Böyük mütəfəkkirimiz Mirzə Fətəlinin milli varlıq ideologiyası XIX əsrin II yarısında bütün Şərq cəmiyyətlərində olduğu kimi, Azərbaycanda da reformator-maarifçilərin get-gedə artan və güclənən pleyadasını yetişdirdi. Axundzadənin milli ideya düşüncələrini dərindən əxz etmiş Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyov, Məhəmməd Əmin Rəsulzadə, Sultan Məcid Qənizadə, Yusif Vəzir Çəmənzəminli, Abbas Səhhət, Abdulla Şaiq kimi görkəmli maarifçilər öz fədakar fəaliyyətləri ilə milli ideologiyanın təməl cığırlarını açmağa başladılar. Milli özünüdərkin ilk faktlarından biri və bəlkə də ilk təsdiqi 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi”si ilə cücərdi və daha geniş ziyalılar zümrəsini millətin gələcəyini hazırlamaq istiqamətində səfərbər edərək milli ideologiyanın geniş və labüd yoluna çıxardı. "Əkinçi" qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalələri və digər yazıları dərc olunurdu. Cəmi 56 sayı işıq üzü görmüş “Əkinçi” mövcud olduğu cəmi iki il ərzində milli dünyagörüşü anlayışının millətin şüuruna gətirilməsi kimi vacib işin başlanğıcını qoya bildi. “Əkinçi” ilə səpilən toxumlardan boy atmış “Ziya”, “Kəşkül”, “Kaspi” kimi milli şüurumuzu yetişdirən və möhkəmləndirən mətbuat orqanları azadlıq ruhunun coşqun burulğanını yaradan dalğalar kimi ictimai- siyasi hadisələrin ildən ilə güclənən fırtınasına qoşuldular. Əsrin sonuna doğru milli mətbuatımız artıq soydaşlarımızın şüurunda "Azərbaycan milləti" məfhumunun formalaşmasına, geniş kütlələr tərfindən “müsəlman” olmaqla “Azərbaycanlı” olmaq arasındakı fərqin anlaşılmasına nail oldu və bununla da ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli bir təkan verdi. Bünövrəsi “Əkinçi” ilə qoyulmuş milli mətbuatımız milli oyanışa, milli özünüdərkin şüurlarda daha da möhkəmlənməsi işinə əvəzsiz töhfələr verdi. lakin milli mübarizənin o zaman hələ sonu aydın görünməyən dolanbaclarında imperiya tərəfindən susduruldu. Buna baxmayaraq Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr, Seyid Əzim Şirvani, Firudin bəy Köçərli, Sultan Məcid Qənizadə, Məmməd Kəngərli kimi milli ideya daşıyıcıları yenicə doğulmuş milli mətbuatın məktəb və ənənəsini yaratmağa nail oldular. Yeni əsrin əvvəllərindən isə Cəlil Məmmədquluzadə, M.Şahtaxtinski, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyov və bir sıra digər maarifçi ziyalılarımızın fədakarlığı sayəsində ənənəni davam etdirməyi öz üzərinə götürən “Şərqi-rus”, “Həyat”, “Açıq söz” qəzetləri və “Molla Nəsrəddin” jurnalı milli şüurun milli dövlətçilik səviyyəsinə inkişaf etdirilməsində və nəhayət, 1918-ci ildə Azərbaycan varlığını dünya miqyasında bəyan və sübut edən milli dövlətçiliyimizin əsasının qoyulmasında misilsiz xidmətlər göstərdilər. Cümhuriyyət dövrünün milli şərəf və milli ləyaqət coşquları ilə ilhamlanan “Azərbaycan” qəzeti körpə dövlətin kövrək ordusu ilə bərabər dövlətçiliyimizin möhkəmlənməsi uğrunda mübarizənin ön sıralarında addımladı.
