Tarix – türklər üçün təkcə onların mövcud olduğu zaman deyil, həm də onların mənəvi bütövlüyü və qan yaddaşıdır. Türklərin yazıya alınmayan tarixi yazıya alınan tarixləri qədər canlıdır. Ona görə də “türklər tarix yazmamış, tarix yaratmışlar” – deyimi həm də onların ulusal xarakterindəki bu keyfiyyəti bildirir ki, salnamələrini yaratmayanda da onlar özlərini həmişə tarixi-mənəvi bütövlüyün içində, həm də hansısa tarixi məsuliyyət yükünün altında görüblər. Əgər onlar olub-bitmişlərini öz varlıqlarına köçürməsəydilər, tarix yarada bilməzdilər. Türklərin tarixi xronikası – onların onurğasının fəqərələri, beyinlərinin qırışları kimidir. Onlar keçmişini, indisini və gələcəyini bir orqanik zaman tamlığında hiss edirlər. – Türkiyənin Topqapı Sarayı muzeyindəki XVI əsrə məxsus miniatürdə təsvir olunan süvari kimi: döyüşçü atını irəli çapır, ancaq atın üstündə çevrilərək, əlindəki kamanın oxunu geriyə tuşlayıb. Bu təkcə onu təqib edənlərdən özünü qoruyan döyüşçü məharəti deyil. Daha dərin simvolik mənasında, irəli getdikcə, gerini düşünən müdrik insanın hərəkətidir. Türklər bəşəriyyətin mövcud olduğu zaman içərisində, tarixin “döyüş meydanında” atlarını məhz belə səyirdiblər: irəlilədikcə arxalarını da nəzarətdə saxlaya-saxlaya. Haçan ki, keçmişi gözdən qaçırıblar, gələcəyə çapan atları büdrəyib. Ona görə də türklərin Bilgə Kağan tək müdrikləri onları özlərinin Bütöv Tarixində bulunmağa səsləyib: türklər indidən keçmişi – gələcək, gələcəyi – keçmiş kimi görməlidirlər. Zamanın bütövlüyündə var olan türklər, hərəkətlərində yanılmır, ən mürəkkəb vəziyyətlərdə düzgün qərarlar qəbul edir, zamanla onun bütün “dillərində” danışmağı bacarır. Onların nə keçmişi, nə də gələcəyi qaranlıqdır. Buna görə də türklər tarixdən doğulan gələcəklərinə doğru daha qətiyyətlə, ayıq gözlə, sapıntılara varmadan irəliləyə bilirlər.
Türk dövlətçiliyi genezisinin araşdırılmasından doğan ilk mühüm qənaət (bəlkə də paradoksal qənaət!) belədir: sanki türklər elə öz dövlətləri ilə bir yerdə doğulublar. Bir etnos olaraq onların tarixi – elə dövlətlərinin tarixi ilə başlayır. Mətin Aydoğanın doğru qeyd etdiyi kimi, “dünya tarixində türklər qədər çox və çeşidli dövlət qurmuş bir başqa millətin olmadığı, bu gün artıq hər kəsin qəbul etdiyi yəqinləşmiş bir gerçəkdir. Hər dönəmdə və sürəkli biçimdə, dünyanın çox geniş məkanlarına yayılan türklər yaşadıqları hər yerdə, böyüklü-kiçikli, təsirli-təsirsiz, qalıcı-keçici çox müxtəlif dövlətlər qurmuşlar ki, bununla da türk tarixi müəyyən bir anlamda dövlət qurmanın tarixi halına gəlmişdir. Uzun dönəmlər boyunca vuruşmuş, yenmiş, yenilmiş, güclənmiş, ya da güclərini itirmişlər. Digər toplumları içərilərində əritmiş, ya da onların içində ərimişlər. Ancaq heç bir zaman dövlətsiz qalmamışlar” [3, s.43]. Türklərin dövlət həyatının bu kardinal səciyyəsinə macar tarixçisi Ligeti də diqqəti cəlb edir: “Türk milləti yayımcıl bir əsgər-millətdir. O, bu işin tam sahibi və ən mükəmməl örnəyidir. Onun təşkilatlanma gücünə, dövlət qurma qabiliyyətinə nə qədər heyran qalsaq, azdır” [6, s.34]. Ulusun (qövmün, xalqın, millətin) dövlət, dövlətin ulus kimi qavranılması – türklərin sosial-siyasi düşüncə sisteminin mahiyyətindədir. Ulus – dövlətin ordusu, canı və çəpəridir. Dövlət panteonu – “əsgər-millətdən” hörülür. Buna görə də “hərbi qüvvət, ordu tarixdə mövcud olmuş türksoylu dövlətlərin bel sümüyünü təşkil edir” [20, s.21-40]. Yəqin bu səbəbdən, türklər hara gediblərsə, dövlətlərini də, ya da “dövlət arxitekturasının yaddaş layihələrini” özləri ilə aparıblar. Belə olduğundadır ki, türklərin tarix boyu Avrasiyada yaratdığı dövlətlər arxetipik oxşarlığa malikdir.
