Türk dünyasının zaman-zaman dalğalandığı məkan – planetin ən böyük kontinentinin özəyi – Mərkəzi Avrasiyadır. Türkün bu zaman və məkan vəhdətində yaratdığı böyük tarix – onun ölməz və yenilməz Ruhunun Salnaməsidir. Hələ dünya tarixində heç bir ulus türklər qədər uzun zaman müddətində və geniş məkan çevrəsində planetin bu qeədər əngin ərazisinə sahib olmayıb. Türk sivilizasiyasının zamanları bir-birinə bağlayan möhtəşəm tarixini bir daha göz önündə canlandırsaq və Türk Dövlətləri Birliyi ideyasının gerşəkləşməsinə doğru bu tarixin təkamül məntiqindən çıxış etsək, türk dünyasını vəhdətə gətirən həqiqətlərin artıq geniş perspektivlərə və fəaliyyətlərə yol açdığını görə bilərik. Bu perspektivə türk xalqlarının və dövlətlərinin milli iradəsi səviyyəsində yanaşılmasını və eyni zamanda, beynəlxalq birliyin türk dünyasının özünütəşkil prosesinə optimist münasibətinin formalaşdırılmasını türk dövlətlərinin birlikyaratma perspektivinin ilkin şərtləri hesab etmək olar.
Tarix boyu Avrasiyada yaratdığı sosial-siyasi quruluşların arxetipik oxşarlığı olan türklər sanki elə öz dövlətləri ilə bir yerdə doğulmuşlar. Bir etnos olaraq onların tarixi – elə dövlətlərinin tarixi ilə başlayır. Türklərin qurduğu, dünya tarixinin inkişafında, Avrasiyanın etnosiyasi coğrafiyasının son üç min ildə dəyişərək indiki şəkil almasında başlıca transformativ rol oynamış əsas dövlətləri bunlardır: Sak imperiyası, Böyük Hun imperiyası, Qərbi Hun imperiyası, Şərqi Hun imperiyası, Ağ Hun imperiyası, Göy Türk imperiyası, Avar imperiyası, Xəzər imperiyası, Uyğur imperiyası, Qaraxanlılar dövləti, Qəznəvilər dövləti, Böyük Səlcuq dövləti, Azərbaycan Atabəylər dövləti, İraq Səlcuq dövləti, Suriya Səlcuq dövləti, Kirman Səlcuq dövləti, Anadolu Səlcuq Dövləti, Xarəzmşahlar dövləti, Türk-Monqol imperiyası, Qızıl Orda (Altın Ordu) imperiyası, Sibir, Kazan, Krım, Noqay, Qasım, Astarxan xanlıqları, Məmluk dövləti, Osmanlı imperiyası, Moğol imperiyası, Dehli Türk Sultanlığı, Qaraqoyunlu dövləti, Ağqoyunlu dövləti, Səfəvilər imperiyası və ardınca Azərbaycan xanlıqları... Bu dövlət və imperiyaları yaratmış türk superetnosunun bir mühüm xüsusiyyəti də həlledici əhəmiyyət kəsb edir: türk superetnosu əzəldən yekcins olmamış, həm daxili etnik quruluşunu təkamül etdirməkdə, həm də yabançı ulusları öz etnik sisteminin ayrılmaz bir parçasına çevirməkdə açıq universallıq ölçülərindən çıxış etmişdir. Lakin hər zaman dövlətyaratmanın ağır yükünü və məsuliyyətini türklər öz üzərinə almışdır. Yaratdığı dövlətdə məhz onlar – etnosistemin sütunu və birləşdirici komponenti olmuşdur. Nə zaman ki, etnosistemin bu “qızıl qaydası” itirilmiş, dövlətin dayaqları da laxlayaraq çökmüşdür. Etnosistemin türk passionarlığı – onu hər zaman ulusyaradıcı, dövlətyaradıcı fəaliyyətlərin böyük meydanına çıxarmış, ona cahangirlik və fatehlik missiyası vermişdir. Ən qədim zamanlardan eramızın V əsrinə qədər hunlar başda olmaqla, antik Mərkəzi Asiyanın, demək olar ki, bütün əsas etnobirlikləri türklərin kök-etnos kimi öz təkamül mərhələsini başa çatdıran genealoji ağacında tərkiblənmişdir. Sonrakı tarixi proseslərdə (xüsusilə V-VII əsrlərdə) hun-türk superetnosunun daxili təkamülü türk başlanğıcını önə çıxarmış, beləliklə, türklər artıq VII-VIII əsrlərdə Mərkəzi Asiyanın dominant xalqına və hərbi-siyasi gücünə çevrilmişlər: tarixi baxımdan Avrasiyanın Böyük Hun ənənəsi Böyük Türk Epoxası ilə əvəz olunmuşdur.
