Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” partiyasının təşkil etdiyi hökümət siyasi böhranla üzləşib. Koalisiya Hökümətində “Milli Hərəkat” partiyasını təmsil edən müdafiə naziri Alasaniyanın istefası və onun ardınca Xarici işlır naziri xanım Pancikidzenin dörd müavini ilə birlikdə istefa verməsi hökümətdən daha çox, əhali arasında çaşqınlıq yaradıb. Gürcüstan Avrointeqrasiya youlunu seçmiş, öz gələcəyini Avropa ailəsində gördüyünü çoxdan elan etmiş və bu istiqamətdə müəyyən addımlar atmış müstəqil bir dövlətdir. Mixeil Saakaşvilinin hakimiyyətə gəlişi ilə bu mövqeyin rəsmi şəkildə dövlət səviyyəsində təsdiq edilməsi onsuz da Rusiyanı narahat edir və onu qabaqlayıcı tədbirlər görməyə tələsdirirdi. 2008-ci ildə NATO-nun Buxarest sammitində Gürcüstanın bu quruma üzv qəbul olunacağı barədə açıq məsləhətləşmələrdən sonra Rusiya artıq qəti hərəkətlərə keçərək Gürcüstanı təxribata sürükləyə və onu əvvəlkindən daha ağır asılılığa salmağa müvəffəq oldu. Cənubi Osetiya və Abxaziyanı işğal etdikdən sonra da intiqam hisslərini cilovlaya bilməyən Rusiya onları müstəqil dövlət kimi rəsmən tanımaqdan da çəkinmədi və bununla da geriyə addım atmağa yer qoymadı, necə deyərlər, “qırmızı xətti” keçdi. Ağır itki bütün Gürcüstanı sarsıtdı, hərbi məğlubiyyət “Milli Hərəkat”ın və onun rəhbəri M.Saakaşvilinin öz mövqelərini itirməsi ilə nəticələndi. Sonrakı seçkilərdə hakimiyyətə gələn siyasi qüvvələr “status-kvo”nu Gürcüstanın xeyrinə dəyişə bilməsələr də, yenicə qədəm qoyduqları siyasi səhnədə ehtiyatlı davranmaq, xüsusilə də Rusiya ilə münasibətləri yeni səhifədən başlamağa meylli olduqları barədə siqnallar göndərməyə başladılar. Özünə “Gürcü arzusu” kimi romantik bir ad seçmiş siyasi partiya və seçkilərdə onu dəstəkləyən gürcülər az sonra siyasətin romantika ilə bir araya sığmadığını hiss etdilər. Əldə etdiyi hakimiyyətlə nə edəcəyini o qədər də aydın təsəvvür etməyən “Gürcü arzusu”nun Gürcüstan üçün edə biləcəyi ən zəruri addım, əlbəttə, ilk növbədə ümumxalq konsolidasiyasına nail olmaq idi. Lakin Prezident seçkilərindən az sonra M. Saakaşvili barəsində cinayət işinin açılmasına qərar verilməsi “Gürcü arzusu”nun heç də gürcülərin arzusu olmadığını göstərdi. Hakimiyyətin birinci arzusu gələcək seçkilərdə potensial rəqib kimi görünən “Milli Hərəkat” partiyasını və onun liderini siyasi səhnədən uzaqlaşdırmaq oldu. Təəssüf ki, hakimiyyət bütün siyasi qüvvələri ölkə üçün taleyüklü problem ətrafında birləşdirmək əvəzinə diqqətini ilk növbədə qarşıdakı illərdə öz hakimiyyətlərini möhkəmlədib onun uzunömürlülüyünü təmin etmək istiqamətində siyasi rəqibləri sıradan çıxarmaq üzərində cəmləşdirdi. Azsaylı və milli təəssübkeşliyə sadiq olan gürcülər üçün və eləcə də, əhalisinin əhəmiyyətli hissəsini azərbaycanlıların təşkil etdiyi bütün Gürcüstan vətəndaşları üçün prioritet isə siyasi qarşıdurma deyil, ilk növbədə, ölkənin ərazi bütövlüyünü bərpa etmək məsələsi idi. On il hakimiyyətdə olmuş, Gürcüstanda dövlətçiliyin və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üçün mühüm addımlar atmış “Milli Hərəkat” partiyasına və onun liderinə qarşı ədalətsiz davranış digər siyasi qüvvələri də hakim partiya ilə münasibətdə daha ehtiyatlı mövqe tutmağa sövq etdi, “Gürcü arzusu”nun Rusiyadan idarə edilməsi haqqında ehtimallar daha açıq səsləndirilməyə başladı. Baş Nazir Qaribaşvilinin noyabrın 12-də Qazaxctana səfəri və N.Nazarbayevlə görüşü hakim partiyanın ölkəni Rusiyanın təsir dairəsinə salmağa çalışması barədə şübhələri daha da artırdı və nəticədə cəmiyyətdə müxaliflik ruhu bir az da artmış oldu.