Atayurdu Avrasiyanın 145-150º en dairələri arasındakı qəlbi – Altay dağlarının həndəvəri, Yenisey boyunca Abakan və Tuba əraziləri olan türklərin qurduğu, dünya tarixinin inkişafında, Avrasiyanın etnosiyasi coğrafiyasının son üç min ildə dəyişərək indiki şəkil almasında başlıca transformativ rol oynamış əsas dövlətləri bunlardır: Sak imperiyası (türklər öz imperiyalarına – “Xaqanlıq” deyirdilər), Böyük Hun imperiyası, Qərbi Hun imperiyası, Şərqi Hun imperiyası, Ağ Hun imperiyası, Göy Türk imperiyası, Avar imperiyası, Xəzər imperiyası, Uyğur imperiyası, Qaraxanlılar dövləti, Qəznəvilər dövləti, Böyük Səlcuq dövləti, Azərbaycan Atabəylər dövləti, İraq Səlcuq dövləti, Suriya Səlcuq dövləti, Kirman Səlcuq dövləti, Anadolu Səlcuq Dövləti, Xarəzmşahlar dövləti, Türk-Monqol imperiyası, Qızıl Orda (Altın Ordu) imperiyası, Sibir, Kazan, Krım, Noqay, Qasım, Astarxan xanlıqları, Məmluk dövləti, Osmanlı imperiyası, Moğol imperiyası, Dehli Türk Sultanlığı, Qaraqoyunlu dövləti, Ağqoyunlu dövləti, Səfəvilər imperiyası və ardınca Azərbaycan xanlıqları.
Bu dövlət və imperiyaları yaratmış türk superetnosunun bir mühüm xüsusiyyəti də həlledici əhəmiyyət kəsb edir: türk superetnosu əzəldən yekcins olmamış, həm daxili etnik quruluşunu təkamül etdirməkdə, həm də yabançı ulusları öz etnik sisteminin ayrılmaz bir parçasına çevirməkdə açıq universallıq ölçülərindən çıxış etmişlər. Lakin hər zaman dövlətyaratmanın ağır yükünü və məsuliyyətini türk öz üzərinə almışdır. Yaratdığı dövlətdə məhz o – etnosistemin sütunu və birləşdirici komponenti olmuşdur. Nə zaman ki, etnosistemin bu “qızıl qaydası” itirilmiş, dövlətin dayaqları da laxlayaraq çökmüşdür. Etnosistemin Türk Passionarlığı – onu hər zaman ulusyaradıcı, dövlətyaradıcı fəaliyyətlərin böyük meydanına çıxarmış, ona cahangirlik və fatehlik missiyası vermişdir.
Mərkəzi Asiyada ən qədim dövlətlərin əsasını qoymuş “türkdilli hunlar” [13, s.200-201] haqqında ilk tarixi məlumatları antik Çin qaynaqları (etnos adı olaraq, hu, hun, hunnu, hyunq-su, hsyung-nu, hyanyun, hunyuy şəklində) vermişdir. Bir xalq kimi mövcud olduqları zaman kəsiyi tarixdə qoyduqları zaman yaddaşından qısa olan hunlar (onlar artıq bizim eranın ilk minilliyinin təqribən VI əsrində etnik mövcudluqlarını sona çatdırıb, tarix səhnəsindən çəkilmişdilər) ilk dəfə e.ə. 1764-cü ilə aid Çin xronikalarında xatırlanır. Daha sonra e.ə. 822 və 304-cü illərdə [14, s.27]. Lakin iki eranın iki minilliyini qovuşduran yüzilliklərdə həm Asiya (Çin), həm də antik Avropa mənbələrində hunlar haqqında ən qüdrətli superetnos və ordu-imperiya kimi danışılır. Planetin şərq yarımkürəsinin ən böyük imperiyalarından birini quran (e.ə. III – b.e. V əsrlər) hun-türk tayfa ittifaqları Altaydan Çinə, Xəzər dənizi və Şimali Qafqazdan Azov dənizinə, Şərqi Avropaya qədər böyük bir ərazini tutmuşdular, onların qərb qolu 405-ci ildə Romaya daxil olmuş, şərq qolu isə V əsrin sonu – VI əsrin əvvəllərində Hindistana doğru irəliləyərək Qupta im¬periyasını çökdürmüşdü [5, I c.; 8, I c.].
Etnotarixi reallıq bundan ibarətdir ki, hun-türklər Avrasiyada gücləndikcə, geniş təsir dairəsi yaratdıqca, bu azman ərazinin digər etnosları da onlara qaynayıb-qarışmışlar. Eramızdan əvvəl IV əsrdə hun-türklər 24 soydan ibarət olan qüdrətli hakimiyyət yaratmışdılar. Hələ e.ə. III minillikdən başlayaq, Şimali Çindən Asiyanın qərbinə doğru bütün istiqamətlərdə hun-türk superetnosunun möhkəmlənməsi və genişlənməsi prosesi gedirdi. Buna görə də uzun əsrlər boyu Mərkəzi Asiya ilə həmsərhəd çinlilər hun-türklərlə döyüşsələr və məğlub olsalar da, onlar öz əcdadları saydıqları Şimali Çin aborigenlərinin – “qaraçinlilərin” hun mənşəyini etiraf edirdilər. Hun-Çin çarpazlaşmasından törəmiş “proto-hun etnik substratı” [14, s.19]. tədriclə digər etnosları da öz tərkibinə daxil edərək heterogenləşmişdi. Lakin o, özünün etnik nüvəsini – hun-türk genotipini daim şux saxlamış və Böyük Çölün sərt iqlim şəraitində yaşamağa vərdiş edərək, xalq-ordu kimi döyüş qabiliyyətini itiləmişdir. Buna görə də onlar təkcə xalqlara deyil, həm də Böyük Çölə, onun sərtliyinə qalib gəlmiş ilk Asiya xalqı sayılırdılar.
