Dövlətlər arasında münasibətlərin çevrəsi genişləndikcə, intensivliyi artdıqca, siyasi, iqtisadi, mədəni əlaqələr dərinləşdikcə bu əlaqələrin xarakteri də mürəkkəbləşir. Əsrlər əvəzlənir, dünyanın siyasi xəritəsi ilə bərabər dövlətlərin xarici siyasət doktrinaları da milli, regional və qlobal maraqların təmin olunması istiqamətində yeni məzmun kəsb edir.
Hələ XVII əsrdən etibarən beynəlmiləlləşməyə başlayan siyasi münasibətlər sistemi Qərb maraqları üzərində öz inkişaf xəttini müəyyən etmişdi. Bütövlükdə Qərbin dünya hegemonluğunu mərhələlərə ayırsaq, həmin zaman kəsimlərinin hər birində dünyanın siyasi, mədəni və hüquq tarixinə iz qoymuş müsbət və mənfi tərəfləri olan hadisə və proseslərlə qarşılaşmaq mümkündür. Məsələn, beynəlxalq ticarət ənənələrinin, sonradan bu sahədə hüquq qaydalarının formalaşması Avropanın dəniz dövlətlərinin dünya okeanlarına çıxışının və yeni ərazilər fəth etməsinin nəticəsində baş vermişdi. O zamanlar Avropa insanı dünyaya açılmaqla özünü daha dərindən tanıdı və tanıtdı. Milli identiklik, bu əsaslar üzərində qurulan dövlət, onun suverenlik statusunun dərki, əslində, Qərb təfəkkürünün məhsulu kimi dünyanın siyasi düşüncə xəzinəsini zənginləşdirdi. Orta dövr intibahından başlayaraq Qərb sivilizasiyası bəşər tarixinə bir çox dəyərlər qazandırdı. Avropa öz dəyərlər sistemi ilə sonradan daha geniş məkanı əhatə edəcək unikal sivilizasiya modeli ortaya qoydu, Avropa İttifaqının timsalında öz siyasi birliyini yarada bildi. Lakin mahiyyət etibarilə Qərbin dünyaya açılması onu qlobal miqyasda pozitiv və konstruktiv gücə çevirə bilmədi. Belə ki, dünya ilə Qərbin tanışlığının ta ilkin zamanından etibarən bir tərəfdə güclü, digər tərəfdə isə əzilən və istismar olunan xalqlar qarşıdurması formalaşmağa başladı. Hələ o zaman dünya okeanlarının həlledici söz sahibləri olan Britaniya, İspaniya, Fransa, Portuqaliya, Hollandiya kimi dəniz dövlətlərinin tutduqları ərazilərdə yerli əhalinin kütləvi qırğına məruz qoyması, qul əməyindən geniş şəkildə istifadə etmələri dünya tarixinə “ağ dərili” Qərb ağalığının qara səhifələri kimi həkk olunmuşdur. İspaniya Cənubi Amerikada, Böyük Britaniya Şimali Amerika, Hindistan və Avstraliyada, Fransa isə Afrikada müstəmləkələr qurarkən yerli xalqların fundamental hüquq və azadlıqlarının qorunmasını, onların dövlətçilik ənənələrinin saxlanmasını ağıllarına belə gətirməmişdilər. Keçən əsrin 60-cı illərində müstəmləkələrin böyük ümidlərlə Qərb asılılığına son qoymaq uğrunda mücadilələrinin sonunda əldə olunan istiqlaliyyət də onları real müstəqilliyə qovuşdura bilmədi. Bu dövlətlərin əksəriyyətinin əldə etdikləri istiqlaliyyət qısa zaman ərzində formal müstəqilliklə əvəz olundu. Nəticədə, böyük coğrafi əraziləri əhatə edən, eyni zamanda, geopolitik baxımdan strateji nöqtələrdə yerləşən yenicə müstəqillik qazanmış dövlətlər Qərb neoimperializminin hədəflərinə çevrildilər və yenidən onun təsiri altına düşdülər.
