Qlobal siyasət beynəlxalq münasibətlərin təşkili prosesinin elmi-nəzəri sistemi və praktiki tətbiq sahəsi olaraq həm də belə bir unikal vəzifəni həyata keçirir: o dünyanın tarixi-siyasi inkişafının müasir siyasi inkişafda necə yekunlaşması və hansı yeni mərhələlərin başlaması məqamlarını dəqiq müəyyənləşdirməyə çalışmaqla, bu proseslərin xarakterinə adekvat yeni fəaliyyət strategiyalarını formalaşdırır. O, yeni fazaya keçidin əlamətlərini daşıyan tarixi dönüş məqamını vaxtında tuta, ondan geri qala və ya irəli gedə bilər. Şübhəsiz, burada ideal variant – həmin tarixi dönüş məqamını zamanında hədəfləməkdir. Yetişməmiş proseslərin ardınca getmək də siyasi rasionalizmin xarakterinə uyğun deyil. Lakin, siyasi hadisə və proseslərin dialektikasına uyğun olaraq onların proqnozlaşdırılması, təbii ki, siyasətin uzaqgörənliyidir və ona konkret situasiyada əlavə arqument və divident qazandırır.
Burada daha iki mühüm şərti nəzərə almaq lazımdır: 1. Formalaşmaqda olan yeni siyasi situasiya dünya inkişafında neqativ meyllərin kompleksini meydana gətirə bilər. Tarixin tez-tez qarşılaşdığı belə situasiyalarda beynəlxalq siyasətin həmin proseslərin stixiyasına qoşularaq hərəkət etməsi ilk baxışdan realist akt kimi görünsə də, əslində, bu son anda rasional siyasi qərarvermə və həlletmə metodlarının effektsizliyinə və yalnız manipulyasiyalar səviyyəsinə endirilməsinə gətirib çıxarır. Adətən, regional və qlobal siyasi ziddiyyətlərin kəskinləşərək müharibə fazasına keçməsi məqamlarında siyasət də öz məntiqində “zor (güc) fazasına” adlamağa məcbur olur. Lakin qlobal idarəetmə mexanizmlərinin düzgün işləməsi dünyanın siyasi inkişafını o qanunauyğunluğun prinsipləri üzərində istiqamətləndirir ki, beynəlxalq münasibətlərin dinamikası buradakı konfliktlərin müharibə fazasına keçməsinə, mövcud problemlərin qlobal böhranlar xronikasına gətirib çıxarmasın. 2. Qlobal siyasət – suveren dünya dövlətlərinin milli siyasətinin dövlətlərarası beynəlxalq təşkilatların yürütdüyü siyasətdə təmərküzləşməsi, beynəlxalq münasibətlərin bu prosesə uyğun olaraq modifikasiyalaşması və beynəlxalq hüququn həmin münasibətlər sistemini qaydalandırması şəraitində təşəkkül tapır. Qlobal siyasətin arxetipik komponentləri və dayanıqlaşmağa meylli bütün strukturu belə bir mürəkkəb situasiyada formalaşdığı üçün, demək olar ki, bütün tərəflərin ona təsir imkanları vardır. Xüsusilə güclü beynəlxalq siyasi subyektlər bu və ya digər forma və səviyyədə qlobal siyasətin ümumi platformasında özünütəsdiq səylərini davamlı olaraq göstərirlər. Qlobal siyasi iyerarxiyanın ən yüksək pilləsində birincilik uğrunda daha amansız mübarizə gedir. Fikrimizcə, yanlış mövqe bundan ibarətdir ki, məhz belə bir mübarizəni – qlobal siyasətin özü hesab edirlər. Əlbəttə, bu həqiqətdir ki, dominantlıq uğrunda mübarizə – dünya inkişafının siyasi oriyentasiyasını müəyyən edən çox ciddi prosesdir. Lakin o, qlobal siyasətin bütün mahiyyətini əks etdirə bilməz və etdirməməlidir. Qlobal siyasətin – dövlətlərarası münasibətlərin siyasəti kimi hələ tam özünüidentifikasiyasını tapmamasının səbəblərindən ən başlıcası da məhz bir hegemon dövlətin öz milli siyasətini qlobal siyasət şəklində təqdim edərək, onu “özününküləşdirməyə” çalışmasıdır. Belə olduqda, qlobal siyasət nominal xarakter daşıyır, beynəlxalq nizamlama prosesi dünya birliyinin deyil, dünya hegemonunun səlahiyyətləri altına keçir. Beynəlxalq siyasi sistemin inkişafında dönüş yarada biləcək tendensiyalarsa o zaman fundamental xarakter ala bilər ki, qlobal siyasət – əksinə, dünya hegemonunun yox, dünya birliyinin kongenial siyasəti statusunda öz əsaslarını yaratmış olsun.