“Dünyanın milli obrazlarının” rəngarəngliyi üzərində düşünən və bu “obrazlar” sistemində türk dünyasının seçkin mahiyyətini (əvvəlki kitablarında) unikal təhlillərlə fərqləndirən Georgi Qaçevin “kosmo-psixo-loqos” konsepsiyasına görə, hər bir xalq – doğulduğu yerli mühitin və onun bənzərsiz təbiətinin məhsuludur, “xalq – hər şeydən öncə ölkə və torpaq deməkdir”. Ancaq elə xalqlar var ki, onların “təbiəti” bütünlüklə milli mahiyyətlərinə proyeksiya olunaraq, sanki itir. Bu mənada, “Yəhudiliyin Təbiəti – onun xalqıdır”. Ona görə də yəhudilər, ermənilər hara gedirlərsə, orada məhz “erməni” və “yəhudi” kimi məskunlaşırlar, həmin “məkan-kosmosda” öz etnik atomlarını yaradırlar [10, s.11-27]. Türklər isə bütün Təbiəti və Xarakteri ilə, onlara məxsus bütün “kosmo-psixo-loqos”un dağılmaz sistemi ilə yeni torpaqların ruhuna doğmalaşırlar. Buna görə də müasir türk ölkələrinin hər birisində Təbiət və Tarixin bir sistem təşkil etdiyini, buradakı “kosmo-psixo-loqos”un daim yaradıcı xarakter daşıdığını görürük.
Bu sistem o qədər dinamikdir ki, hətta dilin inkişafı kimi mühafizəkar bir proses də tamamilə təbii məcrada, qazanılmış həyati təcrübəni özünə toplaya-toplaya gedir. Tarix bir də gözünü açıb görür ki, yazısı olmayan hun dili sonradan öz mükəmməl yazılı abidələrini yaratmış türk dilinə transformasiya olunub. Əgər hun və türk dillərinin linqvistik kök-əsası bir olmasaydı, onların dilində belə bir “gözlənilməz çevriliş” ola bilməzdi. Məhz bu prosesin davamı olaraq, sonrakı yüzilliklərdə həmin kökdən türk dilləri budaqlandı, dünyanın böyük bir Türk Dilləri Ailəsi yarandı, tarix səhnəsində genotip mahiyyətini saxlayan yeni türk dövlətləri və imperiyaları doğuldu. Antik Asiya tarixinə dair klassik tədqiqatın müəllifi Rene Qrusse bu prosesin lap başlanğıcında “Türk-monqol soylu hun tayfalarının” [19, s.8-24] dil və mədəniyyətlərinin tədriclə bir-birindən fərqlənərək, bütün Avrasiya boyunca çox rəngarəng və universal bur etnokulturoloji sistem yaratdığını qeyd edir. Ümumiyyətlə, elmdə hun və türk dillərinin eynimənşəli olması barədə müəyyən diskussiyalar aparılsa da, fikir ayrılığı, demək olar ki, yoxdur: buna şübhə etməyin özü artıq əsassız sayılır: “çünki türk dilləri ailəsinə daxil olan teles, yəni uyğur dili ilə hun dili arasında linqvistik yaxınlığın olmasına dair mənbələrin birbaşa dəlilləri vardır” [14, s.52-53]. Uyğurlar isə Hun, Türk, Monqol və Çin dünyalarını daim bir-birinə yaxınlaşdıran etnik müstəvi funksiyasını sonrakı dövrlərdə də davam etdirmişlər. Eyni bir prosesin türk-tatar istiqaməti isə Asiyanın qərbinə – Avropanın şərqinə doğru yönəlmişdir.
Məşhur Amerika antropoloqu Karlton Stivens Kun mükəmməl araşdırmalar əsasında bu nəticəyə gəlir ki, “hunların və türklərin dəmir dövründə Avropaya doğru yayılmasından sonra” buradakı irqi tərkib əsaslı şəkildə dəyişikliyə uğramış, onlar özü də Avropa irqinin əlamətlərini götürərək, Asiyaya doğru “daşımışlar” [15, s.202-205, 248,428, 572, 610, 625]. Türk xalqları həm öz seçkin antropoloji özəlliyini hifz etdiyindən, həm də tarixən Avrasiyanın çox rəngarəng antropoloji xüsusiyyətlərini mənimsədiyindən onlar estetik cəhətdən də unikal fizionomik quruluşa, ən müxtəlif iqlim şəraitində yaşaya bilən dözümlü, çevik və sağlam həyat tərzinə malik olmuşlar. Eramızın V əsrinə qədər türklərin kök-etnos kimi öz təkamül mərhələsini başa çatdıran genealoji ağacında hunlar başda olmaqla, antik Mərkəzi Asiyanın, demək olar ki, bütün əsas etnobirlikləri tərkiblənmişdir [14, s.301]. Sonrakı tarixi proseslərdə (xüsusilə V-VII əsrlərdə) hun-türk superetnosunun daxili təkamülü türk başlanğıcını önə çıxarmış, beləliklə, türklər artıq VII-VIII əsrlərdə Mərkəzi Asiyanın dominant xalqına və hərbi-siyasi gücünə çevrilmişlər. Yəni tarixi baxımdan Avrasiyanın Böyük Hun ənənəsi Böyük Türk Epoxası ilə əvəz olunmuşdur.
Qədim mənbələrdə “tu-u, tukyu, tukyuye, türküt, törük, türük” və nəhayət, dəqiq adı ilə – “türk” adlandırılan TÜRK superetnosu Avrasiyanın son 1500 illik tarixində arxaik dövlətçiliyi modern dövlətçiliyə qədər inkişaf etdirən, öz taleyini qədim dünyanın, demək olar ki, bütün xalqlarının taleyi ilə bağlayan bir ulusdur. Görkəmli türkşünas Faruq Sümər “türk” etnoniminin “törəmək” (kök-söz – “törə”, “töru”) məsdərindən özülləndiyini həqiqətə daha yaxın hesab edir [1, s.9]. Bu sözün başqa dillərdən gəlmədiyi və başqa dillərdə heç bir məna bildirmədiyi məlumdur. Türklər özləri özlərinə bu adı vermişlər. Sonra dünya da onu qəbul etmişdir. VI-VIII əsrlərdən başlayaraq, “türk” sözü etnik, kulturoloji və siyasi anlamda türklərin özlərinin və digər xalqların qaynaqlarına möhkəm və silinməz şəkildə həkk olunur.
