləməsi” türk dünyasının yalnız Türk Dövlətləri Birliyi (TDB) kimi inteqral sistemdə özünü təyinatlandırmasına və həmin inteqrasiya proseslərinin magistralına çıxmasına yol açır.
Türk geopolitik regionunun (TGR) – türk geopolitik sisteminə (TGS), türk geopolitik sistemininsə (TGS) – Türk Dövlətləri Birliyinə (TDB) transformasiyası kimi labüd prosesə əks variantları ötəri də olsa, nəzərdən keçirsək, görərik ki, hadisələrin “ əks ssenarilər” üzrə cərəyan etməsi Avrasiyanın tarixi inkişaf məntiqinə tamamilə ziddir. Geostrateji müstəvidə ilk görünən odur ki, Türkiyə Cümhuriyyətindən Qazaxıstan Respublikasına qədər uzanıb genişlənən “geopolitik landşaftda” türk dövlətləri öz Birliyini yaratmasa, Avrasiyada başqa siyasi layihələr əsasında digər birliklərin, türklərə faydalı görünməyən alyansların yaranması qaçılmaz olacaqdır: burada çox ehtimalla Rusiyanın və ya ABŞ-ın, az ehtimalla Çinin ayrıca bir dövlət kimi öz “güc mərkəzini” yaratması, yaxud da Avrasiyanın özək regionu uğrunda mübarizə aparan bu dövlətlərin digərləri ilə bloklaşması, nisbətən “yumşaq” variantda isə – Avropa İttifaqının Şərqə doğru genişlənmə layihəsində (əgər Rusiya buna imkan versə və ABŞ-la Çin mane olmasa) region ölkələrinin “ikinci, bəlkə də üçüncü dərəcəli subyektlər” kimi onun tərkibinə qatılması, ən uğursuz variantda isə “demokratiyanın yetişmədiyi avtoritar sferaya” [14, s.127-150] radikal teokratik qüvvələrin cəmləşməsi baş verə bilər. Türk geopolitik sistemini dağıtmaq üçün qeyri-türk və anti-türk alyanslarına türk dövlətlərinin biri və ya bir neçəsi müxtəlif konfiqurasiyada cəlb edilə də bilər. Xəzər dənizinin Qərb (Qafqaz və Kiçik Asiya) və Şərq (Mərkəzi Asiya) regionu arasında – Qərb və Şərq Türklüyü arasında yenidən çat yaradıla bilər. Bütün bu variantların “layihələşdirilməsi” – türklərin öz ata yurdlarında söz sahibliyindən əl çəkməsi demək olardı.
Həqiqətən də, Avrasiyanın Türk Vətənində müstəqil türk dövlətləri öz Birliyini təşkilatlandırmaqda ləngisə və ya tərəddüd etsə, dezinteqrasiyaya meyllənsə, başqa alyanslarla ittifaqa üstünlük versə, onda burada geopolitik situasiya gözlənilməz variantlarda onların zərərinə olan təhlükəli istiqamətlərə dəyişə bilər. Unutmaq olmaz ki, orta dövr türk imperiyaları Avrasiya dominantlığını məhz belə əldən vermişdilər. Feodal müharibələrinin girdabında yorulub əldən düşmüş türklər aralarından axan çayları, ucalan dağları qanrəngli sərhədlər kimi görmüşdülər. Belə bir şəraitdə pərən-pərən olmuş türk dünyası asanlıqla düşmənləri tərəfindən ələ keçirilmişdi. Yeni dövrümüzün türk dövlətləri tarixlərinə yazılmış bu tənəzzül və deqradasiya, dağınıqlıq və kolliziya səhifələrindən ibrət götürməlidirlər. Bu gün milli müstəqilliyin verdiyi üstünlüklər, regional inteqrasiya potensialının açılması, müasirlik dünyagörüşünün determinantları türk cəmiyyətlərini dünya proseslərinə daha ayıq nəzərlə baxmağa sövq edir. Bu günkü dünya düzənində Avrasiyanın türk geopolitik sistemində strukturlaşma zərurəti öz təbii tendensiyası ilə digər bütün alyans variantlarından daha üstün və perspektivlidir.
XXI əsrdə böyük güclərin planetmiqyaslı konfiqurasiya yaratması, geopolitik maraq sferalarını cizgiləndirməsi və qlobal siyasətin dəyişən vəziyyətlərində özlərinin rasional strateji layihələrini aktuallaşdırması [9, s.3-20] cəhdləri Avrasiyada daha dramatik proseslərlə müşayiət olunacaq. Proqnozlar göstərir ki, qlobal rəqabətin Avrasiya meydanında qüvvələr nisbətini idarə edə bilən, yalnız qüdrətli müttəfiqləşmə siyasətini həyata keçirə bilən, geostrateji maraqları özünün “cazibə mərkəzində” uzlaşdıra bilən qlobal və regional ittifaqlar qalib gəlmək şansındadır. Çünki XXI əsr – Təklərin deyil, Müttəfiqlərin əsri olacaq!