Beynəlxalq siyasi praktika göstərir ki, neoimperializmin qeyri-rəsmi doktrinası və ideologiyası kimi təzahür edən hegemonizm beynəlxalq siyasi sistemi bir neçə istiqamətdə deformasiyaya uğradaraq onun normal inkişafına mane olur. Bu proses – (1) beynəlxalq sistemi “böyük güclərin” amansız mübarizə meydanına çevirərək, siyasət və zor arasında bərabərlik işarəsi qoyur, gələcək konfliktlərə ocaq qalayır, dünyada hərbi potensialın sürətlə artmasına şərait yaradır; (2) “qlobal gücün” beynəlxalq hüquq üzərində üstünlüyünü diktə edir; (3) beynəlxalq təşkilatların fəaliyyətini bir dövlətin iradəsi altına gətirir; (4) siyasi, hüquqi və iqtisadi bərabərsizliyi qlobal siyasi həyatın reallığına çevirir; (5) beləliklə, siyasət dünyasında ən qədim zamanlardan indiyədək heç nəyin prinsipial olaraq dəyişmədiyinə, yalnız siyasi aktorların mexaniki olaraq bir-birini əvəz etdiyinə ortodoksal inamın “realizmini” təsdiq edir.
Lakin təqribən son altmış ildə dünyanın siyasi tarixində baş verən köklü dəyişikliklər müasir beynəlxalq sistemin bu ortodoksalizm konsepsiyasına alternativ modeldə qurulmasının mümkünlüyünə fundamental əsasların olduğuna yəqinlik yaradan mövqeni möhkəmləndirir. Faşizm, kommunizm və müstəmləkəçiliyin iflası – hegemonluq siyasətinin də gələcəksizliyini göstərir. Yüz il bundan qabaq, əsasən, Qərb imperializm siyasətinin diktəsi altında olan dünya – milli azadlıq hərəkatları, suveren milli dövlətlərin yaranması və güclənməsi, milli iqtisadiyyatların inkişafı, milli-demokratik ənənələrin tərəqqisi, dünya siyasəti və iqtisadiyyatının getdikcə liberallaşması, qlobal idarəetmə sistemlərinin universallaşması, qlobal vətəndaş cəmiyyəti və insan hüquqları siyasətinin beynəlxalq təşkilatlanma prosesində avanqarda çevrilməsi, beynəlxalq hüquq çərçivəsində nizamlanmanın alternativsiz olaraq qlobal siyasətdə qəbul edilməsi və s. pozitiv tendensiyalar nəticəsində tədricən post-Qərb fazasına keçməkdədir. Müasir qlobal siyasət məhz bu pozitiv tendensiyaların konseptuallaşdırılması istiqamətində yuxarıda qeyd etdiyimiz unikal vəzifəni – dünyanın tarixi-siyasi inkişafının məntiqinə uyğun olaraq, cari proseslərin xarakterinə adekvat yeni, dönüşyaradıcı fəaliyyət strategiyalarını hərəkətə gətirməklə yerinə yetirə bilər.