Artıq eramızın birinci minilliyinin ortalarından “Avrasiyanın qəlbi sayılan Böyük Çöl – Çin səddindən Karpat dağlarına qədər uzanan, şimaldan Sibir tayqası ilə, cənubdan İran düzü və Fars oazisi ilə qurşaqlanan ərazi” türk dünyasının dalğalana-dalğalana hərəkət etdiyi, bilavasitə onun fəaliyyəti və təsiri ilə aramsız olaraq transformasiyaya uğrayan vahid etnosiyasi məkan şəklini alır. Antik çağlarda bu ərazini qərbdən qədim yunanlar – Skifiya, cənubdan farslar – Turan (türk xalqlarının yaşadığı yer, arilərin yaşadığı İranla əks anlamda), cənub-şərqdən çinlilər – Bey-hu [11, s.3] adlandırırdılar.
Türk xaqanlığının torpaqları altıncı əsrin sonlarına doğru qərbdən Bizansla, cənubdan Persiya və Hindistanla, şərqdən Çinlə sərhədlənirdi. Türk nüfuzunun sürətlə yüksəldiyi bu epoxada həmin ölkələrin tarixindəki peripetiyalar türk hökmranlığının və ona məxsus hakimiyyətlərin taleyindən xeyli dərəcədə asılı idi. Türk dünyasının etnosiyasi təkamülü daxili inteqrasiyanın zəruri bir mərhələsini başa çatdırmış və labüd diferensiasiyaya təməl yaratmışdı. Maraqlıdır ki, vaxtilə hun-türk superetnosunun Şərqdən Qərbə doğru hərəkəti hunlar içərisində türklərin üstünləşməsi ilə müşayiət olunmuşdusa, məhz bu dövrdən başlayaraq sonrakı yüzilliklər boyunca türklərin içərisində oğuzların dominantlıq qazanması ilə Səlcuq, Osmanlı və Qızılbaş hakimiyyətləri önə çıxdı. Beləliklə, türk dünyasının Şərq və Qərb “cinahları” getdikcə bir-birindən uzaqlaşaraq, hər biri öz ayrıcalığında yeni diferensiasiya proseslərinin başlanğıcını qoydu. Avrasiya boyunca getdikcə çoxalan türk dövlətləri başqaları ilə vuruşduqları qədər də elə özləri bir-biri ilə vuruşurdular...
Avrasiya tarixini və bu kontekstdə türk etnogenezini fundamental şəkildə tədqiq edən Lev Qumilyov ilk türk dövlətlərini yaratmış “qədim türklərin” onların etnik-tarixi diferensiasiyası nəticəsində meydana gələn yeni nəsil türk xalqları ilə kök-bağlılığını bildirsə də, “ata-xalqla” “oğul-xalqların” bir-birindən, təbii olaraq, fərqləndiyini də göstərir: “qədim türklər” öz passionar enerjisini – dillərindən dövlətlərinə qədər – özündən sonrakı nəslə (varislərinə) ötürərək tarix səhnəsindən çəkilirlər [12]. Elə hunlar kimi!
Bu mənada, əgər bu gün müasir türk dillərinin, alınma sözləri çıxmaq şərtilə, təməl söz fondunu və müvafiq ölçüdə qrammatik xüsusiyyətlərini “tarixi rekonstruksiya” etsək, həmin potensial üzərində qədim türk dillərinin mənbəyinə canlı şəkildə qayıtmaq olar. Çünki müasir türk dillərindən hər biri (xüsusilə oğuz qrupuna daxil olan dillər) bu və ya digər səviyyədə (hətta bəzən təəccüb doğuracaq eyniyyətlə!) qədim türk dili qatını saxlayıb.
Qədim türklərin etnik-tarixi diferensiasiyası onları tədriclə Avrasiya hərbi-siyasi proseslərinin, eyni zamanda, daxili sosial strukturlaşmanın yeni üfüqlərinə çıxarır. Nəhayət, bu proseslər 552-ci ildə adında “türk” etnonimini daşıyan ilk dövləti – Göy Türk imperiyasını meydana gətirir. Göytürklər tarixdə ilk dəfə olaraq ümumtürk siyasəti və ideologiyasını daşıyan dövlət qururlar. Görkəmli fransız alimi Rene Giraud XX əsr tarix elminin klassik nümunəsi sayılan, bir çox dillərə, təbii ki, həm də türkcəyə tərcümə edilmiş kitabını bütünlüklə Göy Türk imperiyasına həsr edib. Proto-türkcəyə və onun törəmələrinə dərindən bələd olan tarixçi-alim ilk qaynaqlara, qədim türk abidələrinə, ilkinc sənədlərə əsaslanaraq bu fikrə gəlir ki, Göy Türk imperiyası özündən əvvəlki və özündən sonrakı türk dövlətlərinin genetik bağlılığını yaradan birləşdirici həlqədir. Bu, artıq siyasətini mədəniyyət, mədəniyyətini siyasət səviyyəsinə qaldıran, sosial-siyasi sistemin bütün əsas atributlarını və keyfiyyətlərini özündə ehtiva edən funksional dövlətdir. Onu antik dövlətlərin ən mükəmməl quruluşları ilə müqayisə etmək olar!
