Sosial varlığın ontologiyası onun özünütəşkili prosesində daim sistemliliyin daha mürəkkəb, lakin daha nizamlı formalarına keçməsi qanunauyğunluğuna əsaslanır. Sistemlilik sosial varlığın həyat prinsipi olaraq, buradakı transformasiyaların optimal həddində belə, struktur inkişafı onun bütövlüyünü sarsıtmadan təmin etmək təbiətinə malikdir. Planet üzərindəki tarixi həyatı getdikcə təkamül edərək meqasosial sistemə çevrilən və özünün struktur bütövlüyünü əldə edən bəşəriyyətin inkişafı da nizamlılığa doğru hərəkətin belə bir qanunauyğunluğuna bağlıdır. Bəşəriyyət, həyatında nizamyaradıcı qaynaqları və istiqamətləri müəyyən edə-edə, idrakını qazandığı praktikanın ümumiləşdirilərək dərinləşdirilməsi “proqramında qurur”, onun meqasosial həyat sistemi metaidrak səviyyəsində dərk olunmaq miqyasını alır. Ona görə də müasir dünya siyasətində iki mühüm proses – qlobal idarəetmə sistemlərinə keçilməsi və demokratik dünya birliyi ideyasının layihələşdirilməsi hansısa subyektiv istəklərdən deyil, dünyanın inkişaf qanunauyğunluğundan irəli gələn zərurətdir. Hələ antik sivilizasiyanın üzərində düşündüyü və bütün tarix boyu mədəniyyət düşüncəsini məşğul edən demokratiya, təbii ki, artıq demokratik dövlət sistemlərinin mövcud olduğu və onların praktikasının son yüz ildə getdikcə planetarlaşdığı qloballaşma epoxasında tamamilə yeni idraki parametrlər almalı, bəşəriyyətin meqasosial həyatında daha yüksək nizama keçidi şərtləndirən sistemyaradıcı texnologiya kimi tətbiq imkanlarını açmalı idi. Hazırda demokratiya təkcə bir dövlətin sınaqdan keçmiş mütərəqqi quruluşunun özək ideyası deyil, həm də (a) dövlətlərarası münasibətlərin ana xətti, (b) beynəlxalq sistemin birləşdirici komponenti, (c) onun dünya birliyinin təşəkkülünə doğru inkişafının təməl konsepsiyası, (ç) dünya nizamı siyasətinin ən uğurlu strategiyası və (d) qlobal vətəndaş cəmiyyətinin aparıcı ideologiyası olaraq, özünün kateqorial anlamının çoxqatlı səviyyəsində və miqyaslı tutumunda dərk edilir. Humanitariya ilə yanaşı, siyasət, hüquq və dövlət quruculuğu sferalarında da özünə möhkəm ideasional bünövrə yaradan demokratiya hətta onu tənqid edənlərin təqdir etməyə məcbur olduğu bir fenomen kimi insan hüquqları və azadlıqlarının, insanların seçib-seçilmək haqqının, həm dövlətdaxili, həm də beynəlxalq həyatda humanist münasibətlərin yaradılmasının fundamental prinsiplərini özündə ehtiva edərək, müasir siyasi texnologiyaların kompleks-vasitəsinə çevrilmişdir.
Siyasi mədəniyyətin təşəkkülü və inkişafı tarixi bir prosesdir. Bəşəriyyətin yaratdığı sosial-siyasi təsisatların yuxarıda qeyd etdiyimiz daha nizamlı formalara keçməsi qanunauyğunluğuna əsaslanan inkişaf tendensiyası buradakı münasibətlərin daimi genişlənməsi, qazanılmış təcrübənin yayılması və intensiv mübadiləsi ilə müşayiət olunur. Bu prosesdə siyasət və humanitariyanın bir-birinə doğru aramsız hərəkətinin şahidi oluruq. Tarix boyu siyasətlə humanitariya arasındakı münasibətlərdə nə qədər yayınmalar, geriçəkilmələr və sapıntılar olsa da, onlar daimi olaraq konvergensiya yolunu və perspektivini saxlayırlar. Çünki hər hansı bir sosial sistemdə humanitar münasibətləri reallığa uyğun və zəruri formada qurmadan, onu idarə etməyin qeyri-mümkünlüyü əvvəl-axır ortaya çıxır. Məsələn, XVIII – XIX əsrlərin klassik imperiyaları müstəmləkə rejimini nə qədər saxlamağa çalışsalar da, bu, dünya miqyasında meqasosial sistemin anomaliyası olduğu və onu atrofiyaya doğru apardığı üçün mümkün olmadı. Kapitalın yaratdığı zənginlik səltənəti ilə müstəmləkə həyatının girdabı arasında uçurum o qədər dərin idi ki, bunu hətta həmin kapitala sahib olan mütərəqqi düşüncəli zadəganlar və onların siyasi elitası da qəbul edə bilmirdi. Təsadüfi deyil ki, Amerikada sonradan bütün dünyaya örnək olacaq quldarlığa qarşı demokratik islahatları məhz buradakı böhranlı sosial sistemin yuxarı təbəqəsi həyata keçirməyə başlamışdı. Vaxtilə Çin Səddini çəkmək və ya Misir ehramlarını ucaltmaq tarixi şüur üçün nə qədər məntiqli görünsə də, bu gün heç bir siyasi lider bu sayaq layihəni həyata keçirmək naminə on minlərə insanı bir yerə yığmazdı. Sosial-siyasi sistemi idarə etməyin bir çox tarixi üsulları indi absurd görünür. Əlbəttə, bu gün də qlobal siyasətdə məntiqsiz görünən (məsələn, qlobal fəlakətə səbəb ola