Qlobal siyasətin fəlsəfi ontologiyası tarixilik və məntiqiliyin dialektikası üzərində təşəkkül tapır: siyasi həyatın tarixi təkamülü və buradakı proseslərin məntiqi ardıcıllığı və qanunauyğunluğu arasındakı bağlılığın rasional dərki siyasi idrakın və siyasi fəaliyyətin dərin mahiyyətində özünü göstərir. Qeyri-tarixilik və qeyri-məntiqiliyin siyasətin nəzəriyyə və praktikasında özünə yer alması subyektiv tendensiyalara yol açır, ona anaxronizm və aloqizm elementləri aşılayır. Müasir qlobal siyasətin mükəmməl fəlsəfi dünyagörüşünə və fəlsəfi metodologiyaya yiyələnməsi həm də ona görə zəruridir ki, o, müəyyən hadisə və situasiyanı ümumtarixi prosesin içərisində, həmin prosesin təkamül qanunauyğunluğunda görsün, onun parametrlərini davamlı dialektik dəyişikliklərin konkret vəziyyətindən və universal məntiqindən doğan obyektiv meyarlarla təyin edə bilsin.
Hazırda başlıca məqsədi beynəlxalq sistemi dünya birliyinin təşəkkülünə doğru təkamül etdirməkdən ibarət olan qlobal siyasət yeni dünya nizamını – özünün dönüş strategiyası kimi təyinatlandırmaqla, dünyanın siyasi inkişaf dialektikasının dərkində mahiyyətcə yeni sistemli metodologiyanı təqdim edir. Qlobal siyasət belə bir metodoloji istiqamətdə dünyanın tarixi-siyasi inkişafının bütövlüyü və struktur dəyişkənliyinin vəhdəti ideyasının klassik paradiqmasından çıxış etmək imkanı qazanır: qlobal strukturun transformasiyasına doğru aparan struktur dəyişikliklər – fenomenal dəyişikliklərdir, qlobal sistemin mahiyyətində əhəmiyyətli dönüş yaratmayan dəyişikliklər – epifenomenal dəyişikliklərdir [9, s.72-73]. Qlobal siyasətdə fenomenal və epifenomenal dəyişikliklərin düzgün müəyyənləşdirilməsi, onların yerinin dəyişik salınmaması, xüsusilə həmin dəyişikliklərdə aparıcı pozitiv tendensiyaların seçilərək gücləndirilməsi olduqca vacibdir. Eyni zamanda, qlobal siyasi həyatda substansional mahiyyətində dəyişməz qalan və ya dəyişkənlik təəssüratını yaradan prosesləri də fərqləndirmək lazımdır. Qlobal dəyişiklik və davamlılığın dialektikası dünyanın mərhələli-tsiklik inkişafının gerçək xüsusiyyətidir ki, o, bütün mürəkkəbliyi və temperamenti ilə tarixi-siyasi proseslərin mahiyyətində özünü göstərir. Məhz beynəlxalq siyasi sistemin mahiyyətində baş verən əhəmiyyətli transformativ dəyişikliklərin yetərincə dəqiq dəyərləndirilərək istiqamətləndirilməsi və idarə olunması prosesində yeni dünya nizamı siyasəti dönüş strategiyası kimi özünü doğrulda bilər.
Qlobal siyasətin nəzəri-konseptual analitikasında yeni dünya nizamının strateji xətt kimi müəyyənləşdirilməsi burada həm də müxtəlif siyasi-ideoloji dünyagörüşlərinin öz əksini tapması deməkdir. Qlobal siyasi realizm, təbii ki, öz nəzəri prinsipləri və dünyagörüşü modellərindən çıxış edərək, yenə də “hegemonik nizam” strategiyasına üstünlük verir. “Dünya nizamı” anlayışını “cəmiyyətləri siyasət üçün təşkil edən” fundamental prinsiplərin toplusu kimi identifikasiyalaşdıran [3, s.78], lakin siyasi realizm nəzəriyyəçilərindən bir çox baxışlarına görə fərqli mövqe nümayiş etdirən Robert Koks belə fərz edir ki, tarixi-siyasi mahiyyəti etibarilə müxtəlif quruluşların siyasi qüvvələri arasında mübarizə qlobal sistemin yeni dominantını meydana gətirir və yeni dünya nizamı məhz onun idarəetmə prinsipləri üzrə formalaşır. Robert Koksun fikrincə, dünya nizamı daxilində qüvvələrin üç kateqoriyası interaktiv fəaliyyət göstərir: 1. Maddi potensiallar (cəmiyyətin təbii, texnoloji və təşkilati imkanları – məsələn, maddi gücü yaradan təbii ehtiyatlar, iqtisadi rifah, hərbi-sənaye kompleksi, ordu quruculuğu); 2. İdeyalar və normalar (insanlararası münasibətlərdə onları sosial nizama bağlayan dəyərlər, normativlər, elmi axtarışlarda əldə olunan ictimai biliklər, informasiyalar); 3. İnstitutlar (təşkil olunan cəmiyyətin və burada üstünlük qazanan ideyaların öz əksini tapdığı formal və qeyri-formal vasitələr [4, s.98].