“Tenqri” (Tanrı) mənşəli Göy (qədim türkcə – Gök) Türk dövlətinin Xaqanı və onun ulusu (xalqı) səma ilə, göylə, Tanrı ilə bağlıdır. Onlar birlikdə ilahi iradəni yer üzündə onlara verilmiş missiya ilə yerinə yetirirlər. “Tenqri” tərəfindən Bumın və İstemi atalara əmanət edilmiş bu Xaqanlığın başlıca məqsədi – öz xalqını və onun “törəsini” qorumaqdır, bu əsasda milli birliyin daim möhkəmlənərək sarsılmaz olmasıdır. Göytürklər qədim arilər, misirlilər, antik yunanlar və romalılar kimi, eyni zamanda, öz çağdaşları olan bir çox xalqlar kimi heç vaxt “tanrılar” deməyib, həmişə “Tanrı” deyib. Heç şübhəsiz, dini dünyagörüşünün bu təbii modeli türklərin sonradan Tək Allaha inam dini olan İslamı qəbul etmələrində həlledici amil olub. İndiyədək də dünyada yaşayan bütün müsəlman-türklər Allah və Tanrı sözlərini sinonim kimi işlədir və onların arasında heç bir fərq görmürlər.
Göy Türk imperiyası qonşu dövlətlərlə fəal müharibə və diplomatiya dilində danışa bilir, xalqının həm sülh, həm də savaş şəraitində yaşaması və amansız mübarizələrdən qalib çıxması üçün bütün vasitələrdən məharətlə istifadə etməyi, regionun siyasi yüyənlərini əlində saxlamağı bacarır. Məsələn, 726-cı ildə Tibet dövləti Göy Türk dövlətini Çin əleyhinə ittifaqa çağırsa da, dövlətin müdrik başçısı Bilgə xan (kağan, xaqan) bundan imtina edir. Sonrakı proseslər də göstərir ki, hökmdar düzgün hərəkət edib, əgər o təklifə razılıq versəymiş, bu uzun sürən müharibəyə, tibetlilərin “yükünü çəkməyə” və təbii ki, dövlətin özünü lüzumsuz çətinliklər qarşısında qoymasına səbəb olacaqmış.
Nüvəsini oğuz boyları (tayfaları) təşkil edən Göy Türk dövləti xüsusilə İlteriş, Kapğan və Bilgə xaqanların hökmdarlıqları dövründə xeyli inkişaf edir. Ayrı-ayrı türk tayfaları vahid dövlətçilik, “törəçilik” ideyası ətrafında birləşir (“türk bodun” – artıq bütün türk-doqquz oğuz tayfa ittifaqlarının birləşməsi və vahid xalq yaratması deməkdi). Ulusal sistem özünün iyerarxik sosial-siyasi təsisatlarını yaradır. Dövlət və xalq onları təmin edəcək təsərrüfat həyatını formalaşdırır. Əsasən, maldarlıqla məşğul olan köçəri göytürklər ayrı-ayrı bölgələrdə oturaqlaşır və hətta şəhər həyatına başlayırlar. “Göytürklərdə mədənçilik, xüsusilə dəmirçilik çox inkişaf edirdi. Altay və Sayan dağları dəmir mədənlərinin olduğu bölgələrdi. Burada çıxarılan dəmirin yüksək xəlitədə olması və türklər tərəfindən çox yaxşı işlənilməsi – türk hərb sənayesinin ən böyük özəlliyi idi” [7, s.58]. Türklərdə əsil-nəcabətə (seçkin soya) üstünlük verilsə də, bu, Avropada və digər Asiya dövlətlərində olduğu kimi kəskin sinfi fərqlilik, təbəqələşmə xarakteri daşımırdı. Qadınlar kişilərlə eyni cəmiyyətdə, eyni hüquqlarla, aralarında ayrı-seçkilik qoyulmadan, sonradan islamın məcbur edəcəyi xüsusi örtük-geyimlərə bükülmədən yaşayırdılar. Göytürk cəmiyyətində qadına və uşağa təcavüz edamla cəzalandırılırdı. Əgər Göy Türk dövlətində insanlar və tayfalararası “demokratik nizam” olmasaydı, onlar “əzən və əzilənlərə” bölünsəydi, bu cəmiyyəti dövlət quruculuğuna, təsərrüfat həyatına və on minlərlə ordu şəklində düşmənlə döyüşlərə səfərbər etmək mümkün olmazdı. Göytürk cəmiyyəti bu sosial-siyasi mütəhərrikliyi və çevikliyi mütərəqqi bir keyfiyyət kimi sonrakı nəsillərə ərməğan etməyi bacardı.
Türksoylu dövlətlərin Avrasiya boyunca qüvvətlənərək qurulması və inkişafı prosesinin ən parlaq və məsuliyyətli mərhələsi – onların islam sivilizasiyasının genişlənən dünyasına qovuşmaları ilə başlayır.
Birinci minillik ərəfəsində və onun ilk əsrlərində türk və islam sivilizasiyalarının toqquşa-toqquşa qovuşması və nəhayət, sintezləşməsi, ümumiyyətlə, dünya tarixinin dönüş fazasını yaradır. Bu zaman dünya tarixinin, haqqında olduqca çox yazılan, lakin əsil mahiyyətinə bilərəkdən və ya bilməyərəkdən diqqət yetirilməyən prosesi baş verir: Mərkəzi Asiyanın həmin dövrə qədərki min illik tarixində dominant rol oynamış türklər Xəzər dənizini bütünlüklə əhatələyərək, Yaxın Şərqə, Qafqaza gəlmələri və Anadoluda möhkəmlənmələri ilə Avrasiyanın geopolitik mərkəzini də bu əraziyə keçirirlər. Sanki türklər harada olurlarsa, ora da dünya siyasətinin “qaynar qazanı” olur. Gərək avropalılar da etiraf etsin ki, məhz türklərin sayəsində dünya siyasətinin cazibə mərkəzi Asiyadan Avropaya doğru hərəkət edib.