biləcək kütləvi qırğın silahlarının mövcudluğu) hallar kifayət qədər vardır. Lakin qlobal siyasi idarəetmədə tərəqqiyə doğru hərəkəti şərtləndirən çox ciddi proseslər də gedir. Qlobal siyasətin mütərəqqi-humanitarist tendensiyası bəşəriyyətin qazandığı tarixi təcrübəni mənimsəyərək, mövcud meqasosial-siyasi sistemin daha mükəmməl və nizamlı formada idarə olunmasına çalışır. Bu siyasəti beynəlxalq təşkilatlar və onların avanqardı qlobal vətəndaş cəmiyyətləri dəstəkləyir. Siyasət və humanitariyanın yaxınlaşması və konvergensiyası özünün optimal üstünlüklərini göstərir. Humanitar-siyasi mədəniyyəti rasionallaşdıran amillər yetişir: bəşəriyyətin qazandığı təcrübədən yeni tarixi şəraitdə bəhrələnməyi bacaran və bu zəmində yeni qlobal demokratik idarəetmə sistemlərinə keçidi reallaşdıra biləcək elm-təməlli strategiyaları hazırlayan beynəlxalq siyasi elita – qlobal vətəndaş cəmiyyəti formalaşır; beynəlxalq münasibətlərin hüquqi bazası daha humanist əsaslarda təkmilləşir; beynəlxalq sistemin substansiyasında nizamyaradıcı tendensiyaların təşviq edilməsi güclənir. Akademik Ramiz Mehdiyevin “Demiokratiya yolunda. İrs haqqında düşünərkən” adlı əsərində qeyd etdiyi kimi, “Demokratiya indi təkcə qlobal inkişafın leytmotivinə çevrilməmişdir, bunu “üçüncü demokratik dalğa”nın intensivliyi və nəticələri də sübut edir. Demokratiya həm də dünyada geosiyasətin, geoiqtisadiyyatın və hətta geomədəniyyətin də mahiyyətini müəyyənləşdirir” [3, s.522]. Humanitar-siyasi mədəniyyətin getdikcə planetarlaşması və rasionallaşması prosesi aydın bir şəkildə dünyanın demokratikləşməsi zərurətini meydana gətirir.
“İyirmi Birinci Əsrin Demokratiyası” [5, s.697] özünün xalq hərəkatları və nümayişləri formasındakı ənənəvi praktikasına yeni qlobal məzmun verməkdədir: hər hansı bir ölkədəki ictimai-siyasi böhrana və davamlı ədalətsizliyə qarşı etiraz aktları bütün dünyada əks-səda doğuraraq və adekvat aktlarla dəstəklənərək, daxili problemlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Humanitar-siyasi mədəniyyətin planetarlaşması və rasionallaşması prosesində “daxili problem” anlayışının özü getdikcə nisbiləşir və şərtiləşir. Dövlətdaxili problemlər “dünyadaxili problemlər” kimi qavranılır və onlar “dünyanın daxili siyasətinin” mərkəzinə gətirilir [7, s.124-127]. Demokratiyanın həm milli, həm regional, həm də qlobal səviyyədə özünütəsdiq zərurəti müasir dünya siyasəti, beynəlxalq hüquq və qlobal etikada, demək olar ki, eyni humanist platformadan dərk olunur. Beynəlxalq sistemə tamamilə yeni sosial-siyasi modeldə quruluş verə biləcək ən mühüm transformasiya aktı – “beynəlxalq hüququn konstitusiyalaşdırılması” ilə “demokratik legitimləşmənin” bir-birini şərtləndirən proses kimi irəli aparılması sayılır [7, s.128-133]. Demokratiyanın qeyd etdiyimiz ənənəvi praktikasındakı qlobal məzmun həm də onun daha sistemli və təşkilatlanmış səviyyələrə yüksəlməsi ilə zənginləşir. Demokratiya – artıq dünyanın stixiyası deyil, qanunauyğunluğudur. O, müvafiq beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən, genişlənmə və tətbiq prosesi qabaqcadan proqramlaşdırılan hərəkatdır. Demokratiyanın qlobal inkişaf qanunlarını bilməmək, ona etinasız yanaşmaq və ya onu boğmağa çalışmaq hər hansı bir dövlətin milli siyasətinin beynəlxalq siyasətin ümumtərəqqi platformasından çıxması və təklənərək süquta uğraması prosesini hazırlayır. Burada demokratiya görüntüsü yaratmaq cəhdləri də heç bir nəticə vermir. Çünki müasir dövrümüzün reallığında qlobal demokratiya – beynəlxalq təhlükəsizliyin ən mühüm şərtlərindən biri hesab edilir. Anti-demokratik dövlətlər və buradakı potensial ictimai-siyasi böhranların latent formada qalması və gözlənilmədən oyanması riski beynəlxalq sistem üçün ciddi təhlükə sayılır. Beynəlxalq sistemin dünya birliyinə transformasiyasının demokratiyadan keçən yolu artıq mütərəqqi dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş perspektivdir. Bu proses həm antidemokratik rejimlərin, həm də hegemonik rejimlərin beynəlxalq sistemi aşağıdan və yuxarıdan zədələməsinə qarşı yönəlmişdir. Deməli, beynəlxalq sistemin təhlükəsizliyinin təmin edilməsi, dünyada nizamyaradıcı qlobal siyasətin rasional əsaslarda həyata keçirilməsi üçün dünyanın demokratikləşməsi prosesi davam etdirilməli və başa çatdırılmalıdır.