Bu arada NATO-nun yeni seçilmiş Baş katibi İyens Stolntonberqin Gürcüstanın mütləq NATO-ya üzv olacagı barədə verdiyi bəyanatın əks-sədası isə Gürcüstandan daha çox Azərbaycanda eşidilməkdədir.Qonşu dövlətin NATO-ya üzv olacağı halda Cənubi Qafqaz Rusiya-Qərb qarşıdurmasının döyüş səhnəsinə çevrilə bilərmi və belə bir vəziyyət Azərbaycana nə vəd edir? Ölkəmizdə hadisələrin gedişini diqqətlə izləyən siyasi şərhçilər bu sual ətrafında heç də birmənalı olmayan proqnozlar səsləndirirlər. Lakin NATO Baş katibinin bəyanatının reallıqdan daha çox Rusiyaya ünvanlanmış siyasi mesaj olduğunu sezmək o qədər də çətin deyil. Əslində NATO-ya münasibətdə Gürcüstanın niyyəti və NATO-nun da bu məsələ barəsində mövqeyi heç kim üçün sirr deyil. Lakin həm NATO, həm də Gürcüstan mövcud şəraitdə bunun mümkün olmadığını yaxşı anlayırlar.
Birincisi, bu gün NATO-nu ən çox məşğul edən məsələ Rusiya-Ukrayna müharibəsidir. Tarixən slavyanların ilkin “ana” dövləti hesab olunan Ukraynanın nəhayət ki, Rusiyanın təsir dairəsindən çıxaraq Avropa ailəsinə qoşulması Rusiya üçün təkcə mənəvi sarsıntı deyil. Bu həm də Rusiya siyasətində iki yüz ildən çox aparəcı olan Avrasiyaçılıq ideyasının birdəfəlik məğlubiyyəti və bununla da Rusiyanın Avrasiya hökmranlığının və nəticə etibarilə qlobal hökmranlıq iddialarının sonu deməkdir. Ona görə də Rusiya bu savaşa “olum ya ölüm” məsələsi kimi yanaşır. Ukrayna-Rusiya münasibətlərinin hansı məcraya yönələcəyi NATO-nun gələcək planlarını şərtləndirən əsas amildir. Ukraynanın minimum itki ilə Rusiyanın caynağından çıxıb Avropa Birliyinə qoşulacağı halda, Rusiya özünün regional və qlobal hakimlik iddiasını birdəfəlik dəfn etməli olacaq və nəhayət, sonun başlanğıcı erasına qədəm qoyacaq.
Digər tərəfdən, Yaxın Şərqdən dünyaya meydan oxuyan terrorçu İŞİD-ə qarşı ilk əks-hücumu ABŞ başlasa da, hal-hazırda NATO ölkələrinin böyük əksəriyyəti bu hərbi aksiyaya qoşulub və real müharibə vəziyyətindədirlər. Belə bir şəraitdə Gürcüstanın NATO-ya üzvlük məsələsi onların gündəliyində ən sonuncu yerdə ola bilər. Bir qayda olaraq, ərazi mübahisələri olan ölkələrin bu mübahisələr həll olunmadan NATO üzvlüyünə qəbulunun mümkün olmaması və qonşu ölkənin bir hissəsinin faktiki işğal altında olması da Gürcüstanın NATO perspektivini vaxt baxımından daha da uzaqlaşdırır.
Bu məsələnin bizim üçün daha çox maraq kəsb edən tərəfi isə regional təhlükəsizliklə bağlı olan geo-siyasi faktordur. Belə ki, Azərbaycan və Gürcüstan təkcə eyni coğrafi koordinatlarda deyil, həm də eyni “siyasi koordinatlar”da yerləşir. Qafqaz kimi həssas bir bölgədə qonşu ölkələrdən birinin NATO kimi vacib bir quruma üzv olması digər qonşu dövlətlərlə müvafiq razılaşmalar olmadan mümkün deyil. Xüsusilə, Azərbaycanın səyləri nəticəsində yaranmış Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq vektoru hər üç ölkənin siyasi taleyinin məhz birlikdə baxılması zərurətini meydana gətirib. Ona görə də region ölkələrinin –xüsusilə, Türkiyə və Azərbaycanın razılığı olmadan belə hadisələrin baş tutması qeyri-mümkündür. Son on ildə Azərbaycanın Gürcüstana yatırdığı sərmayələrin, ən çətin zamanlarda Gürcüstana göstərilən siyasi və iqtisadi dəstəyin fonunda qonşu ölkənin belə mühüm bir məsələdə Azərbaycanla razılaşdırılmadan hər hansı bir addım atması mümkün deyil.
Əslində, NATO-ya üzv olub-olmamaq gürcü xalqı üçün məruz qaldıqları təcavüz şəraitində, şimal qonşusundan və onun “for-postu” sayılan xəyanətkar qonşusundan gözlənilən təhlükələr qarşısında özünü müdafiə etmək vasitəsi kimi taktiki məslədir. “Gürcü arzusu” partiyasının NATO və Rusiya arasında etdiyi manevrlərin mənası və məqsədi aydın olmadığından baş verənlər gürcü xalqını narahat edir. Bu da başa düşüləndir, çünki gürcülərin əsl arzusu –dünyanın proqressiv cəmiyyətlərinə qoşularaq öz ölkəsini məntiqi təkamül yolu ilə inkişaf etdirib çiçəkləndirmək, sağlam həyat və yüksək rifah cəmiyyətinə nail olmaqdır. Bu gün hakimiyyətdə olan “Gürcü arzusu” partiyasının gələcək siyasi gedişlərinin gürcülərin və bütövlükdə Gürcüstan vətəndaşlarının arzularına nə dərəcədə uyğun olub-olmamasını isə zaman göstərəcək.