Türklərin, təqribən, 3000 illik tarixi – həm də onların öz dövlətlərini imperiya təsisatlarına çatdırmaları tarixidir. Avrasiya kontinentinin qlobal siyasi özünüdərkinin başlanğıc mərhələsindən türksoylu xalqlar bu ərazidə imperiyalararası güc balansını yaratmağa qadir olmuşlar. Milada qədərki və miladdan sonrakı ilk əsrlərdə (təqribən dörd yüz il) Çin Han imperiyasının Asiya üzərində hökmranlığa can atması ilk dəfə onların geopolitik maraqları ilə toqquşub. Aralıq dənizi hövzəsindən Şərqə doğru istilalarını getdikcə gücləndirən Roma imperiyasının da həm cənubdan, həm də şimaldan Asiyanın mərkəzinə istiqamətlənməsi qaçılmaz şəkil almışdı. Ancaq türklər elə etdilər ki, Çin və Roma imperiyaları tarixdə heç zaman üz-üzə gəlmədilər. Avrasiyanın Şərqi ilə Qərbinin bu qlobal toqquşmasına yalnız hun-türk qüdrəti mane oldu: Hun imperiyası şərq istiqamətində Çin, qərb istiqamətində isə Roma imperiyası ilə döyüşərək, onların heç birinin Avrasiyanın Mütləq Hökmranı olmasına imkan vermədi. Şərqdə Çini, Qərbdə Romanı əzdi. Bununla da, Pax Turcica (türk dünyasının universal hakimiyyəti) – Pax Sinica (Çin dünyasının universal hakimiyyəti) və Pax Romana (roman dünyasının universal hakimiyyəti) qarşısında əsil Avrasiya iradəsinin nə olduğunu nümayiş etdirdi. Bundan sonra daha heç kimin Avrasiyada mütləq hökmranlığına imkan verilmədi. Qarşıdakı iki min ildə bu böyük məkanda dövlət və imperiyalarını qurub genişləndirən də türklər və onların yaratdığı birliklər oldu.
Qədim türklərin etnik-tarixi diferensiasiyası onları tədricən Avrasiya hərbi-siyasi proseslərinin, eyni zamanda, daxili sosial strukturlaşmanın yeni üfüqlərinə çıxardı. Bu proseslər 552-ci ildə adında “türk” etnonimini daşıyan ilk dövləti – Göy Türk imperiyasını meydana gətirdi [1]. Göytürklər tarixdə ilk dəfə olaraq ümumtürk siyasəti və ideologiyasını daşıyan dövlət qurdular. Göy Türk imperiyası özündən əvvəlki və özündən sonrakı türk dövlətlərinin genetik bağlılığını yaradan birləşdirici həlqə oldu. Bu, artıq siyasətini mədəniyyət, mədəniyyətini siyasət səviyyəsinə qaldıran, sosial-siyasi sistemin bütün əsas atributlarını və keyfiyyətlərini özündə ehtiva edən funksional dövlət idi!