Demokratiyanın beynəlxalq birliyin təhlükəsizliyini zəmanətləndirməsi Avropa İttifaqının nümunəsində özünü təsdiq edir. Demokratiyanın Qərb cəmiyyətləri və milli dövlətlərinin sosial-siyasi əsasına çevrilməsi burada bütün problemləri həll etməsə də, regionun inkişafının başlıca determinantı olmuşdur. Məhz demokratiya zəmini üzərində beynəlxalq siyasəti istiqamətləndirməyə çalışan Qərb dünyası planetin sosial-siyasi strukturunu əhəmiyyətli dərəcədə dəyişməyə sövq etmiş, onun geopolitikası geodemokratiyasına arxalanaraq getdikcə qlobal miqyas almışdır. Tarixi Helsinki Aktı dövlətlərarası əlaqələrin prinsiplərini, əsas insan haqları və azadlıqlarını, beynəlxalq təhlükəsizliyi yeni Avropa quruculuğu vəzifəsini öz üzərində saxlayan fundamental triadanın ayrılmaz sütunları kimi təsis etmiş, Paris Xartiyası isə demokratik siyasi strukturların bir-birinə uyğunlaşdırılmasına, münaqişələrin dinc yolla həllinə, təməl insan hüquqları və azadlıqlarına riayət olunması və Avropa İttifaqının reformasiyası uğrundakı ümumi səyə əsaslanan yeni təhlükəsizlik sistemi üçün perspektivlər açmışdır. Bu proses qlobal siyasətdə “demokratik təhlükəsizlik” və “kollektiv təhlükəsizlik” konsepsiyalarının reallaşması üçün strateji hədəfləri müəyyən etmişdir. Hazırda Avropa İttifaqının Şərqə doğru genişlənməsi ideyası bu siyasətin mühüm tərkib hissəsi kimi həyata keçirilməkdədir.
Bizim üçün önəmli faktdır ki, müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyev ölkəmizin real müstəqillik dövrünə qədəm qoyduğu ilk dövrlərdən respublikamızın demokratiya quruculuğunu onun əsas inkişaf strategiyası kimi istiqamətləndirmiş, demokratik dünya birliyinə, xüsusilə Avropa İttifaqına inteqrasiya siyasətinə zəmin yaratmış, bu siyasətin qarşılıqlı faydalanmaya əsaslanan mexanizmlərini irəli sürmüşdür: “Biz öz daxili siyasətimizdə çalışırıq ki, Azərbaycanın dövlət quruculuğu, cəmiyyətin təşkil edilməsi və iqtisadiyyatın inkişafı dünya dövlətlərinin təcrübəsi əsasında olsun və beləliklə də, Azərbaycan Respublikası dünya miqyasında öz layiqli yerini tuta bilsin” [1, s.9]. Yenicə müstəqilliyini əldə etmiş gənc respublika üçün qloballaşmanın yalnız pozitiv tendensiyalarının faydalı ola biləcəyinə əminlik yaradan böyük siyasətçi Azərbaycanın qlobal siyasi və iqtisadi məkana inteqrasiyasının rasional əsaslarından çıxış edirdi: “Dövlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir” [1, s.10]. Bu gün milli ənənələr üzərində qərar tutan dövlətimizin mütərəqqi dünya təcrübəsindən bəhrələnməsi, milli demokratiya prinsiplərinə dayaqlanması onun normal həyat tərzinə çevrilmişdir. Azərbaycanın qlobal inteqrasiya proseslərində öz oriyentirlərini müəyyən edərkən ümummilli lider Heydər Əliyevin siyasətinə söykənməsi onun inkişafının əsas proqramı və strategiyasıdır: “Qloballaşan dünyanın bir hissəsi olaraq Azərbaycan Qərbin nailiyyətlərindən istifadə etməyə çalışmaqla yanaşı, öz mentalitetinin bütün xüsusiyyətlərini, adət-ənənələrini, milli tarixini son dərəcə qayğı ilə qoruyub saxlayır. Bu, dərkedilmiş, dövlətin və cəmiyyətin inkişafına istiqamətlənmiş strateji xətdir” [2, s.161]. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında həmin strateji xətt uğurla davam etdirilir və qazanılmış böyük nailiyyətlərin getdikcə genişlənən, özündə milli və beynəlxalq maraqları harmonik şəkildə birləşdirən yoluna çevrilir. Dövlət başçısının qeyd etdiyi kimi, “biz Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak edirik. Avropa İttifaqının təsisatları ilə Azərbaycan arasında olan təmaslar çox dinamikdir... Avropa ölkələri ilə ikitərəfli əlaqələrimizə gəldikdə, bizim çox yaxşı nailiyyətlərimiz var. Avropa İttifaqına üzv olan bütün ölkələrlə, demək olar ki, güclü siyasi və iqtisadi münasibətlərimiz var” [4]. Bu qarşılıqlı əməkdaşlıq siyasətinin ümumdünya əhəmiyyəti həm də ondadır ki, onun həyata keçirilməsi prosesində Azərbaycan Respublikası beynəlxalq təhlükəsizliyin maddi əsası sayılan enerji təhlükəsizliyini öz üzərinə götürmüş demokratik dövlət olaraq, dünyanın sabitləşməsi və demokratikləşməsi siyasətinin güclü iqtisadiyyata malik regional subyektinə çevrilir.