Robert Koks dünyada əvvəlki nizamdan fərqli yeni nizam yaratmaq istəyən siyasi hegemonluğu belə xarakterizə edir: “O – dəyərlər strukturu və dünya nizamının təbiəti haqqında elə bir qavrayışdır ki, özündə dövlət və qeyri-dövlət subyektlərini birləşdirir. Hegemonik nizamda bu dəyər və qavrayışlar nisbi şəkildə stabil və problemsizdir. Bunları əksər aktorlar təbii nizam kimi qəbul edir. Belə quruluşlanma gücün elə bir strukturunu formalaşdırır ki, burada bir dövlət dominant olsa da, onun dominantlığı hegemonluğu yaratmağa kifayət etmir. Hegemonluq – dominant dövlətlərin dominant sosial təbəqəsindən doğur [4, s.99]. “Digər dövlətlərin dominant sosial təbəqəsinin dinməz razılığı ilə ” baş tutan bu hegemonluq nizamında rəsmi və qeyri-rəsmi məcburi qaydalar daha keçərlidir.
Robert Koksun nəzəriyyəsində diqqəti cəlb edən cəhət budur ki, o, hegemonluq siyasətinə daha mötədil mövqedən yanaşır, hegemonik dünya nizamının yaradılmasını bir dövlətin deyil, dominant dövlətlərin, özü də onların hakim təbəqəsinin qlobal idarəçiliyinin reallaşması kimi təqdim edir. Bu təqdimat – müasir dünya reallığına, əsasən, uyğun gəlir. Lakin belə bir reallıq – dünya inkişafının əsl mahiyyətini əks etdirmir və dünya birliyi bu reallıqla barışmır. Bu reallıqla barışmaq – dünya siyasətinin heç bir halda dəyişmədiyini qəbul etmək (və ya iddia etmək), artıq əsaslı şəkildə modernləşmiş, xeyli dərəcədə demokratikləşmiş dünyanın yenə də daim gərginlik yaradan, qlobal inkişafa şans verməyən arxaik qaydalarla idarə edilməsinə razılaşmaq deməkdir. Yəni dünya dəyişir, onu idarə edən vasitələrsə dəyişmir. Siyasi analitika mahiyyətlə (dünya) forma (hegemonist idarəetmə) arasındakı bu uyğunsuzluğu, anomaliyanı görür və tənqid edir [8, s.106]. Hətta “hegemonik stabillik” nəzəriyyəsinin tərəfdarları da etiraf edir ki, Pax Romana, Pax Britannica, Pax Americana efemer xüsusiyyətə malikdir və yalnız müəyyən tarixi situasiyada qlobal dominantlıq əldə etmiş amorf siyasi subyektlərdir.