Bizim eranın yeni minilliyini türklər Şərqin Yeni Tarixi ilə başladı. Birinci və ikinci minillikləri qovuşduran tarixi mərhələdə türk superetnosunun qıpçaq, bulqar, karluk, uyğur, çuvaş və yakut qollarına mənsub xalqları əsasən Mərkəzi Asiya və ona yaxın regionlarda qaldılar. Başlıca olaraq, türklərin bu dövrdə ən passionar qolu – oğuzların (onlar XI əsrdə 24 boydan ibarət idilər) Yaxın Şərqə ekspansiyası burada yeni türksoylu dövlətlərin yaranması ilə nəticələndi. Böyük əksəriyyətlə islamı qəbul etmiş türklərin geriyə – Mərkəzi Asiyaya dönüşü burada da (əsasən, Türküstanda) türk-islam dövlətlərinin təşəkkülünə səbəb oldu. Pax Turcica varisliyi Mərkəzi Asiyada sonrakı əsrlərdə Uyğur-Türk (745-840-cı illər) və Türk-Monqol imperiyalarının (1230-1310-cu illər) həyatında davam etdirildi. Lakin Pax Turcica Asiyanın qərbinə – Avropa ilə Asiyanın bitişdiyi həlledici geopolitik məkana doğru hərəkətində daha böyük nailiyyətlər qazandı [2, s.37-43]. Türk-İslam İttifaqı ilə Pax Turcica – özünün Pax Turanica və Pax Ottomanica modifikasiyalarında türk superetnosunun imperiya həyatının yeni erasını başladı. Avropa, Asiya və Afrika kontinentlərinin bütün qədim sivilizasiyalarının yarandığı regionları çevrələyən və XV-XVI əsrlərdə dünya əhalisinin çox böyük hissəsinin yaşadığı üç əzəmətli Türk İmperiyası – Osmanlı (1300-1922), Səfəvi (1501-1722) və Moğol imperiyaları (1526-1858) – türk hərbi, siyasi və sivilizasion fatehliyinin Triadasını yaradırdı... Türk superetnosunun bütün Avrasiyaya yayılmış və nəticədə, fərqlilik keyfiyyətləri qazanmış, lakin kökünü saxlamış təməl qatı üzərində qurulan orta əsr türk-islam dövlətləri bu kontinentin yeni türk imperiyalarına çevrilməklə, həm də böyük dövlətçilik təcrübəsini meydana gətirmişdilər [3]. Ərəb-islam dünyasının sonuncu imperiya-səltənəti – Abbasi xilafəti süquta uğrayandan sonra, Yaxın və Orta Şərqin fatehi – nə ərəblər, nə farslar, nə bizanslılar deyil, yalnız türklər idi!..
Bu gün biz türk dövlətlərinin yüzillikləri əhatə edən təkamül prosesinin ümumi mənzərəsini nəzərdən keçirsək, görərik ki, onların arasındakı tarixi-siyasi münasibətlərin dinamikası həmin dövlətlərin sabit və əlverişli regional-geopolitik konfiqurasiyada yerləşməsini və qərarlaşmasını təmin etmişdir. Onların arasındakı “vertikal” münasibətlər – ən qədim dövrdən müasir dövrümüzə qədər tarixi dövlətçilik ənənələrinin ötürülməsinə, “horizontal” münasibətlər isə – eyni dövr dövlətlərinin müxtəlif səviyyələrdə və imkanlar həddində qarşılıqlı maraqları güdən əlaqələrinə əsas yaratmışdır.
Dünya tarixində yeniləşmə (modernləşmə) dövrünün başlaması ərəfəsində qüdrətli türk imperiyalarının çökməsi, milli dövlətlərə, hətta xanlıqlara parçalanması bir çox tarixi-siyasi səbəblərlə şərtlənmişdir. Yəqin ki, bu səbəblərin başında – həmin imperiyaların zamanın modernləşmə tələbləri ilə (halbuki onlar miladın ikinci minilliyinin başlanğıcından buna qadir olmuşdular) ayaqlaşa bilməmələri dayanmışdır. Həmin tarixi zamanda Avropanı qüvvətləndirən amillər Asiyanı zəiflədən amillərlə tən gəlmişdir. Hətta bu ağır zamanda da, dünya imperializminin Asiya ekspansiyası qarşısında böyük sarsıntılar keçirən və bir çox hallarda dövlətçiliyini belə itirən türk dünyasını xilas etməyə qadir olan qüvvə – onun yenilməz mənəviyyatı və öz köklərinə bağlılığı olmuşdur. Yalnız bu mənəviyyat və milli əxlaq üzərində Türk Birliyi ideyasının toxumları əkilmişdir. Göy Türk epoxasından sonra bu ideyanın tarixi təkamülünün ikinci böyük dirçəliş mərhələsi türk dövlət və imperiyalarının tənəzzül dövrünün sonlarından – XIX əsrin ortalarından - yəni türklərin dünya tarixində geriləməsi səbəbləri və bu prosesi dayandıraraq, yenidən özünütoparlama üçün dayaqların tapılması üzərində ciddi düşüncələrin bir-biri ilə sarmaşdığı dövrdən başlayır. Bu isə artıq klassik türkçülüyün bütün türk dünyasında tədricən universallaşması prosesini meydana gətirir. Ulusal kimliyin belə bir universal təsdiqinə türk siyasi mədəniyyəti özünün davamlı birlik ideyası ilə və sonradan bu ideyanın konseptual ideologiyaya çevrilməsi ilə nail olur.