Bizim eranın yeni minilliyini türklər Şərqin Yeni Tarixi ilə başlayırlar. Halbuki bəzi Qərb alimləri iki minilliyin qovuşağında baş verən bu həlledici geopolitik dəyişməni (geopolitical shift) müşahidə etmək əvəzinə, onlar bir ağızdan “barbarların Şərqə axınından” bəhs edirlər. Britaniyalı şərqşünas K.E.Bosvort kimi. O, “türk hərbi qullarının” islam xilafətinə axınını [9, s.24-25] “mikroskop altında” böyüdərək, çox məntiqsiz nəticələrə gəlir. Onda gərək bu Qərb alimindən soruşasan: “Türklər necə “qul” imişlər ki, Yaxın Şərqdə belə sürətlə hakim mövqeyə qalxıb, onu əsrlər boyu idarə edə bilmişlər?!” Bunu isə elə həmin tədqiqatında K.E.Bosvort özü çarəsizliklə təsdiq edir… Şərqşünaslıq professoru yazır: “Yaxın Şərqdə torpaqların istifadə edilməsinə türk basqınlarının əhəmiyyətli təsiri göz qabağındadır. Şimali İrana qəsbkarlıqla soxulan tayfaların bir dəstəsi XI əsrin 20-ci illərində Anadoluya və Qafqaza keçir, burada qazi və axınçılar kimi xristian erməni, gürcü knyazlıqları və Vizantiya imperiyası ilə vuruşurdular… O tayfaların digər dəstəsi İran ərazisində sürüləri bəsləmək üçün əlverişli olan yerlərdə qaldı. Belə ki, Azərbaycanın, Kürdüstan, Persiya və Gürganın müasir türk əhalisi, şəksiz, Səlcuq dövrünə gedib çıxır, hərçənd onların sayı (xüsusilə Persiyada) monqoldansonrakı mərhələdə arta bilərdi” [9, s.30-31]. Halbuki 950-1150-ci illər arasında buradakı tarixi-siyasi hadisələrin cərəyanında türklərin dominantlaşması daha dolğun və “aristokrat” səviyyədə gedirdi. Türklərin fatehliyi bütün Yaxın Şərqi, Qafqazı, Kiçik Asiyanı çevrələyirdi. Bu dönüşyaradıcı tarixi prosesi türkşünas Faruq Sümər gerçəkliyində təqdim edir: “Oğuz türkləri ana yurdlarından gətirdikləri dövlət təşkilatlarına aid təsisat və ənənələrini islam dünyasında da davam etdirirdilər” [1, s.11].
Doğrudan da, real tarixi mənzərə belə olub: birinci və ikinci minillikləri qovuşduran tarixi mərhələdə türk superetnosunun qıpçaq, bulqar, karluk, uyğur, çuvaş və yakut qollarına mənsub xalqları əsasən Mərkəzi Asiya və ona yaxın regionlarda qalırlar. Başlıca olaraq, türklərin bu dövrdə ən passionar qolu – oğuzların (onlar XI əsrdə 24 boydan ibarət idilər) Yaxın Şərqə ekspansiyası burada yeni türksoylu dövlətlərin yaranması ilə nəticələnir. Böyük əksəriyyətlə islamı qəbul etmiş türklərin geriyə – Mərkəzi Asiyaya dönüşü burada da (əsasən, Türküstanda) türk-islam dövlətlərinin təşəkkülünə səbəb olur. Həmin regionda “Qaraxanlılar dövlətinin türk tarixi baxımından önəmi – onun ilk dəfə türk və islam sintezində qurulan dövlət olmasından ibarətdir” [7, s.117].
Beləliklə, türk superetnosunun bütün Avrasiyaya yayılmış və nəticədə, fərqlilik keyfiyyətləri qazanmış, lakin kökünü saxlamış təməl qatı üzərində orta əsr türk-islam dövlətləri bu kontinentin yeni türk imperiyalarına çevrilən epoxasını başladır. Ərəb-islam dünyasının sonuncu imperiya-səltənəti – Abbasi xilafəti süquta uğrayandan sonra, Yaxın və Orta Şərqin fatehi – nə ərəblər, nə farslar, nə bizanslılar deyil, yalnız türklər olurlar. Xilafətin çökməsi ilə monqol istilası, demək olar ki, eyni vaxtda başlayır. Lakin bu dağıdıcı hərbi yürüşləri ram edən də yenə yalnız türklər olur. Yeni dalğada monqol axınına qarışan Orta Asiya türk boylarının artıq onlardan əvvəl Yaxın Şərqdə dövlətlər qurmuş türklərin içərisində (elə monqollarla birlikdə) sürətlə assimilyasiyası burada yeni etnosistemi formalaşdırır. “Dünya tarixində türklər” monoqrafiyasının müəllifi, professor K.V.Findli bu məqama toxunaraq göstərir ki, XI-XIII əsrlərdəki monqol ekspansiyasının istiqamətlənməsində və onun islam dünyasında dövlət-cəmiyyət quruculuğu fəaliyyətlərinə modifikasiya olmasında həlledici rolu yenə türklər oynamışlar [17, s.9]. Modern Avropa tarixşünaslığına və sosiologiyasına güclü təsir etmiş İbn Xaldunun türk-monqol hökmdarı Teymur-Lənglə (Avropa versiyasında – Tamerlan) 1401-ci ildə Dəməşqdəki görüşü bu mənada ibrətlidir. Məhz bu görüşdən sonra İbn Xaldun türk dövlətçiliyi sisteminin sosial, siyasi və hüquqi əsaslarını öyrənərək, orta əsrlər klassik idarəetmə sisteminin başlıca cəhətləri üzərində orijinal düşüncələrini bəyan edərək, mükəmməl idarəçilik təsnifatını irəli sürür. İbn Xaldun bu təcrübə bünövrəsində türk dövlətçiliyinin ciddi rasional əsaslara malik