Müstəqil dövlətlərə qarşı müxtəlif bəhanələrlə güc tətbiqi Qərb siyasi texnologiyasının çoxdan istifadə etdiyi siyasi alətlərdən biridir. Hələ İkinci Dünya müharibəsinin sonuna yaxın ABŞ-a və digər müttəfiq dövlətlərə qarşı real təhlükənin sovuşduğu bir zamanda, onun Yaponiyaya atom zərbələri endirməsi heç də qlobal siyasi sabitliyi bərqərar etmək istəyindən irəli gəlmirdi. Əksinə, dünyanın yeni maraq dairələrinə bölünməsi ərəfəsində ABŞ öz siyasi iddialarını nəyin bahasına olursa olsun təmin etmək istəyini belə bir kütləvi qırğın silahının dili ilə ifadə edirdi. Dünya tarixində ilk dəfə atom silahını istehsal edən və onu ilk dəfə bəşəriyyətə qarşı amansızcasına istifadə edən Amerika Birləşmiş Ştatları məhz bu dövrdən başlayaraq, Transatlantizmin Baş Qərargahı kimi dünya arenasında öz yerini təyin etməyə çalışdı. Sonrakı dövrlərdə Vyetnama, İraqa, Əfqanıstana münasibətdə tətbiq olunan eyni üsul dünyanın geopolitik nöqtələrində Transatlantik məkanın maraqlarına cavab verəcək beynəlxalq siyasi mühitin formalaşdırılması cəhdləri idi.
Sovet İttifaqının süqutundan sonra Qlobal siyasi sistemin vahid mərkəzdən idarə olunmasının mümkünlüyü ətrafında müzakirələr daha böyük miqyas almışdır. Bu prosesdə Transatlantik məkan özünü Yeni Dünya Nizamına düzgün istiqamət verə biləcək yeganə güc mərkəzi kimi dünya ictimaiyyətinə və beynəlxalq hüququn subyektlərinə təlqin etməkdədir. Özünü beynəlxalq siyasətin episentri hesab edən Qərb bütün vasitələrlə qlobal sabitliyin və sülhün bərqərar olunmasının onsuz mümkün olmadığını təbliğ edir. Bu təbliğat Transatlantizm ideologiyasını əsaslandırmağa yönəlmişdir.
Dünyanın təqribən son 300 illik siyasi tarixində davam edən Qərb dominantlığını qoruyub saxlamaq və gələcəkdə də bu geostrategiya üzərində qlobal hədəflərə çatmaq ideologiyası zaman keçdikcə ABŞ-nı və Avropanı bir-birinə daha da yaxınlaşdırmışdır. Hal-hazırda isə bu proses artıq Transatlantizm ideologiyası timsalında modelləşdirilmiş siyasi platformaya çevrilmişdir. Bu prosesdə hər iki tərəfin zamanın süzgəcindən keçərək aydınlaşmış missiyaları vardır. Belə ki, Transatlantizm ideologiyasının hərəkətverici qüvvəsi olaraq ABŞ özünü dünyaya hərbi, iqtisadi, Avropa isə mədəni-sivilizasion güc kimi təqdim edir. Hal-hazırda Transatlantik məkan beynəlxalq siyasətin bütün əsas tendensiyalarını özündə birləşdirir və özündən istiqamətləndirir. Hazırkı beynəlxalq münasibətlər sistemində həlledici qərarlar qəbul etmək və onları realizə etmək imkanları qlobal miqyasda siyasi ağırlıq mərkəzi olan Qərbin əhəmiyyətini artırır. Qərb öz siyasi mövqeyini “demokratik prinsiplər”, “humanist dəyərlər” adı altında dünya ictimaiyyətinə qəbul etdirməyə çalışdığından, ilk baxışdan Transatlantizm ideologiyasının konstruktivizmə əsaslandığı haqda təəssürat yaranır. Lakin Qərbin son məqsədinin bəlli olması ilə həmin təəssüratın yanıldıcı olduğu üzə çıxır. “Ərəb baharı” adı altında baş verən hadisələr Qərbin demokratiya, insan hüquqları kimi ali dəyərləri öz məqsədlərinin iyrənc şəkildə gerçəkləşdirilməsi vasitəsinə çevirdiyinin ən bariz örnəyidir. Bu xüsusda, Misirdə leqal hakimiyyyətin ardıcıl olaraq bir neçə dəfə devrilməsini xatırlatmaq kifayətdir. Əslində, Liviya, Tunis, Misir, Suriya kimi dövlətlərdə baş verənlər həmin coğrafi məkanda doğulmaqda olan demokratiya rüşeymlərinin məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesdə son məqsədin həmin dövlətlərdə kövrək siyasi mühit yaratmaqla Qərbin diktəsi altında hərəkət edən vassal hakimiyyətlər qurmaq olduğu aydın şəkildə görünməkdədir.