Fəqət bu da uzun sürmədi. Azərbaycanın müstəqilliyi ilə birlikdə milli mətbuatımızın da müstəqilliyinə son qoyuldu. Azad söz və azad fikir yayıcıları olan azad mətbuat orqanlarımız qapadıldı, onların fəaliyyətinə canını və qanını verməyə hazır olan fədakar yazarlarımız repressiyaya məruz qaldılar. Mətbuat adı altında isə adı “həqiqət” anlamını versə də, 1912-ci ildən etibarən mövcud olduğu 100 il ərzində bəlkə bircə dəfə də olsun həqiqəti öz səhifələrinə yaxın buraxmayan “Pravda” qəzeti yayımlandı. Daha sonra Sovet İttifaqı Kommunist Partiyasının bütün dünya proletarlarını “kommunizm kabusu” ətrafında birləşməyə çağıran “Kommunist” qəzeti meydana çıxdı. Kommunuzm idellarını ideallaşdırmaqdan başqa bir missiyası olmayan mətbuat azacıq da olsa “azadlıq şərbətini içməyə” nail olmuş bir millətin milli mətbuatı ola bilməzdi. Beləliklə, azad sözün və bütövlükdə azadlığımızın varlığına son qoyan imperiya milli mətbuatımızı da zindana saldı. Belə bir əsarət zamanında milli ideyalarımız mətbuatdan çəkilərək milli ədəbiyyatımızda, milli incəsənətimizdə, azadlıq aşiqlərinin işıq üzü görməyən memuarlarında özünə yer tapdı. İctimai-siyasi hadisələrə obyektiv münasibət bildirmək imkanının ümumiyyətlə mövcud olmadığı ən çətin zamanlarda – imperiya senzurasının əsarəti altında olan milli mətbuatımız ən azı əhalinin savadlanmasında, milli mədəniyyət dəyərlərimizin qorunmasında və yayılmasında, Azərbaycan dilinin ədəbi dil kimi təkmilləşməsində mühüm rol oynadı və beləliklə də, mədəni-mənəvi sərvətlərimizin unudulmasına imkan verməyərək milli varlıq təməllərimizi qoruya bildi. 1920-ci ildən buxovlanan, qandallanan mətbuatımız düz yetmiş bir il azadlığa çıxmaq üçün yollar aradı, cəhdlər etdi, qurbanlar verdi. “Sözdə azad” sovet mətbuatında azad fikir səsləndirməyə azacıq belə cəhd edənlər “azad və xoşbəxt” ölkənin məhbus dissidentlərinə çevrildilər.
1920-ci ildə endirilmiş bayraq nəhayət ki, 1991-ci ildə bir daha yüksəldi və millətimizlə bərabər milli mətbuatımız da öz azadlığına qovuşdu. Lakin hələ bir müddət imperiya yasasından miras qalmış “Əlahəzrət Senzura” öz varlığını sürdürməklə azad sözün, azad fikrin qarşısına sədd çəkəcəkdi. Yalnız 1998-ci ilin avqust ayında ümummilli liderimiz Heydər Əliyevin mətbuat orqanları üzərində senzuranı birdəfəlik ləğv etmək haqqında tarixi qərarı ilə milli mətbuatımız da əsl azadlığa qovuşdu və milli dövlətimiz kimi əbədi, sarsılmaz və dönməz bir müstəqillik yoluna çıxdı. Mətbuatımız azaddır! İstənilən üsulla, cəmi bir bildiriş tərtib etməklə təsis edilə bilən və istənilən mövzuda istənilən fikri istənilən formada cəmiyyətə təqdim etmək imkanı qazanmış milli mətbuatımız həqiqətən azaddır. Müasir Azərbaycan mediası çağdaş dünya mediasının ənənələrindən də bəhrələnərək, plüralist, demokratik baxışların, müxtəlif ictimai-siyasi mövqelərin ifadə edilməsinin azad meydanına çevrilmişdir. Bu çox şey deməkdir. Sözü, fikri, düşüncəsi azad olmayan insan Azad İnsan ola bilməz. Söz azadlığı, fikir azadlığı elə insan ruhunun, insan təxəyyülünün özünün azadlığı deməkdir. Məhz Azad Ruhun hakim olduğu mətbuat Millətin və Xalqın milli mətbuatı ola bilər. Bu da günümüzün ən parlaq reallığıdır. Sonsuz və intəhasız azadlığın okeanında üzən mətbuatımız coşur, sakitləşir, burulğanlar yaradır, fırtınalar qoparır, sevindirir, kədərləndirir. Zaman-zaman müxtəlif rənglər alır, çeşidli-çalarlı refleksiyalar yaradır – təkamül edir. Mətbuatımızla birgə şüurumuz, zövqümüz, dünyagörüşümüz, həyata baxışımız da cilalanır və qidalanır. Cəmiyyətimizin güzgüsü olaraq mətbuatımız cəmiyyətimizi bizə tanıtdırır, dünyanı bizə, bizi isə dünyaya qovuşdurur. Milli mətbuatımız milli sərvətimizə, milli qürurumuza çevrilir.
Belə bir qüruru millətimizə yaşadan Milli Mətbuatımızın yaranmasının 138-ci ildönümü ərəfəsində onun banisi Həsən bəy Zərdabinin unudulmaz xatirəsinə dərin ehtiram hissi ilə, fədakar və vətənpərvər mətbuat nümayəndələrimizə isə can sağlığı və yeni-yeni nailiyyətlər arzusu ilə,
Cavanşir Feyziyev
Millət vəkili, Fəlsəfə doktoru,
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü