Möcüzələr çoxdur və hər biri əsrlər boyu insanların düşüncələrinə hakim kəsilib onlar haqqında heç də birmənalı olmayan saysız-hesabsız şərhlər və izahlar ərsəyə gətirib. Belə möcüzələrdən biri də sözdür. Sadəcə söz!
İnsan hələ bir sözünü də bilmədiyi bir dil mühitində dünyaya göz açır. Onun təşəkkül tapdığı dil mühiti onun təfəkkürünün hansı söz potensialına malik olmasında həlledici rol oynayır. İnsanın xarakteri də onun dilinin inkişafı ilə bərabər təkamül edir. İnsan böyüdükcə, daxil olduğu dil mühitində özünə “yuva tapır”, dərk etdiyi sözlərlə özünü ifadə edir, get-gedə öz fərdi dilinin ünsiyyət imkanlarını yaradır və genişləndirir. Hər bir fərdin özünəməxsus barmaq izləri olduğu kimi, öz təfəkkürünə və təxəyyülünə uyğun söz dünyası da var. Bu dünya bəzən geniş, bəzən məhduddur. Bəzilərində mənalı, gözəl, çəkici, elitar, digərlərində mənasız, kobud, yorucu və hətta çirkli ola bilir. Məhz birincilərin sahibləri milli və ümumbəşəri mədəniyyətimizi yaradır və daim inkişaf etdirir, bütün İnsanlığa xidmət edən ali sivilizasiya dəyərlərini meydana gətirir. Deməli, İnsanlığın ( bəşəriyyətin) özü də insanın sözü və dili ilə bərabər təşəkkül tapır, tərəqqi edir və ibtidaidən aliyə doğru özünün təkamülü yolunda irəliləyir. Möcüzə isə ondan ibarətdir ki, İnsan dünyaya sözsüz gəlib, dünyadan böyük bir söz sərvəti ilə köçür. Gözəl söz nadir almaz kimidir, o hamıda olmur. İnsanın yaradıcı şəxsiyyət gücü də o zaman açılır ki, içərisində olduğu dil mühitini inkişaf etdirib zənginləşdirə və gözəlləşdirə bilir. Hər bir milli mədəniyyətin tərəqqisi bu cür yaradıcı şəxsiyyətlərin mövcud dil-təfəkkür potensialını artıra bilmək bacarığından asılı olur. Dil mühiti nə qədər geniş və zəngindirsə, cəmiyyətdəki ictimai münasibətlər də bir o qədər geniş və zəngin olur. Söz qıtlığı – ərzaq qıtlığı və ya su çatışmazlığı qədər dözülməzdir.
Bəşəriyyət üçün Sözün, yəqin ki, ən böyük dəyəri – insanlararası münasibətlərin məhz onun əsasında qurulması və ən qədim zamanlardan bu günümüzədək sivilizasiyanın tarixi yaddaşını yaratması və yaşatmasıdır. Dünən, bu gün və sabah – məhz Sözün yaddaşında vəhdət tapır. Dünya dilləri nə qədər təkamülə uğrasa da, tarixi dövrlər bir-birini əvəz etsə də, sosial quruluşlar, siyasi rejimlər, adət-ənənələr nə qədər dəyişsə də, hətta Sözün özü linqvistik transformasiyaya məruz qalsa da, o tarixin əsas faktı olaraq böyük əhəmiyyət kəsb edir. Hətta bu gün praktiki olaraq işlənməyən ölü dillərdə belə yazılmış mətnlərin sözləri oxunub mənasına varıldıqda, keçmişi real görüntüləri ilə təqdim edə bilir. Maraqlıdır ki, Söz arxaikləşdikcə, daha böyük dəyər qazanır. Tarixi müasirliyə bağlayan, zamanları bir-birinə hörən Söz – bəşəriyyətin tarixi həyatının bütün dəyişmələri ilə birlikdə əbədi mahiyyətini görən Gözə çevrilir! Söz – insanlıq tarixinin yaddaş saxlancı kimi, dünya inkişafının hansı proseslərdən keçməsi, həlledici məqamlarda hansı qərarların verilməsi, hansı düzgün və ya yanlış addımların atılması barədə gerçək təsəvvür yaradır: Söz – tarixin şəklini çəkir, müasirliyin real mənzərəsini yaradır. Amma tarixin “ələyindən” də hər söz keçmir. Sözlər də tarix boyu ələnə-ələnə zamanın dərinliyindən bu günümüzə, bu gündən isə gələcəyə adlayır. Hər biri də özünün zamanla artan məna və dəyər yükü ilə...