Transatlantik məkanın beynəlxalq hüququn subyektlərinə münasibətdə müəyyənləşdirdiyi əməkdaşlıq strategiyası bərabərhüquqlu tərəfdaşlıq görüntüsü yaratsa da, əslində bu strategiyanın başlıca məqsədi mümkün olan və olmayan bütün vasitələrlə Qərbin dünyada yeganə söz sahibi olmasını təmin etməkdən, iqtisadi, mədəni, hərbi üstünlüyünü qlobal müstəvidə möhkəmləndirməkdən ibarətdir. ABŞ öndərliyində Qərb dominantlığının qatı müdafiəçisi Corc Fridmanın “Növbəti yüz il: XXI əsrin öncəgörümü” kitabında bu tezis açıq şəkildə ifadə olunur. Müəllifin fikrincə, Qərbin təhlükəsizliyinin təmin edilməsi üçün transatlantik məkandan kənarda konflikt ocaqlarının olması vacibdir və mütləqdir. Dünyanın diqqətini həmin nöqtələrə yönəltməklə və süni olaraq yaradılmış münaqişələri idarə etməklə Qərbdə davamlı sülh və sabitliyi bərqərar etmək mümkündür. Deməli, dünyanı gözləyən əsas təhlükə ondan ibarətdir ki, bəşəriyyətin hakim ideologiyasına çevrilmək iddiasında olan Transatlantizm öz xoşbəxtliyini digərlərinin bədbəxtliyi üzərində qurmağı əsas strateji xətt olaraq hədəfləmişdir. Buradan belə nəticəyə gəlmək olar ki,Transatlantizmin hədəf seçdiyi qlobal terrorizm elə onun özünün idarə etdiyi proseslərin açıq təzahürü və görüntüsüdür.
İqtisadi güc mərkəzi olaraq Transatlantik məkanın mövqelərinin möhkəmləndirilməsi də bu ideologiyanın ana xəttidir. Qərb çox yaxşı anlayır ki, qlobal arenada güclü təsir quvvəsinə nail olmaq və onu daim qoruyub saxlamaq üçün böyük maliyyə imkanlarına malik olmaq, beynəlxalq ticarətdə dominantlığı qoruyub saxlamaq, iqtisadiyyatda innovativ metodlar tətbiq etmək başlıca şərtlərdir. Qərbin dünya iqtisadiyyatında və beynəlxalq ticarətdə liberal prinsipləri dəstəkləməsində əsas məqsədi elə bu şərtləri realizə etməkdən ibarətdir. Statistik məlumatlara nəzər salsaq görərik ki, dünya üzrə ən çox ümumdaxili məhsula malik olan ilk on dövlətin beşi -ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya Transatlantik məkanın təmsilçiləridir. Həmin dövlətlərin ÜDM-nin məcmusu 29 trilyon dollardan çoxdur. Sözsüz ki, bu dövlətlər dünyada iqtisadi güc mərkəzinin ünvanının dəyişməsini heç bir halda qəbul etməzlər. Bu səbəbdən, iqtisadi-ticari münasibətlərin sürətlə dəyişdiyi bir dövrdə Qərb bütün resurslardan istifadə edərək Transatlantik coğrafiyada yerləşən dövlətlərin iqtisadi tərəfdaşlığını daha yüksək strateji səviyyəyə qaldırmağa çalışır. ABŞ və Avropa İttifaqı arasında, eləcə də ABŞ və Sakit Okean hövzəsi ölkələri arasında yaxın zamanda imzalanması nəzərdə tutulan “Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı”nın