Heydər Əliyevin hakimiyyətə qayıdışına tamamilə təbii və qanunauyğun hal kimi baxmağın tərəfdarıyam. Çünki bütün xalqların tarixində ən ağır sinaq qarşısında birləşmək və təhlükəyə qarşı özünün ən böyük gücünü ortaya qoymaq instinkti vardır. Dünya tarixində buna bənzər hadisələr olmuşdur. Məsələn, 1-ci dünya müharibəsində parçalanıb tamamilə məhv olmaq təhlükəsi qarşısında dayanan Türkiyə öz Atatürkünü ortaya çıxartdı. 2-ci dünya müharibəsində ingilis xalqının alman faşizminə qarşı mübariz ruhu Çörçilin simasında birləşdi. Yenə də 2-ci dünya müharibəsində işğal altında olan Fransada fransız xalqının azadlıq mübarizəsi məhz Şarl de Qol şəxsiyyəti ətrafında formalaşdı. 1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış vəziyyət sadaladığım hadisələrdən daha gərgin və daha təhlükəli idi. Belə bir mürəkkəb vəziyyətdə xalqın azadlığını və dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyasını da Heydər Əliyev öz üzərinə götürdü. Birincisi bu dövrün mürəkkəbliyi ondan ibarət idi ki, dünyanın təşkil olunduğu iki qütblü qlobal siyasi sistem özü dağılmışdı. Və bu dağıntılar içərisində xalqların öz azadlığına qovuşmaq, və öz dövlət müstəqilliyini əldə etmək arzularıyla dünyada söz sahibi olan super güclərin məqsədləri bir-birinə tərs mütənasib idi. Doğurdan da heç bir güc sahibi olan dövlət üçün dünya siyasi xəritəsində çoxsaylı xırda dövlətlərin meydana gəlməsi və onlarla böyük dövlətlərin işbirliyi qurmaq məcburiyyətində qalması böyük dövlətlərin marağında deyildi. Bir tərəfdən, xalqların azadlıq ideallarını, onların müstəqilliyə qovuşmaq arzularını təqdir etməyinə və onların demokratik dünya birliyinə can atmasını alqışlamalarına baxmayaraq digər tərəfdən gündən günə sayı çoxalan milli dövlətlərin super güclərin öz təsir dairələrində saxlamaları çətin olacağını bilərək böyük dünya dövlətləri bu prosesləri o qədər də dəstəkləmirdilər. Digər tərəfdən, sovet imperiyası dağılma prosesinin özündə ikən özündən qopan milli dövlətlətin yenidən hansı yolla itaət altına salmanın yollarını düşünürdü. Bu istiqamətdə öz məqsədlərini gələcəkdə həyata keçirmək üçün müstəqilliyə qovuşmaq arzusunda və ərəfəsində olan yerli dövlət sistemləri arasında ziddiyyət yaradırdı. Bu ziddiyyətlər SSRİ-nin bütün periferiyasında baş verən lokal müharibələr şəklinə özünü göstərirdi. Moldovada, Gürcüstanda, Qazaxstanda baş verən hadisələrdən fərqli olaraq Azərbaycanda cərəyan edən hadisələr daha mürəkkəb, daha çoxgedişli və müstəqilliyə nail olmaq baxımından daha təhlükəli idi. Təəssüf ki, Azərbaycan istisna olmaqla, sovet imperiyasının perifieriyasında yerləşən bütün milli dövlətlərdə bunu anlayacaq qədər siyasi düşüncə və siyasi iradə sahibləri yox idi. Lakin yenə də təəssüf ki, o zamankı Azərbaycan hakimiyyəti belə bir siyasi düşüncə sahibi olan Heydər Əliyevin hadisələrin lap başlanğıcında onlara müdaxilə etməsinə şərait yaratmadılar. 1993-cü ildə Heydər Əliyevin qayıdışı əslində gecikmiş qayıdış oldu. İdeal vəziyyət o ola bilərdi ki, Heydər Əliyev sovet hökumətində tutduğu yüksək vəzifədən istefa etdiyi an Azərbaycan hakimiyyəti tərəfindən milli siyasətə cəlb olunardı. Təəssüf ki, o zamankı və daha sonrakı hakimiyyət nəinki bunu etdilər, əksinə, Heydər Əliyevin Azərbaycanda aktiv siyasətə qayıtmasına əngəllər törətmək fikrinə düşdülər. Lakin hadisələrin sonrakı gedişi onu göstərdi ki, belə bir mürəkkəb hərbi siyasi şəraitdə hadisələri idarə etmək və ən başlıcası Azərbaycanın yenicə bərpa olunmuş müstəqilliyini Heydər Əlieyvsiz qoruyub saxlamaq mümkün olmayacaq. Məhz bunun dərk olunduğu bir zamanda ölkənin müxtəlif hissələrə parçalanaraq öz dövlətçiliyini itirmək təhlükəsi qarşısında Azərbaycan xalqı yekdil şəkildə Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. Və o zamankı hakimiyyətin Heydər Əliyevi Bakıya dəvət edib siyasi hakimiyyəti ona təhvil verməkdən başqa yolu qalmadı. Bu prosesin özü də rahat keçmədi. Heydər Əliyevin qayıdışından sonra onun hakimiyyətinə qarşı xarici və daxili qüvvələr tərəfindən törədilən təxribatlar, planlaşdırılan sui-qəsdlər ölkəni kritik vəziyyətə salan səbəblərin çözülməsinə ciddi maneə yaradırdı. Bütün bunlara baxmayaraq, Heydər Əlieyv zəkası Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş xarici və daxili təzyiqlərin qarşısını ala bildi. Xalq da bunu gözləyirdi və buna inanırdı. Bu inamı yaradan Heydər Əliyevin Azərbaycan xalqının gözləri qarşısında keçən həyatı və fəaliyyəti olmuşdur. Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər Azərbaycan Sovet İttifaqının tənəzzül içində boğulan geridə qalmış əyalətlərindən biri idi. Həmin ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyevin fəaliyyəti nəticəsində cəmi on il ərzində ölkə iqdidasi, mədəni inkişafına görə ən yüksək pilləyə qalxa bildi. Məhz o dövrdə ittifaq çərçivəsində olsa da Azərbaycanın milli dövlətçilik strukturlarının təşəkkül tapması Azərbaycan vətəndaşının sovetlər birliyi çərçivəsində yüksək mədəni intellektual potensiala yiyələnməsi baş tuturdu. Bütün bunları öz fəaliyyətində həyata keçirən Heydər Əliyevin siyasi təcrübəsi yeni və çox mürəkkəb bir şəraitdə Azərbaycanın sonrakı inkişafını düzgün istiqamətləndirməyə əsaslar yaradırdı. Həmin dövrdə Azərbaycan xalqının və dövlətinin mövqeyini doğru-düzgün müəyyənləşdirib ortaya qoymaq və bunu lazımi şəkildə dünya birliyinin diqqətinə təqdim etmək və dünya dövlətlərinin yaranmaqda olan Azərbaycan dövlətçiliyinə dəstəyini təmin etmək başlıca vəzifə idi. Belə bir vəzifənin öhdəsindən ancaq Heydər Əliyev gələ bilərdi və 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün məhz bu nadir şansı verdi. Bu imkandan məharətlə, zərgər dəqiqliyi ilə istifadə edən Heydər Əliyev bu vəzifənin öhdəsindən layiqincə gəldi. O, qısa bir müddət ərzində atəşkəsin əldə olunmasına, qüvvələrin səfərbər edilməsi üçün zəruri olan təşkilatlanma fəaliyyətinin həyata keçirilməsinə, iqtisasi tənəzzülün dayandırılmasına və ölkənin davamlı inkişafına yol açan sabitliyin təmin edilməsinə nail oldu. Son 20 il ərzində Azərbaycanın həm beynəlxalq siyasətdə və həm də iqtisadi, mədəni, sosial və humanitar inkişafında əldə etdiyi nailiyyətlər həmin dövrdə Heydər Əliyev tərəfindən atılan addımların yeganə düzgün çıxış yolu və bu yolun da uğurlu olduğunu göstərir. Bu gün Azərbaycan qlobal siyasətdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz xalqının milli maraqlarını təmin edə bilən müasir tipli mükəmməl bir dövlətdir. Bu dövlətin izlədiyi siyasi kurs məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun davamıdır. Heydər Əliyev bir şəxsiyyət kimi qələbə simvoludur. O, özünün bütün yaş dövrlərində öz zəkası və əməksevərliyi ilə içində olduğu cəmiyyətin ön sıralarında addımlayan, həmin cəmiyyətin qayğı və ehtiyaclarına həssaslıqla yanaşıb, cəmiyyət qarşısına çıxan problemlərin həllini öz üzərinə götürən fədakar bir vətəndaş idi. Bu fədakarlıq onun öz xalqına olan məhəbbətindən və öz dövlətini və xalqını həmişə qaliblər sırasında görmək arzusundan irəli gəlirdi. Onun həyat missiyası məhz bu qalibiyyəti təmin etməkdən ibarət idi. Və o, bu missiyanı şərəflə və ləyaqətlə yerinə yetirdi.