Heç bir “fiziki çəkisi” yox ikən bu qədər ağır semantik yükə, insan varlığına təsir gücünə malik olmasına, bütün insani dəyərlərin ölçü meyarına çevrilərək, mənəviyyat dünyasının mərkəzində dayanma qüdrətinə görə, bir sözlə, tarix və sivilizasiya üçün kəsb etdiyi əhəmiyyətinə görə də Söz bütün zamanlarda böyük mütəfəkkirlərin hikmət qaynağı olmuşdur.
“Tövrat”ın (“Bibliya”nın) “Əhdi-Cədid” (“İncil”) hissəsi belə başlayır: “Öncə Söz oldu, Söz Allahla oldu, Söz Allah oldu” (“In the beginning was the Word, and the Word was with God, and the Word was God”). Burada Söz – yaradılışın ilahi məntiqi – Loqos kimi dərk edilir. Ümumtürk mədəniyyətinin, eləcə də Azərbaycan xalqının ulu abidəsi “Kitabi-Dədə Qorqud”da da epik düşüncənin mərkəzində məhz Söz və onun yaradıcı qüdrəti dayanır: Ulu ozan Dədə Qorqudun Sözü – oğuz ərənlərinin Gücünə təndir. Amma burada Güc – Sözü yox, Söz – Gücü idarə edir. Nə qədər ki, belədir, qədim Oğuz elində ulusal harmoniya hökm sürür. Elə ki, Güc – Sözün üzərində hökmranlığa qalxır, o harmoniya pozulur, xaos başlayır...
Sözü – Ordudan güclü sayan, “Hər sözüm bir pəhləvandır” – deyən Məhəmməd Füzuli hələ 500 il öncə möhtəşəm əsərlərindən birini məhz Sözə həsr edib:
Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz?!
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim, nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Bu misralarda börük mütəfəkkir sözün dəyərini anladır və göstərir ki, qədərincə işlənən və yetərincə təsir və nüfuz edə bilən sanballı Söz – kamil şəxsiyyətin zənginliyini və dərinliyini göstərir.
Ümumiyyətlə, əgər biz görkəmli mütəfəkkirlərin, siyasət və elm nümayəndələrinin, bir sıra yaradıcı şəxsiyyətlərin bəzi müdrik kəlamlarına nəzər yetirsək, görərik ki, Söz – həqiqətən də, bəşəriyyətin mədəniyyət düşüncəsində necə mühüm yer tutur. Antik yunan dramaturqu Menandr: “Sözdən qüdrətli heç nə yoxdur”; yeddi yunan müdrikindən biri, Afina siyasətçisi Solon: “Söz – əməlin güzgüsüdür”; antik yunan filosofu Demokrit: “Söz – əməlin kölgəsidir”; qədim Çin filosofu Konfutsi: “Söz – doğru, hərəkət – qətiyyətli olmalıdır”; “Sözləri anlamırsansa, deməli, insanları da anlamırsan”; antik Roma siyasətçisi və natiqi Siseron: “Sözləri ayrıcalığına görə deyil, birgəliyinə görə dəyərləndir”; böyük Azərbaycan şairi Nizami Gəncəvi: “Ürəkdən gələn Söz – ürəyə yol tapır”; böyük özbək şairi Əlişir Nəvai: “Sözlə dirini öldürmək, ölünü diriltmək olar”; ərəb alimi Əbül Fərəc: “Mən çox zaman dediklərimə, hərdən də demədiklərimə görə təəssüflənirəm”; fars şairi Hafiz: “Ağzından qaçırdığın Söz – sənin ağan, ram etdiyin Söz – sənin qulundur”; Məhəmməd Füzuli dünyadan köçəndə doğulmuş, onunla təxminən eyni fikrə gələn ingilis dramaturqu Uilyam Şekspir: “Söz az olanda, çəkisi çox olur”; “Sözün ən yaxşısı – onun birbaşa, sadə və səmimi deyilənidir”; ispan yazıçısı Migel de Servantes: “Söz – daşdır, atdın ki, tutulmaz”; ingilis moralist