Əslində, Azərbaycan kimi aydın mövqeli milli siyasətə malik olan hər hansı bir müstəqil dövlətin ümumən dünya birliyinə və onun özəyi olan demokratik dövlətlər sisteminə münasibətlərində bir sıra vacib problemlərin nəzərə alınması gərəkdir. Çünki qlobal siyasət və beynəlxalq münasibətlər praktikasında demokratiyadan bir ekspansiya vasitəsi kimi istifadə edilməsi faktları danılmazdır. Bunlar beynəlxalq sistemi zəiflədən, demokratikləşmə prosesini azdıran və tamamilə əks nəticələrə gətirib çıxaran hallar kimi, təbii ki, tənqid olunur. Məsələn, D.Arçibugi və R.Marçetti açıq şəkildə yazırlar ki, “azadlıq və demokratiya eyni zamanda Qərb dövlətlərinin azadlıq və sivilizasiyanın düşmənləri adlandırdıqlarını zərərsizləşdirməklə öz maraqlarını təmin etmək üçün istifadə etdikləri ideoloji örtükdür. Müstəmləkəçilik və imperializmin tarixi də göstərir ki, Qərbin özü üçün bəyan etdiyi demokratiyanın etik həqiqətləri başqa dövlət və cəmiyyətlərə münasibətdə inkar edilir və boğulur” [8, s.51]. Müəlliflərin fikrincə, belə bir münasibət “demokratik etikanın”, humanitarizmin prinsiplərinə ziddir. Hətta dünyada demokratiyanın dəstəklənməsi kimi mühüm bir tendensiyada da “üstün maraqlar” qabardılır: “Demokratiyanın dəstəklənməsi lokal cəmiyyətlərdə onu dəstəkləyənlərin maraqlarına tabe etdirilir. Demokratik proseslərə müdaxilə edənlər normativ öhdəliklərə etina etmədikcə, təhlükəsizlik və iqtisadi maraqlar üstünləşdikcə, demokratiyanın dəstəklənməsi dövlətləri və insanları zəiflədilmiş yerli hakimiyyətin nominallığı səviyyəsində saxlayır, real demokratiyanın əsaslanmalı olduğu əsl dövlət – cəmiyyət münasibətlərinin yerinə onu saxtalaşdıran zahiri demokratiya dəstəkçiliyi gəlir” [14, s.83]. Demokratiyadan bu şəkildə sui-istifadə edilməsi ona ehtiyacı olan dövlət və cəmiyyətlərin həqiqi demokratik islahatlar aparmasına əngəl törədir. Eyni zamanda, identik (özgür) cəmiyyətlər yalnız Qərb dəyərlərinin daşıyıcısı olan və ya sırf kosmopolitan qəlibə sığdırılmış demokratiyanı, demək olar ki, qəbul edə bilmirlər. Buna görə də “kosmopolitan demokratiya” qlobal vətəndaş cəmiyyətinin strukturlaşması prosesində onu daim dilemma qarşısında qoyur.
Bu səbəbdən demokratiyanın inkişafı – demokratiyanın ekspansiyasını qəbul etməyən yeni konseptual yanaşmanı zəruriləşdirir və beləliklə, “milli demokratiya” ideyası aktuallaşır. Kifayət qədər dövlətçilik təcrübəsinə, tarixən formalaşmış özünəməxsus demokratik ənənələrə sahib olan cəmiyyətlər onlara təqdim olunan, həm də müəyyən maraq və məqsədlərə tabe etdirilən “yad demokratiyanın” üzərində deyil, özünün “milli modelində” [3, s.569-597] quruluş alan “doğma demokratiyanın” təməlində demokratik dövlət təsisatlarını yaratmağa üstünlük verirlər. Sosial-siyasi genezisi bəlli olan milli-arxetipik demokratiya transformasiya zərurətini yaşayan cəmiyyətlərin daha rahat keçə biləcəyi, onları universal demokratiya perspektivinə çıxaracağı və dünyanın demokratikləşmə prosesinə qovuşduracağı bir yoldur. Məsələn, Yaponiyanı dünyanın aparıcı dövlətlərindən birinə çevirən faktor – onun milli və universal demokratiya arasında təbii sintez yarada bilməsi, yapon mentalitetinin ən seçkin dəyərlərindən olan demokratik kollektivçilik ideyasına dayaqlanması, milli-siyasi ənənələri müasir idarəetmə sisteminə uğurla tətbiq edə bilməsidir. Yaponiyanın və bir sıra dünya dövlətlərinin inkişafının mayasında bütün islahatların məhz milli və universal demokratiyanın vəhdəti zəminində aparılması qanunauyğunluğu dayanır.