XX əsrin əvvəllərindən türkçülük islamçılıq təmayüllərini öz içərisində arxa plana keçirərək, daha sonra isə görünməz edərək, türk dünyasının kardinal ideoloji-siyasi-mədəni dünyagörüşü kimi müəyyənliyini tapır. Daha sonrakı konseptuallaşma prosesində həmin dünyagörüşünün sistemləşən xarakterinə uyğun olaraq, türkçülüyün – ideoloji türkçülük, siyasi türkçülük və mədəni türkçülük kimi bir-biri ilə sıx bağlı olan tendensiyaları şaxələnir. Klassik türkçülükdə olduğu kimi, müasir türkçülüyün də əsas məqsədi – müstəqil türk dövlətlərinin bir fövqəldövlətə və ya konfederasiyaya çevrilməsi yox, beynəlxalq sistemin suveren subyektləri kimi birliyidir. Türkçülük – Türklüyümüzün təsdiqidir. Türklüyümüz isə – bizim milli özünüdərkimizin nüvəsidir. Türklüyümüz – Milli İdrakın elə bir universal miqyasına çıxmaqdır ki, buradan türk dünyasının coğrafi və mənəvi sərhədləri, siyasi çevrəmi, bu günündən bütün taleyinə açılan qapıları, tarixindən doğulan gələcəyi tam aydınlığında görünür. Türkçülük mədəniyyəti – özünün rasional ideya əsasları olan və daim inkişaf edən, yeni-yeni yanaşmalarla quruluşunu təkmilləşdirən, məzmununu dərinləşdirən canlı, dinamik bir sistemdir. O bu gün də mütərəqqi ideyalarla zənginləşmək və özəyində dayandığı milli türk mədəniyyətlərini zənginləşdirmək ənənəsini uğurla davam etdirir.
Dünya tarixini türk tarixi olmadan təsəvvür etmək mümkün olmadığı kimi, dünya mədəniyyəti də türk mədəniyyəti olmadan təsəvvür edilə bilməz. Dünya mədəniyyəti tarixinin antik zamanlardan ta müasir dövrümüzə qədər hansı dövrünə baxsaq, orada türk mədəniyyətinin özünəməxsus yerini görəcəyik. Ümumtürk mədəniyyətini seçkin sivilizasiya nümunəsi kimi təşəkkül etdirən tarixi-coğrafi şərait lap əvvəldən elə formalaşıb ki, bu şəraitdə onun zaman-zaman özünü inkişaf etdirməsi, böyüyərək genişlənməsi üçün türk superetnosunun yaradıcı-passionar enerjisi kifayət qədər bol və coşqun olub. Türk mədəniyyəti inkişaf etdikcə, daha dolğun sivilizasiya keyfiyyətləri və ölçüləri əldə edib. Lakin türk sivilizasiyası nə qədər genişlənib zənginləşsə də, yeni əlamət və xüsusiyyətlər qazansa da, nüvəsindəki türk mədəniyyətinin ulusal qaynağını heç vaxt itirməyib. Türk superetnosunun tarixi diferensiasiyası – yəni bu superetnosa mənsub xalqların yaranması və onların milli mədəniyyətlərinin formalaşması Avrasiyanın universal etnomədəni sistemini də daim təkamül etdirən prosesə çevrilib. Ayrı-ayrı milli türk mədəniyyətləri – ümumtürk mədəniyyətinin etnogenetik nüvəsini hifz edərək özündə yaşadıb. Bununla da, həmin mədəniyyətlər arasında diferensiallaşmanın zəruri məqamlarda inteqrallaşması eyni prosesin özünəqayıdışı kimi təbii və ahəngdar olub.