yazıçısı Uilyam Hezlit: “Təkcə Sözdür ki, əsrlər boyu qalır”; fransız mütəfəkkiri Fransua de Laroşfuko: “Əsl natiqlik – bütün lazım olanı demək və lazım olandan artığını deməmək bacarığıdır”; ingilis yazıçısı Conatan Svift: “Gərəkən sözü gərəkən yerində demək – bax budur əsl üslub dəqiqliyi”; ispan mütəfəkkiri Qrasian-i-Morales Baltasar: “Metal çıxardığı səslə, insan dediyi Sözlə tanınır”; rus yazıçısı Lev Tolstoy: “Sözün anlaşılmazlığı – fikir anlaşılmazlığının dəyişməz əlamətidir”; Hindistanın milli azadlıq hərəkatının lideri Mhatma Qandi: “Sözünə nəzarət edə bilməyən insan həqiqəti deyə bilməz”; fransız yazıçısı Anatol Frans: “Sözdən də güclü magiya yoxdur”; alman dramaturqu Bertold Brext: “Sözlərin ən əhəmiyyətlisi – sonda deyilənidir”...
Sivilizasiyanın nüvəsini təşkil edən, fikir-ideya daşıyıcılığının missiyasını üzərinə götürən Söz ictimai şüurun inkişafını səmtləndirir, cəmiyyət həyatında anlaşıqlı münasibətlərin, pozitiv yanaşmaların bərqərar olmasında, konstruktiv humanitar texnologiyaların tətbiq edilməsində həlledici rol oynayır.
Söz – kulturoloji funksiyasında tarixin və müasirliyin mədəniyyət enerjisi ilə yaradılmış dəyərlərinə ehtiram duyğusunu tərbiyə edir, elm funksiyasında idrakı itiləyir və intellektual həyatı dərinləşdirir, siyasət və ideologiya funksiyasında cəmiyyətin bütün təbəqələri arasındakı bağlılığı, “milli orqanizmi” möhkəmləndirir, xüsusilə sınaqlar qarşısında qalan xalqın təbii vətənpərvərlik ruhunu gücləndirir, digər dövlət və cəmiyyətlərlə əlaqələrin diplomatik mexanizmlərini effektivləşdirir, din funksiyasında geriliyin bütün əlamətlərinə, cəhalət, ehkamçılıq və fanatizmə qarşı çıxaraq, bütün inanclardakı Allaha inamın saf mənəviyyata, rasional zəkaya əsaslanan dayaqlarını tapır, əxlaq funksiyasında insanı ucaldan, planetar miqyasda ümumbəşəri-humanist münasibətləri sarsılmaz şəkildə təməlləndirən bütün mənəvi dəyərlərin panteonunu yaradır, estetiklik funksiyasında dili, nitqi, davranış, etiket və maneraları cilalayıb gözəlləşdirir.
Bütün bunlar isə yalnız Sözün Məsuliyyət yükünün dərk edilməsi şərtləri daxilində baş verir. Sözə məsuliyyətli yanaşma – cəmiyyətin ictimai əxlaqının ən yüksək keyfiyyəti kimi meydana çıxır. Bu mənada Söz – elə dərk olunan Məsuliyyət deməkdir. Dərk olunan Məsuliyyət Sözü optimallaşdırır və onu cəmiyyətin ən yararlı və faydalı humanitar alətinə çevirir.
Buna görə də böyük fikir adamları Söz qədər də Məsuliyyətə və onların ayrılmazlığına yetərincə dəyər veriblər. Fyodor Dostoyevski: “Hər bir insan – bütün insanlar qarşısında hər şeyə görə məsuliyyət daşıyır”; Uinston Çörçil: “Böyüklüyün dəyəri – məsuliyyətdir”; Bernard Şou: “Söz azadlığı – məsuliyyət deməkdir, bax buna görə də çoxları ondan qorxur”; ümummilli liderimiz Heydər Əliyev: “Xalqın, Vətənin taleyi hər birimizin taleyinə çevrilməlidir”. Doğrudan da, Vətən əxlaqı – hər bir vətəndaşın Söz və Məsuliyyətinin vəhdətindən yoğrulur.
Müasir dünyada gerçək demokratiyanın inkişafının əsas əlaməti və dönməz tendensiyası olan söz azadlığı – heç də məsuliyyətdən azad olmaq demək deyil. Söz – əgər Həqiqətin xeyrinə deyilmirsə, yazılmırsa, yalana, sofistikaya, avantüraya, yabançı niyyətlərə xidmət edirsə, azad deyil. “Azad söz” adına biz nə qədər cəfəngiyata, absurda rast gəlirik. Halbuki Söz – Həqiqəti demək qədərincə qüdrətlidir. Söz – insan fəaliyyətinə məsuliyyət yaradır. Məsuliyyət – Sözə Həqiqət möhürünü vurur. Məsuliyyətli Sözün sahibi yanılmır. Söz – Məsuliyyətə söykənə-söykənə irəli gedir. O yol daşlı-çınqıllı olsa da. Sözün qüdrətinə söykənən, Məsuliyyətin dərkinə, Vicdanın əyilməzliyinə və dürüstlüyünə arxalanan kəs yıxılmır, büdrəmir. Söz o gücə malikdir ki, hətta sürəkli konfliktlərə və böyük savaşlara meydan açar. Zaman və İnsan qarşısında Məsuliyyət və Vicdana sahib kəslər isə alovlanan konflikt və savaşları belə dayandırmaq gücündədir. Bu gün dünyamızda arası kəsilməyən, əksinə, getdikcə kükrədilən münaqişə ocaqlarının söndürülməsi üçün ədalətli siyasi münasibətin ifadəsi olan qlobal informasiya mühitinin yaradılmasına, müdrik və humanist mövqeyi bəyan edən müdrik Sözün beynəlxalq siyasət, ən yüksək beynəlxalq təşkilatlar səviyyəsində dilə gətirilməsinə və ona real siyasi Güc qazandırılmasına nə qədər böyük ehtiyac var! Xüsusilə iyirmi faizdən çox torpağı işğal olunan müddətdə və ondan sonrakı kövrək atəşkəs mərhələsində davamlı və məqsədli şəkildə dezinformasiyaya məruz qalan və bütün bunlara baxmayaraq, gündən-günə inkişaf edən və bu inkişafının real təcəssümünü dünya mətbuatında görmək istəyən (belə faktlar da kifayət qədər çoxdur) Azərbaycan beynəlxalq səviyyədə medianın, professional jurnalistikanın məsuliyyətli sözünə gərək duyur. Bütün bunlar Sözün ictimai funksionallığının artdığı xüsusilə indiki dövrdə həm ölkəmizdə, həm də dünyada onun Məsuliyyətlə dərin bağlılığının önəmini daha da yüksəldir.
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fikir və söz azadlığının təmin edilməsi insan hüquq və azadlıqlarının ayrılmaz hissəsi kimi daim Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsində ölkə vətəndaşlarının fikir və söz azadlığına malik olduğu birbaşa qeyd edilərək, hər bir vətəndaşın heç bir məhdudiyyət olmadan açıq şəkildə öz fikrini ifadə etmək azadlığı tanınır. Eyni zamanda, söz azadlığının ölkənin ən ali hüquqi sənədində əksini tapması bu sahədə daha təkmil hüquqi-normativ bazanın formalaşmasında önəmli rol oynamışdır. Məhz Konstitusiyamızın qeyd olunan maddəsinə istinad olunmaqla, ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalandı və ölkəmizin müasir tarixində ilk dəfə olaraq senzura ləğv edildi. Bununla yanaşı, sözügedən Fərmanda mətbuata dövlət qayğısı, müstəqil kütləvi informasiya vasitələrinin inkişafı, vətəndaşların fikir, söz və məlumat azadlığının təmin edilməsi ümumdövlət vəzifəsi hesab edilərək söz, fikir və məlumat azadlığının qorunması, siyasi plüralizm prinsiplərinə riayət edilməsinin təmin olunması üçün müvafiq dövlət qurumlarının qarşısında konkret vəzifə və tapşırıqlar qoyuldu.
