Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı və bu istiqamətdə geniş fəaliyyətə başlanılması – mühüm siyasi addım və qlobal humanizm aktı kimi ölkəmiz üçün, bütün islam ölkələri və eləcə də, bütün dünya üçün müstəsna əhəmiyyətə malikdir.
İnsanın mənəvi keyfiyyətlərini, iç duyğularını ifadə edən inancı –mənəvi aləmi nə qədər fərdi olsa da, sosial-mədəni münasibətlərin universallaşması və zənginləşməsi fonunda tədricən fərdi çərçivəsindən çıxaraq ictimailəşmiş, sonda kollektiv dəyərə çevrilmişdir. Bu tarixi prosesdə meydana gələn müxtəlif dinlər və onların ayrı-ayrı təmayülləri universal inanc identikliyinin formalaşmasına yol açmışdır. Lakin bu yol heç də həmişə hamar olmayıb. Bəzən dinlərin özünün ifrat şəkildə mütləqləşdirməsi, müstəsnalaşdırması, hətta ideolojiləşdirməsi prosesində onların dərin çatları, keçilməz sədləri də yaranmış, bir çox hallarda müxtəlif dinlər və onların cərəyanları, sektaları arasında uzunmüddətli konfliktlər də kükrəmişdir. XI -XII əsrlərdə Orta Şərqə ekspansionist xristian hərbçilərinin təşkil olunmuş çoxsaylı səlib yürüşləri (Expeditio sacra), orta əsrlər Avropasında inkvizisiya, islam dünyasında uzun əsrlər boyu davam edən təriqətlərarası çəkişmələr həmin konfliktlərin bariz nümunələridir. Lakin bəşər tarixində davamlı olaraq baş vermiş, hətta amansız savaşlara çevrilmiş o qanlı toqquşmalar heç bir halda bir dinin və ya inanc qrupunun digərləri üzərində mütləq üstünlüyünü bərqərar etməmişdir. Bununla da, insanlığın tarixi həyatının gerçəkliyi öz yenilməz həqiqətini və aktuallığını hər zaman qoruyub saxlamışdır: Bəşəriyyətə davamlı sabitlik gətirən, birgəyaşayış ənənələrini gücləndirən humanist mənəvi mühitin formalaşması həm fərdi, həm də kollektiv anlamda insan inancına, insanlığın inanc şəklində ifadə olunan mədəni-mənəvi dəyərlərinə olan hörmətdən qaynaqlanır.
Tarix boyunca müxtəlif dini etiqadlara malik olan insanların sülh şəraitində, bir-biri ilə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşamasının dərk edildiyi dünyanın nadir məkanlarından biri də Azərbaycandır. Vicdan azadlığını insan hüquq və azadlıqlarının yalnız bir parçası kimi deyil, həm də tarixi dəyər kimi uca tutan Azərbaycan xalqı müxtəlif dini inanc daşıyıcılarının birgəyaşayış ənənələrini zənginləşdirmiş, bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaratmışdır. Məhz bu səbəbdən, Azərbaycan tarixən sivilizasiyalararası dialoqa önəmli töhfələr verən, dözümsüzlüyün bütün formalarını rədd edən humanist mənəvi məkan kimi öz mövqeyini qoruyub saxlaya bilmişdir.