Deməli, türk dövlətləri və imperiyalarının yaradıcıları – həm də türk sivilizasiyasının yaradıcılarıdır. Çünki bu siyasi quruluşlar türk superetnosunun çox geniş Avrasiya məkanında sivilizasiya yaratmasına böyük imkanlar açıb. Türk sivilizasiyasının ən qüdrətli, ən yenilməz, tarixin bütün sınaqlarından çıxaraq, daim təkmilləşməyə qadir forması da – yenə Türk Dövləti, Türk Dövlətçiliyidir. Türk Dövlətçiliyi – türk sivilizasiyasının onurğa sütunudur. Dünya mədəniyyətinin inkişafı tarixində türklərin ən böyük rolu da başlıca olaraq onların dövlətçilik ənənələri ilə bağlıdır. Dünyanın türklərlə münasibətdə olmuş xalqları bu dövlətçilik ənənələrini mənimsəmiş və özlərinin siyasi praktikasında istifadə etmişlər.
İslam sivilizasiyasının passionar təməli olaraq təşəkkül tapan türk sivilizasiyası Göy Türk epoxasından sonra özünün ikinci və həlledici dalğasında doğma türk dilini – Sivilizasiya Dili kimi İslam Şərqinin beynəlxalq ünsiyyət vasitəsinə çevirmişdir. Göy Türk imperiyasının şah əsəri, türk azadlığının, türk birliyinin və türk dövlətçiliyinin abidəsi olan Orhon yazıları da bu dildə yazılmışdır. Türk birliyi ideyasını tarixdə ilk dəfə olaraq dövlət siyasəti səviyyəsində və yazılı material-sənədlər şəklində irəli sürən, əsaslandıran və təsdiq edən Orhon abidələri ümumən türk mədəniyyətinin inkişafında, xüsusilə onun siyasi təməllərinin yaradılmasında misilsiz əhəmiyyət kəsb edir. Orhon abidələrini xüsusilə türk dünyasının siyasi-mədəni taleyi üçün aktuallaşdıran kardinal zərurət odur ki, bu yazılar – qeyd etdiyimiz kimi, adında “türk” etnonimini daşıyan ilk dövlətin – Göy Türk imperiyasının tarixi sənədlər külliyyatıdır; bütün müasir türk dillərinin əcdadı sayılan ulu türkcədə – göytürkcədədir; birbaşa türk milləti və dövlətçiliyinin etnogenezisinə, türk sivilizasiyasının, siyasi mədəniyyətinin Avrasiyadakı tarixi təkamülünə aydınlıq gətirən ilk başlıca qaynaqdır; erkən orta əsrlərdə türk etnosiyasi sisteminin inkişafı nəticəsində meydana çıxmış bir dövlətin (Göy Türk) böyük imperiyaya çevrilməsi situasiyasında Avrasiya dövlətlərinin hərbi, siyasi və diplomatik münasibətlərində onun öz milli mənafelərini və geopolitik tarazlığı hədəfləyən konkret siyasətinin faktıdır; türk dünyasının birliyini yaratmaq ideallarına xidmət edən bütün tarixi-klassik ideologiyalarımızın sələfidir.
Müasir türk xalqlarının belə möhtəşəm təməllər üzərində (“Orhon abidələri”, “Oğuz Kağan”, “Kitabi-Dədə Qorqud”, “Manas”, “Əmsali-Türki”, “Divanü Lüğat-it-Türk” “Qutadğu Bilig”, “Divani-hikmət”, “Oğuznamə”, “Müqayisət-ül-lüğəteyn” “Şəcəreyi-Tərakimə” və s.) inkişaf edən milli mədəniyyətləri – dünya mədəniyyətini özünəməxsus koloriti, forma və məzmunu ilə zənginləşdirən fenomendir. Dünya mədəniyyətinin “türk komponenti” onu daim inkişaf etdirməyə qadir olan mənəvi-estetik gücü konsentrasiya edərək, insan fəaliyyəti və əxlaqının, duyğu və düşüncələrinin ən parlaq, ən üstün keyfiyyətləri ilə ümumbəşəri dəyərləri yaratmağa, yaymağa və bəşəriyyətin humanitar mədəniyyətinin özüllərinə çevirməyə təkan verir.