Bu istiqamətdə digər önəmli addım “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbul edilməsi oldu. Bu Qanunla kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması və yayımının ümumi qaydaları, həmçinin, bütövlükdə ictimaiyyətin dolğun və şəffaf informasiya əldə etməsinin ümumi prinsipləri və əsasları müəyyən edildi. Qanunda senzuranın yolverilməzliyi bir daha vurğulanmaqla yanaşı, kütləvi informasiya sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətləri də öz əksini tapmışdır. Göründüyü kimi, ölkəmizdə söz azadlığının, kütləvi informasiya vasitələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi üçün kifayət qədər təkmil hüquqi-normativ baza formalaşdırılmışdır. Bu, həm də ölkə rəhbərliyinin ictimaiyyətin sağlam informasiya ilə təmin edilməsində, ölkə vətəndaşları tərəfindən fikir və söz azadlığının müəyyən edilmiş hüquqi və etik çərçivədən kənara çıxmamaq şərti ilə ifadə edilməsində maraqlı olduğunu sübut edən amildir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 22 iyul tarixində Mətbuat Şurasının inzibati binasının açılış mərasimində vurğuladığı kimi, “bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir” (http://www.president. az/articles/495). Ölkə Prezidenti söz azadlığının təmin edilməsini demokratik və hüquqi dövlət quruculuğu prosesi ilə paralel şəkildə qeyd etməklə, həm də söz azadlığının demokratik cəmiyyətin formalaşmasında oynadığı rolu önə çəkir. Belə olduqda, söz azadlığının təmin edilməsi vətəndaş və dövlət dialoqunun ayrılmaz hissəsi kimi qəbul edilir. Elə ölkə rəhbərliyinin göstərdiyi siyasi qətiyyətin əyani sübutudur ki, bu gün Azərbaycanda söz və fikir azadlığının ifadə edilməsində hər hansı ciddi maneə mövcud deyildir.
Qeyd edilən müsbət irəliləyişlərlə yanaşı, təəssüflə qeyd etməliyik ki, ölkəmizdə söz azadlığından sui-istifadə hallarına da rast gəlinməkdədir. Bu gün ölkənin informasiya məkanında mövcud olan bəzi qüsurlar bizi söz və məsuliyyət haqqında ətraflı şəkildə düşünməyə sövq edir. Əgər biz Azərbaycan ictimaiyyətinin çoxpalitralı mediaya tam etimadının olduğunu iddia etsək, yanılmış olarıq. Belə olan halda, qeyd etdiyimiz etimad mühitinin formalaşmasına hansı əsas maneənin olduğu haqqında düşünərkən, bir sıra kütləvi informasiya vasitələrində söz və sözə görə məsuliyyət məsələsində çatışmazlıqların şahidi oluruq: əgər ifadə olunan sözün arxasında məsuliyyət yoxdursa, o sözün əhəmiyyəti, etibarlılığı, ictimai-siyasi çəkisi də olmayacaqdır. Söz və məsuliyyət anlayışlarını bir-birinə sıx şəkildə bağlı edən də məhz bu amildir. Biz burada “Məsuliyyət” dedikdə – məlumatı yayan, fikri ifadə edən subyektin cinayət və ya inzibati məsuliyyət daşımalı olduğunu hələ nəzərdə tutmuruq. Hər hansı önəmli məsələ barədə fikir ifadə olunarkən, həmin informasiyanın yayılmasının doğura biləcəyi effekt, eyni zamanda, yayılan məlumatın cəmiyyət daxilində, cəmiyyət və dövlət arasında olan münasibətlərə hansı formada təsir göstərə bilməsi barədə ciddi götür-qoy etmə, məlumatın doğruluğuna tam əmin olma, məsələyə peşəkarcasına yanaşma media məsuliyyətinin əsas parametrləridir.