Lakin qlobal siyasətin öz radikal qayəsindən dönməyən hegemonist fundamentalizminə görə, dünya – “anarxik sistemdir”. Ona görə də dünya birliyinin heç vaxt unifikasiyalaşa bilməyəcək dağınıq gücü nizam yarada bilməz. Bu nizamı, Zbiqnev Bjezinski və Samyuel Hantinqtonun fikrincə, – yalnız ABŞ hegemonluğu ilə Qərbi Avropa alyansı yarada bilər [6, s.301-321; 1, s.90-107]. “Amerika qlobal sistemini” “dünya hegemonluğunun yeni tipi” kimi səciyyələndirən Z.Bjezinski göstərir ki, “nəhayət, dünya siyasətində hakimiyyətin bilavasitə bir dövlətin əlində daha çox konsentrasiya tapması baş verir. ABŞ, həqiqətən, qlobal miqyasda ilk və yeganə, həm də çox ehtimal ki, sonuncu fövqəldövlət olur” [1, s.248]. ABŞ strateqinin nəzəri ehtimalına görə, indiyədək tarixdə heç bir dövlətin çatmadığı planetar miqyasda qlobal hegemonluq əldə etmiş Amerika bu mövqeyini yalnız Qərbi Avropanı və digər müttəfiq dövlətləri özünün yaratdığı vahid geopolitik strukturda birləşdirməklə möhkəmləndirə bilər.
S.Hantinqton isə ABŞ-ın qlobal hegemonluğunun siyasi-sivilizasion kontekstdə apologiyasını yaradır: dünya öz inkişafının ideoloji müstəvidə mübarizə yolundan sivilizasiya müstəvisində mübarizə yoluna keçmişdir; bu transformasiya qlobal siyasətin texnologiyalarını büsbütün dəyişdirmişdir; elə bir vəziyyət yaranmışdır ki, monolit siyasi-ideoloji sistemlər deyil, artıq tarixdə yeni güc toplayan sivilizasiyalara mənsub dövlətlər üstünlük qazana bilərlər. ABŞ da yeni dünya nizamı strategiyasında məhz bu amillərdən çıxış edərək özünün qlobal hegemonluq siyasətini yeridə bilər. S.Hantinqtonun proqnostikası onu bu qənaətə gətirir ki, bəşəriyyət tarixinin son inkişaf epoxasını əhatə edən “Avropa fazası” (“European Phase”) başa çatmaqdadır; iyirminci əsrin əvvəllərindən elə bu fazanın təkamülü kimi onun daxilində “Amerika fazası” (“American Phase”) Qərb sivilizasiyasının yeni gücü kimi özünü təsdiq edir; məhz bu yeni mərhələdə ABŞ və Avropa alyansı Qərb sivilizasiyasını gələcək tarixi perspektivə də dominant kimi çıxarır: “ Əgər Şimali Amerika və Avropa özlərinin əxlaqi-mənəvi həyatını yenidən canlandırsalar, mədəni vəhdətini yaratsalar və NATO daxilində təhlükəsizlik sahəsindəki əməkdaşlıqlarını təmin etmək üçün iqtisadi və siyasi inteqrasiyanın konsensus formalarını inkişaf etdirsələr, onda onlar Qərbin iqtisadi firavanlıq və siyasi təsirinin üçüncü – “Avroamerika fazasını” (“Euroamerican Phase”) yetişdirə biləcəklər” [6, s.308].