əsas hədəfi də qlobal iqtisadiyyatda və ticarətdə bu məkanın dominantlığını möhkəmləndirməyə xidmət edir. Lakin bu sazişlər heç də yalnız iqtisadi hədəflər müəyyən etməklə məhdudlaşmır. ABŞ dövlət katibi Con Kerri bu ilin aprelində keçirilmiş Atlantika Şurasının iclasında sözügedən Sazişin həm də siyasi əhəmiyyətini vurğulamaqla bu məkanda strateji əməkdaşlığın əsl hədəflərinə eyham vurmuşdu. Con Kerri bu Sazişin sadəcə qlobal müstəvidə ABŞ-ın ticarət maraqlarının daha effektiv qorunması baxımından deyil, eyni zamanda, ABŞ-ın təhlükəsizliyinin və siyasi təsir imkanlarının beynəlxalq səviyyədə təmin olunması aspektindən xüsusi önəm daşıdığını bildirmişdi. Beləliklə, ABŞ və Avropa İttifaqı strateji əməkdaşlıq çərçivələrini genişləndirməklə qlobal iqtisadi-maliyyə güc mərkəzi kimi mövqelərini möhkəmləndirməyə can atırlar.
Lakin bütün bu amillər heç də transatlantik məkanda bütün siyasi baxışların və məqsədlərin üst-üstə düşməsi anlamına gəlməməlidir. İkinci Dünya müharibəsinə qədər beynəlxalq siyasətdə daha üstün mövqeyə malik olan Avropa sonrakı dövrdə ABŞ-ın diktəsi ilə müəyyənləşdirilən qlobal siyasi oyun qaydaları ilə hərəkət etməyə məcbur oldu. Avropanın qüdrətli dövlətləri hesab olunan Fransa və Almaniya ABŞ-ın dünya hegemonluğunun müəyyən sərhədlər daxilində mövcud olmasına və eyni zamanda, qlobal arenada baş verən siyasi-iqtisadi proseslərə özlərinin təsir imkanlarını qoruyub saxlamağa çalışırlar. Lakin Qeyri-Qərb dünyasına münasibətdə, onun idarə olunması və nəzarətdə saxlanılması geostrategiyasında, hətta Qərbi və Şərqi Avropa geopolitikasında ABŞ və Avropanın mövqeləri ayrılmazdır. Çünki Şərqdə getdikcə militarist mövqeyini sərtləşdirən Rusiya amili və onun da təbliğ etdiyi Avrasiyaçılıq ideologiyası var. Avropa üçün isə Transatlantizmin qloballaşması və himayədarlığı Rusiya revanşından daha üstündür.
Transatlantizmə alternativ kimi çıxış etməyə və Rusiyanın öndərliyi ilə Şərqdə formalaşmağa iddialı olan Avrasiyaçılıq da beynəlxalq siyasət tarixi üçün yeni fenomen deyil. Avrasiyaçılıq ideologiyasının da eyni üsullarla yeni müstəqillik əldə etmiş dövlətləri öz siyasi maraqlarının təmin olunması vasitəsinə çevirmək cəhdləri göz önündədir.
Klassik rus avrasiyaçılığı – Avrasiyada Türk hegemonluğu epoxasından sonra Rusiyanın həmin ərazidə hegemonluğunu əsaslandırmağa çalışan doktrinadır. Əsasən, panslavizm və slavyanofiliya üzərində qərarlaşan, lakin sonradan onu fəlsəfi-kulturoloji müstəvidə dərinləşdirən və ideolojiləşdirən Avrasiyaçılıq ideologiyası Rusiyanın Avrasiyaya sahiblənərək dünyanı idarə etmək məqsədini güdür.