Xüsusilə, mətbuatda və internet məkanında “mötəbər mənbə” adı altında, əslində, mötəbərlikdən heç bir əsər-əlamət olmayan çoxsaylı dezinformasiya və saxtalaşdırmalarla, şər və böhtanla rastlaşmağımız, demək olar ki, adi hala çevrilib. Bu tipli informasiya yayanların daşıdıqları mənəvi məsuliyyət bir yana, həmin şəxslər həm də birbaşa olaraq qanunvericiliyin tələblərini kobud surətdə pozurlar. Misal olaraq, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsi kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyini qeyd edir. Həmin maddəyə müvafiq olaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, “mötəbər mənbə” adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr uydurmaq, yalan və qərəzli yazılar yazmaq, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Göründüyü kimi, mövcud qanunvericilik kütləvi informasiya vasitələrində dövlətin milli təhlükəsizliyinin, sabitliyin, vətəndaşların hüquq və azadlıqlarının pozulmasına səbəb ola biləcək istənilən cəhdinin yolverilməzliyini qəti şəkildə ortaya qoyur. Lakin qeyd etdiyimiz qanunvericilik aktlarının işlək mexanizminin olmaması hələ ki kütləvi informasiya vasitələrində qərəzli və həqiqətə uyğun olmayan məlumatların məsuliyyətsizcəsinə yayılmasına gətirib çıxarır.
Cəbhədə baş vermiş son gərginliklər Azərbaycanın informasiya məkanında ucuz populyarlıq naminə ictimaiyyəti çaşdırmaq cəhdlərinin hələ də qaldığını göstərdi. Bir sıra informasiya mənbələri cəbhədə baş verən hadisələr barədə kökündən yanlış məlumat verərək, hətta qoşun birləşmələrinin dislokasiyası barədə dövlət sirri hesab olunan məlumatları ictimaiyyətə ötürərək, Azərbaycan dövləti və xalqı üçün ən həssas olan məsələdə subyektiv və qərəzli mövqe nümayiş etdirməkdən belə çəkinmədilər. Lakin təqdirəlayiq hal hesab edilməlidir ki, məsul dövlət qurumları və ölkə ictimaiyyəti çevik reaksiya göstərərək yanlış məlumatların yayılmasına sərt təpkilərini ortaya qoydular. Bu, həm də ölkəmiz üçün taleyüklü məsələlərdə qərəzli məlumatların yayılmasına qarşı dövlət və vətəndaş birliyinin ən güclü vasitə olduğunu sübut etdi. Sözügedən hadisələr, eyni zamanda ölkədə vətənpərvər və obyektiv jurnalistikanın formalaşmasının zəruriliyini göstərir. Azərbaycanda formalaşmaqda olan yeni jurnalist nəsli qeyd olunan neqativ hallardan ibrət dərsi götürməli, ümummilli məsələlərdə, dövlətin maraq və mənafelərinə təsir göstərə biləcək informasiya yayımında maksimum diqqət və məsuliyyət nümayiş etdirməlidirlər.
Yanlış informasiya yayan media qurumları da artıq dərk etməlidirlər ki, yalan informasiyanın cəmiyyətə ötürülməsi onların nüfuzu üçün də böyük təhlükə mənbəyidir. Qısamüddətli perspektivdə şok effektli, pafoslu, çığırqan, qalmaqal yaradan informasiyanın yayılması geniş oxucu kütləsinin diqqətini cəlb edə bilər. Lakin belə yanlış taktikanın seçilməsi uzunmüddətli perspektivdə həmin informasiya vasitələri üçün də yaxşı heç nə vəd etmir. Razılaşarıq ki, doğruluğuna əsaslı şübhəmiz olan məlumatlarla bir və ya bir neçə dəfə rastlaşdıqda həmin kütləvi informasiya vasitəsinə inamımız yoxalır. Haqlı olaraq, bu tipli media qurumları artıq bizim üçün informasiya təminatçısı funksiyasını və etibarlı informasiya yayıcısı imicini itirmiş olurlar.