Həm lokal, həm regional, həm də qlobal səviyyədə demokratik sistemə transformasiya bir-biri ilə bağlı olan problemləri meydana gətirir. Birinci səviyyədə demokratiyanın dəstəklənməsi adı altında “demokratik müdaxilə” hakimiyyətlə xalq arasında münasibətlərin idarə edilməsini öz əlinə keçirir, lazım gəldikdə hakimiyyətə, lazım gəldikdə xalqa “dəstək verir”, spekulyativ vasitələrlə demokratiyanın normal inkişafını təbii məcrasından çıxarır, bəzən də uzun müddət aralıqda reverans etməklə, avtoritar rejimləri hakimiyyətdə saxlayaraq, burada demokratiyanın sağlam cücərtilərini məhv edərək, demokratik dəyişikliklərə can atan qüvvələri aqressiv fəaliyyətlərə, hətta ekstremizm və terrorizmə təhrik edir. İkinci səviyyədə “demokratik müdaxilə” eyni ssenarini region dövlətlərinin münasibətləri formasına keçirir, burada ikili standartlarla daxili problemlərə regional münaqişələrin gərginliyini də qataraq, “demokratiyaya keçid” siyasətini “donmuş demokratiya” fazasında saxlayır, bu da, təbii ki, demokratiya uğrunda mübarizənin regional konsolidasiyasını pozur və onu da hədəflərindən yayındıraraq, potensialını riskli variantlara yönəldir. Üçüncü səviyyədə “demokratik müdaxilə” ssenarisinin işə düşməsi beynəlxalq sistemin özünə təhlükə yaradır, dövlətlər arasındakı və onlarla beynəlxalq təşkilatlar arasındakı münasibətləri etimadsızlıq dərəcəsinə endirir. Şübhə yoxdur ki, lokal, regional və qlobal səviyyələrdə “boğulmuş (və ya azdırılmış) demokratiyanın qəlpələri” bir yerə toplanaraq qlobal terrorizmin mənbəyində öz qatını təşkil edir.
Deməli, demokratiyanın dəstəklənməsinin onun ekspansiyasına, buradan da açıq müdaxilə formasına keçməsi və bu böhranyaradıcı vəziyyətdə idarə edilməsinə çalışılması gözlənilən nəticəni verir: qlobal siyasətdə beynəlxalq təhlükəsizlik – beynəlxalq təhlükəlilik effektini doğurur, “demokratik müdaxilənin” spekulyativ idarə edilməsi – onun idarəedilməzliyinə, nəhayət, demokratiyanın özü – anti-demokratiyaya çevrilir. Açıq şəkildə bəyan etmək lazımdır ki, hazırda beynəlxalq münasibətlərdə hökm sürən təhlükəli gərginliyin başlıca səbəblərindən biri də altsiyasətin humanist beynəlxalq siyasət üzərində dayanaraq beynəlxalq həyatdakı bütün müsbət tendensiyaları öz əlində toplaması və onları öz maraqlarına uyğun idarə etməyə çalışmasıdır. “Realpolitik” adlanan bu siyasət müasir siyasi idrak üçün indi bütün mahiyyəti ilə “içərisi görünən”, potensialını tükəndirmiş arxaik bir siyasətdir. Bu gün süni yaradılan, “implantasiya edilən” demokratiyanın yox, daxili tələbatdan və onun siyasi motivasiyasından doğan demokratiyanın təşviq edilməsinə ehtiyac vardır.
Eyni zamanda bu mövqe tamamilə yanlışdır ki, guya “böyük dövlətlərdə ən azı yerli icmalar səviyyəsində birbaşa demokratiya mövcud ola bilməz” [6, s.283]. Bu fikirlərin müəllifi S.L.Udovik düşünür ki, “yaşayış minimumundan aşağı və buna yaxın səviyyədə həyat sürən, informasiyalaşdırılmamış və situasiyanı adekvat qiymətləndirməyə öyrəşməmiş az gəlirli və az təminatlı kütlələr kor-koranə şəkildə bir ifratdan o biri ifrata sıçrayır və məntiqi deyil, emosiyanı rəhbər tuturlar, nəticədə biz yalnız etiraz demokratiyasını əldə etmiş oluruq” [6, s.284]. S.L.Udovikin fikrincə, bu vəziyyət ya Hitler kimi bir avantüristin hakimiyyətə gəlməsinə, ya da müasir Ukraynadakı kimi davamlı siyasi böhrana gətirib çıxarır. Ancaq məsələ burasındadır ki, avtoritar və diktatur rejimlər heç vaxt xalqın maddi səviyyəsinin qalxmasına çalışmırlar, əksinə, bunu özlərinə təhlükə kimi görürlər. Deməli, biz problemə Udovik prizmasından yanaşsaq (“aşağıların demokratiyası olmur” – [6, s.284]), onda gərək bütün demokratik xalq hərəkatlarının qabaqcadan əks-effektə və ölümə məhkumluğunu qaçılmaz gerçəklik sayaq. Halbuki, demokratiyanın elə əsl mahiyyəti – xalqın maddi səviyyəsinin yüksəlməsinə təminat verən siyasi təsisatın (hüquqi dövlətin) yaradılması nəticəsində fundamental vətəndaş hüquqlarının əldə edilməsindən ibarətdir. Cəmiyyətdə demokratik dəyişikliklərin məsuliyyəti onun bütün təbəqələrinin, xüsusilə hakimiyyəti formalaşdıran və hakimiyyətə gəlmək istəyən siyasi elitanın üzərinə düşür. Bu problemin qlobal miqyasda qavranılması kontekstində biz deyə bilərik ki, demokratik dünya modelinə transformasiya məsuliyyətini bütün beynəlxalq subyektlər bərabər şəkildə bölüşməlidir. Planetar siyasi mədəniyyətin rasionallaşması prosesində humanizm-təməlli qlobal siyasət, beynəlxalq hüquq və beynəlxalq təşkilatlar da yeni dövr demokratiyasının elə bir universal konsepsiyasından çıxış etməlidirlər ki, demokratiya siyasətinin aparılmasında lokal, regional və qlobal səviyyələrin özlərindəki və aralarındakı ziddiyyətlər ortadan götürülsün. Dünya ictimaiyyəti əmin olsun ki, həqiqətən, bu siyasət – dünyanın demokratikləşdirilməsi ideyasına xidmət edir.