Lakin bunun üçün rus tarixinə, mədəniyyətinə və ya sivilizasiyasına mənsub olan hər hansı bir əsas tapmaq heç vaxt mümkün olmayıb və indi də mümkün görünmür. Hələ 1829-cu ildə Rusiyanın “özünüaxtarışına” aydınlıq gətirmək istəyən Pyotr Çaadayev yazırdı: “Biz bəşəriyyətin böyük ailələrindən heç birinə mənsub deyilik. Biz nə Şərqik, nə də Qərb. Onların heç bir ənənələrinə də sahib deyilik”. Buna görə də XIX əsrin ikinci yarısından başlayaraq, Rusiya intellektualları və ideoloqları Rusiyanın Avropa , yoxsa Asiya dövləti kimi təsbit olunması üzərində düşünür və bu dilemmaya cavab axtarırdılar. Onlar dünya hegemonluğu uğrunda mübarizədə qərbdə Avropanı, şərqdə və cənubda isə türk dünyasını özlərinin əsas rəqibi kimi görürdülər. Elə o zamandan başlayaraq Rusiya tarixən türklərə aid olan və məhz türk hegemonluğunu özündə ehtiva edən Avrasiyaçılıq ideyasını “mənimsəmək” və birmənalı olaraq özünün milli ideyasına çevirmək qərarına gəlmişdir. Klassik avrasiyaçılığın sistemli bir konsepsiyasını knyaz Nikolay Sergeyeviç Trubetskoy irəli sürmüşdü. 1917-ci ildən sonrakı dövrdə Sovet İttifaqı rəsmən kommunizm ideologiyasını rəhbər tutduğundan, burada avrasiyaçılığın üzdə görünməsi üçün şərait yox idi. O, ən yaxşı halda müəyyən ideyaların “sətiraltı” mənasında təzahür edə bilərdi. Amma buna baxmayaraq, Sovet İttifaqının yürütdüyü “örtülü” ekspansiya siyasəti avrasiyaçılıqdan daha iddialı və daha geniş miqyaslı idi. Avrasiyaçılıq açıq doktrina şəklində yalnız Sovet İttifaqı süqut etdikdən sonra dirçəlməyə başladı ki, bu tendensiya da nəzəri-analitik ədəbiyyatda “neo-avrasiyaçılıq” adlandırılır.
Rusiya Federasiyası Elmlər Akademiyasının Fəlsəfə İnstitutu Sosial-Fəlsəfi Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksandr Sergeyeviç Panarin “Qlobal siyasi proqnozlaşdırma” adlı əsərində Rusiya “Avrasiyaçılığını” Qərbin “Transatlantizminə” qarşı alternativ planetar ideya kimi qoyur. O, Rusiya imperiyasının və SSRİ-nin varisi kimi bu günkü Rusiya dövlətini əvvəlcə Avrasiyanın, daha sonra isə bütün planetin dominant siyasi qüvvəsinə çevirmək yolları haqqında düşünür və fikirlər yürüdür.