Bu reallığın perspektivi indidən tam aydınlığı ilə görünür. Türk regionu dövlətləri Avrasiyada geopolitik münasibətlərin inkişafı istiqamətində bütün pozitiv və neqativ variantları diqqətlə götür-qoy etməli, onları Türk Dövlətləri Birliyinin yaradılmasına doğru aparan proseslərdən başqa bütün alternativ əks-cəhdlər ciddi bir həmrəyliklə neytrallaşdırlmalıdır. Avrasiyanın son üç minillik tarixində 100-ə qədər dövlət, 16 imperatorluq qurmuş, onların dördünü – Hun, Göy Türk, Türk-Monqol, Osmanlı, Səfəvi, Moğol imperiyalarını cahanşümul miqyasa çıxarmış Türk Siyasi Zəkası XXI əsrdə Türk Dövlətləri Birliyini – öz gələcəyinin yenilməz siyasi İttifaqı kimi meydana gətirməlidir. “Böyüyən sferalar üzrə” geopolitik əlaqənin üç səviyyəli (milli, ümumtürk, dünya) dinamik sistemi türk etnosiyasi sferasını da bu böyümə və sistemləşmə qanunauyğunluğuna müvafiq olaraq həmin Birliyin təşəkkülünə, daha sonra beynəlxalq aləmlə üzviləşməyə doğru aparmalıdır. Türk Dövlətləri Birliyinin rasional strategiyası – onları yalnız müttəfiqlik statusunda yeniməzmunlu qlobal siyasi strukturlaşmanın üstün mövqeyinə qaldırmalıdır.
1. “Azərbaycan” qəzeti, 25 may, 1990
2. Azərbaycan Xalq Cümhuriyyəti. Bakı: Elm, 1998
3. Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayevin Azərbaycan Respublikasına rəsmi səfəri // http://president.az/articles/4573
4. Çora N. Birleşik Türk Devletleri. İstanbul: Q-Matris, 2004
5. Brownlie I. Principles of Public International Law. New York: Oxford University Press, 2008
6. Dixon M., McCorquodale R. Cases & Materials on International Law. New York: Oxford University Press, 2003
7. Edkins J., Zehfuss M. Global Politics. A New Introduction. London, New York: Routledge, 2009
8. Gilbert P. The Philosophy of Nationalism. The University of Hill: Westview Press, 1998
9. Great Powers and Strategic Stability in the 21st Century: Competing Visions of World Order. Ed. by Herd G.P. London, New York: Routledge, 2010
10. Grousset R. The Empire of the Steppes. A History of Central Asia. Rutgers University Press, 2010
11. Guiberneau M. Nationalism: The Nation-State and Nationalism in the Twentieth Century. Cambridge: Polity, 1996
12. Huntington S.P. Who are We? The Challenges to America’s National Identity. New York: Simon& Schuster Paperbacks, 2005
13. McColl R. W. Encyclopedia of World Geography, Volume 1. Golson Books , 2005
14. Sengupta A. Heartlands of Eurasia: The Geopolitics of Political Space. Lexington Books, 2009
Политическое развитие тюркского геополитического региона в современную эпоху: проблемы и задачи
В современную эпоху в тюркском геополитическом регионе (ТГР) необходимость консолидации, особенно молодых суверенных национальных субъектов, можно сказать, диктуется условиями их существования. Трехуровневая динамическая система геополитических связей (национальная, общетюркская, мировая) стремительно развивает нынешние интегративные отношения между независимыми тюркскими государствами в направлении международного сообщества: тюркские национальные государства (первый уровень), создавая общетюркское союзничество – Союз Тюркских Государств (второй уровень), интегрируются в международное сообщество (третий уровень). Автор исследует динамику развития тюркского геополитического региона в плоскости связанности данных уровней, анализирует встречающиеся проблемы, определяет задачи, обеспечивающие устойчивое развитие в этом регионе.
Political Development of the Turkic Geopolitical Region in the Contemporary Era: Problems and Duties
The necessity of consolidation of the young sovereign republics in the Turkic Geopolitical Region (TGR) in the contemporary era is one of the significant conditions of their existence as a powerful state. Three level dynamic system (national, Turkic, global) of the geopolitical connection rapidly boosts the current integrative relations of the independent Turkic states towards the international unity: The Turkic nation-states (first level), by establishing the whole Turkic alliance – the Union of the Turkic States (second level) integrate to the international community (third level). The author thoroughly explores the developmental dynamics of the Turkic Geopolitical Region (TGR) in the context of the close relationship of these levels, investigates the problems faced in this process and determines the duties, which ensure the constant development in this region.