Azərbaycan xalqının dünyəvi dəyərlərə sıx bağlılığının, dövlət və dinin müstəqil şəkildə öz funksiyalarını həyata keçirmək ənənəsinin dərin tarixi kökləri vardır. Məsələn, Atabəylər hökmdarı Məhəmməd Cahan Pəhləvanın İslam Xəlifəsinə aid fikirləri bu kontekstdə xüsusi maraq doğurur: “Əgər Xəlifə imamdırsa, onun daimi məşğuliyyəti namaz qılmaq olmalıdır, çünki namaz dinin əsası və işlərin ən gözəlidir. Bu sahədə üstünlüyü və xalq üçün nümunə olması ona kifayətdir. Xəlifənin bu dünyada padşahlığın işinə qarışmasının heç bir əhəmiyyəti yoxdur, bunu sultana tapşırmaq lazımdır” (Ziya Bünyadov. Azərbaycan Atabəylər Dövləti – 1136-1225-ci illər., Şərq-Qərb, Bakı, 2007). Bu tarixi fakt hələ yüzilliklər öncə Azərbaycanda din – dövlət – cəmiyyət münasibətlərinə nə qədər düzgün tarixi qiymət verildiyinin göstəricisidir. Səkkiz yüz il sonra ümummilli lider Heydər Əliyevin din – dövlət münasibətlərinə dair söylədiyi fikirlər Azərbaycan xalqının öz tarixindən süzülüb gələn dəyərlərə bağlı olduğunu göstərir: “Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu mövqeyində durmuşuq. Odur ki, biz heç cür islam dövləti və ya islam təməlçiliyinin tərəfdarı ola bilmərik”. Bu realist fikirlərin müəllifi Heydər Əliyev, eyni zamanda, dini mədəni və mənəvi dəyər kimi həmişə yüksək tutan, dindarlara və din ocaqlarına ehtiramla yanaşan, xüsusilə islam dini ənənələrinin inkişafına çalışan, ölkədəki dini təsisatların bir-biri ilə qarşılıqlı əlaqədə öz funksiyalarını dəqiq və vicdanla, ayrı-ayrı məzhəbçilikdən uzaq duraraq yerinə yetirməsini vacib sayan bir mövqeyin sahibi idi.
İslamın ümumdünya əhəmiyyətinə tarixi-kulturoloji planda yanaşsaq deyə bilərik ki, islam sivilizasiyasının intibah epoxası hesab olunan VIII-XIII əsrlər mədəniyyətin, fəlsəfənin, elmin yüksəlişində dönüş dövrü olmuşdur. Əl Fərabi, Rudəki, Əl Biruni, İbn Sina, İbn Rüşd, Nəsirəddin Tusi və s. kimi dahilər öz fəaliyyətləri ilə islamın elmi inkişafa, tərəqqiyə maneə törətmədiyini, əksinə, elm və dinin bir-birinə stimul yaratdığını, elmdə qüvvətli olan insanların islamda da yüksək dəyərə sahib olduğunu sübut etmişlər. O zamanlar Orta Şərqə səyahət edən avropalı səyyahlar, elm adamları, xüsusilə coğrafiyaçılar islam dünyasının yüksək elmi-mədəni intibaha nail olduğunu açıq şəkildə ifadə etmişlər. İslam və Türk sivilizasiyalarının unikal vəhdət məkanlarından və önəmli mərkəzlərindən biri olmuş Azərbaycan da islam dininin maddi və qeyri-maddi irsinin zənginləşməsinə hər zaman töhfəsini vermiş, islam mədəniyyətinin ümumdünya əhəmiyyətinin yüksəlməsində mühüm rol oynamışdır. Bu baxımdan, Azərbaycan islam dünyasında öz aparıcı mövqeyini qoruyub saxlamış, islami dəyərləri mühafizə edən və gələcək nəsillərə tolerant bir əxlaqla ötürən müqəddəs torpaqdır.