Avrasiyaçılığı Rusiyada ictimai-siyasi hərəkatların ön mövqeyinə çıxaran rus filosofu Aleksandr Duqin Avrasiya platformasının əsas prinsiplərini özünün “Avrasiya baxışı” adlı kitabında irəli sürmüşdür. Ümumiyyətlə, Aleksandr Duqinin bütün ictimai-siyasi fəaliyyəti keçmiş Sovet respublikaları ilə yeni inteqrasiya şəraitində Rusiyanın “Avrasiya fövqəldövləti” statusunu bərpa etməsinə yönəlmişdir. Neo-avrasiyaçılığın əsas ideoloqu hesab olunan Aleksandr Duqinin təqdim etdiyi platformaya görə, Avrasiyaçılıq hərəkatının prioritetləri – “Avrasiya federalizmi” ideyasını gücləndirməklə, MDB əsasında “Avrasiya İttifaqını” yaratmaq, gələcəkdə isə bu strategiyanı Moskva – Tehran – Dehli – Pekin istiqamətində genişləndirərək, “müttəfiq dövlətlər oxunu” reallaşdırmaqdır. Ancaq Aleksandr Duqin öz layihəsində “Avrasiya İttifaqını” – suveren dövlətlərin müttəfiqliyi şəklində yox, indiki Rusiya Federasiyasının quruluşunda – federativ əsaslarda birləşmiş unitar dövlət formasında görür. O, idealist bir arxayınlıqla, bu iddianın ardınca “Avrasiya Ümumi Evi” layihəsini irəli sürür və bu “evə” Asiyanın digər dövlətlərinin – Monqolustan, Çin, Yaponiya, İran, Əfqanıstan və Hindistanın da qatılacağını ehtimal edir. Gördüyü işin “ümumdünya əhəmiyyətinə” sadəlövhlüklə inanan cənab Duqin öz iddialarında Avrasiyaçılıq ideyasını Rusiyanın dövlət siyasəti səviyyəsinə qaldırır. Bu gün doğrudan da, Avrasiyaçılıq – artıq Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində aparılan siyasi kursdur. Layihə müəllifləri, hətta sovet dövrünün sonunda öz “müstəqilliklərini” elan etmiş separatşı Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Dağlıq Qarabağ “qondarma respublikalarını” da Avrasiya İttifaqının potensial üzvləri kimi görürlər. Bunu da vurğulamaqla, keçmiş sovet respublikalarının öz təsir dairəsindən çıxmasına imkan verməyən Rusiya açıq-aşkar BMT-nin üzvü olan suveren dövlətlərin tərkibində separatçılığı stimullaşdıraraq onları parçalamaq və bu üsulla onları Avrasiya İttifaqına “dartmaq” istəyir. Bu isə açıq-aşkar beynəlxalq hüququn kobud şəkildə pozulması aktıdır.
Rus avrasiyaçıları bütün ciddiyyəti ilə bəyan edirlər ki, Avrasiya İttifaqı – vahid siyasi, iqtisadi, hərbi və gömrük məkanında müttəfiqləşən suveren dövlətlərin konfederativ ittifaqı kimi nəzərdə tutulur. Rusiya dövlətinin başçısı Vladimir Putin düşünür ki, Avrasiya geopolitikasında tarixi addım olacaq bu İttifaqın təşəkkülü ilə “müasir dünyanın qütblərindən birini təmsil edəcək” qüvvə formalaşacaqdır. Layihəyə görə, 2015-ci ildə tam reallaşması nəzərdə tutulan Avrasiya İttifaqı sonrakı mərhələlərdə – daha geniş, qlobal inteqrasiya planında Çin, Hindistan, İran və hətta Avropa ölkələrinin də daxil olduğu “Böyük Avrasiya İttifaqına” çevriləcəkdir!.. lakin Ukraynanda baş verən hadisələr, Ukraynanın Avrasiya İttifaqına yox, məhz Avropa İttifaqına tərəf dönüşü Rusiyanın planlarını alt-üst etdi.
Göründüyü kimi, Rusiyanın imperiya ideologiyası kimi doktrinalaşan Avrasiyaçılıq – ilk növbədə Avrasiya xalqları üzərində Rusiya hökmranlığını birmənalı olaraq təsdiq etməkdə iddialı olan bir siyasətdir. Beynəlxalq münasibətlərin müasir konfiqurasiyasında isə belə bir siyasətin uğur qazanacağına inanmaq tarixin təkərinin geriyə fırlanmasına inanmaq qədər sadəlövh görünür.