Qloballaşma prosesləri də, təbii ki, özünün bütün pozitiv inkişaf tendensiyaları ilə bu ideyanın gerçəkləşməsinə geniş imkanlar açır: “qloballaşmanın demokratikləşməsi və demokratikləşmənin qloballaşması” beynəlxalq sistemin daxili dinamikasında modernləşdirici və nizamyaradıcı qüvvələrin hərəkət intensivliyini artıraraq, onun immanent göstəricisi olur, “inkişaf etikası, demokratiya və qloballaşma” [10, s.297, 375-397] bir-birini şərtləndirən amillər kimi planetar şüurda triadalaşır. Qlobal inkişaf strategiyasında demokratiya ən mühüm sintezyaradıcı sosial, siyasi və humanitar dəyər olaraq, beynəlxalq təşkilatlanmanın aparıcı ideologiyasına çevrilir. “Liberal demokratiya” ona qarşı olan bütün aqnostik dəyərləndirmələrə baxmayaraq, yalnız indinin deyil, həm də “gələcəyin təkanlayıcı dalğası” [11, s.108-111] gücündə dərk edilir. Daha yetkin humanitar-struktural əsaslarda demokratik dəyişikliklərin labüd olduğunun dərk edilməsinin özü getdikcə qlobal miqyas alır. Planet miqyasında demokratiya şüurun ideal qatlarından fəaliyyət praktikasına keçir.
Dünyanın demokratikləşməsi prosesinin ümumi dəyərləndirilməsi nikbinliyə əsas verən belə bir faktı aşkar edir ki, əgər XX əsrin əvvəllərində demokratik dövlətlərin sayı olduqca az idisə, hətta sonrakı mərhələlərdə onlardan irəliyə deyil, geriyə addım atanları var idisə, hazırda dünya əhalisinin təqribən yarısı – 46 faizi azad ölkələr kimi müəyyənləşdirilən sistemlərdə, digər 18 faizi isə qismən azad sayılan ölkələrdə yaşayır. Demokratiya qlobal sosial-siyasi həyatın aparıcı tendensiyası olaraq, buradakı anti-demokratik və qeyri-demokratik maneələri yara-yara, eyni zamanda, özünütəkmilləşdirmənin zəruri proseslərini keçə-keçə irəliləyir. Demokratiyaya doğru irəliləyiş və geriləyişin dünyada yaratdığı dəyişikliklərin ümumi təhlili göstərir ki, təqribən son yarım əsrdə demokratiyanın inkişafı kifayət qədər ziqzaqlı olmuş, 1987–1996-cı illər arasında “qlobal demokratikləşmənin” ən yüksək həddi müşahidə edilmişdir [13, s.176]. Demokratiya bir çox ölkələrdə sosial-siyasi sistemi kökündən dəyişsə də, bir sıra ölkələrdə yalnız demokratik oyanış səviyyəsində qalmış, hətta arxa plana keçmiş və özünün yenidən doğulması üçün optimal şəraiti gözləməli olmuşdur. Qanunauyğundur ki, gözlənildiyinin əksinə olaraq, bu proses yalnız “Qərb demokratiyasının” deyil, daha çox milli demokratiyanın dominantlaşması gerçəyini meydana çıxarmışdır. 1987 – 1996-cı illər arasında SSRİ-nin dağılması və Soyuq Müharibənin bitməsi ilə müşayiət olunan milli-demokratik hərəkatların siyasiləşməsi və suverenlik hüquqlarının qazanılması prosesində avtokratiyadan demokratiyaya doğru əhəmiyyətli dönüş baş vermişdir. “Bu gün dünyanın 192 müstəqil dövlətindən 119-unda seçki demokratiyası qeydə alınır ki, onların da 89-u siyasi hüquqlar və vətəndaş azadlıqları göstəricilərinə görə azad ölkələr sayılır” [15, s.34]. Əlbəttə, siyasi quruluşlarına və demokratiyanın reallaşma səviyyəsinə görə bir-birindən fərqlənən dövlətlərin beynəlxalq sistemdə strukturlaşması, münasibətlər qurması məhz həmin fərqlər səbəbindən xeyli çətinliklər törədir. Bir qayda olaraq, demokratik dövlətlər anti-demokratik dövlətləri və buradakı mühafizəkar ideoloji sistemləri haqlı olaraq özlərinə və bütün dünya birliyinə təhlükə mənbəyi hesab edir, qeyri-demokratik və anti-demokratik dövlətlər isə onların siyasi rejiminə xaricdən yönələn hər hansı bir təsiri, eyni zamanda, demokratik dəyişiklik çağırışlarını dərhal milli müstəqilliyi təhdid edən hərəkətlər kimi mənalandırırlar. Özünü siyasi-humanitar böhranın süquta aparan həddinə çatdırmış ölkələrə humanitar müdaxilə isə beynəlxalq siyasətdə çox böyük gərginliyə və bəzi hallarda isə hətta müttəfiq dövlətlər arasında fikir ayrılığına səbəb olur.