Dünyəvi və dini dəyərlərin bir-birinə xələl gətirmədən birgə mövcudluğu ənənələrini yaşadan Azərbaycan xalqı XX əsrin əvvəllərində bütün islam dünyasında ilk dəfə dünyəvi-demokratik respublika quruluşunu yaradaraq çoxəsrlik milli, dini və ümumbəşəri dəyərlərə sadiqliyini bir daha göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində milliyyәtindәn, mәzhәbindәn, sinfindәn, silkindәn vә cinsindәn asılı olmayaraq, öz sәrhәdlәri daxilindә yaşayan bütün vәtәndaşlara siyasi hüquqlar vә vәtәndaşlıq hüququ verildiyi bəyan edilmişdir. Bununla da, multikultural və çoxkonfessiyalı məkan olaraq öz siyasi təyinatını müəyyənləşdirən Azərbaycan dünyəviliyin təkcə Qərb sivilizasiyasına məxsus olduğunu deyil, onun mahiyyət etibarı ilə bütün bəşəriyyət üçün universal dəyər kəsb etdiyini bütün dünyaya nümayiş etdirmişdir. Hətta ən çətin dövrdə də – Sovet dönəmində də Azərbaycan xalqı dini inanclarını, islam dininin təbliğ etdiyi mərhəmət, yardım, paylaşma kimi dəyərləri sosial-ictimai-məişət həyatında qoruyub saxlamışdır. Müstəqilliyini bərpa etdikdən sonra hər kəsin vicdan azadlığına malik olması konstitusion norma kimi ölkənin ali qanununda – Konstitusiyada öz əksini tapmışdır. Eyni zamanda, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ birbaşa olaraq Konstitusiyada qeyd edilmişdir. Bu gün Azərbaycanda insanların dini inanclarını sərbəst şəkildə ifadə etməsi üçün bütün şərait yaradılmışdır. Ölkəmizdə hazırda mövcud olan 2000-dən çox məscidin 300-ü tarixi-mədəni abidə kimi dövlət tərəfindən qorunur. İslam mədəniyyətinin unikal abidələri olan Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə təmir olunmuş, Bakı şəhərində Cənubi Qafqazın ən böyük məscidi olan Heydər Məscidi inşa edilmişdir. Digər dinlərə etiqad edən vətəndaşların istifadəsi üçün kilsələr, sinaqoqlar, məbədlər təmir edilmiş və yeniləri tikilmişdir. Bu hüquqlardan rasional dünyagörüşü əsasında müdrikcəsinə istifadə edən Azərbaycan xalqı tarixi keçmişində olduğu kimi, dini ifratçılıq, xurafat, ekstremizm kimi dini təhrifçilikdən uzaq dayanmaqla, bəzi xarici qüvvələrin Azərbaycanda insanların dini inanclarından sui-istifadə cəhdlərinin üzərindən xətt çəkmişdir. Bir sözlə, dini inanc və dünyəvilik Azərbaycan xalqının yaşamında ideal vəhdət yaratmışdır. Bu vəhdət həm də milli dövlət təhlükəsizliyimizin ən mühüm mənəvi dayaqlarından biridir.
Azərbaycan regional və qlobal müstəvidə humanizm və həmrəylik ideyalarını təbliğ edən, konstruktiv əməkdaşlıq imkanlarını təqdim və təşviq edən islam təsisatları ilə dərin münasibətlər yaratmışdır. 1991-ci ildən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan Azərbaycan bu təşkilata daxil olan dövlətlərlə qarşılıqlı inama əsaslanan faydalı diplomatik münasibətlər qurmuş, eyni zamanda iqtisadi, mədəni sferalarda çoxşaxəli əlaqələr yaratmışdır.
İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrin, bəyanatların qəbul edilməsi Azərbaycanın haqlı mövqeyinin beynəlxalq miqyasda müdafiə edilməsi və bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək göstərilməsi baxımından atılmış önəmli diplomatik-hüquqi addımlardır. 2015-ci ildə İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid tarixi-mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması”na dair qəbul olunmuş qətnamə dini zorakılıq və ayrı-seçkiliyin Ermənistan tərəfindən yürüdülən siyasətin tərkib hissəsi olduğunu bütün dünyaya açıq şəkildə bəyan edir.
İslam həmrəyliyinə nail olunması bütün dünyada mədəniyyətin, elmin, təhsilin inkişafına dəstək göstərən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) qarşısına qoyduğu prioritet vəzifələrdən biridir. Azərbaycanın həmin təşkilatla da sıx əməkdaşlıq münasibətləri mövcuddur. İSESKO tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mövcud duruma, islam dininə aid olan maddi və qeyri-maddi irsin məqsədli şəkildə məhv olunmasına dair çoxsaylı bəyanat və qətnamələr qəbul olunmuşdur.
2006-cı ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın sivilizasiyaların yaxınlaşmasında göstərdiyi xidmətlərə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülməsi Azərbaycan-İSESKO əlaqələrində yeni səhifə açmışdır. İSESKO tərəfindən 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycanın dini tolerantlıq məkanı kimi ümumbəşəri, humanist ideyaların təbliği istiqamətində önəmli mövqe əldə etdiyinə sübutdur.