ABŞ-ın qlobal hegemonluğunun S.Hantinqton “arqumentasiyası” belədir: “Əgər qeyri-Qərb cəmiyyətləri Qərb mədəniyyəti vasitəsilə bir daha yenidən təşəkkül etdiriləcəklərsə, onda bu yalnız Qərb hökmranlığının ekspansiyası, vüsətlənməsi və təsir gücünün nəticəsi olaraq baş verəcəkdir. Çünki imperializm universalizmin zəruri məntiqi sonluğudur” [6, s.310]. Qlobal siyasəti neoimperialist iddiaların savaş arenasına, qlobal dünya nizamı strategiyasını isə Qərb hegemonluğunun rekonstruksiya alətinə çevirməyə çalışan S.Hantinqton məntiqinin bu şəkildə davam etməsi onun tendensioz baxışlarını daha ekspressiv şəkildə üzə çıxarır. O, “Biz kimik? Amerika milli identikliyinin çağırışları” adlı son kitabında bir qədər də irəli gedərək, XXI əsr üçün ABŞ qlobal hegemonluğunun “milli özünütəsdiq” doktrinasına əsaslanan konsepsiyasını irəli sürür. Neoimperializmin çağdaş ideoloqu bu doktrinanın təməlində ingilis protestantizminin mühafizəkar dini ənənəçiliyini görür: bu elə bir təməldir ki, ABŞ-a immiqrasiyanın mürəkkəb prosesində formalaşmış amorf milli tərkibin avanqard qatını üzə çıxarır; yalnız bu qüvvə “Latın” və “Meksika” qarışığını neytrallaşdıra, Amerika milli identikliyini saflaşdıra, “protestant əmək etikasının” necə effektli olduğunu göstərə və onu “radikal İslamla” qarşıdurmada mütəşəkkil edə bilər: “Klassik konservatizm və neokonservatizm üçün bizim verdiyimiz cavab bəzi mühüm həqiqətləri təsdiqləməli olan sağlam millətçiliyi birlikdə dəstəkləməkdən ibarətdir. Amerika – dini ölkədir. Patriotizm – ləyaqətdir, universalizm – amerikanizmdir. Millətçilik – özünütəcridetmə deyil... Amerikanın hərbi üstünlüyünün qorunub saxlanması – ABŞ xarici siyasətinin ən mühüm vəzifəsidir” [7, s.212-213]. “Amerikanizmi” millətçi ideologiya və yeni imperializmin nüvəsi kimi təqdim edən mövqenin qlobal siyasətdə yönləndirici istiqamət olaraq təyin edilməsi, təbii ki, qlobal siyasət üçün olduqca təhlükəlidir.
Beynəlxalq siyasi həyatın kifayət qədər universallaşdığı, liberallaşdığı və demokratikləşdiyi bir dönəmdə bu cür açıq militarizmi təhrik edən baxışların müasir siyasi düşüncəni yanıltması (məqsədli sofistika) intellektual mübarizənin digər səviyyələrində də özünü göstərir. Robert Grinin bestsellerə çevrilmiş kitabı – “Savaşın 33 strategiyası” döyüş meydanlarından informasiya məkanına qədər bütün sferalarda savaşmağın texnologiyalarını təqdim edir. Otuz üç strategiyanın yeddincisi – “əxlaq strategiyasıdır”. Həmin strategiya ilə müəllif göstərir ki, “Siz öz müharibənizi necə Səlib yürüşünə çevirə bilərsiniz” [5, s.79-94]: “Əxlaq – yoluxucudur. İnsanları yekdil, sürüləşmiş qrup halına gətir, onda onlar təbii olaraq bu ruha yoluxacaqlar. Əgər onlar buna qarşı qiyam etsələr və ya özgürlük davranışlarına qayıtsalar, asanlıqla təcrid olunacaqlar. Siz gərək bu dinamikanı elə qurasınız ki, həmin yetişmiş məqam Sizi qrupun liderinə çevirsin; Bu liderlik ancaq zirvədə – Sizinlə yaranır” [5, s.80]. Kütləni (qlobal miqyasda – meqasosiumu) “sürü instinkti” ilə idarə edərək liderlik qazanma strategiyasının özünü dünya siyasətinin “metropoliyası” və dünya sivilizasiyasının “mərkəzi” hesab edən bir dövlətdə meydana çıxması həm də buradakı ideoloji sistemin böhranını yetərincə göstərir. “Sürü instinktinin” eskalasiyası ilə yeni dünya nizamı yaratmaq olmaz. Faşizm və kommunizmin ən ifrat idarəetmə formaları kimi “qeyri-şüuri kütləviləşdirmə”, “kütləvi psixoz” üsullarından heç nə ilə fərqlənməyən bu amoralist strateji kompleksin individual sferadan qlobal sferaya adlaması dünya hegemonluğunu həm də bu vasitələrlə bərqərar etməyin absurd və sürrealist niyyətlərini meydana gətirir.