Qlobal siyasətdə geniş dəstəklənən və qiymətləndirilən belə bir fikir vardır ki, demokratik dövlətlər öz fundamental dəyərlər sisteminə və sülh konsepsiyasına görə bir-biri ilə müharibəyə deyil, əməkdaşlığa can atırlar. Lakin “demokratik sülh rejiminin” bu əsaslandırılmış imperativi belə bəzən əks-praktika ilə qarşılaşır, “demokratik dövlətlər sülhsevərdirmi?” aqnostikası meydana gəlir: çünki 1946 – 2000-ci illər üzrə dövlətlərarası müharibələrdə 16 demokratik dövlətin iştirak etməsi faktı qeydə alınmışdır [17, s.147-149]. Suveren milli dövlətlərin daxili və xarici siyasətinə demokratik dövlətlərin müdaxiləsi faktlarını da nəzərə alsaq, onda məlum olur ki, həm bu dövlətlərin öz aralarında, həm də digər dövlətlərə münasibətində beynəlxalq demokratiya prinsiplərinə əməl edilməsi baxımından xeyli problemlər vardır. Məsələn, islama “radikal” siyasi epitetini vuraraq onu “qlobal demokratik nizama” ən böyük təhlükə hesab etməyin özünün [12, s.111] beynəlxalq təhlükəsizliyi təhdid edən ən sarsıdıcı zərbə olduğu şübhəsizdir. Əgər “radikal islam” varsa, onda “radikal xristianlıq” da xristian Qərbinin yeritdiyi neoimperializm siyasətinin mahiyyətində etiraf edilməlidir. Lakin qlobal siyasi-mədəni həyatda nə islam, nə xristianlıq, nə də buddizm beynəlxalq təhlükələrə səbəb ola biləcək determinant deyil, əksinə, öz humanist mahiyyətlərinə görə demokratiyaya dayaq olan mənəviyyatyaradıcı başlanğıclardır. Beynəlxalq münasibətlərin normallaşmasında, xüsusilə dini-etnik zəmində baş verən konfliktlərin söndürülməsində din və demokratiyanın ayrılmazlığı məntiqi olduğu qədər də labüddür.
Beynəlxalq demokratiya qlobal siyasi və hüquqi münasibətlər sistemində ədalətlilik konsepsiyasının əsasını təşkil edən komponentlərdən olduğu üçün beynəlxalq təşkilatlanmanın ən yüksək səviyyəsində onun prinsiplərinin nəzərə alınması da hazırda böyük aktuallıq kəsb edir. Bu kontekstdə yanaşma müasir siyasi-hüquqi düşüncə axtarışlarını “demokratiya – beynəlxalq hüququn legitimliyinin əsasıdır” imperativinə və “dövlətlərin və beynəlxalq təşkilatların ədalətli demokratik assosiasiyasının yaradılması” ideyasına gətirir [9, s.119-137]; həmin ideyanın “milli və beynəlxalq konteksti” müzakirəyə çıxarılır, “beynəlxalq nizamın legitimliyinin” “qlobal demokratiya” və onun humanitar təsisatlanma prosesinin başa çatdırılması ilə birbaşa bağlı olduğu qənaəti hasil edilir [16, s.139-160]; BMT islahatlarının əsasını təşkil etməli olan demokratik humanitarizm, eyni zamanda, beynəlxalq siyasi-mədəni həyatın sağlam mütəşəkkilliyinin təminatı kimi dəyərləndirilir [8, s.51-66]. Ümumiyyətlə, demokratiyanın inkişafının yeni nəzəriyyələrində demokratikləşmə prosesinin dünyada insan inkişafı indeksinin yüksəlməsi və demokratik fəaliyyətlərin “dəyər aspekti” ilə bağlılığına, yəni daha çox antropoloji başlanğıca xüsusi diqqət yetirilir [15, s.34-49].
Bütün bunlar onu göstərir ki, klassik demokratiyanın bu gün müasir demokratiya ideyaları ilə zənginləşməsi prosesi gedir. Həyatı dəyişən demokratiyanın özü nəzəri və praktiki cəhətdən təkmilləşir. Demokratiya artıq təsdiq olunan beynəlxalq norma kimi həm dövlətdaxili, həm də dövlətlərarası münasibətlərin qlobal hüquqi gücə malik olan yeni davranış və əməkdaşlıq şərtlərini meydana gətirir. Demokratik platforması qüvvətli, humanist mövqeyi sağlam, insan hüquqları və azadlıqlarının təmin olunmasına, milli və beynəlxalq siyasətin demokratik dəyər və prinsiplərə ehtiram təməlində uzlaşmasına diqqət yetirən, qlobal siyasətin inkişaf perspektivlərini demokratikləşmə tendensiyasında görən yaradıcı siyasi liderlərin milli dövlətlərdə hakimiyyətə gəlməsi və onların qlobal miqyasda demokratik idarəetmə məsuliyyətlərini beynəlxalq təşkilatlarla birgə öz üzərinə götürməsi üçün daha optimal beynəlxalq şərait yaranır.