olduğu sübut edir [18, 70-71]. Vuruşlarla, hərbi səfərlərlə dolu həyatında tarixi qərarlar verən, zəmanəsinin basılmaz nəhəng hökmdarları ilə döyüş meydanlarında üz-üzə dayanan, əcdadı Çingiz xandan sonra Avrasiyada ən böyük əraziləri fəth etmiş Teymur-Ləngin müasir anlamda parlamenti və hərbi şuranı əvəz edən Gənəşəyi vardı. Dövlət və ordu rəhbərləri Gənəşəkdə toplaşıb müzakirə aparır, məsləhətləşir (“gənəşir”), hökmdara son qərarı qəbul etmək üçün təlimat verirdilər. Qələbə yalnız ölçülüb-biçilmiş vəziyyətlərin təhlilindən ibarət olan “instruksiyaya” qəti şəkildə əməl edilməsindən sonra qazanılırdı. Türk cəmiyyətində mülki problemləri çözən Qurultaylar da tarixi əhəmiyyət daşıyır. Yəni tiraniyaya əsaslanmaqla bu qədər azman dövlətləri idarə etmək, dövlətin sosial-iqtisadi bazasını yaratmaq olmazdı.
Göründüyü kimi, türk xalqlarının tarixən qazandığı dövlətçilk təcrübəsi həqiqətən böyükdür. Bu təcrübə əsasında, ilk növbədə, dövlət quruculuğunun başlıca şərti olan dövlətçilik şüuru formalaşmışdır. Hər bir tarixi epoxanın reallıqlarına uyğun hərəkət edən və mümkün variantlardan ən optimalını seçməyi bacaran dövlət rəhbərləri, dövlət xadimləri, peşəkar məmurlar, bürokratik sistemin bütövlüyünü və əlaqəliliyini təmin edən yerli idarəçilər, qulluqçular, xüsusilə hərbi fəaliyyətlərin məsuliyyətini öz üzərinə götürən sərkərdələr, ordu başçıları, strateqlər yetişmişdir. Mütəşəkkil xalq və onun içindən formalaşdırılan ordu dövlətə və vətənə sədaqətin örnəyi olmuşdur. Milli və islami dəyərlərə söykənən dövlət hüququ, ictimai hüquq, əmlak hüququ və iyerarxik idarəetmə sistemi xalqın yaşayış maraqlarını təmin etməyə çalışmışdır.
Klassik türk dövlətlərinin bir unikal cəhəti də tədqiqatçıların diqqətindən yayınmayıb: bu dövlətlərdə cəmiyyətin aşağı təbəqəsinə mənsub olan bacarıqlı adamların, əsasən gənclərin dövlət işlərində irəli çəkilməsi tamamilə mümkün, hətta hakimiyyət tərəfindən nəzarətdə saxlanılan və təşviq edilən hal idi [16, s.199]. Belə bir mütəhərrik sistem imkan verir ki, cəmiyyətin aşağısından yuxarısına, yuxarısından aşağısına doğru daim hərəkət olsun, idarəetmə sistemi formadan düşmüş bacarıqsız əyanların əlində vasitəyə çevrilməsin, donuqlaşmasın, dövlətlə xalq arasında canlı əlaqə və etimad üzülməsin. Bu, artıq indiki dövr üçün də görk olan meritokratiyanın (cəmiyyətin bütün təbəqələrinə mənsub insanların öz qabiliyyətinə görə hakimiyyətə yüksəlməsinə imkan verən mütərəqqi siyasi ideologiyanın) ən yaxşı örnəyi sayıla bilər.
Klassik türk dövlətlərində daxili və xarici siyasətin uzlaşdırılması, qonşu dövlətlərlə münasibətlərin çevik və praqmatik strategiyaya əsaslanması onların uğurunun başlıca şərti kimi qiymətləndirilə bilər. Maraqlıdır, bəs görəsən nə üçün türklərin yüksəlişinə, üstünlüyünə çatmayan yağı dövlətlərin siyasət tarixçiləri, salnaməçiləri sanki yekdilliklə çalışıblar ki, bir-birinə çağdaş olmuş türk dövlətlərinin ancaq bir-biri ilə birməz-tükənməz müharibələrindən bəhs etsinlər?! Sanki türklər sülh şəraitində heç yaşamayıblar. Sülhün, əmin-amanlığın nə olduğunu bilməyiblər. Bir yerdən başqa yerə köç edə-edə elə daim vuruşublar. Ətrafındakı dövlətlərə, ən çox da türksoylu dövlətlərə və onların xalqlarına daim ziyan vurub, fəlakət gətiriblər. Lakin türk dövlətçiliyi tarixinin obyektiv öyrənilməsi [7; 4] bunun əksini, özü də çox dərin sübutlarla təsdiq edir. Türk siyasətçiləri sülh zamanında müharibə variantlarını, müharibə zamanında sülh variantlarını düşünüblər. Əlbəttə, türk dövlətləri həm başqaları ilə, həm də öz aralarında döyüşüblər. Bu, onları zəiflətdiyi qədər də gücləndirib. Mübarizlik ruhunu, yenilməzlik ərdəmliyini daim diri saxlayıb. Öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün türk dövlətləri real imkanlardan tam istifadə etməyə çalışıb. Əgər türk dövlətləri, həmin siyasət tarixçilərinin qabartdığı kimi, bütün tarixi dövrlərdə nəfəs dərmədən bir-biri ilə vuruşaydılar, bir-birinin kökünü kəssəydilər, onda gərək indi yer üzündə heç bir türk dövləti qalmayaydı. Amma onlar qalıblar. İndi də vardırlar. Hər zaman da olacaqlar! Türklər amansız müharibələrdə nəinki öz millətlərini, həm də sərhədləri daxilində yaşayan xalqları, mövcud olan mədəniyyətləri, dilləri, tarixi abidələri, sənəti və sənətkarları qoruyub saxlayıblar.