Eyni zamanda, burada qeyd etmək lazımdır ki, “qlobal liderlik”lə “qlobal hegemonluq” eynimənalı deyil. “Qlobal hegemonluq”dan fərqli olaraq, “qlobal liderlik” – suveren dünya dövlətlərinin siyasi, iqtisadi, mədəni, intellektual sahədə normal rəqabət mühitində irəliləyişinin nəticəsi olaraq meydana çıxan üstünlükdür. Bu gün dünyanın bir sıra inkişaf etmiş demokratik dövlətlərinin bu şərtlər daxilində üstünlük qazanması ümumən dünyanın demokratikləşməsi prosesinin zəruri bir tendensiyası kimi dəyərləndirilə bilər. Qlobal siyasətdə dönüş yarada biləcək yeni dünya nizamı strategiyası da belə bir dinamik prosesdə gerçəkləşmə imkanlarını artırır. “Qlobal hegemonluq” isə belə bir pozitiv tendensiyanın deformasiyaya uğradılması nəticəsində ön cərgəyə çıxa bilir.
İyirminci əsrin ortalarında totalitar SSRİ ilə qarşıdurma vəziyyətində ABŞ dünyada kifayət qədər güclü demokratik mövqeyə və imicə malik idi. Lakin SSRİ-nin çökməsindən, Soyuq müharibənin bitməsindən dərhal sonra ABŞ-ın qlobal strategiyasının mütləq dominantlıq iddiası ilə özünə “birqütblü dünya” modelləşdirməsi həmin demokratik mövqedə deqradasiyanın başlanğıcı oldu: o, ölkədaxili nizamyaratma layihəsini “dünyadaxili” nizamyaratma layihəsinə qədər böyütdü və tərsinə, beynəlxalq hüququn yerinə öz milli hüququnu qoymağa üstünlük verdi: “Amerika beynəlmiləlçiliyi (“internationalism”) və çoxtərəfdaşlığı (“multilateralism”) özü üçün deyil, qalan bütün dünya üçün genişləndirdi” [10, s.32-37]. Buna görə də ABŞ etosunun “yeni liberal nizamyaratma” adı altında beynəlxalq hüququ əvəzləyən “yeni imperiya hüququnu” funksionallaşdırması, ümumiyyətlə, Qərb sivilizasiyasının fundamental oriyentasiyasını azdıran meyllər kimi tənqid olunur, “hegemonik liberalizmin birqütblü dünya nizamına”, “qlobal atlantizmə” [2, s.216-220] qarşı layihələrin meydana gətirilməsi zərurətə çevrilir. A.M.Slauterin doğru qeyd etdiyi kimi, “yeni dünya nizamı” köhnə militarist doktrinaların təzədən revanş qazanması sayəsində deyil, “kərpic-kərpic, dövlətlərarası fəaliyyətin gücləndirilməsi – beynəlxalq idarəetmənin effektli formalarının yaradılması nəticəsində” [12, s.22-34] ərsəyə gələ bilər.
Bu proseslər müasir dünyanın aparıcı tendensiyası olan qloballaşmanın təsiri altında daha da sürətlənir: beynəlxalq əməkdaşlığın dərinləşməsi kontekstində “qlobal nizamın ideasional əsasları”, “maddi maraqlar bazası” təşəkkül tapır, “siyasi-institusional ölçüləri” müəyyənləşir, eyni zamanda, nizamyaradıcı missiyaları həyata keçirmək üçün beynəlxalq birliyin hərbi-iqtisadi gücü formalaşır [8, s.141-152]. “Beynəlxalq hüquqi nizam” yeni dünya nizamının leqal təməli olaraq təsbit edilir. Qanunauyğundur ki, müasir beynəlxalq sistemin “monist-moralist modeldə” quruluş alması, etik standartların nizamyaradıcı fəaliyyətlərdə əsaslı şəkildə nəzərə alınması, “əxlaq, hüquq və beynəlxalq siyasi nizam” arasında harmoniyanın tapılması bu sistemin dinamikasının göstəricisi kimi dəyərləndirilir [11, s.170-185]. Yeni dünya nizamının trayektoriyası dünya hegemonunun deyil, dünya birliyinin bütün orqanikasından, canlı toxumalarından, qovuşan koordinatlarından keçərək, onun hərəkətverici qüvvələrini birgə məqsədlər üzərində qərarlaşdırır.