Müasir jurnalistikada söz azadlığı sərhəd tanımadan əldə olunan istənilən məlumatı yaymaq demək deyildir. Yayılan məlumata görə məsuliyyət hiss etmə, digərlərinin hüquq və azadlıqlarına hörmət, dövlətin təhlükəsizliyi və milli maraqlarına xələl gətirməmək söz azadlığının tərkib hissəsi kimi qəbul edilməlidir. Beləliklə, sağlam informasiya məkanının formalaşması söz və məsuliyyət anlayışlarına münasibətdə sağlam təfəkkür tərzi nümayiş etdirməkdən keçir. Azərbaycanın sağlam informasiya məkanına çevrilməsi – həmin məkandan heç bir əsası olmayan, spekulyativ informasiyanı sıxışdırıb çıxarmaq, media resurslarından səmərəli istifadə, sağlam rəqabət, etibarlı informasiya mənbələrini yaratmaq yolu ilə mümkündür. Bu gün Azərbaycan jurnalistikasının getdikcə zənginləşən və dünya təcrübəsi ilə dərinləşən praktikası belə bir inkişafa tam əsas verir.
Bu istiqamətdə atılması zəruri olan addımlardan biri peşəkar jurnalist kadrların hazırlanması işinin sürətləndirilməsidir. İlk növbədə, müvafiq ali təhsil ocaqlarında jurnalistika ixtisası üzrə keyfiyyətli nəzəri və praktiki biliklərin qazanılması bu prosesin tərkib hissəsinə çevrilməlidir. Bu günün jurnalistikası hadisələrə, sürətlə dəyişən proseslərə daha çevik və obyektiv yanaşma nümayiş etdirməyi tələb edir. Azərbaycanın informasiya məkanının əsas iştirakçıları olan jurnalistlər bu peşənin apatik bir məşğuliyyət növü olmadığını, malik olduqları peşənin ictimai, mənəvi məsuliyyətini dərk etməli, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni daha mükəmməl öyrənməlidirlər.
Baş verən proseslərə obyektiv, qərəzsiz münasibət göstərən milli medianın mövcudluğu ona ölkə daxilində ictimai etimadı gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq imicinin müsbət şəkildə formalaşdırılmasında da xüsusi önəm kəsb edir. Axı, bir çox hallarda, kənar dairələrin Azərbaycana qarşı tutduğu qərəzli mövqeyinin kökündə ölkə daxilində yayılan əsassız informasiyanın dayandığının şahidi oluruq. Azərbaycanın milli maraqlarına zərbə vurmağa çalışan, ölkəmizin bölgədə artmaqda olan siyasi-iqtisadi çəkisini həzm edə bilməyən qüvvələr bu tipli məlumatlara istinad edərək, qərəz dolu tənqidlərinə obyektivlik donu geyindirməyə çalışırlar. Bu baxımdan, Azərbaycanda sağlam informasiya məkanının formalaşdırılması həm də ona görə zəruridir ki, bəzi “beynəlxalq dairələrin” qidalandığı çirki informasiya mənbələri belə bir məkanda fəaliyyət göstərmək imkanlarından, Azərbaycanı ləkələmə dayaqlarından məhrum olsunlar.
Bu baxımdan ölkə başçısı cənab İlham Əliyevin kütləvi informasiya vasitələri nümayəndələrinə söz və məsuliyyət barədə verdiyi tövsiyə onlar üçün nümunəvi bələdçi rolunu oynamalıdır: “Jurnalistlər çox məsuliyyətli olmalıdırlar. Burada qərəzsiz mövqe çox vacibdir” (http://www.president.az/articles/495). Hələ ölkə prezidenti olmamışdan əvvəl İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafının təmin ediləcəyinə dair verdiyi söz və bu sözün məsuliyyətini hiss edərək 11 il ərzində yürütdüyü uzaqgörən siyasət məgər verilən sözə görə daxili məsuliyyət hissinin bəhrəsi deyilmi?! Bu baxımdan, İlham Əliyevin dövlət rəhbəri olaraq üzərinə götürdüyü böyük vəzifələri qətiyyətlə həyata keçirməsi və prezidentliyinin bütün mərhələlərində məsuliyyət yüklü siyasətini ardıcıllıqla yürütməsi – Azərbaycanın bu günkü informasiya məkanındakı bütün subyektlər tərəfindən də nümunə kimi, sözə məsuliyyətli yanaşmanın etalonu kimi qəbul edilməlidir.