Demokratiya beynəlxalq siyasətdə alternativ modelləri axtarmağa, xüsusilə qlobal konfliktlərin aradan qaldırılmasına və sülh siyasətinin davamlı olmasına güclü stimul yaradır. Beynəlxalq əməkdaşlığın demokratiya təminatı ən etibarlı təminat kimi qəbul edilir, bu əməkdaşlıqda paternalist münasibətlərə son qoyulması zərurət kimi dərk olunur. Demokratik humanitarizm və demokratik siyasətin vəhdətinə əsaslanan beynəlxalq nizam dünya inkişafı strategiyasının məğzində dayanır. Ədalətin və demokratiyanın fundamental prinsipləri beynəlxalq sosial-siyasi həyatın onu yenidən, daha mükəmməl humanitar əsaslarda qurmaq səyi göstərən fəaliyyət normalarına çevrilir. Humanizm-təməlli qlobal siyasətin arxitekturası demokratiyanın möhkəm çərçivələri ilə qurulur. Qlobal siyasətdə geodemokratiya layihəsi üzrə dünyadakı demokratiya ərazilərinin genişlənməsi mümkün olur. Bu isə daha etibarlı və təhlükəsiz dünya modelinin yaradılmasına təminat deməkdir.
1. Əliyev H. Müstəqillik yolu. Bakı: “Azərbaycan Universiteti” nəşriyyatı, 1997
2. Mehdiyev R. Azərbaycan: qloballaşma dövrünün tələbləri, Bakı, XXI YNE, 2005
3. Mehdiyev R. Demokratiya yolunda: irs haqqında düşünərkən. Bakı: “Şərq – Qərb” nəşriyyatı, 2008
4. www.president.az/articles/2811
5. Тоффлер Э. Третья волна. М.: АСТ, 2002
6. Удовик С.Л. Глобализация: семиотические подходы. М.: Релфбук, Киев: Ваклер, 2002
7. Хабермас Ю. Расколотый Запад.М.: Вес мир, 2008
8. Archibugi D., Marchetti R. Democratic Ethics and UN Reform / The Ethics of Global Governance. Ed. by Franceschet A. Boulder, London: Lynne Rienner Publishers, 2009, p.51-66
9. Christiano Th. Democratic Legitimacy and International Institutions / The Philosophy of International Law. Ed. by Besson S., Tasioulas J. New York: Oxford University Press, 2010, p.119-137
10. Crocker D.A. Ethics of Global Development. Agency, Capability, and Deliberative Democracy. Cambridge University Press, 2009
11. Fukuyama F. History is Still Going Our Way / Global Politics in a Changing World. Ed. by Mansbach W.R., Rhodes E. Wadsworth: Cengage Learning, 2009, p.108-111
12. Gat A. The Return of Authoritarian Great Powers / Global Politics in a Changing World. Ed. by Mansbach W.R., Rhodes E. Wadsworth: Cengage Learning, 2009, p.111-116
13. Inglehart R., Welzel C. Modernization, Cultural Change and Democracy: The Human Development Sequence. Cambridge University Press, 2005
14. Keating T. The Ethical Limits of Democracy Promotion / The Ethics of Global Governance. Ed. by Franceschet A. Boulder, London: Lynne Rienner Publishers, 2009, p.67-83
15. Klingemann H-D., Welzel C. Theories of the Development of Democracy / Human Values and Global Governance. Studies in Development, Security and Culture. Ed. by Hettne B. In 2 vol., Vol.2. Palgrave Macmillan, 2008, p.34-49
16. Pettit Ph. Legitimate International Institutions: a Neo-Republican Perspective / The Philosophy of International Law. Ed. by Besson S., Tasioulas J. New York: Oxford University Press, 2010, p.139-160
17. Ray J.L., Kaabro J. Global Politics. Boston, New York: Houghton Mifflin Company, 2008
Açar sözlər: demokratik dəyişikliklər, siyasi elita, beynəlxalq subyektlər, qlobal siyasət, beynəlxalq sistem
Демократия в процессе рационализации планетарной политической культуры
Так как истинная сущность демократии состоит в обретении фундаментальных гражданских прав в результате создания политического учреждения (правового государства), гарантирующего рост материально-духовного и интеллектуального уровня развития народа, ответственность за демократические изменения в обществе ложится на все его слои, особенно на политическую элиту, формирующую власть и стремящуюся придти к власти. А в контексте осмысления этой проблемы в глобальном масштабе, ответственность за трансформацию в мировую модель демократии должны в равной степени разделить все международные субъекты. Архитектура гуманистической глобальной политики должна создаваться во все более и более расширяющихся в мире прочных рамках демократии. А это является гарантом развития более надежной и безопасной международной системы.
Ключевые слова: демократические изменения, политическую элита, международные субъекты, глобальная политика, международная система
Democracy in the Process of Rationalization of Planetary Political Culture
As the core essence of democracy consists of obtaining the fundamental civil rights as a result of establishment of political institution (legal state) ensuring the rise of social and intellectual level of people, the responsibility of democratic changes in society lies with the all ranks of society, especially with the political elite forming the authority and who wants to come to the power. All international subjects have to equally share the responsibility of transformation to the model of democratic world in the context of understanding of this problem on a global scale. Architecture of humanistic global politics has to be set up with strong frames of democracy enlarging all over the world. This factor guarantees the development of more reliable and secure international system.
Key words: democratic changes, political elite, international subjects, global politics, international system