Apardığımız təhlillərin ümumiləşdirilmiş nəticəsi olaraq, qlobal siyasətdə yeni dünya nizamının dönüşyaradıcı strategiyasının başlıca meyarlarını, prinsiplərini və məqsədlərini belə müəyyənləşdirə bilərik:
Dönüş strategiyasının meyarları:
Dönüş strategiyasının prinsipləri:
Dönüş strategiyasının məqsədləri:
Ədəbiyyat
1. Бжезинский З. Великая шахматная доска. Господство Америки и его геостратегические императивы. М.: Международ. отношения, 2002
2. Уткин А.И. Глобализация: процесс и осмысление. М.: Логос, 2001
3. Cox R.W. On Thinking about Future World Order / Approaches to World Order. Ed. by Cox R.W., Sinclair T.J. Cambridge: Cambridge University Press, 1996, p.74-97
4. Cox R.W. Social Forces, States, and World Orders: Beyond International Relations Theory / Approaches to World Order. Ed. by Cox R.W., Sinclair T.J. Cambridge: Cambridge University Press, 1996, p. 98-120
5. Greene R. The 33 Strategies of War. Penguin Books, 2007
6. Huntington S.P. The Clash of Civilizations and the Remaking of World Order. N.Y.: A Touchstone Book, 1997
7. Huntington S.P. Who are We? The Challenges to America’s National Identity. Simon & Schuster, 2004
8. Knight W.A., Keating T. Global Politics. Oxford, New York: Oxford University Press, 2010
9. Rosenau J.N. Turbulence in World Politics: A Theory of Change and Continuity. Princeton, NJ: Princeton University Press, 1990
10. Rubenfeld J. Two World Orders // Prospect, No1, January, 2004, p.30-45
11. Rubin A.P. Ethics and Authority in International Law. Cambridge University Press, 2007
12. Slaughter A.M. The Real New World Order / Debated Issues in World Politics. Ed. by Scott G.M., Randall J.J., Furmanski L.S. Englewood Cliffs, NJ, 2004, p.22-34
Açar sözlər: qlobal siyasət, yeni dünya nizamı, dönüş strategiyası, beynəlxalq təhlükəsizlik, qlobal etika
Новый мировой порядок в глобальной политике: основополагающие критерии, принципы и цели стратегии перелома
Правильное определение феноменальных (структурные изменения, ведущие к трансформации глобальной структуры) и эпифеноменальных (неструктурные поверхностные изменения, не создающие значительного сущностного перелома в глобальной системе) изменений в глобальной политике, избежание их взаимоподмены, особенно выделение и усиление ведущих позитивных тенденций в этих изменениях представляется чрезвычайно важным. Именно в процессе направления и управления достаточно точно оцененных значительных трансформационных изменений, происходящих в сущности международной политической системы, политика нового миропорядка может оправдать себя в качестве переломной стратегии. Исходя из этой парадигмы, автор старается определить основополагающие критерии, принципы и цели переломопорождающей стратегии нового миропорядка.
Ключевые слова: глобальная политика, новый миропорядок, стратегия перелома, международная безопасность, глобальная этика
New World Order in Global Politics: Major Measures, Principles and Goals of Turning Strategy
Clear identifying the phenomenal (structural changes towards the transformation of global structure) and epiphenomenal (non-structural changes playing not so important role in the core of global system) changes, not confusing of their places, especially strengthening the leading positive tendencies in these changes are crucially important factors. Only in the process of directing and management of important transformative changes by clear assessment happening in the core of international political system, politics of the new world order proves itself as a turning strategy. Taking this paradigm as a base the author tries to identify the major measures, principles and goals of turning creative strategy of the new world order in global politics.
Key words: global politics, new world order, turning strategy, international security, global ethics