Hazırda dünya əhalisinin beşdə birindən çoxunu – 23,4 %-ni (1,7 milyard nəfər) müsəlmanlar təşkil edir. Orta Şərq və Şimali Afrikanın 91,2 %-i, Asiya-Okeaniyada məskunlaşan əhalinin 24,8%-i, Avropada yaşayan əhalinin isə 6%-i müsəlmanlardır. İslam dünyasının böyük insan kapitalına malik olması, əhalinin nisbətində gənclərin üstün mövqeyi hazırkı siyasi, sosial, iqtisadi reallıqlar şəraitində olduqca mühüm faktorlardır. İslam dünyasının getdikcə artan demoqrafik üstünlüyü də mühüm amildir. Belə bir şəraitdə bu üstünlüklərdən bəşəriyyətə, sosial-iqtisadi-mədəni intibaha töhfə verə biləcək, praqmatik və rasional siyasətin təşəbbüskarı və dəstəkləyici qüvvəsi kimi istifadə strategiyasının olması olduqca önəmlidir.
Təkzibolunmaz faktdır ki, Yaxın və Ortaq Şərqin bəzi müsəlman dövlətləri müasir dövrün siyasi-iqtisadi-mədəni gerçəkliklərinə adekvat münasibət formalaşdırmaqda çətinlik çəkir, müasirləşən dünyanın qabaqcıl tendensiyaları ilə ayaqlaşa bilmir, mahiyyətcə deyil, formaca modernləşməyə üstünlük verirlər. Məhz bu səbəbdəndir ki, yanlış dünyagörüşü əsasında və birtərəfli yöndə quruluş alıb təsisatlanan islam fundamentalizmi burada özünə dayaqlar tapa bilir və o, Qərb imperializminə qarşı yeganə “alternativ”, “təsirli alət” kimi qəbul olunur. Beləliklə, dağıdıcılığa qarşı əks destruktivlik – ifrata qarşı ifrat mübarizə üsulu olaraq seçilir. Bu “mübarizənin” haqq işi olmadığı isə ilk addımdaca özünü göstərir. Ekstremist və radikalların özlərinə düşmən hesab etdikləri Qərbə qarşı savaşı qısa zamanda onların öz içərisində təriqətlərarası toqquşmalarla, toplum qarşıdurması ilə əvəzlənir, hətta vətəndaş müharibələrinə yol açılır. Bir sözlə, mənəvi, hüquqi və dini baxımdan heç bir halda haqq qazandırıla bilməyən “islam keşikçiləri”, əslində, özləri Qərb imperializminin vuran əlinə, kor silahına çevrilirlər. Halbuki gerçək islam dəyərlərinə və milli-siyasi dünyagörüşünə malik olan insanları bu yola təhrik etmək, konfliktlər burulğanına salmaq olmazdı.
Tarixi min dörd yüz il geri çəkməyə çalışan Əl-Qaidə, İŞİD, “Hizbi təhrir-əl İslami” və digər ekstermist qrupların onsuz da heç zaman baş tutmayacaq “xilafət” prinsiplərinin bərqərar olması uğrunda apardıqları “mübarizə” nin bəzi kəsimlər tərəfindən açıq və örtülü dəstəklənməsi də kifayət qədər ciddi və təhlükəli hal hesab edilməlidir. Bu halların qarşısının alınması üçün islamın düzgün təbliğinin, onun sülh və birgəyaşayış dini olduğunu sübut edən sistemli tədbirlərin həyata keçirilməsi artıq bir zərurətə çevrilmişdir. İslam dini bəşər tarixinin əlamətdar mədəniyyət hadisəsi kimi qarşılıqlı etimadı, dialoqu, sülh və humanizm dəyərlərini özündə ehtiva edir. Tarix boyu multikultural ənənələrin, dini dəyərlərin ən yüksək səviyyədə mühafizə olunduğu, müxtəlif inanc sahiblərinin sülh şəraitində birgə yaşadığı Azərbaycan islam dünyasının nadir dövlətlərindən biridir ki, həmin dəyərləri, islam dininin ali prinsiplərini təhrif olunmadan optimal siyasi-etik platformada dünya ictimaiyyətinə təqdim etmək potensialını ortaya qoyur.