Türk sivilizasiyasının çiçəklənməsində, türk dövlətçiliyinin və siyasi dünyagörüşünün universallaşmasında heç şübhəsiz, Böyük İpək yolu misilsiz rol oynamışdır. Türk sivilizasiyası həm Böyük İpək yolu, həm də digər vasitələrlə min illər ərzində Mərkəzi Asiyanın özək sivilizasiyası olaraq Uzaq Şərq istiqamətində Çin və yapon sivilizasiyaları ilə, Cənubi Şərq istiqamətində hind sivilizasiyası ilə, Yaxın Şərq istiqamətində islam (başlıca olaraq ərəb və İran) sivilizasiyası ilə, Qərb istiqamətində Avropa və slavyan sivilizasiyaları ilə davamlı münasibətlərdə olmuş, amma tarixən, onların ayrılıqda hər birindən daha çox multikulturalizm məkanını yaratma funksiyasını həyata keçirə bilmişdir. Türk dünyasının Böyük İpək yolu ilə orqanik bağlılığı isə tarixən üç səviyyədə baş vermişdir: (1) Böyük İpək yolu yan-yanaşı türk ölkələrinin min kilometrlərlə ərazisindən keçdiyindən, türk etnocoğrafiyasının toponimik izləri bu yolun koordinatlarına hopmuşdur; (2) Böyük İpək yolu üzərində aparılan ticarət və mədəniyyət əlaqələrinin əsas tərəfdaşı, iştirakçısı, həm də təşkilatçısı və ortağı uzun tarixi zamanlar ərzində türklər olmuşlar; (3) türk dövlətləri və imperiyaları Böyük İpək yolunun Trans-Avrasiya kommunikasiya sistemi kimi funksionallaşmasının tarixi missiyasını həyata keçirmiş, bu yolun iki min iki yüz illik tarixinin əhəmiyyətli kəsimində və müəyyən regional hüdudlarında ona nəzarəti öz əllərində saxlamışlar [4]. İpək yolu siyasəti – türk sivilizasiyasının və siyasi mədəniyyətinin fundamental dəyərləri sırasında yer almışdır. Buna görə də qloballaşma proseslərinin zəruri aktı kimi İkinci və Üçüncü minilliyi kəsişdirən tarixi epoxada Böyük İpək yolu ideyası müasir nəqliyyat texnologiyalarının yüksək səviyyəsi bazasında yenidən bərpa edilmək imkanları əldə etməkdədir: “Yeni İpək yolu” – tarixi “Böyük İpək yolunun” bərpası olaraq, TRASEKA (Avropa – Qafqaz – Asiya Nəqliyyat Dəhlizi) layihəsi çərçivəsində həyata keçirilir. Müasir beynəlxalq həyatda Böyük İpək yolunun yenidən aktuallaşması dünya inkişafının tarixi qanunauyğunluğudur: bu o deməkdir ki, çağdaş Avrasiyanın siyasi, iqtisadi, mədəni həyatında yenidən Böyük Siyasətə qayıdan türk dünyasının rolu aktuallaşır. Böyük İpək yolunun tarixi qoruyucuları olan türklər bu gün onun qurucuları missiyasında çıxış edir.
Tarixi nəticə isə bundan ibarət olur ki, Avrasiya – türk dünyası ilə özünün geopolitik bütövlüyünü qazanır. Asiya və Avropa – türklərin qovuşdurduğu və orqanikləşdirdiyi fərqli sivilizasiya “komponentləri” olaraq, özlərinin vahid sivilizasiya meqasistemindəki münasibətlərini qururlar. Əgər Avrasiya – Avropa (Qərbi və Şərqi Avropa), Yaxın və Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya “bloklarından” ibarətdirsə, onların da ortaq geopolitik məkanını məhz bu günkü türk dövlətləri yaradır. Bu gün müstəqil türk dövlətlərindən formalaşmaqda olan Türk Dövlətləri Birliyindən başqa heç bir siyasi sistem həmin regionların geopolitik koordinasiyasını yaratmaq reallığında, imkanında və funksiyasında deyil. Təbii-coğrafi amillərlə şərtlənən və heç kimin şərik ola bilməyəcəyi bu reallığı, imkanı və funksiyanı türk dövlətləri uzun tarixi-siyasi proseslərin nəticəsi olaraq əldə etmişlər. Avrasiyanın tarixi geopolitikası bilavasitə həmin proseslərin kardinal istiqamətindən – yəni Asiya ilə Avropa arasındakı münasibətlərin tarixi transformasiyası və burada türk dövlətlərinin rolundan həlledici dərəcədə asılı olmuşdur.