Bu gün biz türk dövlətlərinin təkamül prosesini ümumi panoramda nəzərdən keçirsək, görərik ki, onların arasındakı tarixi-siyasi münasibətlərin dinamikası həmin dövlətlərin sabit və əlverişli regional-geopolitik konfiqurasiyada yerləşməsini və qərarlaşmasını təmin etmişdir. Onların arasındakı vertikal münasibətlər – ən qədim dövrdən müasir dövrümüzə qədər tarixi dövlətçilik ənənələrinin ötürülməsinə, horizontal münasibətlər isə – eyniçağ dövlətlərinin müxtəlif səviyyələrdə və imkanlar həddində qarşılıqlı maraqları güdən əlaqələrinə əsas yaratmışdır. Bu gün müasir türk dövlətlərinin bir-birinə doğma münasibətlərinə sadəcə konstruktiv baxmaq kifayətdir ki, bu münasibətlərin nə qədər dərin köklərə, hansı böyük siyasətin bütün türksoylular tərəfindən tarix boyunca dönmədən və inadla, həm də sarsılmaz bir qan yaddaşı ilə davam etdirilməsinin ali məntiqə malik olduğunu görəsən.
Yəqin bu təkzibedilməz həqiqəti bütün mahiyyəti ilə görüb, onu yeni çağ türklərinin düşüncəsinə yatırtmağın zamanı olduğunu müdrik qazi Mustafa Kamal Atatürk hamıdan öncə dərk etmişdi: “Bizim türk millətimiz – əski və şərəfli bir millətdir. Əslində, Orta Asiyanın Altay yaylasında yetişdiyi üçün qartalın məziyyətlərini lap gəncliyində qazanmışdır, – yəni ta uzaqdan görür, sürətli bir uçuşu vardır və bu ruhu barındıracaq qədər qüvvətli bir bədənə sahibdir. Doğrusu, ya maddi, ya mənəvi olsun, heç bir sıxıcı hüdud içində durmayacaq bir yaradılışda olduğundan, yüksək anayurdunun dünyadan uzaq vəziyyətinə qarşı üsyan etmişdir. Yəni o zaman bu qədim türklər başlarını götürərək, dünyanın həm şərqinə, həm də qərbinə yayıldılar. Qorxubilməz atalarımızın bütün bu ilk axınlarıyla bu günün türk milləti olan bizlər birbaşa bağlıyıq... Səfirlərini Çinə göndərən və Bizansdan səfirləri qəbul edən bir türk dövləti – əcdadımız olan türk millətinin təşkil etdiyi bir dövlət idi... Biz Asiya, Avropa və Afrika qitələrində tanınan bir millətik. Cəngavərlərimiz və ticarət gəmilərimiz okeanları aşmış və bayrağımızı Hindistana qədər yüksəltmişlər. Qabiliyyətlərimiz bir zamanlar sahib olduğumuz və bütün dünyaca bilinən hakimiyyətlərimizlə isbat edilmişdir...” [2, s.166, 168, 170]. İyirmi birinci əsr türk dövlətlərinin perspektivi bu həqiqətlərin işığında necə aydın görünür!
Ədəbiyyat
Açar sözlər: siyasət, genezis, dövlətçilik, dinamika, Avrasiya, qarşılıqlı münasibətlər, türk xalqları
Джаваншир Фейзиев
Генезис тюркской государственности: динамика историко-политических взаимоотношений
В статье исследуются генезис тюркской государственности, процесс становления и эволюции этнополитической системы, особенности этнолингвистической дифференциации, типология политической, военной и социально-культурной организации в раннесредневековых и средневековых тюркских государствах. Рассматривается динамика историко-политических взаимоотношений тюркских государств, возникших на территории Евразии от Китая до Восточной Европы, друг с другом и с соседями. Изыскание приводит к выводу, что исторически накопленный опыт государственности тюркских народов действительно очень большой. На основании этого опыта, в первую очередь, сформировалось государственное сознание, являющееся главным условием государственного строительства.
Ключевые слова: политика, генезис, государственность, динамика, Евразия, взаимоотношения, тюркские народы
Javanshir Feyziyev
Genesis of the Turkic Statehood: Dynamics of Historico-Political Relations
Genesis of the Turkic statehood, formational and evolutional process of ethno-political system and characteristics of ethno-linguistic differentiation, typology of political, military and socio-cultural institutionalization in the Turkic states of early and middle centuries is broadly explored in the article. Dynamics of historico-political relations of the Turkic states with one another and with neighbors established in the territory stretching from China to Eastern Europe of Eurasia is thoroughly reviewed. Conclusion of the research is that the statehood experience achieved by the Turkic people is considerably rich. Above all, statehood cognizance has been formed on the basis of this experience, which is considered the main condition of state-building.
Key words: politics, genesis, statehood, dynamics, Eurasia, relations, the Turkic people