Azərbaycan təkcə islam həmrəyliyi ideyalarının doğulduğu məkan deyildir. Eyni zamanda, bu ideyaların reallığa çevrildiyi, islam dünyasının qarşılaşdığı əsas çağırışların həllinə yönəlmiş ən yüksək səviyyəli müzakirələrin aparıldığı əhəmiyyətli geopolitik məkandır. Xalqımızın milli-mənəvi sərvəti olan tolerantlıq, sülh ideyalarına sadiqlik, multikultural dəyərlər həm də dövlət siyasətimizin tərkib hissəsinə çevrilmişdir.
İslam dünyasında həmrəylik platformasının, qarşılıqlı inama əsaslanan münasibətlərin qurulması mövcud əməkdaşlıq mühitini daha da genişləndirməli, onun yeni istiqamətlərini açmalıdır. Bunun üçün islam həmrəyliyi ideyalarının bütün islam coğrafiyasında yayılmasını təşviq edən əhatəli və sistemli tədbirlərin həyata keçirilməsi zəruridir. Geniş kütlələrin marağına səbəb olan, daha böyük miqyasda islam dünyasını bir araya toplayan idman tədbirlərinin təşkili bu istiqamətdə atılan önəmli addımlardan biridir. 1981-ci ildə İƏT-in III sammitində qəbul olunmuş yekdil qərara əsasən İslam Həmrəylik Oyunları Federasiyası təsis edilmiş və o zamandan etibarən hər dörd ildən bir keçirilən İslam Həmrəyliyi Oyunları beynəlxalq miqyasda əlamətdar idman hadisələrindən birinə çevrilmişdir.
Bütün bu tarixi və müasir reallıqların nəzərə alınması kontekstində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı və bu istiqamətdə geniş fəaliyyətə başlanılması – mühüm siyasi addım və qlobal humanizm aktı kimi ölkəmiz üçün, bütün islam ölkələri və eləcə də, bütün dünya üçün müstəsna əhəmiyyətə malikdir. Ölkə başçısı tərəfindən irəli sürülən bu təşəbbüs, doğrudan da, islam dünyasında indiyə qədər presedenti olmayan yeni ənənənin əsasını qoyur. Belə ki, islam coğrafiyasında yerləşən ölkələr arasında Azərbaycan ilk ölkədir ki, islam həmrəyliyini siyasi akt səviyyəsinə yüksəldir və bütün ili həmin ideyaların təbliğinə yönəlmiş sistemli tədbirlərin həyata keçirilməsinə həsr edir. Bu baxımdan, Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən irəli sürülmüş islam həmrəyliyi təşəbbüsü müsəlman dünyasının bu gün qarşılaşdığı problemlərin köklü şəkildə həlli, mövcud konfliktlərin dialoq platformasında çözümü istiqamətində də konstruktiv fəaliyyətlərə təkan verəcəkdir. “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən kompleks tədbirlər İslam dininin sülh və mərhəmət dini olduğunu göstərməklə yanaşı, islam coğrafiyasında genişmiqyaslı humanitar əməkdaşlığın da yeni perspektivlərini açır.
2015-ci ildə Birinci Avropa Oyunlarını yüksək təşkilatçılıqla keçirən Azərbaycan 2 ildən sonra, 2017-ci il İslam Həmrəylik Oyunlarına ev sahibliyi edir. Şərqlə Qərb arasında mədəniyyətlər və ideyalar ortaqlığı yaradan, həmrəylik körpüsü funksiyasını yerinə yetirən Azərbaycan bununla həm universal dəyərlərə bağlılığını, həm də tarixi keçmişində xüsusi yer tutmuş və bu gün də qoruyub saxladığı islam dininin ali dəyərlərinə sadiq qaldığını sübut edir. Beləliklə, Azərbaycan qloballaşan dünyada davamlı sabitliyin bərqərar edilməsi üçün bütün vasitələrdən istifadə edir, günümüz üçün zəruri olan sülhyaradıcı, barışdırıcı mövqeyini özünəməxsus formada irəli sürür. İslam Həmrəyliyi İlində Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın islam dünyasında qarşılıqlı etimad mühitinin yaradılmasında göstərdiyi davamlı səylərin tərkib hissəsidir. Bu Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın etibarlı tərəfdaş kimi islam coğrafiyasında güclənən mövqeyinin bariz təcəssümüdür.
Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti, Dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə bu idman tədbirinin ən yüksək standartlar əsasında keçirilməsi üçün bütün müvafiq təşkilati və infrastruktrur işləri uğurla həyata keçirilmişdir.
20 idman növündə keçirilən bu mötəbər idman tədbirinin Azərbaycanda baş tutması ölkəmizin beynəlxalq idman yarışları keçirilməsi üzrə təcrübəsini zənginləşdirməklə bərabər, Azərbaycanın təqdim etdiyi tolerantlıq modelinin bütün dünyaya bəyan edilməsi üçün də gözəl imkanlar yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “İslam Oyunları ilk növbədə islam həmrəyliyini gücləndirəcək, həm islam aləminə, həm dünyaya bir daha göstərəcək ki, islam dini sülh və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir.” Bir sözlə, bu yarışmanın yüksək səviyyəli təşkili ilə Azərbaycan bütün dünyada islam həmrəyliyinə özünəməxsus töhfəsini verir, eyni zamanda, müasir tolerantlıq mədəniyyətinin örnəyi, humanist dini və milli dəyərlərin yaşadıcısı kimi özünün artan nüfuzunu beynəlxalq aləmdə bir daha bəyan edir. Azərbaycanın bu təşəbbüsü İslam Həmrəyliyi Siyasətinin əsas mahiyyətini ortaya qoyur.
Bu gün qlobal miqyasda islam həmrəyliyi ideyalarının təbliği müxtəlif ictimai-siyasi baxışlara malik olan dinlər və konfessiyalar, regional miqyasda isə islam coğrafiyasını əhatə edən dövlətlər arasında qarşılıqlı anlaşma mühitinin və konstruktiv əməkdaşlığın formalaşması baxımından xüsusi aktuallıq daşıyır. Sivilizasiyaların kəsişdiyi məkanda yerləşən Azərbaycanın islam həmrəyliyinə nail olunması istiqamətində həyata keçirdiyi əhatəli tədbirlər təkcə islam coğrafiyasında deyil, eyni zamanda beynəlxalq miqyasda davamlı sabitliyin təmin edilməsinə, konfessiyalararası anlaşmanın və tolerant dünyagörüşünün inkişafına münbit zəmin yaradır. İslam Həmrəyliyi siyasəti ilə – Azərbaycan İslam dünyasının vəhdətyaradıcı məkanı kimi bu dini dəyərlərin gerçəkdən bəşəri-humanist, mənəvi-əxlaqi dəyərlər olduğunu təsdiqləyir, bu ideyaların təkcə islam coğrafiyasında deyil, bütövlükdə dünyada birgəyaşayış və sabitlik mühitini yaradan təsirli vasitə olduğuna inamı möhkəmləndirir.
Bu siyasət İslam dünyasında “həmrəylik diplomatiyası” rəhbər tutulmaqla, siyasətdən mədəniyyətə, dindən elmə, ticarətdən turizmə qədər bütün sahələr üzrə birgə fəaliyyətlərin spektri yaradılmasını, qarşılıqlı faydalanmanın innovativ təşəbbüslərinin dəstəklənməsini, müsəlman xalqlarının potensial imkanlarının üzə çıxarılmasını və hərəkətə gətirilməsini, islam dünyasının qlobal rəqabətdə dayanıqlığının təmin olunmasını, bir çox mühafizəkar, geriləyici meyllərdən əl çəkilməsini, mövcud problemlərin həllində həmrəylik nümayiş etdirməklə, qabaqcıl dünya dövlətləri ilə əməkdaşlığın daha effektli platforması üzərində səfərbər olunmağı özündə ehtiva edir. 19 May 2017-ci il. Bakı