Ümumiyyətlə, türk geopolitikasının təqribən iki min il davam edən inkişaf dinamikasında diqqəti cəlb edən əsas cəhətlərdən biri də bundan ibarətdir ki, türklərin tarixi-geopolitik dixotomiyasının və həmin budaqlanma üzrə özünütəşkilinin nəticəsi olaraq təşəkkül tapan Şərqi Türküstan və Qərbi Türküstan türk etnosiyasi sisteminin iki mühüm qolu kimi formalaşır: Şərqi Türküstan – Mərkəzi Asiya türk dövlətlərinin geopolitik zolağını, Qərbi Türküstan isə – getdikcə Avropaya doğru istiqamətlənən Qərbi Asiya türk dövlətlərinin geopolitik zolağını yaradır. Hər iki istiqamətdə türk dövlətləri özləri ilə qonşuları arasında nə qədər müxtəlif konfiqurasiya vəziyyətləri yaratsalar da, Türk Elinin Bütövlüyü etnogenetik yaddaşın təməlində dayanmaqda davam edir. Türk dixotomiyasının qərb istiqaməti – Avropa ölkələri ilə, şərq istiqaməti isə – cənub-şərqi Asiya dövlətləri ilə münasibətlərdə fəallıq nümayiş etdirirlər. Klassik Asiya imperiyalarından heç birinin – nə Çinin, nə Hindistanın, nə İranın, nə Ərəbistanın edə bilmədiklərini məhz türklər edir: onlar Asiya – Avropa münasibətlərində birincinin geopolitik üstünlüyünə əsaslanan siyasi düzəni ta yeni zamanlara qədər qoruyub saxlaya bilirlər. Qlobal yanaşma paradiqmasından çıxış edərək deyə bilərik ki, Avrasiya geopolitikasının bütün inkişaf məntiqi də bilavasitə Mərkəzi Asiya və Qafqaz da daxil olmaqla, kontinental türk geosiyasi sisteminin orqanikləşməsi və təşkilatlanması prosesi ilə bağlı olub. Yeddi respublikasından beşinin türk dövləti olduğu bu “ikitağlı” geopolitik məkan Sovet İttifaqının çökməsindən sonra ilkin təşəkkülünün lap başlanğıcından həmin məntiqin qarşısıalınmaz şəkildə gerçəkləşməsinə doğru inkişaf edib. Türkiyədən Qazaxıstana qədər bütün türk cəmiyyətləri aydın şəkildə dərk ediblər ki, tarixi qanunauyğunluğu əks etdirmək baxımından, hər hansı regional və beynəlxalq təşkilatlarda təmsilçilik – türk dövlətlərinin özlərinin birliyi qədər əhəmiyyətli, dialektik və məntiqli ola bilməz. Çünki ən qədim zamanlardan müasir dövrümüzədək Avrasiyanın daxili inkişaf stimullarını hərəkətə gətirə biləcək qüvvənin, məhz türk dünyası olduğu şübhəsizdir.
1.Giraud R. Gök Türk İmparatorluğu. İstanbul: Ötüken, 1999
2.Findley C.V. The Turks in World History. Oxford University Press, 2005
3.Beckwith Ch.I. Empires of the Silk Road. A History of Central Eurasia from the Bronze Age to the Present. Princeton University Press, 2009
4.Brockelmann C. İslam Ulusları və Devletleri Tarihi. Türkceye çevirən N.Çağatay. Ankara: Türk Tarihi Kurumu Basımevi, 2002
Исторические судьбы тюркского мира: основные моменты политической самоорганизации
В статье прослеживается процесс исторической эволюции тюркской этнополитической системы, определяются координаты тюркской этногеографии, исследуются самые глубинные слои тюркской политической культуры. Рассматривая общую панораму исторических судеб тюркского мира, автор приходит к выводу, что общая история и культура, созданные тюркскими народами, является достаточно прочной основой для осуществления интеграции их независимых государств в новых геополитических условиях.
The Historical destiny of the Turkic World: Main Points of the Political Self-Organization
The article follows the process of the historical evolution of the Turkic ethno-political system, identifies the coordinates of Turkic ethno-geography, and deeply reviews the layers of Turkic political culture. Reviewing the historical destiny of Turkic world in the general context, the author comes to the conclusion that common history and culture created by the Turkic nations provides enough solid foundation (basement) for the integration of the states of these nations in the new geo-political conditions.