Rus siyasi analitiki, Moskva Karneqi Mərkəzinin direktoru Dmitri Trenin Rusiyanın müasir beynəlxalq həyatda oynadığı real rolun nədən ibarət olması probleminə həsr etdiyi tədqiqatlarında (“Post-imperium: Avrasiya tarixi”, “Avrasiyanın sonu: Rusiya geopolitika və qloballaşma sərhədlərində”) bu dövlətin neo-ekspansionist siyasətinin uğursuz perspektivini bütün aydınlığı və gerçəkliyi ilə göstərir. Dmitri Trenin Avrasiya geopolitikasının tarixi reallıqlarını və hazırkı vəziyyətini təhlil edərək bu nəticəyə gəlir ki, bu məkanı “ruslaşdırmaq” istəyən avrasiyaçılar lap əvvəldən düzgün strategiya seçməyiblər: onlar mütləq bir inkarçılıqla yönlərini Avropadan Asiyaya çevirməklə tarixi səhvə yol veriblər. Çünki “Rusiya Avrasiya ölkəsi olmaqdan daha çox, Avropa ölkəsidir”. Bu səbəbdən, Rusiyanın Avropa perspektivi ona daha əlverişli imkanlar açardı: O, Qərb sivilizasiyasının bir parçası olardı. Sonsuz Asiya torpaqlarında isə Rusiya itib-batdı və özünü tapa bilmədi. İndiki tarixi situasiyada isə “Rusiyanın Avrasiyada cazibə mərkəzi yaratmaq rolu sona çatıb”. Daha sonra Dmitri Trenin yazır: “Avrasiyaçılıq artıq ölüdür və o, nə Avropada, nə də Asiyada Rusiyanın mövqeyini gücləndirmək iqtidarında deyildir”.
Doğrudan da, bundan sonra Rusiyanın yenidən “imperiyalaşması” qeydi-mümkündür. Buna baxmayaraq, Rusiyanın post-imperiya siyasətində yeni revanşları daha ağır nəticələr doğura bilər: 1991-ci ildən özünün dövlət müstəqilliyini elan etmiş Azərbaycanda, Gürcüstanda, Moldovada və nəhayət, Ukraynada baş verən qanlı hadisəlıər bu tezisi təsdiqləyən təkzibolunmaz faktlardır. Rusiyanın istər mülayim, istərsə də zorakı manipulyasiyaları artıq müstəqilliyində ən zəruri, ən çətin və böhranlı mərhələləri keçmiş dövlətləri bir qədər də Rusiyadan uzaqlaşdırır. Ona görə də, müasir Rusiya “neo-avrasiyaçılığın” illüziyalarında özünü aldadıb, gah “Slavyan İttifaqı”, gah da “Avrasiya İttifaqı” konstruksiyaları ətrafında baş sındırmamalıdır. Onsuz da ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiyanın yeni ittifaq və federasiyalarla “şişməyinə” heç bir ehtiyac yoxdur. Onun öz nəhəng ərazisində həll etməli olduğu çoxlu problemləri var. Buna görə də onsuz da Avrasiya dövləti olan Rusiya – Avropada Avropanın, Asiyada isə Asiyanın dominantı olmaq iddialarına son qoymalıdır. Müasir Rusiya, nəhayət ki, Avrasiyada normal dövlətlərarası münasibətlər prosesində özünün səmimi əməkdaşlıq missiyasını görməli və bu əməkdaşlığın inkişafına öz töhfələrini verməlidir.
Hazırda dünyada cərəyan edən gərgin siyasi proseslər, qlobal kapital bölgüsündə artan bərabərsizlik, konflikt ocaqlarının durmadan çoxalması dünya siyasətində hakim olmağa can atan hər iki ideologiyanın dünyada sabitləşdirici deyil, xaosyaradıcı amilə çevrildiyini söyləməyə əsas verir. Bu baxımdan, Transatlantizm və Avrasiyaçılıq bir medalın iki üzü kimi görünməkdədir. Bu isə onu göstərir ki, dünya nizamının, beynəlxalq siyasi-iqtisadi münasibətlər sisteminin Transatlantizm və Avrasiyaçılıq maraqları üzərində deyil, dünya birliyinin bütün subyektlərinin iştirakı ilə həyata keçirilən bərabərhüquqlu tərəfdaşlıq və əməkdaşlıq üzərində rekonfiqurasiyasına ciddi ehtiyac vardır.